Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Özbəkistanda “Maqsud Şeyxzadə: azadlığa can atan şair” adlı filmin çəkilişlərinə başlanıb

    “Özbəkkino” Milli Agentliyinin sifarişi ilə Özbəkistanın “First Art Media” şirkəti “Maqsud Şeyxzadə: azadlığa can atan şair” adlı filmin çəkilişinə başlayıb.

    2021-ci ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Sərəncamı ilə bu ölkənin tanınmış klassik şair və yazıçıları haqqında, sənədli və bədii filmlərin çəkilməsi, habelə onların əsərlərinin yenidən nəşri həyata keçirilir.

    Özbəkistanın “First Art Media” şirkəti, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM), Özbəkistan və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin dəstəyi ilə hazırlanan filmin bir hissəsinin çəkilişləri böyük şairin vətəni Azərbaycanda, habelə doğulduğu Ağdaş rayonda aparılacaq.

    Sənədli filmlə bağlı artıq Özbəkistanda müəyyən işlər görülüb, ölkədə bir sıra çəkilişlər aparılıb.

    Təsadüfi deyil ki, böyük özbək şairi Şükrulla Maqsud Şeyxzadəni “Özbək ədəbiyyatının Şekspiri” adlandırıb.

    Sənədli filmin çəkilişləri başa çatdıqdan sonra Daşkənd və Bakıda təqdimat mərasimlərinin keçirilməsi nəzərdə tutulub.

    AMM-nin direktoru Samir Abbasov Maqsud Şeyxzadənin öz yaradıcılığı ilə iki xalq arasında dostluq körpüsü yaratdığını, Hüseyn Cavid, Abdulla Şaiq kimi klassiklərimizdən dərs alan Maqsud Şeyxzadənin əsərlərinin özbək ədəbiyyatının inciləri siyahısına daxil edildiyini qeyd edib.

  • Nizami Gəncəvi Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi dahi şəxsiyyətlərdəndir

    Mütəfəkkkir şair Nizami Gəncəvi Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi dahi şəxsiyyətlərdən biridir. Onun ümumbəşəri mahiyyət daşıyan yaradıcılığı, bir-birindən dəyərli əsərləri səkkiz əsrdən artıqdır insanların mənəvi-əxlaqi kamilləşməsinə xidmət göstərir.

    Bu fikirlər Bərdə rayon Gənclər və İdman İdarəsi və rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən “XII əsrin söz Tanrısı” adlı onlayn tədbirdə səsləndirilib. Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Fidan Nəsirlinin moderatorluğu ilə keçən tədbirdə rayonun fəal gəncləri iştirak edib.

    Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Qasımov, təhsil şöbəsinin metodisti Aygün Xəlilova, Qaratəpə kənd tam orta məktəbinin müəllimi Savad Musayeva və başqaları çıxış edərək, Nizami Gəncəvi yaradıcılığından, 2021-ci ilin "Nizami Gəncəvi İli" elan olunmasının əhəmiyyətindən bəhs ediblər. Bildirilib ki, dahi şair Nizami Gəncəvinin yubileyinin dövlət səviyyəsində keçirilməsi milli mədəniyyətimizə göstərilən diqqət və qayğının parlaq nümunəsidir.

  • Niderland Krallığında “Azərbaycan nağılları” kitabı holland dilində nəşr olunub

    Niderland Krallığında “Azərbaycan nağılları” kitabı holland dilində işıq üzü görüb.

    Kitab Azərbaycanın Niderland Krallığındakı səfirliyinin təşəbbüsü, təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ərsəyə gəlib. Nağıllarımızın Azərbaycan dilindən holland dilinə tərcüməsi, onlara rəngli milli koloritdə illüstrasiyaların hazırlanması və nağıllar toplusunun nəşriyyatda çap edilməsinə bu ölkədəki Azərbaycan və türk icmalarının nümayəndələri cəlb edilib. Nağıllar kitabında “Cırtdan”, “Göyçək Fatma”, “Usta və şəyirdi”, “Tənbəl Əhməd” və “Daşdəmir” kimi qədim Azərbaycan nağılları yer alıbdır.

