Azərbaycanın yeganə fransızdilli mətbu orqanı “Le Carrefour” (Yol qovşağı) qəzetinin təsisçisi, www.lecarrefour.az saytının rəhbəri, fransızdilli jurnalist Zeynab Kazımovanın Fransanın “Musulmansenfrance.fr” xəbər portalında “Bir Qarabağ xalçasının taleyi və dönüşü” (Le destin et le retour d’un tapis du Karabakh) başlıqlı məqaləsi yayımlanıb.
Məqalədə müəllif Beynəlxalq Muzeylər Günündən söz açaraq, Azərbaycan Milli Xalça Muzeyindən bəhs edib.
Muzeyin 1967-ci ildə keçmiş sovetlər birliyində yaradılan ilk və dünyada yeganə unikal bir muzey olduğunu diqqətə çatdırıb.
Azərbaycan Milli Xalça Muzeyinin zəngin ekspozisiyasından bəhs edən jurnalist burada 11 min mədəniyyət nümunəsi olan eksponatın, o cümlədən 6000 xalça və tekstil məmulatının sərgiləndiyini qeyd edir.
Məkanın gözəlliyindən ağızdolusu söz açan, Azərbaycanın milli irsi olan maddi-mədəniyyət nümunələrinin sərgiləndiyi bu məkanı cənnətə bənzədən Zeynab Kazımova muzeydə saxlanılan bir xalçaya xüsusi olaraq diqqət çəkir. Bu xalçanın erməni işğalı zamanı itmiş, oğurlanmış, daha sonra uzaq Amerikada, Los-Ancelesdə “qədim erməni xalçası” adı ilə satılmağa çıxarılmış Qarabağ xalça məktəbinə aid “Baxçada güllər” xalçası olduğunu bildirir. Xalçanın çox maraqlı tarixə sahib olduğunu vurğulayan müəllif 1991-1994-cü illərdə, Birinci Qarabağ müharibəsi dövründə şəhərlərin və kəndlərin ermənilər tərəfindən işğalı, bütün azərbaycanlıların evlərinin dağıdılması, evlərin, ev əşyalarının, xalçaların, digər maddi mədəniyyət və sənət obyektlərinin qarət edilməsi və oğurlanmasının Azərbaycan xalqına vurduğu maddi və mənəvi zərbədən yazır.
Zeynab Kazımova bütün bunların insanların şəxsi əmlakına qəsd olmaqla yanaşı, həm də Azərbaycan mədəniyyətinə, incəsənətinə, tarixi, milli, maddi-mənəvi sərvətlərimizə qarşı məkrin bir hissəsi olduğunu, ermənilərin hər zaman xalqımızın bu mədəni irsini özününküləşdirmək cəhdlərini, hələ də Azərbaycan tarixinə, ədəbiyyatına və mədəniyyətinə əsassız iddialarının davam etdiyini nəzərə çatdırır. Müəllif yazır: “Bu dəhşətdir! Sənə məxsus olmayan şeyi oğurla, ələ keçir, götür, sat!”
Müəllif öz məqaləsində sözügedən xalça ilə bağlı fakta istinad edərək, Los-Ancelesdə “qədim erməni xalçası” adı ilə satışa çıxarılan xalçanın bir vətənpərvər azərbaycanlının üzərində kiril əlifbası ilə azərbaycanca yazılmış “1 yanvar 1971-ci il, Sərvərə anadan əbədi yadigar, ad günü hədiyyəsi” yazısından tanıdığını yazır, ermənilərin bu cəhdinin ilk belə hal olmadığını da qeyd edir. Azərbaycan xalqına məxsus mədəniyyət nümunələrinin dəfələrlə erməni mədəniyyəti adı altında təqdim olunduğunu bildirən müəllif, təəssüflə yazır ki, özünə məxsus olmayanı oğurlamaq, onu özününkü kimi təqdim etməklə satmaq ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi çoxsaylı hallardan biridir. Jurnalist bildirir ki, azərbaycanlı tərəfindən hərracdan alınan xalça öz Vətəninə Azərbaycana qaytarılır, Azərbaycan Milli Xalça Muzeyi ona qucaq açır. Beləliklə, Vətənə qaytarılan xalça burada sərgilənir.
