Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) “Sabah” qrupu tələbələrinin Zəfər Gününə həsr olunmuş konserti keçirilib.
BMA-dan AZƏRTAC-a bildirilib ki, konsertdə “Fortepiano” ixtisasının tələbələrinin ifasında Avropa və Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.
Konsertdə təqdim edilən kompozisiyalar maraqla qarşılanıb.
Gürcüstanın populyar “Axali saunce” (“Yeni xəzinə”) ədəbiyyat portalı “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində (ADTM) Azərbaycanın Xalq şairi Vaqif Səmədoğlunun gürcü dilinə tərcümə olunmuş “Məktub yazsan”, “Mən öləndə”, “Mən bir gün üfüq olmuşdum”, “Yuxumda bir ömür gördüm”, “Əlimi uzatdım sevincə sarı”, “Məzarıma nə başdaşı qoyun, nə heykəl”, “Bir küçə də var şəhərimdə”, “Mənə şeir yazmaq öyrət, öyrət canavar izi...”, “Kağızın üstünə düşüb...” şeirlərinə və şairin yaradıcılığı haqqında məlumata səhifə ayırıb.
Dövlət Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, şeirlərin gürcü dilinə tərcümə müəllifi yazıçı-tərcüməçi İmir Məmmədlidir.
Qeyd edək ki, Gürcüstanın Mədəniyyət, Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşdirilən portal mütəmadi olaraq səhifələrində Çarlz Dikkens, Vladimir Mayakovski, Velimir Xlebnikov, Harold Pinter, Rolan Bart, Olqa Tokarçuk, İtalo Kalvino kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.
Yasamal Rayon Heydər Əliyev Mərkəzində “Zəfərdən qayıdan igidlər” adlı tədbirdə Vətən müharibəsi qaziləri ilə görüş olub.
AZƏRTAC xəbər verir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası və Yasamal Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri Yasamal Rayon MKS-nin direktoru Lətifə Məmmədova açaraq müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi tarixi qəhrəmanlıq haqqında danışıb, bu qəhrəmanlığın Azərbaycanın hərb tarixinə qızıl hərflərlə həkk olunduğunu bildirib.
Yasamal Rayon Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi Arifə Mustafayeva çıxışında qaziləri düşmən üzərində qazanılan tarixi Qələbə münasibətilə təbrik edib, müzəffər Ordumuzun torpaqlarımızın azadlığı uğrunda göstərdiyi şücaətin əsl qəhrəmanlıq salnaməsi olduğunu diqqətə çatdırıb.
Kitabxananın Metodika və biblioqrafiya şöbəsinin böyük metodisti İradə Hüseynova “Qazilər” şeirini söyləyib və qeyd edib ki, tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirib.
Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək Cəmiyyətinin prezidenti Tofiq Əli-zadə və başqaları çıxış edərək vurğulayıblar ki, şəhidlər və qazilər Azərbaycan tarixini yazıblar, onlar mənfur düşmənə qarşı cəsarətlə döyüşüblər. Onların bir amalı vardı - Vətən torpağını işğaldan azad etmək. Onlar 30 illik həsrətə son qoyublar.
Tədbirin sonunda qazilərə fəxri diplomlar təqdim edilib, Qarabağa aid musiqi nömrələri səsləndirilib, Ali Baş Komandan İlham Əliyevin qazanılan Zəfərlə bağlı çıxışları və müzəffər Azərbaycan Ordusunun rəşadətini əks etdirən videoçarxlar nümayiş olunub.
Tatarıstanın ən nüfuzlu ədəbiyyat jurnalı olan “Kazan odları”nın builki 10-cu nömrəsində tatar oxucusuna Əkbər Qoşalının şeirlərindən örnəklər təqdim edilib.
AZƏRTAC xəbər verir ki, istedadlı tatar şair-tərcüməçisi Rifat Salahın tərcümə etdiyi şeirlər “Qardaş xalqlar ədəbiyyatı” bölümündə dərc olunub.
Qeyd edək ki, Beynəlxalq “Alaş” Ədəbi mükafatı laureatı olan Ə.Qoşalının şeirləri daha öncə də tatarcaya, digər qardaş xalqların türkcəsinə, habelə ruscaya, ingiliscəyə tərcümə olunub.