    İlk Azərbaycan nağılları kitabının Niderlandda nəşri 28 may- Respublika Günü ərəfəsinə təsadüf edir. Kitabın Haaqa Uşaq muzeyində təqdimat mərasiminin keçiriləcəyi nəzərdə tutulur.

    1 iyun- Beynəlxalq Uşaq Günündə “Azərbaycan nağıllar” kitabı uşaq bağçalarına, məktəblərə, uşaq xəstəxanalarına, reabilitasiya məktəblərinə, elm və mədəniyyət ocaqlarına, Kral kitabxanasına, ölkə parlamentinin kitabxanasına, Təhsil Nazirliyinə və digər aidiyyəti dövlət və qeyri-dövlət qurumlarına hədiyyə ediləcəkdir.

    Holland dilinin Belçika, Surinam, İndoneziya, Cənubi Afrikada qismən istifadə edildiyini nəzərə alaraq, kitabın həmin ölkələrdə yayılması səfirlik tərəfindən həyata keçiriləcək. Gələcək də də oxşar layihələrin reallaşmasında Niderland və ona qonşu ölkələrdə yaşayan azərbaycanlı fəallarının imkanlarından istifadə olunacaq.

  • UNESCO-da 1970-ci il Konvensiyasına üzv dövlətlərin 6-cı iclasında Qoşulmama Hərəkatının bəyanatı səsləndirilib

    Qoşulmama Hərəkatına üzv ölkələr mədəni sərvətlərin qorunması üçün milli, regional və beynəlxalq təşəbbüslərin, eləcə də UNESCO-nun və onun 1970 Konvensiyasının işinin vacibliyini vurğulayaraq, mədəni sərvətlərin ticarəti ilə mübarizə aparmaq üçün beynəlxalq hüquq-mühafizə əməkdaşlığının inkişafının, xüsusilə daha səmərəli şəkildə fəaliyyət göstərmək üçün məlumat və təcrübə mübadiləsinin vacibliyini diqqətə çatdırır.

    Bu fikirləri Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəsi, səfir Elman Abdullayev qurumun mənzil-qərargahında keçirilən 1970-ci il Konvensiyasına üzv dövlətlərin 6-cı toplantısında ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatının UNESCO yanındakı qrupunun adından təşkilatın bəyanatını səsləndirərkən ifadə edib.

    E.Abdullayev bildirib ki, Qoşulmama Hərəkatına üzv ölkələr mədəni irsin qorunub saxlanmasına zidd olan mədəni sərvətlərin qanunsuz dövriyyəsindən narahatlıqlarını ifadə edir. Bu kontekstdən çıxış edərək, Qoşulmama Hərəkatına üzv dövlətlər müvafiq beynəlxalq müqavilələr, xüsusilə də 1970-ci il Konvensiyası və oğurlanmış və ya qanunsuz ixrac edilmiş mədəni sərvətlərə dair 1995-ci il UNIDRUA Konvensiyasının səmərəli şəkildə həyata keçirilməsinin əhəmiyyətini vurğulayır.

    Daimi nümayəndə problemin ciddiliyi ilə bağlı ictimaiyyəti maarifləndirmək, mədəni sərvətlərin qanunsuz dövriyyəsi ilə mübarizədə bütün maraqlı tərəflərin bir araya gətirilməsi və üzv dövlətlərin bu qlobal problemin həlli üçün davamlı tədbirlər görməsi baxımından UNESCO-nun rolunu xüsusi qeyd edib.

