Tanınmış Amerikalı kinorejissor Riçard Donner 91 yaşında dünyasını dəyişib.
TASS-a istinadən xəbər verir ki, rejissorun ölüm səbəbi hələ məlum deyil.
Riçard Donner 70-dən çox film və televiziya serialının rejissoru olub. 1978-ci ildə supergücə malik qəhrəman haqqında çəkdiyi "Supermen" filmi ona daha çox şöhrət gətirib.
Reza Deqatini uzun illərdir tanıyıram. Bu gün onun fotolarından ibarət sərgi məni çox təsirləndirdi. O, fotoları vasitəsilə insanları əlaqələndirir, birləşdirir. Fotoları əsasən müharibə zonalarından çəkilib. Reza sülh axtarışındadır. Hər şeydən əvvəl onu sülh maraqlandırır.
Bu fikirləri Fransanın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında səfiri, sabiq əmək naziri Müryel Peniko deyib.
Bildirib ki, Rezanın çox zəngin fəaliyyəti, zəngin təcrübəsi var. O, nəhəng layihələr həyata keçirir: “Onun fotolarının əks etdirdiyi humanizm, fotoların mənalılığı məni çox təsirləndirir. Reza fotoları vasitəsilə insanların, xalqların öz aralarında bir-birini başa düşməsinə töhfə verir. Onun fotolarının əsasında sülh axtarışı, sülhün təşviqi durur. Bu gün Rezanın axtarışında olduğu sülhə dünyamızın ehtiyacı var. Həmişə olduğu kimi, bu sərgini də böyük məmnuniyyətlə seyr etdim. Fotoların dili ilə ölkələrin reallıqları ilə tanış oldum”.
“YARAT” Müasir İncəsənət Məkanı yerli rəssamların və fotoqrafların əsərlərindən ibarət “Dumanlar başımda dastana döndü” adlı qrup sərgisini təqdim edir. İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhəri, dinc əhaliyə qarşı törədilmiş hərbi cinayətlərin episentrlərindən biri olmuşdur.
Dağlıq Qarabağ münaqişəsinə və zəfər hadisələrinə həsr olunmuş bu sərgi, ilk dəfə olaraq Gəncə şəhərinə səyahət edir.
Dağlıq Qarabağ münaqişəsi tarixə Cənubi Qafqazda cərəyan edən ən faciəli toqquşmalardan biri kimi daxil olmaqla, regionun latent konfliktlərindən biri idi. Son ayların hadisələri bu münaqişənin aktiv fazaya keçərək, əldə olunmuş nəticələrlə bütün regionun geosiyasi xəritəsini dəyişdirdi. Donmuş münaqişə statusundan çıxaraq, Azərbaycanın həm hərbi, həm də siyasi müstəvidə qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsi, ən yeni tariximizə qızıl hərflərlə yazılmış ilk səhifələrindən oldu...
“YARAT”ın “Dumanlar başımda dastana döndü” adı altında birləşən qrup sərgisi illərdir davam edən Qarabağ münaqişəsini təsir və nəticələr aspektindən açıqlayır. Sərgi müharibə təfərrüatlarının və siyasi münaqişələrin travmatik yaddaşını gündəmə gətirir. Ekspozisiya müharibədən qabaqkı nə sülh, nə hərb illərinə səslənərək, regionun ən həssas probleminə köklənir və bu mürəkkəb səyahətin gedişatını əks etdirir. Bununla yanaşı, tarixi analiz edərək, onun qərəzli dövr və epizodlarının qiymətləndirilməsi, cəmiyyət və mədəniyyətin uğradığı deformasiya və zədələrinin sənədləşdirilməsinə əsaslanır və xalqın bu çətin dövrlərinin müşahidəçisi qismində çıxış edir. Hərbi münaqişələrin nəticələri və siyasi böhranlarla yaxından bələd olanların simasında toplanılan əsərlər milli konteksti araşdırır və universal, fövqəlmilli səciyyə kəsb edən sualları ortaya çıxarır.
“Dumanlar başımda dastana döndü” həm şəxsi, həm də ümumi yanaşma prizmalarından keçərək, Qarabağ məsələsində yeni etapın gəlib çatmasından bəhs edir. Ümumbəşər tarix üçün çox qısa, lakin lokal kontekstdə uzun işğal dövrü kimi tarixdə qalan 27 illik bu müddət, müxtəlif nəsillərin üzləşdiyi fərqli siyasi durum və sosial reallıqları əks etdirir. Bu reallıqlar arasında kəsişən paralellərin olmadığını nəzərə çatdıraraq, nümayiş olunan əsərlər qələbəyə aparan yollardan danışır.
