Böyük türk şairi Yunus Əmrənin vəfatının 700 iliyinə həsr edilmiş şairlər şöləni keçiriləcək.
AZƏRTAC xəbər verir ki, TÜRKSOY-un təşkilatçılığı, TİKA və Özbəkistanın Xarəzm vilayəti İcra Hakimiyyətinin dəstəyi ilə düzənlənən şölən oktyabrın 12-dən 15-dək Özbəkistanın Xivə şəhərində baş tutacaq.
Tədbirə Özbəkistanla yanaşı, Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və bir sıra türk topluluqlarının şairləri, ədəbiyyatşünaslari qatılacaq.
Sözügedən şöləndə Azərbaycanı Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti, şair-publisist Əkbər Qoşalı və Dünya Gənc Türk Yazarlar Birliyinin başqan yardımçısı, "Ulduz" jurnalının şöbə redaktoru, şair Taleh Mansur təmsil edəcək.
Ərəb ölkələrinin KİV-ləri dahi Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr olunmuş geniş məqalə dərc ediblər.
AZƏRTAC xəbər verir ki, şərqşünas Həşim Məmmədov və jurnalist Əli Zülfüqaroğlunun müəllifi olduqları “İmadəddin Nəsimi. Bəşəriyyətə nur saçan günəş” sərlövhəli məqalədə şairin həyat və yaradıcılığı haqqında geniş məlumat yer alıb.
Misirin “Nile1”, İordaniyanın “Nayrouz”, İraqın “Əfkarhürə”, İraqın “Bobiannews” və “Q8-press” portallarında dərc olunmuş yazıda ərəbdilli oxucuların diqqətinə çatdırılır ki, Nəsimi irsi təkcə Azərbaycanın deyil, bütün İslam dünyasının mənəvi sərvətidir. Azərbaycan Prezidenti İlham Əliyev 15 noyabr 2018-ci il tarixli Sərəncamı ilə 2019-cu ili “Nəsimi ili” elan edib və dahi şairin 650 illik yubileyi dövlət səviyyəsində qeyd edilib.
Məqalədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Nəsimi haqqında sözləri sitat gərilrib: “Tariximiz çox zəngindir və biz bunu vaxtaşırı xalqa çatdırmalıyıq. Xatirinizdədirmi, Nəsiminin 600 illik yubileyini qeyd etdiyimiz zaman bu, dünyada nə qədər əks-səda doğurdu, Azərbaycanı nə qədər tanıtdı! Nəhayət, 600 ildən sonra biz Nəsiminin Hələb şəhərindəki məzarını tapdıq. İndi onun məzarı oraya gedən adamlar üçün bir ziyarətgahdır. Məhz Azərbaycan xalqına mənsub olan Nəsimi kimi nadir bir şəxsiyyəti dünya ictimaiyyətinə, elminə, dünya mədəniyyətinə tanıtmaq, şübhəsiz ki, xalqımızın hörmətini qaldırmaq deməkdir. Mən təkcə şairlər haqda danışmaq istəmirəm. Nəsimi də yalnız şair deyil, həm də alim, filosofdur”.
Müəlliflər qeyd ediblər ki, yaradıcılığının ilk dövrlərində Nəsimi də ustadı Nəimi kimi sufizm mövqeyində dayanıb və tanınmış sufi şeyxi Şiblinin təlimini davam etdirib. Bu mərhələdə şair öz əsərlərini "Hüseyni", "Seyid Hüseyni", "Seyid" təxəllüsləri ilə yazıb.
Məqalədə, həmçinin Azərbaycanın və dünyanın tanınmış alimləri, şərqşünaslarının Nəsimi irsi haqqında fikirləri, dahi şairin şeirlərindən parçalar yer alıb.
Azərbaycanın məşhur xanəndəsi, Xalq artisti Arif Babayevin səhhətində problemlər yaranıb.
Bu barədə Report-a Xalq artistinin yaxınları məlumat veriblər.
A.Babayev Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib: "Beyin sistemi ilə əlaqədar problemləri var idi. Müalicədən sonra yaxşılaşmışdı. Həmin problemlər səhhətində yenidən narahatlıq yaratdı, bir saat əvvəl xəstəxanaya yerləşdirmişik. Müalicəsi davam edir, həkimlər vəziyyətini sabit qiymətləndirirlər".
Xatırladaq ki, Arif Babayev bir neçə ay öncə Türkiyədə müalicə alıb.
Perunun rəsmi dövlət qəzeti “El Peruano”da azad olunmuş ərazilərimizdə səfərdə olmuş tanınmış jurnalist, Peru Jurnalistləri Federasiyasının vitse-prezidenti Rikardo Sançezin müəllifi olduğu “Bakıdakı muzeydə 10 mindən çox Azərbaycan xalçası sərgilənir” başlıqlı məqaləsi dərc olunub.
