Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “YARAT” sərgilərin iş rejimini yeniləyib

    “YARAT” Müasir İncəsənət Məkanın Rəngkarlıq Muzeyi və “Artım” layihə məkanında nümayiş̧ olunan sərgilər artıq çərşənbə axşamından bazar gününə qədər, saat 12:00-dan 20:00-dək açıq olacaq.

    Məkana eyni vaxtda maksimum 10 nəfər daxil ola bilər. Tibbi maskanın və antiseptikin istifadəsi zəruridir.

    Sərgilərlə hər kəsin sərbəst şəkildə tanış olmaq imkanı var.

  • “Vikipediya”da özbək dilində Füzuli rayonu haqqında bölmə istifadəyə verilib

    “Vikipediya” Beynəlxalq Elektron Ensiklopediyasında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə işğaldan azad olunan Füzuli rayonu haqqında özbək dilində bölmə istifadəyə verilib.

    Bölmədə 2 şəhəri, 16 qəsəbəsi, 82 kəndi, 144 min nəfər əhalisi olan Füzuli rayonunun tarixi, mədəniyyəti, iqtisadiyyatı haqqında geniş məlumat verilir.

    Əvvəllər Qarabulaq, 1930-cu ildən sonra Karyagin adlanan bölgə 1959-cu ildən Azərbaycanın dahi şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi münasibətilə Füzuli rayonu adlandırılıb.

    Rayon ərazisində çoxsaylı tarixi abidələrin olduğu və bu abidələrin Əcəmi Memarlıq Məktəbinin təsiri ilə tikildiyi qeyd olunur.

    Füzuli rayonunda XIII əsrə aid Əhmədalı, Argali türbələri, Qarğabazar kəndində XVII əsrə aid karvansara və məscid, XII əsrə aid qəbiristanlıq və Mir Əli türbəsi, XVIII əsrə aid məscid, XIX əsrə aid İmamzadə türbəsi, XIX əsrə aid Qacar, Böyük Pirəhmədli, Merdinli, Saracıq və Gorazilli kəndlərindəki körpülər, XIX əsrə aid "Məşədi Həbib" hamamı, Merdinli kəndi yaxınlığındakı daş at və qoç abidələri rayonun əsas memarlıq abidələri hesab olunur.

    Bölmədə 1988-ci ildə başlayan erməni təcavüzünə qarşı mübarizədə Füzuli rayonundan olan minlərlə adamın vuruşduğu, yüzlərlə insanın şəhid olduğu qeyd olunur, 51 kənd və rayon mərkəzinin işğalçı Ermənistan silahlı birləşmələri tərəfindən zəbt olunduğu bildirilir. 2020-ci il oktyabrın 17-də Azərbaycan ordusunun apardığı uğurlu əməliyyat nəticəsində rayonun tamamilə erməni işğalından azad edildiyi qeyd olunur.

    Orada Azərbaycan Prezidenti İlham Əliyevin Füzulinin azad olunması ilə bağlı xalqa müraciətinə də yer verilib: “Təəssüf ki, Füzulidən əsər-əlamət qalmayıb. 30 il ərzində Füzuli yırtıcı və vəhşilərin əlində idi. Bütün binalarımız, məscidlərimiz, evlər dağıdılıb. Sanki 30 il bu şəhəri vəhşi bir qəbilə zəbt edib. Füzuli şəhərinin qalıqları erməni faşizminin şahididir. Biz Füzulini yenidən abadlaşdırıb, o kəndlərə qayıdacağıq. Biz öz torpaqlarımızı yenidən abad, müasir şəhərə çevirəcəyik. Bu torpaqlara yenidən həyat qayıdacaq”.

    Bölmədə, həmçinin Füzulidə inşa ediləcək Beynəlxalq Hava Limanı, Füzuli-Şuşa yolunun təməlqoyma mərasimindən də fotoşəkillər yer alıb.

    Özbək dilində “Fuzuliy tumani” adlı bölmədə çoxsaylı faktlar, məlumatlar, statistika, fotoşəkillər, xəritələr, ədəbiyyat siyahısı verilib ki, bölməyə mövzu ilə bağlı bir sıra nəşrlərin siyahısı daxil edilib.