Sərginin adı, Vətən müharibəsində şəhid olmuş gizir Xudayar Yusifzadənin özünəməxsus ifasında Əliağa Vahidin sözlərinə yazılmış “Vətən yaxşıdır” mahnısından götürülüb. Bu mahnı, həmçinin sərgidə nümayiş olunan Rəşad Ələkbərovun instalyasiyasının tərkib hissəsidir.
Beləliklə, ekspozisiyada Ağababa Bağırov, Elnur Babayev, İlqar Cəfərov, Şahvələd Eyvazov, Erkin Ələkbərli, Rəşad Ələkbərov, Xalid Əsgərov, Mirnaib Həsənoğlu, Əli Qafarov, Cavid Qurbanov, Oleq Litvin, Əli Rza və Nurəhməd Vəliyev kimi rəssam və fotoqrafların instalyasiya, fotoqrafiya, və rəqəmsal sənət əsərləri ilə dialoqa girərək, artıq həll olunmuş Qarabağ münaqişəsinin mürəkkəb pazlını tamamlayır. Ekspozisiyaya “YARAT” Müasir İncəsənət Məkanı və Azərbaycan Fotoqraflar Birliyinin fondlarında saxlanılan əsərlər və fotomateriallar daxil edilib.
Ənənəvi olaraq “Dumanlar başımda dastana döndü” səyyar sərgisi əsasında yerli mütəxəssislər tərəfindən təhsil proqramlarının həyata keçirilməsi nəzərdə tutulmuşdur. Proqram çərçivəsində iştirakçılar müasir incəsənət sahəsində rəqəmsal dünya və virtual reallıq mövzularını araşdırıb, həmçinin incəsənətdə müxtəlif ünsiyyət kanalları mövzusuna dair seminarlarda iştirak edəcəklər.
Sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “Məhsəti Gəncəvi” Mərkəzinin təşkilatı dəstəyi ilə həyata keçirilir.
“Dumanlar başımda dastana döndü” qrup sərgi iyulun 8-də Gəncə şəhərində “Məhsəti Gəncəvi” Mərkəzində (Əttarlar küçəsi, 1) açılacaq. Sərgi sentyabrın 25-dək davam edəcək.
Milli Məclisin deputatı Soltan Məmmədov Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olub. Mərkəzin Baş katibi Rövşən Muradov, Baş katibin müavini İlahə İbrahimli və təşkilatın əməkdaşları ilə görüşdə qurumun ötən dövrdəki fəaliyyəti və gələcək planları müzakirə edilib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Bosniya və Herseqovinada təşkil etdiyi “Qərbi Balkanda vəziyyətin qiymətləndirilməsi: irəliyə yol” mövzusunda ilk post - COVID-19 pandemiyası konfransının əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, mərkəzin əsas məqsədi dünyada sülh, dinc birgəyaşayış, ədalətin bərqərar olunması naminə həyata keçirilən qlobal fəaliyyətlərə töhfə verməkdir. Bununla yanaşı, Azərbaycanın görkəmli mütəfəkkiri Nizami Gəncəvi irsinin araşdırılması və təbliği təşkilatın əsas hədəfləri sırasındadır.
Görüşdə mərkəzin Nizami Gəncəvi irsinin beynəlxalq aləmdə tanıdılması və təbliği istiqamətində Heydər Əliyev Fondu ilə əməkdaşlığın mümkün istiqamətləri haqqında təkliflər səsləndirilib. Bu sahədə atılacaq birgə addımların əhəmiyyəti vurğulanıb.
Azərbaycana beynəlxalq aləmdə çoxsaylı dostlar qazandıran Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ölkəmiz üçün faydalı işlər gördüyü qeyd edilib.
Azərbaycanın Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımova ötən gün A.P.Çexov adına XV Beynəlxalq teatr festivalı çərçivəsində Moskva Musiqi Evində “Dünya məhəbbət üzərində qurulub” kompozisiyası ilə çıxış edib.
Konsertdə dünyaca məşhur sənətçi qızı ilə birlikdə ifa etdikləri muğamları ilə tamaşaçıların könlünü oxşayıblar.
