Onun yazdığı mahnıların adını çəkmək bəs edir ki, söhbətin kimdən getdiyi aydın olsun: “Dərələr”, “Bakı, sabahın xeyir”, “Uzaq yaşıl ada”, “Dağlar”, “İnsaf da yaxşı şeydir”, “Payız gəldi”, “Kəpənək”... Amma təkcə bunlarmı? Bir simfoniya, üç simfonik poema, üç kantata, simli kvartet, skripka və fortepiano üçün poema... Bəs bəstəkarın musiqi çeşməsindən süzülən kino və komediyalar üçün yazdığı musiqilər? Əslində, bunlar da onun yaradıcılığının hamısı deyil...
AZƏRTAC xəbər verir ki, bu gün 600-dən çox mahnının, 9 musiqili komediyanın, 40-a yaxın film musiqisinin müəllifi olan Xalq artisti Emin Sabitoğlunun anadan olmasının 84-cü ildönümü tamam olur.
Özü aramızda olmasa da, “bəzən bir ümid, bəzən göz yaşı gətirən” nəğmələri həmişə bizimlə olan unudulmaz bəstəkarın 80 illik yubileyi dövlət səviyyəsində keçirilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən hazırlanan tədbirlər planına uyğun olaraq sənətkarın 80 illik yubileyi ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd edilib.
Bir payız axşamı görkəmli dramaturq Sabit Rəhmanın ailəsində dünyaya göz açan Emin sonralar məşhur mahnılarından birində söylədiyi kimi, “haradan gəlib hayana gedəcəyini” çox gözəl bilirdi. Belə olmasaydı, Üzeyir Hacıbəyli adına Azərbaycan Konservatoriyasının nəzdindəki orta musiqi məktəbində (indiki Bülbül adına məktəbdə) təhsil almazdı, 1954-cü ildə Konservatoriyada, Qara Qarayevin sinfinə daxil olmazdı, 1957-1961-ci illərdə təhsilini P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında davam etdirməzdi.
Sonralar o, “Azərbaycanfilm” kinostudiyasında musiqi redaktoru vəzifəsində çalışıb. Sonrakı illərdə Dövlət Filarmoniyasında bədii rəhbər, Ü.Hacıbəyli adına Dövlət Konservatoriyasında (indiki Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası) müəllim işləyib.
Ötən yüzillikdə Azərbaycan musiqisi tarixində layiqli iz qoyub getmiş Emin Sabit oğlu Mahmudov milli bəstəkarlıq məktəbinin layiqli nümayəndələrindən biridir. Xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli bəstəkarın kino və tamaşalarda səslənən musiqiləri dillər əzbəridir, ayrı-ayrı müğənnilərin repertuarında geniş yer tutur. Onun filmlərə yazdığı musiqilər yüksək mədəniyyət, zəngin dünyagörüşü və yaradıcı intellektin məhsuludur. Elə bunun nəticəsində də bədii əsərlərin təcəssümü olan zamanın ruhunu çox dəqiqliklə hiss etdirir, hadisələrin məğzini açır. Emin Sabitoğlu musiqisi emosional ekran poeziyası kimi baxımlıdır. Bəstəkarın kino musiqisi tamaşaçını filmlərdəki hadisələrə daha çox ürəkdən təmas etməyə, daxilən obrazlarla ünsiyyət qurmağa təkan verir, hətta film bitdikdən sonra da tamaşaçını özünün emosional təsirində saxlayır. Bəstəkar tanınmış rejissorlardan - Həsən Seyidbəyli, Şamil Mahmudbəyov, Arif Babayev, Tofiq Tağızadə, Rasim Ocaqov və Vaqif Mustafayevlə əməkdaşlıq edib, onların çəkdikləri filmlərə yaddaqalan musiqi bəstələyib.
Bu gün - noyabrın 2-si onun ad günüdür - özü aramızda olmasa da, mahnıları dilimizin əzbəri olan Emin Sabitoğlunun... O mahnılar, o musiqilər ki, hər dəfə ifa olunduqca qəlbimizdə romantik duyğular oyadır, bizi bizdən alıb çox-çox uzaqlara aparır. Elə uzaqlara ki, orada yaşıl ada var, “bir axşam taksidən payıza düşüb”, “bahar həsrəti ilə payız axşamında”, “yağışın əlindən qaçıb”, “üzü dənizə sarı dayanır”...
Lakin üz tutub getdiyi dənizdəki yaşıl ada, nə aradan ötüb keçən illər onu – bənzərsiz və qənirsiz musiqilərin bəstəçisi olan Emin Sabitoğlunu bizdən ayıra bilməz, çünki yadigar qoyub getdiyi həmin bəstələr hər gün evimizdə, ekran və efirimizdə və qəlbimizdə səslənir...