Muzeyin direktoru Şirin Məlikovanın sözlərinə istinad edən jurnalist yazır ki, 1992-ci ildə Şuşanın işğalından sonra o zamandan Şuşa Muzeyi Bakıda Xalça Muzeyinin nəzdində yerləşdirilib. Muzeyin direktoru hazırda həmin xalçanın Şuşa filialının kolleksiyası ilə birlikdə muzeydə sərgiləndiyini, işğaldan azad olunmuş Şuşada Muzeyin binası yenidən qurulduqdan sonra Qarabağda həmin kolleksiya ilə birgə sərgilənəcəyini qeyd edir.
Müəllif bildirir ki, xalçanın taleyi sanki müharibədə itkin düşmüş insanların taleyini xatırladır.
Eyni zamanda, məqalədə Azərbaycan xalqının həyatında, məişətində xalçaçılığın mühüm yer tutduğunu bildirir. Ta qədimdən nənələrin, anaların öz övladları üçün xalça, kilim hədiyyə etdiklərini, bunun Azərbaycan xalqının adət və ənənəsinə məxsus olduğunu, övladların bu xalçalardan isti ana əllərinin hənirini aldıqlarını və bu hisslərin böyük mənəvi çəkisini qeyd edir.
Məqalə sözügedən xəbər portalının manşetində yerləşdirilib, həmçinin sosial şəbəkə hesablarında da yayımlanıb.
İyunun 3-də “YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə “ARTIM Lab-2021” proqramının iştirakçıları Elmira Babayeva, Səidə Quluzadə, Ayna Moazzen, Səbinə Mehdiyeva, Ləman Məmmədova, Nəzrin Məmmədova, Rəfiqə Novruzlu, Marta Ramazan, Nərgiz Səmədova, Nigar Səfərova və Şəbnəm Vəliyevanın əsərlərindən ibarət birgünlük “Dalğıc: duyğusal mənaların yeddi qatı” adlı sərgi təşkil olunacaq.
“YARAT”dan bildirilib ki, proqramının ilk studiya sərgisində iştirakçılarının budəfəki mentoru olan Cahangir Səlimxanov ilə silsilə görüşlərin yaradıcılıq nəticələri təqdim edilir.
“Nəzirə” konsepsiyası altında keçirilmiş seminar, yeni yaradıcı layihələrin digər incəsənət əsərindən götürülən hər hansı bir elementdən bəhrələnərək ərsəyə gətirilməsinə həsr edilib. “Nəzirə” - Şərq poeziyası ənənələrində istənilən sənətkarın əsərinin təsiri altında yazılmış “cavab” əsəridir.
Məşğələlərin məqsədi nümunə olaraq seçilmiş Nizami Gəncəvinin “Yeddi gözəl” poemasına ən müxtəlif vasitələrlə, hətta qeyri-adi tərzdə və formatda “nəzirələr” (ithaf, cavab) yaratmaq idi.
İştirakçılara əsəri oxuyub, özləri üçün hər hansı süjet səbəbi (motivi), məcazı (metaforası), təsviri, hətta dolayı məlumatı - astronomiya, sosial zümrələr, sevgi ifadəsinə dair ədəb, astrologiya, saray əyləncələri, gemologiya, mədəni coğrafiya, landşaft memarlığına və digər mövzulara aid edilən elementi seçmək, həmin “mənimsədilmiş” materialın rəssamların öz bədii təxəyyüllərinə hansı şəkildə təkan verə biləcəyi barədə düşünmək təklif olunmuşdu. Sərgi, həmin prosesin nəticələrini izləmək və qədim dövrdən gələn ədəbi abidəyə müasir yaradıcı şəxslərin yanaşmasını duymaq imkanı yaradır.
Çili Respublikasının Azərbaycanda müvəqqəti işlər vəkili Fidel Luis Koloma Qrimberg Dövlət Tərcümə Mərkəzində olub.
Görüş zamanı Mərkəz tərəfindən müxtəlif illərdə Azərbaycan dilində ərsəyə gətirilmiş Çili ədəbiyyatı nümunələri ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycan–Çili ədəbiyyatlararası əlaqələrin genişləndirilməsi istiqamətində atılacaq növbəti addımlar müzakirə edilib.