Tariximizə şan və şərəf səhifəsi kimi yazılan 44 günlük Vətən müharibəsində tarixi Zəfərin ildönümü yaxınlaşır. Bir il öncə bu günlər Azərbaycan xalqı, eləcə də dünya azərbaycanlıları Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən torpaqlarını kəndbəkənd, şəhərbəşəhər işğaldan azad etməsindən sonsuz həyəcan və qürur içində idi. Yenilməzliyimizin rəmzi olan bu tarix mədəniyyətin bütün sahələrinə sirayət edərək, sənətin müxtəlif sahələrində yeni–yeni möhtəşəm əsərlərin yaranmasına səbəb olub.
AZƏRTAC xəbər verir ki, Xalq artisti, pianoçu Murad Hüseynov Zəfərin ildönümü ərəfəsində bəstələdiyi “İthaf” əsərini ictimaiyyətə təqdim edib. Əsər 44 günlük Vətən müharibəsində şəhid olan igid oğullarımızın xatirəsinə həsr olunub.
Müəllifin ifasında lentə alınan “İthaf” kompozisiyasının rejissoru İlqar Əkbər, operatoru Elvin Muradxanlıdır.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 8 nömrəli filialı Vətən müharibəsi şəhidi Zaur Nudirəliyevin qəhrəmanlığı haqqında “Qəhrəmanlar unudulmur” adlı videoçarx hazırlayıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, Zaur Nudirəliyevin şərəfli ömür yolundan bəhs edilən videoçarx kitabxananın sosial hesablarında izləyicilərə təqdim olunub.
Videoçarxda bildirilib ki, sentyabrın 27-də başlanan Vətən müharibəsində “Su-25” hücum təyyarələrində yeni üsullardan istifadə olunması tapşırığı verilib və Azərbaycan Ordusunun Komandanlığı bu işi Zaur Nudirəliyevə tapşırıb. Cəbrayıl-Füzuli və Ağdərə istiqamətlərində endirilən zərbələr nəticəsində Ermənistan ordusunun dayaq məntəqələri, canlı qüvvələri məhv edilib, həmçinin Azərbaycan Ordusunun qurudan ciddi üstünlüyə sahib olması təmin olunub. 12 uçuşu uğurla başa vuran Zaur Nudirəliyev oktyabrın 4-də Cəbrayıl rayonu istiqamətində hədəfə yaxınlaşan zaman idarə etdiyi “Su-25” hücum təyyarəsinin vurulması nəticəsində şəhid olub.
Zaur Nudirəliyev Azərbaycan Hərbi Hava Qüvvələri tarixində şəhid olan yeganə polkovnikdir. Həmçinin o, 1941-ci ildən sonra “Atəş ramı” reallaşdıran birinci pilotdur.
Beynəlxalq Muğam Mərkəzində "İrs" silsiləsi çərçivəsində nəşr edilən "Qarabağın qara kitabı" və "Qarabağ - qələbəyə doğru" kitablarının təqdimat mərasimi keçirilib.
Report xəbər verir ki, mərasimdə mədəniyyət naziri Anar Kərimov, Milli Məclisin deputatları və media nümayəndələri iştirak edib.
A.Kərimov qonaqları qarşıdan gələn Zəfər bayramı münasibətilə təbrik edib: "Bizim nəsil xoşbəxt nəsildir, çünki hamımız bu günləri yaşayırıq. Biz tariximizin ən qürurlu günlərini yaşayırıq. Sevinirik ki, Azərbaycanın mədəniyyət mərkəzi, beşiyi olan Şuşa azaddır".
Nazir hazırda işğaldan azad olunmuş ərazilərdə böyük işlərin görüldüyünü xatırladıb: "Biz bununla dünyaya bəyan edirik ki, bu torpaqların əsl və əzəli sahibləri bizik. Mədəniyyətimizi və ruhumuzu həmin ərazilərə qaytarmaq üçün işlər davam edir. Digər önəmli layihəmiz "Qarabağa kitabla gedək"dir. Biz bununla dünyaya göstəririk ki, Qarabağa silahla yox, kitabla, mədəniyyətlə qayıdırıq. Bu kitablar vasitəsi ilə dünya Ermənistanın işğal dövründəki qeyri-qanuni əməllərindən, cinayətlərindən xəbərdar olacaq".