Bir də “Dədə Qorqud”da, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ndə, “Evləri köndələn yar”da, “Özgə ömür”də, “Ad günü”ndə, “Gün keçdi”də, “Bəyin oğurlanması”nda, “Otel otağı”nda...
Azərbaycan Milli Xalça Muzeyində Xalq rəssamı Kamil Əliyevin 100 illiyinə həsr olunmuş “Kamil Əliyev: rəssam və dövr” sərgisi çərçivəsində rəssamlıq və dekorativ-tətbiqi sənət üzrə təhsil alan tələbələr üçün silsilə ustad dərsləri davam edir.
Xalça Muzeyindən AZƏRTAC-a bildirilib ki, dərslərdə görkəmli sənətkarın yaradıcılığı, ornamental üslubu, yaratdığı xalçaların texniki xüsusiyyətləri və koloriti, müraciət etdiyi mövzular barədə muzey əməkdaşları tərəfindən ətraflı məlumat verilir. Ustad dərsləri üçün bütün ləvazimatlar muzey tərəfindən təmin olunur.
Qeyd edək ki, hər həftənin dördüncü günü təşkil olunan ustad dərslərində, həmçinin iştirakçılara Xalq rəssamının əsərləri əsasında eskizlərin hazırlanması da öyrədiləcək.
Dünyanın ən ecazkar turizm mərkəzləri arasında yer alan Türkiyənin Antalya şəhərini hava yolu ilə ziyarət edən turistlərin sayı 8.6 milyonu ötüb.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, təbii gözəllikləri, tarixi və mədəni strukturları ilə dünyanın hər yerindən turistləri özünə cəlb edən Antalyada turizm mövsümü davam edir.
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, cari ilin 10 ayında şəhərə 8 milyon 615 min 626 turist gəlib. Ötən ilin eyni dövrü ilə müqayisədə turistlərin sayı 163 faiz artıb. Oktyabr ayında 1 milyon 599 min 345 nəfər istirahət üçün Antalyaya üstünlük verib.
Qazaxıstanın Almatı şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzi (ARM) və Əl-Farabi adına Qazax Milli Universitetinin birgə təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Mənəviyyat körpüləri – Fərabidən Nizamiyə qədər” adlı beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, universitetdə onlayn formatda təşkil edilən tədbirə dünyanın müxtəlif ölkələrini təmsil edən onlarla tədqiqatçı və qonaq qoşulub.
Konfransda İƏT Gənclər Forumunun ARM-nin İdarə Heyətini sədri Elçin Əsgərov, sədrin köməkçisi Şücaət Əhmədzadə, AMEA-nı təmsil edən akademik Teymur Kərimli, Əlyazmalar İnstitutunun elmi katibi Əzizağa Nəcəfzadə, Azərbaycan Yazıçılar Birliyinin katibi, tanınmış yazar İlqar Fəhmi və başqaları çıxış edərək, Azərbaycan və qazax xalqının ümumi mənəvi dəyərləri haqda danışaraq, qloballaşma dövründə onların qorunmasının vacibliyini vurğulayıblar, eləcə də iştirakçıları Nizami yaradıcılığının özəllikləri haqda məlumatlandırıblar.
Tədbirdə Qazaxıstan tərəfindən aparıcı partiyanın gənclər qanadı olan “Jas Otan” təşkilatının Almatı şöbəsinin sədri Nursultan Bekkariov, Əl-Farabi adına Qazax Milli Universitetinin, Əl Farabi Mərkəzinin, eləcə də dünyanın müxtəlif ölkələrindən və Qazaxıstanın müxtəlif bölgələrindən olan alimlər çıxış ediblər.
Azərbaycanın milli geyimində olan balaca qazax qızının Azərbaycan dilində Nizaminin şeirlərini deməsi tədbir iştirakçılarının xüsusi diqqətini çəkib.
Bu gün Halil Kahramanla Bakıda olmaqdan qürur duyuram. Onunla 44 günlük müharibə boyunca çiyin-çiyinə çalışdıq. İş həyatımda ilk dəfə Ermənistanın törətdiyi cinayətləri görüb, əsəb keçirdim.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında türkiyəli jurnalist Fulya Öztürk Nizami Kino Mərkəzində "Fulya" filminin təqdimat mərasimində deyib.
