Oktyabrın 20-24-də Bakıda keçiriləcək IV “Animafilm” Beynəlxalq Animasiya Festivalının Təşkilat Komitəsi festivalda uşaqlardan ibarət münsiflər heyəti yaradacaq.
Uşaq münsiflər heyətinə üzvləri festivalın təşkilat komitəsi seçəcək.
Festivalda beş gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmləri təqdim ediləcək.
Təşkilatçılar bu ilki festivalda uşaqlardan ibarət münsif heyətinə qoşulmaq hüququnun şərtlərini elan edib. Belə ki, “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” və “Uşaqlar tərəfindən çəkilmiş̧ ən yaxşı qısametrajlı animasiya filmi“ müsabiqəsinin qaliblərini 20-30 nəfər uşaqdan ibarət olan münsiflər heyəti müəyyən edəcək.
Münsif olmaq istəyənlər müraciətlərini avqustun 15-dək animafilm.biaf@gmail.com e-poçt ünvanına göndərilməlidir.
Nəticələr avqustun 31-də www.animafilm.az saytında dərc olunacaq.
C. Cabbarlı adına Respublika Gənclər Kitabxanası vətənpərvərlik ideyalarının carçısı olan Xalq şairi Sabir Rüstəmxanlının çoxşaxəli fəaliyyətini istifadəçilərə çatdırmaq məqsədilə “Sabir Rüstəmxanlı-75” adlı elektron baza hazırlayıb.
Kitabxanadan bildirilib ki, kitabxananın rəsmi saytına yerləşdirilən elektron bazada S.Rüstəmxanlı haqqında rəsmi sənədlər, həyat və yaradıcılığı, ictimai-siyasi fəaliyyəti, görkəmli şəxsiyyətlərin onun haqqında fikirləri, müəllifin kitabları və məcmuələrdə, dövri nəşrlərdə çıxan əsərləri, tərcümələri, başqa dillərdə çıxan əsərləri, tərtib etdiyi, redaktoru olduğu və “Ön söz” yazdığı kitablar, özü və yaradıcılığı haqqında materialların tam təsviri əks xronologiya və daxildə əlifba ardıcıllığı ilə verilib. Elektron resursda qeyd olunan 192 ədəbiyyatın 112-si kitab (93 Azərbaycan, 10 türk, 7 rus dilində, 2 kitab rus dilində Türkiyə kitabxanasında olan), 70-i isə dövri mətbuatda çıxan məqalələrdir.
Tacikistan Respublikasının Şanxay Əməkdaşlıq Təşkilatına sədrliyi və bu təşkilatın yaradılmasının 20-ci ildönümü ilə əlaqədar “Tacikfilm” paytaxt Düşənbədə beynəlxalq bədii və televiziya filmləri festivalı keçirəcək.
Festivalda 18 ölkəndən filmlər iştirak edəcək. Qaliblər üçün “Qızıl qaranquş” mükafatı və diplomlar təsis olunub. Festivalın müsabiqə proqramına 32 film daxil edilib. Azərbaycan Mədəniyyət Nazirliyinin sifarişi ilə rejissor Əlisəttar Quliyevin “Mozalan” studiyasında lentə alınan “Əlvida, Şmidt” (2019) filmi də festivala dəvət alıb.
Film Azərbaycanda almanların məskunlaşmasının 200 illiyinə həsr edilib. Ekran əsərində Azərbaycanda doğulan alman Emil Şmidtin başına gələn hadisələrdən bəhs olunur. O öz sevgi və xoşbəxtliyini burada tapır. Tragikomediya janrında çəkilən ekran əsəri dostluq və vətənə sevgini, ölkəmizin multikultural dəyərlərini əks etdirir.
“Əlvida, Şmidt” filmi 2020-ci ilin sentyabrında Kazan Beynəlxalq Film Festivalının “Rusiya və İslam dünyası” proqramında uğurla təmsil olunub.
Ekran əsərinin ssenari müəllifi Rüstəm Babazadə, quruluşçu rəssamı Əziz Məmmədov, bəstəkarı İsfar Sarabski, icraçı prodüseri Tərlan Babayevdir. Əsas obrazları aktyor Azər Aydəmir, A.S.Qriboyedov adına Tbilisi Dövlət Akademik Rus Dram Teatrından dəvət olunmuş aktrisa Məryəm Kitiya və Əməkdar artist Rasim Cəfər ifa edir. Filmdə həmçinin Xalq artistləri Şamil Süleymanlı, Qurban İsmayılov və Əməkdar artist Zemfira Sadıqova da rol alıblar.