Azərbaycanın Meksikadakı Səfirliyindən Report-a verilən məlumata görə, yazıda 1967-ci ildə Bakının İçəri Şəhər ərazisində dünyada ilk xalça muzeyinin əsasının qoyulduğu, 2014-cü ildən isə həmin muzeyin 10 mindən çox xalçanın sərgiləndiyi bu günkü Azərbaycan Milli Xalça Muzeyi olaraq fəaliyyətini davam etdirdiyi bildirilir.
Qeyd olunur ki, xalçaçılıq ənənəsi türk xalqlarına məxsus qədim sənətkarlıq növüdür və fars xalçaları kimi tanınan əsərlərin də müəllifləri məhz türk xalqları olub.
Muzeydə Azərbaycan hökuməti tərəfindən dünyanın müxtəlif yerlərində tapılaraq vətənə qaytarılan xalçalarla yanaşı, 1992-ci ildə Şuşa şəhərinin Ermənistan tərəfindən işğalından qısa müddət öncə Şuşa Tarix Muzeyindən gətirilmiş, habelə məcburi köçkünlərin özləri tərəfindən də xilas edilərək muzeyə təqdim olunmuş xalçaların sərgiləndiyi qeyd olunur.
Məqalədə Azərbaycanda mövcud olan müxtəlif xalçaçılıq məktəbləri, o cümlədən Qarabağ, Gəncə-Qazax, Quba-Şirvan və Təbriz məktəbləri, həmin məktəblərə xas toxuculuq üslubu, istifadə olunan ölçülər, naxışlar, rənglər, xalçalar üzərində əks olunmuş fiqurlar və onların rəmzi mənası və xalçaların istifadə təyinatı haqda ətraflı məlumat verilir.
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin əsərlərinə həsr olunmuş miniatürlər əsasında 3D Mapping təqdimat mərasimi keçiriləcək.
Report xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov bildirib.
“Oktyabrın 14-16-da Nizami Gəncəvi ili çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Nizamı adına Milli Ədəbiyyat Muzeyinin fasadında dahi şairimizin əsərlərinə həsr olunmuş miniatürlər əsasında 3D mapping təqdimatı keçiriləcək. Hamını Nizami festivalına dəvət edirəm”, - deyə nazir özünün tviterdəki hesabında yazıb.
Sentyabrın 8-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilən “Nizami Gəncəvi və Şərq ədəbiyyatları: ədəbi təsirin hüdudları” mövzusunda beynəlxalq elmi konfrans işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva Prezident İlham Əliyevin 2021-ci il 5 yanvar tarixli Sərəncamı ilə bu ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunduğunu xatırladıb. O, konfransın müvafiq Sərəncama əsasən təşkil edildiyini söyləyib və “Nizami Gəncəvi İli” çərçivəsində institutda görülən işlərdən söz açıb.
Konfransda “Tarixi Azərbaycan torpaqlarında türklərin məskunlaşması (görkəmli alim, akademik Ziya Bünyadovun əsərləri əsasında)”, “XIV-XV əsrlər Azərbaycan ədəbiyyatında Nizami “Xəmsə”sinə nəzirələr (Cəmalinin “Xəmsə”si əsasında)”, “Nizami Gəncəvi irsi ərəb alimlərinin araşdırmalarında”, “Nizami Gəncəvi yaradıcılığının ədəbi təsir dairəsi”, “Dünya ədəbiyyatının Nizami Gəncəvisi” və digər mövzularda məruzələr dinlənilib.
Bakıda Türkiyənin “İndigo kitab” nəşriyyatını təmsil etməkdən qürur duyuruq. İlk dəfədir ki, Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edirik. Sərgi çox yüksək səviyyədə təşkil olunub.
AZƏRTAC xəbər verir ki, bu sözləri VII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edən naşir Kerem Efendioğlu söyləyib.
O deyib: “Azərbaycanda gənc nəsil yeni əsərləri oxumaqda maraqlıdır. Onların xüsusilə türk yazarlarının kitabları ilə maraqlanması bizi çox ruhlandırır. Biz sərgidəki ab-havadan çox məmnun qaldıq. Burada kitaba maraq göstərən kütlə olduqca savadlıdır. Azərbaycan gəncləri arasında bədii, elmi ədəbiyyat oxumaq isə olduqca populyardır”.
Kerem Efendioğlu bildirib ki, pandemiya şəraitində bu cür tədbirlərin keçirilməsi böyük əhəmiyyət daşıyır.
Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və bir qrup nümayəndə heyəti ilə birgə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edərək, Fondun prezidenti Günay Əfəndiyeva ilə görüşüblər.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva qonaqları salamlayaraq, onları yenidən Fondda görməkdən şad olduğunu bildirib. Günay Əfəndiyeva keçirilən görüşlərin əhəmiyyətindən bəhs edərək, Fond ilə Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin türk dünyasının mədəni dəyərlərin təbliğinə mühüm töhfələr verəcəyini qeyd edib. O, Fondun qurucu üzv ölkəsi olan Türkiyənin qurumun fəaliyyətinə hər zaman böyük dəstək verən önəmli tərəfdaş ölkə olduğunu vurğulayıb.
Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan Bakıya səfəri çərçivəsində növbəti dəfə Fondu ziyarət etməsindən böyük məmnunluq hissi keçirdiyini qeyd edərək, Türkiyə ilə təşkilat arasındakı güclü əməkdaşlıq əlaqələrinin mövcudluğunun əhəmiyyətindən söz açıb. Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən layihələr haqqında məlumat verən nazir müavini türkdilli xalqların maddi və mədəni irsinin araşdırılması, beynəlxalq aləmdə tanıdılması istiqamətində fəaliyyət göstərən Fond ilə əməkdaşlığa xüsusi önəm verdiklərini diqqətə çatdırıb.
Görüş Türkiyənin və bütövlükdə türk dünyasının mədəni dəyərlərinin təbliği ilə bağlı gələcək perspektivlərin müzakirəsi ilə davam edib.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Bakı Ekspo Mərkəzində davam edən VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında təmsil olunur.
AZƏRTAC xəbər verir ki, yerli və xarici nəşriyyatlar, poliqrafiya müəssisələri və kitab evlərinin qatıldığı Kitab Sərgi-Yarmarkasında Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası da fondunda olan yüzdən artıq Azərbaycan, rus və digər xarici dillərdə ədəbiyyat nümunələri, eyni zamanda müəllifi olduğu “Cəfər Cabbarlı 120” biblioqrafiyası ilə iştirak edir.
Kitab Sərgi-Yarmarkasının ikinci günü kitabxananın stendinin önündə Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl Qələm” mükafatı laureatı Elxan Elatlı ilə görüş keçirilib. Elmi işlər üzrə direktor müavini Xalidə Musayeva kitabxana oxucularının Elxan Elatlı yaradıcılığına böyük maraq göstərməsindən danışıb.
Yazıçı “Qan ləkəsi”, “Yeddinci mərtəbədə qətl”, “Ən yaxın planet”, “Xəyanət”, “İtmiş qızın axtarışı”, “Pəncərədə görünən kölgə”, “Dilənçi qadının sirri” və bir neçə digər kitablarının qələmə alarkən maraqlı faktlarla qarşılaşdığını, yazıda detektiv roman janrına üstünlük verdiyini, əsərlərinin əsas obrazlarının öz təxəyyülünün məhsulu olduğunu söyləyib. O, yaradıcılığı haqqında məlumat verəndən sonra oxucularının çoxsaylı suallarını cavablandırıb və yaxın aylarda çapdan çıxacaq yeni romanı ilə pərəstişkarlarını sevindirəcəyini bildirib.
Qeyd edək ki, Kitab Sərgi-Yarmarkası oktyabrın 10-dək davam edəcək.
Mədəniyyət Nazirliyi tərəfindən “Nizami Gəncəvi İli” çərçivəsində cəmiyyətdə dahi şairin zəngin poetik, fəlsəfi-ictimai irsinin öyrənilməsi, qorunması və gələcək nəsillərə çatdırılması üçün daha böyük ictimai marağın cəlb edilməsi məqsədilə oktyabrda “İşıq festivalı. Nizami Gəncəvi” adlı audiovizual layihənin təşkili nəzərdə tutulur.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, dahi Azərbaycan şairi Nizami Gəncəvinin bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə misilsiz xidmət göstərən ölməz əsərlərinin yer aldığı “Xəmsə”sindən müxtəlif süjetlərin xüsusi formatda canlandırılması ilə Bakı şəhərində möhtəşəm bir mənzərəyə şahidlik edəcəyik.
Festivalın əsas məqsədi xarici ölkələrin məşhur kitabxana, muzey və arxivlərində, o cümlədən Rusiya Milli Kitabxanası, Topqapı Saray Muzeyi Kitabxanası, Kembric Universiteti Fitzuilyam Muzeyi, Harvard İncəsənət Muzeyində qorunub saxlanılan “Xəmsə” motivli miniatürlər vasitəsilə öz zənginliyi, fəlsəfi məna dərinliyi ilə dünya ədəbiyyatında əhəmiyyətli yerə malik, ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik Nizami yaradıcılığını vizual təsvirlərdə əks etdirərək dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.
3D audiovizual proyeksiya formatında baş tutacaq festival oktyabrın 14-dən 17-dək davam edəcək. Festival müddətində Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin fasadında və Qız Qalasının üzərində “Xəmsə”nin motivləri üzrə çəkilmiş miniatürlər canlandırılacaq.
Festival Mədəniyyət Nazirliyinin təşkilatçılığı və bir sıra dövlət qurumlarının dəstəyi ilə həyata keçirilir.