"Fulya" filminin ermənilərin insanları necə qətlə yetirdiyinin sübutu olduğunu söyləyən türkiyəli jurnalist bildirib ki, Ermənistanın Bərdədə və Gəncədə törətdikləri qətliamları heç vaxt unutmayacaq: “Bütün bu faciələr gözümün qabağında baş verdi. Normalda soyuqqanlıyam, lakin Azərbaycanda baş verənlərə soyuqqanlı qala bilmədim. Gəncədə dağıntıların altından insan cəsədlərinin çıxarılmasını öz gözlərimlə gördüm. Dolayısı ilə bu filmi Ermənistanın uşaq qatili olmasının sübutu kimi bütün dünyanın görməsini istəyirəm. Biz Bərdə və Gəncə hadisələrinin çəkilişlərindən hotelə qayıtdıqda Avropa və Amerika kanallarına baxırdıq, onların heç biri bu faciədən danışmırdılar. Biz də deyirdik ki, əgər dünya bu faciəni göstərmirsə, biz göstərəcəyik. Ermənistan bir uşaq qatilidir, bunu bütün dünya bilməlidir. Bu film də bunun sübutudur. Amma Zəfər Günü ilə bütün dünya gördü ki, Azərbaycan öz haqlı qələbəsini qazandı. Əsas qəhrəmanlar biz deyilik, bu zəfəri bizə yaşadan, əsgərlər, şəhidlər, onların ailələridir”.
Oktyabrın 31-də Nizami Kino Mərkəzində Azərbaycan və Türkiyənin müştərək istehsalı olan “Fulya” sənədli filminin premyerası olub.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində mədəniyyət naziri Anar Kərimov, mədəniyyət və kino nümayəndələri iştirak ediblər.
44 günlük Vətən müharibəsində öz xidməti vəzifələrini yerinə yetirən türkiyəli jurnalist Fulya Öztürk və kameraman Halil Kahramanın yaşadıqlarından bəhs edən filmin çəkilişləri bu ilin iyun ayında Gəncə, Bərdə, Tərtər və Bakı ərazisində aparılıb.
Filmin rejissorları Aykut Taşkın və Tahir Tahiroviç, təsvir rejissoru Cengizhan Durmaz, prodüserləri Özcan Dada və Fariz Əhmədovdur. Film “Azərbaycanfilm” kinostudiyası ilə Türkiyənin “Dada Yapım” şirkətinin birgə istehsalıdır.
Təqdimatda “Fulya”nın yaradıcı heyəti, həmçinin filmin qəhrəmanları - türkiyəli media nümayəndələri Fulya Öztürk və Halil Kahraman iştirak ediblər.
Filmin baş qəhrəmanı Fulya Öztürk cəbhədə baş verən hadisələri xatırladarkən deyib: “Biz kameraman Halil ilə birlikdə 44 gün ərzində tarixdə heç zaman unudulmayacaq dəhşətli hadisələrə şahidlik etdik. Əslində, heç istəmədim filmə mənim adım verilsin. İkinci Qarabağ müharibəsində çoxlu cəsəd, ölən, yaralanan insanlar gördüm. Bu torpaqlarda o qədər çarəsiz qalan körpə, uşaq, ana gördüm ki, çox güclü xarakterim olsa da həyatımda bu qədər stress yaşamamışdım. Gəncə şəhərində yaşadığım o qətliamı, o körpənin cəsədini heç zaman unutmayacağam”.
“Azərbaycanfilm” kinostudiyasının direktoru Fariz Əhmədov bildirib ki, 44 günlük Vətən müharibəsində öz xidməti vəzifələrini yerinə yetirən türkiyəli jurnalist Fulya Öztürk və Halil Kahramanın yaşadıqlarından bəhs edən filmin çəkilişləri bu ilin iyun ayında aparılıb. Bu film Vətən müharibəsi ilə bağlı həqiqətlərin dünya birliyinə çatdırılmasına yardımçı olacaq.
Sonra “Fulya” filmi nümayiş olunub.
Noyabrın 2-də Kamera və orqan musiqi zalında “Gənclərə dəstək” layihəsi çərçivəsində gənc vokalçılar üçün ustad dərsi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Xalq artisti, Manhaym Dövlət Opera Teatrının Aparıcı Solisti Əvəz Abdullayev (bariton) və Əməkdar artist, Beynəlxalq müsabiqələr laureatı, “La Scala” vokal Akademiyasının məzunu Azər Rzazadə (tenor) gənc vokalçılarla öz təcrübələrini bölüşəcək.
Ustad dərsində Bülbül adına orta ixtisas musiqi məktəbi, Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyası və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) nəzdində olan orta ixtisas musiqi məktəb-studiyasının şagird və müəllimləri iştirak edəcək.
“İçərişəhər” Muzey Mərkəzi noyabrın 5-6-da Zəfər Gününə həsr olunmuş bir neçə tədbir keçirəcək.
