Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Azərbaycan "TikTok"la əməkdaşlıq imkanlarını müzakirə edib

    Azərbaycan "TikTok" şirkəti ilə əməkdaşlıq imkanlarını müzakirə edib.

    “Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

    Nazir qeyd edib ki, Davos İqtisadi Forumu çərçivəsində "TikTok" şirkətinin vitse-prezidenti Helena Lerş (Helena Lersch) ilə görüşüb.

    "Görüşdə Azərbaycanda startap ekosisteminin inkişafı istiqamətində görülən işlər, "TikTok Startap Akademiyası"nın fəaliyyəti, sosial platformaların biznesin potensialının təqdim edilməsi üçün əhəmiyyəti və əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb", - M. Cabbarov qeyd edib.

  • Bu gün bənzərsiz poeziya nümunələri yaradan Mədinə Gülgünün doğum günüdür

    Bu gün Azərbaycan ədəbiyyatının görkəmli qadın şairlərindən olan, Cənub mövzusunda bənzərsiz poeziya nümunələri yaradan, Əməkdar incəsənət xadimi Mədinə Gülgünün anadan olmasının 98-ci ildönümü tamam olur.

    AZƏRTAC xəbər verir ki, məhrumiyyətlərə, çətinliklərə, sıxıntılara baxmayaraq, Mədinə Gülgün ömrü boyu şair qəlbini, səmimiyyətini, insanlara sevgisini qoruyub saxlaya bilib. “Yer üzündə bir evim var, Ocağı daim yanar. Onun sönməz şöləsindən, Ürəyim işıqlanar”-, deyən şair ailəsini, balalarını, ocağını hifz eləməklə yanaşı, gözəl sənət nümunələri də yarada bilmişdi.

    Sonradan Gülgün kimi şöhrət tapmış Mədinə Ələkbərzadənin ilk qələm sınaqları ötən əsrin 40-cı illərin əvvəllərindən qəzet və jurnal səhifələrində görünməyə başlayıb. Mədinə Gülgün şeirlərini 1945-ci ildə Təbrizdə “Vətən yolunda”, “Azərbaycan” qəzetlərində çap etdirib. Onun “Təbrizin baharı” adlı ilk şeir kitabı 1950-ci ildə işıq üzü görüb. Bu kitabda 1945-49-cu illər ərzində yazdığı şeirlər toplanıb.

    Tanınmış şairin ilk yaradıcılıq nümunələri Azərbaycan xalqının azadlıq və milli istiqlaliyyət uğrunda apardığı mübarizə illərinə təsadüf edib. Mədinə Gülgünün poeziyası xalqa, doğma Vətənə övlad məhəbbətində yoğurulub, oxucularını ağ günlərə və qurtuluş uğrunda döyüşlərə çağırış ruhunda köklənib.

    Onun əsərləri hələ sağlığında bir sıra xarici dillərə tərcümə olunub. Dünya xalqlarının azadlıq və istiqlaliyyət uğrunda mübarizəsini bir humanist şair kimi daim izləyən, kəsərli sözləri ilə onların səsinə səs verən şairin Bakıda və Moskvada “Təbrizin baharı”, “Savalanın ətəklərində”, “Sülhün səsi”, “Yadigar üzük”, “Təbriz qızı”, “Firudin”, “Dünyamızın sabahı”, “Durnalar qayıdanda”, “Dünya şirin dünyadır”, “Çinar olaydı”, “Arzu bir ömürdür”, “Yora bilməz yollar məni”, “Könlümü ümidlər yaşadır” və onlarca digər şeir kitabları dərc olunub. Onun lirik şeirlərinə mahnılar bəstələnib.

    “Şeirdi həyatda sərvətim mənim” deyən şairin yazdığı bu kitabların başlıca mövzusu insan taleyi, azadlıq hissi, Təbriz həsrəti, övladlarını qəlbdən sevən bir ana qəlbinin arzu və istəkləridir.

    Qəlbi Cənub həsrəti ilə döyünən Xalq şairi Balaş Azəroğlu ilə ailə həyatı quran Mədinə Gülgün bir şair ömrünü mənsub olduğu xalqa şərəflə, vicdanla xidmətdə keçirib.

    Yaşının ağbirçək çağlarında Vətən dərdli şairin yaralı kövrək ürəyinə daha bir ağır yara dəydi. Belə ki, 1990-cı il 20 Yanvar faciəsi onun poeziyasına qəmli, kədərli sətirlərlə hopub. Şəhidlərə də ürəkdən ağlayaraq “Bu şəhid balaların ölən vaxtı deyildi!...” deyərək onların dərdini də öz dərdinə qatıb, qan-yaş töküb, fəğan qoparıb.

    Mədinə Gülgün 1991-ci il fevralın 17-də Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub.

