Yazıçı-publisist Kənan Hacının yeni çap olunan romanı “Hakimə açılan atəş” adlanır.
AZƏRTAC xəbər verir ki, romanda Birinci Qarabağ müharibəsində Füzuli rayonu ərazisində, Kültəpədə düşmən tankından atılan mərmiyə tuş gəlib şəhid olmuş Zərdab Rayon Məhkəməsinin sədri Məhərrəm Məmmədovun həyat yolundan bəhs olunur. Əsərdə ədalətli hakim, el-obanın dərd-sərilə, qayğılarıyla yaşayan vətəndaş, mərd və döyüşkən şəxsiyyət obrazı yaradılıb. Səkkiz aya yazılan “Hakimə açılan atəş” romanında Azərbaycanın müstəqillik qazandığı dövrdə baş verən hadisələrə də geniş yer verib. Kənan Hacının realist-psixoloji üslubda qələmə aldığı bu romanı ədəbiyyatımızda Qarabağ savaşından bəhs edən ilk əsərlərdəndir ki, sonluğu qələbə ilə bitir.
Qeyd edək ki, yazıçının “Çəhrayı qan” romanında da Qarabağ savaşı fraqment kimi keçir, Aprel döyüşlərindən bəhs edən “İsgəndər şikəstəsi” kinopovesti, “Qarabağ hekayələri” silsiləsindən yazdığı “Estafet”, “Ağ-qara fotoşəkil”, “Lalə rəngli çobanyastığı”, “Qələbəyə aparan yol”, “Qalib xalqın yazıçısı” hekayələrində də haqq savaşımızın bədii xronikası öz əksini tapıb.
“Hakimə açılan atəş”in müstəsnalığı ondadır ki, bu əsərin qəhrəmanı hakimdir. Birinci Qarabağ müharibəsi dövründə Zərdab Rayon Məhkəməsinin sədri vəzifəsində çalışan Məhərrəm Məmmədovun doğulub boya-başa çatdığı Cəbrayıl rayonu erməni hücumlarına məruz qalıb, əhali yurd yerlərindən çıxarılıb. Hakimin ürəyi orda, doğulduğu torpaqda döyünür. Hakim kimi öz vəzifəsini vicdanla yerinə yetirir, sadə insanların himayədarı kimi böyük hörmət və nüfuz qazanır, cəbhədə də onun yolunu gözləyənlər var...
Yazıçı hakimin ömür və döyüş yolunu müdhiş bir şəkildə inandırıcı boyalarla qələmə alıb. “Hakimə açılan atəş” istər ictimai məzmununa, istərsə də dil və üslub xüsusiyyətlərinə görə təqdirəlayiq əsərdir.
Dövlət Turizm Agentliyinin tabeliyində olan “Yuxarı Baş” Milli-Tarix Memarlıq qoruğunun ərazisində daha 58 abidənin dövlət mühafizəsinə götürülməsi Şəkinin mədəni-tarixi irsinin daha dayanıqlı şəkildə qorunması, ümumbəşəri dəyərlərinin mühafizəsi baxımından çox önəmlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarına edilən 4 noyabr 2021-ci il tarixli yeni dəyişiklik Şəkinin tarixi hissəsində Dünya İrs Konvensiyasının tələblərinə uyğun gələn onlarla abidənin olduğunu təsdiqləyir.
Qeyd edək ki, Şəki “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun tarixi hissəsi 2019-cu il 7 iyul tarixində UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Ümumdünya İrs Komitəsi bu qərarı verərkən, Dünya İrs Konvensiyasının II (memarlıq, sənətkarlıq, şəhərsalma və bu kimi digər sahələrdə müxtəlif tarixi dövrlərin ənənələrinin əks etdirilməsi) və V (insanların təbiətdən dayanıqlı istifadəsi) meyarlarına əsaslanıb. Şəkinin tarixi hissəsində həmin meyarlara cavab verən daha çox abidə mövcud olsa da, Nazirlər Kabinetinin yuxarıda qeyd olunan 132 nömrəli qərarına əsasən indiyədək onların yalnız 25-i tarix və mədəniyyət abidəsi kimi dövlət mühafizəsinə götürülmüşdü.
