XX əsrin əvvəllərində ictimai-siyasi fikrin təşkili və tənzimlənməsində, informasiya mühitinin formalaşmasında milli mətbuat nümunələri əhəmiyyətli rol oynayıb. Jurnalistikanın ictimai fikir tribunasına çevrilməsi də həmin tarixi mərhələnin məhsuludur. “Füyuzat” jurnalı və onun redaksiya heyətinin xidmətləri bu mənada diqqətəlayiqdir. Çünki onlar yalnız bir jurnal nümunəsi nəşr etməklə məhdudlaşmayıblar, füyuzatçılıq xətti-hərəkatını, “Füyuzat” jurnalistikası məktəbini yaratmaqla tarix səhifələrinə öz imzalarını həkk ediblər.
AZƏRTAC xəbər verir ki, bu gün milli mətbuat tariximizdə özünəməxsus yeri olan “Füyuzat” jurnalının nəşr olunmasından 115 il ötür.
Jurnal böyük Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadənin baş redaktorluğu və maarifpərvər, milyonçu-mesenat hacı Zeynalabdin Tağıyevin maddi vəsaiti hesabına 1906-cı il noyabrın 1-dən Bakıda nəşr olunmağa başlayıb. “Füyuzat” kəlməsi mənşəcə ərəb sözü olub, mənası həyat gerçəklərini duymaq, dərk etmək, onlardan həzz almaq, feyzyab olmaq deməkdir.
“Füyuzat” Ə.Hüseynzadənin “Həyat” qəzetinin sonuncu nömrəsində “Vidanamə” başlıqlı məqaləsində göstərdiyi kimi “qüdrətli, ədəbi qələm sahiblərinin cəm” olduğu nəşr kimi diqqəti çəkib. Ətrafında Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Abdulla Şaiq, Həsən Səbri Eyvazov kimi dövrün tanınmış ziyalılarını toplamış “Füyuzat”ın xalqımızın ictimai fikir tarixindəki önəmli rolu danılmazdır. Lakin “Füyuzat” jurnalının o vaxt yalnız 32 sayı işıq üzü görüb, mütərəqqi və milli fikirləri təbliğ etdiyindən çar hökuməti tərəfindən çapı dayandırılıb.
Tədqiqatçıların, ədəbiyyatşünasların bəziləri 1905-1910-cu illər arasında Azərbaycan ədəbiyyatı barəsindəki fikirlərini cəmləşdirərək bu dövrü “Əli bəy və "Füyuzat” dövrü adlandırırlar. Jurnalist yaradıcı heyətinə daxil olan Abdulla Şaiq “Füyuzat”ı “İslam aləmində görünməmiş ən möhtəşəm mətbuat orqanı” kimi dəyərləndirirdi. Mətbuat və ədəbiyyat tarixinin araşdırıcısı, AMEA-nın müxbir üzvü professor Əziz Mirəhmədov XX əsrin əvvəllərində yaranan ictimai, siyasi və mədəni hərəkatı öyrənmək zərurətini lakonik şəkildə belə ifadə edir: “XX əsr ədəbiyyatını nəinki Molla Nəsrəddinsiz, habelə “Füyuzat”sız təsəvvür etmək çətindir”.
Füyuzatçılıq, ilk növbədə, çarizmə, əsarətə, istibdada qarşı çevrilmiş və türk xalqlarının mənəvi birliyinin təcəssümü olan Turançılıq ideologiyasının daşıyıcısıdır. Bu ideologiya utopik düşüncələrdən, fikirlərdən qaynaqlanmayıb, tarixin reallıqlarından, milli özünüdərk prosesindən doğurub. Bu ideologiyanın məqsədi milli istiqlal uğrunda mübarizə aparan türk xalqlarının milli şüurunu “türkləşmək, islamlaşmaq, avropalaşmaq” istiqamətində oyatmaq, inkişaf etdirməkdən ibarət idi. Füyuzatçılıq, həmçinin ədəbiyyatda romantizmin, ortaq türk dilinin, ümumi ədəbi dil siyasətinin, islamçılığın, milli məsələlərdə türkçülük ideologiyasının təbliği demək idi.
"Füyuzat" jurnalı füyuzatçılıq jurnalistika məktəbindən əlavə, Azərbaycanda müstəqil dövlətçilik ideyasını, konstitusiyalı azad vətəndaş cəmiyyətini yaratmaqda mühüm rol oynayıb.
