Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Bu gün görkəmli şair və publisist Səməd Mənsurun doğum günüdür

    Yanvarın 31-i Səməd Mənsurun doğum günüdür.

    AZƏRTAC xəbər verir ki, bu gün görkəmli şair və publisist Səməd Mənsurun anadan olmasının 145-ci ili tamam olur.

    Səməd Hacı Əhməd oğlu Kazımov 1879-cu ildə Bakıda doğulub. O, rus-müsəlman məktəbində təhsil alıb, rus, ərəb və fars dillərini mükəmməl bilib. Bir müddət Bakıda “Səfa” Mədəni-Maarif Cəmiyyətinin məktəbində müəllim işləyib. Klassik ədəbiyyatın bilicilərindən olan Səməd Kazımov “Bəsirət”, “İqbal”, “Tuti”, “Molla Nəsrəddin” və digər mətbuat orqanlarında “Mənsur”, “Səməd Mənsur” təxəllüsü ilə şeirlər yazıb. Onun şairlik fəaliyyəti satirik və lirik istiqamətdə olub.

    Yaradıcılığının birinci dövründə, yəni 1918-ci ilin əvvəlinə qədər şair klassik şeirlərlə yanaşı, əsasən, satirik əsərlər yazıb, ictimai bəlaları tənqid edib. Satiralarından birində yoxsulluq ucundan həkimə gedə bilməyən xəstələrin şikayətini onların dilindən qələmə alıb:

    Nə cibimdə parə, nə evdə çörək var, ey həkim!

    Nəbzimi bihudə sıxma, çəkmə azar, ey həkim!

    Səməd Mənsur yaradıcılığının ikinci dövrü 1918-1920-ci illərə təsadüf edir. Şair Azərbaycan Xalq Cümhuriyyəti dövründə daha məhsuldar işləyib. Bu dövrdə “Zənbur” və “Şeypur” satirik jurnallarının ərsəyə gəlməsində onun daha çox əməyi olub. Poeziyamızın qızıl fonduna daxil edilən “Naz et”, “Sən mənim olsan”, “Həpsi rəngdir” və digər əsərlərini yazıb. Ona daha çox şöhrət qazandıran "Həpsi rəngdir" müxəmməsidir. Yaşadığı mühitdə riyakarlar, məsləksizlər arasında sənətkar sanki üsyan qaldırır, "Tapmadım aləmdə bir həmdəm ki, olsun biriya" deyə fəryad edirdi:

    Nəfsi uğrunda görürsə hər bəla, hər macəra,

    “Məslək”ə isnad edər, məslək, dəyanət rəngdir.

    Milli azadlıq, milli mənlik, ana dili məsələləri Səməd Mənsurun yaradıcılığının ana xəttini təşkil edir. Ədib “Şeypur”da dərc etdirdiyi “Ziyalılarımız” sərlövhəli silsilə felyetonlarından birində ana dilini bəyənməyən “ziyalıları” “ruslaşdırma” siyasətindən uzaq olmağa çağırıb: “...İndi mənə deyirlər ki, hökumət müsəlmandır, gərək uşaqlar türk dili danışsınlar. Canım, sən özün yaxşı görürsən ki, burada türk dili bilən biçarələri heç qapıdan içəri qoymurlar ki, gedib dərdlərini öz köhnə ağalarına ərz eləsinlər. Sən özün görürsən ki, tamam böyüklərimiz də hələ sənin uşaqların kimi vaspitannıy adamlardı. Ağızlarının əyilməyindən qorxub, türk dili öyrənməyiblər".

    Şairin yaradıcılığının üçüncü - sonuncu dövrü 1920-1926-cı illəri əhatə edir. Bu dövrdə daha çox pyeslər (“Maarif”, “Cinayət”, “Dərviş” və digər əsərləri) yazmağa üstünlük verib.

    Səməd Mənsurun milli teatr tariximizdə də özünəməxsus yeri var. “Səfa” Cəmiyyətinin teatr bölməsinin rəhbərlərindən biri olan Səməd Mənsur truppanın aktyor heyətinin təkmilləşməsində, repertuar siyasətinin formalaşmasında mühüm işlər görüb. O, “Nicat” Cəmiyyətinin truppasında, “Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyli qardaşlarının müdiriyyəti” teatr dəstəsinin tamaşalarında da müxtəlif xarakterli obrazlar yaradıb.

