Türkiyənin Ukraynadakı səfiri Yağmur Əhməd Güldərə Xarkova səfəri çərçivəsində azərbaycanlı heykəltəraşlarla görüşüb.
Türkiyəli diplomat Ukraynanın Xalq rəssamları, heykəltəraş soydaşlarımız Katib Məmmədov və Seyfəddin Qurbanovun emalatxanalarına gələrək onların yaradıcılıqları ilə tanış olub. Səfir qeyd edib ki, Ukraynada qardaş Azərbaycan xalqının tanınmış heykəltəraşlarının olması qürurvericidir. “Sizin müəllifi olduğunuz heykəllər Ukraynada tanınır. Xarkov, Kiyev və digər şəhərlərdə heykəlləriniz mövcuddur. Sizin yaradıcılıq nümunələri, yaratdığınız obrazlar güclü emosional təsir qüvvəsinə malikdir. Bu əsərlər özünəməxsusluğu, düşündürücülüyü və ifadəliliyi ilə seçilir”, deyə Yagmur Əhməd Güldərə əlavə edib.
Heykəltəraş soydaşlarımız isə öz növbəsində göstərdiyi dəstəyə görə səfirə təşəkkürlərini bildirərək qeyd ediblər ki, Azərbaycan-Türkiyənin qardaş birliyi bütün dünyaya örnəkdir.
Bu gün Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasından 107 il ötür
Yaratdığı əsərlərlə oxucunu düşündürmək, hisslərinə hakim kəsilmək, onu gözəlliklər aləminə çəkib aparmaq, haqq-ədalət uğrunda mübarizəyə ruhlandırmaq, həqiqətin tapılmasında hər kəsə yardımçı olmaq kimi ali keyfiyyətlər az-az qələm sahibinə nəsib olur. Dərin məna tutumu, ictimai fikrə hakim kəsilmək gücü ilə bir-birini tamamlayan, XX əsr Azərbaycan cəmiyyəti həyatının bütün sahələrini güzgü kimi əks etdirən aktual əsərləri ilə xalqın məhəbbətini qazanan İlyas Əfəndiyev belə xoşbəxt taleli sənətkarlardandır.
Bu gün nasir, dramaturq, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasından 107 il ötür.
Bu görkəmli yazıçını və dramaturqu xatırlayarkən ulu öndər Heydər Əliyevin onun haqqında dediyi sözlər yada düşür: “İlyas Əfəndiyev Azərbaycan teatrına çox böyük töhfələr veribdir, böyük xidmətlər göstəribdir, çox dəyərli əsərlər yaradıbdır. Onun yaradıcılığı başqa cəhətlərlə yanaşı, bir də ona görə əhəmiyyətlidir ki, o öz əsərlərində həm Azərbaycan xalqının tarixinin çox mühüm səhifələrini ədəbiyyat, teatr vasitəsilə bugünkü nəsillərə çatdırıbdır, həm də öz əsərlərində müasir həyatımızın müsbət və mənfi cəhətlərini çox gözəl təsvir edibdir”.
Vaxtilə Ulu Öndərin görkəmli nasir və dramaturq İlyas Əfəndiyev haqqında dediyi bu sözlər, Xalq yazıçısının yaradıcılığına verilmiş yüksək qiymətin göstəricisidir.
Milli nəsrimizin, dramaturgiyamızın, teatr sənətimizin, ədəbi-tənqidi-ictimai fikrimizin inkişafında əvəzsiz xidmətləri ilə seçilən İlyas Əfəndiyev həm Sovet İttifaqı, həm də müstəqillik dövründə Azərbaycan ədəbiyyatının ən görkəmli yazıçılarından biri olub.
Ədəbiyyatımızda lirik-psixoloji üslubun yaradıcılarından biri, yeni obrazlar, xüsusən qadın obrazlarının mahir yaradıcısı, dramaturgiya və teatr tariximizdə “İlyas Əfəndiyev teatrı”nın banisi kimi estetik amillər ədəbi-nəzəri fikir tarixində İlyas Əfəndiyev fenomenini müəyyən edir.