Muzey Mərkəzindən AZƏRTAC-a bildirilib ki, tədbirlərin keçirilməsində məqsəd XXI əsrin ən möhtəşəm hadisəsini, 30 il əvvəl ermənilər tərəfindən işğal edilmiş Qarabağ torpaqlarının azad edilməsi uğurundakı Vətən müharibəsində xalqımızın qələbəsini qeyd etmək, müharibə qazilərinə hörmətimizin, şəhidlərin xatirəsinə ehtiramımızın əlaməti olaraq onları xatırlamaq, tarixdə yaşatmaqdır.
Noyabrda 5-də “İçərişəhər” Muzey Mərkəzinin direktor müşaviri, tarix üzrə fəlsəfə doktoru S.Əhmədov Şirvanşahlar Sarayında 8 noyabr - Zəfər Gününə həsr edilmiş “Azərbaycan tarixinin şanlı səhifəsi – 44 günlük müharibə” adlı məruzəsini təqdim edəcək. Həmin gün Bakı Fotoqrafiya Evində “Cəbhədən xəbərlər” adlı tədbir təşkil olunacaq. Tədbirdə AZƏRTAC-ın fotomüxbiri Tofiq Babayevin müharibə günlərində cəbhədən çəkdiyi fotolar nümayiş ediləcək. Noyabrın 6-da “Qala” Tarix-Etnoqrafiya Qoruğundakı Əntiq Əşyalar Muzeyində Vətən müharibəsi qaziləri ilə, şəhid ailələrinin nümayəndələri, eləcə də “İçərişəhər” Muzey Mərkəzinin müharibədə iştirak etmiş əməkdaşları ilə görüş keçiriləcək. Elə həmin gün İçərişəhərdə, Bakı Xanları Sarayının Parkı ərazisindəki ART zonada “İstedart” layihəsi çərçivəsində elan edilmiş “Zəfər Günü” adlı rəsm müsabiqəsi iştirakçılarının rəsmləri sərgilənəcək, münsiflər tərəfindən seçilmiş ən yaxşı rəsm müəllifləri qalib elan ediləcək. Sərgi noyabrın 9-dək davam edəcək.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı şəhid Cəmil Məmmədli haqqında “Vətənin igid oğlu” adlı videoçarx hazırlayıb.
İdarədən AZƏRTAC-a bildirilib ki, Cəmil Məmmədlinin qısa, amma şərəfli ömür yolundan bəhs edilən videoçarx kitabxananın sosial hesablarında izləyicilərə təqdim olunub.
Videoçarxda qeyd edilir ki, Məmmədli Cəmil Habil oğlu 1999-cu il iyulun 28-də İsmayıllı rayonunda dünyaya göz açıb. 2005-2016-cı illərdə Bakı şəhəri Səbail rayonu 163 nömrəli tam orta məktəbdə oxuyub, 2016-2020-ci illərdə Azərbaycan Texniki Universitetinin Metallurgiya fakültəsində “Materialşünaslıq” ixtisası üzrə ali təhsil alıb. Təhsil aldığı dövrdə ictimai fəallığı və Vətənə xüsusi sevgisi ilə həmişə seçilib. Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş məktəblərarası “Mahir nişançı” adlı güllə atıcılığı turnirində III yerə layiq görülüb. 2020-ci ilin iyul ayında ali təhsilini başa vurduqdan sonra Cəmil xidmətə yollanıb. Xidmətinin yeni başlanmasına baxmayaraq, sentyabrın 27-də Vətən müharibəsi başlayan zaman könüllü olaraq onun ön cəbhəyə göndərilməsini xahiş edib. Füzuli rayonunun işğaldan azad olunması uğrunda döyüşlərdə fəal iştirak edib. Oktyabrın 14-dən 15-nə keçən gecə Füzuli rayonunun Dördçinar kəndi istiqamətində qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlib.
Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının təltif edilməsi haqqında Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Cəmil Habil oğlu Məmmədli ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Əlcəzairin populyar “Aladabia.net” ədəbiyyat portalı “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində (ADTM) Azərbaycanın Xalq yazıçısı Sabir Əhmədlinin ərəb dilinə tərcümə edilmiş “Dənizdən gələn səda” hekayəsinin və yazıçının yaradıcılığı haqqında məlumatın yayımına başlayıb.
Azərbaycan Dövlət Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, hekayənin orijinaldan ərəb dilinə tərcümə müəllifi Əhməd Sami Elaydidir.
Qeyd edək ki, geniş oxucu auditoriyası olan portal 20-dən çox ərəb ölkəsində yayımlanır.