Bu iki meyara tam olaraq cavab verən digər tikililərinin də dövlət mühafizəsinə alınması məqsədilə, Dövlət Turizm Agentliyinin ekspertləri AMEA-nın müvafiq institutları ilə birgə əməkdaşlıq çərçivəsində “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən tarixi tikililəri yenidən qiymətləndiriblər.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, nəticədə Şəkinin qədim hissəsində yerləşən daha 58 daşınmaz əmlaka “abidə” statusu verilməklə 1-i ölkə, 57-si yerli əhəmiyyətli olmaqla, dövlət mühafizəsinə götürülməsi təklif olunub.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına əlavə edilən 58 abidə arasında tarixi tikililər, mühəndis-kommunikasiya qurğuları, qədim ənənəvi yaşayış evləri və ictimai binalar var. Bunlar arasında ipək, ipək parçaları və barama ticarəti ilə zənginləşmiş iri tacirlərin, mülkədarların imarətləri, 2-3 mərtəbəli binalar xüsusi yer tutur. XIX-XX əsrlərə aid olan bu binalar memarlıq elementləri, həm də dekorativ xüsusiyyətlərinə görə qonşu bölgələrin memarlıq məktəbi və mədəniyyətini özündə əks etdirir. Bu da UNESCO-nun Ümumdünya İrs Siyahısının II meyarının tələblərinə uyğun olmaqla Böyük İpək Yolu üzərində yerləşən Şəkinin qonşu bölgələrlə intensiv iqtisadi əlaqələrlə yanaşı, mədəni və incəsənət əlaqələrində olduğunu da sübut edir. Şəki 3 nömrəli ipək fabrikinin binası məhz bu kateqoriyaya aiddir.
Dövlət mühafizəsinə götürülmüş abidələr arasında XIX əsrdə şəhərdə hərbi məqsədlər üçün tikilmiş kazarma, əsgər yataqxanaları, yerli təcridxana (türmə) binası kimi fəaliyyət göstərmiş tikililəri də qeyd etmək olar.
Nazirlər Kabinetinin qərarı ilə dövlət mühafizəsinə götürülmüş abidələr arasında dəyirmanlar və su kəmərləri də var ki, bu tikililər Dünya İrs Konvensiyasının V meyarına (təbiətdən insanların dayanıqlı istifadəsi) uğun gəlir. Məsələn, Şəkidəki Hacıhəsən su kəməri və Taclıq su kəməri saxsı materialdan hazırlanmaqla suyun təbii axma prinsipinə görə təşkil edilib. Dəyirmanlar isə yerli şirniyyatda çox geniş şəkildə istifadə edilən düyü üyüdülməsi və düyü ununun əldə edilməsi üçün Dəyirmanarx üzərində inşa olunub. Dövlət mühafizəsinə götürülmüş digər abidələr içərisində tarixi İmam Əli məscidi və mədrəsə binası da var.
Ümumilikdə Şəkinin UNESCO-nun Ümumdünya İrs siyahısına daxil edilmiş ərazisində 58 abidənin dövlət mühafizəsinə götürülməsi Şəkinin Ənənəvi Şəhər landşaftının daha səmərəli şəkildə qorunması, Şəkinin UNESCO-nun Ümumdünya İrs Siyahısında öz layiqli yerini tutması, onun atributlarının mühafizə olunmasına töhfə verəcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan musiqi zalında Mədəniyyət və Təhsil nazirliklərinin dəstəyi ilə “Zəfər günün mübarək” adlı konsert təqdim edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Akademik Filarmoniyasının "Gənclərə dəstək" layihəsi çərçivəsində keçirilən konsertdə Respublika və beynəlxalq müsabiqələr laureatları, Prezident təqaüdçüləri iştirak ediblər. Tədbirdə tanınmış bəstəkarların əsərləri ilə yanaşı, gənc müəlliflərin də əsərləri səsləndirilib.
Mədəniyyət və Təhsil nazirlikləri tərəfindən layihənin hər bir iştirakçısı təşəkkürnamə ilə təltif olunub. Təşəkkürnamələri iştirakçılara Vətən müharibəsinin şəhidi, Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Hikmət Səfərovun oğlu təqdim edib.