İlyas Əfəndiyev 1914-cü il mayın 26-da Füzuli şəhərində dünyaya göz açıb. Yazıçının ulu babalarının bir qolu tacir nəslinə mənsub, digər qolu isə ruhani təhsili almış savadlı axund və üləmalar, Qarabağda tanınan, kasıba əl tutan, xeyirxah və alicənab insanlar olublar.
Yazıçının babası Bayram bəy dövlət idarələrində məmur işləyib, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şuşada qəza rəisi vəzifəsində çalışıb. Ötən əsrin 30-cu illərinin tufanı Əfəndiyevlər ailəsindən də yan keçməyib, yazıçının atası Məhəmməd Əfəndiyevə “kulak” damğası vurulub. Aramsız təqiblərə, təzyiqlərə tab gətirməyən Məhəmməd Əfəndiyev 1934-cü ildə, 50 yaşında dünyasını dəyişib.
İlyas Əfəndiyevin bir gənc kimi formalaşmasında, onda kitaba, ədəbiyyata, ümumiyyətlə, mütaliəyə maraq oyanmasında anası Bilqeyis xanımın əvəzsiz xidmətləri var. O, ömür-gün yoldaşının vəfatından sonra övladına müəllim, yoldaş, həm də ata əvəzi olub.
Gələcəyin məşhur yazıçısı hələ uşaq yaşlarından zəhmətə alışıb, mütaliəyə böyük maraq göstərib. 1921-ci ildə birinci sinfə gedən İlyas 1930-cu ildə pedaqoji təmayüllü iki dərəcəli orta məktəbi əla qiymətlərlə bitirib. O, 1933-cü ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun ədəbiyyat fakültəsinin əyani şöbəsinə daxil olub, 1938-ci ildə bu ali təhsil ocağının coğrafiya fakültəsinin qiyabi şöbəsini bitirib. Həmin ilin axırlarından İlyas Əfəndiyev Bakıda “Yeni yol”, “Kommunist” və “Ədəbiyyat qəzeti” redaksiyalarında işləyib. Onun ilk mətbu əsəri olan “Buruqlar arasında” oçerki 1938-ci ilin noyabrında, eləcə də “Berlində bir gecə” adlı ilk hekayəsi “Ədəbiyyat qəzeti”nin 1939-cu il 26 yanvar tarixli nömrəsində dərc olunub.
İlyas Əfəndiyevin 1939-cu ildə nəşr edilmiş “Kənddən məktublar” kitabı onu oxuculara tanıtdırıb. Yazıçının ilk hekayələr kitabı onun orijinal fərdi ifadə tərzinin göstəricisi, daha sonra qələmə aldığı “Aydınlıq gecələr” isə müəllifin ədəbi-estetik görüşlərinin əsası kimi o dövrün ədəbi prosesinin maraqlı nümunələridir.
O, 1943-cü ildə Mehdi Hüseynlə birlikdə ilk dram əsəri olan “İntizar” pyesini yazıb və bununla da yazıçının Azərbaycan milli teatrı ilə 50 ildən çox davam etmiş sıx yaradıcılıq əməkdaşlığının əsası qoyulub. Ötən əsrin 40-cı illərinin sonunda o, artıq özünü nasir və dramaturq kimi tanıdıb, əsərləri haqqında mətbuatda yazılar dərc olunub.
