Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 5 nömrəli filialı 44 günlük Vətən müharibəsi şəhidlərinə həsr olunmuş “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir təşkil edib.
İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə müzəffər Ordumuzun rəşadətli Qələbəsindən, Ali Baş Komandanın uğurlu siyasətindən, bu yolda sağlamlığını itirən qazilərimizdən və canından keçən şəhidlərimizdən danışılıb. Şəhidlərimiz Polad Həşimov, İlqar Mirzəyev, Rəşad Şiriyev, Samir Mehdiyev və başqaları haqqında məlumatlar verilib.
Tədbirdə Türkan qəsəbəsi Cəbrayılov Dərdayıl adına 119 nömrəli tam orta məktəbin şagirdləri və daimi oxucular iştirak edib, Vətənə, şəhidlərə aid şeirlər səsləndirilib.
Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində “Prix Villegiature 2020-2021” - ən yaxşı otel, otel dizaynı və memarlığı, spa, xidmət kimi 21 nominasiya üzrə mükafatlandırma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə bir çox ölkələrin səfirləri ilə bərabər, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, dünyanın müxtəlif ölkələrindən otel rəhbərləri, məşhur dizayner şirkətlərinin nümayəndələri iştirak ediblər.
Azərbaycan “Fairmont Baku” oteli 5 otel arasında Avropada ən yaxşı daxili dizayner nominasiyası üzrə qalib gələrək mükafatlandırılıb.
Aparıcı Laith Bazari Azərbaycan haqqında məlumat verərək, oktyabrın 18-də ölkəmizin öz müstəqilliyini bərpa etməsinin 30 illiyini qeyd etdiyini vurğulayıb. O, ölkəmizdəki otellər haqqında danışaraq, 2014-cü ildə “Four Seasons Baku” və 2017-ci ildə Qəbələ rayonundakı “Chenot Palace Health Wellness Hotel”in otellər arasında Avropada ən yaxşı spa, kurort və otel nominasiyaları üzrə qalib gəldiyini diqqətə çatdırıb. Ekranda Bakı otellərinin videoları nümayiş olunub.
Səfir Rəhman Mustafayev ölkəmiz və “Fairmont Baku” oteli haqqında məlumat verib və mükafata görə təşəkkür edib. “Fairmont” otelini təmsil edən “Accor” dizayn şirkətinin vitse-prezidenti Federico Toresi Riba mükafatı qəbul edərək təşəkkürünü bildirib.
Qeyd edək ki, “Prix Villegiature” 2003-cü ildə təsis olunub və otelçilik işi üzrə 21 nominasiyada mükafatlar təqdim edir. Mükafatlar 24 jurnalistdən ibarət münsiflər heyətinin səs verməsi yolu ilə müəyyən edilir.
Noyabrın 30-da Heydər Əliyev Mərkəzində “Qremmi” mükafatı laureatı “Kremerata Baltika” kamera orkestrinin konserti olacaq.
AZƏRTAC xəbər verir ki, “Nizami Gəncəvi İli” çərçivəsində keçiriləcək klassik musiqi gecəsində Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə F.Şopen, F.Mendelson, F.Əmirov və digər tanınmış bəstəkarların əsərləri səsləndiriləcək. Konsertdə solistlər- beynəlxalq müsabiqələr laureatı, 17-ci Beynəlxalq Frederik Şopen Musiqi Müsabiqəsinin diplomatı Georgiy Osokin (fortepiano) və Əməkdar artist Elvin Hoca Qəniyev (sktipka) çıxış edəcəklər.
Dünyaca məşhur skripka ifaçısı Gidon Kremer 1997-ci ildə yaratdığı “Kremerata Baltika” kamera orkestrinə Latviya, Litva və Estoniyadan olan 23 istedadlı gənc musiqiçini cəlb etmişdir. “Kremerata Baltika” ilk dəfə 1997-ci ildə Avstriyada keçirilən “Lokenhaus” festivalındakı çıxışı ilə yadda qalıb. Dərhal tamaşaçıların rəğbətini qazanan musiqi kollektivi dünyada fərqli ifaları ilə seçilir. Bu gün Avropanın tanınmış beynəlxalq orkestrlərindən biri olan “Kremerata Baltika” dünyanın 50-dən çox ölkəsində, 600 şəhərində mindən çox konsert proqramı ilə çıxış edib.
