Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Şirvan filialı yaradılacaq

    AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Hacıqabul şəhərində Şirvan filialı yaradılacaq.

    Muzeydən AZƏRTAC-a bildirilib ki, bu barədə qərar noyabrın 24-də AMEA Rəyasət Heyətinin iclasında qəbul olunub.

    İclasda, həmçinin bir sıra elmi-təşkilati və kadr məsələləri müzakirə edilib.

  • Media nümayəndələrinin Kəlbəcər rayonuna səfəri təşkil edilib

    Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təşkilatçılığı ilə kütləvi informasiya vasitələrinin nümayəndələri üçün Kəlbəcər rayonuna mediatur təşkil olunub.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mediatur zamanı ərazilərdə dislokasiya olunan hərbi hissələrdə xidmət edən hərbi qulluqçulardan müsahibələr götürülüb. Müsahibələrdə hərbi qulluqçularımız Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlardan, döyüşlərdəki xatirələrindən danışıblar.

    Kütləvi informasiya vasitələrinin nümayəndələri Kəlbəcər rayonunda döyüş mövqelərində xidmət edən şəxsi heyətin sosial-məişət və xidmət şəraiti ilə də tanış olublar. Hərbi qulluqçular onlar üçün yaradılan şəraitdən məmnunluqlarını ifadə ediblər.

  • Milli Xalça Muzeyində növbəti mühazirə - “Tahir Salahov yaradıcılığında xalçanın sehri”

    Noyabrın 27-də Azərbaycan Milli Xalça Muzeyində “Tahir Salahov yaradıcılığında xalçanın sehri” adlı mühazirə keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, mühazirə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Sənətşünaslıq fakültəsinin I kurs magistrantı Sədaqət Əliyeva tərəfindən təqdim olunacaq. O, dünya təsviri sənətinin görkəmli nümayəndəsi Tahir Salahovun xalçalara köçürülmüş möhtəşəm əsərlərindəki sirli-sehirli təsvirlər, onların mənaları barədə məlumat verəcək.

    S.Əliyeva dahi sənətkarın keçdiyi yarım əsrlik zəngin yaradıcılıq yolundan da danışacaq.

  • Moskvada “Qarayev dəvət edir” silsiləsindən növbəti konsert olub

    Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) “Azərbaycan” pavilyonunda “Qarayev dəvət edir” silsiləsindən növbəti konsert olub.

    AZƏRTAC xəbər verir ki, bu silsilədən olan konsertlər Rusiya paytaxtındakı Q.Qarayev adına uşaq musiqi məktəbi tərəfindən Moskvanın digər musiqi məktəblərinin iştirakı ilə keçirilir. Dahi Azərbaycan bəstəkarı Qara Qarayevin yaradıcılığını populyarlaşdırmaq məqsədilə təşkil olunan konsertdə Qara Qarayev, Dmitri Şostakoviç, Sergey Prokofyev və XX əsrin digər məşhur bəstəkarlarının əsərləri səslənib.

    Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Azərbaycan” pavilyonunun direktoru Səadət Qədirova AZƏRTAC-a müsahibəsində qeyd edib ki, bu, Moskvanın mədəni həyatında çox mühüm hadisədir. O deyib: “Qara Qarayevin adı təkcə Azərbaycanın deyil, bütün dünyanın musiqi tarixinə qızıl hərflərlə yazılıb. Bu, Moskvadakı Q.Qarayev adına Uşaq Musiqi Məktəbi ilə birgə keçirdiyimiz ikinci tədbirdir. Bizim təşkil etdiyimiz birinci tədbir şagirdlərin hesabat konserti idi. Bu gün biz “Qarayev dəvət edir” silsiləsindən konsertlərə başlayırıq”.

    “Azərbaycan” pavilyonunun direktoru vurğulayıb ki, belə tədbirlər Rusiya ilə Azərbaycan arasında mühüm mədəni körpüdür. O deyib: “Mədəniyyət, o cümlədən musiqi, daha dəqiq desək Qara Qarayev kimi böyük bəstəkarların musiqisi ölkələr və xalqlar arasında əlaqələndirici elementdir. Çox vacibdir ki, Qarayevin əsərlərini uşaqlar ifa edəcək. Onlar dahi bəstəkarın musiqisi vasitəsilə Azərbaycanı da sevəcəklər”.