İlyas Əfəndiyevin bir gənc kimi yetişməsində, mütaliəyə, ədəbiyyata, elmə böyük maraq göstərməsində, hər şeydən əvvəl ailə tərbiyəsinin çox mühüm təsiri olub. Həmçinin onun oxuduğu və dərs dediyi məktəbin kollektivi, boya-başa çatdığı bölgənin ictimai-mədəni mühiti, gənclik illərində böyük həvəslə mütaliə etdiyi “Qızıl Araz” adlı rayon qəzeti, işlədiyi mətbuat orqanları, Bakı ədəbi mühiti onun yaradıcılığına çox böyük təsir göstərib. Habelə Azərbaycan Dövlət Radio Komitəsində, Bakı kinostudiyasında, “Azərnəşr”də çalışarkən ədəbi ictimaiyyətlə bilavasitə təmasda olub, dünyagörüşünü daim artırıb.
İlyas Əfəndiyev çoxşaxəli yaradıcılıq yolu keçmiş sənətkarlardandır. Əgər biz onun həyat və yaradıcılıq yolunun hər hansı ilini, yaxud qısa bir dövrünü xronoloji ardıcıllıqla izləsək, maraqlı mənzərənin şahidi olarıq. Yazıçı eyni dövr ərzində hekayələr yazmaqla yanaşı, istedadlı dramaturq kimi də fəaliyyət göstərib, irihəcmli roman və povestlərlə bərabər, oçerk və məqalələr də ərsəyə gətirmiş, konfrans və qurultaylarda məruzələrlə çıxış edib. Yazıçı ədəbiyyatın bütün janrlarında kamil sənət nümunələri yaradıb ki, bu da onun sənət palitrasının müxtəlif çalarlarından, dünyagörüşünün genişliyi və yaradıcılıq intellektindən xəbər verir.
XX əsr Azərbaycan ədəbiyyatının əvəzolunmaz simalarından biri kimi tarixə düşmüş İlyas Əfəndiyevin zəngin nəsrinə “Söyüdlü arx”, “Körpüsalanlar”, “Dağlar arxasında üç dost”, “Sarıköynəklə Valehin nağılı”, “Geriyə baxma, qoca”, “Üçatılan” və digər roman və povestləri, dramaturgiyasına “İşıqlı yollar”, “Bahar suları”, “Atayevlər ailəsi”, “Sən həmişə mənimləsən”, “Mənim günahım”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Qəribə oğlan”, “Mahnı dağlarda qaldı”, “Bağlardan gələn səs” və s. daxildir. O, pyesləri ilə teatr sənətimizdə yeni bir mərhələ açıb. Ədibin qəhrəmanları ülvi məqsədləri, mübarizliyi, xarakterlərinin bütövlüyü, yaşadığı hisslərin, duyğuların təbiiliyi ilə yaddaşlara həkk olunub. Qətiyyətlə deyə bilərik ki, 60-cı illərdə səhnəyə gələn gənclərin püxtələşməsində İlyas Əfəndiyevin zəngin dramaturgiyasının böyük rolu var. Ədibin pyesləri öz fikir zənginliyi, qaldırılan problemlər ilə həmişə tamaşaçıda maraq oyadır. Onun əsərlərinin ekranlara yol açması da bu baxımından qaçılmaz idi.
Azərbaycan teatr poetikası bədii-estetik dəyərini geniş mənada “İlyas Əfəndiyev teatrı”nda tapıb. Ədib özünün “Mahnı dağlarda qaldı”, “Xurşidbanu Natəvan”, “Şeyx Məhəmməd Xiyabani”, “Hökmdar və qızı” və digər tarixi dramları ilə xalqımızın milli azadlığı və müstəqilliyi uğrunda apardığı mübarizənin, istiqlal məfkurəsinin, azadlıq hərəkatının, milli birliyin və müstəqilliyin bədii tərənnümçüsünə çevrilib.