    1920-ci ildən sonra baş verən siyasi hadisələr, milli azadlığın, müstəqilliyin boğulması şairə olduqca pis təsir edib. Xalqına edilən zülm, təhqir onun mənəvi və ruhi sarsıntılarına səbəb olub. Dövrün haqsızlıqlarına, bəzi insanların məsləksizliyinə dözə bilməyən Səməd Mənsur 1927-ci ildə vəfat edib.

    Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra görkəmli maarifçi, şair və publisist Səməd Mənsurun da xatirəsinin əbədiləşdirilməsi istiqamətində xeyli işlər görülüb. Onun əsərləri latın qrafikasında çap edilib, Suraxanı rayonunda xatirə lövhəsi açılıb.

  • Qobelen ustası: Vətənimiz Azərbaycan tarixi yaradıcılığımda həmişə ön planda olub

    Qobelen Azərbaycanda 70-80 illik tarixə malik bir sənətdir. Hiss və duyğuların ifadə olunduğu bu sənət çətinliklə ərsəyə gəlir.

    Bu sözləri AZƏRTAC-a müsahibəsində Əməkdar rəssam, qobelen ustası Adil Şıxəliyev deyib.

    Əlli ildir yaradıcılıqla məşğul olan rəssam dövlət səviyyəsində keçirilən tədbirlərdə öz əsərləri ilə fəal iştirak etdiyini söyləyib: “Yaradıcılığımı sırf Azərbaycana həsr etmişəm. Zamanın sınaqlarından üzüağ çıxmağı bacaran Vətənimiz Azərbaycan tarixi yaradıcılığımda həmişə ön planda olub. “Odlar yurdu”, “Simurq quşu”, “Qarabağdan məktub”, “Fəryad” adlı əsərlərimin hər biri tarixi hadisələrlə bağlıdır”.

  • Milli Kitabxana “Səməd Mənsur-145” və “Əli Tudə-100” adlı ənənəvi kitab sərgiləri açılıb

    Azərbaycan Milli Kitabxanasında görkəmli şair, publisist Səməd Mənsurun anadan olmasının 145 illiyi və Əməkdar incəsənət xadimi Əli Tudənin 100 illiyi münasibətilə ənənəvi kitab sərgisi təşkil edilib.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, XX əsrin əvvəllərində Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən sayılan Səməd Mənsur özünəməxsus bədii üslubu, kəsərli tənqidi, ictimai həyata fəal, cəsarətli müdaxiləsi ilə tanınan sənətkarlardan olub. O, istedadlı şair, həvəskar aktyor, bacarıqlı tərcüməçi, ictimai xadim kimi fəaliyyət göstərib, milli mədəniyyətin inkişafı yolunda aramsız çalışıb. Lirik və satirik əsərləri, bədii publisistikası onun ictimai, fəlsəfi görüşlərinin ifadəsi, mənalı, məzmunlu həyatının ədəbi səhifələridir.

    Səməd Mənsurun yaradıcılığı onun şəxsiyyəti ilə sıx bağlı idi. İctimai gerçəkliyə ədəbi münasibəti şairin həyatdakı mövqeyindən fərqlənmirdi. O, əsərlərində də, həyatda da həqiqət tərəfdarı kimi çıxış edib.

    Əli Tudə Cənubi Azərbaycan Demokratik ədəbiyyatının yaradıcılarından biridir. İctimai-siyasi fəaliyyəti ilə bərabər şair öz qələminin qüdrətindən inqilabın nailiyyətlərinin qorunub saxlanılması üçün ustalıqla istifadə edib. Yaradıcılığını, yüksək əqidəsini, mütərəqqi fikirlərini mübarizə yollarında məşələ çevirən Əliyə Təbrizin şairlər məclisində müdriklər tərəfindən “Tudə”, yəni Xalq təxəllüsü verilib. Milli hökumət onu ali mükafat “21 Azər” medalı ilə təltif edib.