    Rusiya paytaxtındakı Moskvadakı Q.Qarayev adına uşaq musiqi məktəbinin direktoru Andrey Leonov ümidvar olduğunu bildirib ki, “Qarayev dəvət edir” silsiləsindən olan konsertlər yaxşı bir ənənəyə çevriləcək. A.Leonov deyib: “Konsertlər silsiləsini bizim məktəb açır. Ümid edirik ki, belə görüşlər gözəl bir ənənəyə çevriləcək. Burada Qarayevin və onun müasirlərinin musiqisi səslənəcək. Belə tədbirlər həmkarlarımızla təcrübə mübadiləsi aparmağa, Qarayevin yaradıcılığı barədə bildiklərimizi bölüşməyə kömək edəcək. Fevral ayında ikinci konserti təşkil etməyi planlaşdırırıq. Həmin konsertdə iştirakçıların sayı daha çox olacaq”.

    Moskvadakı Q.Qarayev adına uşaq musiqi məktəbi Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən yeganə tədris müəssisəsidir ki, tanınmış bəstəkarın adını daşıyır. Məktəbin sinif otaqlarında daim Q.Qarayevin musiqisi səslənir, şagirdlərin əksəriyyəti ustadın əsərlərini müsabiqələrdə, festivallarda, o cümlədən beynəlxalq festivallarda ifa edir, laureat və diplomant adını qazanır.

  • Türkiyədə Aşıq Ələsgərin 200 illik yubileyi qeyd olunacaq

    Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva noyabrın 25-də Türkiyənin Ankara və İstanbul şəhərlərinə səfər edəcək.

    Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Qənirə Paşayeva burada TÜRKSOY-un xətti ilə keçiriləcək Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin 200 illik yubileyi mərasimində iştirak edəcək. Tədbirdə söz ustadı Aşıq Ələsgərin həyat və yaradıcılığından bəhs olunacaq, onun ədəbi irsindən nümunələr səsləndiriləcək.

    Qənirə Paşayeva, həmçinin Türkiyənin tanınmış ədibi Kənan Çarboğa tərəfindən tərcümə edilmiş “Aşıq Ələsgərin seçmə şeirləri” kitabının təqdimat mərasiminə qatılacaq.

    Səfər noyabrın 28-də başa çatacaq.

  • Bakıda Nizami Gəncəvi Beynəlxalq Forumunun təntənəli açılış mərasimi olub

    Noyabrın 24-də Bakıda “Nizami Gəncəvi: Mədəniyyətlər arasında körpü” mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumu öz işinə başlayıb.

    AZƏRTAC xəbər verir ki, noyabrın 26-dək davam edəcək forum “Nizami Gəncəvi İli” çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə reallaşır.

    Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov bütün qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, dahi Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilmiş Nizami Gəncəvi Beynəlxalq Forumunun zəngin proqramı var. Nizami Gəncəvi Beynəlxalq Forumu dahi mütəfəkkirin zəngin ədəbi irsini araşdıran nüfuzlu beynəlxalq alim, tədqiqatçı və elm adamlarını bir araya gətirərək “Nizaminin Orta əsr Şərqində siyasi və ictimai ənənələrə təsiri”, “Nizami Gəncəvi: Müasir dünyaya baxış”, “Nizami Xəmsəsinin dünya ədəbiyyatına və mədəniyyətinə təsiri”, “Xəmsə” dialoqlarının didaktik rolu”, “Sovet dövründə Nizami tədqiqatları” mövzularına həsr edilmiş panel müzakirələri keçirilən platformadır.

    Beynəlxalq Forumda 15 xarici ölkədən 40-dan çox alim, elm adamı və ekspertlər, eləcə də dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatlar və diplomatik korpusun nümayəndələri iştirak edir. Forum çərçivəsində müxtəlif panel müzakirələr, təqdimatlar, ikitərəfli görüşlər, kitab təqdimatı, mədəni və digər tədbirlər keçiriləcək.

    Nizami Gəncəvinin Şərq və Qərb yazarlarının fikir mənbəyi olduğunu bildirən nazir deyib ki, Azərbaycan Nizami Gəncəvi dəyərlərinə hər zaman sahib çıxıb.