Altmış ildən çox yaradıcılıq yolu keçmiş görkəmli sənətkar 90-cı illərdə də məhsuldar bir yazıçı kimi yazıb-yaradıb, sovet rejimi illərində, partiya qadağaları dövründə deyə və yaza bilmədiyi bir sıra mövzuları yeni zamanın kontekstində oxuculara təqdim edib. O, “Hacı Axundun cənnət bağı necə oldu” hekayəsini, “Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı” povestini dərc etdirib, “Tənha iydə ağacı”, “Dəlilər və ağıllılar” “Hökmdar və qızı” və digər pyeslərini tamaşaya qoydurub, bir sıra yeni kitablarını nəşr etdirib.
Azərbaycan ədəbiyyatında heç bir dramaturq İlyas Əfəndiyev qədər teatrla uzunmüddətli fəal yaradıcılıq əlaqəsi qurmayıb. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yazıçının bütün pyeslərinə səhnə həyatı verilib.
1990-cı ildə İstanbul və Ankara səhnələrində “Bizim qəribə taleyimiz” və “Sevgililərin cəhənnəmdə vüsalı” müvəffəqiyyətlə oynanılıb, bu əsərlər haqqında Türkiyə mətbuatı onlarla məqalə dərc edib.
Xalqın tarixən qarşılaşdığı taleyüklü hadisələrdə ən mühüm siyasi və mənəvi dəyərlərin, qalibiyyət və faciənin böyük vətəndaşlıq yanğısı ilə bədii təhlilini İlyas Əfəndiyevin müraciət etdiyi ədəbi janrların hər birində görmək olar. Epik və dramatik növlərin daxili poetik gücünü eyni ustalıqla üzə çıxaran yazıçı oxucunu tarixi dinləməyə, xatırlamağa və düşünməyə vadar edir. Onun “Geriyə baxma, qoca”, “Üçatılan”, “Natəvan”, “Hökmdar və qızı” kimi əsərləri yazıçının tarixi mövzunu işləməkdə əsas bədii-estetik məqsədini bəyan edir: xalq öz tarixi dəyərləri ilə güclü və yenilməzdir. Bu mənada İlyas Əfəndiyevin yaradıcılığı yeni dövr Azərbaycan tarixinin bədii salnaməsidir.
Yaradıcılığı boyu hakim ideologiyanı tərənnüm etməyən ədib o dövrdə ədəbiyyatda yasaq olan Cənubi Azərbaycan və mühacirət mövzularında əsərlər yazıb, “Tənha iydə ağacı” pyesi ilə ilk dəfə mühacirət mövzusunu ədəbiyyata gətirib.
Sənətkarın yaradıcılığında Qarabağ mövzusu da əsas yer tutub. O, namərd qonşularımızın ötən əsrin 90-cı illərindən başlayan xəyanətkarlıqlarını, işğalçılıq hərəkətlərini dərin narahatlıq, vətəndaş yanğısı ilə izləyib, əsərlərində Qarabağın qədim tarixini əks etdirib.
Həyat hadisələrini bütün incəliklərinə qədər tərənnüm edən, onları dərin bədii təhlil süzgəcindən keçirib ümumiləşdirən, səlis, təbii dillə oxuculara çatdıran İlyas Əfəndiyev həm də şairanə ruha, poetik ifadə tərzinə malik sənətkardır. Onun yazıçı dili və bədii üslubu ədəbiyyatımızda yeni bir ədəbi məktəb səviyyəsinə yüksəlib.
İlyas Əfəndiyevin əsərlərinin dilinin səlisliyi, süjet xəttinin axıcılığı insanı əsəri bir nəfəsə oxumağa sövq edir.
Əsərlərinin əksəriyyətini sovet dövründə yazmış İlyas Əfəndiyev sadə insanların həyatını, onların məhəbbətini, arzu və istəklərini böyük ustalıqla qələmə alıb. Buna görə də onun əsərləri indi də coğrafi sərhədləri adlayaraq, yeni-yeni oxucu auditoriyalarının sevgisini qazanmaqdadır.
Zəngin yaradıcılıq yolu keçmiş böyük sənətkar İlyas Əfəndiyev 1996-cı il oktyabrın 3-də Bakı şəhərində dünyasını dəyişmiş və Fəxri xiyabanda dəfn olunub.
