Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Hər oğul bir qəhrəmandır” adlı videoçarx şəhid Xaqani Məmmədova həsr olunub

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 8 nömrəli filialı Vətən müharibəsi şəhidi Xaqani Məmmədovun Anım günü ilə əlaqədar “Hər oğul bir qəhrəmandır” başlığı altında videoçarx hazırlayıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, Xəqani Məmmədovun qısa, amma şərəfli ömür yolundan bəhs edilən videoçarx kitabxananın sosial hesablarında izləyicilərə təqdim olunub.

    Videoçarxda bildirilib ki, Xaqani Məmmədov 2000-ci il mayın 15-də Kürdəmir şəhərində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Xaqani Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və ərazi bütövlüyümüzün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xaqani Məmmədov noyabrın 2-də Xocavənd döyüşləri zamanı şəhid olub.

    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında göstərdiyi şücaətə görə Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Xaqani Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

  • Milli Dram Teatrında Zəfər Günü qeyd olunacaq

    Akademik Milli Dram Teatrında Zəfər Günü münasibətilə tədbir keçiriləcək, “Qarabağnamə” tamaşası nümayiş olunacaq.

    Teatrın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tamaşanın nümayişindən əvvəl Azərbaycanın haqq savaşının – 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyəti haqqında çıxışlar olacaq. Eləcə də, teatrın Vətən müharibəsində iştirak edən əməkdaşları – qazi Tərlan Əsgərli, iştirakçılar Ruslan Kərimov, Rüfət Cabbarov və Fuad Cəbrayılovun düşmənlə mübarizəsindən danışılacaq, “Qarabağnamə” tamaşası ilə bağlı fikirlər bölüşüləcək.

    Teatrın Vətən müharibəsində iştirak edən əməkdaşlarından Tərlan Əsgərli Ali Baş Komandan İlham Əliyev tərəfindən “Xocavəndin azad olunmasına görə” və "Füzulinin azad olunmasına görə" medalları ilə, Ruslan Kərimov isə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunublar.

    Qeyd edək ki, “Qarabağnamə” tamaşası XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir. Xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.

    Tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.

    Tamaşada rolları Xalq artistləri Kazım Abdullayev, Firəngiz Mütəllimova, Rafiq Əzimov, Hacı İsmayılov, Ramiz Məlik, Əli Nurzadə, Əməkdar artistlər Məsmə Ağaverdiyeva, Kazım Həsənquliyev, Aslan Şirin, Elxan Quliyev, Elşən Cəbrayılov, Rəşad Bəxtiyarov, Elnar Qarayev aktyorlar İlyas Əhmədov, Elnur Qədirov, Ramin Şıxəliyev, Ləman İmanova, Rada Nəsibova, Cavidan Novruz, Firuzə Balayeva və Fəridə Şahbazova ifa edir.

  • UNESCO-da Azərbaycanın sədrliyi ilə II Seçki Qrupunun növbəti iclası keçirilib

    UNESCO-nun mənzil-qərargahında Azərbaycanın sədrliyi ilə II Seçki Qrupunun iclası keçirilib.

    AZƏRTAC xəbər verir ki, ölkəmizin UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayevin sədrlik etdiyi iclasda qurumun baş direktorunun humanitar və sosial elmlər üzrə müavini Qabriela Ramos, eləcə də II Seçki Qrupunun üzv ölkələrinin nümayəndələri iştirak ediblər.

    İclasın gündəliyi təsdiqləndikdən sonra Rusiya Federasiyasının UNESCO yanında daimi nümayəndəsi, səfir Aleksandr Kuznetsov UNESCO İcra Şurasının II Seçki Qrupundan vitse-prezidenti qismində İcra Şurasının 212-ci sessiyasının nəticələrinə dair məlumatla çıxış edib.