    Sərgidə görkəmli şairlərin əsərləri, həyat və yaradıcılığından bəhs edən, Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayış olunur.

    Sərgilər 1 həftə davam edəcək.

  • Azəraycanın işğaldan azad edilmiş ərazilərində 3 avtomobil yolunun yenidən qurulmasına başlanılacaq

    2024-cü ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ağdam-Əsgəran-Xocalı-Xankəndi-Şuşa (34 km), Tərtər-Ağdərə (24,2 km) və Füzuli- Xocavənd-Ağdam (55,7 km) avtomobil yollarının yenidən qurulmasına start veriləcəyi planlaşdırılır.

    "Report" Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, bunu qurumun İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib.

    Müzəffər Ali Baş Komandan, prezident İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün tam bərpa olunduğu 2023-cü ilin ölkəmizin tarixində bütün sahələrdə nailiyyətlər ili kimi qalacağı və bu tarixi qələbə ilə böyük hərflərlə yeni bir tarix yazan Azərbaycanın 30 ildən çox bir müddət ərzində işğalda qalan Ağdərə, Sərsəng su anbarı, Xocalı, Əsgəran, Xankəndi, Xocavənd, Şuşanın Malıbəyli kəndi, Kərkicahan qəsəbəsi və bu ərazilərdəki avtomobil yollarının işğaldan azad edildiyini qeyd edən S.Məmmədov bildirilib ki, Prezidentin Sərəncamları ilə 2023-cü ildə Suqovuşan–Sərsəng su anbarı–Qozlukörpü–Kəlbəcər (uzunluğu 80 km), Ağdərə–Ağdam (35,5 km), Bərdə–Ağdam avtomobil yolunun 40-cı kilometrini Əsgəran qəsəbəsi ilə birləşdirən yol (18 km) və Şuşa-Laçın (41 km) avtomobil yollarının yenidən qurulmasına da artıq başlanılıb.

    O, həmçinin deyib ki, 44 günlük Vətən müharibəsində qazandığımız qələbə Azərbaycanda yol-nəqliyyat məsələləri ilə bağlı vəzifələri, hədəfləri də yeniləyib. Milli prioritetə çevrilən azad olunmuş torpaqlarımızın bərpası çərçivəsində icra olunan infrastruktur layihələrinin mühüm qismi Qarabağ və Şərqi Zəngəzurda avtomobil yollarının bərpasını əhatə edir və Agentlik bu işdə ilk gündən dövlət başçısının qarşıya qoyduğu vəzifələri vaxtında və keyfiyyətlə icra etmək üçün əzmlə çalışır.

  • “Solğun çiçəklər” yenidən Şuşa Teatrının səhnəsində

    Fevralın 2-də Şuşa Dövlət Musiqili Teatrında görkəmli dramaturq Cəfər Cabbarlının “Solğun çiçəklər” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq.

    Teatrdan AZƏRTAC-a bildirib ki, tamaşa teatrın rejissoru Lalə Şirinovanın quruluşunda hazırlanıb.

    Dəfələrlə teatrlarımızın yaradıcı kollektivləri tərəfindən səhnəyə qoyulan “Solğun çiçəklər” əsəri Cəfər Cabbarlının istedadı və gərgin əməyi ilə milli dramaturgiyamıza yeni ovqat, forma, məzmun və yeni keyfiyyətlər gətirdiyini bir daha sübuta yetirir. Bütün bunlar görkəmli dramaturqun ailə-məişət mövzusunda yazdığı ilk sentimental melodramatik əsərində özünəməxsusluğu, ayrıca bir fərdə və insanlar arasındakı münasibətlərə xüsusi görmə bucağından yanaşmasını önə çəkir.

    Cəfər Cabbarlının "Solğun çiçəklər" əsəri Saranın əmisi oğluna olan saf məhəbbətindən və Saranın analığı olan Gülnisənin cinayətindən bəhs edir. Gülnisə Saranın atasını zəhərləməklə kifayətlənməyib onun bütün var dövlətini də ələ keçirmək istəyir. Bütün bu işlərin üstü açılmasın deyə Bəhramı Saradan ayırıb öz doğma qızıyla evləndirir. Nəticədə Sara vəfasızlığın qurbanı olur.

    Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

  • İncəsənət məktəbində görkəmli Norveç bəstəkarı Edvard Qriqə həsr olunmuş konsert təşkil edilib

    Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində görkəmli Norveç bəstəkarı, pianoçu, dirijor Edvard Qriqə həsr olunmuş konsert keçirilib.

    AZƏRTAC xəbər verir ki, tədbirin təşkilatçısı və aparıcısı məktəbin fortepiano ixtisası üzrə müəllimi, Respublika və Beynəlxalq müsabiqələr laureatı Nigar Heydərli bəstəkarın həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Bildirib ki, bəstəkarın musiqi tarixinə Norveç musiqisi ilk klassik kimi daxil olub.

    Tədbirdə bəstəkarın “Dağ kralının mağarasında ”, “Norveç rəqsi”, “Halling”, “Ad günü”, “Elflərin rəqsi” kimi əsərlər məktəbin müəllim və şagirdlərinin ifalarında səslənib.

    Tədbirin sonunda məktəbin direktoru, Əməkdar artist, dosent Əziz Qarayusifli tədbirin aparıcısına və iştirakçılarına təşəkkür edib.

  • Mədəniyyət naziri Salyanda vətəndaşları qəbul edəcək

    Mədəniyyət naziri Adil Kərimli fevralın 23-də Salyan rayonu Heydər Əliyev Mərkəzində (Ünvan: Salyan şəhəri, Təbriz Xəlilbəyli küçəsi, 136) Salyan, Şirvan, Hacıqabul, Biləsuvar və Neftçaladan olan vətəndaşları qəbul edəcək.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, vətəndaşlar fevralın 19-dək Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin shirvan-salyan@culture.gov.az elektron poçt ünvanı və (025) 295-15-82 telefon nömrəsi ilə müraciət etməklə qəbula yazıla bilərlər.

  • Əmir Üskülü: “Kolleksiyamın şah əsəri olan 13 nadir xalçanı Azərbaycana hədiyyə edəcəm”

    Kolleksiyamın şah əsəri olan 13 nadir Azərbaycan xalçasını Azərbaycan dövlətinə hədiyyə etməyə qərar vermişəm. Qoy gənclər muzeydə sərgilənəcək bu əsərləri yaxından görərək öz əcdadlarının qədim tarixini öyrənsinlər.

    Bunu “Report”un ABŞ bürosuna müsahibəsində əslən Güney Azərbaycanda olan, hazırda ABŞ-də qədim Azərbaycan xalçalarından ibarət şəxsi kolleksiya yaradan Əmir Üskülü deyib.

    Onun sözlərinə görə, məsələ ilə bağlı əvvəllər Azərbaycan Mədəniyyət Nazirliyi ilə əlaqə yaradıb, həm xalçalar barədə məlumat verib, həm də reallaşdırmaq istədiyi layihələri təqdim edib.

    “Ümid edirəm ki, sizin vasitənizlə Azərbaycanda birbaşa bu işlərlə məşğul olan məsul şəxslərlə əlaqə qura biləcəyəm, onlar məni tanıyacaqlar və səsimi eşidəcəklər. Bu arzular mənim könlümdən gəlir və Vətənə olan böyük sevgidən qaynaqlanır. Döyünən ürəyim olan Azərbaycanın yaxın gələcəkdə mənə və xalçalarıma qucaq açacağına ümidim sonsuzdur”, - Ə.Üskülü vurğulayıb.

    Qeyd edək ki, ABŞ-nin Nyu-York şəhərində Səfəvilər dövründə toxunulmuş və günümüzə qədər qorunub saxlanılmış nadir Azərbaycan xalçaları nümayiş olunur. “Azərbaycan Xalça Ehtişamı: Antik Toxuculuqda Səfəvi Xəzinələri” adlı sərgi Azərbaycanın ABŞ-dəki səfirliyi və Vaşinqtonda fəaliyyət göstərən ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) birgə təşkilatçılığı, Nyu-Yorkdakı “Türk Evi”nin ev sahibliyi ilə baş tutub.