Ədəbiyyatımızın və teatrımızın inkişafında özünəməxsus yeri olan İlyas Əfəndiyevin yaradıcılığı dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilir. Hələ ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamı ilə İlyas Əfəndiyevin anadan olmasının 80 illik yubileyi dövlət səviyyəsində qeyd olunub.
Görkəmli sənətkarın vəfatından sonra onun xatirəsi əbədiləşdirilib, İçərişəhərdəki küçələrdən birinə və nüfuzlu “Elitar” Gimnaziyaya İlyas Əfəndiyevin adı verilib.
Ulu Öndərin müvafiq Sərəncamı ilə İlyas Əfəndiyevin “Seçilmiş əsərləri”nin yeddi, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə üçcildliyi nəşr edilib. Ədibin əsərləri son illər rus, türk və digər dillərdə dəfələrlə nəşr olunub, yaradıcılığı haqqında monoqrafiyalar, doktorluq, namizədlik dissertasiyaları yazılıb.
Böyük sənətkarın yaradıcılığına göstərilən diqqəti davam etdirən Prezident İlham Əliyevin Sərəncamı ilə İlyas Əfəndiyevin 90 illik yubileyi geniş şəkildə qeyd olunub.
Dövlətimizin başçısının “İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi haqqında” 2014-cü il 16 yanvar tarixli Sərəncamı ilə Bakıda və rayonlarda görkəmli nasir və dramaturqun yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilib.
Əsərlərinin bədii-fəlsəfi fikir dərinliyi, yüksək mənəvi-əxlaqi dəyərlərə malik qəhrəmanları ilə İlyas Əfəndiyev Azərbaycanın ədəbi və mədəni mühitində həmişəyaşar olacaq.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi əsasında “Vikipediya” Elektron Ensiklopediyasında “Xarıbülbül” beynəlxalq musiqi festivalı haqqında özbək dilində bölmə istifadəyə verilib.
Bölmədə festivalın yaranması, onun adının mənşəyi, belə bir tədbirin məhz Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşa şəhərində keçirilməsi, habelə digər maraqlı tarixi məlumatlar yer alıb.
Virtual bölmədə Azərbaycanda qədimdən Xarıbülbül adlanan gülün ölkənin Şuşa və Qarabağ yaylasında geniş yayıldığı qeyd olunur, Qarabağ münaqişəsi başlanandan sonra isə Xarıbülbülün Azərbaycan xalqının mübarizəsinin rəmzinə çevrildiyi vurğulanır. Bir çoxları üçün Xarıbülbül nisgil, kədər, ağrı, həsrət simvolu kimi xatırlanıb.
Materialda qeyd olunur ki, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən 44 günlük Vətən müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anılmasında Xarıbülbül nişanəsi geniş istifadə olunur. Xarıbülbül əzəmət, məğrurluq, qələbə və azadlıq müharibəsinin, şəhidlərin əziz xatirəsinin və Azərbaycan Ordusunun zəfər simvoluna çevrilib.
Bölmədə festival haqqında geniş məlumatlar yer alıb. Qeyd olunur ki, Azərbaycanın məşhur xanəndəsi, Şuşa xanəndəlik məktəbinin görkəmli nümayəndəsi Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən festival keçirilməyə başlanıb, 1990-cı ildə isə beynəlxalq status aldıqdan sonra festivalda Türkiyə, Yaponiya, ABŞ, Almaniya, İsrail, Niderland, İtaliya, İspaniya, Avstriya, Əfqanıstan və sabiq SSRİ məkanından ölkələr iştirak edib. Festival çərçivəsində konsertlərin Azərbaycanın Qarabağ bölgəsinin Ağdam, Bərdə və Ağcabədi şəhərlərində də keçirildiyi bildirilir.