Qeyd edək ki, bu il “Gənclərə dəstək” layihəsi 5 illiyini qeyd edir. Layihənin əsas məqsədi ölkədə gənc istedadların üzə çıxarılması və dəstəklənməsidir. Layihə çərçivəsində təqdim olunan proqramlar müxtəlif zövqlərə malik çox geniş auditoriyaya - yüksək akademik üslubun bilicilərinə, muğam, caz, estrada, eləcə də xor musiqisi həvəskarlarına ünvanlanıb.
“LİBRAF” Kitab Evində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş “Rəşadətlə yaşayanlar - Ölümü fəth edənlər” adlı ümumrespublika hekayə müsabiqəsinin yekun mərhələsi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə 44 günlük Vətən müharibəsində canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müsabiqəyə təqdim olunan hekayələrdən 25-i münsiflər tərəfindən seçilərək “Ölümü fəth edənlər” adlı kitaba daxil edilib. Kitab “Təhsil” nəşriyyatında çap olunub. Kitabın ideya müəllifi Zahira Dadaşova, redaktoru uşaq yazarı Sevinc Nuruqızıdır.
Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova çıxış edərək, kitabxananın hərb və vətənpərvərlik mövzusunda səmərəli silsilə tədbir və layihələrə imza atdığını söyləyib. Müsabiqəyə təqdim olunan hekayələr haqqında danışarkən Ş.Qəmbərova qeyd edib ki, onların hər biri vətənpərvər ruhda yazılıb.
Bildirib ki, yalnız Vətəni müqəddəs sayaraq canından keçməyi bacaran qəhrəmanlar xalqın şəhidi olur. “Ünvansız məktub”, “Şəhid qardaşım” hekayələrində şəhidlik zirvəsinə ucalan övladların şücaəti, oğul itkisinə mətanətlə dözən anaların dəyanəti göstərilir. “Ölməzliyə qovuşan Cəbrayıl” və “Biri vardı, bir yox…” hekayələrində isə uşaqlar şəhidlərin heç vaxt unudulmadıqlarını vurğulamağa çalışıblar.
Tədbirdə çıxış edən uşaq yazıçısı Zahid Xəlil müsabiqənin əhəmiyyətini vurğulayaraq bildirib ki, hər bir insan yurduna sadiq və layiqli vətəndaş olması üçün əlindən gələni etməlidir. Hamı Azərbaycanımızı işıqlı sabahlara, aydın gələcəyə qovuşdurmağa çalışmalıdır. Qeyd edib ki, yurdumuzda gözü olan düşməni qəlbimizdə daşıdığımız Vətənə məhəbbət atəşi ilə yandırıb məhv etməliyik.
Tədbirin sonunda müsabiqə qaliblərinə Xarıbülbül döş nişanı, diplom və kitablar hədiyyə edilib.
Şəki şəhərinin “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində mövcud olan daşınmaz mədəni irs nümunələri dövlət mühafizəsinə götürülür.
Bu barədə AZƏRTAC-a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisi daxilində yerləşən, 120 hektar sahəsi olan Şəki şəhərinin ən qədim hissəsi “Şəki Xan sarayının və şəhərin tarixi mərkəzi” adı ilə 2019-cu il 7 iyul tarixində Ümumdünya İrs Siyahısına daxil edilib.
Şəkinin qədim hissəsinin UNESCO Ümumdünya İrs Siyahısına daxil edilməsi zamanı “Dünya İrs Konvensiyası”nın II və V meyarları əsas götürülmüşdür. II meyara görə Şəki şəhərinin qədim hissəsinin memarlığı Böyük İpək Yolu üzərində yerləşən bir tarixi Azərbaycan şəhəri kimi intensiv beynəlxalq ticarətin və qonşu mədəniyyətlər ilə mədəni mübadilənin izlərini özündə əks etdirir. V meyara görə isə Şəkinin şəhərsalma və memarlıq ənənələri təbiət ilə mədəniyyətin ahəngli harmoniyasını, insanların təbiət resurslarından səmərəli və dayanıqlı istifadə etməsini özündə əks etdirir.