    Ə.Üskülünün geniş müsahibəsini buradan oxuya bilərsiniz.

  • Naxçıvan mədəniyyət müəssisələrində rəhbər və ümumi vəzifələrə işə qəbul müsabiqəsi elan edilib

    Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən mədəniyyət müəssisələrində bir sıra rəhbər və ümumi vəzifələrə işə qəbul üçün müsabiqə elan edir.

    Nazirlikdən "Report"un yerli bürosuna verilən məlumata görə, müsabiqəyə sənəd qəbulu 29 yanvar 2024-cü il tarixdən 19 fevral 2024-cü il tarixinədək həyata keçiriləcək.

    Müsabiqədə ali və ya orta ixtisas təhsili müəssisəsini bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom), yaxud ali və ya orta ixtisas təhsili müəssisəsini bitirmə haqqında sənəd (arayış) almış, xarici ölkədə aldığı təhsil sənədi qanunvericiliklə müəyyən edilmiş qaydada tanınmış Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

    Müsabiqə sənədlərin qəbulu və müsahibədən ibarət olmaqla iki mərhələdə təşkil olunur. Müsabiqədə iştirak edəcək namizədlər yuxarıda qeyd olunan tarixlərdə müvafiq sənədləri (şəxsiyyət vəsiqəsinin surəti, dövlət nümunəli təhsil sənədinin (diplomun) və ya ali və ya orta ixtisas təhsili müəssisəsini bitirmə haqqında sənədin (arayışın) surəti, əmək kitabçasının surəti (zərurət olarsa), 2 ədəd 3x4 ölçüdə fotoşəkil) Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinə təqdim etməlidirlər.

    Namizədlər mədəniyyət müəssisələrində bir sıra rəhbər və ümumi vəzifələrə işə qəbul üzrə müvəqqəti qaydalar, vakant yerlər, vəzifə təlimatları və müsahibə proqramları ilə nazirliyin nculture.gov.az saytından tanış ola bilərlər.

  • Azərbaycan kosmik bilik məhsullarının ixracına başlayıb

    Kosmosda orbital mövqeyə malik Azərbaycan beynəlxalq kosmik bazarda təkcə peyk xidmətlərini deyil, həm də qazandığı bilik və təcrübəni kommersiyalaşdırır.

    "Report" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

    Məlumata görə, nazirlik yanında Kosmik Agentlik ("Azərkosmos") intellektual məhsulunu - radiotezliklərin idarəolunması üzrə təlim və konsultasiya proqramını Bəhreynin “Telekommunikasiya üzrə Tənzimləmə Qurumu”na təqdim edib. Paytaxt Manamada keçirilən 10 günlük proqram radiotezliklərin idarə edilməsi metodları, peyk və yerüstü stansiyaların qeydiyyata alınması üçün ərizələrin hazırlanması, peyk şəbəkələri arasındakı interferensiyanın təhlili və aradan qaldırılması, həmçinin bu istiqamətdə beynəlxalq qanun və hüquqi normalar kimi mövzuları əhatə edib. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

    "Azərkosmos" radiotezliklərin idarəolunması üzrə beynəlxalq səviyyədə koordinasiyanın düzgün və strukturlu aparılması məqsədilə yaratdığı bu bilik məhsulunun Afrika, Mərkəzi Asiya, Yaxın Şərqdə kosmos sahəsi üzrə inkişaf etməkdə olan ölkələrə ixracını davam etdirəcək.

    Radiotezliklər radio və televiziya yayımı, mobil-telefoniya, genişzolaqlı rabitə, aviasiya və dəniz naviqasiyası, peyk şəbəkələrinin koordinasiyası kimi müxtəlif simsiz rabitə formaları üçün istifadə olunan qiymətli və məhdud resursdur. İstənilən radiotezlik xidmətlərində tezlik resurslarının məqsədli istifadəsi və koordinasiyasının aparılması Beynəlxalq Telekommunikasiya İttifaqının təsdiq etdiyi qanunvericilik çərçivəsində tənzimlənir.