Qısa zaman ərzində fəaliyyət göstərən jurnalın təbliğ etdiyi fikirlər, vətənpərvərlik duyğuları, füyuzatın - yəni, gözəlliklər, feyzlər axtarışının şüası, nuru yeni bir yüzilliyə də işıq saçıb. “Füyuzat” qısa ömründə tarixə əsrlərlə öz dəyərini itirməyəcək düşüncələr sistemi bəxş edib.
İsraildə “Avroviziya-2022” müsabiqəsinin seçimində iştirak edən Azərbaycan əsilli müğənni münsifləri valeh edib.
“Report” xəbər verir ki, İsrailin Azərbaycandakı səfiri Corc Dik tviter səhifəsində bu barədə paylaşım edib.
“Azərbaycan əsilli müğənni İsraili “Avroviziya-2022” müsabiqəsində təmsil edəcək? Kama Kamila öz ifası ilə münsifləri valeh edib”, - səfirin paylaşımında deyilir.
"İnsanlar teatrı biz düşündüyümüzdən də çox sevirmiş, bunu bilməmişik. Tamaşaçılar teatra su, hava kimi həsrət qalıblar".
Bu fikirləri Report-a açıqlamasında Azərbaycan Dövlət Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev deyib.
O bildirib ki, uzun müddət teatrlar bağlandığından həm sənətkarlar, həm də tamaşaçılar teatr üçün darıxmışdı: "Xüsusən "Leyli və Məcnun" tamaşasının biletleri çox satılır, hətta elə vaxtlar olur ki, bilet tapılmır. Hazırda teatra böyük axın var. Biz də çalışırıq ki, insanlara yeni tamaşalar təqdim edək. Növbəti tamaşada Məcnun rolunda yeni bir ifaçı obrazı görəcəksiniz".
Baş rejissor "Leyli və Məcnun" operasının teatr səhnəsindəki önəmindən də söz açıb: "100 ildən artıqdır ki, bu tamaşa teatrın səhnəsindən düşmür. Bu vacib şərtdir. Bəzən elə tamaşalar olur ki, gəlir və gedir. Ancaq bu tamaşa elə deyil. Onlarla ifaçılar "Leyli və Məcnun" operasında öz sənətini nümayiş etdirir. Ən məşhur sənətkarlar çalışırlar ki, "Leyli və Məcnun"da bir rol ifa etsinlər. Son illərdə tamaşaya gəncləri dəvət edirik. Muğam müsabiqəsinin qalibləri burada baş rolları ifa edirlər. Bu opera həqiqətən sənət meyarıdır".
Məcnun rolunun ifaçısı əməkdar artist Səbuhi İbayev və Leyli rolunun İfaçısı Rəvanə Əmiraslanlı da tamaşa ilə bağlı öz təəssüratlarını bölüşüblər. Uzun müddət sonra real tamaşaçı qarşısına çıxan ifaçılar səhnə üçün darıxdıqlarını dilə gətiriblər. Onlar tamaşanın diqqətlə izlənməsini və anşlaqla qarşılanmasından xoşbəxtlik duyduqlarını bildiriblər.
Qeyd edək ki, Azərbaycan Dövlət Opera və Balet teatrında səhnələşdirilən "Leyli və Məcnun" operası pandemiyadan sonra ilk dəfə bilet satışı ilə real tamaşaçı qarşısına çıxıb.
Azərbaycanın qırx dörd günlük Vətən müharibəsindəki qələbəsini simvolizə edən “Qarabağ İlmələrdə” layihəsi çərçivəsində toxunan Qarabağın “Çələbi” xalçası Şuşa şəhərindədir.
Report xəbər verir ki, layihə çərçivəsində toxunan xalça Şuşa işğaldan azad olunandan sonra burada toxunan ilk Qarabağ xalçası olub.
Qeyd edək ki, Qarabağ xalçası Şuşanın Xalça Muzeyinə təhvil veriləcək. Onun gələcəkdə muzeydə eksponat kimi saxlanılacağı istisna edilmir.
Qarabağ xalçası Zəfər günü ərəfəsində Şuşada nümayiş olunacaq.
Xalçaya ilk ilmələri "Azərxalça"nın Qarabağ müharibəsində iştirak edən əməkdaşları vurub. Sumqayıtda olanda şəhid general, Milli Qəhrəman Polad Həşimovun anası da xalçaya ilmə vurub.
