“YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə Azərbaycan Rəngkarlıq Muzeyində açılan sərgilər artıq yay rejimində fəaliyyət göstərirlər.
“YARAT”dan AZƏRTAC-a bildirilib ki, sərgi ilə tanış olmaq istəyənlər çərşənbə axşamı və bazar günü olmaqla saat 12:00 –dan 20:00-dək bələdçi ilə sərgiyə baxış keçirə bilərlər. Eyni zamanda saat 21:00 – dan 22:00-dək sərgiyə sərbəst (bələdçisiz) baxmaq mümkündür.
Qeyd edək ki, hazırda muzeydə rəssam Rəşad Ələkbərovun "Özünsən!" solo sərgisi və "XX əsrin son çiçəkləri: Y nəsli" qrup sərgisi, eləcə də "Öz adanı kəşf et" adlı sərgi ziyarətçilər üçün açıqdır.
Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə keçirilən “Kəndlərdə mədəniyyət günləri” layihəsi çərçivəsində Siyəzən rayonunun Məşrif kəndində “Vətənimin seyrinə çağırıram elləri” adlı musiqili ədəbi-bədii tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Məşrif, Qalaaltı və Qozağacı kənd klub və kitabxanalarının birgə təşkil etdiyi tədbirdə kəndlərin adət-ənənəsi, sənətkarlıq, mətbəx nümunələri, rəsm və əl işləri, həmçinin dahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvinin, görkəmli saz-söz ustadı Aşıq Ələsgərin əsərlərindən ibarət kitablar nümayiş olunub.
Tədbirdə Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov, mədəniyyət işçiləri, kənd ziyalıları və ağsaqqallar iştirak edib. Çıxış edənlər şanlı Ordumuzun torpaqlarımızı işğaldan azad etməklə müasir tariximizdə zəfər salnaməsi yaratdığını qeyd ediblər. Sonra vətənpərvərlik mövzusunda mahnılar, şeirlər səsləndirilib.
Gənc rəssamların əl işləri də tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialının əməkdaşları Ümumdünya Kitabsevərlər Günü ilə əlaqədar səyyar kitab sərgisi təşkil ediblər.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, səyyar sərgidə müxtəlif yaş qruplarında olan oxucuların marağına səbəb olan kitablar nümayiş olunub. Kitabxana filialının müdiri Arzu Xudayarova oxuculara Ümumdünya Kitabsevərlər Günü haqqında ətraflı məlumat verib. Kitabxananın əməkdaşları oxuculara kitablar hədiyyə ediblər.
Qeyd edək ki, sərgini təşkil etməkdə məqsəd oxucularda kitaba, mütaliəyə maraq yaratmaq, mütaliənin cəmiyyətin gündəlik vərdişinə çevrilməsinə yardım etməkdir.
Avqustun 10-da saat 16:00-da Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Qazaxıstanın və bütövlükdə türk dünyasının böyük şairi, yazıçısı, bəstəkarı, ictimai xadimi, müasir qazax yazılı ədəbiyyatının banisi Abay Kunanbayevə həsr olunmuş Abay Gününün qeyd edilməsi və İspaniyada onun 175 illik yubileyi münasibətilə nəşr olunmuş poçt markalarının təqdimatı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, markalar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsi ilə türk dünyasının görkəmli nümayəndəsinin zəngin yaradıcılığını daha geniş beynəlxalq auditoriyada tanış etdirmək məqsədilə çap olunub. Abay Kunanbayevin təsviri olan poçt markasında onun yaradıcılıq nümunələri, həmçinin türk dünyasının mədəni dəyərləri və milli musiqi alətləri əks olunub.
Tədbirdə poçt markalarının möhürlənməsi mərasimi olacaq, həmçinin Azərbaycanın və Qazaxıstanın incəsənət nümayəndələrinin ifasında Abay Kunanbayevin əsərləri səsləndiriləcək.
“YARAT” Müasir İncəsənət Mərkəzində təşkil edilən "Özünsən!" adlı sərgi davam edir.
AZƏRTAC xəbər verir ki, rəssam Rəşad Ələkbərovun eksperiment çərçivəsindən kənara çıxmış multidistiplinar fərdi sərgisi olan sərginin iş rejimi çərşənbə axşamı və bazar günü saat 12:00-dan 22:00-dəkdir.
Sərgi, rəssam yaradıcılığında müxtəlif materiallarla yeni təcrübə olmaqla yanaşı, onun praktikasını yeni və gözlənilməz tərzdə təqdim edir. İmmersiv layihədə rəssamın “YARAT”ın sifarişi ilə hazırladığı yeni heykəl və instalyasiyaları nümayiş olunur.