Azərbaycanın Afrika ölkələri ilə əlaqələrinin tarixi var. Hələ ötən əsrin 60-cı illərindən Azərbaycan Afrikanın müxtəlif ölkələrindən olan minlərlə gəncə Bakı universitetlərində təhsil almağa imkan yaradıb və həmin gənclər ölkələrinə qayıdaraq, dövlətlərinə xidmət ediblər. Azərbaycanın müxtəlif universitetlərində on minlərlə afrikalı tələbə təhsil alıb.
Həmçinin 2014-cü ildə yaradılmış UNESCO/Azərbaycan Trust Fondu Afrikanın Kenya, Uqanda, Tanzaniya, Liberiya kimi bir çox ölkələrində qızların təhsili, gender bərabərliyi, təhsildə bərabərlik kimi müxtəlif layihələrin maliyyələşməsində yaxından iştirak edib.
Bu fikirləri UNESCO yanında daimi nümayəndəmiz, səfir Elman Abdullayev qurumun mənzil- qərərgahında keçirilən “Afrikada okeanlar, sülh və davamlı inkişaf” mövzusuna həsr edilmiş “Afrika Həftəsi” çərçivəsində müraciətində qeyd edib. Bildirib ki, Azərbaycan Afrika ölkələrində qızların və qadınların təhsilə əlçatarlığı layihələrində iştirak edərək, gənc qızlar və qadınların həyat keyfiyyətlərini və rifahının yüksəldilməsində yerli hökumətlərin səylərinə töhfə verib. Cəmiyyətin imkansız qrupları, xüsusilə də gənc qız və qadınların təhsilə çıxışını asanlaşdırmaq, təhsilin keyfiyyətini yaxşılaşdırmaq və təhsil imkanlarını artırmaq istiqamətində strategiyalar hazırlanmasında yaxından iştirak edib.
Daimi nümayəndə Azərbaycanın bəşəriyyət üçün çox kritik bir dövrdə Qoşulmama Hərəkatına (QH) sədrliyi öz üzərinə götürdüyünü qeyd edərək, COVID-19 pandemiyasının yaratdığı qlobal fövqəladə vəziyyətin razılaşdırılmış və səmərəli cavablar tələb etdiyini deyib.
Diqqətə çatdırıb ki, pandemiyanın presedentsiz ümumdünya təsirinin aradan qaldırılması istiqamətində qlobal səylərə töhfə vermək məqsədilə Azərbaycan qlobal ailənin fəal üzvü olaraq, Ümumdünya Səhiyyə Təşkilatının “COVID-19 müraciəti”nə könüllü maliyyə yardımı edib.
Qeyd edib ki, Qoşulmama Hərəkatının üzv dövlətlərinə pandemiya ilə bağlı adekvat, operativ və əhatəli yardım göstərməyin mümkün yollarını tapmaq üçün Azərbaycan BMT Baş Assambleyasının xüsusi iclasını, eləcə də Qoşulmama Hərəkatı səviyyəsində onlayn Zirvə toplantısını çağırıb.
COVID-19-a cavab olaraq Qoşulmama Hərəkatının Kontakt Qrupunun yaradılması və 2020-ci il mayın 4-də Zirvə görüşünün keçirilməsi, habelə sammitin qərarı əsasında üzv ölkələrin tibbi və humanitar ehtiyaclarına dair məlumat bazasının yaradılması və təşkilatın təşəbbüsü ilə BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr olunan xüsusi sessiyasının keçirilməsi qlobal təhdidlərin cavablandırılması üçün çoxtərəfliliyin gücləndirilməsinə Qoşulmama Hərəkatının dəyərli töhfəsi kimi qeyd edilib.
Azərbaycanın təşəbbüsü ilə keçirilən iclasların nəticəsində koronavirusa qarşı mübarizə üzrə işçi qrupu QH üzv dövlətlərinə pandemiyaya qarşı mübarizədə humanitar və tibbi ehtiyaclar haqqında məlumat bazası hazırladı. Bu məlumat bazası ÜST-ün QH-na aidiyyətli ölkələrlə bağlı istinad nöqtəsinə çevrilib. Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosu, həmçinin bütün beynəlxalq təşkilatları və aidiyyəti tərəfləri peyvəndlərin istehsalı, paylanması və ədalətli şəkildə qiymətləndirilməsində şəffaflığı təmin etməyə çağırıb.