Qeyd edək ki, kitablarda Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı, işğal nəticəsində mədəni irs nümunələrimizin dağıdılması və vandalizmə məruz qalmasından geniş bəhs olunur. Yeni nəşrlərdə Vətən müharibəsi, Zəfərə aparan yol və doğma torpaqlarımıza yenidən həyatın qaytarılması istiqamətində görülən işlər də öz əksini tapıb.
Meksika deyəndə ilk növbədə “Ölülər günü”, kalendula çiçəyi, yaxud da şokoladdan hazırlanmış kəllə sümüyü yada düşür. Sakit okeanın qumlu sahilləri, çılpaq qayaların üstündə özlərini günə verən suitilər, suyun altında “uçan” skat balıqları da Meksikanın fərqli bir təbiətə malik olduğunu düşünməyə əsas verir. Bu ölkənin möhtəşəm məkanlarından olan Milli Antropologiya Muzeyi isə sirlərlə dolu kəşf olunmamış qədim bir adanı xatırladır. AZƏRTAC Meksikaya səyahət etmək istəyən turistlər üçün maraq doğura biləcək məkanlardan bir neçəsini təqdim edir.
Playa del Amor (Sevgi çimərliyi)
Sevgi çimərliyi Kabo San Lukas dənizindən çox da aralı olmayan Los Kabos mirvarisi, turistlərin ziyarət edə biləcəkləri əsl cənnət məkanıdır. Bu, Sakit okeanın girişində Mar de Kortes dəniz sularınıın yuduğu sonuncu çimərlik sayılır. Sevgi çimərliyi turistlərə öz təmiz suyunu və dəniz həyatının sirlərini - sualtı macəra, müxtəlif balıq növləri və təsəvvürə gətirə bilmədiyiniz bitkilərlə zəngin təbii akvarium təklif edir. Hər iki tərəfdə, qayaların üstündə suitilər özlərini günə verir, insana əsla zərər yetirməyən skat balıqları isə suyun altında sanki uçurlar. Playa del Amor çimərliyinə giriş yalnız dənizdən mümkündür. Su taksiləri sizi münasib qiymətə o baş - bu başa çatdıra bilər.
Xanitzio adası
Patzkuaroya gəlişinizdə “Xanitzio” adlanan gölün ortasında bu möhtəşəm adanı kəşf enəcəksiniz. Xatırladaq ki, adanın tarixinin, xalqın adət-ənənlərinin, geyiminin və dilinin qorunması sayəsində ona “Möcüzələr kəndi” adı verilmişdir. Onun ilkin adı Purepeça-Xanitzio, başqa sözlə, buğda və ya qarğıdalı çiçəyidir. Adaya çatmaq üçün Patzkuaro limanında qayığa minməli olacaqsınız. Tur təxminən 20 dəqiqə çəkir.
Holbox
Holbox öz cazibədarlığı ilə uşaqdan tutmuş, böyüyə qədər hamını heyran edir. Onun mülayim iqlimi, çılpaq, bəzən də daşlı-qayalı təbiəti, insanın qəlbinə rahatlıq gətirən dənizinin mavi suları günəşi və çimərliyi sevənlər üçün inanılmaz bir məkandır. Holbox adası flora və faunanın ən nadir canlıları üçün bir evdir. Aprel və oktyabr aylarında bura 400 mindən çox çəhrayı flamenko quşları köç edirlər. Adanın suları delfin və balina köpəkbalıqları üçün bir sığınacaq, bəzi yırtıcılar üçün isə yaxşı ov yeridir.
