İyunun 24-də Azərbaycan Milli Xalça Muzeyində Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçiriləcək.
Xalça Muzeyindən bildirilib ki, tədbirdə Kanadada yaşayıb fəaliyyət göstərsə də, Azərbaycan silahsazlıq sənəti ənənələrini yaşadan, bu sənətkarlıq nümunələrinin hazırlanması, tədqiqatı və təbliğatı ilə məşğul olan məşhur silah ustası Emin Məmmədovun muzeyə bağışladığı iki xəncərin təqdimatı olacaq.
İyunun 23-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyi tərəfindən “Mədəniyyət naminə sülh” (Peace4Culture) adlı qlobal kampaniyanın təqdimat mərasimi keçirilib.
Tədbirdə mədəniyyət naziri Anar Kərimov, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos və tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mədəniyyət Nazirliyinin aparat rəhbəri Vasif Eyvazzadənin moderatorluğu ilə keçən tədbirdə əvvəlcə “Mədəniyyət naminə sülh” adlı qlobal kampaniyanın məqsədi, hədəfləri, fəaliyyət istiqamətləri barədə məlumat verib.
Bildirilib ki, kampaniyanın əsas məqsədi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud vəziyyətin, dağıdılmış infrastrukturun və mədəniyyətə qarşı törədilmiş soyqırımın dünyaya çatdırılmasına nail olmaqdır. Həmçinin dünyanın müxtəlif münaqişə regionlarında mədəni irsin qorunmasının orada sülh yaradılması vasitəsilə mümkün ola biləcəyinin, mədəni həyatın canlanmasında sülhün mühüm rol oynadığının, habelə ölkəmizin işğaldan azad olunmuş ərazilərində sülhün bərqərar olması ilə mədəniyyətin və həyatın dirçəlməsinin başqa regionlara da nümunə ola biləcəyini dünyaya çatdırmaqdır.
Sonra Böyük Britaniyanın Sülh, Etimad və Sosial Münasibətlər İnstitutunun İdarə Heyətinin sədri, professor Maykl Hardi və ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malikin videomüraciətləri olub.
Mədəniyyət naziri Anar Kərimov bildirib ki, bu qlobal kampaniya sülh vasitəsilə mədəni irsin qorunmasının, dinc və dayanıqlı sülhsevər cəmiyyətlərin qurulmasının və beynəlxalq sülh sistemlərinin gücləndirilməsinin, eləcə də sülhün əldə olunmasında mədəniyyətin rolu ilə yanaşı, mədəniyyətin inkişafında sülhün rolunun öyrənilməsini nəzərdə tutur. Kampaniya çərçivəsində dünyanın müxtəlif ölkələrindən və beynəlxalq təşkilatlarından diplomatların, ictimai-siyasi xadimlərin, görkəmli mədəniyyət və incəsənət adamlarının, media nümayəndələrinin, elm xadimlərinin işğaldan azad edilmiş ərazilərə dəvət edilməsi və sülh çağırışlarının bu ərazilərin fonunda səsləndirilməsi nəzərdə tutulur.
Dünyəvi və multikultural ölkə kimi Azərbaycanın mövqeyinin və sadiq olduğu dəyərlərin dünyaya düzgün çatdırılması olduqca vacibdir. Bu kampaniya, eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş “Bakı Prosesi” təşəbbüsü və 2010-cu ildə BMT Baş Assambleyası çərçivəsində irəli sürülmüş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşəbbüsünün qlobal miqyasda davamını və onun əsas ideyalarına sadiqliyini nümayiş etdirir. Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatının Baş katibi 2017, 2018 və 2019-cu illərdə BMT Baş Assambleyasına təqdim etdiyi məruzələrində “Bakı Prosesi”ni xüsusi vurğulayaraq Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu mədəniyyətlərarası və dinlərarası dialoq sahəsində BMT-nin əsas qlobal platformalarından biri elan etmişdir. Bununla əlaqədar “Mədəniyyət naminə sülh” kampaniyası mədəniyyəti qorumaq naminə sülhü təşviq etməyin əhəmiyyətini bir daha bəyan edərək dünyanı malik olduğu mədəni müxtəlifliyə sahib çıxmağa və onun təhlükəsizliyini vaxtında təmin etməyə çağırır.