    Nə qədər ömrüm var sönməyəcəkdi,

    Yaşamaq, yaratmaq həvəsim mənim!-, deyən şairin məğrur, bir az da nisgilli poeziyası heç zaman öz dəyərini itirməyəcək.

  • “Böyük yarış. Lancia Audiyə qarşı” filmi “CinemaPlus”da nümayiş olunacaq

    “CinemaPlus” kinoteatrlar şəbəkəsində yanvarın 18-dən etibarən avtomobil yarışlarından bəhs edən, İtaliya və Böyük Britaniya istehsalı olan “Böyük yarış. Lancia Audiyə qarşı” filminin nümayişi başlayır.

    "Report" xəbər verir ki, ekran əsərinin süjeti real hadisələrdən götürülüb.

    Kino 1983-cü ildə Dünya Ralli Çempionatında Audi Quattro və Lancia 037 komandalarının rəqabəti haqqındadır.

    Filmin rejissoru Stefano Mordini, baş rollarda Daniel Brül, Rikkardo Skamarço, Folker Bruh, Keti Klarkson-Hill, Yacopo Rampini, Kay Portman və Aksel Galluadır.

    Ekran əsəri İtalyan istehsalı olan “Lancia” və Almaniya istehsalı olan “Audi” arasında məşhur qarşıdurma hekayəsindən bəhs edir. Belə ki, dünyanın ən yaxşı pilotları tərəfindən idarə olunan iki konsernin, iki fəlsəfənin və iki əfsanəvi avtomobilin döyüşü ekranlaşdırılıb.

    Film 12 ölkədə 20 yolda, yağışlı, qarlı havada, dağ serpantinləri və orta əsr şəhərlərinin dar küçələrində çəkilib. Bunun üçün bütün imkanlardan istifadə olunur - komandaların heç biri geri çəkilməyi düşünmür. Qalib hər şeyi alır, uduzan maşınları yuyur.

  • Niyazinin Mənzil Muzeyində “Sadəcə Niyazi” kitabının təqdimatı olub

    Yanvarın 17-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil muzeyində jurnalist-tədqiqatçı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Əlisəfdər Hüseynovun “Sadəcə Niyazi” və “Niyazi xatirələrdə” kitablarının təqdimatı olub.

    AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək hər iki kitabın musiqi ictimaiyyəti üçün bir töhfə olduğunu söyləyib.

    A.Bayramova qeyd edib ki, “Niyazi xatirələrdə” kitabında dünyaşöhrətli dirijor, bəstəkar, ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazi Tağızadə-Hacıbəyov haqqında 1987-ci ildə rus dilində işıq üzü görən “Maestro Niyazi. Xatirələr, məqalələr, məktublar” kitabının (tərtibçilər Həcər Hacıbəyova və Əsildar Hüseynov) “Xatirələr” bölməsinin rus dilindən ilk dəfə tərcüməsi təqdim olunur.

    “Sadəcə Niyazi” kitabının müəllifi Əlisəfdər Hüseynov görkəmli sənətkarın ömür və sənət yolunun maraqlı məqamları haqqında məlumat verib. Qeyd edib ki, Niyazi bütün həyatı boyu Azərbaycan musiqisində yaranmış yeni əsərlərin təbliğində müstəsna xidmətlər göstərib.

    Ə.Hüseynov Niyazinin musiqi aləmində bir ulduz kimi parladığını, istedadı və peşəkarlığı ilə yeni zirvələrə yüksəldiyini diqqətə çatdırıb.

    Tədbirdə çıxış edən digər natiqlər Niyazinin həyat və yaradıcılığından söz açıblar. Bildirilib ki, Azərbaycan milli dirijorluq məktəbinin formalaşması onun adı ilə bağlıdır. Niyazinin yozumunda milli bəstəkarların bir çox əsərləri dünya musiqisinin qızıl fonduna daxil olub.

    Çıxışlar muzeyin zəngin kolleksiyaları əsasında hazırlanmış maestro Niyazinin həyat və yaradıcılıq yolunu əks etdirən slayd-şou ilə müşayiət olunub.

    Bədii hissədə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ülviyyə Hacıbəyova, musiqişünas və vokalçı Sevinc İbrahimovanın ifalarında Niyazinin əsərlərindən ibarət rəngarəng konsert proqramı təqdim edilib.

    Sonda Niyazinin qohumu Sahib Qədimov tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkür edib.

