Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Kəlbəcərdə yollar qardan təmizlənib

    Kəlbəcər rayonunda müxtəlif təyinatlı yollar qardan təmizlənib.

    "Report" bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

    Məlumata görə, qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Kəlbəcərə yağan qar nəticəsində müxtəlif təyinatlı yollarda hərəkətin təhlükəsizliyi və fasiləsizliyində yaranan problemlərin aradan qaldırılması üçün tədbirlər görülüb, yollar qardan təmizlənib. Bütün yollar boyu təhlükəsiz və fasiləsiz hərəkət təmin olunub.

  • Milli Kitabxanada “Məhəmməd Əmin Rəsulzadə-140” adlı virtual və eyniadlı ənənəvi sərgi hazırlanıb

    Bu il görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi tamam olur. Bununla bağlı Milli Kitabxananın əməkdaşları tərəfindən “Məhəmməd Əmin Rəsulzadə-140” adlı virtual və eyniadlı ənənəvi sərgi hazırlanıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Prezident İlham Əliyevin Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında Sərəncamı, fotolar, dövri mətbuat səhifələrində onun haqqında dərc olunan məqalələr, müəllifi olduğu kitablar, haqqında yazılan kitablar, ənənəvi sərgidə isə Milli Kitabxananın fondunda mühafizə olunan əsərləri, ictimai-siyasi fəaliyyəti ilə bağlı ədəbiyyatlar Azərbaycan və digər dillərdə nümayiş olunur.

    Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Mehemmed_Emin_Resulzade_140/index.htm linkindən istifadə edə bilər.

    Ənənəvi sərgi 1 həftə davam edəcək.

    Məhəmməd Əmin Rəsulzadə XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Onun istiqlal məfkurəsi öz mənbəyini doğma xalqının çoxəsrlik yaddaşında kök salmış milli azadlıq düşüncəsindən alırdı. Məhəmməd Əmin Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur. Uzun illər ərzində mühacirətdə də o, müstəqil Azərbaycan arzusu ilə yaşamış və mübarizə aparmışdır.

    XX yüzilliyin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan xalqı, M.Ə.Rəsulzadənin də inandığı kimi, milli bayrağın torpaqlara deyil, millətin vicdanına enmiş olduğunu, hər kəsin bu bayrağı ruhunda, qəlbində və bağrında mühafizə etməkdə olduğunu sübut etdi.

  • Gənclər Gününə həsr edilmiş tədbir - Vətənimizin igid gəncləri

    Yanvarın 30-da Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Vətənimizin igid gəncləri” adlı tədbir keçirilib.

    AZƏRTAC xəbər verir ki, əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbirdə çıxış edən Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova Azərbaycanda gənclərin inkişafında göstərilən hərtərəfli dəstəkdən söhbət açıb. O, şanlı Qələbəmizin əldə olunmasında gənclərin göstərdiyi böyük qəhrəmanlıqlardan danışaraq onların döyüş yolunun gənclər üçün əsl vətənpərvərlik örnəyi olduğunu söyləyib.

    Tədbirdə İkinci Qarabağ müharibəsinin qaziləri, beynəlxalq müsabiqələr laureatı, tarzən Fərid Atazadə və xanəndə Məbud Əhmədov çıxış edərək keçdikləri döyüş yolu və sənət uğurlarından danışıblar. Həmçinin onlar musiqi nömrələri ilə çıxış ediblər.

    Sonda Fərid Atazadə və Məbud Əhmədovun ifalarının yer aldığı fotolardan ibarət videoçarx nümayiş olunub.

  • CineDOC festivalı məktəblərdə nümayiş proqramını həyata keçirir

    CineDOC – Tbilisi Beynəlxalq Sənədli Filmlər Festivalı “CineDOC-məktəbdə nümayiş” proqramını həyata keçirir. Bu ildən proqrama Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) da qoşulub.

    İttifaqdan AZƏRTAC-a bildirilib ki, birgə əməkdaşlıq çərçivəsində ilk film nümayişi 2 nömrəli internat məktəbində I-IX siniflər üçün həyata keçirilib.

    Şagirdlərə rejissor Vaqif Behbudovun, Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkdiyi “Başlanğıc” animasiya filmi təqdim olunub.

    Bu cür nümayişlərin əsas məqsədi, məktəbliləri digər ölkələrin mədəniyyəti və incəsənəti ilə tanış etmək, onlarda film zövqünü və müzakirə etikasını formalaşdırmaqdır. Bu işə məsul şəxslər AKİ-nin əməkdaşları Afaq Yusifli və Ülviyyə Əhmədovadır. İl ərzində davam edən proqramda Bakı ilə yanaşı, digər bölgələrdə də film nümayişləri nəzərdə tutulub.