Qoşulmama Hərəkatı UNESCO-nun fəaliyyətini dəstəkləmək üçün səylərini əsirgəmir. Qoşulmama Hərəkatının 2019-cu il dövlət və hökumət başçılarının yekun bəyənnaməsində Afrika dövlətlərinin üzləşdiyi və həll edilməmiş məsələlərə, gender bərabərliyi, təhsil, eləcə də UNESCO-nun mandatının bəzi əsas sahələrinə yönəlmiş məsələlərə dair 100-dən çox maddə həsr edilib.
“İnsanların rifahının yaxşılaşdırılmasına yönəlmiş birgə səylərimizin daha güclü, aydın, təsirli və daha yaxşı eşidilməsini hədəfləyən təşəbbüslərin tərəfdarıyıq. Gücümüz həmrəyliyimiz və birliyimizdədir”, - deyə E. Abdullayev bildirib.
Azərbaycan və Afrika arasında mədəniyyətlərarası dialoqun təşviqi sahəsindəki əlaqələrə toxunan daimi nümayəndə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə qəbul edilmiş “Bakı Prosesi”nin fərqli qitələrdə yaşayan, müxtəlif etnik, mədəni, dini və dil mənşəyi və irsi olan fərdlər və qruplar arasında qarşılıqlı anlaşma və hörmət əsasında açıq fikir mübadiləsini əhatə etdiyini vurğulayıb.
Afrikada sülh mədəniyyətinə həsr olunmuş Biennalenin ideya və məqsədlərinə toxunan daimi nümayəndə “Bakı Prosesi” və Luanda Biennalesi arasında səciyyəvi sinerji yaratmağın vacibliyindən söz açıb. Sülh, tolerantlıq, birgə yaşayışı, insan hüquqlarına hörməti və xalqların kimliyini və mədəni müxtəlifliyini təşviq etmək üçün vasitə olan bu sinerji sivilizasiyalar, sülh mədəniyyəti və dinlərarası əməkdaşlıq sahələrində güclü dialoq yaradacağını diqqətə çatdırıb.
“Davamlı inkişaf sülhün qorunması, eləcə də sülh davamlı inkişaf üçün əsasdır. Kimsəni geridə qoymadan hər kəs üçün davamlı sülhün, firavanlığın və sabitliyin təmin olunması hamımızın əsas hədəfimiz və məsuliyyətimizdir. Ölkəm daim bütün dünyada barışı gücləndirməyə və hamı üçün davamlı inkişaf təmin etməyə çalışır”, - deyə səfir E.Abdullayev çıxışını bitirib.
Səfirin çıxışı zamanı Azərbaycan, onun görməli məkanları və ölkəmizin Afrika ölkələrinə verdiyi töhfələri əks etdirən video bir çox ölkələrin televiziya kanalları vasitəsilə yayımlanıb.
Qeyd edək ki, “Afrika Həftəsi”ndə UNESCO Baş direktoru Odre Azule, qurumun 40-cı Baş Konfransının prezidenti Altay Cengizer, qurumun İcra Şurasının prezidenti Albertus Aochamub, qrum yanında Afrika qrupunun sədri Henok Teferra iştirak ediblər.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində xalqımıza bəxş etdiyi Qələbə sevincindən sonra Azərbaycan xalqı 28 May – Respublika Gününü böyük qürur, fəxr və yüksək əhval-ruhiyyədə qeyd edir.
Respublika Günü və möhtəşəm Zəfər münasibətilə Avstriyanın Baden şəhərində təşkil olunan Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib.
Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı və Baden Şəhər Bələdiyyəsinin dəstəyi ilə baş tutan tədbirdən əvvəl Baden Şəhər Mədəniyyət İdarəsinin rəhbəri Hans-Qerd Ramaxer giriş sözü ilə çıxış edib. O bildirib ki, Baden şəhəri ilə Azərbaycan Mədəniyyət Mərkəzi arasında uğurlu əməkdaşlıq qurulub və artıq bir neçə ildir ki, Azərbaycan musiqisi bu şəhərin mədəniyyət proqramının tərkib hissəsinə çevrilib.
Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova çıxışında Baden Şəhər Bələdiyyəsinə uğurlu əməkdaşlığa görə təşəkkür edib və bildirib ki, ötən il pandemiyadan öncə Azərbaycan Mədəniyyət Mərkəzinin sonuncu tədbiri Baden şəhərində keçirilib. Pandemiya ilə əlaqədar məhdudiyyətlərin yumşaldılmasından sonra ilk mədəniyyət tədbirinin yenə Badendə və eyni konsert salonunda baş tutması simvolik xarakter daşıyır.