    Özbək dilində yaradılan Füzuli rayonu haqqında bölmə ilə https://uz.wikipedia.org/wiki/Fuzuliy_tumani linkində tanış olmaq mümkündür.

  • “Ah, bu uzun sevda yolu” tamaşası onlayn göstəriləcək

    Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının repertuarında maraqlı tamaşalardan olan, görkəmli şair Mikayıl Müşfiqin xatirəsinə ithaf edilmiş “Ah, bu uzun sevda yolu” tamaşası fevralın 14-də saat 19:00-da sənət ocağının “facebook” hesabı vasitəsilə onlayn göstəriləcək.

    Səhnə əsəri dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanan ikihissəli tale dramıdır.

    Tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir.

    Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan tamaşada rolları Xalq artisti Hacı İsmayılov, Əməkdar artistlər Anar Heybətov, Münəvvər Əliyeva, Ayşad Məmmədov və başqaları ifa edəcək.

  • “Nizami Gəncəvi yaradıcılığında folklor-mifoloji ənənələr” adlı mühazirə keçiriləcək

    Fevralın 12-də Azərbaycan Milli Xalça Muzeyində filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoyun təqdimatında “Nizami Gəncəvi yaradıcılığında folklor-mifoloji ənənələr” mühazirəsi keçiriləcək.

    Muzeydən bildirilib ki, Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində keçirilən mühazirədə dahi Azərbaycan şairinin yaradıcılığında xalq təfəkkürü, şifahi poetik düşüncə və mifik məzmunlu mətnlərin geniş şəkildə yer almasından bəhs olunacaq.

    Karantin qaydalarına əsasən mühazirədə 10 nəfər iştirak edə bilər. Bunu nəzərə alaraq, https://forms.gle/Ga8WvFfj81Er3VSJ9 linkinə daxil olmaqla öncədən qeydiyyatdan keçmək olar.

  • Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi böyük bəstəkarın doğum gününü qeyd edib
    5 fevral Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi üçün əlamətdar bir tarixdir. Böyük bəstəkar və pedaqoq Qara Qarayevin (1918-1982) dünyaya gəldiyi gün onun adını daşıyan məktəbin müəllim və şagird heyəti tərəfindən hər il musiqi bayramı kimi qeyd olunur. Bəstəkarın dünyasını dəyişdiyi dövrdən bizi 40 ilə yaxın bir zaman ayırır. Amma, bu zaman ayrılığına baxmayaraq, onun bizə əmanət etdiyi əsrarəngiz musiqi xəzinəsi Qara Qarayevi ruhən qəlbimizdə daima yaşadır. Ənənəvi olaraq bu gün də bəstəkarın məzarı ziyarət edildi, məktəbdə onun əsərlərindən ibarət konsert proqramı təqdim edildi, sənətkarın ömür yolunu əks etdirən fotosərgi, məktəbin rəssamlıq şöbəsinin istedadlı şagirdlərinin əl işləri nümayiş etdirildi. Konsert öncəsi Mərkəzi İncəsənət Məktəbinin direktoru Əziz Qarayusifli çıxış edərək, bildirdi ki, illər ötsə də Qara Qarayev sənətinin bəşəri mahiyyəti, milli və coğrafi sərhəd tanımaması, irqindən və dinindən asılı olmayaraq insanların qəlbinə və düşüncəsinə yol tapması mədəniyyətimizin təbliğatında önəmli rol oynayır. Sonra məktəbin istedadlı şagirdlərinin ifasında bəstəkarın ölməz musiqiləri səsləndi. Pandemiya ilə əlaqədar ənənəvi tədris prosesindən bir müddət uzaq düşmələrinə rəğmən, şagirdlərin bu əsərləri mükəmməl səviyyədə ifa etmələri Qara Qarayev yaradıcılığına, şəxsiyyətinə olan böyük sevginin, marağın və hörmətin təcəssümüdür. Konsert proqramına bəstəkarın “Yeddi gözəl“ baletindən “Ayşənin rəqsi“ (Tahirov Sübhan), “Vals“ (Şahgəldiyev Əlipaşa), “İldırımlı yollarla“ baletindən “Ehtiraslı qızın rəqsi“ (Quliyeva Mehriban), “Don Kixot“ simfonik qravürlərindən “Səyahət“ (Terequlova Əmirə), “Gürcüstan təpələrində“ romansı (Nurullayeva Zəminə), fortepiano üçün prelüd məcmuəsindən VII prelüd (Mənsurlu Sitarə), XVI prelüd (Əyyubova Mədinə), “Uşaq albomu“ məcmuəsindən “Laylay“ (Quliyev Toğrul), “Hekayə“ (Hajihəsəni Kiyana), “Oyun“ (Səmədzadə Mədinə) adlı əsərləri daxil idi. Onu da qeyd edək ki, karantin müddətində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdləri arasında “Karantin ulduzları“, “Karantin fəalları“, “Bizi birləşdirən musiqi“ adlı onlayn müsabiqələr keçirilib. Müsabiqə qaliblərinin diplomları məhz bu əlamətdar gündə məktəbin direktoru Əziz Qarayusifli tərəfindən təqdim olunub.
  • Dahi bəstəkar Qara Qarayevin doğum günündə məzarı ziyarət olundu
    Fevralın 5-də böyük bəstəkar, pedaqoq, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, akademik Qara Qarayevin (1918-1982) anadan olmasının 103-cü ildönümü tamam oldu. Bu münasibətlə Mədəniyyət Nazirliyinin rəhbərliyi, tanınmış mədəniyyət incəsənət xadimləri I Fəxri xiyabanda dahi musiqiçinin məzarını ziyarət etdilər.    Mərasimdə çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirdi ki, milli bəstəkarlıq məktəbinin banisi dahi Üzeyir Hacıbəylinin ənənələrini yeni səviyyədə  davam etdirən Qara Qarayev öz yaradıcılığı ilə əsl sənət məktəbi formalaşdırmağa müvəffəq olub. Nazir qeyd etdi ki, Qara Qarayev qırxillik yaradıcılıq dövründə, demək olar ki, bütün janrlarda əsərlər yaradıb: “O, üç simfoniya, simfonik janrda 20-dən çox əsər, 50-dən artıq kamera əsəri, o cümlədən fortepiano üçün 24 prelüd bəstələyib, iki opera, iki balet, bir müzikl, habelə çoxsaylı teatr tamaşası və kinofilmlər üçün musiqilər yazıb. Qara Qarayev yaradıcılığının tarixi əhəmiyyəti bundadır ki, o, Azərbaycan xalq musiqisini dünya klassik musiqinin nailiyyətləri ilə uğurlu sintez yaradıb. Onlarla görkəmli bəstəkar yetişdirən böyük sənətkarın davamçıları musiqi mədəniyyətimizin sonrakı inkişafında mühüm rol oynayıblar. Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndələri olan Rauf Hacıyev, Arif Məlikov, Xəyyam Mirzəzadə, Vasif Adıgözəlov, Musa Mirzəyev, Tofiq Bakıxanov, Firəngiz Əlizadə, Azər Dadaşov, Polad Bülbüloğlu, Fərəc Qarayev, Elnarə Dadaşova Qara Qarayev məktəbinin tanınmış davamçılarıdır”. Anar Kərimov onu da diqqətə çatdırdı ki, Mədəniyyət Nazirliyinin təşkilati və maliyyə dəstəyi ilə 2018-ci ildən Fransanın məşhur “Mezzo” kanalında Qara Qarayevin simfonik və kamera-instrumental əsərləri böyük uğurla səslənir: “Qara Qarayev eyni zamanda sabahın musiqiçisidir. Onun parlaq yaradıcılığı artıq dünya musiqisinin ayrılmaz bir parçasıdır. Biz hələ neçə illər sonra da bu ölməz musiqinin sədasını eşidəcək və qürur duyacağıq”. Daha sonra Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Bakı Musiqi Akademiyasının rektoru, SSRİ Xalq artisti Fərhad Bədəlbəyli və Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi çıxış edərək dahi bəstəkarın bənzərsiz irsindən söz açdılar. Sonda tədbir iştirakçıları dahi musiqiçinin məzarı üzərinə tər çiçəklər düzdülər.
  • Görkəmli bəstəkar Qara Qarayevin xatirəsi Fəxri xiyabanda yad olunub

    Fevralın 5-də görkəmli Azərbaycan bəstəkarı, Dövlət mükafatı laureatı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin xatirəsi Fəxri xiyabanda yad olunub.