Qeyd edək ki, muğam 2008-ci ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Bu gün dünyada ən məşhur muğam ifaçısı Alim Qasımov hesab olunur. Onun ifa tərzi unikaldır, o, muğamın çoxəsrlik, həmçinin caz və müasir kompozisiya kimi müxtəlif janrların mürəkkəb və yenilikçi qaydalarına söykənən, dərin biliklərə malik bir ifaçıdır.
Artıq ikinci ildir ki, Milli Məclisin deputatı, fəlsəfə üzrə fəlsəfə doktoru Cavanşir Feyziyevin dəstəyi ilə Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə Mərkəzi və Türkiyənin “Təmrin” dərgisinin birgə layihəsi olan “Azərbaycanın görkəmli şəxsiyyətləri” layihəsi həyata keçirilir. Layihə çərçivəsində indiyədək “Təmrin” dərgisinin Rəsul Rza, Mikayıl Müşfiq və Bəxtiyar Vahabzadəyə həsr olunmuş xüsusi nömrələri işıq üzü görüb.
Azərbaycanın görkəmli dramaturqu, maarifçisi Mirzə Fətəli Axundzadənin anadan olmasının 143-cü il dönümü ərəfəsində isə dərginin xüsusi “Mirzə Fətəli Axundzadə” nömrəsi çap olunub.
Bu xüsusi nömrə ümummilli lider Heydər Əliyevin sözləri ilə açılır: “Mirzə Fətəli Axundzadənin yaradıcılıq yolunu səciyyələndirən tarix səhifələrini vərəqləyərkən biz böyük iftixar hissi keçiririk ki, xalqımız ağır zamanlarda gerilik, dini fanatizm şəraitində belə görkəmli şəxsiyyət, öz dövrünü qabaqlayaraq gözəl əsərlər yaradan bir insan yetişdirmişdir”.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük ədiblə bağlı yüksək fikirləri təqdim olunur: “Mirzə Fətəli Axundzadə bütün həyatı boyu doğma vətəninin və xalqının tərəqqisi yolunda yorulmadan çalışaraq yeni dövrün irəli sürdüyü mühüm elmi, mədəni və ictimai-siyasi məsələlərə daim fəal münasibət ifadə edən və zamanın qabaqcıl ideyalarından bəhrələnməyə çağıran yaradıcılığı ilə Azərbaycan mədəniyyətinin inkişafı tarixində parlaq səhifə açmışdır...”
Dərginin 116-cı xüsusi nömrəsində Xalq yazıçısı Anarın, Milli Məclisin deputatı Cavanşir Feyziyevin, akademik İsa Həbibbəylinin, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turanın, professor Cavanşir Yusiflinin, ədəbiyyatşünas-alim Şahbaz Şamıoğlunun, ədəbiyyatşünaslar Mətanət Vahid və Tural Adışirinin, şair Səlim Babullaoğlunun maraqlı məqalələri dərc edilib. Eyni zamanda, görkəmli dramaturqun həyat və sənət barədə fikirləri, geniş bioqrafiyası, Şəki və Tbilisidəki ev muzeylərindən geniş fotomateriallar, habelə Bakıda şairin adının əbədiləşdirildiyi abidə və yerlərin fotoları, zaman-zaman M.F.Axundzadə ilə bağlı fikir söyləmiş dünyanın və Azərbaycanın tanınmış insanlarının fikirləri yer alıb.
“Milli dünyagörüşümüzün inkişafında Mirzə Fətəli Axundzadənin rolu” ( Şərqin Volteri - Mirzə Fətəli Axundzadə) yazısını Cavanşir Feyziyev bu sözlərlə bitirir : “Azərbaycan mədəniyyət düşüncəsinin milliləşməsində, ictimailəşməsində, siyasiləşməsində, müasirləşməsində və demokratikləşməsində, dünyaya açıqlıq keyfiyyətləri qazanaraq universallaşmasında həlledici tarixi rol oynayan Mirzə Fətəli Axundzadə ilə, doğrudan da, tariximizin köhnə dövrü bitir, yeni zaman başlayır. Heç şübhə yoxdur ki, yeni zamanda Azərbaycanın müstəqilləşməsində, suveren demokratik respublika kimi dünya dövlətləri arasında özünəlayiq yer tutmasında Mirzə Fətəli Axundzadə ideyalarının xüsusi payı və həlledici əhəmiyyəti olub”.