“Mədəniyyət naminə sülh” qlobal kampaniyası beynəlxalq qurumların və xarici ölkələrin, yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarının, biznes qurumlarının qoşulması üçün açıqdır. Bu qlobal layihə çərçivəsində mədəni irsin vəziyyətinə dair sərgilər, sülhə çağırış aksiyaları, elmi və ədəbi müsabiqələr, sosial media, foto və video, film, musiqi və digər audiovizual layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Anhel Moratinosun tədbirin əhəmiyyətindən danışaraq bildirib ki, dünyada sülhün, təhlükəsizliyin qorunması naminə birgə çalışmaq lazımdır: “Dünya pandemiya böhranı və onun iqtisadi nəticələri ilə üzləşdi. Biz gələcək üçün yeni yol tapmalı, birgə yaşamalıyıq. Azərbaycan bu yeni təşəbbüslə müraciət etdi və mən buna dərhal reaksiya verdim. Biz bu günün reallığına və problemlərinə cavab vermək üçün yeni mexanizm və alətlər tapmalıyıq. Biz daha yaxşı cəmiyyət qura, birgə sülh içində yaşaya bilərik”.
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın inkişafının şahidi olduğunu söyləyən Migel Anhel Moratinos deyib: “Bu gün mənim üçün həm də xüsusi gündür, Azərbaycan öz torpaqlarını azad etdikdən sonra Prezident İlham Əliyevlə görüşdüm. Mən ümid, ləyaqət, sevinc hisslərinin şahidi oldum. Azərbaycanın dövlət başçısı ilə konstruktiv müzakirəmiz, dialoqumuz oldu. O, ölkənin tarixində yeni səhifənin açıldığını dedi. İnanıram ki, xalqınız üçün yeni səhifə, gələcək qarşıdadır”.
Sonda diplomatik korpus və KİV nümayəndələrini, habelə digər tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
“YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə Azərbaycan Rəngkarlıq Muzeyində açılan sərgilər artıq yay rejimində fəaliyyət göstərirlər.
“YARAT”dan bildirilib ki, sərgi ilə tanış olmaq istəyənlər çərşənbə axşamı və bazar günü olmaqla saat 12:00 –dan 20:00-dək bələdçi ilə sərgiyə baxış keçirə bilərlər. Eyni zamanda saat 21:00 – dan 22:00-dək sərgiyə sərbəst (bələdçisiz) baxmaq mümkündür.
Qeyd edək ki, hazırda muzeydə rəssam Rəşad Ələkbərovun "Özünsən!" solo sərgisi və "XX əsrin son çiçəkləri: Y nəsli" qrup sərgisi, eləcə də "Öz adanı kəşf et" adlı sərgi ziyarətçilər üçün açıqdır.
Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair İsa Sevərin “Gedir xərəkdə dünyam...” adlı yeni kitabı işıq üzü görüb.
Kitabda müəllifin eyni adda poeması yer alıb. “Borçalı” nəşriyyatında çap olunan kitabın naşiri və redaktoru Müşfiq Borçalıdır.
Kitaba “İsa Sevər poeziyasında ana obrazı” adlı “Ön söz” yazan şair Rizvan Nəsiboğlu şairin ilhamını aşıb-daşan dağ çayına bənzədərək müəllif haqqında deyir: “İsanın bütün kitablarında elə bir atəşin ana sevgisi var ki, bu sevginin işığında əriməmək, xəyalında bir qüdrətli ana obrazı yaratmamaq mümkün deyil. ... İsa Sevər poeziyasında ananın dilində xeyir-dua var, ananın nisgili hiss olunur. Onlar İsanın özü boyda, öz mənəvi əzabları, dərdləri boydadır. Bunları hiss etmək, duymaq üçün təkcə yazıçı, filoloq olmaq yox, həm də fəhmli oxucu olmaq yetərlidir”.
Yeni truppası və orkestri ilə bu günlərdə yaranmasının 75 illiyini qeyd edən Bakı Dövlət Sirkinin (BDS) rəsmi veb-saytı (circus.az) istifadəyə verilib.
Müasir dizaynda təqdim edilən yeni saytda altı əsas bölmə yer alır. Yeni loqo ilə təqdim edilən saytda “haqqımızda”, “afişa”, “qalereya”, “xəbərlər”, “korifeylər” və “əlaqə” bölmələrində sirkin fəaliyyəti ilə maraqlanan hər kəs özünə aid olan məlumatı əldə edə bilər.
Saytda xəbərlərlə yanaşı, reportaj, müsahibə və araşdırma məqalələri də yayımlanır.
Fərqli formatda hazırlanan sayt vasitəsilə sirkin tamaşaları üçün onlayn bilet satışı da nəzərdə tutulub.
Bakı Müasir İncəsənət Muzeyində Bakı Höte mərkəzi, Latviya Respublikasının səfirliyi, İsveç Krallığının səfirliyi və “Platform Art” təşkilatının birgə dəstəyi ilə Əməkdar rəssam Səbinə Şıxlinskayanın “Yaxından” adlı fərdi sərgisinin açılışı olub.