    Niyazinin ilk böyük müvəffəqiyyəti 1938-ci ildə Moskvada keçirilən “Azərbaycan incəsənəti günləri”ndəki çıxışı ilə bağlıdır. O, Moskvada Üzeyir Hacıbəylinin “Koroğlu” və Müslüm Maqomayevin “Nərgiz” operalarına dirijorluq edərək həm həmin əsərlərə, həm də onların müəlliflərinə bir daha uğur qazandırıb. 
Maestronun gəncliyindən ömrünün sonuna qədər davam edən belə uğurlu çıxışları mədəniyyət tariximizə saysız-hesabsız nailiyyətlər bəxş edib. Onun adı həm də Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli simaları ilə birgə çəkilir. “Xosrov və Şirin” operası, “Zaqatala”, “Azərbaycan” süitaları, “Rast” simfonik muğamı və sair əsərlər Niyazinin qələminin məhsuludur. O, hətta 1986-cı ildə R.Taqorun süjeti əsasında yazdığı “Çitra” baletinə görə “Cəvahirləl Nehru” mükafatına layiq görülüb.

    Maestro Niyazinin misilsiz xidmətləri daim xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Ona olan xalq məhəbbəti bu gün də yaşayır. Maestronun mənzili 1994-cü ildən ev-muzeyi kimi fəaliyyət göstərir.

  • Dövlət Teatr Muzeyində 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

    Yanvarın 17-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş “Azadlığa aparan yol!” adlı tədbir keçirilib.

    Muzeydən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbirdə muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova 20 Yanvar gününün Azərbaycan xalqı üçün tarixi əhəmiyyətindən söz açıb.

    Muzeyin əməkdaşı, elmi-kütləvi işlər üzrə şöbənin müdiri Ümidə Hacıyeva məruzə ilə çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verən qanlı hadisələrdən, o cümlədən xalqımızın milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəsindən danışıb.

    Eyni zamanda, tədbir çərçivəsində “20 Yanvar” İctimai Birliyinin üzvləri Sahib Əlizadə və Fəxrəddin Məmmədov həmin günün canlı şahidləri kimi öz xatirələrini bölüşüblər. O dəhşətli gecədə millətimizin axan qanının hədər getmədiyini, bugünkü müstəqilliyimizin bünövrəsinin elə həmin gün qoyulduğunu vurğulayıblar.

    Sonra qonaqlara muzey işçiləri tərəfindən hazırlanmış 20 Yanvar faciəsini əks etdirən videoçarx nümayiş olunub.

    Tədbirin bədii hissəsində Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən Asəf Zeynallı adına Musiqi Kollecinin tələbələri vətənpərvərlik mövzusunda müxtəlif musiqi nümunələri ilə çıxış ediblər.

    Tədbirdə qonaqlarla yanaşı, Suraxanı rayonu Ələkbər Eyvazov adına 275 nömrəli tam orta məktəbin müəllim və şagirdləri, muzey əməkdaşları və media nümayəndələri iştirak edib.

  • “20 Yanvar – Qəhrəmanlıq salnaməsi” adlı sərgi təşkil olunacaq

    “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyində xalqımızın milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilən 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş “20 Yanvar – Qəhrəmanlıq salnaməsi” adlı sərgi təşkil olunacaq.

    AZƏRTAC xəbər verir ki, 17-21 yanvar tarixlərində baş tutacaq sərginin məqsədi doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladlarını yad etmək, onların göstərdikləri şücaəti geniş auditoriyaya çatdırmaqdan ibarətdir.

    Layihə çərçivəsində “20 Yanvar – Rəssamların gözü ilə” adlı rəsm sərgisi ilə yanaşı, gəmi-muzeyin “Dəyərlərdə həmrəylik, inkişafa sadiqlik" zalında Qanlı Yanvar qurbanlarına aid şəxsi əşyalar, arxiv sənədlər, o cümlədən faciəni özündə əks etdirən müxtəlif materiallardan ibarət sərgi də təşkil olunacaq. Burada həmin gün dənizdə haqq savaşında ölüm-dirim mübarizəsi aparan dənizçilər haqqında məlumatlar da yer alacaq.

    Ziyarətçilər “Sabit Orucov” gəmisinə məxsus eksponatlarla yanaşı, hadisələr zamanı yaradılan “Kapitanlar şurası”nın 7 üzvündən biri, o dövrkü SSRİ hərbi naziri Dmitri Yazovla görüşən Müzəffər Əliyevə aid şəxsi əşyalarla da tanış ola biləcəklər.

    Sərgi ərzində ASCO-nun təşəbbüsü ilə çəkilən və quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Elxan Cəfərov olan “20 yanvarda doğulanlar” bədii-sənədli film ziyarətçilərə təqdim ediləcək. 20 Yanvarda dənizdə yaşanan hadisələri, dənizçilərin göstərdiyi qəhrəmanlıqları özündə əks etdirən ekran işi saat hər gün 7 dəfə nümayiş olunacaq.