    Diqqətə çatdırılıb ki, 1970-ci il Konvensiyasının preambulasında göstərildiyi kimi, mədəni irsin qorunmasının yalnız milli və beynəlxalq səviyyədə sıx əməkdaşlıq şəraitində işləyən dövlətlər arasında təşkil edildiyi təqdirdə səmərəli ola biləcəyini nəzərə alaraq, Qoşulmama Hərəkatına üzv dövlətlər UNESCO-nun bütün üzvlərini mədəni mülkiyyətin qaytarılması ilə əlaqəli bütün məsələlərdə vicdanlı dialoqa dəvət edir. Bu mövzuda Qoşulmama Hərəkatı mədəni mülkiyyətin mənşə ölkələrinə qaytarılmasını və ya qanunsuz mənimsənilməsi halında geri qaytarılmasını təşviq edən Hökumətlərarası Komitənin (ICPRCP) oynaya biləcəyi potensial rolu xüsusi qeyd edir.

    “Yuxarıda qeyd olunanları nəzərə alaraq, Qoşulmama Hərəkatı UNESCO-nu müvafiq standart mexanizmlərin tətbiqinin təmin edilməsində və qlobal dialoq üçün platformaların yaradılmasında səylərini artırmağa çağırır”, - deyə səfir E. Abdullayev qeyd edib.

    UNESCO-da 1970-ci il Konvensiyasına üzv dövlətlərin 6-cı iclasının sədri vurğulayıb ki, Azərbaycanın daimi nümayəndəsinin mesajı aydındır və bu bəyanat iclasın hesabatına daxil ediləcək.

  • “Dünyada söz olmasa, nəyə gərək düşüncə” adlı onlayn festivala start verilib

    Bu il dahi şair və mütəfəkkir, qüdrətli söz və fikir ustadı Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Prezident İlham Əliyev 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamdan irəli gələn tədbirlər planına əsasən F.Köçərli adına Respublika Uşaq Kitabxanası bir sıra layihə və tədbirlər həyata keçirir.

    Kitabxananın təşkilatçılığı ilə Azərbaycan və dünya ədəbiyyat xəzinəsinə çox dəyərli töhfələr verən dahi şair Nizami Gəncəvinin 880 illiyinə həsr edilən cari ilin dekabrın 6–dan 10-dək keçiriləcək “Dünyada söz olmasa, nəyə gərək düşüncə” adlı onlayn festivala start verilib.

    Respublika Uşaq Kitabxanası 7-17 yaşarası uşaq və yeniyetmələri festivalda iştirak etməyə dəvət edir. Festival çərçivəsində “Nizami Gəncəvi əsərləri rəsmlərin dili ilə” adlı rəsm günü, “Şairlər ustadı böyük Nizami” adlı şeir günü, “Nizami və musiqi dünyası” adlı musiqi günləri, “Söz mülkünün ustadı” adlı ailəvi - onlayn viktorina və “Söz sənəti mülkünün sultanı” adlı elmi konfrans keçiriləcək.

    İştirak etmək istəyənlər rəsmləri, şeir parçaları və musiqi ifalarını videotəqdimat formatında dekabrın 1-dək Respublika Uşaq Kitabxanasının elektron ünvanına göndərməlidirlər.

    Festivalın keçirilməsində əsas məqsəd qüdrətli söz və fikir ustadı Nizami Gəncəvinin insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığını təbliğ etmək, həmçinin mütəfəkkir şairin sənətinin bir daha öyrənilməsi, tanıdılması və gələcək nəsillərə çatdırılmasıdır.

    Festivalın şərtləri ilə ətraflı bu linkdən - https://www.clb.az/dnyada-sz-olmasa-ny-grk-dnc-adl-onlayn-festival_d3171.html tanış olmaq olar.

  • Milli Kitabxanada “28 May – Respublika Günü” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub

    M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “28 May – Respublika Günü” adlı virtual sərgi hazırlanıb. Kitabxanadan bildirilib ki, virtual sərgidə fotolar, mövzu ilə əlaqəli kitab və məqalələr nümayiş olunur.

    Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Cumhuriyyet/index.html linkindən istifadə edə bilərlər.

    Qeyd edək ki, 28 May - Respublika Günü Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olub. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirib.

    Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və s. işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.

    XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu.

    Ulu Öndərimiz dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Heydər Əliyev deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”.

  • Mədəniyyət Nazirliyi ilə İƏT Gənclər Forumu arasında əməkdaşlıq məsələləri müzakirə edilib

    Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumunun prezidenti Taha Ayhanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Nümayəndə heyətinin tərkibinə Gənclər Forumunun baş direktoru Rəsul Ömərov, təşkilatın Avrasiya üzrə Regional Mərkəzinin baş direktoru Elməddin Mehdiyev və başqaları daxildir.

    Mədəniyyət Nazirliyindən bildirilib ki, nazir Anar Kərimov İslam Əməkdaşlıq Təşkilatı ilə Azərbaycan arasında sıx əlaqələrin qurulduğunu, bunun İslam həmrəyliyinin təbliğinə və möhkəmləndirilməsinə də zəmin yaratdığını məmnunluqla qeyd edib. Müsəlman ölkələrinin gəncləri üçün mədəni inkişafın əhəmiyyətindən söz açan nazir bu məqsədlə birgə fəaliyyətin, İƏT ölkələri gənclərinin əməkdaşlığına yönəlmiş layihələrin vacibliyini vurğulayıb.

    Səmimi qəbula görə təşəkkürünü bildirən İƏT Gənclər Forumunun prezidenti Taha Ayhan gənclərdən ibarət təşkilatın fəaliyyəti barədə məlumat verib, Azərbaycanın Mədəniyyət Nazirliyi ilə yaxından əməkdaşlıq etmək niyyətini diqqətə çatdırıb. O, Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi Qələbəyə həsr olunan layihələrin, Qarabağ Zəfərinin gənclərin gözü ilə tanıdılması, Qarabağın mədəni irsi, mənəvi dəyərlərinin təbliği ilə bağlı sərgi və digər tədbirlərin, mədəniyyət festivalının keçirilməsi barədə təkliflərini səsləndirib.

    Azərbaycanın tarixi Qələbəsinə, Qarabağın zəngin mədəni irsinin təbliğinə həsr olunan layihələrə dair fikirləri dəstəkləyən nazir Anar Kərimov gənclər arasında mübadilənin əhəmiyyətini qeyd edib.

    Prezident İlham Əliyevin Sərəncamı ilə Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsindən bəhs edən nazir bu ilin yanvar ayında ICESCO rəhbərinin ölkəmizə səfəri zamanı Şuşanın “İslam mədəniyyətinin paytaxtı” elan edilməsi ilə bağlı təşəbbüslə çıxış etdiyini də diqqətə çatdırıb. Eyni zamanda, TÜRKSOY təşkilatının Şuşanın 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi barədə təklifindən danışan Anar Kərimov bunun Türk-İslam dünyasının Azərbaycanın qədim şəhərinin mədəni zənginliyinə diqqətinin göstəricisi olduğunu deyib.

    Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olduğu otuz ilə yaxın müddətdə mədəni və təbii irsimizin vandalizmə məruz qaldığını və məqsədyönlü şəkildə dağıdıldığını deyən Anar Kərimov əlavə edib ki, bu siyasət, həmçinin bir əsrdən artıq dövrdə Ermənistan ərazisindəki, o cümlədən qədim Azərbaycan şəhəri olan İrəvandakı tarixi abidələrimizə, Türk-İslam mədəni irsinə qarşı həyata keçirilib. Nazir bu həqiqətlərin dünya ictimaiyyətinə, ələlxüsus İslam ölkələrinin gənclərinə çatdırılmasında təşkilatın vacib rol oynaya biləcəyini qeyd edib.