    Sonra UNESCO baş direktorunun humanitar və sosial elmlər üzrə müavini Qabriela Ramos qurumun Baş Konfransı müddətində rəhbərlik etdiyi sektorun fəaliyyətindən və Baş Konfrans çərçivəsində keçiriləcək tədbirlər haqqında məlumat verib. Süni intellekt etikası üzrə UNESCO-nun tövsiyələrinin qarşıdan gələn Baş Konfransda qəbul ediləcəyinə ümid etdiyini deyən baş direktorun müavini bu tövsiyələrin qəbul edilməsi üçün ölkələri səs verməyə çağırıb.

    Mədəniyyətlərarası dialoqa toxunan Qabriela Ramos Azərbaycana “Bakı Prosesi”nə görə təşəkkür edərək, ölkəmizin mədəniyyətlərarası dialoq sahəsində UNESCO-ya verdiyi dəstəkdən söz açıb.

    İclasda II Seçki Qrupunun növbəti sədri 2022-ci ilin yanvarından Bolqarıstanın olması razılaşdırılıb.

    İclas üzv ölkələrin nümayəndələrinin çıxışları, fikir mübadiləsi ilə davam edib.

  • Bakı Musiqi Akademiyasında elmi-yaradıcılıq konfransı təşkil edilib

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA)100 illiyi münasibətilə “Jazzery Voices” layihəsi çərçivəsində elmi-yaradıcılıq konfransı keçirilib.

    BMA-dan AZƏRTAC-a bildirilib ki, akademiyanın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli çıxış edərək konfrans iştirakçılarını və canlı bağlantı ilə qoşulan Niderlanddan musiqişünas Natəvan Hüseynovanı və Gürcüstandan caz tədqiqatçısı İrina Ebralidzeni salamlayaraq, işlərində uğurlar arzulayıb. F.Bədəlbəyli, həmçinin "Jazzery Voices" layihəsinin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirərək, caz musiqimizi xarici ölkələrdə təbliğ edən Emin Əfrasiyab, İsfar Sarabski, Etibar Əsədli kimi istedadlı caz ifaçılarımızın adlarını, uğurlarını qürur hissi ilə qeyd edib.

    Sonra "Musiqi nəzəriyyəsi" kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Turan Məmmədəliyeva konfranda məruzə ilə çıxış edərək musiqiçiləri qonaqlara təqdim edib, hər kəsi onların caz musiqisinə aid əsərləri, tədqiqatları ilə tanış edib.

    İlk öncə Gürcüstandan və Niderlanddan konfransa canlı bağlantı ilə qoşulan İliya adına Tbilisi Dövlət Universitetinin estrada-caz fakültəsinin müəllimi, caz tədqiqatçısı və pedaqoqu, caz ifaçılığı və bəstəçiliyi üzrə fəlsəfə doktoru İrina Ebralidze "Caz vokal ifaçılıq sənətinin öyrənilməsinin bəzi aspektləri"; musiqişünas, caz tədqiqatçısı Natəvan Hüseynova "XX əsrin l yarısında Azərbaycan cazı", sonra isə BMA-nın professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Lalə Rzayeva "Caz pianizmi"; sənətşünaslıq üzrə fəlsəfə doktoru Aybəniz Növrəsli "Azərbaycan etno-caz təmayülü bu gün"; musiqişünas, publisist, aktrisa Fərizə Babayeva "Azərbaycan caz sənətinə dair bəzi aktual məsələlərə dair", BMA-nın dissertantı Cəmilə Əmirova "Müasir Azərbaycan caz pianoçularının ifaçı portretləri", sənətşünaslıq üzrə fəlsəfə doktoru, caz tədqiqatçısı Turan Məmmədliyeva "Azərbaycanda caz menecmentinə dair bəzi məsələlər" mövzularında məruzələrlə çıxış ediblər.

    Sonda beynəlxalq caz festivalları laureatı Elbəy Məmməmdzadə peşəkar ifası ilə "İllüstrasiya" adlı kompozisiyanı dinləyicilərə təqdim edib.

    Qeyd edək ki, noyabrın 6-da yekunlaşacaq layihə çərçivəsində bir sıra konsertlər, caz vokal ifaçılığı üzrə ustad dərslərinin təşkil olunacağı planlaşdırılır.