“Kremerata Baltika”nın Bakı konsertinə biletləri Heydər Əliyev Mərkəzinin kassasından, iTicket.az saytı və kassalarından əldə etmək mümkündür.
Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara əsasən, pandemiya şəraitində oktyabrın 1-dən konsert zallarının fəaliyyətinə zalın ümumi tutumunun 50 faizindən çox olmamaq şərtilə icazə verilir. Zala giriş COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) ilə təmin ediləcək.
Ankarada 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü və dahi Azərbaycan şairi, böyük ədib və mütəfəkkir Nizami Gəncəvinin 880 illiyi münasibətilə mərasim təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyi, UNESCO üzrə Azərbaycan və Türkiyə milli komissiyalarının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rəsmi şəxslər - səfirlər, deputatlar, o cümlədən Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun və Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın rəhbərliyi ilə Ankarada səfərdə olan nümayəndə heyətləri iştirak ediblər.
Mərasimin rəsmi hissəsində Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Sərdar Canın, Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədovun və UNESCO üzrə Türkiyənin Milli Komissiyasının sədri vəzifəsini icra edən Dəniz Çakarın çıxışları dinlənilib.
Sonra tədbir maraqlı musiqi proqramı ilə davam edib.
Azərbaycanın Xalq artisti Mənsum İbrahimov rəngarəng repertuarı və ecazkar səsi ilə səhnəni fəth edib. Xanəndəni Azərbaycanın Xalq artisti Elçin Həşimov (tar), Əməkdar artist Kamran Kərimov (nağara) və Pərviz Fərhadov (kamança) müşayiət ediblər.
Konsertin ikinci pərdəsində solistlər Demet Gürhan və Xosrov Hakan Amiri pianoda Gülər Dəmirova müşayiət edib.
Tamaşaçılar əsrarəngiz ifaları hərarətli alqışlarla qarşılayıblar.
İsveçrədə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyi münasibətilə üzərində Zəfərin rəmzi “Xarıbülbül” təsviri olan poçt markası buraxılıb. Bu barədə razılaşma Azərbaycan səfirliyi ilə bu ölkənin dövlət poçt müəssisəsi olan “İsveçrə Poçt” Səhmdar Cəmiyyəti (“Schweizerische Post“ AG) arasında əldə edilib.
Azərbaycanın İsveçrədəki səfirliyindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, həmin poçt markaları qeyri-kommersiya məqsədilə buraxılıb və səfirlik tərəfindən istifadə ediləcəkdir. Eyni zamanda bu markalar başqa maraqlı tərəflərə göndəriləcəkdir.
Türkiyənin Anadolu agentliyinin fotomüxbiri Şəbnəm Çoşkun Rusiyada mükafata layiq görülüb.
AZƏRTAC xəbər verir ki, türkiyəli fotomüxbir Rusiyada keçirilən Andrey Setin adına Beynəlxalq Foto Müsabiqəsinin baş mükafatını qazanıb. Onun “COVID-19 tullantıları: sualtı aləm üçün yeni təhlükə” foto işi müsabiqənin ən yaxşı fotoşəkilləri sırasına daxil edilib. Müsabiqənin Qran-Prisini Şəbnəm Çoşkunla Sankt-Peterburqdan olan fotoqraf Mariya Gelman bölüşüb. Onun “M+T” fotoşəkillər silsiləsi müsabiqənin qalibi olub.
A.Sretin adına beynəlxalq müsabiqənin laureatları isə TASS agentliyinin fotomüxbiri Sergey Bobılyov və hindistanlı fotomüxbir Şərafət Əlidir.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi ilə birlikdə 18 oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş konsert təşkil edib.