Bu meyarlar üzrə Şəki şəhərinin tarixi hissəsi Dünya İrs Siyahısına daxil edilsə də, həmin hissədə yerləşən bir çox tarixi tikililər, tarixi mühəndis-kommunikasiya qurğuları, yaşayış evləri və ictimai binalar “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin Qərarına əsasən təsdiq edilmiş siyahıya daxil edilməmiş və onlara inventar nömrəsi verilməyib. Buna görə də Şəkinin qədim hissəsində yerləşən bir sıra tikililərin yeni aşkar edilmiş tarix və mədəniyyət abidəsi kimi dövlət mühafizəsinə alınması labüd məsələyə çevrilib.
Şəki şəhərinin UNESCO Ümumdünya İrs siyahısına daxil edilmiş qədim hissəsində yerləşən onlarla tarix və mədəniyyət abidəsinin yeni aşkar edilmiş tarix və mədəniyyət abidəsi kimi dövlət mühafizəsinə götürülməsi üçün Azərbaycanın mədəni irs sahəsində mövcud normalara və beynəlxalq mədəni irs normalarının tələblərinə istinad edərək təkliflər hazırlanıb.
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə və “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən abidələrin əhəmiyyət dərəcələrinə görə bölgüsünün aparılması, həmçinin təsdiqlənmiş siyahıdan abidənin çıxarılması və əlavə edilməsi Azərbaycan Milli Elmlər Akademiyasının rəyi əsasında Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən həyata keçirilir.
Qeyd edilənləri nəzərə alaraq, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində mövcud olan sözügedən daşınmaz mədəni irs nümunələrinin dövlət mühafizəsinə götürülməsini təmin etmək məqsədilə “Azərbaycan ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı hazırlanıb.
Yəmənin “Əl Tənmiyə Əl Yom” qəzetində jurnalist Əbdül Həmid Əl-Kibinin “Azərbaycanın geniş turizm potensialı” sərlövhəli məqaləsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin hakimiyyəti dövründə simasını heyrətamiz şəkildə dəyişən, daha da gözəlləşən Bakının dünyanın ən ecazkar şəhərlərindən biri olduğu qeyd olunur. Müəllif yazır ki, Xəzərin sahillərində yerləşən bu möhtəşəm şəhər son illər turistlərin ən çox sevdiyi məkana çevrilib. Burada müasir göydələnlər qədim memarlıq ənənələri ilə valehedici sintez yaradır.
Məqalədə yəmənli oxuculara Bakının simasını dəyişən və şəhərə gözəllik verən “Alov qüllələri” kompleksi, dünya memarlığının incilərindən biri olan Heydər Əliyev Mərkəzinin binası, Xalça Muzeyi, Azərbaycan Milli Tarix Muzeyi, teatrlar, qədim abidələr haqqında məlumat verilir. Həmçinin diqqətə çatdırılır ki, Azərbaycan paytaxtı orta əsrlərdə Böyük İpək Yolunun üzərində ən mühüm şəhərlərdən biri olub.
Müəllif daha sonra Azərbaycanın turizm məkanları – Qəbələ, Şamaxı, Quba və digər rayonlardakı istirahət mərkəzləri, habelə Qobustan Milli Parkı, digər tarixi abidələrimiz barədə məlumat verib. O vurğulayıb ki, qədim Şuşanın işğaldan azad edilməsi və burada tarixi-mədəniyyət abidələrinin bərpası beynəlxalq əhəmiyyətli yeni turizm istiqamətinin yaranmasına səbəb olacaq.
Noyabrın 5-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Azərbaycanla Türkiyə arasındakı əbədi qardaşlığa və dostluğa həsr edilmiş “Bərabər yürüdük biz bu yollarda” kitabının təqdimat mərasimi keçiriləcək.
Fondan AZƏRTAC-a bildirilib ki, kitabda Azərbaycan Respublikasının Prezident İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iki ölkənin əlaqələrinin yüksək mərhələyə çatmasındakı xidmətləri əks olunub. Kitab ulu öndər Heydər Əliyevin fəaliyyətinin son dövründən (2003-cü il) başlayaraq, 2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalandığı günədək olan dövrü əhatə edir.