Sərgi rəssamın tamaşaçı ilə səssiz, lakin düşünməyə vadar edən bir dialoqudur. Bu dialoqun baş tutmasının əsas açar elementi labirintdir. O, insanı həqiqətə-özünüdərketməyə aparan yol simvolu kimi hərəkət, yenilənmə və yeni doğuluş ideyasından çıxış edir. "Makqaffin effekti"ni nəzərdə tutaraq, rəssam labirint kontekstindən çıxış edir və əşyanın/hadisənin deyil, prosesin/yolun önəmli olduğunu vurğulayır. Alleqoriya və metaforalar dili ilə danışan instalyasiyalar insan varlığının ən dərin qatlarına baş vuraraq, ikimənalı fikirləri üzə çıxarır. Bu anlayışdan qaynaqlanaraq, rəssamın bəşəriyyət və cəmiyyət, yaranış və varlıq, yaddaş və xatirə, etiqad, siyasi strukturlar, kitç mədəniyyətinə əsaslanan müraciəti və onun istinadlarının əsas ünvanı məhz insanın özüdür.
Sərgi, labirint mövzusunun adaptasiyasından daha çox, onun transformasiyası və ideyasının genişləndirilməsini əks etdirir. Bu "səyahətdə" müxtəlif "alətlərdən" istifadə edərək, rəssam keçmiş və baş verən proseslərdən danışır. Labirintin əsas obrazlarından biri, Krit çarı Minosun qızı – Ariadnanın qırmızı sapına istinadən, rəssam labirint boyunca yönəldici mesajlar yazır. Bu mesajlar sərgidə olan əsərlərin başa düşülməsində köməkçi vasitə və layihə konseptinə tabe olmaq fikirləri kimi səsləndirilir. Avropa dəyərlərini mədəni və mənəvi prizmadan açıqlayaraq, rəssam Şərq fəlsəfi fikri və mifologiyası ilə kəsişən paralellər qurur. Avtobioqrafik elementlərin mövcud olduğu əsərlərdə, rəssam xatirə və yaddaş mövzusuna toxunur. Bu leytmotivi təşkil edən komponentlərə uşaqlıq oyunlarından tutmuş, postsovet ölkəsinin məişətinə qədər olan fraqmentlər aiddir. Yığılmamış pazlın hissələri kimi bu fraqmentlər bütün labirint boyunca səpələnib. "Mən burada olmuşam" kəlməsi isə Ələkbərovun Venesiya Biennalesindəki layihəsini xatırladaraq, həm də lokal xarakterli submədəniyyətlərə istinadıdır.
Sərginin kuratoru Fərəh Ələkbərlidir.
Misirin Hurqada Beynəlxalq Hava Limanı 6 illik fasilədən sonra Rusiyadan 300 nəfərlik ilk turist qrupunu qəbul edib. İki ölkə arasında aviareyslər 2015-ci ilin oktyabrında – Sinay yarımadasında turistləri daşıyan rus təyyarəsinin partladılması və 224 nəfərin həlak olmasından sonra dayandırılmışdı.
AZƏRTAC xəbər verir ki, Misirin Hurqada kurort şəhərində rusiyalı turistləri gül-çiçəklə qarşılayıblar. “EgyptAir” aviaşirkəti Moskvadan turistləri daşımağı öz öhdəsinə götürüb. Aviaşirkətin icraçı direktoru Amr Abul-Eneyin bildirib ki, bu turizm mövsümündə Rusiyadan 10 min 800 turistin Şarm əl-Şeyx və Hurqadaya gəlməsi nəzərdə tutulur. Bundan başqa, aviaşirkət Moskva ilə Qahirə arasında da birbaşa aviareyslər həyata keçiriləcək. Misir paytaxtına 2018-ci ildə bərpa olunan uçuşları Rusiyanın “Aeroflot” aviaşirkəti həyata keçirirdi.
Qırımızı dənizin kurort şəhərlərinə isə turistlərin gedişi Rusiya Prezidenti Vladimir Putinin göstərişindən sonra bərpa olunub.
Ölkəmiz 1992-ci ildən UNESCO-ya üzv qəbul olunub. 1996-cı ildə isə UNESCO ilə Azərbaycan arasında əməkdaşlıq sahəsində memorandum imzalanıb. Həmin vaxtdan etibarən BMT-nin elm, təhsil və mədəniyyət üzrə bu nüfuzlu təşkilatı ilə əlaqələrimiz genişlənməkdədir. Ötən dövr ərzində ölkəmizin 15 qeyri-maddi mədəni irs elementi UNESCO-nun müvafiq siyahısında yer alır. Hazırda da bu istiqamətdə işlər davam etdirilir.
AZƏRTAC Mədəniyyət Nazirliyinə UNESCO-ya qeyri-maddi mədəni irs elementlərimizi təmsil edən hansı yeni nominasiyaları təqdim etməsi ilə əlaqədar sorğu ünvanlayıb.
