Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda aparılan qazıntı işləri zamanı yaşı 2400 il olan məzar aşkarlanıb.
Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyun iştirakı ilə açılan daş məzarın Mavsol dövrünə aid olduğu bildirilir. Təxminən iki metr uzunluğundakı məzarın çəkisi bir tondur. Açılan məzardan o dövrə aid iki nəfərin skeleti ilə yanaşı, güldan və digər əşyalar aşkarlanıb.
Mövzu ilə bağlı açıqlama verən nazir tarixi ərazidə aşkarlanan bu məzarın indiyədək açılmadığını və bütöv olduğunu, buradan tapılan insan qalıqlarının isə bir qadın və bir kişiyə aid edildiyini bildirib. Adıçəkilən ərazinin o dövrə aid qəbiristanlıq olduğunu bildirən nazir qazıntıların davam etdiriləcəyini, burada yeni qiymətli əşyaların da tapılacağı ehtimalının olduğunu vurğulayıb.
Ərazi şəhərin Sualtı və Arxeoloji Muzeyi tərəfindən nəzarətə götürülüb.
Türkiyə ərazisində daha bir tarixi abidə isə İzmir vilayətində aşkarlanıb. İzmirin Əliağa rayonunda qanunsuz qazıntı işləri aparılan ərazidə torpağın təxminən iki metr dərinliyində monastır və 1500 illik mozaika tapılıb. Aşkarlanan tarixi abidələrdən monastırın romalılar dövründə inşa edildiyi ehtimal olunur. Sarmaşıq motivləri ilə işlənmiş mozaikanın üzərindəki kilsənin yaşlı üzvlərindən bir nəfərin ailəsi üçün tikilməsinə dair yazı isə mütəxəssislərin diqqətini xüsusilə çəkib. Bölgədə aparılan araşdırmalara İzmirin Arxeologiya Muzeyinin əməkdaşları cəlb olunub. İlkin baxış zamanı mütəxəssislər monastırın IV-XIV əsrlərdə istifadə edildiyinə dair fikir irəli sürüblər.
Faktla bağlı iki nəfər saxlanılıb.
Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə onlayn elmi seminar keçirilib.
Universitetdən bildirilib ki, elmi seminarda Kitabşünaslıq və nəşriyyat işi kafedrasının magistrantı İlahə Əhmədova “Nizami Gəncəvi əsərlərinin əlyazma nüsxələri dünya arxiv və kitabxanalarında” mövzusunda məruzə edib.
Məruzəçi ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamının gənc tədqiqatçıların qarşısında mühüm vəzifələr qoyduğunu və onlar üçün böyük stimul yaratdığını söyləyib. Nizami Gəncəvinin bizə gəlib çatmış 900-ə yaxın əlyazmasının mövcud olduğunu qeyd edən gənc tədqiqatçı bildirib ki, bu say təqribi xarakter daşıyır, çünki farsdilli əlyazmaların kataloqlarına nəzər salsaq, bu zaman onların Nizami əsərlərinin bütün əlyazmalarını əhatə etmədiyini görə bilərik. Bu isə tarixi hadisələrin nəticəsində əlyazmaların bütün dünyaya, eyni zamanda xüsusi kolleksiyalara səpələnməsi faktına əsaslanır.
Tədqiqatçı Fransa Milli Kitabxanası, Kembric Universitet Kitabxanası, Tehran Milli Kitabxanası, Nyu-York Metropoliten Muzeyi, İstanbul Nuri Osmaniyə Kitabxanası və digər arxiv və kitabxanalarda saxlanılan nüsxələrdən nümunələr gətirib, müqayisəli təhlillər aparıb, dünyanın müxtəlif arxiv və kitabxanalarında saxlanılan Nizami əlyazmalarının tərtibat baxımından da mükəmməl olduğunu qeyd edib. Onların içərisində süjetli miniatürlər, naxışlar, başlıqlara vurulmuş bəzəklər, döymə üsulla bəzədilmiş dəri cildlərin rəngarənglikləri ilə seçildiyi diqqətə çatdırılıb, belə nəfis tərtibatlı əlyazmalardan bəzilərinin Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanıldığı vurğulayıb.
Dekan müavini Zahidə Rzayeva, Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan, dosent Nailə Mehrəliyeva, fəlsəfə doktorları Sevda Quliyeva, Leyla Abasova, fakültə TEC-in sədri Ülkər Cabarova məruzə ilə bağlı fikirlərini bildirib, gənc tədqiqatçıya suallar ünvanlayıblar.
Dünyaca məşhur BBC telekanalı yaranışından bəri özünün və ölkəmizin tarixində ilk dəfə olaraq bu gün – aprelin 2-də dünya şöhrətli sənətkarımız Yaqub Zurufçunun timsalında Azərbaycan musiqisinə bir saat vaxt ayıracaq.
Azərbaycanın Əməkdar artistini BBC-nin verilişində Xalq artisti Ağaverdi Paşayevin rəhbəri olduğu, onun böyük ilhamla, ustalıqla dirijorluq etdiyi Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin 150 nəfərlik kollektivi müşayiət edəcək.
