Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Kitab yarmarkası çərçivəsində Nobel mükafatçısı Qabriel Qarsia Markesin yaradıcılığı haqqında məlumat verilib

    Oktyabrın 8-də Bakı Ekspo Mərkəzində VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Nobel mükafatçısı, dünyaca məşhur Qabriel Qarsia Markesə həsr olunan tədbir keçirilib.

    AZƏRTAC xəbər verir ki, Kolumbiyanın ölkəmizdəki səfiri Luis Antonio Dimate Kardenas çıxış edərək iki ölkə arasında mədəni əlaqələrin inkişafı baxımdan kitab sərgisinin əhəmiyyətindən söz açıb.

    Səfir qeyd edib ki, sərgidə Kolumbiya da fəal iştirak edir. Burada dünyaca məşhur Qabriel Qarsia Markesin əsərləri, həmçinin Kolumbiya haqqında, turizmi, mətbəxi və s. haqqında olan kitablar sərgilənir.

    Sonra Əməkdar artisti Ağalar Bayramov Qabriel Qarsiya Markes haqqında məlumat verib. Bildirilib ki, 1927-ci il martın 6-da Arakatakada anadan olan kolumbiyalı yazıçı XX əsrin ən çox oxunan yazıçılarından biri, Latın Amerikası ədəbiyyatının ən orijinal nümayəndəsi kimi tanınır.

    Bədii yaradıcılığa jurnalistikadan gəlmiş, ədəbiyyatda “magik realizm”in təmsilçisi hesab olunan Markes müxtəlif dillərə tərcümə olunmuş və dünya oxucusunun rəğbətini qazanmış çox sayda dəyərli nəsr nümunələrinin müəllifidir.

    1961-ci ildə çap olunmuş ilk povesti uğurlu olmuş, altı ildən sonra isə Markes “Yüz ilin tənhalığı” romanını tamamlayıb. Yazıçı bu əsəri doqquz dəfə yenidən işləyib.

    Yazıçı öz romanı haqqında deyirdi: “Mən “Yüz ilin tənhalığı” romanını yazarkən ən nikbin xəyallarımda belə ağlıma gətirməzdim ki, bir vaxt həmin əsəri milyon nüsxə tirajla çap etdirəcəyəm”.

    “Nyu-York Tayms” qəzeti bu romanı bütün bəşəriyyətin oxumalı olduğu əsərlər sırasında “Varlıq kitabı”ndan sonra ikinci kitab adlandırıb. “Mistik realizm” janrının əsasını qoymuş Markes 1982-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı alıb.

  • Heydər Əliyev Sarayında ilk tədbir - “Bakıdan Qarabağa”

    Oktyabrın 7-də Heydər Əliyev Sarayında 44 günlük Vətən müharibəsinin iştirakçıları, qazilər, eləcə də Vətən uğrunda döyüşlərdə canını fəda edən şəhidlərin ailələri üçün “Bakıdan Qarabağa” adlı ədəbi-bədii musiqili kompozisiya təqdim edilib.

    AZƏRTAC xəbər verir ki, kompozisiya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin və Mədəniyyət Nazirliyinin dəstəyi ilə hazırlanıb.

    Bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın teatr və konsert salonlarının fəaliyyətinə icazə verilməsi ilə bağlı qərardan sonra Heydər Əliyev Sarayında ilk tədbir reallaşıb. İlk tədbirin şəhid və qazi ailələrinə həsr edilməsi heç də təsadüfi deyil. Qələbəni Azərbaycan xalqına Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə məhz onlar bəxş edib.

    İlk olaraq “Qarabağ şikəstəsi” ifa olunub. Sonra Müdafiə Nazirliyi Şəxsi Həyət Baş İdarəsi Hərbi Orkestri “Koroğlu” operasından uvertüranı səsləndirib. Xalq artisti Nurəddin Mehtixanlı “Azərbaycan əsgəri” şeirini təqdim edib.

    Konsertdə tanınmış ifaçılar geniş konsert proqramı ilə çıxış ediblər.