    Mədəniyyət Nazirliyinin rəhbərliyi, tanınmış incəsənət və mədəniyyət xadimləri, habelə ictimaiyyət nümayəndələrinin iştirak etdiyi anım tədbirində əvvəlcə görkəmli sənətkarın məzarı önünə tər güllər düzülüb.

    Mədəniyyət naziri Anar Kərimov çıxış edərək görkəmli bəstəkarın musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən söz açıb. Bildirib ki, Qara Qarayev yaradıcılığı Azərbaycan musiqi mədəniyyəti tarixində parlaq səhifələri özündə ehtiva edir. Nazir deyib ki, milli bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin ənənələrini yeni səviyyədə davam etdirən Qara Qarayev, öz yaradıcılığı ilə əsl sənət məktəbi yarada bilib. Qara Qarayev XX əsrin elə parlaq simalarındandır ki, onun istedad və sənətkarlığı Azərbaycan musiqi sənətinin inkişaf mərhələlərini müəyyən edib. Vurğulayıb ki, Qara Qarayev qırx illik yaradıcılıq dövründə demək olar ki, bütün janrlarda əsərlər yaradıb: “O, üç simfoniya, simfonik janrda 20-dən çox əsər, 50-dən çox kamera əsəri, o cümlədən fortepiano üçün 24 prelüd bəstələyib, iki opera, iki balet, bir müzikl, Bakı, Moskva, və Leninqradın çoxsaylı teatr tamaşası və kinofilmləri üçün musiqi yazıb. Qara Qarayev yaradıcılığının tarixi əhəmiyyəti bundadır ki, o, Azərbaycan xalq musiqisini ümumbəşəri musiqi nailiyyətləri ilə qarşılaşdırıb, onun sintezini yaradıb və bunu parlaq şəkildə nümayiş etdirib. Qara Qarayev onlarca görkəmli bəstəkar yetirib "Qarayev bəstəkarlıq məktəbini" yaradıb. Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndələri olan Rauf Hacıyev, Arif Məlikov, Xəyam Mirzəzadə, Vasif Adıgözəlov, Musa Mirzəyev, Tofiq Bakıxanov, Firəngiz Əlizadə, Azər Dadaşov, Polad Bülbüloğlu, Fərəc Qarayev, Elnarə Dadaşova Qarayev məktəbinin davamçılarıdır. Çox sevindirici haldır ki, Nazirliyin təşkilati və maliyyə dəstəyi ilə 2018-ci ildən başlayaraq Fransanın məşhur “Mezzo” kanalında Qara Qarayevin simfonik və kamera-instrumental əsərləri böyük uğurla səslənir. Qara Qarayev eyni zamanda sabahın musiqiçisidir. Onun parlaq yaradıcılığı artıq dünya musiqisinin ayrılmaz bir parçasıdır. Biz hələ neçə illər sonra da bu ölməz musiqinin sədasını eşidəcəyik və bundan qürur duyacağıq”.

    Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə bildirib ki, yaradıcılığı zəngin milli köklərə əsaslanan Qara Qarayev Azərbaycan musiqisinin yeni mərhələdə inkişafını təmin edən sənətkarlardandır.

    “Qara Qarayev yaradıcılığı böyük məktəbdir, mən onun tələbəsi olduğum üçün hər zaman qürur duymuşam. Azərbaycan və dünya musiqi mədəniyyətinə böyük töhfələr vermiş Qara Qarayev milli və bəşəri xarakterli yaradıcılığı ilə gələcəyə yeni yollar açan novator sənətkar olub. Onun hər bir əsərinin premyerası musiqi həyatımızın xüsusi hadisəsinə, bayramına çevrilib, mədəni həyatımızda bir dönüş yaradıb”, - deyə F.Əlizadə söyləyib.

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli isə Qara Qarayev yaradıcılığının dünyada yenidən aktuallaşdığını diqqətə çatdırıb: “Mən düşünürəm ki, onun əsərləri dünyanın ən möhtəşəm səhnələrində səsləndirilməli, ideyaları yayılmalıdır, çünki dünyanın buna ehtiyacı var. Bir də Qara Qarayev beynəlxalq festivalının bərpa edilməsini arzulayıram. Bu Azərbaycan musiqisinin dünyada daha da tanıdılmasına xidmət edəcək”.

    Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi Qara Qarayev musiqisinin daim yaşayacağını diqqətə çatdıraraq, onun yaradıcılığının mədəniyyətimizdə hər zaman xüsusi yerə malik olduğunu vurğulayıb. O, Azərbaycan musiqisinə böyük töhfələr vermiş dahidir. Görkəmli bəstəkarın əsərləri bu gün də dünya səhnələrində səslənməklə mükəmməlliyini bir daha sübut edir.

  • “Mədəniyyət” qəzetinin 30 yaşı tamam oldu
    2021-ci il Mədəniyyət Nazirliyinin mətbu orqanı olan “Mədəniyyət” qəzetinin nəşrə başlamasının 30-cu ildönümüdür. Müstəqil Azərbaycanın yaşıdı olan qəzet ötən dövrdə zəngin inkişaf yolu keçib və ölkənin kütləvi informasiya vasitələri arasında, müasir mətbuat tariximizdə özünə layiqli yer tutub. Bu illər ərzində qəzetin nəşr formatı, dövriliyi, dizaynı dəyişsə də, respublikamızın mədəni həyatının bütün sahələrini dolğun şəkildə işıqlandırmaq, oxuculara ölkə və dünya mədəniyyəti ilə bağlı ən maraqlı məlumatları çatdırmaq məramı dəyişməz olaraq qalır. İlk sayı 1991-ci ilin yanvarında işıq üzü görən qəzetin səhifələrində son 30 ildə mədəniyyət tariximizin salnaməsi əks olunub. Bu salnamənin böyük bir hissəsini eyni zamanda elektron formatda izləmək mümkündür. Qəzetin internet saytı (www.medeniyyet.az) hazırda ölkəmizdə mədəniyyətlə bağlı zəngin elektron resursdur. Ötən illərdə ölkəmizin ictimai-mədəni həyatında müstəsna əhəmiyyət kəsb edən hadisələrlə bağlı qəzetin xüsusi buraxılışları, “Kitab”, “Afişa” əlavələri də nəşr olunub. Nəşr ömrünün 30 yaşa çatması “Mədəniyyət”in redaksiyasında uzun illər çalışan, eləcə də burada nisbətən yeni fəaliyyətə başlayan hər bir əməkdaş üçün əlamətdar hadisədir. Mədəniyyət Nazirliyi İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə və şöbənin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri vəzifəsini icra edən Məhəmməd Həmzəyev fevralın 4-də “Mədəniyyət” qəzetinin redaksiyasında olub, mədəniyyət naziri Anar Kərimovun təbriklərini kollektivə çatdırıblar. Məryəm Qafarzadə bildirib ki, nazirin müvafiq əmrinə əsasən, redaksiyanın kollektivi əlamətdar yubiley münasibətilə mükafatlandırılıb və təşəkkürnamələrlə təltif olunub. Şöbə müdiri qeyd edib ki, Azərbaycanın öz tarixinin şanlı səhifəsinə qədəm qoyduğu bir vaxtda mədəniyyətin idarə olunması, mədəni inkişafın günün tələbləri səviyyəsində qurulması vacibdir. Bununla bağlı Mədəniyyət Nazirliyi tərəfindən həm forma, həm də məzmunu ehtiva edən islahatlara başlanılıb və bu, informasiya və kommunikasiya sahəsində də  qarşıya  yeni vəzifələr qoyur. Qarabağa “Böyük Qayıdış” proqramına başlanılması, ölkə Prezidenti tərəfindən Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi, “Nizami Gəncəvi İli”nin elan olunması 2021-ci ilin mədəniyyət sahəsi üçün çox zəngin olacağını deməyə əsas verir. Bu işdə mətbuatın, kütləvi informasiya vasitələrinin də üzərinə önəmli məsuliyyət düşür. “Mədəniyyət” qəzetinin indiyədək bu xüsusda mühüm rolu olduğunu qeyd edən M.Qafarzadə əmin olduğunu bildirib ki, qəzet bundan sonra da öz missiyasını layiqincə davam etdirəcək. Şöbə müdiri yubiley münasibətilə kollektivi təbrik edərək, qəzetə yeni uğurlar arzulayıb. Sonra qəzetin əməkdaşlarına nazirliyin təşəkkürnamələri təqdim olunub. “Mədəniyyət” qəzetinin baş redaktoru Vüqar Əliyev kollektiv adından Mədəniyyət Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib. Qeyd edib ki, redaksiyaya göstərilən diqqət, qəzetin fəaliyyətinə verilən qiymət kollektiv üçün təşviq, stimul olmaqla bərabər, eyni zamanda daha böyük məsuliyyətdir. 2020-ci ilin şanlı zəfərindən sonra Azərbaycanın tarixində başlanan yeni dövr mədəniyyətimiz üçün də yeni inkişaf, intibah deməkdir və biz də bu yolda, kiçik də olsa, öz töhfəmizi verməyə davam edəcəyik. Sonda qəzetin kollektivi ilə xatirə fotosu çəkdirilib.
  • Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin yaradılması ilə bağlı İşçi qrupunun onlayn iclası keçirilib
    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə fevralın 4-də Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin yaradılması ilə əlaqədar müvafiq dövlət qurumlarının səlahiyyətli nümayəndələrindən ibarət İşçi qrupunun onlayn iclası keçirilib. Mədəniyyət naziri Anar Kərimov iclasda çıxış edərək dövlət başçısının 3 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, Ordumuzun Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi Zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin yaradılması, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin tapşırığına uyğun olaraq muzeyin konsepsiyasının hazırlanması ilə əlaqədar indiyədək nazirlik tərəfindən həyata keçirilən işlər barədə məlumat verib. Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin fondunun yaradılması üçün lazımi materialların toplanılmasına başlandığını bildirən nazir artıq vətəndaşlarla yanaşı, dövlət qurumları tərəfindən də müvafiq materialların təhvil verildiyini qeyd edib. Bildirilib ki, muzey 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan xalqının nümayiş etdirdiyi əzmkarlığı, birliyi əbədiləşdirən möhtəşəm kompleks, eyni zamanda xalqımızın qəhrəmanlıq irsini və qazanılmış Qələbəni müasir təqdimat metodları ilə tamaşaçıya çatdıran məkan olacaq. Vətən müharibəsinin gedişini müasir texnologiyalar vasitəsilə canlandıracaq muzey həmçinin ölkənin ən böyük və müasir maarifləndirici, vətənpərvərlik ruhunda tərbiyə edici mərkəzi kimi fəaliyyət göstərək. Sonra hərb tarixi üzrə ekspert Səbuhi Əhmədov muzeyin konsepsiyasının ilkin layihəsini İşçi qrupunun üzvlərinə təqdim edib. Onlayn iclasda İşçi qrupunun üzvləri – Prezident Administrasiyasının Xarici KİV və QHT-lərlə iş sektorunun müdiri Fuad Axundov və Gəncliyin inkişafı məsələləri sektorunun müdiri İrfan Davudov, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AZƏRTAC-ın İdarə Heyətinin sədr müavini Dağbəyi İsmayılov, təhsil nazirinin müavini Firudin Qurbanov, Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədr müavini Sənan Tapdıqov, Milli Arxiv İdarəsinin rəis müavini Həsən Həsənov, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin zabiti, polkovnik-leytenant Elvin Əzizov muzeyin məzmununun uğurlu alındığını qeyd edib, öz təkliflərini səsləndiriblər.    İclasın sonunda Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin yaradılması istiqamətində işlərin davam etdiriləcəyi bildirilib.
  • Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə sənədli film hazırlanıb

    Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə “Zor təfəkkürü” ("Cтиль мьıшления: вандализм" - "Thinking style: vandalism") adlı sənədli film hazırlanıb.

    Rus dilində (ingilis dilində subtitrlərlə) hazırlanan filmin başlıca məqsədi beynəlxalq ictimaiyyətin diqqətini ermənilərin tarixdən bu günə qədər əzəli Azərbaycan torpaqlarında tarixi-dini, eləcə də mədəni abidələrimizə qarşı törətdiyi vandalizm aktlarına yönəltmək və bu istiqamətdə atılmış addımlara töhfə verməkdən ibarətdir.