    Görüş zamanı gənclərlə işin əhəmiyyətini xüsusi vurğulayan Anar Kərimov Mədəniyyət Nazirliyi sistemində həyata keçirilən islahatlara toxunub, Azərbaycanın mədəni irsinin qorunması, saxlanılması, mədəniyyətimizin dünyada təbliği, gənclərə milli-mənəvi dəyərlərin aşılanması və gənc nəslin milli ruhda tərbiyəsi işində nazirliyin fəaliyyəti üçün əsas platforma rolunu oynayacaq “Davranış Mədəniyyəti Konsepsiyası” və bu istiqamətdə görülən digər işlər barədə məlumat verib. İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu ilə birgə əməkdaşlıq çərçivəsində sadalanan mövzulara dair fəaliyyətin səmərəli nəticələr verəcəyindən əminlik ifadə edilib.

    Görüşdə Azərbaycanda 2021-ci ilin “Nizami Gəncəvi İli” və Türkiyədə “Bizim Yunus İli” elan edilməsi ilə əlaqədar qardaş ölkə ilə ortaq mənəvi sərvətimiz hər iki mütəfəkkirin irsinin İslam dünyasında və xüsusilə, gənclər arasında daha geniş təbliğinə istiqamətlənən tədbirlərin təşkilinin əhəmiyyəti qeyd edilib.

    Birgə dəyərləri təbliğ etmək, qarşılıqlı əlaqələri gücləndirmək üçün səylərini bundan sonra da davam etdirəcəklərini bildirən İƏT Gənclər Forumunun prezidenti İslam həmrəyliyinə, gənclərin mədəni inkişafına, mənəvi zənginliyinə istiqamətlənən layihələrin reallaşdırılmasına təşkilat tərəfindən məmnuniyyətlə dəstək göstəriləcəyini bildirib.

    Görüş qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi ilə davam edib.

  • Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunda milli kadrlar hazırlanması məsələləri müzakirə olunub

    Azərbaycan Mədəniyyət Nazirliyinin kinematoqrafiya şöbəsinin müdiri, tanınmış azərbaycanlı kinorejissor Rüfət Həsənov S.A.Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunda (ÜDKİ) olub.

    Rüfət Həsənov ÜDKİ-nin rektoru Vladimir Malışevlə görüşüb. Görüşdə ÜDKİ-nin birinci prorektoru İrina Zernova və beynəlxalq əlaqələr şöbəsinin müdiri Tatyana Tursunova da iştirak ediblər.

    R.Həsənov qeyd edib ki, ÜDKİ-nin Beynəlxalq Yay Kinoməktəbində özünün iştirak təcrübəsini səmimiyyətlə xatırlayır. Onun fikrincə, bu təcrübə onun peşəkar karyerasının başlanğıcı olub. R.Həsənov ÜDKİ-nin növbəti Beynəlxalq Yay Kinoməktəbinin Bakıda keçirilməsi ilə bağlı təkliflə çıxış edərək, Rusiya ilə Azərbaycan arasında kino təhsili sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

    Kinematoqrafiya sahəsində milli kadrların hazırlanması, Aleksey Batalovun əfsanəvi emalatxanasının ənənələrinin dirçəldilməsi məsələləri də müzakirə olunub.

    Görüşün nəticələrinə görə gələn il üçün müxtəlif ixtisaslar üzrə ÜDKİ-yə müxtəlif millətlərə mənsub olan tələbələrin qəbulunun planlaşdırılması məsələlərinin ətraflı öyrənilməsi barədə qərar qəbul edilib.

    Görüşün sonunda rektor V.Malışev R.Həsənova ÜDKİ-nin 100 illik yubileyi ilə əlaqədar buraxılmış xatirə medalını təqdim edib.

    Görüş Azərbaycanın Rusiyadakı səfirliyinin köməkliyi ilə təşkil olunub.

