1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Uşaqlar bizim gələcəyimiz, sabaha olan ümidimizdir, ölkəmizin gələcəyi onların əlindədir, onları müdafiə etmək, Vətənə sadiq qəhrəman oğul və qızlar kimi böyütmək hər bir kəsin borcudur. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da hər il qeyd edilir.
Respublika Gənclər Kitabxanası daim öz fəaliyyətini əlamətdar günlər təqviminə əsasən qurduğuna görə bu gün də kitabxanada diqqətdən kənar qalmayıb.
Respublika Gənclər kitabxanası 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bir sıra maarifləndirici, əyləncəli materiallar hazırlayıb. Bunlara misal olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Gününün tarixindən, mahiyyətindən, məqsədindən bəhs edən videoçarxlar, bukletlər, balaca dostlarımızın marağına səbəb olacaq ədəbiyyata dair “Book trailer”i misal göstərmək olar. Belə ki, fransız yazıçısı Jül Vernin “Kapitan Qrantın uşaqları”, Astrid Lidqrenin “Uzuncorab Peppi” və s. kitablara tanıtım çarxları çəkilib.
Bundan əlavə kitabxananın sosial şəbəkələrində daim oxucular tərəfindən göndərilən, balaca dostlarımızın yer aldığı müxtəlif videoçarxlar paylaşılır. Kitabxana tərəfindən elan edilən müsabiqələrdə kiçik yaşlı, istedadlı balalcalar tez-tez birincilik qazanıblar. Gənclər kitabxanası daha çox gənclərə fokuslanmağına baxmayaraq, balacaların da maraqlarına cavab verən ədəbiyyatın təbliği, paylaşımların edilməsini daim diqqət mərkəzində saxlayır.
“Boomerang Label” şirkətinin rəhbəri Nigar Məmmədovanın təşəbbüsü̈, Orxan Məmmədlinin ideya müəllifliliyi və rejissorluğu ilə “Sarı gəlin” mahnısına yeni nəfəs verilib.
Bənövşə Allahverdiyevanın ifasında qrafika əsasında özünəməxsus tərzdə hazırlanan “Sarı gəlin”in klipinin ideyası beş il əvvəl yaransa da, reallaşması zəfər tariximizin yaşandığı ilə təsadüf edib.
“Boomerang Label” şirkətinin reallaşdırdığı layihənin rəhbəri, baş prodüser və montaj rejissoru Nigar Məmmədova bu təşəbbüslə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə müraciət edib və birgə əməkdaşlıq nəticəsində “Sarı gəlin”in yeni tərzdə təqdimatı reallaşıb.
Klipdə Şərqdə qadının gücü̈ tərənnüm olunur. Göstərilir ki, türk soylarında savaşın ortasına atılan qadın örpəyi qanlı müharibəni dayandırır. Üz-üzə döyüşə girən əsgərlər örpəyini açıb ayaq altına atan qadına baxmamaq üçün üzlərini geri çevirir və beləliklə, savaş̧ dayanır.
Məzmunda Şirvanşahlar, Ağqoyunlu, Atropatena, Səfəvilər dövlətinin güc simvolları, tarixi bayraqları yer alıb. Klipdə bütün Yaxın Şərqdə qüdrətli hərbi-siyasi amilə çevrilən Azərbaycan dövlətçiliyinin ənənələri, vətən- torpaq bağlılığı əks olunur.
Klipdə müğənni Bənövşə Allahverdiyevanın geyimini Bakı Milli Geyim Evi təqdim edib. Klipdə rol alan aktyorların geyimi rəssam Rüfət Balakişiyevə, qrimi Aytən Hüseynzadəyə aiddir.
Qeyd edək ki, dünyanın sevərək dinlədiyi “Sarı gəlin”in tarixi məzmunda təqdimatı yenilikdir. Dili olmayan musiqi bundan sonra mədəni irsimizi bir daha sərgiləyəcək.
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə virtual sərgi hazırlanıb.
Kitabxanadan bildirilib ki, virtual sərgidə fotolar, mövzu ilə əlaqəli kitab və məqalələr nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Usaqlarin_Beynelxalq_Mudafiesi_Gunu/index.htm linkindən istifadə edə bilərlər.
