İspaniyanın “MAPFRE” Fondu yeni layihə ilə çıxış edən fotoqraflar üçün müsabiqə elan edib.
Müsabiqəyə təqdim ediləcək işlər başqa oxşar müsabiqələrə təqdim olunmamalıdır.
Xüsusi təyin edilmiş mövzu yoxdur, ancaq sənədli fotoqrafiya ənənəsini əks etdirən müraciətlərə üstünlük veriləcək.
Qalibə seçilmiş layihəni həyata keçirmək üçün 25 min avro məbləğində mükafat veriləcək.
Pul mükafatına əlavə olaraq MAPFRE Fondu qalib gələn fotoqrafın əsərlərini nümayiş etdirmək üçün 2023-cü ilin fevralında Fondun Barselonadakı “KBr Fotoqrafiya Mərkəzində” sərgi təşkil edəcək.
Əlavə məlumat əldə etmək istəyənlər https://kbr.fundacionmapfre.org/en/kbr-photo-award/ linkindən istifadə edə bilər.
Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Gürcüstana səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri David Zalkaliani ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığın inkişafı və daha da möhkəmləndirilməsi, mədəni əlaqələrin inkişafının sülhə və təhlükəsizliyə verdiyi töhfələr diqqət mərkəzində olub.
David Zalkaliani deyib ki, Gürcüstan ilə Azərbaycan bölgədə çox səmərəli əməkdaşlıq edirlər. Mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi də iki ölkə üçün böyük əhəmiyyət kəsb edir.
Anar Kərimov qeyd edib ki, Azərbaycan dövləti qonşu və dost Gürcüstan ilə əlaqələrin inkişafına böyük önəm verir: “Bizim beynəlxalq təşkilatlar çərçivəsində siyasi və iqtisadi, eləcə də mədəni və humanitar sahələrdə əməkdaşlığımız xüsusilə mühüm əhəmiyyət kəsb edir”.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bildirilib ki, mədəni əlaqələrin inkişafı bölgədə davamlı sülhə və təhlükəsizliyə töhfə verəcək.
Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və digər rəsmi şəxslər də iştirak ediblər.
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın tədqiqatçı alimləri” seriyasından tərtib etdiyi növbəti biblioqrafiya görkəmli ədəbiyyatşünas alim, publisist, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru, professor Teymur Əhmədovun anadan olmasının 90 illiyinə həsr edilib.
Kitabxanadan bildirilib ki, 1957-2021-ci illəri əhatə edən bu biblioqrafiya daha da təkmilləşdirilib, yeni bölmələr və yarımbölmələr əlavə edilib. Azərbaycan, rus və digər dillərdə ədəbiyyatı əhatə edən göstəricidə Teymur Əhmədovun əsərləri – kitabları, dövri mətbuatda, məcmuələrdə çap olunmuş əsərləri, habelə həyat və yaradıcılığını əks etdirən zəngin material toplanıb.
İlk dəfə olaraq “Teymur Əhmədov dünya kitabxanalarında” və “Teymur Əhmədov dünya universitet kitabxanalarında” bölmələri də hazırlanaraq biblioqrafiyaya daxil edilib. Biblioqrafik göstəricidə materiallar xronoloji prinsip əsasında qruplaşdırılmış, daxildə əlifba sırası gözlənilib.
Kitabda “Teymur Əhmədovun həyat və yaradıcılığının əsas tarixləri”, “Teymur Əhmədov yaradıcılığından seçmələr”, “Görkəmli şəxsiyyətlər Teymur Əhmədov haqqında” bölmələri də öz əksini tapıb.
Vəsaitdən istifadəni asanlaşdırmaq məqsədilə sonda Teymur Əhmədovun əsərlərinin və haqqında yazan müəlliflərin əlifba göstəriciləri tərtib edilib.
Biblioqrafiya ədəbiyyatşünaslar, tədqiqatçılar, jurnalistlər, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Biblioqrafik göstərici ilə tanış olmaq istəyənlər http://anl.az/down/Teymur_Ehmedov.pdf linkindən istifadə edə bilərlər.
Azərbaycan ilə Gürcüstan arasında yerləşən “Sınıq körpü” sərhəd-keçid məntəqəsi yenidən qurulacaq.
Bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın Mədəniyyət, gənclər və idman naziri Tea Tsulukiani söyləyib.
Nazir deyib ki, iki ölkə arasında yerləşən və “Sınıq körpü” və “Qırmızı körpü” adlanan tikili tarixi-mədəni abidədir. Azərbaycanın və Gürcüstanın müvafiq dövlət və hökumət strukturları arasında bu abidənin yenidən qurulması barədə razılıq əldə olunub. Hazırda hər iki ölkənin mütəxəssisləri bununla əlaqədar birgə işləyirlər. “Biz bu abidəni “Dostluq körpüsü” adlandıra bilərik. Bu istiqamətdə də müzakirələr gedir.
“Bu körpünün bərpası bizim hər ikimiz üçün çox mühüm əhəmiyyət kəsb edir. Düşünürəm ki, bu körpünün bərpası ortaq mədəni abidələrimizin mühafizəsi və əlaqələrimizin inkişafı üçün yeni imkanlar yaradacaq”, – deyə Tea Tsulukiani vurğulayıb.
Müxtəlif sahədə çalışan müasir incəsənət nümayəndələrinin fəaliyyətlərini qiymətləndirmək məqsədilə “Foundwork” artist mükafatı müsabiqəsi elan olunub.
Bu il müsabiqənin münsiflər heyətinə aparıcı beynəlxalq kuratorlar, qalereyaçılar, təlimçilər və rəssamlar daxildir.
Aylıq üzvlük haqqı 4 ABŞ dollarıdır və istənilən vaxt ləğv edilə bilər. İştirak etmək istəyən namizədlərin müsabiqənin veb-saytında xüsusi profili olmalı və seçim müddəti ərzində həmin profildə ən azı 6 əsər dərc etməlidirlər.
2 qalib 10 min ABŞ dolları dəyərində qrant mükafatı və studiya ziyarəti qazanacaq.
Əlavə məlumat əldə etmək və qeydiyyatdan keçmək üçün https://foundwork.art/artist-prize linkindən istifadə etmək olar.
Gürcüstana səfərim çərçivəsində bu ölkədəki azərbaycanlılara məxsus mədəniyyət ocaqları ilə bağlı məsələ diqqət mərkəzində olacaq.
Bunu Tbilisidə səfərdə olan Azərbaycanın mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.
Nazir deyib ki, bir sıra rəsmi görüşlərdə sözügedən tarixi və mədəniyyət irsinin Gürcüstan hökuməti tərəfindən qorunması və qayğı göstərilməsi məsələsi qaldırılacaq.
A.Kərimov söyləyib: “Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının, Cəlil Məmmədquluzadənin Tbilisidəki ev muzeyinin vəziyyəti ilə də tanışlıq olacaq. Azərbaycanın tarixi və mədəniyyətinə aid abidələrin qorunması məsələsi Gürcüstan tərəfi ilə gündəmdə saxlanılacaq”.
Nazir qonşu ölkəyə səfəri çərçivəsində muzeylərarası, kino, mədəni irsin qorunması sahəsində əməkdaşlıq məsələlərinin də nəzərdən keçiriləcəyini bildirib.
A.Kərimov səfər çərçivəsində Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları bölgələrə də baş çəkəcək, bir sıra tədbirlərdə iştirak edəcək.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində Elmi-Mədəni Mərkəzin əməkdaşları və Dünya İrs Şəhərləri Təşkilatına (OWHC) üzv olan ölkələrin nümayəndələrinin iştirakı ilə “COVID-19 pandemiyası zamanı təyinat marketinqi və investisiyanın təşkili” mövzusunda vebinar keçirilib.
İdarədən bildirilib ki, görüşün təşəbbüskarı və moderatoru olan mərkəzin Turizm şöbəsinin müdiri Gülarə Abdullayeva mövzu barəsində təqdimatla çıxış edib.
Qeyd edək ki, “İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 2016-cı ildən OWHC-nin üzvüdür. İdarə son illər ərzində OWHC ilə səmərəli əməkdaşlıq edib. Bu əməkdaşlığın nümunəsi olaraq İçərişəhərin 23-24 oktyabr 2018-ci il tarixlərində təşkilatın İdarə Heyətinin 46-cı iclasına ev sahibliyi etdiyini qeyd etmək olar.