Xüsusi nömrəni nəşrə şair Səlim Babullaoğlu hazırlayıb. Dərginin naşiri Şərəf Yılmaz, layihənin koordinatoru Bəxtiyar Səlimov, mətnlərin türkcəyə tərcüməçisi Ömər Kiçikməhmədoğludur.
Dərgi Türkiyənin bir çox kitabxanalarına, habelə təhsil müəssisələrinə təqdim edilir. Bu, Mirzə Fətəli Axundzadənin çağdaş Türkiyədə tanıdılması istiqamətində ilk böyük nəşrdir.
Gənc, istedadlı Azərbaycan şairi Leyla Əliyevanın “Свiт тане, як сон” (“Dünya yuxutək əriyir”) kitabı Kiyevdə nəşr olunub.
Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, zəngin ənənəli “Yaroslavov Val” nəşriyyatında işıq üzü görmüş kitabın ukrain dilinə tərcüməçisi tanınmış Ukrayna şairi, mütərcimi, filoloq-alim Lesya Mudrak, redaktoru Taras Şevçenko Milli Mükafatı laureatı, yazıçı Qriqori Quseynovdur. Kitabın dizayn tərtibində Leyla Əliyevanın müəllif rəsmlərindən istifadə olunub.
Ağrını bədii sözə çevirmək istedadı...
Lesya Mudrak kitabdakı “Ağrını bədii sözə çevirmək istedadı...” sərlövhəli “Ön söz”ündə yazır: “Əlində tutduğun bu kitab Azərbaycanın gənc, istedadlı şairi, imzası təkcə Qafqaz oxucu auditoriyasına yox, Avropa poeziya xiridarlarına da yaxşı tanış olan Leyla Əliyevanın ukrain dilinə tərcümə olunmuş “Свiт тане, як сон” (“Dünya yuxutək əriyir”) kitabıdır.
Şairin xaricdə işıq üzü görən ilk kitabı – 2016-cı ildə Minskdə (Belarus dilində) nəşr olunmuş “Ліст” şeirlər toplusudur. Eyniadlı kitabın 2018-ci ildə ingilis dilində Londonda (“The World Dissolves like a Dream”) təqdimatı keçirilmişdir.
Heç şübhəsiz ki, Ukrayna oxucusu tarixi diskursu dərin köklərə söykənən bu şərq ölkəsinin qədim və məşhur poetik ənənələri ilə yaxından tanışdır. Azərbaycanın kişi poeziyası ilə yanaşı, bərabər şərtlərlə inkişaf etmiş qadın poeziyası ənənələri hər zaman xüsusi maraq doğurmuşdur. Gözəl qəzəllər müəllifi olan klassik Azərbaycan şairi Məhsəti Gəncəvi böyük Ömər Xəyyamın müasiri olub. Azərbaycanda qədim dövrlərdən bəri “aşıq sənəti” deyilən ədəbi cərəyan mövcud olub ki, burada qadın şairlər hər zaman kişi şairlərlə yaradıcı rəqabət aparıblar. Burada söhbət sevgi lirikasından gedir. Belə ki, “aşıq” sözü ukrain dilinə “aşiq”, “vurğun” kimi tərcümə edilir. Azərbaycanın ən məşhur aşıq-şairlərindən Ağabəyim ağa Ağabacı, Heyran xanım, Fatimə xanım Kəminənin və digərlərinin adını çəkmək olar. Azərbaycanın şərq ənənələrinin zərif örtüyünə bürünən qadın poeziyası irsinin unikal səmimiyyətini və paklığını heç də təsadüf saymaq olmaz. Əlbəttə, zaman ötdükcə poetik üslublar dəyişir, amma qədim dövrlərin əbədiyaşar bədii yaradıcılıq xüsusiyyətləri müasir ədəbi prosesdə də öz özəlliyini qoruyub saxlayır.