    Nizami Gəncəvinin Azərbaycan xalqının yetişdirdiyi və dünyaya bəxş etdiyi ən böyük şairlərdən biri olduğunu söyləyən Azərbaycan Respublikasının Baş nazirinin müavini Əli Əhmədov deyib: “Nizami Gəncəvinin bütün yaradıcılığı, həyatı bilavasitə Azərbaycanla bağlıdır. O nəinki Gəncədə doğulub, bütün həyatını Gəncədə keçirib. Onun yaradıcılığı nə dərəcədə Azərbaycanla bağlıdırsa, o dərəcədə də ümumbəşəri dəyərlərə xidmət etdiyindən bütün dünyaya örnəkdir. Nizami Gəncəvi yaradıcılığına xas olan bütün dəyərlər - xeyirlə şərin mübarizəsi, gözəlliyin tərənnümü, ədalətli cəmiyyət problemi, hesab edirəm ki, bəşəriyyətin bütün xalqlarına və bütün dövrlərinə aid ümumi problemlərdir. Nizami Gəncəvi böyük şair deyil, eyni zamanda dahi mütəfəkkir, dərin təfəkkürə sahib filosof idi. Onun əsərlərində xalqlar asında dostluq ideyalarını tərənnüm edən tezislər də mövcuddur. İndiki dillə desək, Nizami Gəncəvi xalqlar arasında xoşməramlı səfir idi. Ona görə də bütün dünya o dahi şairi 880 il sonra da böyük hörmətlə yad edirlər. O, 880 ildən çoxdur ki, sevilir, oxunur. Onun poeziyası məzmununu itirməyib. Nizami Gəncəvi Azərbaycan xalqının fəxri iftixarıdır. O, 8 əsrdən çoxdur ki, şeirləri, fikirləri ilə yaşayır. Güman edirəm ki, şairə xas olan dərin fəlsəfi fikirlər bu forumda müzakirə ediləcək, Azərbaycandan kənarda da Nizami Gəncəvi yaradıcılığına marağı daha da artıracaq”.

    Forumda Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib ki, “Nizami Gəncəvi kimdir?” sualının cavabı çox genişdir. O, yaradıcılığı ilə bir çoxlarına ədəbiyyatın qapısını açmaqla yanaşı, astronomiya, fəlsəfə, coğrafiya, tibb və riyaziyyatı, eyni zamanda 7 dili mükəmməl bilən alimdir. Nizami Gəncəvi ürəyində və beynində mürəkkəb düşüncələri yoxlayıb, əldə etdiyi nəticəni, istər duyğu, istərsə də fikirləri mükəmməl şəkildə sözə çevirib insanlıq üçün miras qoyub: "Türk dünyası böyük atasının əmanətlərinə qürurla sahib çıxmağa və nəsildən-nəslə ötürməyə davam edəcək. Biz, türk dünyasının mədəniyyət körpüsünü var edən əcdadlarımıza idarəçisindən sənətkarına, aliminə qədər sahib çıxmağın məsuliyyətini daşıyırıq. Əks halda, bizi bir və bütöv edən bu bənzərsiz insanlar ya unudulacaq, ya da öz millətindən, soyumuzdan, tariximizdən, birliyimizdən qoparılıb yadlaşdırılacaq. Nə atalarımız, nə də uşaqlarımız belə bir günahın hesabını verə bilmərik. Bir olub minillik illik tariximizə birlikdə sahib çıxacağıq.

    Tədbirdə Özbəkistan Respublikasının mədəniyyət naziri Ozodbek Ahmadoviç Nazarbekov və Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy çıxış edərək Forumun keçirilməsini yüksək qiymətləndiriblər.

    Bildirilib ki, öz yaradıcılığı ilə bütün dünyada şöhrət qazanan, ədəbiyyatın əbədi zirvəsi sayılan böyük Nizami yalnız dahi şair deyil, ölməz ideyaları ilə öz dövrünü qabaqlamış, ülvi məhəbbət, milli köklərə bağlılıq, ədalətli cəmiyyət, əməksevərlik kimi ən mühüm mövzulara toxunan kamil söz ustadıdır. Humanizm prinsiplərinin təşəkkül tapmasında şair və mütəfəkkir Nizaminin misilsiz xidmətləri vardır. Bu baxımdan tarixdə onunla eyni sırada dayanacaq ikinci söz və fikir adamı yoxdur. Nizami poeziyası bir daha sübut edir ki, Azərbaycan xalqı əsrlər boyu humanizm ideyalarının daşıyıcısı olmuşdur.