  • “İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində

    Dövlət Tərcümə Mərkəzi yeni nəşrini – zəngin ədəbi ənənəli İsveç ədəbiyyatının seçmə nümunələrinin toplandığı “İsveç nəsr antologiyası” kitabını ərsəyə gətirib.

    Mərkəzdən AZƏRTAC-a bildirilib ki, İsveç nəsrinin Avqust Strindberq, Ernst Alqren, Selma Lagerlöf, Verner Fon Heydenstam, Per Hallström, Yalmar Syöderberq, Albert Enqström, Yalmar Berqman, Dan Anderson, Per Lagerkvist, Vilhelm Muberq, Eyvind Yonson, Harri Martinson, Lüdviq Nordström, Artur Lundkvist, Astrid Lindqren, İnqmar Berqman, Stiq Dagerman, Tumas Tranströmer, Ulf Stark, Marqareta Ekström, Eva Qabrielsson, Niklas Rodström, Stiq Larsson, Oke Edvardson, İnger Edelfeldt, Tove Alsterdal, Sesilya Davidson, Melker İnqe Qaray kimi dünyaşöhrətli yazıçılarının və müasir müəlliflərinin əsərlərinin daxil edildiyi nəfis tərtibatlı kitabın layihə rəhbəri Xalq yazıçısı Afaq Məsud, “Ön söz”ünün müəllifi, yazıçı Etimad Başkeçid, əsərlərin tərcümə müəllifləri – tanınmış yazıçı və bədii tərcümə ustaları – Saday Budaqlı, Nəriman Əbdülrəhmanlı, Etimad Başkeçid, Bəhlul Abbasov, İlqar Əlfi, Mahir Qarayev, Səməd Qaraçöp, Rəbiqə Nazimqızı, Şəfiqə Şəfa, Selcan Məmmədli, redaktoru Mahir Qarayevdir.

    Kitabı yaxın günlərdə “Libraff”, “Kitabevim.az”, “Akademkitab”, “Akademiya”, “Baku Book Centre”, “Çıraq”, Prezident Administrasiyasının İşlər İdarəsinin Kitab Evi və digər kitab evi mağazalarından əldə etmək olar.

  • Filarmoniyada Dövlət Simfonik Orkestrinin konserti olub

    М.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçirilib.

    Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, dirijor Mustafa Mehmandarovun rəhbərliyi, Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solist Nicat Məmmədov öz ifasını dinləyicilərə təqdim edib.

    Konsertdə Maurice Ravelin “Ma mère l'oye” Süitası, Joaquín Rodrigonun Fleyta və orkestr üçün Konsert-pastoral (Bakıda ilk ifa), Manuel de Fallanın “El sombrero de tres picos”, 2 saylı Süitası (Bakıda ilk ifa) səslənib.

  • Milli Kitabxana “Əli Tudə - 100” adlı virtual sərgi hazırlayıb

    Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən tanınmış şair, ictimai xadim Əli Tudənin 100 illik yubileyi münasibətilə virtual sərgi hazırlanıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, “Əli Tudə - 100” adlı virtual sərgidə dövri mətbuat səhifələrində tanınmış şair barədə dərc olunan məqalələr, müəllifi olduğu və haqqında yazılan kitablar nümayiş olunur.

    Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Eli_Tude_100/index.htm linkindən istifadə edə bilərlər.

    Qeyd edək ki, Əli Tudə 1924-cü il yanvarın 31-də Bakı şəhərində anadan olub. Uşaq yaşlarında valideynlərini itirən şair nənəsinin himayəsində böyüyüb. 13 yaşı olanda Əlinin şeirləri qəzetlərdə çap olunub. Ancaq bu sevincin ömrü uzun çəkmir. Ötən əsrin 30-cu illərindən başlayan qanlı repressiyalar onların da talelərini, yollarını dəyişir. Əli nənəsi ilə birlikdə İrana sürgün olunur. Mühacir həyatı onun tale payı olur.

    1940-cı illərdə İranda başlanan milli azadlıq hərəkatı Əlinin həyatında yeni bir səhifə açır. Şair milli ruhda yazdığı şeirləri ilə xalqı mübarizəyə səsləyirdi.

    Bundan əlavə, Əli Tudə İran tarixində ilk dəfə olaraq Təbrizdə Milli Filarmoniya yaradıb. O, “Öz gözlərimlə” kitabında yazıb: “Bu təkcə Təbrizdə deyil, bütün İranda açılan ilk filarmoniya idi”.