Bu gün Bakı vaxtı ilə saat 17.30-da yayımlanacaq proqrama Yaqub Zurufçunun ən populyar mahnıları salınıb.
F.Köçərli adına Respublika Uşaq Kitabxanası pandemiya dövründə həyata keçirdiyi tədbirlər çərçivəsində 2 aprel - Beynəlxalq Uşaq Kitabı Gününə həsr etdiyi “Hər zamanın nağılçısı – H.X.Andersen” adlı virtual kitab sərgisini oxuculara təqdim edib.
Virtual sərgidə Azərbaycan və rus dillərində 29 kitab tam mətnilə yerləşdirilib. Sərginin təşkil olunmasında əsas məqsəd uşaqların intellektual inkişafında mühüm rol oynayan məşhur nağılçı Andersenin nağıllarını oxuculara sevdirmək və mütaliəyə həvəsi artırmaqla onların informasiya tələbatını ödəməkdir.
Qeyd edək ki, 2 aprel - Beynəlxalq Uşaq Kitabı Gününə həsr olunmuş “Hər zamanın nağılçısı – H.X.Andersen” adlı virtual sərgi 1967-ci ildən Beynəlxalq Uşaq Kitabı Şurası tərəfindən Danimarka yazıçısı, uşaqların sevimlisi Hans Xristian Andersenin anadan olduğu gün ilə əlaqədardır.
Oxucular virtual sərgi vasitəsilə “Sehrli nağıllar”, “Qar Kraliçası”, “Nağıllar”, “Волшебный Мир”, “Огниво”, “Волшебный зонтик”, “Сказки” və digər müxtəlif maraqlı kitablardan yararlanacaqlar.
Aşağıdakı link vasitəsilə virtual sərgi ilə yaxından tanış ola bilərsiniz: https://www.clb.az/hans-xristian-andersen_d3138.html
İndoneziyanın nüfuzlu “Minanews”, “akurat”, “gpriority”, “wartapenanews” saytlarında “Nizami Gəncəvi İli” çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin Gəncə şöbəsinin sədri, Əməkdar mədəniyyət işçisi, şair-dramaturq Xəzangül Hüseynovanın “Nizami Gəncəvi yaradıcılığında bəşəri ideyalar” məqaləsi yayımlanıb.
Məqalədə müəllif ədəbiyyatın əbədi zirvəsi sayılan böyük Nizaminin ölməz ideyalarının öz dövrünü xeyli qabaqladığını, “Xəmsə”sinə daxil olan poemalarının özündə Şərq poeziyasının, ən əsası türk poeziyasının mədəniyyət tarixində yeni səhifə açdığını, misilsizlik qazanan poemaların Yaxın və Orta Şərq ədəbiyyatının və incəsənətinin inkişafına böyük təsir göstərdiyini, bunun günümüzə qədər davam etdiyini vurğulayıb. Türk poeziyasının bir çox klassikləri üçün tükənməz ilham mənbəyi olmuş Nizaminin “Xəmsə”sinə çoxlu nəzirələrin yazıldığını, bu nəzirələrin görkəmli türk şairləri Əbdürrəhman Caminin, Əlişir Nəvainin, Xosrov Dəhləvinin və başqa klassiklər tərəfindən də yazıldığını xatırladıb. Nizami Gəncəvinin Gəncədə doğularaq, yaşayıb-yaratmasına baxmayaraq, bəşəriyyət şairi, mütəfəkkiri, filosofu olduğunu qeyd edən müəllif onun “Xəmsə”sinə daxil olan poemaları üzərindən təhlil apararaq, böyük şairin hər əsərində Azərbaycan, o cümlədən türk dünyasının adət-ənənələrinə, folkloruna, əxlaq dünyasına tükənməz sevgisini, məhəbbətini qeyd edib. Habelə Nizaminin əsərlərində türk qadınına yüksək qiymət verdiyini, Fitnə, Şirin, Nüşabə, Azadə kimi qadın qəhrəmanlarına diqqət çəkərək, türk qadınının ağlına, sədaqətinə, fədakarlığına, ismətinə dair dərin miras buraxdığını bildirib. Nizami Gəncəvi yaradıcılığında keçmişlə gələcəyin vəhdət təşkil etdiyini bildirən müəllif onun əsərlərinin bütün dünya poeziyasına “Nizami” möhürünü vurduğunu yazıb.
Respublika Uşaq Kitabxanası “Uşaqları sevindirən, böyükləri düşündürən yazıçı Hans Kristian Andersen” adlı metodik vəsait hazırlayıb.
Vəsait, Beynəlxalq Uşaq Kitabı Günü münasibətilə mərkəzi kitabxanaların uşaq şöbələri, Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün nəzərdə tutulub.