Xalça "Azərxalça"nın dizaynerləri tərəfindən hazırlanıb və qədim naxışlarımızı özündə əks etdirən "Çələbi" xalçasıdır.
Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin “Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukuni-məşhur” əsərinin motivləri əsasında “Səhnə” teatrında hazırlanan “Bir dəfə Qarabağda” tamaşasının premyerası keçirilib.
AZƏRTAC xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində təqdim olunan tamaşa ilk dəfə olaraq etno-müzikl janrında hazırlanıb.
Premyerada teatr tənqidçiləri, teatr ictimaiyyəti və teatrsevərlər iştirak ediblər. Tamaşa tamaşaçılar tərəfindən böyük rəğbət, sevgi və alqışlarla qarşılanıb.
Tamaşanın rejissoru Elvin Mirzəyev, bəstəkarı Azər Hacıəsgərli, şeirlərin müəllifi isə Eminquey Akifdir. Tamaşada rolları Elçin Hacı, Əhliman Ərşadlı, Ramil Məmmədov, Mətanət Eres, Abdulla Elşadlı, İranə Kərimova, Ülvi Haşim və Ruhiyyə Yəhyayeva canlandırıblar. Tamaşadakı musiqiləri qədim milli musiqi alətlərindən ibarət olan “Əsrlərin sədası” ansamblı ifa etdi. Ansamblın bədii rəhbəri Məmmədəli Məmmədovdur.
Tamaşanın noyabr ayında yenidən nümayiş olunacağı gözlənilir.
Xarəzm Dövlət Musiqili Dram Teatrında keçirilən mərasimdə dövlət qurumlarının nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, ali məktəblərin professor-müəllim heyəti, ictimaiyyətin nümayəndələri, jurnalistlər, Azərbaycan nümayəndə heyəti iştirak edib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva çıxış edərək iki qardaş ölkə arasında mədəni əlaqələrdən danışıb: “Bu gün Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyev dövlətlərimizin inkişafı üçün böyük uğurlarla çalışırlar. Dövlət başçılarımızın titanik səyləri bizlər üçün yüksək örnək təşkil edir. Özbəkistanın Türk Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv olması ilə türkdilli ölkələr arasında ortaq tarix, dil, mənsubiyyət və mədəniyyətə əsaslanan qarşılıqlı maraqları və münasibətləri daha da inkişaf etdirəcək və həmrəyliyi gücləndirəcək. Əlbəttə, Özbəkistanın hər bir bölgəsi bizim üçün əzizdir, bununla belə Xarəzmin bizimçün özünəməxsus doğmalığı var. Bu doğmalıq, ilk növbədə, tarixlə, mədəniyyətlə, sənətlə, ədəbiyyatla, adət-ənənələrlə, mətbəxlə və digər əməli fəaliyyət sahələri ilə şərtlənir. Dilimiz, dinimiz birdir. Biz ortaq tarixdən gəlirik, ortaq gələcək inşa etmək də mənəvi borcumuzdur”.
Azərbaycan torpaqlarının 30 ilə yaxın Ermənistanın işğalı altında olduğunu diqqətə çatdıran Milli Məclisin Mədəniyyət komitəsinin sədri bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə cəsur hərbçilərimiz Qarabağı, o cümlədən mədəniyyət beşiyimiz Şuşanı erməni tapdağından xilas edib: “2021-ci ildən rəsmi olaraq, Azərbaycanın Mədəniyyət Paytaxtı olan Şuşa, inşallah 2022-ci ildə türk dünyasının Mədəniyyət Paytaxtı olacaq. Ümidvaram, Sizləri də gözəl Şuşamızda görəcəyik və Şuşanı, Azərbaycanı çox sevəcəksiniz.
Qardaş ölkələrimiz arasında yüksək səviyyəli əlaqələr, mədəniyyət, elm, təhsil sahələrində əməkdaşlıq, həyata keçirilən layihələr təqdirəlayiqdir. Azərbaycan mədəniyyətinin Özbəkistanda, onun bölgələrində tanıdılması, Xarəzm vilayətində Azərbaycan mədəniyyəti, ədəbiyyatı günlərinin keçirilməsi, kitabxanalara Azərbaycan mədəniyyəti və tarixinə dair nəşrlərin hədiyyə olunması çox önəmlidir. Biz bir-birimizi sevərək öyrənir, öyrənərək sevirik.
Yaşasın Azərbaycan-Özbəkistan qardaşlığı, dostluğu!”
Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Muzey Mərkəzinin təşkilatçılığı ilə noyabrın 3-də Muzey Mərkəzində Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Böyükağa Mirzəzadənin xatirəsinə həsr olunmuş anım tədbiri keçiriləcək.
Dövlət Rəsm Qalereyasından AZƏRTAC-a bildirilib ki, tədbir Azərbaycan təsviri sənətinin inkişafına layiqli töhfələr vermiş rəssamın zəngin irsini, yaradıcılığını, həyat və sənət fəaliyyətini geniş təbliğ etmək, onun əziz xatirəsini yad etmək məqsədilə reallaşacaq.
Böyükağa Mirzəzadə çoxsaylı dəzgah rəngkarlığı, qrafika, səhnəqrafiya əsərlərinin müəllifi olub. Onun yaradıcılığına Avropa rəngkarlığının, Azərbaycan milli sənətinin ənənələri təsir göstərib.
O, Azərbaycan təbiət mənzərələrini, ölkəmizin mədəniyyətinin, incəsənətinin, musiqisinin inkişafında böyük xidmətləri olan şəxsiyyətlərin portretlərini işləyib, teatr-dekorasiya sənəti sahəsində də böyük nailiyyətlər əldə edib.
Rəssamın fəaliyyəti Azərbaycan dövlətinin daim diqqət mərkəzində olmuş və o, dövrünün yüksək orden və medalları, fəxri adları ilə təltif olunmuşdur.
Tədbirin Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 pandemiyası ilə əlaqədar qəbul etdiyi karantin qaydalarına uyğun keçirilməsi planlaşdırılır.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 8 nömrəli filialı Vətən müharibəsi şəhidi Zaur Kərimovun anım günü ilə əlaqədar “İgid kəşfiyyatçı Zaur Kərimov” adlı videoçarx hazırlayıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, Zaur Kərimovun qısa, amma şərəfli ömür yolundan bəhs edilən videoçarx kitabxananın sosial hesablarında izləyicilərə təqdim olunub.
Videoçarxda qeyd edilir ki, Zaur Kərimov 1996-cı il fevralın 2-də Kürdəmir rayonunun Atakişili kəndində anadan olub. Orta təhsilini aldıqdan sonra hərbi xidmətə yollanıb. Sərhəd Qoşunlarında xidmət edən Zaur hərbi xidmət müddətini bitirdikdən sonra Bərdədə hərbi kurs keçib. Hərbi kursu bitirdikdən sonra yenidən orduya qayıdaraq müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olur və Xüsusi Təyinatlı Qüvvələrdə əsgər olaraq xidmətinə davam edib.
Diqqətə çatdırılıb ki, Azərbaycan Ordusunun əsgəri olan Zaur Kərimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində kəşfiyyatçı və snayper olaraq iştirak edib. Zaur Kərimov 2020-ci il oktyabrın 28-də Şuşa döyüşləri gedişatında Çanaqçı-Şuşa istiqamətində ağır döyüş tapşırığını yerinə yetirərkən şəhid olub və Kürdəmir Şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Zaur Kərimov ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
“YUĞ” Dövlət Teatrı yeni mövsümə premyera ilə başlayacaq.
Teatrdan AZƏRTAC-a bildirilib ki, oktyabrın 29-da A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının kiçik səhnəsində rumıniyalı dramaturq Matey Vişnekin “Qoca koun tələb olunur” pyesi əsasında hazırlanmış “Kloun Z” tamaşası nümayiş olunacaq. Feeriya-makabr janrında hazırlanmış tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Umay Həsənovadır.
Səhnə əsərində teatrın sənətçiləri Natəvan Qeybani (Sarı), Zümrüd Qasımova (Qırmızı) və Təranə Ocaqverdiyeva (Yaşıl) çıxış edirlər.
“YUĞ” Dövlət Teatrının rejissoru Mikayıl Mikayılov M.Vişnekin əsərinə fərqli quruluş verib. Əsərdəkindən fərqli olaraq, “Yuğ” Teatrının tamaşasında klounlar qadınlardır.