    Mənim qibləm Vətəndir - deyən şair ayrılığın həsrətini köksündə gəzdirib və bütün yaradıcılığı boyu Vətən, Cənub həsrəti mövzusuna sadiq qalıb. “Cənub nəğmələri”, “Məhbusların son sözü”, “Arazın o tayında”, “Qəzəb”, “Təbriz yolu”, “Mühacir qeyrəti”, “Mənim səsim”, “Yarımçıq dastan” - bir sözlə, 40-dan çox kitabın müəllifi kimi ədəbiyyat tariximizdə yer aldı.

  • Balet sənətinin sönməz ulduzu – Leyla Vəkilova

    Bu gün görkəmli balerina Leyla Vəkilovanın doğum günüdür

    Bir zaman səhnədə Qu quşu obrazını canlandıranda, zərif bədəninin plastika imkanlarından məharətlə istifadə edərək bütöv bir əfsanəni auditoriyaya çatdıranda, sənətsevərlərə və pərəstişkarlarına ülvi hisslər aşılayanda, ağlına belə gətirməzdi ki, vaxt gələcək, o da öz sənəti ilə insanların qəlbində əfsanəyə çevriləcək. Rəqsin, baletin uşaq vaxtından vurğunu olan bu gözəl qız səhnədə yaratdığı obrazlara bütün ruhunu verir, tamaşaçıları öz qəhrəmanının arzusuna, sevincinə, kədərinə şərik etməyi bacarırdı...

    AZƏRTAC xəbər verir ki, bu gün SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Leyla Vəkilovanın anadan olmasının 97-ci ildönümü tamam olur.

    Leyla Vəkilova 1927-ci il yanvarın 29-da Bakıda dünyaya göz açıb. Xoreoqrafiya məktəbində böyük sənətkar Qəmər Almaszadədən sənətin incəliklərini öyrənib, 1943-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasına solist qəbul edilib. İxtisasını təkmilləşdirmək məqsədilə 1945-1946-cı illərdə Moskva Xoreoqrafiya Məktəbində xüsusi kurs keçib, Bakıya qayıtdıqdan sonra Opera və Balet Teatrının aparıcı balet aktrisası kimi çalışıb.

    Leyla Vəkilova müxtəlif illərdə A.Adamın “Jizel”, R.Qlierin “Qırmızı lalə”, P.Çaykovskinin “Sonalar gölü”, “Yatmış gözəl”, “Şelkunçik”, L.Minkusun “Don Kixot”, A.Kreynin “Laurensiya”, B.Zeydmanın “Qızıl açar”, B.Asafyevin “Bağçasaray fəvvarəsi”, Ə.Bədəlbəylinin “Qız qalası”, Q.Qarayevin “Yeddi gözəl”, “İldırımlı yollarla”, S.Hacıbəyovun “Gülşən” və digər baletlərdə yaddaqalan obrazlar yaradıb.

    Sənətkar klassik balet elementləri və milli rəqs hərəkətlərimizi ustalıqla birləşdirərək uğurlu ifa təqdim edib. Yüksək səhnə mədəniyyəti, ifa texnikası və artistizm onun yaradıcılığının başlıca xüsusiyyətlərindən olub.

    Leyla Vəkilovanın ifası emosionallığı, zərifliyi, coşqunluğu, çevikliyi ilə seçilirdi. Psixoloji məzmuna malik hərəkətləri sanki dil açıb danışırdı. Ə.Bədəlbəylinin “Qız qalası”nda böyük məharətlə oynadığı Gülyanaq insanlara həyatsevərlik, paklıq aşılayırdı. A.Məlikovun “Məhəbbət əfsanəsi” baletində canlandırdığı Şirin obrazı tamaşaçıların qarşısında dərin məhəbbət hisslərindən pərvazlanan insan idi. Ə.Abbasov “Qaraca qız” baletini məhz Leyla Vəkilova üçün yazıb. Bu əsərin xoreoqrafiyası balerinanın yaradıcılıq diapazonu üçün nəzərdə tutulmuşdu. Q.Qarayevin “Yeddi gözəl”indəki Ayişə surəti isə sənətkarın milli balet səhnəsində uzun müddət liderliyini təmin edib.

    Leyla Vəkilovanın səhnə qəhrəmanları müxtəlif dövrlərə və sosial təbəqəyə mənsub olsalar da, onları məhəbbətə bağlılıq və sadiqlik kimi ümumi cəhət birləşdirib. Balerinanı isə qəhrəmanlarına bağlayan onun sənətinə olan böyük sevgisi və sadiqliyi idi. Odur ki, sənətkarın yaratdığı obrazlar mükəmməl bədii-xoreoqrafik surətlər kimi balet sənətimizin incilərindəndir.