Qeyd edək ki, 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında bu tarixi uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da hər il qeyd edilir. Ölkəmizdə müasir uşaqların problemlərinin həlli, onların hüquqlarının qorunması kimi məsələlərin zəruriliyini nəzərə alaraq əlverişli mənəvi və sosial mühitin yaranması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Uşaqların qayğısına qalaraq intellekti yüksək olan, savadlı nəslin yetişməsinə tələb olunan şəraitin yaradılmasına önəm verilir.
Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onları müdafiə etmək hər bir kəsin borcudur.
Ukraynanın Dnepr şəhərində Azərbaycan Mədəniyyət Mərkəzinin rəsmi açılış mərasimi keçirilib.
Mərkəz Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayəti təşkilatının təşkilatçılığı ilə Dnepr Texniki Milli Universitetində yaradılıb. Rəsmi açılış mərasimində ölkəmizin Ukraynadakı səfiri Elmira Axundova, Dnepropetrovsk vilayətinin deputatları, Dnepr Texniki Milli Universitetinin rektoru Genadi Pivnyak, müəllim və tələbə heyəti, diaspor rəhbərləri, soydaşlarımız və yerli KİV-lər iştirak edib.
Səfir Elmira Axundova və rektor Genadi Pivnyak rəsmi açılışın rəmzi sayılan qırmızı lenti kəsdikdən sonra Azərbaycan və Ukraynanın dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən səfir Elmira Axundova bildirib ki, Azərbaycan mədəniyyəti, ədəbiyyatı və tarixini öyrətmək, onun təbliği baxımından bu cür mərkəzlərin fəaliyyətə başlanması olduqca əhəmiyyətlidir. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısının nəticəsidir ki, dünyada, o cümlədən Ukraynada yaşayan soydaşlarımız, diaspor fəalları Azərbaycanda olan həqiqətlərin, həmçinin onun mədəniyyətini, tarixini sistemli şəkildə təbliğ edirlər. Dneprdə açılan Azərbaycan Mədəniyyət Mərkəzi buna bariz nümunədir.
Səfir vurğulayıb ki, mərkəzin fəaliyyəti Azərbaycan və Ukraynanın siyasi və mədəni əlaqələrinin inkişafına öz töhfəsini verəcək. Mərkəzin açılmasında göstərdiyi dəstəyə görə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayətinin sədri Nəcəf Əhmədov və universitetin rəhbərliyinə təşəkkürünü bildirən səfir qeyd edib ki, mərkəzin fəaliyyəti Azərbaycan haqqında reallıqların təbliği üçün gözəl platformadır.
Sonra səfir mərkəzə Şuşa xalçası və Bakı neftinə aid şəkil kompozisiyasını hədiyyə edib.
Rektor Genadi Pivnyak çıxışında qeyd edib ki, universitetin Azərbaycan diaspor üzvləri ilə fəal əməkdaşlığı mövcuddur və bu əməkdaşlığın nəticəsidir ki, ali təhsil ocağında Azərbaycan Mədəniyyət Mərkəzi açılıb. Bu, Azərbaycan-Ukrayna münasibətlərinin inkişafının göstəricisidir. Mərkəzdə Ukrayna və xarici tələbələrə Azərbaycan dili tədris olunacaq. Rektorun sözlərinə görə, mərkəz Azərbaycan və Ukrayna arasında mədəni, təhsil, elmi-texniki və informasiya əlaqələrinin inkişafına yönəldilib.
Daha sonra Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) Dnepropetrovsk vilayəti təşkilatının sədri Nəcəf Əhmədov, Dnepropetrovsk vilayətinin deputatı Qoşqar Muxtarov, BUAK-ın sədri Rövşən Tağıyev və digər çıxışçılar mərkəzin əhəmiyyətindən danışaraq göstərdiyi dəstəyə görə səfir Elmira Axundovaya təşəkkürlərini bildiriblər. Qeyd ediblər ki, Azərbaycan və Ukraynanın yaradıcı və mədəni-maarifləndirici təşkilatları ilə əlaqələrin yaranmasına və inkişafına, Azərbaycan dilinin öyrənilməsinə yardım etmək, iki ölkə arasında qarşılıqlı əlverişli işgüzar münasibətlərin genişlənməsi üçün şərait yaratmaq Mərkəzin məqsədlərindəndir.
Sonda tədbir bədii hissə ilə davam edib.
İyunun 1-də Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) “Azərbaycan” pavilyonunda Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Ustad Erzianın dünyaları. Bakı” adlı uşaq rəsmləri sərgisi açılacaq.
Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunan sərgidə müxtəlif ölkələri təmsil edən, heykəltəraş Stepan Erzianın yaradıcılığından ilhamlanmış uşaqların 50 işi nümayiş etdiriləcək.
Sərgidə 6-16 yaşlı uşaqlar iştirak edirlər. İştirakçıların coğrafiyası çox genişdir: Moskva, Bakı, Saransk, Genuya, Tallinn və başqa şəhərlər. Sərgiyə gələnlər rəngkarlıq, qrafika və dekorativ-tətbiqi sənət janrlarında işlərlə tanış olacaqlar.
Sərginin açılış mərasimində müsabiqənin Bakıdan olan qalibləri onlayn rejimdə təltif ediləcək, tədbirin qonaqlarına heykəltəraş Stepan Erzianın həyat və yaradıcılığından bəhs edən kiçik tanıtım filmi göstəriləcək.
Stepan Erzia adına Beynəlxalq İncəsənət Fondunun tərəfdaşı “INV Models” uşaq model agentliyi moskvalı məşhur dizayner Anastasiya Mişinanın “Çiçək kolleksiyası” adlı moda dəstini təqdim edəcək.
Sərginin kuratoru S.D.Erzia adına Beynəlxalq İncəsənət Fondunun art-direktoru Vlada Prosvirkinadır.
“Ustad Erzianın dünyaları. Bakı” sərgisi XX əsrin görkəmli heykəltəraşı Stepan Dmitriyeviç Erzianın (1876-1959) 145 illiyinə həsr edilib. Onun həyat və yaradıcılığı Azərbaycanla sıx bağlı olub.
Xatırladaq ki, “Ustad Erzianın dünyaları” adlı Beynəlxalq Uşaq Yaradıcılığı Müsabiqəsi 2016-cı ildə S.D.Erzia adına Beynəlxalq İncəsənət Fondunun təşəbbüsü ilə təsis edilib. İlk müsabiqədə Rusiya, Azərbaycan, İtaliya, Estoniya, Argentina və digər ölkələrdən olan gənc rəssamlar iştirak ediblər. Fond müsabiqə çərçivəsində uşaqlara heykəltəraş Stepan Erzianın həyat və yaradıcılığı motivləri əsasında öz əsərlərini yaratmağı təklif edir. Xüsusi komissiya bu işləri seçir, onların ən yaxşıları Fondun kolleksiyasında qalır və sonradan Rusiya şəhərlərində, habelə xarici ölkələrdə sərgilərdə nümayiş etdirilir.
“Ustad Erzianın dünyaları. Bakı” adlı Beynəlxalq Uşaq Yaradıcılığı Müsabiqəsi Erzia Fondunun və Heydər Əliyev Mərkəzinin “Heykəltəraş Erzia və onun bakılı şagirdləri” adlı yeni birgə Rusiya-Azərbaycan mədəni layihəsinin tərkib hissəsidir. Bu layihənin 2022-ci ildə Bakıda reallaşdırılması nəzərdə tutulur.
Müsabiqə çərçivəsində uşaq işlərinin eyniadlı səyyar sərgisi formalaşıb. Bu sərgi 2020-ci ildə Moskvada nümayiş etdirilib və “Saf rənglər” adlı Beynəlxalq Uşaq və Gənclər Təsviri Yaradıcılığı Festivalı çərçivəsində Azərbaycan Rəssamlıq Akademiyasında göstəriləcək.
Mayın 31-də İstanbulda “Çağdaş Sənət” beynəlxalq rəsm sərgisinin açılış mərasimi keçirilib.
Sərgi “Artcontact İstanbul Müasir İncəsənət Mərkəzi”nin təşkilatçılığı ilə İstanbulun Avrasiya Nümayiş və Sənət Mərkəzində keçirilir.
Pandemiya qaydalarına uyğun şəkildə baş tutan tədbirə məhdud sayda iştirakçı qatılıb. Əsasən Türkiyədə yaşayan yerli və xarici sənətkarların əsərlərinin nümayiş olunduğu sərgidə bu il dünyanın 5-ə yaxın ölkəsindən nümayəndə heyətinin iştirakı nəzərdə tutulur. Tədbirdə dünyanın müxtəlif ölkələrindən olan ümumilikdə minə yaxın iştirakçının on minə yaxın əsəri nümayiş etdirilir. Bunlara həm rəsm əsərləri, həm də heykəltəraşlıq nümunələri daxildir.