Uşaq ədəbiyyatı gününün bu tarixə təsadüf etməsinin maraqlı tarixçəsi vardır. Məşhur nağılçı Hans Kristian Andersen 1805-ci il aprelin 2-də anadan olub. Beynəlxalq Uşaq Kitab Gününün məhz bu tarixdə qeyd olunmasını alman yazıçısı Yella Lepman təklif edib. 1967-ci ildən etibarən yazıçının doğum günü Uşaq Kitabları üzrə Beynəlxalq Şuranın təşəbbüsü ilə bütün dünyada Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd olunmağa başlayıb. Bu tarix cəmiyyətin diqqətini uşaq ədəbiyyatına, onun problemlərinə və kitab mədəniyyətinə cəlb etmək üçün yaranmışdır.
Qeyd edək ki, F.Köçərli adına Respublika Uşaq Kitabxanası 2012-ci ildən Beynəlxalq Uşaq Kitabı Şurasının (İBBY) üzvüdür. Təşkilata üzv olmaqda əsas məqsəd Azərbaycanda uşaq yazıçıları, rəssam və tərcüməçilərini müasir uşaq ədəbiyyatımızdakı problemlərə yönəltmək, Beynəlxalq Uşaq Kitabı Şurası ilə ölkəmizi tanıtmaq və uşaq ədəbiyyatı sahəsində olan yenilikləri təbliğ etməklə uşaqların mütaliəyə olan həvəslərini artırmaq, onları dünya uşaq ədəbiyyatı nümunələri ilə tanış etməkdir. Həmçinin uşaqların intellektual inkişafında kitabın rolunu artırmaq üçün kitaba sevgi aşılamaq və diqqəti uşaq kitabının nəşrinə yönəltməkdir.
Vəsaitdə Beynəlxalq Uşaq Kitab Günü münasibətilə uşaq kitabxanalarında virtual şəkildə təşkil olunacaq tədbirlərin ssenarisi, H.K.Andersenin yaradıcılığından bəhs edən viktorina sualları, yazıçının “Kralın yeni paltarı”, “Su pərisi”, “Buz qız”, “Düyməcik”, “Noxud üstündə yatan şahzadə qız”, “Qalay əsgərcik”, “Qar Kraliçası”, “Dəcəl oğlan”, “Kiçik dəniz qızı”, “Çirkin ördək balası”, “Düyməcik”, “Çaxmaq daşı”, “Dəcəl oğlan”, “Bülbül” kitablarının onlayn şəkildə müzakirəsi, nağılları əsasında çəkilmiş cizgi filmləri haqqında ətraflı məlumat verilib.
Azərbaycan Televiziyası Aprel döyüşlərinə həsr olunan videoçarx hazırlayıb.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, fərqli tərtibatda hazırlanan və şüarı “Aprel zəfərini qürurla anırıq!” olan çarxda Aprel döyüşlərinin Vətən müharibəsindəki şanlı qələbənin başlanğıcı olduğu vurğulanır.
Qeyd edək ki, Aprel döyüşləri 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayıb. Aprelin 5-dək davam edən döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnib. Silahlı Qüvvələrimiz Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəklikləri, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyini işğaldan azad edib, bununla da Cocuq Mərcanlı kəndində böyük abadlıq işləri başlayıb. Bu kəndə köç Qarabağa böyük qayıdışın başlanğıcı olub.
Aprel döyüşləri xalqımızın qəhrəmanlıq salnaməsidir. 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını alıb. Bu, Aprel döyüşləri kimi tarixə düşüb. Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnib. Döyüşlər zamanı Azərbaycanın qəhrəman oğulları öz qanları və canları ilə tarix yazıblar.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Aprel döyüşlərinə xüsusi önəm verərək, onu şanlı tariximiz adlandırıb: “Bu döyüşlər zamanı Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan Ordusu bir daha öz gücünü göstərdi. Aprel döyüşləri bizim böyük hərbi qələbəmizdir. Uzun illər Ermənistan öz ordusu haqqında miflər yaradırdı, uydurmalar irəli sürürdü ki, guya bunların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, kimin ordusu yenilməzdir”.
Aprel döyüşləri uzun illərdir ki, Ermənistanda yalandan formalaşdırılmış “məğlubedilməz ordu” mifini heçə döndərib. Azərbaycan Ordusu həm hərbi peşəkarlıq, həm qəhrəmanlıq göstərib. Aprel döyüşləri dünya ictimaiyyətinə Azərbaycan Ordusunun nə qədər qüdrətli ordu olduğunu bir daha nümayiş etdirib. Bütün dünya şahid oldu ki, Azərbaycan Ordusu bu döyüşlərdə necə peşəkarlıq, qəhrəmanlıq, məharət göstərib.
Aprel döyüşlərinin 5-ci ildönümü münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Aprel döyüşləri” adlı virtual sərgi hazırlanıb.
Virtual sərgidə fotolar, mövzu ilə əlaqədar kitab və məqalələr nümayiş olunur. Virtual sərgidə nümayiş olunan materiallar tam mətnləri ilə verilib.
Virtual sərgi ilə tanış olmaq istəyənlər bu linkdən -http://anl.az/el/vsb/Aprel_doyusleri/index.htm istifadə edə bilərlər.