    Sonda Forumun 8 bənddən ibarət Birgə Kommünikesi qəbul edilib.

    Forum işini panel müzakirələrlə davam etdirir.

  • Cenevrədə təşkil edilən payız yarmarkasında Azərbaycanın milli rəqsləri nümayiş olunub

    Hər ilin noyabr ayında olduğu kimi, bu il də Cenevrənin “Palexpo” sərgi mərkəzində 10 günlük “Les Automnales” payız yarmarkası təşkil olunub.

    AZƏRTAC xəbər verir ki, hər il yüz mindən çox insanın ziyarət etdiyi (2021-ci ildə ziyarətçi sayı 133 min 900-dən yuxarı olub) yarmarkada 600-dən çox müxtəlif sərgi və animasiya, salonlar və müxtəlif tədbirlər keçirilir.

    Yarmarkada hər il keçirilən tədbirlərdən biri də müxtəlif xalqların döyüş sənəti, eləcə də mahnılar, musiqi və rəqslər sahəsində uğurlarını geniş ictimaiyyətə təqdim etməyə imkan verməklə, incəsənət və idman sahəsində fəaliyyət göstərənləri birləşdirən “Hərəkətlər sənəti salonu”dur (Salon de l’Art du Mouvement). Artıq bir neçə ildir ki, soydaşımız Mariya Xan-Xoyskaya Martiqnoli üzvü olduğu və tərkibində Azərbaycanın rəqslərini təmsil etdiyi Cenevrə Mədəniyyət Assosiasiyası adından tədbirə qatılır və vətəni Azərbaycanın milli rəqslərini təqdim edir. Yarmarkada Azərbaycan incəsənətinin təqdimatı Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin dəstəyi ilə baş tutub.

    M.Xan-Xoyskaya Martiqnoli bildirib ki, bu nüfuzlu yarmarkada Azərbaycanın milli rəqsləri ilk dəfə onun tərəfindən təqdim olunub və bu, gənc rəqqasə üçün böyük şərəf və qürurdur.

    Qeyd edilib ki, builki tədbir xüsusilə əlamətdar olub, belə ki, bu il yenə də yarmarkanın tarixində ilk dəfə olaraq azərbaycanlı rəqqasənin şagirdləri – Cenevrə və onun ətrafında yaşayan, Cenevrə Mədəniyyət Assosiasiyasında iştirak edən azərbaycanlı uşaqlar tərəfindən Azərbaycanın milli rəqsləri (”Yallı” və “Ağ çiçək”) təqdim edilib. “Bu tədbiri təşkil etdiyimizə görə inanılmaz dərəcə xoşbəxtəm. Mənim üçün bu il rəqslərimiz, xüsusilə “Yallı” rəqsi bizim böyük Zəfərimizin və ədalətin zəfər çalmasının rəmzinə çevrildi. Geyimlərin təqdim olunmasında köməklik göstərmiş və mənə hər cür dəstək verən uşaqların valideynlərinə, eləcə də müəllimim və xoreoqrafım, Gəncə Dövlət Kukla Teatrının direktoru, Azərbaycan Respublikasının əməkdar artisti Fərmayıl Paşayevə xüsusi minnətdarlığımı bildirirəm”, - deyə M.Xan-Xoyskaya Martiqnoli əlavə edib.

    Azərbaycanlı rəqqasə özü isə yarmarkada Gürcüstan dövlət baleti “Suxişvili”nin keçmiş solisti, Gürcüstan Folkloru Teatrı “NABADİ”nin rəhbəri Nino Turabelidzenin rəhbərliyi ilə, ikinci vətəni hesab etdiyi Gürcüstanın rəqsləri ilə səhnəyə çıxıb. Gürcü diasporunun rəsmi nümayəndələri dost xalqlarımıza məxsus qədim rəqs irsinin gözəlliyi və unikallığını layiqli şəkildə təqdim etdiyinə görə azərbaycanlı rəqqasəyə və onun yetirmələrinə dərin minnətdarlıqlarını bildiriblər.

  • UNESCO-da Azərbaycanın da töhfə verdiyi “Afrika Həftəsi”nin açılışı olub

    UNESCO-nun mənzil-qərargahında “Afrika Həftəsi” başlayıb.