  • ABŞ-ın məşhur muzeyi dahi şair Nizami Gəncəvi ilə bağlı tarixi həqiqətləri təhrif edib

    ABŞ-ın Nyu-York ştatında yerləşən dünyaca məşhur Metropoliten Muzeyi Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvi haqqında tarixi həqiqətləri təhrif edib.

    Report-un yerli bürosu xəbər verir ki, incəsənət ocağının internet saytında Nizami Gəncəvinin 1141-1209-ci illər arasında Azərbaycanın Gəncə şəhərində yaşayıb fəaliyyət göstərdiyi qeyd olunub. Ancaq muzeyin özündə adı İslam mədəniyyəti nümunələri kolleksiyasının nümayiş olunduğu “İslam Dünyası” bölməsində fars ədəbiyyatının öncülləri siyahısında təqdim edilib.

    Muzeydə Nizaminin “Xəmsə”sindən - “Yeddi gözəl” poemasından Bəhram Gur, "Sirlər xəzinəsi"ndən Sultan Səncər və qarı, "Xosrov və Şirin", həmçinin “Sirlər Xəzinəsi” poemalarından bir çox orijinal parçalar nümayiş olunur. Həmin əsərlər haqqında məlumatların yer aldığı lövhələrdə də, onun azərbaycanlı olduğu haqqında heç bir məlumat əksini tapmayıb.

    Metropoliten Muzeyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, incəsənət ocağında mövcud əsərlərə dair faktların dəyişdirilməsi məhkəmə qərarı ilə mümkün ola biləcək: "Məsələnin araşdırılması üçün isə əsərin müəllifinin aid olduğu ölkədə fəaliyyət göstərən müvafiq qurumların rəsmi müraciət etməsi tələb olunur".

    Ümid edək ki, aidiyyəti qurumlar Nyu-Yorkun Metropoliten Muzeyinə rəsmi şəkildə müraciət ünvanlayaraq tarixi səhvin düzəldilməsini tələb edəcəklər.

    Qeyd edək ki, Metropoliten Müzeyi Nyu-Yorkun simvollarından biri hesab olunur. 1870-ci ildə ayrı-ayrı zəngin iş adamlarının könüllü ianələri hesabına yaradılan muzeydə dünyaca məşhur nadir əsərlərin orijinalları sərgilənir. Üç milyona yaxın nadir eksponatın saxlanıldığı müzeyi görmək üçün hər il dünyanın müxtəlif ölkələrindən milyonlarla insan yolunu Nyu-York şəhərindən salır. Eyni zamanda muzeydə qədim Azərbaycan xalçalarında nümayiş etdirilir.

  • Meksika və Azərbaycan mədəniyyətlərinin birgə təqdimatı keçirilib

    Meksikanın əlamətdar milli günlərindən sayılan və vəfat etmiş insanları yad etmək üçün qeyd edilən Ölülər Günü münasibətilə Mexiko Şəhər hökumətinin təşəbbüsü ilə başladılmış və paytaxtın Migel İdalqo bələdiyyəsi ərazisində yerləşən bir sıra səfirliklərin iştirakı ilə keçirilmiş “Qadınlara həsr olunan xatirə guşələri” adlı tədbirlərdə Azərbaycan da iştirak edib.

    AZƏRTAC xəbər verir ki, bu münasibətlə səfirlik ərazisində qədim Meksika ənənələrinə uyğun olaraq yaradılmış xatirə guşəsi Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvan, 44 günlük Vətən müharibəsinin xanım şəhidi Arəstə Baxışova və Gəncə şəhərinə edilmiş raket hücumları zamanı həlak olmuş azyaşlı Narin Xalıqovaya həsr olunub.