Milli Antropologiya Muzeyi
Sizi Mərkəzi Amerika mədəniyyəti, onun bu günə qədər hifz olunmuş zəngin mirası maraqlandırır? O zaman Meksikanın Milli Antropologiya Muzeyi bu ölkəyə səfəriniz zamanı ziyarət edəcəyiniz ən maraqlı və heyrətamiz məkanlardan biri ola bilər. Muzey 1964-cü il sentyabrın 17-də ölkənin aborigen keçmişini yaşatmaq məqsədilə açılıb. Burada ziyarətçilər üçün müxtəlif məşğuliyyət növləri vardır. Milli Antropologiya Muzeyinin zallarında nümayiş olunan eksponatlar zaman ardıcıllığı ilə yerləşdirilib. Keçmişə səyahət muzeyin El Paraquas (çətir) adlanan həyətindən başlayır. Çətir turistləri günəşin yandırıcı şüalarından və yağmurdan qorumaq məqsədilə qurulub. Həyətdə döyüşçü bəbir və qartalın heykəli, seiba ağacı və ispanların bu əraziləri fəth etməsini əks etdirən qılınc abidə ucalır.
Barranka del Kobre
Bu yerlərdə dağların əzəməti sizdə onun hər bir guşəsini kəşf etməyə istək yaradacaq. Zəngin florasına valeh olacaqsınız. Hər addımda şam, palıd, kaktus və qovaq ağacları ilə qarşılaşacaqsınız. Dağların arasındakı çuxurlarda çəkdirəcəyiniz fotoşəkillər sizə səyahət zamanı yaşadığınız ən gözəl xatirələri yada salacaq. Barranka del Kobre Çihuahua şəhərinin cənub-qərbində yerləşir. Siz bu gözəl yerləri iqlim çətinliklərini dəf edə bilən və bu əzəmətli dağ silsiləsinin yerli sakinləri raramurislərlə söhbət etməyi qaçırmayan bir macəraçı kimi kəşf edin.
Koyoakan
Meksikanın orta əsrlər İspaniyasının müstəmləkə torpaqları olduğunu bütün gözəlliklərilə yalnız Koyoakanda görə biləcəksiniz. Şəhərdən kifayət qədər uzaq məsafədə yerləşən bu ərazidə qədim küçələri, meydanları, alçaq evləri kəşf edəcəksiniz. Bu yerlərdə müasir göydələnlər, böyük şəhərlərdəki kimi sıxlıq yoxdur. Bu qəsəbəni ziyarət edərkən onun hər bir döngəsini, künc-bucağını gəzməyi, yerli mətbəxindən dadmaq fürsətini qaçırmayın. Meksikanın tanınmış rəssamı Frida Kalhonun ev muzeyi də burada yerləşir.
Pipila abidəsi
Quanaxuato şəhərində yerləşən bu abidə Pipilanın xatirəsinə həsr olunub. Heykəltəraş Xuan Fernando Olaquibel abidəni çəhrayı daşlardan ucaldıb. 1939-cu ildə abidənin açılışı olub. Bu ərazi ətrafı 360 dərəcədə seyr etmək üçün bir məntəqə kimi istifadə olunur və insanlara Quanaxuato şəhərinin gözəl mənzərəsini bəxş edir. Abidənin arxa tərəfindəki girişdən keçib yuxarı qalxmaq olar.
San Sebastian Bernal
Bura müxtəlif rənglərə çalan və insanda xoş ovqat yaradan möcüzəli bir şəhərdir. Siz sakit və xoş bir havada qastronomiya və yerli sənətkarların əl işlərindən zövq alaraq ailənizlə birlikdə bir həftə sonu keçirə bilərsiniz. Bu şəhərdə Keretaronun ən tanınmış, məşhur Penya de Bernal adlanan turistik məkanları mövcuddur. Xatırladaq ki, burda hava quru olduğundan özünüzlə su ehtiyatı götürməyi unutmayın.
Real de Katorse
Başqa bir möcüzələr şəhəri olan Real de Katorse San Luis Potosi ştatının mərkəzindən üç saat yarımlıq məsafədə yerləşir. Bura mədənlər və səhra mənzərələrilə tanınır. Real de Katorse deyəndə, keçmişdə gücünü nümayiş etdirmək üçün uzun bir tunel düzəldə bilən, daşdan ucaldılmış şəhəri gümüşlə bəzəyən bir xalqın yaşayış yeri yada düşür. Başqa sözlə, bu kabuslar şəhəri, vəhşi itlər və ölümünü gözləyən qocalarla dolu, vaxtilə top mərmilərinin dağıtdığı başqa bir mədəniyyət nümunəsidir.