Kitabda Azərbaycan və Türkiyə dövlət başçılarının ikitərəfli və çoxtərəfli görüşlərdəki çıxışları, müraciətləri, bəyanatları, fotoları yer alıb. Kitabın ideya müəllifi və nəşrə hazırlayanı Məlahət İbrahimqızı, rəyçilər Necdət Ünüvar, Əhliman Əmiraslanov, redaktoru Öznur Çalıqdır.
Tədbirdə rəsmilər, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, beynəlxalq təşkilatların rəhbər və nümayəndələri, tanınmış siyasi və ictimai xadimlər iştirak edəcəklər.
Noyabrın 3-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq artisti Yaşar Nurinin anadan olmasının 70 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, tanınmış incəsənət xadimlərinin iştirak etdiyi gecədə mərhum aktyorun həyat yoluna nəzər salınıb, onun teatr və kino sahəsində bənzərsiz bir aktyor olduğu vurğulanıb.
Mədəniyyət naziri Anar Kərimov bildirib ki, Yaşar Nuri yaddaqalan obrazları ilə həmişə xalqımızın ürəyində yaşayacaq. Təkrarsız və bənzərsiz istedada malik sənətkar özünəməxsus lirik koloritlə tamaşaçıların rəğbətini qazanıb və istənilən azərbaycanlının sevimli aktyoruna çevrilib. Özünəməxsus səhnə mədəniyyəti və davranışı, improvizə qabiliyyəti, yaradıcılıq istedadı, obrazlara məxsusi yanaşma tərzi onu bir çox aktyor yoldaşlarından, həmkarlarından fərqləndirirdi. Onun film və tamaşalarda yaratdığı obrazların dili ilə dediyi sözlər az qala hər birimizin dilində gündəlik işlədilən və tez-tez rast gəldiyimiz ifadəyə çevrilib.
“O, bizi tərk etsə də, onun özündən sonra qoyub getdiyi miras davamçıları tərəfindən yaşadılmalıdır. Çox istərdik ki, teatr səhnəsində Yaşar Nuri kimi fədakar və istedadlı aktyorlar yetişsin”, - deyə nazir bildirib.
Azərbaycan kino sənətinin görkəmli aktyoru olan Yaşar Nuri hələ sovet dönəmində Əməkdar artist adını almışdır. Sonrakı dövrlərdə də Yaşar Nuri müxtəlif fəxri adlarla təltif olunub. 1989-cu ildə o, Xalq artisti, 1991-ci ildə Dövlət mükafatı, Prezident İlham Əliyevin 2011-ci il 1 sentyabr tarixli Sərəncamı ilə Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
Sonra nazir Azərbaycan xalqını qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik edib, müharibədə qazanılan Qələbənin teatr və kino əsərlərində də təcəssüm olunmasını arzulayıb.
Tədbirdə çıxış edən teatrşünas-tənqidçi professor İlham Rəhimli deyib: “Azərbaycanın teatr və kino sənətində nadir sənətkarlardan biri də Yaşar Nuri idi. Yaşarın həssas ürəyi olduğu üçün tamaşaçının daxilində keçən duyğuları hiss edə bilirdi. O, Azərbaycanın nadir sənətçilərindəndir ki, satira, faciə və komediya janrında bənzərsiz rollar yaradıb. O, Dövlət Akademik Milli Dram Teatrında yeganə aktyorlardandır ki, Kukla Teatrında da rol oynayıb. Onun daxilində o qədər enerji var idi ki, obrazlı şəkildə desək onunla su dəyirmanını hərəkətə gətirmək olardı”.
Yaşar Nuri ilə bağlı xatirələrini bölüşən görkəmli kino rejissoru, ssenarist, Xalq artisti Vaqif Mustafayev deyib ki, o, canlandırdığı obrazı daxilən dərindən hiss etdiyindən, onu bütün varlığı ilə yaşadığından çəkilişlər bitəndən sonra da həmin obrazdan uzun müddət çıxa bilmirdi. Xarici qastrol səfərlərində də Yaşar öz istedadı ilə tamaşaçıların üzündə təbəssüm yaradırdı. “Hər şey yaxşılığa doğru” filmində Yaşar Nuri “Pobeda za nami” (Qələbə bizimlədir) sözünü işlətmişdir. Belə də alındı, apardığımız 44 günlük müharibədə Azərbaycan xalqı uzun illər gözlədiyi Zəfəri qazandı”.