Dünyanın ən böyük incəsənət sərgilərindən olan “Çağdaş sənət”də “AzArt”-“Türkiyədə Yaşayan Azərbaycanlı Rəssamlar Qrupu”nun xüsusi stendi qurulub. Burada Türkiyədə yaşayan 15 azərbaycanlı rəssamın 100-ə yaxın rəsm əsəri nümayiş olunur.
Qeyd edək ki, 2020-ci ildə keçirilməsi nəzərdə tutulan sərgi COVID-19 pandemiyası səbəbindən təxirə salınıb.
2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illiyi ölkəmizdə geniş qeyd edilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunub.
Dahi Nizaminin 880 illiyi münasibətilə “Bakı Metropoliteni” QSC-də bu il silsilə layihələrin həyata keçirilməsi planlaşdırılır.
QSC-dən bildirilib ki, bu xüsusda mayın 31-də keçirilən sərgi formatlı ilk təqdimat dahi şairin həyat və yaradıcılığının ədəbi-bədii və təsviri sənət nümunələrində vəsfinə həsr olunub.
Bütün bunlar il boyunca Nizami Gəncəvi yaradıcılığını oxuculara, metropoliten istifadəçilərinə bir daha yaxından tanıtmaq məqsədi daşıyır.
“2021 - Nizami İli” adlanan sərgi “Nizami” stansiyasının giriş meydançasından artıq diqqəti cəlb edəcək. Burada stansiya binasının tağlarından birində Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməsi xatırladılır. Digər tağda isə dahi şairin özü və sənəti haqqında beyti yer alır və bununla şair sanki sərginin də məzmun və mahiyyətini bəyan edir.
Stansiya vestibülünün kassa zalında bir tərəfdə Nizami Gəncəvi yaradıcılığının ana xəttini təşkil edən “eşq” və “söz” məfhumlarına verdiyi tərif yer alır. Burada şairin dünyəvi, insani dəyər kimi yaradıcılığında yaxşılığı xarakterizə edən misraları bəşər övladını saflığa, xeyir əməl sahibi olmağa çağırır.
Kassa zalının digər tərəfində isə bu gün dünyanın müxtəlif sənət mərkəzlərinin incisinə çevrilmiş 5 miniatür sənəti nümunəsi yer alır. Bu miniatürlər Nizami yaradıcılığından bəhrələnmiş Azərbaycan təsviri sənətinin inciləri olmaqla ölkəmizin də zəngin mədəni irsinin göstəricisidir.
Vestibülün eskalator meydançasında dahi şairin sənətinə həsr olunmuş daha 5 miniatür sənəti nümunəsi yer alır. Bu miniatürlər ilk dəfə nümayiş olunmaqla “Bakı Metropoliteni” QSC-yə Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundan məxsusi olaraq seçilərək təqdim edilib. “Xəmsə”nin nəfis tərtibatlı bu nümunəsi XVII əsrdə Dost Məhəmməd bin Dərviş Məhəmməd əl-Dəraxçı və Yusif Behbehani tərəfindən köçürülüb. Əlyazmadakı miniatürlər Məşhur Təbriz miniatür məktəbinə aiddir.
Eskalatorun aşağı meydançasının hər iki yan divarında da Nizami yaradıcılığının təsirindən yaranmış mövzular yer alır. Bir tərəfdə ölməz şairə həsr olunmuş bədii film haqqında məlumat və çəkiliş meydançasında çəkilmiş fotoşəkillər, digər tərəfdə isə sərgi izləyicilərinə “Nizami” stansiyası haqqında məlumat təqdim olunur.
Nizami yaradıcılığına həsr olunmuş pannoların müşayiəti ilə platformanın orta zalının sonuna doğru irəlilədikcə Nizami portretinin hər iki tərəfində sərgi izləyicilərinə dahi şair və onun “Xəmsə”si haqqında qısa məlumatlar təqdim edilir. Rəssam Mikayıl Abdullayevin adının olduğu divar yaxınlığında isə püpitr üzərində pannoların müəllifi haqqında məlumat da təqdim olunur.