Tamul şəlaləsi
Tamul şəlaləsi Tamasopo ərazisində yerləşir və “Damcılayan yer” mənasını verir. Bura turistlərin ən çox sevdiyi məkanlardan biridir. Bu heyrətamiz şəlalə Tamasopoda xırda çaylardan qidalanan Qayinas çayından tökülür. Şəlalədən sonra çayın adı dəyişilərək Tampaon adlanmağa başlayır. Şəlaləyə çatmaq üçün San Luis Potosi şosesi ilə getmək lazımdır. Tamul bu bölgədə olan ən böyük və möhtəşəm şəlalədir. Burda suyun dərinliyi 300 metrə çatdığından təcrübəli turistlər rahatlıqla suya kəllə vurur, hətta xüsusi geyimdə sualtı mağaraları gəzirlər. Bir az da irəlidə, çayın sürətlə axan yerində üfürülmüş qayıqda daşların arasından dəlicəsinə sivişə-sivişə ləzzətli dəqiqələr yaşayırlar. Uasteca Potosinanın gözəlliyi ondadir ki, siz burda ürəyiniz istəyən əyləncə ilə məşğul ola bilərsiniz. Ərazi 105 metr hündürlükdə yerləşdiyindən siz burada kanata minə, yaxud da sadəcə cəngəlliyin ortasında əsən mehdən həzz alaraq azadlığın dadını çıxara bilərsiniz.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı noyabr repertuarını açıqlayıb.
5 noyabr – “Ah, bu uzun sevda yolu…”
6 noyabr – “Anamın kitabı”
7 noyabr – “Qarabağnamə”
12 noyabr – “Ölülər”
13 noyabr – “Müfəttiş”
14 noyabr – “Dəli yığıncağı”
19 noyabr – “ Yaşar”
20 noyabr – “Qətibə İnanc”
21 noyabr – “Ah, bu uzun sevda yolu…”
26 noyabr – “Xanuma”
27 noyabr – “Ölülər”
28 noyabr – “Boy çiçəyi”
Tamaşalar müvafiq olaraq saat 19:00-da nümayiş ediləcək.
“İçərişəhər” Muzey Mərkəzi noyabrın 5-6-da Zəfər Gününə həsr olunmuş bir neçə tədbir keçirəcək.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən AZƏRTAC-a bildirilib ki, tədbirlərin keçirilməsində məqsəd XXI əsrin ən möhtəşəm hadisəsini, 30 il əvvəl ermənilər tərəfindən işğal edilmiş Qarabağ torpaqlarının azad edilməsi uğurundakı Vətən müharibəsində xalqımızın Qələbəsini qeyd etmək, müharibə qazilərinə hörmətimizin, şəhidlərin xatirəsinə ehtiramımızın əlaməti olaraq onları xatırlamaq, tarixdə yaşatmaqdır.
Noyabrda 5-də “İçərişəhər” Muzey Mərkəzinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədov Şirvanşahlar Saray Kompleksində 8 Noyabr - Zəfər Gününə həsr edilmiş “Azərbaycan tarixinin şanlı səhifəsi – 44 günlük müharibə” adlı məruzə ilə çıxış edəcək. Həmin gün Bakı Fotoqrafiya Evində “Cəbhədən xəbərlər” adlı tədbir təşkil olunacaq. Tədbirdə AZƏRTAC-ın fotomüxbiri Tofiq Babayevin müharibə günlərində cəbhədən çəkdiyi fotolar nümayiş ediləcək. Noyabrın 6-da “Qala” Tarix-Etnoqrafiya Qoruğundakı Əntiq Əşyalar Muzeyində Vətən müharibəsi qaziləri, şəhid ailələrinin nümayəndələri, eləcə də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin müharibədə iştirak etmiş əməkdaşları ilə görüş keçiriləcək. Elə həmin gün İçərişəhərdə, Bakı Xanları Sarayı Parkının ART zonasında “Zəfər Günü” adlı uşaq rəsm müsabiqəsi iştirakçılarının əl işlərinin sərgilənməsi və münsiflər heyəti tərəfindən mükafatlandırılması olacaq.