İdarədən AZƏRTAC-a bildirilib ki, Dövlət Himni ilə başlanan proqramda ulu öndər Heydər Əliyevin və Qarabağ müharibəsi şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Konsertin aparıcısı Zaur Nəbioğlu Ali Hərbi Məktəbin şəxsi heyətini salamlayaraq, Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib. Müstəqilliyimizin keşiyində ayıq-sayıq dayanan Silahlı Qüvvələrimizin gücü, qüvvəsi və rəşadətini xüsusilə vurğulayıb. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun 44 gün ərzində əks-hücum əməliyyatı ilə torpaqlarımızı yadelli işğalçılardan azad etməsini və müstəqil dövlətimizin ərazi bütövlüyünü bərpa etməsini bu əlamətdar günə ən böyük ərməğan olduğunu və bizi 30 ilə yaxın davam edən nisgildən qurtardığını qeyd edib.
Tədbir Müstəqilliyin Bərpası Gününə həsr olunmuş videoçarxın nümayişi ilə davam edib. Azərbaycanın müstəqilliyini bərpa edəndən sonra müxtəlif istiqamətlərdə inkişafı, ümummilli lider Heydər Əliyevin ölkəmizin dünya birliyində tanınması və iqtisadi inkişafında təkrarsız rolu, Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasətin həyatımızın müxtəlif sahələrinə təsiri videotəqdimatda öz əksini tapıb.
Konsert populyar müğənnilərdən – Əməkdar artist Nigar Şabanova, Şəbnəm Qəhrəmanova, Əbdül Xalid, Cəvahir Abdulova, Vüsal Hacıyev, Rüfət Axundovun vətənpərvərlik ruhlu nəğmələri, rəqqasə Fatimə Fətəliyevanın təqdimatında milli rəqs nömrələri ilə davam edib.
Uşaqların sevimlisi “Bir dayan” cizgi filminin yeni seriyalarının nümayişi bu ilin sonuncu ayına təsadüf edə bilər.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu sözləri “Soyuzmultfilm” kinostudiyasının rəhbəri Yuliana Slaşeva deyib.
Onun sözlərinə görə, “Bir dayan” dekabr ayının birinci yarısında uşaqların görüşünə gələ bilər.
“Soyuzmultfilm” kinostudiyası “Bir dayan” cizgi filminin yeni hissələri üzərində işə ötən il başlayıb. Kinostudiya artıq yeni personajların obrazlarını təqdim edib. Canavar və Dovşan obrazlarını Qarik Xarlamov və Dmitri Xrustalyov səsləndirəcək. Yeni “Bir dayan” klassik versiyanın birbaşa davamı deyil, ənənəvi dialoqsuz komediya janrını qorumaq şərtilə hekayənin aktual formada oxunuşu olacaq.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçirilən İkinci Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı çərçivəsində “Azərbaycan operetta inciləri” adlı konsert proqramı təqdim olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında keçirilən tədbirdə teatrın orkestri, balet truppası, Əməkdar artistlər Şövqi Hüseynov, Nərgiz Kərimova, Səidə Şərifəliyeva və başqaları iştirak ediblər.
Tədbir tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
ABŞ-ın Los-Anceles məhkəməsi dünyaca məşhur rep ifaçısı, prodüser və modelyer Kanye Omari Vestin adını və soyadını sadəcə “Ye” olaraq dəyişdirmək istəyi ilə bağlı müraciətini təsdiqləyib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, məhkəmənin rəsmi sənədində hakim Kanye Omari Vest “heç bir etiraz olmadığı üçün adın dəyişdirilməsi ilə bağlı müraciəti qəbul edilib”, - deyə bildirib.
İllərdir sosial media hesablarında özünü “Ye” kimi təqdim edən rep ifaçısı, 2018-ci ildə buraxdığı albomuna da “Ye” adını vermişdi.
Həmçinin müsahibələrində, adının qısaltması olan “Ye”nin İncildə tez-tez işlənən bir söz olduğunu ifadə edib.