L.Qasımova qeyd edib ki, Respublika Günü münasibətilə mədəniyyət günlərində tamaşaçılara rəngarəng musiqi proqramı təqdim olunub. Azərbaycan musiqiçiləri Baden Konqres Salonunda etno-caz, milli və klassik musiqi proqramları ilə çıxış ediblər. Eyni zamanda, vurğulanıb ki, bu il Respublika Günü hər bir azərbaycanlı üçün xüsusilə sevinc və qürurla qeyd edir, çünki ötən il Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və ötən həftələrdə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Xarıbülbül” musiqi festivalı keçirilib. Mədəniyyət Günləri də Azərbaycanın müstəqilliyi və öz ərazi bütövlüyünün bərpası uğrunda qazandığı Zəfərə həsr olunub.
Qala-konsertdə Əməkdar artist, “Qızıl çinar” beynəlxalq mükafatı laureatı Fuad İbrahimovun dirijorluğu ilə Vyana Kamera Orkestri çıxış edib. Konsertdə Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Cahangir Cahangirov, Aqşin Əlizadə, Arif Məlikov, Tofiq Quliyev, Vasif Adıgözəlov, Müslim Maqomayev, Fərhad Bədəlbəyli və digərlərinin əsərləri ifa olunub. Dirijor Fuad İbrahimov tamaşaçılara hər bir əsərin ifasından əvvəl onun bəstəkarı, əsərin tarixçəsi barədə məlumat verib.
Qeyd edək ki, qala-konsert Azərbaycan klassik əsərlərindən birinin premyerası ilə də yadda qalıb. Gənc Azərbaycan bəstəkarı, 44 günlük Vətən müharibəsinin iştirakçısı Vüqar Məmmədzadənin Azərbaycan torpaqlarının azadlığı uğrunda şəhid olan silahdaşlarının ruhuna ithaf etdiyi “Mənim yolum” adlı əsəri də ilk dəfə bu konsertdə səslənib. Qoboy və orkestr üçün bəstələnmiş əsəri Vyanada yaşayan və əslən Türkiyədən olan gənc qoboy ifaçısı İrem Mercan orkestrin müşayiəti ilə ifa edib. Konsertdə solistlər Əməkdar artist Şəhriyar İmanov (tar), Mərziyyə Hüseynova (soprano), Orxan Cəlilov (tenor), Jalə Rəsulova və Etibar Əsədlinin (hər ikisi fortepiano) ifaları böyük maraqla qarşılanıb.
Roma şəhərinin “Villa Borghese” parkındakı məşhur "Casa del Cinema" kino evində mayın 27-dən başlayan İtaliyada üçüncü Azərbaycan Film Festivalı başa çatıb.
Heydər Əliyev Fondu, Azərbaycanın İtaliyadakı Səfirliyi, Mədəniyyət Nazirliyi, Roma şəhər Meriyası, “Casa del Cinema” Kino Evi, “Zetema”, "Villa Borghese parkı", “RAI Cinema”, "01 Distribution Rai Cinema SpA" kimi qurumların təşkilatçılığı ilə keçirilən və media tərəfdaşları İtaliyanın “Askanews” xəbər agentliyi, "Agenzia Nova" xəbər agentliyi, "InsideOver" analitik portalı, “AzerbaijanNews” xəbər portalı, AZƏRTAC və AzTV olan İtaliyada Üçüncü Azərbaycan Kino Festivalı Respublika Günü - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103-cü ildönümü münasibətilə reallaşıb.
Üç gün davam edən festivalın açılışında Arzu Əliyevanın baş prodüseri olduğu, Bakı Media Mərkəzi tərəfindən lentə alınmış, Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin son günlərinə işıq salan və milli hökumətin son qərarını hansı çətin şəraitdə verdiyini əks etdirən “Son iclas” sənədli-bədii filmi, festivalın ikinci günü Arzu Əliyevanın baş prodüseri olduğu, Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanmış, Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ilin yanvarında parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam etdiyi nümayəndə heyətinin taleyindən bəhs edən “Əbədi ezamiyyət” sənədli filmi və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın layihə rəhbəri və icraçı prodüseri olduğu “Əli və Nino” bədii filmi, üçüncü günü isə "Qırmızı bağ", "Axınla aşağı" və "Təhminə" bədii filmləri nümayiş etdirilib.