    Tədbirdən sonra AZƏRTAC-a müsahibə verən ehtiyatda olan zabit Arif Nağıyev Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində apardığı mübarizəsindən və qazandığı Qələbədən danışıb. Bildirib ki, insanlara vətənpərvərlik ruhu aşılayan belə tədbirlər olduqca əhəmiyyətlidir. Çünki səslənən hər bir ifa gənclərdə ruh yüksəkliyi yaradır, onların Vətənə olan məhəbbətini daha da artırır.

  • “CBC TV Azerbaijan” kanalının Top 10-luğu yaradılıb

    Azərbaycanın ilk beynəlxalq televiziyası olan CBC telekanalının yaradıcı və texniki potensialı ən müxtəlif janrlarda keyfiyyətli və reytinqli proqramlar hazırlamağa imkan verir. Məlumdur ki, telekanalın uğurlu fəaliyyətinin vacib göstəricilərindən biri də onun internet platformasında mövcud olan müxtəlif sosial şəbəkələrdəki auditoriyasının baxış sayıdır. Məhz bu səbəbdən də hazırlanan verilişlərin populyarlığı artdıqca, telekanalın yutub platformasındakı “CBC TV Azerbaijan” kanalının Top 10-luğu yaradılıb.

    AZƏRTAC xəbər verir ki, həmin Top 10-luğun ilk pilləsində, 80 video və 16 min 60 izləyicisi olan “Это Азербайджан” verilişi yerləşir. Verilişdə Azərbaycan və onun tarixi-mədəni irsindən bəhs edilir. Verilişin müəllifi və aparıcısı CBC telekanalının kəşf etdiyi potensiallı kadrlardan biridir. O, telekanalda əvvəl səs rejissoru kimi fəaliyyətə başlayıb. Daha sonra fərqlənməyi bacardığı üçün hazırda müxbir – aparıcı kimi fəaliyyətini davam etdirir.

    İkinci yerdə 32 videosu və 14 min 374 izləyici sayı ilə, hərbi-vətənpərvərlik mövzusuna həsr olunan, ölkəmizin hərbi gücünü nümayiş etdirməyə xidmət edən “Служу Родине” verilişi yerləşib.

    Üçüncü pillədə, Azərbaycanın arxeoloji və tarixi abidələrinə həsr edilən “Артефакты Кавказа” adlı veriliş durur. Verilişin yutub platformasında cəmi 14 buraxılışı mövcud olsa da, onların baxış sayı artıq 12 min 505-ə çatıb. 529 videosu və 11 min 75 izləyicisi olan “Актуально сегодня” adlı ictimai-siyasi veriliş isə TOP 10-luğun dördüncü pilləsində yer alıb. Onun ardınca 179 buraxılış videosu və 9 min 613 nəfər izləyici sayı ilə “На этом точка” siyasi analitik veriliş, 9 videosu və 8 min 599 baxış sayı ilə iqtisadi mövzulara həsr edilən “Экономика дня”, 760 buraxılış və 7 min 659 baxış sayı ilə “Специальный выпуск” adlı analitik veriliş, tarixi hadisələrə həsr olunan “Белые пятна истории”, həmçinin ingilis dilində xəbərlər - “English News” və 5 min 783 izləyicisi ilə 10-cu yerdə dünyada baş verən prosesləri müzakirəli əks etdirən “Глобальная дискуссия” verilişi gəlir.

    Məqsəd hər bir tamaşaçıya özünün şəxsi fikrini formalaşdıra bilmək üçün operativ və keyfiyyətli formada informasiya təqdim etməkdir.

  • Qazilər yenidən döyüşdükləri məkanlarda – Vətən müharibəsinin detalları AzTV-də

    Azərbaycan Televiziyası Vətən müharibəsinin ilk ildönümü münasibətilə yeni layihə hazırlayır.

    AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumatına görə, “Zəfər yolu” layihəsi sənədli filmlər silsiləsi olacaq.

    Hər filmdə Azərbaycan ordusunun 44 gün ərzində keçdiyi döyüş yolunun detalları nümayiş olunacaq.