Bu əhvalat kiminsə verdiyi elana görə iş tapmaq ümidi ilə gəlmiş üç kloun haqqındadır. İş axtaran üç qoca kloun müsahibəyə gəldikləri gözləmə otağında rastlaşırlar. Onlar keçmişi yada salır, zarafatlaşır, kədərlənir, arzularla ovunurlar!.. Bu görüşün sevinci uzun sürmür. Çünki qoca kloun rolu üçün yalnız bir vakansiya təklif olunur. Tədricən üç köhnə dost müasir dövrün faciəvi döyüşçülərinə çevrilirlər. Hər biri var qüvvəsi ilə sağ qalmağa çalışır və özləri üçün illüziya yaradırlar ki, onları “böyük klounada sənətindən” qalan dəyərləri xilas etmək üçün çağırıblar.
Qoca klounlar sübut etməyə çalışır ki, hələ hər şey bitməyib, hələ də bu dünyada kiməsə gərəkdirlər.
“Kloun Z” tamaşasının növbəti nümayişi oktyabr ayının 31-də baş tutacaq.
Qeyd edək ki, tamaşaçılar Nazirlər Kabineti yanında Operativ Qərargahın təyin etdiyi pandemiya qaydalarına uyğun olaraq zala buraxılacaq.
Oktyabrın 28-də Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan www.armeniancrimes.com resurs bazası ictimaiyyətə təqdim olunub.
AZƏRTAC xəbər verir ki, Bakı Kitab Mərkəzində keçirilən təqdimat mərasimində çıxış edən portalın işçi qrupunun üzvü Aliyə Məmmədli hazırlanan resurs bazasının məqsədinin Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini pozaraq Azərbaycanın 30 ilə yaxın işğal altında olan ərazilərində tariximizə, mülki əhalimizə, mədəni irsimizə, təbiətimizə qarşı törətdikləri cinayətləri dünya ictimaiyyətinə çatdırmaq olduğunu söyləyib: “Birinci Qarabağ müharibəsi yaddaşlarda silinməz izlər buraxmışdı. Torpaqlarımızın 20 faizi ermənilər tərəfindən işğal edilmiş, minlərlə insan həlak olmuş, bir milyona yaxın soydaşımız öz dədə-baba torpaqlarından didərgin düşmüşdü”.
A.Məmmədli qeyd edib ki, təqdim olunan məlumatların hər biri yerli və beynəlxalq mənbələrə əsaslanaraq, konkret faktlarla çatdırılır: "Portal Ermənistan tərəfindən tarixən ölkəmizə və xalqımıza qarşı törədilən cinayətlər barədə daha geniş faktlar əsasında mütəmadi yenilənəcək. Portalın əsas səhifəsində Ermənistan tərəfindən Azərbaycanın mədəni irsinə və təbii sərvətlərinə qarşı törədilmiş cinayətlərin yer aldığı analitik yazı təqdim edilir. “Erməni vandalizmi” bölməsində vandalizmə məruz qalmış tarixi mədəniyyət nümunələri və təbii ehtiyatlar haqqında məlumatlar 7 kateqoriyada cəmlənib. Bu kateqoriyalarda ermənilərin Azərbaycanın mədəni irsinə qarşı həyata keçirdikləri vandalizm siyasəti ilə yanaşı, işğal altında olmuş ərazilərin tarixi, coğrafiyası, təbiəti, işğaldan əvvəl həmin rayonlarda mövcud olan infrastruktur və həyat tərzi, eləcə də işğala məruz qaldıqdan sonra 30 ilə yaxın müddətdə həmin bölgələrdə ermənilərin törətdikləri vəhşiliklər haqqında məlumatlar verilib.
Portalda ermənilərin Azərbaycana qarşı törətdikləri cinayətləri dünya ictimaiyyətinə daha sürətli və diqqəti cəlb edən üsullarla çatdırmaq üçün hazırlanmış posterlər də yer alıb. Dağıntıya məruz qalmış abidələr haqqında məlumatlar fotolarla yanaşı qısa informasiyalarla da çatdırılır.
Erməni işğalına məruz qalmış ərazilərimizin coğrafi mövqeyini, görməli yerlərini, tarixi abidələrini, işğaldan əvvəlki həyat tərzini və inkişaf perspektivlərini, işğal dövründə viranə qoyulmuş vəziyyətlərini ictimailəşdirmək və dünya ictimaiyyətinə çatdırmaq üçün ingilis dilində alt yazı və hər regiona xas musiqi müşayiəti ilə qısa videoçarxlar hazırlanıb.
Tədbirdə Milli Məclisin deputatı Qənirə Paşayeva çıxış edərək ermənilərin xalqımıza qarşı törətdiyi cinayətlərin, vandalizm aktlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında bu kimi portalların yaradılmasının əhəmiyyətindən söz açıb.