“Ulduz” jurnalının yeni nömrəsi işıq üzü görüb.
Jurnalın iyun nömrəsi Nübar Eldarqızının “Özüylə söhbəti və şeirləri”ylə açılır. Bu nömrədə “Ulduz” jurnalı ilə “525-¬ci qəzet”in birgə layihəsi olan “9-luq”da “Müharibə – Ədəbiyyat – Müharibə ədəbiyyatı” mövzusunda şair Musa Urud, nasir Günel Anarqızı, kinorejissor Rövşən İsax danışır. “Ulduz”sevərlər tanınmış türk yazıçısı Bəxtiyar Aslanın “Ah, nə deyim, ömrüm, səni?!” yazısını Aygün Ələkbərzadənin tərcüməsində oxuya biləcək.
“Nəsr” bölməsində oxucularla görüşə yeni yazıları ilə Tural Cəfərli, Arzu Murad, Vüsal Bağırlı, Fariz Yunisli və Məlahət Hümmətqızı gəlib. Gülşən Əliyeva– Kəngərli “Tribuna”da “Meditativ şeirin poetik imkanları”ndan yazır. “Debüt”də İntiqam Can, Aqil Bəkirdir. “Qısa fikirlər xəzinəsi” dühaların fikirlərini, “Hücrə” Emin Pirinin “Posttənqidçi” yazısını təqdim edir. “Ulduz”un bu nömrəsində Əsəd Cahangirin “Xarıgülnar” poeması da işıq üzü görüb.
“Şeir vaxtı”nın budəfəki qonaqları Elnur Uğur, Mahirə Nağıqızı və Kəmaləddin Qədimdir. Fərid Hüseyn Musa Yaqubun poeziyasından, Günel Eyvazlı “Xan qızı”ndan yazıb. “Türk eli”ndə şeirləriylə oxucuların görüşünə Canər Gökcəoğlu gəlib. “Tərcümə saatı” Vasili Belovun “Atlar” hekayəsini Elçin Hüseynbəylinin, Helen Bannermanın “Qızıl pəncərə” hekayəsini Zəhra Namazlının tərcüməsində təqdim edir.
Qərib Mehdinin “Gülgünün rəngli muncuqları” sənədli hekayəsi, Rövşən Yerfinin “Şəhidlik zirvəsi” yazısı “Ulduz”un bu nömrəsində yer alıb.
İlham Abbasov “Ədəbiyyat üzrə Nobel mükafatçıları” rubrikasında görkəmli Amerika dramaturqu Yucin O’Nildən yazıb.
Milli musiqi mədəniyyətimizin hərbi-vətənpərvərlik istiqamətində inkişaf etdirilməsi sahəsində geniş fəaliyyətinə görə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.
Təqdimat mərasimində iştirak edən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin bədii rəhbəri və dirijoru Səməd Vəkilov medalı təqdim edərək, rəhbərlik etdiyi kollektivin Azərbaycan Bəstəkarlar İttifaqı ilə sıx əməkdaşlığını xüsusi olaraq vurğulayıb.
F.Əlizadə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin yüksək etimadını qiymətləndirərək öz dərin minnətdarlığını bildirib. Bu il pandemiya səbəbindən “Şəki İpək Yolu” Beynəlxalq Musiqi Festivalının keçirilməsi qeyri-mümkün olsa da, F.Əlizadə qeyd edib ki, gələcəkdə Bəstəkarlar İttifaqının orkestr ilə əməkdaşlığı uğurla davam etdiriləcək.
Azərbaycan Televiziyasında Şuşa həbsxanası, burada işgəncələr verilmiş azərbaycanlılarla bağlı veriliş yayımlanacaq.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, “Jurnalist araşdırması”nın növbəti buraxılışında erməni terrorçularının işgəncə verdiyi azərbaycanlılar yaşadıqlarını danışacaq.
Verilişdə bildirilib ki, ermənilər qanlı cinayətlərin böyük əksəriyyətini Şuşa həbsxanasında həyata keçirib.
“Jurnalist araşdırması”nda həbsxananın tarixinə də nəzər salınacaq.
Bundan başqa, uzun müddət erməni əsarətində olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin Şuşa həbsxanasında saxlanıldığı kameralar göstəriləcək.
Şuşa həbsxanasının son görüntüləri, işgəncə verilmiş azərbaycanlıların yaşadığı dəhşətlər iyulun 3-ü saat 21:00-da AzTV-də efirə veriləcək.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının fəxri oxucusu, Azərbaycan uşaq ədəbiyyatının tanınmış simalarından biri Simax Şeydanın “Padşah qız” kitabı çap olunub.
“Şirvannəşr” nəşriyyatı tərəfindən işıq üzü görən kitaba yazıçının “Padşah qız”, “Üç atlı”, “Tülkünün sonbeşiyi”, “Xəzinə axtaran kişi” mənzum nağılları toplanıb. Kitab hədiyyə olaraq kitabxanalara təqdim ediləcək.
Uzun illərdir Almaniyada yaşayan şair mütəmadi olaraq Azərbaycana gəlir. Onun şeirləri Azərbaycana, onun keçmişinə, qəhrəmanlıq tarixinə, sənət dünyasına və gözəl təbiətinə həsr olunur.