Leyla Əliyevanın “Свiт тане, як сон” kitabını dilimizə çevirərkən, bacardığım qədər müəllifin obrazına girməyə, daxilən onun yaradıcı monotamaşasının bir növ “ifaçısı” olmağa çalışdım. Səmimi deyim ki, iş heç də asan başa gəlmədi, tərcümə prosesi bir neçə ay çəkdi. Təəssüflə deməliyəm ki, heca poeziyası ənənələri XVIII əsrə dayaqlansa da, bu gün demək olar ki, itirilib. Sillabotonikanın (yunanca “Syllabe” – tərkib, tonos – vurğu deməkdir) əsas prinsipləri misrada vurğulu və vurğusuz hecaların bölgüsü ilə təkrarlanaraq, ritm – ahəng axıcılığı yaratmasına əsaslanır. Mətnin quruluşu burada mahiyyət etibarilə təyinedici qismində çıxış edir, üstəlik, bu quruluşu yaradan normativlərin gözlənilməsi zəruriliyi meydana çıxır. Tərcüməçinin fövqəlvəzifəsi də bundan ibarətdir. Orijinalla işləyən tərcüməçi yuxarıda qeyd olunanlarla yanaşı, əsərin daxili dramatizmini, emosional özəlliklərini və ana süjetini bütünlükdə oxucuya çatdıra bilməlidir.
Leyla Əliyevanın lirik qəhrəmanı kimdir? Mənim təəssüratlarıma görə bu, son dərəcə həssas qəlbə, romantik təbiətə, ADİ-də XÜSUSİ olanı görmək qabiliyyətinə malik olan bir qadındır. Üstəlik, o altruistdir – həyatda baş verənlərin çoxdan göylərdə həll olunduğuna, bəşəriyyətin bütün sirlərindən yalnız Tanrının agah olduğuna, günahları bağışlayanın, iman gətirənləri hər zaman İlahi sevginin işıqlı yoluna çıxaranın məhz O olduğuna inanır.
Leylanın yaradıcılığı süjetli, çoxşaxəli, müəyyən mənada pritçavaridir. Bu mənada onun şeirlərində irihəcmli poemalara xas hekayə üslubu nəzərə çarpır. Kitaba daxil edilmiş şeirləri bu mövzular üzrə təsnifatlaşdırmaq olar: “Sevgi”, “Vətən”, “Fəlsəfə”. Eyni zamanda, bu müxtəlif səpkili mövzuların üzvi şəkildə bir-birilə vəhdət təşkil etdiyi və müəllifinin fərdi üslubunun bütöv mənzərəsini yaratdığı nəzərə çarpır.
“Свiт тане, як сон” kitabını əlinə alan hazırlıqsız oxucu, bəlkə də, səhifələrdə rastlaşdığı dərin sətiraltı mənaları dərhal anlamaya da bilər. Bunun səbəbi gənc şairin daxili aləminin klassik təmkinli üslubla açılması, əslində, hər şeiri ilə bizə Şekspirin əbədi “olum, ya ölüm” sualı ilə müraciət etməsidir.
Azərbaycanın Xalq yazıçısı Afaq Məsud Leyla Əliyevanın kitabına yazdığı “Ön söz”də qeyd edir ki: “İlahi sevgidən və mərhəmətdən bədirlənmiş bu aləmi islanmadan, üşümədən, titrətmədən tərk etmək, oralardan sakitcə uzaqlaşmaq olmur”. Eyni zamanda o əmindir: “ağrını bədii sözə köçürmək“ istedadı heç də hər kəsə verilmir...
Həqiqətən də, gənc şairin misralarında Ağrı əsas ontoloji ölçü vahididir, bu ağrının gizli mahiyyəti isə alleqoriya və metaforlarla üzə çıxır:
Ey qara qu quşu, yalqızsan yenə
İnanım deyirsən, itmiş ruhlara?
Sən qəmli, həm zərif, həm çox gözəlsən,
Çox da sevimlisən… həm də lap tənha.
Ey qara qu quşu, ölmüş anları
Əridib qərq edir çaylar dibinə…
Minlərlə ifadə qeyb olur burda
Unudulmuş ruhlar görüşür yenə…
Qəlbi işıq dolu, qara qu quşu!
Mənə sən yaşatdın ötən çağları!
Çox şeyi anlatdın bu gün dostuna,
Bil ki, unutmaram bu yaxşılığı...
Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, gənc şair öz nəsildaşlarının əksəriyyətindən fərqli olaraq, urbanist şair deyil. Leyla təbiətə, onun şəfaverici mahiyyətinə, bütün canlı aləmin eksiztensial düsturuna yaxından bələddir.