Virtual səhifədə 1992-ci ildə mayın 15-də başlanmalı olan dördüncü festivalın ləğvindən də bəhs olunur. Vurğulanır ki, dünyanın 30-dan çox ölkəsindən 500 nəfər musiqiçinin iştirak edəcəyi “Xarıbülbül” festivalının keçirilməsi planlaşdırılsa da, erməni təcavüzü, Qarabağda müharibənin alovlanması və tarixi Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi səbəbindən ləğv olunub.
“Festivalın bərpası” adlı bölmədə 28 ildən sonra 2020-ci il noyabrın 8-də Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsi haqqında danışılır.
Qeyd olunur ki, 2021-ci ilin yanvar ayında Azərbaycan Prezidenti İlham Əliyev mədəniyyət naziri Anar Kərimovu qəbul edərkən Şuşada “Xarıbülbül” festivalının dirçəldilməsinin zəruriliyini bildirib.
Bölmədə vurğulanır ki, Prezident İlham Əliyev 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan edib və bu sənəddə Şuşada “Vaqif Poeziya günləri”nin, "Xarıbülbül" musiqi festivalının bərpa olunması öz əksini tapıb.
Bildirilir ki, 2021-ci il mayın 12-13-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Xarıbülbül" musiqi festivalı 30 ildən sonra yenidən keçirilib.
Bölmədə “Xarıbülbül” festivalının açılışında Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı, Azərbaycanda yaşayan xalqların folklor ansambllarının, habelə müxtəlif illərdə Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, Şövkət Ələkbərovanın lent yazıları yer alıb.
“Vikipediya”da Azərbaycan dilində olan “Xarıbülbül musiqi festivali” adlı virtual bölmə də əlavə və dəyişikliklər edilərək zənginləşdirilib.
Bölmədə bu il keçirilən festivalla bağlı iştirakçıların siyahısı, onların ifaları haqqında məlumat və fotoşəkillər öz əksini tapıb.
Mayın 26-da Prezident İlham Əliyev Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə dair tədbirlər planının hazırlanıb həyata keçirilməsi Azərbaycan Respublikasının Təhsil və Mədəniyyət nazirliklərinə tapşırılıb.
Sərəncamda deyilir: “2021-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının yaradılmasının 100 illiyi tamam olur. Bakı Musiqi Akademiyası müsəlman Şərqinin yeni tipli ali musiqi təhsili ocağı kimi dahi bəstəkar Üzeyir Hacıbəylinin təşəbbüsü ilə fəaliyyətə başlamışdır. Hələ ilk illərdən tədris prosesində Şərq musiqisinin çoxəsrlik ənənələrini və Avropa musiqi təhsilinin qabaqcıl təcrübəsini vahid məcrada birləşdirən, peşəkar musiqiçi kadrların hazırlanmasına və klassik musiqi irsimizin sistemli öyrənilməsinə xüsusi diqqət göstərən Akademiya ötən müddət ərzində nailiyyətlərlə zəngin böyük bir inkişaf yolu keçmiş, üzərinə düşən vəzifələrin öhdəsindən həmişə layiqincə gəlmişdir. Azərbaycan mədəniyyəti tarixinə parlaq səhifələr yazan, musiqi sənətimizi ölkəmizin hüdudlarından xeyli uzaqlarda da uğurla təmsil edən və yaradıcılığı Azərbaycan musiqisinin qızıl fonduna daxil olan görkəmli sənətkarların, tanınmış ifaçıların bir neçə nəsli məhz Bakı Musiqi Akademiyasının məzunlarıdır”.
UNESCO-da 1970-ci il Konvensiyasına üzv dövlətlərin 6-cı iclası keçirilir.
İclasda Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəsinin də çıxışı gözlənilir.