Nizami Gəncəvinin 880 illiyinə həsr edilən 12 bölümdən ibarət “Xosrov və Şirin” bədii serialının çəkilişləri davam edir. Layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası və İctimai Televiziya və Radio Yayımları Şirkətinin birgə istehsalıdır.
Kinostudiyadan bildirilib ki, “Xosrov və Şirin” serialında poemadakı hadisələrin kompozisiyası və süjeti saxlanılmaqla müasir dövrümüzə proyeksiya olunub. Müasir psixoloji dram strukturunda olan serialın qayəsi həm müasir tamaşaçıları Nizami Gəncəvi yaradıcılığı ilə tanış etmək, həm də onun ədəbi kəlamlarını bir daha diqqətə çatdırmaq, gələcək nəsillərə ötürməkdir.
Eyni zamanda serial göstərəcək ki, dahi Azərbaycan şairinin az qala min il əvvəl yazdığı bir əsərdə dramaturji qaydalar, süjetin inkişaf xətti və sair bu cür prinsiplər necə dəqiqliklə yerinə yetirilib. Buna görə də bu əsər və əsərdəki qəhrəmanlar, xarakterlər bu günün bir çox ədəbi əsərlərindən daha müasir və daha aktualdır. Məhz bu əsərin süjeti əsasında serialın çəkilməsinin bir siyasi səbəbi də var. Məlumdur ki, erməni ədəbiyyatçıları bu əsərdəki Şirin obrazını erməni şahzadəsi kimi təqdim edirlər və bəzi məlumatlara görə Şirin haqqında müəyyən əsərlər yazılır, filmlər çəkilməyə hazırlaşır. Bu baxımdan serialın istehsalı ideoloji vasitə kimi mühüm əhəmiyyət kəsb edir.
Məlumat üçün qeyd edək ki, çəkilişləri Bakının Mərdəkan, Şüvəlan və Maştağa qəsəbələrində aparılan bədii serialın rejissorları Xəyyam Abdullazadə və Elməddin Alıyev, ssenari müəllifləri isə İlqar Fəhmi və Xəyyam Abdullazadədir. Xosrov obrazını Rüstəm Cəbrayılov, Şirini isə Kəmalə Piriyeva canlandırırlar.
İyulun 9-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının sosial şəbəkələrində “Ağ və Qara” tamaşası nümayiş ediləcək.
Səhnə əsərini səhnələşdirən və quruluşçu rejissoru Kamran Şahmərdan, rəssamı Tatyana Melnikova, Azərbaycan dilinə tərcümə edəni Dilsuz Mustafayevdir.
Kamran Şahmərdanın “Ağ və Qara” pyesi əsasında böyük tamaşaçılar üçün nəzərdə tutulan tamaşada gözləri tutulmuş uşağın taleyindən, onun gözünün günəş tərəfindən açılmasından sonra dünyanı seyr etməsi, gözəlliklərdən zövq alması, qara qüvvələrə rast gəlməsi və hacıleylək, balıq, külək tərəfindən mühafizə səhnəsi təsvir olunur.
Qeyd edək ki, tamaşa teatrın yutub kanalında yayımlanacaq.
Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə iyulun 6-da saat 20:00-da “Art management” layihəsi çərçivəsində “İncəsənət əsərlərinin istehsalı və satışı” mövzusunda vebinar keçiriləcək.
Dövlət Rəsm Qalereyasından bildirilib ki, kuratoru, sənətşünas Fərəh Ələkbərli olacaq vebinarda dinləyici qismində iştirak etmək istəyən şəxslərdən qeydiyyat üçün “Art management” başlığını qeyd etməklə (artmanagementadrq@gmail.com) elektron-poçt ünvanına müraciət tələb olunur.
Layihəni Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı (www.azgallery.az), feysbuk və instaqram sosial media hesabları vasitəsilə izləmək mümkündür.