Müasir İncəsənət Muzeyinin direktoru Xəyyam Abdinov tədbirdə iştirak edənlərə minnətdarlığını bildirib və Səbinə Şıxlinskayanın yaradıcılığından söhbət açıb: “Səbinə rəssamlıqda öz üslubu ilə seçilən biridir. Biz şadlıq ki, bu gün Səbinə Şıxlinskayanın burada sərgisi açılır”.
Səbinə Şixlinskaya Müasir İncəsənət Muzeyinin direktoru Xəyyam Abdinova, muzeyin əməkdaşlarına və sərginin təşkilinə kömək göstərənlərə təşəkkür edib: “Bu gün mən şadam ki, siz bu sərgidə iştirak edirsiniz. Mən bugünkü sərgini tək Azərbaycan deyil, bütün dünya neftçilərinə həsr etmişəm”.
İsveçrə səfiri Müriel Peneveyre bildirib ki, pandemiya şəraitində belə bir sərginin açılışı heç də asan deyil. Neft həyatımızın mühüm hissəsini təşkil etdiyindən bu sərgiyə maraq olduqca böyükdür.
Tədbirdə çıxış edən Latviyanın ölkəmizdəki səfiri Daynis Qarançs, İsveçin ölkəmizdəki səfiri Kristian Kamill Səbinə Şıxlınskayanın peşəkarlığını və sərginin möhtəşəmliyini qeyd ediblər.
Sonra qonaqlar sərgi ilə tanış olublar.
“Yaxindan” layihəsi müasir incəsənət əsərlərinin multimedia sərgisidir. Sərginin əsas mövzusu neft sahəsinə və “qəhrəmanlıq” aspektindən çıxış edən neftçilərin həyatına həsr olunub. Sərgidə monumental rəsm əsərləri, video və səs instalyasiyaları təqdim olunub.
Qeyd edək ki, sərgi iyulun 27-dək davam edəcək.
Azərbaycan dünyanın ən böyük və ən qədim animasiya festivalı olan Fransanın Annecy Beynəlxalq Animasiya Film Festivalında təmsil olunub. Festivalın 45-ci buraxılışı 5 gün davam edib.
Animasiya kinosunun “Oskar”ı sayılan Annecy festivalında Azərbaycanı “Animafilm”in direktoru Rəşid Ağamalıyev, 3-cü “Animafilm” festivalının qalibi Fidan Axundova və rejissor Durna Səfərova təmsil ediblər.
Fidan Axundovanın Fransaya səfəri və MIFA akkreditasiyası onun ötənilki “Anımafılm” festivalının "Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi" mükafatını qazanması sayəsində mümkün olub. Xatırladaq ki, həmin mükafatın sponsorları məhz Azərbaycandakı Fransız İnstitutu (IFA), Fransanın Azərbaycandakı səfirliyi və Annecy Beynəlxalq Animasiya Film Festivalı olmuşdur.
“Bu tarixi hadisədir. Azərbaycan kinosunun tarixində ilk dəfə animasiya filmimiz Annecy Festivalında müsabiqə proqramında iştirak etdi. Durna Səvərovanın "Fainanın sirri" ANNECY-in "Perspectives" müsabiqə proqramında yarışdı. Onu da qeyd edim ki, “Animafilm” Festivalı artıq ikinci dəfədir ki, Annecy-nin MIFA animasiya bazarında təmsil olunur. Biz Azərbaycan və Fransa arasında çox önəmli animasiya proqramları hazırlamışıq. Bu barədə tezliklə geniş məlumat veriləcək”, - deyə “Animafilm” Beynəlxalq Animasiya Festivalının direktoru Rəşid Ağamalıyev deyib.
Xatırladaq ki, 2021-ci ildə “Animafilm” Festivalı Fransanın Azərbaycandakı səfirliyi və Fransız İnstitutunun (IFA) tərəfdaşlığı və Annecy Beynəlxalq Animasiya Film Festivalının dəstəyi ilə "Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi" kateqoriyası üzrə mükafat təqdim edir. Bu kateqoriyada “Animafilm” festivalının qalibi 2022-ci ildə Fransada keçiriləcək Annecy Festivalına səyahət edəcək və MIFA adlı peşəkar akkreditasiya əldə edəcək. Qalibin bütün səyahət və yaşayış xərcləri IFA tərəfindən ödəniləcək.
IV “Anı̇mafı̇lm” Beynəlxalq Animasiya Festivalı oktyabrın 20-dən 24-dək Bakıda keçiriləcək. Festival beş gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmlərini təqdim edəcək. Builki festivalın mövzusu “Əlillik” olacaq.