    Filmlərin qəhrəmanları İkinci Qarabağ müharibəsinin iştirakçılarıdır. Onlar döyüşdükləri, işğaldan bir-bir azad etdiyi məkanlara gedəcək, orada ordumuzun göstərdiyi şücaətdən bəhs edəcəklər. Onların arasında Xüsusi Təyinatlı Qüvvələrin hərbçiləri də var.

    Sənədli filmin ssenari müəllifi Anar Şuşalı açıqlamasında bildirib ki, filmlərdəki əsgər və zabitlərin müsahibələri döyüşdükləri məkanlarda alınacaq: “Düşünürük ki, bu, ictimaiyyətin marağına səbəb ola bilər. Önə çıxarılan məsələ Azərbaycan Silahlı Qüvvələrinin döyüş taktikası və hansı növ silah-sursatdan, texnikadan istifadə etdiyidir. Qəhrəmanlarımız müxtəlif istiqamətlərdə həm döyüşüblər, həm də döyüşlər zamanı birbaşa erməni silahlı birləşmələrinin daxilinə sızıblar, məlumat toplayıb, koordinatlar veriblər.

    Filmdə müsahibəsinə yer verilən hərbçilərdən biri əsgər yoldaşları ilə 3 dəfə düşmən mühasirəsinə düşüb, mühasirəni yarıb və onları məhv edib”.

    Sənədli filmlər seriyasının ilk bölümü Şuşaya həsr olunub. Filmin qəhrəmanlarının hər biri 44 gün düşmənlə döyüşüb. Onlardan 2-si döyüşlər zamanı yaralansa da, hərbi hospitalda müalicədən imtina edib, həkimlərin razılığı olmasa da, onlar yenidən döyüş meydanına qayıdıblar. Sözügedən hər iki nəfər Şuşa döyüşlərində də iştirak edənlərdəndirlər.

    Çəkilişlər Qubadlı, Xocavənd, Füzuli, Cəbrayıl və Şuşada aparılıb.

    44 gün müddətində tamaşaçılara iki sənədli filmin təqdim olunması planlaşdırılır.

    “Zəfər yolu”nun rejissorları Emil Babayev, Bəhruz Qədirovdur.

    Layihənin ilk buraxılışı bu gün – oktyabrın 8-i saat 21:30-da AzTV-də yayımlanacaq.

  • Füzuli Teatrı yeni mövsümü “Yaddaş” tamaşası ilə açacaq

    Füzuli Dövlət Dram Teatrı 33-cü mövsümü oktyabrın 25-i saat 13:30-da Akif Həsənoğlunun “Yaddaş” əsəri əsasında səhnələşdirilmiş tamaşa ilə açacaq.

    Bu barədə Report-a Teatrdan məlumat verilib.

    Bildirilib ki, Vətən müharibəsi şəhidlərinin xatirəsinə hazırlanan tamaşaya teatrın baş rejissoru, Əməkdar artist Asif Şirinov quruluş verib.

    Tamaşanın quruluşçu rəssamı Ellinaz Balaşova, müsiqi tərtibatçısı Sənan Sevindikzadədir. Səhnə əsəri Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərə ithaf olunur. Müharibə mövzusuna həsr olunmuş tamaşa Azərbaycan əsgərinin yüksək vətən sevgisini və parlaq qələbəsini bədii şəkildə əks etdirir.

    Qeyd edək ki, Füzuli Dövlət Dram Teatrı yaxın günlərdə yeni repertuarını təqdim edəcək.

  • Kitabxana əməkdaşları qələbəyə həsr olunmuş silsilə yazılar hazırlayır

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası İkinci Qarabağ müharibəsində şəhid olmuş soydaşlarımız haqqında silsilə yazılar hazırlayır.

    AZƏRTAC xəbər verir ki, bununla bağlı AYB-nin üzvü Xanım Mehdixanlı kitabxanaya “Qələbənin bir addımlığında” adlı oçerkini təqdim edib. Oçerkdə Ağsu rayonunda anadan olmuş Vüqar Quliyevin həyat və döyüş yolu öz əksini tapıb.