Stansiya yollarının gözləmə zalının pannoarxası divarlarını dahi sənətkarın yaradıcılığından misralar bəzəyir. Hər pannonun arxa hissəsində izləyicilər həm “Xəmsə”dən beytlərlə, həm də əsərlərin məhz pannolarda təsvir olunmuş hissələrində yer alan və onu təsvir edən misralarla tanış ola bilərlər. Bununla onlar Nizami yaradıcılığının geniş və əhatəli mövzularının ibrətamizliyini bir daha yaxından təqib etmək fürsəti əldə edirlər.
Stansiyanın yol divarlarında təqdim edilən Nizami yaradıcılığının nadir misraları hər birimizi sənətkar dühasının mənəvi aləminə səyahətə dəvət edir.
Bundan əlavə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi metropolitenin bütün stansiyalarının monitorlarında da xüsusi elektron posterlərlə təqdim olunur.
Qeyd edək ki, Bakı metropoliteninin şöhrətini dünyaya tanıtdıran rəmzlərdən biri də dahi sənətkarın adını daşıyan stansiyadır. Bu stansiya təkcə Azərbaycan memarlığının deyil, eləcə də dünya təsviri sənəti və metro inşaatı sahəsində də öz unikallığı ilə seçilir. Dünya şöhrətli Mikayıl Abdullayevin kaşı daşlarından işlədiyi Nizaminin portreti və onun ölməz “Xəmsə”sinin motivləri əsasında işlənmiş 18 panno bu gün ölkəmizə gələn turistlərin də diqqətini özünə cəlb edən nadir sənət nümunəsidir.
Bu gün Xalq artisti Oqtay Zülfüqarovun anadan olmasından 92 il ötür
Görkəmli bəstəkar Oqtay Zülfüqarov ömrünün 60 ilindən çoxunu uşaq mahnılarının yazılmasına, Azərbaycan mədəniyyətinin inkişafına həsr edib. Uşaqlara daim böyük sevgi və həssaslıqla yanaşan Oqtay müəllim onlar üçün şən, gözəl mahnı nümunələri yaratmış və neçə-neçə nəsil bu mahnılarla böyüyüb.
Bu gün görkəmli sənətkar, Xalq artisti Oqtay Zülfüqarovun anadan olmasından 92 il ötür.
Oqtay Zülfüqarov 1929-cu il mayın 31-də hakim ailəsində anadan olub. Musiqi Məktəbinin violonçel sinfini, A.Zeynallı adına Musiqi Məktəbi və Dövlət Konservatoriyasının violonçel sinfində təhsil alıb, professor Qara Qarayevin tələbəsi olub.
1957-ci ildə üçüncü kursda oxuyarkən Azərbaycan bəstəkarlarının qurultayında gənc bəstəkarın fortepiano triosu uğur qazanıb. 1958-ci ildə Qara Qarayevin sinfini uğurla başa vuran Oqtay Zülfüqarov müəlliminin məsləhəti ilə uşaqlar üçün silsilə mahnılar yaratmağa başlayıb.
O, uşaqlar üçün yazılan “Qız-ulduz”, “Pişik və Sərçə” və "Meşə nağılı" operalarını da yazıb. "Şəngülüm, Şüngülüm və Məngülüm" adlı musiqili komediya, violonçel və fleyta üçün konsertlər, simfonik poemalar, kantatalar, dörd simfoniya, instrumental pyeslər, teatr və kino üçün musiqi yazan bəstəkarın böyük simfonik orkestr üçün yaratdığı "Şənlən, mənim xalqım" uvertürası kimi bir çox məşhur musiqi əsərlərinin müəllifidir.
2010-2012-ci illərdə O.Zülfüqarov "Məlik Məmməd" nağılı əsasında uşaqlar üçün “Sehrli alma” ikihissəli balet, eyni zamanda, musiqi dərslikləri yazıb. Uzun illər "Tumurcuq" və "Aysel" Uşaq Mahnı Teatrı Oqtay Zülfüqarovun rəhbərliyi altında Azərbaycan Dövlət Televiziyasında verilişlər hazırlayıb. Musiqi ilə yanaşı, bəstəkar həm də şeirlər yazıb və onlar "Oxuyur Aysel" adlı topluda işıq üzü görüb. 1972-ci ildə Əməkdar incəsənət xadimi adına, 2000-ci ildə Xalq artisti adına layiq görülüb. Prezident təqaüdçüsü olan bəstəkar uzun illər Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri işləyib.