Qırğızıstanın “Piramida” televiziya kanalının “Dostluq körpüsü” proqramının növbəti buraxılışında Azərbaycanla bağlı süjet yayımlanıb.
Verilişdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi istiqamətində görülən işlər, Ələt Azad İqtisadi Zonasının təməlinin qoyulması, Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayevin başçılığı ilə nümayəndə heyətinin Azərbaycana səfəri, keçirilən görüşlər haqqında məlumat verilib.
Proqramda Azərbaycanın mədəniyyəti, mətbəxi, turizm potensialına dair süjetlər də yayımlanıb.
Verilişin müəllifləri və aparıcıları Bişkekdə yaşayan soydaşlarımız Hökümə Xəlilova və Ramiz Məşədihəsənlidir.
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 6-da Gürcüstana səfərə gəlib.
Nümayəndə heyəti Tbilisinin mərkəzində Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib.
Nazir Anar Kərimov, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın mədəniyyət və idman nazirinin birinci müavini Kaxa Sixarulidze və digər rəsmi şəxslər büstün önünə əklil və gül dəstələri düzüb, Ümummilli Liderin xatirəsini ehtiramla yad ediblər.
Sonra nümayəndə heyəti Kür çayının sahilindəki Heydər Əliyev Memorialını ziyarət edib.
Ümummilli Liderin xatirə lövhəsinin qarşısına gül dəstəsi qoyublar.
Elə həmin gün nazir Anar Kərimov Gürcüstanın Qəhrəmanlar Meydanında olub.
Gürcüstan qəhrəmanlarının xatirəsi ehtiramla anılıb, abidə önünə əkili qoyulub.
F.Köçərli adına Respublika Uşaq Kitabxanası yeniyetmələr arasında daha bir müsabiqəyə start verib. Məktəblilərin yay tətili zamanı asudə vaxtlarının səmərəli və faydalı keçirmələri baxımından bu müsabiqələrə qatılmaları olduqca əhəmiyyətlidir.
Əvəzolunmaz milli sərvətimiz olan Qarabağın tarix və mədəniyyət abidələri haqqında məlumatları uşaq və yeniyetmələr arasında daha geniş təbliğ etmək üçün F.Köçərli adına Respublika Uşaq Kitabxanası öz fəaliyyəti istiqamətində 8 noyabr Zəfər gününə həsr olunmuş “İşğaldan azad olunan abidələrimiz” adlı 10-15 yaş məktəblilər arasında ümumrespublika əl işləri müsabiqəsi elan edib.
Müsabiqənin keçirilməsində məqsəd məktəblilərdə Vətənə məhəbbət hissini gücləndirmək, milli-mənəvi dəyərlərimizi təbliğ etməklə Qarabağın zəngin tarix və mədəniyyət abidələrini uşaq və yeniyetmələrə tanıtdırmaq, istedadlı uşaqları üzə çıxarmaq, eləcə də yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdir.
Müsabiqənin şərtlərinə əsasən, məktəblilər Qarabağın dağıdılmış tarix və mədəniyyət abidələrindən ibarət əl işləri təqdim etməlidirlər.
Əl işlərinin hazırlanmasında müxtəlif materiallardan (gil, papyemaşe, karton, taxta, şüşə və s.) istifadə oluna bilər.
Təqdim olunan əl işləri haqqında qısa məlumat (hansı rayonda yerləşir, işğal olunduğu və işğaldan azad edildiyi tarix və s.) verilməlidir.
“İşğaldan azad olan abidələrimiz” adlı ümumrespublika əl işləri müsabiqəsində iştirak etmək istəyən yeniyetmələr hazır əl işlərini iyulun 5-dən oktyabrın 15-dək kitabxananın Kütləvi işlər şöbəsinə təhvil verməlidirlər.
İştirakçılar əl işləri ilə yanaşı özləri haqqında ətraflı məlumat (ad, soyad, ata adı, oxuduğu təhsil müəssisəsi, bölmə, sinif, telefon nömrəsi, e-mail və s.) təqdim etməlidirlər.
Yekun olaraq noyabrın 5-də əl işlərindən ibarət sərgi təşkil olunacaq.