Fərəh Ələkbərli Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Təsviri sənətin tarixi və nəzəriyyəsi” fakültəsinin magistratura dərəcəsini bitirdikdən sonra, müxtəlif illərdə “Baku Creative Centre” yaradıcılıq mərkəzi və Mədəniyyət Nazirliyinin layihələrinin kuratorluğunu edib. O, “YARAT”ın “Dəniz və dağlar arasında”, “1001 gecə”, “Rahat keyimə”, “Nə hərb, nə sülh”, “Danışır Bakı”, “Dumanlar başımda dastana döndü” adlı qrup sərgilərinin və Zamir Süleymanovun “ALL-AND”, Əşrəf Muradın “Sevgi və etiraz”, Elturan Məmmədovun “Müvafiq tədbirlər”, Rəşad Ələkbərovun “Özünsən” və s. fərdi sərgilərinin kuratoru olub.
Azərbaycan Dövlət Film Fondunda Əməkdar incəsənət xadimi, Dövlət Mükafatı laureatı kinorejissor, kinooperator Rasim İsmayılovun şəxsi arxiv fondu yaradılır.
Fonda görkəmli sənətkarın nadir fotoşəkilləri, əlyazmaları və s. arxiv sənədləri daxildir. Arxiv materialları sənətkarın həyat yoldaşı, Əməkdar jurnalist Nadejda İsmayılova tərəfindən təhvil verilib.
Əməkdar incəsənət xadimi Rasim İsmayılovun arxiv fondunun yaradılması sənətkarın 85 illik yubileyinə ithaf olunur.
Qeyd edək ki, Rasim İsmayılov 1936-cı il iyulun 13-də Bakıda anadan olub. 1958-ci ildə Bakı kinostudiyasında operator assistenti olub. 1958–1962-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun operatorluq fakültəsini bitirərək, "Azərbaycanfilm" kinostudiyasında quruluşçu-operator işləməyə başlayıb. 1963–1978-ci illərdə "Azərbaycanfilm" kinostudiyasında quruluşçu operator kimi, 1977-ci ildən isə quruluşçu rejissor kimi bir neçə bədii film çəkib. O, 2004-cü il mayın 5-də vəfat edib.
Rasim İsmayılov “Yaşamaq gözəldir, qardaşım”, “Torpaq, dəniz, od, səma”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Gün keçdi”, “Nəsimi”, “Dədə Qorqud”, “Xoşbəxtlik qayğıları”, “Babək” və s. filmlərin quruluşçu operatoru olub. “Şir evdən getdi”, “Asif, Vasif, Ağasif”, “Sizi dünyalar qədər sevirdim”, “Alman klinikasına şəxsi səfər” və s. bədii filmlərin rejissorudur. R.İsmayılov Azərbaycanda animasiya televiziya filmlərinin yaradıcılarından biridir. O, “Danışan işıqlar” və “Qırmızılar, qaralar və başqaları” animasiya filmlərinə də quruluş verib.
İstanbulda fəaliyyət göstərən Türkiyə–Azərbaycan Vizyon Teatrı Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyevin “Yeyərsən qaz ətini, görərsən ləzzətini” tamaşasını təqdim edib.
Diasporla İş üzrə Dövlət Komitəsində bildirilib ki, tamaşa görkəmli yazıçının 150 illik yubileyinə və teatrın 5 illiyinə həsr olunub. Əsərin ssenarisi Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) dəstəyi ilə Türkiyə türkcəsinə çevrilib. Tamaşa böyük maraqla qarşılanıb.
Səhnə əsərinin rejissoru Mine Bayrakeri, quruluşçu rəssamı Tariyel Əlizadə, musiqi tərtibatçısı Arda Dobrucali, kostyum-dekoru Lətafət Rafiqqızı, baş koordinator meneceri Elşad Haqverdi, xoreoqrafı Rafiz Mehdizadə, baş rejissoru Elçin İmanov, teatrın rəhbəri isə Kəmalə Kamaldır.
Baş koordinator meneceri E.Haqverdi bildirib ki, kollektiv bu tamaşanı Azərbaycanda təqdim etməyi səbirsizliklə gözləyir: “Ən böyük arzumuz isə mədəniyyətimizin beşiyi olan Şuşada bu tamaşa ilə çıxış etməkdir”.
Qeyd edək ki, hazırda teatr Avropanın müxtəlif ölkələrində bir sıra festivallara hazırlaşır.
İyulun 9-da Xətai Sənət Mərkəzində rəsm sərgisi açılacaq.
Mərkəzdən bildirilib ki, sərgidə nümayiş ediləcək əsərlər mərhum jurnalist-rəssam Taleh Cavanşiroğlunun əsərlərindən ibarət olacaq.
Sərgiyə giriş sərbəstdir.