Tədbirdə çıxış edən digər qonaqlar da Yaşar Nurinin kino və teatr yaradıcılığı haqqında fikirlərini bölüşüb, onunla bağlı xatirələrini danışıblar.
Bildirilib ki, Yaşar Nuri hələ kiçik yaşlarından səhnədə rol alıb. İlk dəfə on bir yaşı olarkən “Toy kimindir?” tamaşasında Tapdıq rolu ilə səhnədə rol alan unudulmaz aktyorumuz Yaşar Nuri televiziyada “Yelkən” verilişinin aparıcısı olub, “Buratino”, “Qaranquş”, “Pioner” uşaq verilişlərində iştirak edib. Onun yaradıcılıq arealı bununla məhdudlaşmır. Dəyərli sənətkarımız müxtəlif dram dərnəklərində iştirak edib, görkəmli kino və teatr xadimlərimizdən dərs alıb.
Aktyor teatr səhnəsində çoxsaylı obrazların mahir ifaçısı olub. Sevilən sənətkarımızın Azərbaycan teatr səhnəsində “Övlad” komediyasında Silva, “Bağlardan gələn səs” dramında Pərviz, “Ölülər” əsərində Məşədi Oruc, “Od gəlini” dramında Altunbay, “Büllur sarayda” pyesində Bayandur, “Bizim qəribə taleyimiz” pyesində Davud, “Bəşərin komediyası və yaxud Don Juan” əsərində Sqanarel, “Dəli yığıncağı” faciəsində Sərsəm Salman, “Fəryad” əsərində Rəhman, “Mesenat” əsərində Ağamusa Nağıyev, “Sevil” əsərində Əbdüləli bəy, “Qanlı Nigar” pyesində Abdi, “Gülüstanda qətl” pyesində Şahməmməd İsmiyeviç, “Afət” əsərində Xandəmir və sair rolları ona geniş tamaşaçı rəğbəti qazandırıb.
Qeyd olunub ki, Yaşar Nuri, eyni zamanda, hamı tərəfindən sevilərək izlənilən televiziya tamaşalarında da yaddaqalan obrazların görkəmli ifaçısıdır. Çoxlarımız Yaşar Nurinin baş rol ifaçısı olduğu tamaşaları sevə-sevə izləyirik. Yaşar Nuri Azərbaycan Dövlət Televiziyasının hazırladığı “Yollar görüşəndə”, “Ömrün yolları”, “Qatarda”, “Evləri köndələn yar”, “Qonşu qonşu olsa”, “Kökdən düşmüş piano”, “Topal Teymur”, “Yarımştat”, “Ac həriflər”, “Göz həkimi”, “Yaşıl eynəkli adam”, “Səni axtarıram” trilogiyasında və bir çox teletamaşalarda bənzərsiz rolların mahir ifaçısına çevrilib. Bir çoxunun yaddaşında Yaşar Nuri “tamada Surxayzadə”, “Gülərin Həsənağası”, “Gülnarın Elçini”, “çəkməçi Dadaşov”, “ac həriflərin Həsən dayısı”, “fotoqraf Əli bəy” və digər obrazlarda qalıb. Bu da aktyorun istənilən obrazı yaddaqalan və unudulmaz canlandırmasından irəli gəlir.
Diqqətə çatdırılıb ki, böyük sənətkarın aktyorluq fəaliyyəti bununla məhdudlaşmır. Kino sahəsində də bir-birindən parlaq obrazlar yaradan sevimli sənətkarımız “Dörd bazar günü”, “Bəyin oğurlanması”, “Ad günü”, “Yol əhvalatı”, “Yaramaz”, “Yuxu”, “Hər şey yaxşılığa doğru”, “Lətifə”, “Qətl günü”, “Fransız”, “Yoxlama” və sair filmlərdə rol alıb.