    Vüqar Quliyev Bakı Dövlət Peşə Təhsil Mərkəzində təhsilini donduraraq, hərbi xidmətə yollanıb. O, cəbhədə gedən döyüş əməliyyatlarında fəal iştirak edirdi. Onun döyüş yolu Füzulidən və Xocəvəndən keçib. Vüqar Quliyev noyabrın 3-də Xocəvənd rayonunda gedən döyüş əməliyyatlarında şəhid olub. Şəhid Vüqar Quliyev ölümündən sonra “Vətən uğrunda”, “Xocəvəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

    Zəfər günü, noyabrın 8-də Ağsu Şəhidlər xiyabanında torpağa tapşırılıb.

  • Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun nəşrləri kitab sərgisində nümayiş olunur

    Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində açılan VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu da təmsil olunmaqdadır.

    AZƏRTAC xəbər verir ki, sərgidə Fondun himayəsi və dəstəyi ilə müxtəlif dillərdə çap olunan kitab, kataloq, poçt markaları və çox sayda digər ədəbiyyat nümunələri ziyarətçilərə təqdim edilir. Fondun sərgilədiyi nəşrlər Azərbaycan, türk, ingilis, italyan, alman, fransız, rus və ərəb dillərində çap olunmuşdur. Oxucuların ixtiyarına verilən kitab və kataloqlarda türk dünyasının birlik, bərabərlik və qardaşlıq ideyaları, tanınmış şəxsiyyətləri, tarixi mədəniyyət və memarlıq abidələri, şifahi xalq ədəbiyyatı nümunələri təbliğ olunur, türk xalqlarının milli-mənəvi dəyərləri, adət-ənənələri beynəlxalq oxucu auditoriyasının diqqətinə çatdırılır.

    Sərgi çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun, Mədəniyyət Nazirliyinin və Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının birgə əməkdaşlığı çərçivəsində Nizami Gəncəvinin “Yeddi Gözəl” poemasının uşaqlar üçün işlənmiş elektron kitabının təqdimat mərasimi keçiriləcəkdir.

    Qeyd edək ki, VII Bakı Beynəlxalq Kitab Sərgisi oktyabrın 10-dək davam edəcək.

  • Beynəlxalq kitab sərgisində Xalq yazıçısı Anarın imza günü təşkil olunub

    Bakı Ekspo Mərkəzində keçirilən VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Bakı Kitab Mərkəzinin stendində Xalq yazıçısı Anarın imza günü keçirilib.

    AZƏRTAC xəbər verir ki, “bp Azerbaijan” şirkətinin dəstəyi ilə Bakı Kitab Mərkəzinin “Yüksəl” layihəsi çərçivəsində tələbələr üçün mühazirə təşkil edilib, “OYAN” teatrının təqdimatında gənc aktyorların ifasında “Nizamidən Vaqifə” adlı poetik kompozisiya nümayiş olunub.

    Qeyd edək ki, VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası oktyabrın 10-dək davam edəcək.

  • ƏSA Teatrı Vətən müharibəsinə həsr olunmuş film-tamaşa hazırlayır

    Azərbaycan Respublikasının ilk inklüziv teatrı olan ƏSA Teatrı İkinci Qarabağ müharibəsinə həsr olunmuş film-tamaşa hazırlayır.

    Teatrdan AZƏRTAC-a bildirilib ki, xalqımızın Vətən müharibəsində ləyaqət və şərəflə qazandığı Qələbə səhnə əsərində öz əksini tapacaq. Film-tamaşa orijinal mövzuya və ideyaya sahibdir. Belə ki, “Qonşu” adlandırılan layihə üçün məxsusi pyes yazılıb.

    Film-tamaşanın əsas ideyası Azərbaycan xalqının vətənə olan əvəzedilməz sevgisinin, qarşılıqsız mərhəmətinin tərənnümü ilə yanaşı, yüz illərdir dəyişməyən, əksinə daha da alovlanan mənfur erməni xislətinin ifşasıdır.

    “Qonşu” qələbəmizin bir illiyi ərəfəsində əvvəlcə film formatında, daha sonra teatr səhnəsində tamaşaçılara təqdim olunacaq.