Leyla Əliyevanın şeirlərində müxtəlif şəhər və ölkələrə səfərlərindən aldığı təəssüratları yer alsa da, doğma vətəni Azərbaycana olan sonsuz sevgisi yaradıcılığından qırmızı xətlə keçir:
Xəzərin qoxusu, İçərişəhər...
Abşeron bürküsü, Xəzri, Gilavar...
Qəfil qonaqların səsi, hay-küyü...
Mənim doğma Bakım,
darıxdım yaman...
Bəzən adama elə gəlir ki, Leylanın qəhrəmanı formaca sadə, məzmunca isə mürəkkəb olan qadın səadətini axtarmaqdan yorulub-usanmır. “Dayanacaq”, “İntizar”, “Gözləyirəm sakitcə”, “Gəlib yetişməz olan qırmızı avtobus...” Axşamlar arzu rənginə boyanaraq, onu təkrar-təkrar, özünü doğma və rahat hiss etdiyi evinə qaytaran qırmızı avtobus...
Qəm sakit axşamla döydü qapımı,
Qapını bağlamaq çıxıb yadımdan.
Sən ay qəfil qonaq, gəl, keç içəri,
Qonaq olan evdə darıxmır insan.
Buyur, keç, mən sənə bir çay da süzüm,
Seçim mürəbbənin ən yaxşısından.
Qəm, mən səninləyəm, sən heç darıxma,
Hələ darıxmağa taparıq zaman.
Axşam qayıtmağa söz verib mənə
Yenə gedəcəksən səhərə yaxın...
Yox, əgər bu səhər yağışlar yağsa,
Dərhal geri qayıt, köksümə sığın.
Gözləmirdim səni, bilirsənmi, qəm?
Səninlə küsməyə ürəkdən şadam.
İkicə fincana çay da süzmüşəm,
Bilirəm, hər zaman yaxınlıqdasan.
Mən üzlü olsaydım, qəm, bilirsənmi,
Şübhəsiz, yanımdan qovardım səni.
Mənsə gözləyirəm... rəhm et, başa düş,
Dəyərli vaxtımı alma əlimdən.
Bütün saatları, bəlkə, sındıraq?
Onların başqa bir çarəsimi var?
Qərar vermisənsə, qonaq qalmağı,
Gəl, ay qəm, şənləndir məni, nə olar?!
Leyla Əliyevanın kitabı dünyanın faniliyindən doğan hiss və həyəcanların dramatik ifadəsidir. Bu poetik ədəbi irsin sadəliyi və təbiiliyi sözün pramateriyası ilə qəribə bir vəhdət təşkil edir. Öz dövrünün və dünyanın səyahətinə çıxan yeni nəslin, yenicə doğulmaqda olan fərqli bir müasirliyin ayrılmaz hissəsi olan bu kitab, hansısa tarixdənkənar, daha doğrusu, tarixəqədərki ümumbəşəri kosmik empiriyalardan xəbər verir...
Yaşanmış anları yaddaşdan silib
Qoy aparsın külək, üzülmə amma.
Yazın göz yaşına çevrilsə də qar,
Özgə dərdlərindən təsəlli umma.
Bir gün Yer üzündə lap tək də qalsan,
Qalsan bu taleyin yol ayrıcında,
Görsən kimsə yoxdu, boşdu bu dünya,
Bil ki, tək deyilsən, O var yanında...”.
A.P.Çexov adına XV Beynəlxalq teatr festivalının təşkilatçıları rus tamaşaçılarını Azərbaycan muğam sənəti ilə tanış etmək üçün Xalq artisti Alim Qasımovu ansamblı ilə birgə Moskvaya qastrol səfərinə dəvət edib.
TASS agentliyinə istinadla xəbər verir ki, tamaşaçılar Moskva beynəlxalq musiqi evinin səhnəsində iyunun 3 və 4-də klassik fars şairlərinin şeirlərinə bəstələnmiş “Dünya sevgi üzərində qurulub” kompozisiyasını dinləmək imkanı əldə edəcəklər.
“Muğam XVII əsrin ortodoksal poetik mətnləri üzərində yazılmış, ilahi sevgini tərif edən Azərbaycanın ənənəvi ecazkar musiqisidir. Rus dilində bu mətnləri Rimma Kazakova və Yevgeniy Yevtuşenkonun tərcüməsində oxumaq olar”, - deyə festivalın mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, muğam 2008-ci ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Bu gün dünyada ən məşhur muğam ifaçısı Alim Qasımov hesab olunur. Onun ifa tərzi unikaldır, o, muğamın çoxəsrlik, həmçinin caz və müasir kompozisiya kimi müxtəlif janrların mürəkkəb və yenilikçi qaydalarına söykənən, dərin biliklərə malik bir ifaçıdır.
Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma təhlükəsi riskinə baxmayaraq Türkiyənin qəbul etdiyi gündəlik turist sayı durmadan artır. Hökumət turistlərə qarşı yoluxma riskini azaltmaq üçün kompleks tədbirlər görür.
Cari ilin ilk yarımilində Antalyaya gələn turistlərin sayı 1.5 milyon nəfərə çatıb. Onların 721 min 40 nəfəri iyun ayında istirahətə gələnlərdir. Ötən ay Antalyaya səyahət edənlərin 417 min nəfəri ukraynalı turistlər olub. Bu sırada ikinci yeri rus turistlər bölüşüb. Rəqəmlərdən göründüyü kimi, təkcə yay turist mövsümünün ilk ayında ölkəyə daxil olan turistlərin sayı ilin ilk beş ayı ilə müqayisədə təxminən eyni həddədir.
Qeyd edək ki, Türkiyə COVID-19 pandemiyasına qarşı qərarlı mübarizə aparan ölkələrdəndir. Kütləvi peyvəndləmə virusla mübarizə tədbirləri çərçivəsində ən güclü tədbir hesab olunur. Hazırda ölkə ərazisində 50 milyon dozadan yuxarı sayda vaksin tətbiq olunub. İyulun 1-dən etibarən koronavirusun yayılma riskinə qarşı tətbiq olunan qadağaların əsas hissəsi aradan qaldırılıb. Maska taxmaq, sosial məsafə, təmizlik və vaksin vurdurmaq ən ciddi mübarizə üsulları kimi gündəmdədir. Bütün bu tədbirlər turist axınının günbəgün artmasına səbəb olur.
İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu İğdırın Qaraqoyunlu kəndindəki ata yurdunu milli mədəniyyət tariximizin qorunduğu muzeyə çevirib.
Ata yurdundakı ərazidə ikimərtəbəli ev tikən Səfər Qaraqoyunlu burada “Ata Ocağı Muzeyi” yaradıb. “TRT Haber” telekanalı başda olmaqla Türkiyənin aparıcı media qurumlarının diqqətlə yanaşdığı bu addım əsl vətənpərvərlik nümunəsi kimi dəyərləndirilib.
Açıq havada qurulmuş muzeydə bölgənin mədəniyyət tarixini əks etdirən 162 ədəd tarixi əşya toplanıb. Bölgədəki Azərbaycan türklərinin tarixi, mədəniyyəti, zəhmətsevərliyi, genetik yaradıcılıq istedadı bu muzeydə əşyalar vasitəsilə ziyarətçilərə əyani olaraq çatdırılacaq.
Səfər Qaraqoyunlu saytımıza açıqlamasında bildirib ki, muzeyin yaradılmasında məqsəd əcdadlarımızın min bir əziyyətlə, böyük yaradıcılıq istedadı əsasında ortaya çıxardıqları əşya və alətləri gələcək nəsillərə çatdırmaq, tarixi həyat izlərinin itməsinə imkan verməməkdir.
Geniş ictimaiyyətə məlum olduğu kimi İSTAD sədri Səfər Qaraqoyunlu həm fərdi, həm də rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə daim Azərbaycan həqiqətlərinin gündəmdə qalmasına böyük töhfələr verib. Təcavüzkar Ermənistanın Azərbaycana qarşı otuz il mövcud olmuş işğalçılıq siyasətini ifşa etmək İSTAD-ın fəaliyyətində hər zaman ana xətt kimi qorunub. Qırx dörd günlük Vətən müharibəsi günlərində də Səfər Qaraqoyunlu başda olmaqla bütün İSTAD üzvləri ənənəvi və sosial media üzərindən Azərbaycan həqiqətlərinin yayılmasında fəal olublar.
İndi Qaraqoyunluda “Ata Ocağı Muzeyi” yaradılıb. Bizim üçün ən xoş olan haldır ki, İSTAD-ın hər məkanda olduğu kimi, açıq havada qurulmuş bu muzeydə də Azərbaycan və Türkiyə bayraqları qoşa dalğalanır.