    Xanım soydaşlarımızın şəkillərinin yer aldığı xatirə guşəsi həm Azərbaycan, həm də Meksika mədəniyyətinə xas özəllikləri özündə ehtiva edib, bu xüsusda Ölülər Günü ilə bağlı yerli Meksika adətləri ilə yanaşı, xalqımıza məxsus milli ornamentlərdən istifadə olunub, habelə qonaqlara milli anım adətlərimizə uyğun olaraq halva paylanılıb.

    Paytaxt Mexikonun ən aparıcı rayonu olan Migel İdalqo bələdiyyəsinin (ölkə ÜDM-nin 3 faizi formalaşdırır) başçısı, Mexiko şəhər hökumətinin rəsmiləri, KİV təmsilçiləri, QHT-lər, gənclər təşkilatları və şəhər sakinlərinin iştirakı ilə baş tutmuş tədbirdə qonaqlara xatirə guşəsinin həsr olunduğu xanım soydaşlarımız, habelə milli anım adətlərimiz, Azərbaycanın xalçaçılıq, misgərlik və digər dekorativ sənət növləri, milli geyimlərimiz, eləcə də musiqi və ədəbiyyatımız haqda məlumat verilib, bu xüsusda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyinin qeyd edildiyi söylənilib və şairin zəngin ədəbi irsi haqda danışılıb. Xatirə guşəsinin iki gün ərzində ziyarətçilər üçün açıq olması nəzərdə tutulub.

    Bir gün əvvəl isə səfirliyin təşəbbüsü və Mexiko şəhəri hökumətinin dəstəyi ilə uzun illər Meksika prezidentlərinin iqamətgahı olmuş, hazırda mədəniyyət mərkəzi kimi fəaliyyət göstərən Los Pinos sarayında ümummilli lider Heydər Əliyev və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsinə həsr olunmuş guşə yaradılıb və cari həftə ərzində şəhər sakinləri tərəfindən böyük maraqla ziyarət edilməkdədir.

    Bununla yanaşı, Ölülər Günü ilə bağlı Meksika federal hökuməti tərəfindən təşkil edilmiş anım paradında Azərbaycan milli bayrağı paytaxt Mexikonun əsas toplanış mərkəzi olan Konstitusiya Meydanında gəzdirilib.

  • Tbilisidə keçirilən tədbirdə Azərbaycanın Vətən müharibəsindəki parlaq qələbəsindən danışılıb

    Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzində Azərbaycanın 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsinin ildönümünə həsr olunmuş “Vətən Bağı Xarıbülbül” adlı tədbir keçirilib.

    AZƏRTAC xəbər verir ki, Marneulidəki Qrinviç Təhsil Mərkəzinin təşəbbüsü ilə keçirilən tədbirdə Azərbaycanın və Türkiyənin Gürcüstandakı səfirliklərinin əməkdaşları, tələbələr, gənclər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Əvvəlcə Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib, sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

    “Gənclər Dostluğu Beynəlxalq Təşkilatı”nın sədri Güllü Alıyeva tədbirin məqsəd və məramı barədə məlumat verib. Bildirib ki, şanlı Azərbaycan Ordusunun Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsi Gürcüstanda yaşayan soydaşlarımızın da böyük sevincinə səbəb olub. Tədbirin təşkilində əsas məqsəd Vətən müharibəsindəki Qələbənin ildönümünü qeyd etməklə bu sevinci bölüşməkdir.

    Qrinviç Təhsil Mərkəzinin direktoru Anna Allahverdiyeva çıxış edərək Vətən müharibəsinin tarixi əhəmiyyətini qeyd edib, gənclərin iştirakı ilə bu cür tədbirlərin təşkilinin əhəmiyyətini vurğulayıb.

    Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov çıxış edərək Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı Gürcüstanda yaşayan soydaşlarımızın dəstəyini xüsusi qeyd edib. Bildirib ki, bu Qələbənin əldə olunması ilə regionda yeni siyasi proseslər başlayıb.

    Diplomat Azərbaycan və Türkiyənin regiondakı proseslərə təsiri, Azərbaycan-Türkiyə-Gürcüstan dostluğunun faydaları barədə danışıb, gənclərin bu barədə məlumatlandırılmasının əhəmiyyətini qeyd edib.