Qeyd edək ki, mədəni sərvətlərin qanunsuz idxalı, ixracı və tranzitinin qarşısının alınması və qadağan edilməsi tədbirlərinə dair 1970-ci il Konvensiyasına üzv dövlətlərin toplantısı konvensiyanın suveren orqanı hesab olunur. Üzv dövlətlərin toplantısının mandatı Konvensiyanın həyata keçirilməsinə strateji rəhbərlik və onun məqsədlərinin təbliği üçün zəruri hesab olunan tədbirləri reallaşdırmaqdır. Üzv dövlətlərin iclasının qaydaları bu dövlətlərin 2012-ci ilin iyununda keçirilmiş 2-ci iclasında qəbul edilib.
Mayın 27 və 28-də UNESCO-nun mənzil qərargahında 1970-ci il Konvensiyasına üzv dövlətlərin toplantısının köməkçi Komitəsinin 9-cu sessiyası keçiriləcək.
Mayın 26-da Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Böyük İpək Yolu və Türk Dünyası” adlı beynəlxalq elmi konfrans, eyni zamanda təşkilatın təşəbbüsü və dəstəyi ilə ingilis və rus dillərində işıq üzü görmüş “Azərbaycan İpək Yolu üzərində” kitablarının təqdimatı keçirilib.
Tədbirdə Fondun prezidenti Günay Əfəndiyeva təmsil etdiyi qurumun məqsədləri, onun türk dünyasına xas mədəniyyət və irsin qorunması, təşviqi və dünyaya tanıdılması istiqamətində fəaliyyəti və gələcək layihələri barədə məlumat verib. O, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə Böyük İpək Yolu ilə bağlı layihənin həyata keçirilməsindən danışıb, bu layihənin türkdilli xalqların bir-birinə daha da yaxınlaşması, eləcə də ümumtürk mədəni irsinin təbliğ edilməsi baxımından əhəmiyyətinə toxunub.
G.Əfəndiyeva bildirib ki, kitabın nəşri Fond tərəfindən həyata keçirilən “Türkdilli dövlətlər Böyük İpək Yolu üzərində“ adlı genişmiqyaslı beynəlxalq layihənin ilkin hissəsidir.
Diqqətə çatdırılıb ki, kitab qədim dövrdən son Orta əsrlərə qədər İpək Yolu ilə bağlı Azərbaycan tarixinin tədqiqinə dair ilk akademik nəşrdir. Əsərdə e.ə. II əsrdən XVI yüzilliyədək, yəni təqribən 1700 illik tarixi dövrdə, Azərbaycan ərazisindən keçən beynəlxalq quru və dəniz ticarət yollarının ölkənin siyasi, iqtisadi və mədəni inkişafına təsiri, eləcə də İpək Yolu boyunca baş vermiş qlobal mədəni mübadilədə Azərbaycanın rolu araşdırılıb. Monoqrafiya çoxsaylı tarixi, arxeoloji və müxtəlif dilli yazılı mənbələr əsasında hazırlanıb.
Tədbirdə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Elnur Sultanov, fonda üzv və müşahidəçi ölkələrin səfirləri, elm xadimləri çıxış edərək türkdilli dövlətlər arasında münasibətlərin gücləndirilməsində və türkdilli xalqların tarixi, mədəni irsinin, adət-ənənələrinin tanıdılmasında Böyük İpək Yolunun rolunu qeyd ediblər.
Konfransda əməkdaşlıq çərçivəsində türk dünyası ilə bağlı layihələrin, eyni zamanda tarixi İpək Yolunun canlandırılmasına dair müxtəlif layihələrin həyata keçirilməsinin vacibliyi qeyd edilib, ətraflı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, kitabın ideya və “Ön söz” müəllifi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevadır.
Əsərin hazırlanmasında tarix elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Şahin Mustafayevin rəhbərliyi ilə tarix üzrə fəlsəfə doktoru Fərda Əsədov, AMEA-nın müxbir üzvü Cəfər Qiyasi, tarix üzrə fəlsəfə doktoru, dosent Qoşqar Qoşqarlı və tarix elmləri doktoru Tarix Dostiyev iştirak edib.