    Film-tamaşanın müəllifi və quruluşçu rejissoru Nihad Qulamzadə, bəstəkarı Vüqar Babayev, prodüseri Nicat Qulamdır. Rolları teatrın aktyorları Elşən Əsgərov, Günay Məmmədova, Elvin Şahmərdan, Səmayə Ağayarova, Anar Əliyev, İmran Lalayev, Lalə Süleymanlı və Raul Həsən ifa edəcəklər. Qeyd edək ki, aktyor Elvin Şahmərdan İkinci Qarabağ müharibəsində iştirak edib. İkinci qrup əlil olan aktyor Şuşa və Füzuli şəhərlərinin işğaldan azad olunmasına görə müvafiq medallarla təltif olunub.

    Xatırladaq ki, layihənin dəstəkçisi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir.

  • Madriddə “Qafqaz Albaniyasının mədəni irsi” adlı konfrans keçirilib

    Madriddə Kral Xuan Karlos Universitetində “Qafqaz Albaniyasının mədəni irsi" adlı II konfrans keçirilib.

    AZƏRTAC xəbər verir ki, bu, Kral Xuan Karlos Universitetində keçirilən Qafqaz Albaniyasının mədəni irsinə dair ikinci konfransdır. İlk konfrans 2017-ci ildə Azərbaycan Dillər Universitetinin rektoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Qəyyumlar Şurasının sədri, akademik Kamal Abdullanın təşəbbüsü ilə Azərbaycanda “Multikulturalizm İli”nə həsr olunmuş tədbirlər çərçivəsində keçirilib.

    Konfransın əvvəlində akademik Kamal Abdullanın konfrans iştirakçılarına videomüraciəti nümayiş olunub, müraciətdə İspaniyada albanşünaslıq mövzusunda bir konfransın keçirilməsinin əlamətdar bir hadisə olduğu vurğulanıb. K.Abdulla, Qafqaz Albaniyasının öyrənilməsinin Azərbaycanda konsolidasiya mövzusu olduğunu söyləyərək, araşdırmanın nəticələrinin bölgədə yaşayan digər xalqların tarixinə işıq salacağına ümid etdiyini bildirib.

    Konfransda Madrid Kral Musiqi Konservatoriyasının musiqi müəllimi Nigar Əsgərova “Azərbaycanın mədəni irsinin qorunması siyasəti” mövzusunda məruzə ilə çıxış edib. O qeyd edib ki, çoxəsrlik multikulturalizm ənənələrinə və UNESCO-nun təbliğ etdiyi dəyərlərə sadiq olan Azərbaycan mədəni irsinin qorunması üzrə bir sıra layihələr həyata keçirir. N.Əsgərova erməni işğalından azad edilmiş ərazilərdə dini ibadət yerlərinin bərpasına xüsusi diqqət yetirildiyini vurğulayıb. O qeyd edib ki, mədəni irsin qorunması siyasəti Azərbaycanın mədəni müxtəlifliyini təşkil edən müsəlman və xristian irsi arasında fərq qoymadan bütün abidələrimizin bərpasına yönəlib. Məruzəçi bildirib ki, Azərbaycanda məscidlərin, kilsələrin və sinaqoqların bərpası ilə yanaşı, Heydər Əliyev Fondu Parisdəki Luvr Muzeyində, Vatikandakı Müqəddəs Marçellinio və Pietro katakombalarında, Strasburqdakı Notre Dame Katedrali, Bolqarıstanda Trapezitsa sarayı və qülləsində bərpa işləri aparıb.

    Konfransda Madrid Muxtar Universitetinin arxeologiya elmləri doktoru, İspan Şərqşünaslar Assosiasiyasının baş katibi Xesus Xil Fuensanta "Qafqaz Albaniyasının artefaktlarının monastır kompleksləri və arxeoloji tapıntıları" mövzusunda, Kral Xuan Karlos Universitetinin müəllimi Elena Şoroxova “Rusiya Federasiyasında Qafqaz Albaniyasının mədəni irsi” mövzusunda məruzə ilə çıxış ediblər.