  • “ASAN Radio”da “Ədibin Evi”ndən klassik hekayə nümunələri səslənəcək

    “ASAN Radio”da “Ədibin Evi”ndən klassik hekayə nümunələri səslənəcək.

    Bu barədə “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva bildirib.

    “Oxunun insan əqlinə təsiri fiziki məşğələlərin bədənə gətirdiyi faydalı təsirə bərabərdir. Elmi araşdırmalar sübut edir ki, kitab oxumaq yaddaş zəifliyinin qarşısını almaqdan zehni gərginliyin azaldılmasına qədər bir sıra sağlam nəticələrə gətirir. Maraqlıdır ki, dünya ölkələrinin inkişaf göstəricilərini araşdırarkən savadla sağlamlığın sıx əlaqədə olması bir reallıq kimi üzə çıxır. İcraçı direktoru olduğum “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu fəaliyyətində gənc nəsli diqqətdə saxlayaraq “oxu” mədəniyyətini gücləndirmək, xalqa və Vətənə sevginin aşılanmasında ədəbiyyatımızın rolunu vurğulamaq niyyətindədir. Lakin burada qarşılaşdığımız digər bir reallıq var - bu günün öyrənciləri ilk rəqəmsal nəslin nümayəndələridir. Onlar həyatlarının əsas hissəsini texnologiya, o cümlədən mobil cihazlarla keçiriblər və interneti bilik dünyasının əsas qapısı kimi görürlər. “Ədibin Evi” rəqəmsallaşma ilə maariflənmə arasında sürətlə artan əlaqəni nəzərə alaraq növbəti layihəsini bu reallığa uyğun qurub. İyunun 1-dən etibarən “ASAN Radio” 100 FM-in sosial media səhifəsi vasitəsilə yayımlanacaq “Ədibin Evindən Hekayələr” adlı oxuya həvəsləndirmə layihəsi Mir Cəlal və digər klassiklərimizin qısa hekayə janrına aid ölməz əsərlərini rəqəmsal vasitə ilə gənclərə təqdim edəcək. Peşəkar aktyorlar və tanımış ictimai simalar tərəfindən səsləndiriləcək qısa hekayələr, eləcə də onları ifa edənlərlə kitabın həyatımızdakı əhəmiyyəti mövzusunda müzakirələri qısa çarxlar şəklində internetlə ölkəmizin bütün guşələrinə əlçatan olub lazımlı tədris materialına çevriləcək. Müəllim və şagirdlər bu hekayələri dinləməklə yanaşı, sinif otağında, ailədə, dostlar ətrafında onlar haqda fikir mübadiləsinə qoşulub tənqidi təhlil apara biləcək, oxu və yazı qabiliyyətlərini inkişaf etdirmək üçün ilham alacaqlar. Bununla da, hər əsərlə nəinki yeni obrazlarla tanış olub, həmin obrazlarda özlərini və özlərinə aid xüsusiyyətləri də tapa biləcəklər.

    “Kitab qədər sadiq dost yoxdur”! yazıçı Ernest Heminqueyin bu deyimi rəqəmsal dünyada belə aktuallığını itirmir. Oxucularımızı iyun ayından “ASAN Radio” 100 FM-in sosial media səhifələrində “Ədibin Evindən Hekayələr” layihəsini izləməklə yeni sadiq dostlar qazanmağa dəvət edirik”, - deyə fondun icraçı direktoru bildirib.

  • “Cəfər Cabbarlı və Milli İstiqlal hərəkatı” mövzusunda onlayn mühazirə keçiriləcək

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Cəfər Cabbarlının ev-muzeyi 28 May - Respublika Günü münasibətilə “Cəfər Cabbarlı və Milli İstiqlal hərəkatı” mövzusunda onlayn mühazirə keçirəcək.

    İdarədən bildirilib ki, onlayn mühazirə mayın 28-də muzeyin sosial media hesablarından yayımlanacaq.