  • “Dörd əkizin nağılı” yenidən Gənc Tamaşaçıların səhnəsində

    Yanvarın 21-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında bolqar yazıçısı Panço Pançevin “Dörd əkizin nağılı” əsəri əsasında hazırlanan eyniadlı ikihissəli tamaşa nümayiş olunacaq.

    AZƏRTAC xəbər verir ki, səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu, quruluşçu rəssamı isə Elşən Sərxanoğludur.

    Uşaqlar üçün nəzərdə tutulan tamaşada əsas rolları Elnur Hüseynov, Günel Məmmədova və Kərəm Hadı-zadə ifa edəcək.

    Səhnə əsəri dörd əkizin Bonka adlı qıza vurulması və sonradan baş verən əhvalatlardan bəhs edir. Əsərin qayəsini sədaqət, zəhmətsevərlik və düzlük təşkil edir.

  • “Park Cinema”da şəhid analarına həsr olunmuş “Ana” filmi göstəriləcək

    Yanvarın 18-də “Park Cinema” kinoteatrlar şəbəkəsində Xalq yazıçısı Gülhüseyn Hüseynoğlunun1944-cü ildə qələmə aldığı eyniadlı əsərin motivləri əsasında lentə alınan və şəhid analarına həsr olunmuş “Ana” filmi göstəriləcək.

    “Park Cinema” kinoteatrlar şəbəkəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, filmin nümayişindən əldə olunacaq bütün vəsait “YAŞAT” Fonduna köçürüləcək.

    Layihənin müəllifi Toğrul Abdullayev, rejissoru Vüsal Məmmədovdur. Filmdə Əməkdar artistlər Gülər Nəbiyeva və Firəngiz Babayeva, aktyorlar İlqar Musayev, Səyyad Məmmədov çəkiliblər.

    “YAŞAT” – şəhid ailələrinin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda yaralanmış şəxslərin dəstəklənməsi fondudur. Bu təsisatın yaradılmasında əsas məqsəd vətəndaş cəmiyyətinin təşəbbüsləri çərçivəsində dövlət tərəfindən şəhid ailələrinin və hərbi əməliyyatlar zamanı zərər çəkmiş qazilərin sosial müdafiəsi üzrə tədbirlərin həyata keçirilməsidir.

  • “Emmy” mükafatları təqdim olunub

    ABŞ televiziya sənayesinin ən mötəbər tədbirlərindən biri – “Emmy” mükafatlarının təqdimatı mərasimi olub.

    AZƏRTAC CNN telekanalına istinadla xəbər verir ki, Hollivuddakı tətil səbəbindən təxirə salınan “Emmy” mükafatlarının 75-ci təqdimat mərasimi Los-Ancelesdəki Peacock Teatrında keçirilib. Gecəyə bir media rəhbərinin ailəsinin hekayəsini təqdim edən “Succession” (“Varislik”) serialı damğa vurub. Bu ekran əsərinin baş rollarının ifaçıları Sara Snok, Kieran Kalkin və Metyu MakFadyen əsas mükafatlara layiq görülüblər. Serial, həmçinin ən yaxşı drama filmi mükafatını da alıb.

    Bununla yanaşı, “The Bear” (“Ayı”) filmi ən yaxşı komediya və ən yaxşı ssenari nominasiyalarında mükafatlara layiq görülüb.

  • Respublika uşaq rəsm yaradıcılıq turnirinə qeydiyyat başlayıb

    “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Xətai Sənət Mərkəzində (XSM) “Baharın rəngləri” adlı respublika uşaq rəsm yaradıcılıq turnirinə qeydiyyat başlayıb.

    Plener Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti, Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və XSM-in təşkilatçılığı ilə gerçəkləşir.

    Xətai Sənət Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, layihədə iştirak etmək istəyən 10-21 yaş arası uşaq, yeniyetmə və gənclər fevralın 5-dək müvafiq anketi tamamlayaraq turnir2024@gmail.com adresinə göndərməlidirlər.

    Plenerə tək və ya qrup şəklində qoşulmaq olar. İştirakçı akvarel boyaları ilə bahar mövzusunda bir rəsm əsərini ərsəyə gətirməlidir. Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və fərdi düşüncəyə üstünlük veriləcək.

    Ən yaxşı 100 əsər sərgilənmək üçün seçiləcək. Sərgilənəcək əsərlər, müəlliflər və sərginin vaxtı XSM və Dövlət Rəsm Qalereyasının sosial media hesablarında paylaşılacaq.

    Sərginin virtual kataloqu da hazırlanacaq. Sərgilənəcək əsərlər XSM-in kolleksiyasında saxlanılacaq. Əsəri sərgidə nümayiş olunan müəlliflərə hədiyyə və sertifikat təqdim ediləcək.