    Görkəmli balerina keçmiş SSRİ-nin respublikalarında, eləcə də dünyanın bir çox ölkələrində ifaçı və baletmeyster kimi qastrol səfərlərində olub. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə balerina “Qız qalası”, “Yeddi gözəl” və “Gülşən” əsərlərində baş rollarda çıxış edib. L.Vəkilovanın Moskva çıxışları azərbaycanlı balerinanın “ulduz saatı” adlandırılıb.

    Balet ustası 1953-cü ildən ömrünün sonunadək Bakı Xoreoqrafiya Məktəbində klassik rəqslər fənnini tədris edib və 1992-ci ildən bu təhsil ocağının bədii rəhbəri olub. O, həmçinin 1976-1982-ci illərdə Azərbaycan Dövlət Rəqs Ansamblına rəhbərlik edib.

    Leyla Vəkilovanın yaradıcılığı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilib. Balerinanın 70 illik yubiley tədbirində Ulu Öndər şəxsən iştirak edib.

    Görkəmli balet ustası Leyla Vəkilova 1999-cu il fevralın 20-də Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub.

    Bu gün də biz Leyla Vəkilovanın oynadığı baletlərdən fraqmentlərə baxanda xəyallarımızda dolaşan qəhrəmanlarımızı görür, onların saf hisslərinin təcəssümündən qəlbimiz riqqətə gəlir. İnamla deyə bilərik ki, balerinanın ifası öz ecazkarlığı ilə sənət aləmində bir əfsanəyə çevrilib. Hələ neçə-neçə nəsil bu incəsənət əfsanəsinin zəngin yaradıcılıq yolu ilə tanış olacaq, sənətdə ona bənzəməyə çalışacaq.

  • “Hədis” qısametrajlı animasiya filmi beynəlxalq festivalın qalibi olub

    “Hədis” qısametrajlı animasiya filmi 14-cü Paris Beynəlxalq Animasiya Film Festivalının (PIAFF, Paris International Animation Film Festival) “Tamaşaçı mükafatı”nı (“Audience Award”) qazanıb.

    Bu barədə AZƏRTAC-a filmin prodüseri Rəşid Ağamalıyev məlumat verib.

    Filmin premyerası dünyanın ən böyük animasiya festivalı olan Annecy Beynəlxalq Animasiya Filmləri Festivalında olub. “Hədis” 38 beynəlxalq festivala qəbul olunub ki, bu festivallardan dördü – Annecy, Busan, Animest və İzmir “Oscar” kvalifikasiyalı festivallardır. Film Türkiyə, Almaniya, İtaliya, Fransa, Qazaxıstan, Gürcüstan, Azərbaycan beynəlxalq kino festivallarında mükafatlar qazanıb.

    “Hədis” qısametrajlı animasiya filmi 2022-ci ilin sentyabrın 21-ində İranda etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilmiş 22 yaşlı Azərbaycan türkü Hədis Nəcəfiyə həsr olunub.

    Filmin rejissoru Nəzrin Ağamalıyeva, prodüseri Rəşid Ağamalıyev, ssenari müəllifləri İsmayıl İman və Nəzrin Ağamalıyeva, məsləhətçisi Məsud Pənahidir.

    “Animafilm studio”sunun istehsal etdiyi “Hədis” filmi “Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Mərkəzi”nin maliyyə və ideya dəstəyilə çəkilib. Azərbaycan Animasiya Assosiasiyası, “Əkinçi” platforması və “Skwigly” onlayn animasiya jurnalı filmə media dəstəyi verib.

  • Gənc Tamaşaçılar Teatrı fevral repertuarını açıqlayıb

    Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı fevralda maraqlı səhnə əsərləri ilə çıxış edəcək.

    2 fevral- “Balaca kişilər”

    3 fevral- “Buratinonun macəraları”, “Yarımçıq qalmış”

    4 fevral- “Çirkin ördək balası”, “Mehmanxana sahibəsi”

    9 fevral- “Dəlinin qeydləri”

    10 fevral- “Qızıl balıq”, “Dəli yığıncağı”

    11 fevral- “Qulliver cırtdanlar ölkəsində”, “Şeyx Sənan”

    16 fevral- “İstədiyim kimi yaşamışam”

    17 fevral- “Qoğalın sərgüzəştləri”, “Leyli və Məcnun”

    18 fevral- “Tıq-tıq xanım”, “Antiqona”

    24 fevral- “Kod adı V.X.A”

    25 fevral- “Şən Elf və Cadugər”.