    Türkiyənin Gürcüstandakı səfirliyinin əməkdaşı Yüksel Kara, Yunus Əmrə Universitetinin Tbilisidəki müdiri Ali Oğuzxan Yüksel, Marneuli bələdiyyəsinin mojaritar deputatı Rövşən İskəndərov, aktiv gənclərdən Leyla Əmrahova və başqaları çıxış edib, Vətən müharibəsindəki parlaq Qələbənin regionda sülhün və təhlükəsizliyin bərqərar olmasında, möhkəmlənməsində mühüm rol oynadığını vurğulayıblar.

    Tədbirdə 44 günlük Vətən müharibəsindən bəhs edən sənədli film nümayiş etdirilib, gənclər Vətənə, torpağa həsr olunmuş şeir söyləyib, mahnılar oxunub, musiqilər səsləndirilib.

    Muzeydə gənclərin və muzeyin nəzdindəki rəsm dərnəyinin şagirdlərinin Vətən müharibəsi barədə rəsmləri nümayiş etdirilib.

  • Almaniya mətbuatında Zəfər Gününə həsr olunmuş konsertdən bəhs edilib

    Almaniyanın “Lippe Aktuell” qəzetində Alman-Azərbaycan Beynəlxalq Musiqi Festivalı çərçivəsində Zəfər Gününə həsr edilmiş sərgi və konsertə dair “Odlar Yurdundan” sərlövhəli məqalə dərc olunub.

    Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, məqalədə bəstəkar, sənətşünaslıq üzrə fəlsəfə doktoru və fəal diaspor üzvü Xədicə Zeynalovanın qurucusu və bədii rəhbəri olduğu “Bridge of Sound” orkestrinin iştirakı ilə Almaniyanın Detmold, Horn və Bad Meinberg şəhərlərində keçiriləcək konsertlər barədə ətraflı məlumat verilib.

  • “Nağıl saatı”nın növbəti qonağı Gülzar İbrahimova olub

    F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkil etdiyi növbəti “Nağıl saatı”nda uşaq yazarı Gülzar İbrahimova ilə azyaşlı oxucular arasında görüş keçirilib.

    AZƏRTAC xəbər verir ki, görüşdə Bakı şəhəri 229 və 312 nömrəli tam orta məktəblərin 1 və 2–ci sinif şagirdləri iştirak ediblər.

    Görüş zamanı yazıçı qələmə aldığı “Tülkü balası”, “Mən daha böyüyəm”, “Dəniz balası” nağılları, ətrafında danışıb, qarşıdan gələn kitabı haqqında məlumat verib. Sonra yazıçı uşaqları maraqlandıran sualları cavablandırıb.

    Sonda Gülzar İbrahimova hər iki məktəbin kitabxanasına “Sirus və Virusun macəraları” kitabını hədiyyə edib

    Qeyd edək ki, Respublika Uşaq Kitabxanasının təşkil etdiyi “Nağıl saatı”nda uşaqlar bədii əsərlərdəki obrazlar, psixoloji hallar, hadisələrin inkişafı ilə bağlı məlumat alır və bu yolla kitaba və mütaliəyə həvəs göstərirlər.

  • “Şuşa, sən azadsan!” sənədli filmi tezliklə təqdim olunacaq

    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Bakı Media Mərkəzi” və “Salnaməfilm” studiyasının birgə istehsalı olan “Şuşa, sən azadsan!” sənədli filmi Zəfər bayramı ərəfəsində geniş auditoriyaya təqdim olunacaq.

    AZƏRTAC xəbər verir ki, müasir hərb tarixinin ən parlaq səhifələrindən olan Şuşa əməliyyatının maraqlı detalları izləyicilərə ilk dəfə bu filmdə təqdim ediləcək. Filmdə Şuşa əməliyyatını həyata keçirən cəsur əsgər və zabitlərimizin müsahibələri, əməliyyat zamanı çəkilmiş eksklüziv kadrlar yer alır.