İtaliyada COVID-19 ilə bağlı qüvvədə olan sanitar-epidemioloji qaydalara uyğun şəkildə təşkil olunmuş festival 2017 və 2019-cu illərdə müvafiq olaraq birinici və ikinci buraxılışlarında olduğu kimi bu dəfə də italyan tamaşaçılarının böyük marağına səbəb olub. İtaliya mətbuatı da istər festivaldan əvvəl, istərsə də festival günlərində tədbirə geniş diqqət ayırıb. Belə ki, festivalla bağlı "Il Messaggero", "Askanews", "Il Sole 24 Ore", "Il Tempo", "Affari Italiani", "Libero Quotidiano", "Notizie Tiscali", "Notize Yahoo", "InsideOver", "Kmetro0", "Agenzia Nova", "Nova News", "Rete Sole", "Il Giornale d'Italia", "Quotidiano", "Today", "Giornale Diplomatico", "Positano News", "Timgate", "Finance Yahoo", "The world news", "Vistosulweb", "Sports Yahoo", "MSN", "Style Yahoo", "Italy24News" və sair kimi kütləvi informasiya vasitələrində, "Casa del Cinema", "Turismo Roma", "Culture Roma" kimi Romanın mədəni həyatını əks etdirən portallarda, eləcə də kino sektorundan yazan bloqlarda festivalla bağlı 40-dan çox məqalə, yazı və videoreportaj yayılıb.
“Azərkitab” Kitab Təbliğatı Mərkəzində 28 May - Respublika Gününə həsr olunan rəsm sərgisinin açılış olub.
Meksikanın Azərbaycandakı səfirliyindən bildirilib ki, səfirliyin koordinasiyası ilə rəssamlar Aygün və Elnurə İsgəndərovalar tərəfindən təşkil olunan bu sərgi Meksika mədəniyyəti və təbiətinin zəngin müxtəlifliyinə aid azərbaycanlı rəssamların baxışını əks etdirən təxminən 30 əsərdən ibarətdir.
Tədbirin açılış mərasimində çıxış edən Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini iki ölkə arasında dostluq əlaqələrini vurğulayaraq, bu xüsusda mədəniyyət və incəsənətin rolunu qeyd edib. “Hər iki ölkənin bədii ifadələri bu dostluğu daha da möhkəmləndirməyə imkan verdi, belə ki, danışdığımız dil və ya mənsub olduğumuz milliyyətdən asılı olmayaraq, ünsiyyətimizi asanlaşdıran və canlandıran universal dəyər - incəsənətdir”, – deyə diplomat bildirib.
Azərbaycanlı rəssamlar yaratdıqları əsərlər haqqında təəssüratlarını bölüşüblər, ikitərəfli bədii əlaqələrin davam etməsinə dair arzularını ifadə ediblər.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində 28 May – Respublika Günü münasibətilə bayram konserti keçirilib.
İdarədən bildirilib ki, konsertin aparıcıları Arzu Həmzəyeva və Ayaz Məmmədov Ali Hərbi Məktəbin şəxsi heyətini salamlayaraq, onları 28 May – Respublika Günü münasibətilə təbrik ediblər. Bu gün müstəqil Azərbaycanın sələfi olduğu Şərqdə və İslam aləmində ilk demokratik quruluşlu Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən və fəaliyyətindən söhbət açan aparıcılar, məhz həmin dövrdə yaranmış və hazırda dünyanın ən müasir ordusu sayılan Azərbaycan Silahlı Qüvvələrinin Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində göstərdiyi rəşadətin, qazandığı Zəfərin qürur mənbəyimiz olduğunu vurğulayıblar.
Sonra 28 May – Respublika Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Konsertdə populyar müğənnilər - Günel Zeynalova (Azəri qızı Günel) və qardaşı Tunar Rəhman sevilən mahnıları ilə, rəqqasələr Fatimə Fətəliyeva, Kəmalə Səfərəliyeva və beynəlxalq mükafatlar laureatı “Səma” rəqs ansamblı zərif, gözəl və rəngarəng rəqs nömrələri ilə izləyiciləri sevindirib.
Tədbirin sonunda Mədəniyyət Baş İdarənin adından müğənnilər fəxri fərmanlarla təltif olunublar.