Xalq artisti Brilliant Dadaşova, Əməkdar artistlər Teymur Əmrah və Aybəniz Haşımova, Yaşar Nurinin qızı Ülkər Nuriyeva gecənin musiqili qonaqları olublar.
Gecədə Yaşar Nurinin teatr tamaşaları, filmləri və televiziya tamaşalarından fraqmentlər nümayiş olunub.
Sonda mərhum aktyorun qızı Ülviyyə Nuriyeva tədbirin təşkilinə görə Mədəniyyət Nazirliyi və Akademik Milli Dram Teatrının rəhbərliyinə təşəkkürünü bildirib.
Qırğız Respublikasının Parlamenti-Jogorku Keneş Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun “Türk Mədəniyyəti və İrsi Fondunun maliyyə qaydaları haqqında” Sazişi və “Üzv Dövlətlərin Türk Mədəniyyəti və İrsi Fondunun büdcəsinə məcburi ödənişlərin həcminə dair” Protokolu ratifikasiya etmişdir.
Türk Mədəniyyəti və İrsi Fondundan AZƏRTAC-a bildirilib ki, parlamentdə eyni zamanda mədəniyyət, idman və turizm sahəsində dövlət siyasətinin təxirəsalınmaz vəzifələrinə, tarixi-mədəni irsin qorunması, ondan iqtisadiyyatın inkişafı üçün mühüm amil kimi istifadə edilməsi və bu istiqamətdə Qırğızıstanın Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə əməkdaşlığın vacib əhəmiyyət kəsb etməsi məsələlərinə toxunulub.
Qeyd edilməlidir ki, “Türk Mədəniyyəti və İrsi Fondunun maliyyə qaydaları haqqında” Saziş 2018-ci il sentyabrın 2-də Bişkek şəhərində imzalanıb. 2020-ci il noyabrın 28-də isə İstanbul şəhərində “Üzv Dövlətlərin Türk Mədəniyyəti və İrsi Fondunun Büdcəsinə Məcburi Ödənişlərinin Həcminə dair” Protokol imzalanıb.
Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalının təşkilatçılığı ilə keçirilən “4.4 Qısa Tamaşalar Festivalı” (QTF) davam edir.
AZƏRTAC xəbər verir ki, noyabrın 1-də start verilən “4.4 Qısa Tamaşalar Festivalı”nın (QTF) üçüncü günü festivalın art direktoru Emin Əliyevin giriş sözü ilə başlayıb. O, münsiflərə və festival iştirakçılarına öz təşəkkürünü bildirərək, üçüncü günün proqramı haqqında məlumat verib. Sonra festivalın ikinci gününün qısa icmalını özündə əks etdirən videoçarx nümayiş olunub.
Festivalın 3-cü günündə Gəncə Dövlət Dram Teatrının “Şuşa, sən azadsan” (müəllifi Həsən Cəfərov, rejissoru Elşad Əhmədov), “Bir Səhnə” özəl teatrının “Biz böyüdük” (müəllifi Xəqani Əliyev, rejissoru Şəhriyar Camalbəyli), Şamaxı Mədəniyyət Mərkəzinin “Savaş” (müəllifi və rejissoru Əbdül Məcidili), Şəki Dövlət Dram Teatrının “Xain” (müəllifi və rejissoru Orxan Həmidli), Lənkəran Dövlət Dram Teatrının “Sonuncu görüş” (müəllifi və rejissoru Tərlan Abdullayev), Qusar Dövlət Ləzgi Dram Teatrının “Xarı Bülbül” (müəllifi Ramiz Duyğun, rejissoru Faiq Qardaşov) tamaşaları nümayiş olunub.
Tamaşaların videoformatda nümayişindən sonra münsiflər və tamaşaların yaradıcı heyətinin iştirakı ilə müzakirə keçirilib. Müzakirə bitdikdən sonra isə münsiflər heyətinin sədri Əməkdar incəsənət xadimi professor İsrafil İsrafilovun, Əməkdar incəsənət xadimi, professor Aydın Talıbzadənin və Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin iştirakı ilə “Müharibə və teatr” mövzusunda panel-müzakirə keçirilib.