    AZƏRTAC xəbər verir ki, UNESCO-da “Afrika Həftəsi”nin açılış tədbiri keçirilib. Təşkilat yanındakı Afrika qrupu, Afrika İttifaqı ilə əməkdaşlıq çərçivəsində təşkil edilmiş “Afrika Həftəsi” ərzində bu qitənin ölkələrinin mədəniyyəti, incəsənəti diqqət mərkəzində olacaq.

    Tədbirdə UNESCO-nun Baş direktoru Odre Azule və Afrika ölkələrinin səfirləri çıxış ediblər.

    Qeyd edək ki, Azərbaycan “Afrika Həftəsi”nin sponsorlarındandır. Həftə ərzində milli mətbəximiz təqdim olunacaq və musiqimiz səsləndiriləcək. Bir həftə ərzində ölkəmizi təşviq edən video UNESCO-nun mənzil–qərargahında ekranlar vasitəsilə nümayiş olunacaq. “Afrika Həftəsi”nin açılış tədbirində ölkəmizi UNESCO yanında daimi nümayəndə, səfir Elman Abdullayev və nümayəndəliyimizin əməkdaşları təmsil ediblər.

    Xatırladaq ki, Azərbaycan Qoşulmama Hərəkatının UNESCO yanındakı qrupu çərçivəsində Afrika ölkələrinə kadr hazırlığı istiqamətində də töhfələr verib. Afrika ölkələrinin diplomatlarına ADA Universitetində təhsil almaq imkanı yaradılıb.

  • Azərbaycanla Pakistan arasında mədəni əlaqələr genişlənir

    “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistanda üçgünlük səfərdədir.

    İdarədən AZƏRTAC-a bildirilib ki, noyabrın 25-dək davam edəcək səfər çərçivəsində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Lahor Qala Şəhəri Administrasiyası arasında "Dostluq və əməkdaşlıq haqqında Protokol" imzalanması nəzərdə tutulub. Hər iki qədim şəhərin idarəetmə aparatı, habelə Azərbaycanla Pakistan arasındakı mədəni, iqtisadi əlaqələri gücləndirəcək bu sənədlə yanaşı, nümayəndə heyətinin Lahor şəhərinin müxtəlif tarixi məkanlarına ziyarəti planlaşdırılıb.

    Səfərin birinci günü İdarə Heyətinin sədri Əsgər Ələkbərovun başçılığı ilə Lahor Qala Şəhəri Administrasiyasının Baş direktoru Kamran Laşari və qurumun digər nümayəndələri arasında görüş keçirilib, əməkdaşlıq perspektivləri müzakirə olunub.

    Daha sonra nümayəndə heyəti Pakistanın məşhur "Khaadi" brendinin məhsulları ilə tanış olub.

  • Gənc fotoqraf Ramin Aslanovun “Bir bax, min yaşat” adlı fərdi fotosərgisi açılıb

    Noyabrın 23-də Heydər Əliyev Sarayında gənc və istedadlı fotoqraf Ramin Aslanovun “Bir bax, min yaşat” adlı fərdi fotosərgisi açılıb.

    AZƏRTAC xəbər verir ki, tədbirdə sarayın direktoru, Əməkdar artist Ramil Qasımov çıxış edərək fotosərgi barədə məlumat verib. Qeyd olunub ki, müxtəlif və rəngarəng mövzuları əhatə edən və əsasən təbiət fotojanrına üstünlük verilən fotosərgi müəllifin tamaşaçılar qarşısında ilk hesabatıdır. Azərbaycanımızın şəhər və rayonlarının təbiətinin müxtəlif obrazlı gözəlliklərinin, təbii sərvətlərinin müxtəlifliyinin sərgiləndiyi sərgi tamaşaçılara yüksək sənət zövqü bəxş edəcək.

    Diqqətə çatdırılıb ki, Heydər Əliyev Sarayının fotosərginin təşkilində məqsədi sərgilənən fotonümunələrini geniş ictimaiyyətə təqdim edərək, tanıdaraq gənc, yaradıcı və peşəkar insanlara diqqət göstərmək, dəstək olmaqdır. Bildirilib ki, fotosərgidə əsərlərin satışı həyata keçiriləcək. Əldə olunacaq vəsait Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə “YAŞAT” Fonduna ianə ediləcək.

    Sonra Ramin Aslanov çıxış edərək tədbirin təşkilatçıları və iştirakçılarına təşəkkürünü bildirib.

    Qeyd edək ki, sərgidə gənc fotoqrafın 44 əsəri nümayiş olunub.