Konfrans pandemiya şəraitinə uyğun olaraq keçirilib.
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2021-ci ilin yanvar-aprel aylarında Azərbaycana dünyanın 134 ölkəsindən 162,9 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,3 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib və baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, ölkəmizə gələnlərin 32,7 faizi Rusiya Federasiyası, 27,6 faizi Türkiyə, 16,7 faizi İran, 10,8 faizi Gürcüstan, 2,5 faizi Ukrayna, 1,1 faizi Böyük Britaniya, 1,0 faizi Belarus, hər birindən 0,7 faiz olmaqla Qazaxıstan və Özbəkistan, hər birindən 0,6 faiz olmaqla Türkmənistan və Almaniya, 0,5 faizi İtaliya, 4,5 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 92,6 faizini kişilər, 7,4 faizini qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-aprel aylarında Gürcüstandan gələnlərin sayı 8,6 dəfə, Türkmənistandan 6,9 dəfə, Qazaxıstandan 5,7 dəfə, Özbəkistandan 3,8 dəfə, Rusiya Federasiyasından 3,1 dəfə, Ukraynadan 2,7 dəfə, Böyük Britaniyadan 2,7 dəfə, Belarusdan 1,8 dəfə, Türkiyədən 1,5 dəfə, İrandan 1,2 dəfə azalıb.
2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə ümumilikdə körfəz ölkələrindən gələnlərin sayı 2,5 dəfə azalaraq 27,7 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,1 dəfə azalaraq 63,1 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,6 dəfə azalaraq 5,9 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 69,7 faizi dəmir yolu və avtomobil, 27,1 faizi hava, 3,2 faizi isə dəniz nəqliyyatından istifadə edib.
2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 5,8 dəfə azalaraq 162,8 min nəfər olmuşdur. Ölkə vətəndaşlarının 42,4 faizi Türkiyəyə, 22,1 faizi Rusiya Federasiyasına, 9,4 faizi Gürcüstana, 6,9 faizi İrana, 19,2 faizi digər ölkələrə səfər edib. Gedənlərin 75,4 faizini kişilər, 24,6 faizini qadınlar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 28,5 dəfə, Gürcüstana gedənlərin sayı 18,3 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı 5,4 dəfə, Türkiyəyə gedənlərin sayı isə 1,3 dəfə azalıb.
2021-ci ilin yanvar-aprel aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 68,6 faizi hava, 25,1 faizi dəmir yolu və avtomobil, 6,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.
BMT-nin Ümumdünya Turizm Təşkilatı (ÜTT) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda özünün Yaxın Şərq üzrə baş qərargahının açılacağı barədə bəyanat yayıb. Təşkilatın bu qərarı krallığın Dünya Bankı ilə birlikdə turizmə dəstək fonduna 100 milyon dollar məbləğində yardım ayırmasından sonra qəbul edilib.
Səudiyyə Ərəbistanı hökuməti krallığın turizm nazirinə BMT ÜTT ilə əməkdaşlıq haqqında sənədin layihəsini hazırlamaq göstərişini verib. Bundan başqa, Omanın Turizm və İrs Nazirliyi və Fransanın müvafiq qurumu ilə turizm sektorunda əməkdaşlığa dair sazişlər də imzalanacaq.
Rəsmi SPA agentliyinin yazdığına görə, Səudiyyə Ərəbistanı 2030-cu ilədək turizm sektorunun ümumi daxili məhsulda payını 10 faizə çatdırmağı planlaşdırır. Krallığın turizm naziri Əhməd əl-Xətib bildirib ki, ÜTT-in Yaxın Şərq üzrə baş qərargahının inauqurasiyası mayın 27-28-də Ər-Riyadda keçiriləcək “Regionda turizmin bərpası” adlı konfransda olacaq.