Xatırladırıq ki, uşaqların sevimli şairi Simax Şeyda 2018-ci ilin avqust ayında işıq üzü görmüş “Ovçu ayı” kitabını Yasamal rayon MKS-in Mərkəzi Kitabxanasına hədiyyə edib.
Mədəniyyət Nazirliyinin “İslam irsimizi qoruyaq” layihəsi çərçivəsində təqdim olunan növbəti material “Bibiheybət” məscidinə həsr edilib.
Azərbaycan tarixən müxtəlif xalqların sülh və əmin-amanlıq içərisində birgə yaşadığı məmləkətdir. Ölkəmiz, həmçinin mədəni irsinə, dini abidələrinə sahib çıxıb, onu gələcək nəsillərə ötürməyi də bacarıb. 1281-1282-ci illərdə inşa olunmuş, bu gün də dərin iman və sevgi ilə ziyarət olunan “Bibiheybət” məscidi də bunun bariz nümunəsidir.
Müsəlmanların üz tutuqları bu ziyarətgahda, həmçinin ilk dəfə olaraq muzey yaradılaraq, zəvvarların ixtiyarına verilib.
İyulun 2-də “Azərxalça”nın Qobu emalatxanasında son bir ildə toxunan ən böyük ölçülü xalça kəsilib. Xalçanı beş ay müddətində 4 toxucu xanım toxuyub.
“Azərxalça”nın mətbuat xidmətindən bildirilib ki, Quba məktəbinə aid “Pirəbədil” çeşnisi ilə toxunan xalça 24 kvadratmetrdir. Bu, fəaliyyət göstərdiyi müddətdə Qobu emalatxanasında kəsilən dördüncü böyük ölçülü xalçadır.
Xatırladaq ki, böyük kvadratlı (24-25kv.metr) xalçaları toxumaq üçün “Azərxalça”nın hər bir emalatxanasında 2 böyük ölçülü xalça dəzgahı mövcuddur.
“Yeni Azərbaycan” muğam qrupu türkiyəli rok ifaçı Ahmet Şafakın “Azərbaycan–Türkiyə” mahnısını yeni aranjimanda ifa edib.
Gənc musiqiçilər tarzən Ədalət Behbudov, kamança ifaçısı Pərviz Fərhadov və xanəndə Tuqay İsmayılov budəfəki ifanı Azərbaycan–Türkiyə qardaşlığına həsr ediblər.
Kamança ifaçısı, Azərbaycan Milli Konservatoriyasının müəllimi Pərviz Fərhadov torpaqlarımız düşmən tapdağında olduğu zaman xarici ölkələrdə verdikləri konsertlərdə işğal altında olan bölgələrimizin adı ilə çıxış etdiklərini bildirib: “Şükürlər olsun ki, Prezident İlham Əliyevin uğurlu siyasəti və rəşadətli ordumuzun sayəsində torpaqlarımız işğaldan azad edildi. Bu münasibətlə biz ilk olaraq iki qardaş ölkənin dostluğuna həsr olunan “Azərbaycan–Türkiyə” mahnısını yeni aranjimanda ərsəyə gətirdik, milli ritmlər də əlavə etdik. Onu da əlavə edim ki, bu əsər ilk dəfə ulu öndər Heydər Əliyevin qarşısında ifa olunub. Bizim üçün çox xoşdur ki, ifamızı Ahmet Şafak öz rəsmi instaqram səhifəsində də paylaşıb və “Qardaşlığımız əbədi olsun!” sözlərini yazıb”.
Qeyd edək ki, “Yeni Azərbaycan” muğam qrupunun üzvləri – xanəndə Tuqay İsmayılov və tarzən Ədalət Behbudov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində Bakı Humanitar Kollecində müəllim işləyirlər. Muğam qrupu dəfələrlə respublika və beynəlxalq müsabiqələrdə uğur qazanıb.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilimiş Kitabxana Sisteminin 2 nömrəli filialı Vətən müharibəsində qəhrəmancasına şəhid olan Məhəmmədəli İbrahimli haqqında videoçarx hazırlayıb.
İdarədən bildirilib ki, videoçarx kitabxananın sosial hesablarında paylaşılıb.
Videoçarxda bildirilib ki, 1996-cı ildə Beyləqan rayonunda anadan olan Məhəmmədəli İbrahimli əslən Füzulinin Cuvarlı kəndindəndir. 2003-2014-cü illərdə Sabunçu qəsəbəsində yerləşən 215 nömrəli orta məktəbdə təhsil alıb. 2014-2018-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bakalavr təhsili aldıqdan sonra 2018-ci ildə Azərbaycan Texniki Universitetində magistr təhsili alıb.
Qəhrəman şəhid 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan Ordusunun kəşfiyyatçı əsgəri olan Məhəmmədəli İbrahimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Oktyabrın 3-dən 4-nə keçən gecə döyüşdə ağır yaralansa da, bir həftə hospitalda müalicə aldıqdan sonra təkid edərək yenidən cəbhəyə qayıdıb. 13 oktyabr 2020-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub.
Məhəmmədəli İbrahimli Sabunçu rayon Şəhidlər xiyabanında dəfn edilib.