Həmin sorğuya alınan cavabda deyilir: “UNESCO-ya yeni təqdim edilmiş 1 milli və 3 çoxmillətli nominasiya dosyemizin Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 2022-ci ildə keçiriləcək sessiyasında müzakirəyə çıxarılacağı təsdiqlənib. Beləliklə, komitənin 2022-ci ildə keçiriləcək sessiyasında daha 4 elementin - Türkiyə və Azərbaycanın birgə təqdim etdiyi “Çay mədəniyyəti: kimliyin, qonaqpərvərliyin və sosial təmasın simvolu”; Əfqanıstan, Azərbaycan, İran Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistanın birgə təqdim etdiyi “Baramaçılıq, ipəkçilik və toxuculuq üçün ənənəvi ipək istehsalı”; Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistanın birgə təqdim etdiyi “Molla Nəsrəddin lətifələrinin şifahi ənənəsi” çoxmillətli nominasiya fayllarının və “Pəhləvanlıq, ənənəvi zorxana oyunları və idman növləri” milli nominasiya (Azərbaycan) faylımızın UNESCO Siyahısına salınması məsələsi müzakirə olunacaq”.
Bizimlə Şuşada səfərdə olan dünya şöhrətli müğənni, amerikalı vokalçı Della Milesin Qarabağı, muğamı çox sevdiyini bilirik. O, bir ABŞ vətəndaşı olaraq Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu dünya mətbuatında səsləndirir və bu yolla dünya ictimaiyyəti Ermənistanın işğalçı, terrorçu ölkə olduğunu görür. Biz onunla birlikdə Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Zəfərinə həsr olunmuş "Qarabağ Azərbaycandır!" adlı klipi əvvəlcə Türkiyədə, bu günlərdə isə Azərbaycanda ictimaiyyətə təqdim etdik. Məqsədimiz Azərbaycan həqiqətlərini musiqinin dili ilə dünyaya çatdırmaqdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri xanəndə, Əməkdar artist, tanınmış muğam ifaçısı Qoçaq Əsgərov Şuşaya səfəri çərçivəsində deyib.
Xanəndə diqqətə çatdırıb ki, Della Milesin digər layihə çərçivəsində ifa edəcəyi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Şuşaya həsr olunmuş “Xarıbülbül” şeirinə bəstələnən eyniadlı musiqi əsəri üzərində iş gedir: “Mahnı hələ ki, hazırlıq mərhələsindədir. Ümid edirəm ki, bu layihəmiz də uğurlu olacaq. “Xarıbülbül” musiqi əsərinin müəllifi Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Beynəlxalq müsabiqələr laureatı bəstəkar Tural Məmmədlidir”.
Qoçaq Əsgərov Füzuli rayonundan olduğunu diqqətə çatdıraraq, ermənilərin işğalı nəticəsində 1 milyondan artıq azərbaycanlı kimi onun da uzun illər ata-baba yurduna həsrət qalmasının yanğısından danışıb. Xanəndə əminliklə bildirib ki, dövlətimizin gücü və qüdrəti sayəsində işğaldan azad edilmiş ərazilərdə həyat tezliklə öz əvvəlki axarına qayıdacaq və sakinlər doğma evlərinə dönəcəklər.
"Nisan" filminin bir müddət əvvəl Bakıda başlayan çəkilişləri yekunlaşıb.
Report-un məlumatına görə, bu gün keçirilən mətbuat konfransında filmdən fraqmentlər nümayiş olunub.
İstehsalçısı və təşəbbüskarı Yalçın Çoban, rejissorluğu isə İbrahim Bülbülə məxsus olan layihədə Azərbaycan və Türkiyədən tanınmış isimlər yer alıblar. Türkiyənin məşhur "Kurtlar Vadisi" serialından tanıdığımız Erhan Ufakın (Erhan Güllü) baş rol aldığı filmdə sevənləri Güllü Erhanı tamam fərqli bir xarakterdə görəcəkləri üçün günləri saymağa başlayıblar.
Əslən Makedoniyadan olan Almaniya vətəndaşı Canan Nəzirova filmin digər baş rol aktyorudur. Bildirilib ki, çəkilişlərin ardından Almaniyaya qayıdan Canan Nəzirovanın filmin təqdimat gecəsində yenidən Azərbaycana gələcəyi gözlənilir.
Filmdə Azərbaycanın tanınmış aktyorları Rəşad Kəsəmənli, Murad Abdullayev, Səbuhi Zaman, Şahin İmaməliyev, Elmira Qocayeva, Vurğun Həsənov və Novruz Cəfərov da yer alıblar.
Qeyd edək ki, film Azərbaycanın "Sənət akademiyası" təhsil mərkəzinin və Türkiyənin "Eslem" Film Yapım şirkətinin ortaq layihəsidir.