Oqtay Zülfüqarov ömrünün 60 ilindən çoxunu uşaq mahnılarının yazılmasına, Azərbaycan mədəniyyətinin inkişafına həsr edib. O, Azərbaycanın ən böyük uşaq bəstəkarlarından biri kimi bu sənətə öz möhürünü vurub. Uzun müddət Azərbaycan televiziyasında onun uşaqlarla apardığı veriliş uşaqların sevə-sevə izlədiyi proqram idi.
Oqtay Zülfüqarov 2016-cı il avqustun 31-də 87 yaşında vəfat edib.
Kitab treyleri hər hansı bir kitabdan bədii formada bəhs edən qısa bir videodur. Bu videoların məqsədi yeni çap olunan kitabları reklam etmək və oxucuları onları oxumağa cəlb etmək, film qoşqularına xas olan əyani vasitələrdən istifadə edərək kitablara diqqət çəkməkdir. Bir qayda olaraq, kitab treylerinin müddəti 3-10 dəqiqədən çox deyil. Bu cür videolar həm müasir kitablar, həm də ədəbi klassik halına gələn kitablar üçün çəkilir. Bir kitab treylerinin əsas vəzifəsi gələcək oxucunu maraqlandırmaq və təəccübləndirmək, hekayə xəttinə və sənət əsərinin qəhrəmanlarına diqqət çəkməkdir. Kitab treyleri hazırlayarkən videolar, illüstrasiyalar, fotoşəkillər, kitab örtüklərindən istifadə edilir.
Hazırda Respublika Gənclər Kitabxanası 100-dən çox kitab treylerinin müəllifidir. Belə ki, kitabxana əməkdaşları tərəfindən çoxlu sayda dünya və Azərbaycan klassiklərinin və müasir yazarlarının əsərlərinə kitab treyleri çəkilir. Bu kitab treyleri “Kitabxanaçı məsləhət edir” aksiyası çərçivəsində kitabxananın sosial şəbəkələrinə və yutub kanalına yerləşdirilir. Bu “book trailer”lərin çəkilməsində əsas məqsəd kitaba, mütaliəyə olan marağı artırmaq, gənc nəsli maraqlı, faydalı, mütaliəsi mühüm olan yerli və dünya ədəbiyyatı ilə tanış etməkdən ibarətdir. Hazırlanan hər bir “book trailer”lərdə müəllifin adının, əsərin süjet xəttinin, əsər haqqında maraqlı faktların, əsərin motivləri əsasında çəkilmiş filmlərin adlarının və onlar haqqında məlumatların verilməsi mühümdür.
Respublika Gənclər Kitabxanasının əməkdaşları Elxan Elatlı, Varis Yolçuyev, Rövşən Abdullaoğlu, Əlibala Hacızadə, İlyas Əfəndiyev, Anar, Edqar Po, Aqata Kristi, Rəşad Nuri Güntəkin, Fenimor Kuper, Kolin Makkalou, F. Dostoyevski, Con Boyne, Qabriel Qarsiya Markes, Sumeyya Koc, Teador Drayzer, Jül Vern, Xalid Hüseyn və s. müəlliflərin bir, iki və daha çox əsərinə “book trailer” çəkmişdir.
İstifadəçilər hazırlanan “book trailer”lərin bəzilərinə kitabxananın instaqram səhifəsindən baxa bilərlər.
1 iyun -Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Dövlət Turizm Agentliyinin (DTA) tabeliyindəki “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda uşaqlar gününə həsr olunmuş tədbirlər təşkil olunacaq.
DTA-dan bildirilib ki, qoruqda gün ərzində uşaqlar üçün interaktiv və əyləncəli oyunlar, Kromlex daş sərgisi və muzeylə tanışlıq, məktəblilərdən ibarət musiqi və rəqs qruplarının çıxışı nəzərdə tutulub.
Həmçinin bir sıra məktəblərin şagirdləri və müəllim heyəti üçün onlayn video-konfrans keçiriləcək.
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Şəki Tarix-Diyarşünaslıq Muzeyində də azyaşlı ziyarətçilər üçün əyləncəli tədbirlər təşkil olunacaq. “Kiş” Tarix-Memarlıq Qoruğunda yerli sənətkarların, eləcə də uşaqların taxta üzərində oyma və tikmə işlərindən ibarət əl işləri nümayiş etdiriləcək.
Qeyd edək ki, “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, “Kiş” Tarix-Memarlıq Qoruğu və Şəki Tarix-Diyarşünaslıq Muzeyinə 18 yaşadək uşaqların girişi ödənişsizdir.