Bölgələrdə yaşayan rəssamlarla əməkdaşlığın genişləndirilməsi məqsədilə start verilən layihə çərçivəsində Gəncədə yaşayan rəssamların virtual sərgisi üçün əsərlərin qəbulu davam edir.
Dövlət Rəsm Qalereyasından bildirilib ki, virtual sərgidə iştirak etmək istəyən rəssamlar öz ad, soyadı, əlaqə nömrəsi və əsərin fotosunu məlumatları ilə birlikdə qalereyas@bk.ru adresinə göndərməlidirlər.
Əsərlərin qəbulu fevralın 20-dək aparılacaq.
Əlavə məlumat üçün (+99477) 717-33-37 nömrəsi ilə əlaqə saxlamaq olar.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialının əməkdaşı Səidə Rəcəbova Lütfi Zadənin həyat və fəaliyyəti, elmi nailiyyətləri haqqında videoçarx hazırlayıb.
İdarədən bildirilib ki, videoçarxda Lütfi Zadənin dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsindən danışılır, onun əlavə olaraq təklif etdiyi 5 fundamental elmi nəzəriyyəsinin də adı çəkilir. 1989-cu ildə Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə Yaponiyanın elm xadimlərinə verdiyi ən yüksək mükafat olan “Honda” mükafatı ilə təltif olunduğu da qeyd edilir. Dünya şöhrətli alimin, süni intellekt sahəsində müəssisəsinin ömürlük seçilmiş yeganə şəxs olduğu, Kaliforniyanın Berkli şəhərində İnformasiya Texnologiyaları üzrə Zadə İnstitutunun yaradılması da bildirilir.
Qeyd edilib ki, azərbaycanlı olduğunu fəxrlə bildirən, ürəyi daim doğma Vətəni ilə döyünən Lütfi Zadə elm və texnologiyaların inkişafında misilsiz xidmətlərinə görə Azərbaycan Respublikasının ali mükafatlarından biri sayılan “Dostluq” ordeninə layiq görülüb. Böyük alim 2017-ci il sentyabrın 6-da Kaliforniyada vəfat edib. O, öz vəsiyyətinə əsasən Azərbaycanda Fəxri xiyabanda dəfn edilib.
Vurğulanıb ki, bu il məşhur alim Lütfi Zadənin anadan olmasının 100 ili tamam olur. Bununla bağlı Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı əsasında Lütfi Zadənin 100 illik yubileyinin keçirilməsi qərara alınıb.
Videoçarxda Lütfi Zadənin həyat xronologiyası fotolarda öz əksini tapıb. Məşhur alimin tarixə düşən 10 seçilmiş fikrindən bir neçəsi də bu fotolar arasında yer alıb.
“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı DokuBaku Lab nəzdində keçirilən mentorluq və təlim proqramına qəbul elan edib.
Ümumilikdə 3 həftə davam edəcək proqramda sənədli film sahəsində uğurlu işlər görmüş beynəlxalq təlimçilərdən ibarət komanda, layihə ideyası olan, lakin onu necə formalaşdırmalı olduğunu bilməyən sənədli film həvəskarları üçün silsiləli təlimlər keçəcək.
Mentorluq proqramına bir neçə sənədli filmi ilə mükafatlar qazanmış gürcü sənədli film rejissoru Nino Orjonikidze rəhbərlik edəcək. Onun mentorluğu ilə film ideyasını formalaşdırmağı və layihə halına salmağı öyrənən iştirakçılar ard-arda bir neçə təlimçidən fərqli mövzularda dərs ala biləcək. Təlimçilər arasında Hans Robert Eisenhauer, Likka Vehkalahti və digər sənədli film professionallarının adları da var.
Mentorluq və təlim proqramına Azərbaycanın bütün bölgələrindən qatılmaq mümkün olacaq. Pandemiya ilə bağlı olaraq təlim tam onlayn keçiriləcək.
Beynəlxalq təlimçilərlə keçirilən bu proqramda iştirak seçim yolu ilə baş tutacaq və təlimlərə qatılan iştirakçının hər birinə 200 dollar təqaüd veriləcək.
Hər bir iştirakçı müraciət edərkən film ideyasını təqdim etməlidir. Sonra seçilən iştirakçılara təlimlər zamanı film ideyasının formalaşdırılması, layihə halına salınması öyrədiləcək.
Layihənin reallaşması üçün təlimlərlə bərabər iştirakçılar mentorluq proqramının sonunda layihələri ilə pitçinqdə iştirak edəcək.
Qalib gələn filmin müəllifinə ilkin çəkilişlər, treylerin hazırlanması və layihə təklifinin hazırlanması üçün dəstək olaraq 500 dollar veriləcək.
Ətraflı məlumat almaq və müraciət etmək üçün https://www.dokubaku.az/dokubaku-lab ünvanına müraciət etmək lazımdır.
Azərbaycan Akademik Milli Dram Teatrının fevral ayı üçün nəzərdə tutulan virtual repertuarı açıqlanıb. Tamaşalar müvafiq olaraq saat 19:00-da teatrın “facebook” səhifəsində, rəsmi saytında və “YouTube” kanalına nümayiş etdiriləcək.
6 fevral – “Sinif yoldaşları”
7 fevral – “Bir, iki, bizimki...”
13 fevral – “Manqurt”
14 fevral – “Ah, bu uzun sevda yolu”
20 fevral – “Dəli yığıncağı”
21 fevral – “Qətibə İnanc”
26 fevral – “Qarabağnamə” (Xocalı soyqırımına həsr olunur)
Ötən ilin payızında müzəffər Azərbaycan Ordusu erməni hərbi birləşmələri ilə 44 gün qəhrəmancasına mübarizə apararaq tarixi torpaqlarımızı işğaldan azad edərək geri qaytardı. Ölkəmizin ərazi bütövlüyü uğrunda haqq savaşında yaralılarımız, şəhidlərimiz və itkin düşənlərimiz oldu. Müqəddəs savaşda 2855 igid şəhadətə qovuşaraq özlərinə əbədiyyət ünvanı qazandılar, Vətən sevdalı minlərlə əsgərimiz müharibə qazisi oldu. Azərbaycan oğulları göstərdikləri rəşadət nümunəsi ilə təkcə indiki nəsil üçün deyil, gələcək nəsillər üçün də qürur duyulası şanlı tarix yazdılar.
İstiqlal Muzeyində “Zəfər qəhrəmanları” adlı onlayn tədbirdə bu barədə danışılıb.
Tədbirdə II Qarabağ müharibəsi qaziləri, müharibə şəhidlərinin ailə üzvləri, Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının, Antalya Azərbaycan Mədəniyyəti və Həmrəylik təşkilatının, “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin üzvləri iştirak ediblər.
İstiqlal Muzeyinin baş fond mühafizi Aidə Axundova, müharibə qaziləri Fərahim Əmirli, Ervin Cavadov, Cavid Nuri, şəhid bacıları Aidə Kərimova və Həlimxanım Heybətova, Antalya Azərbaycan Mədəniyyəti və Həmrəylik təşkilatının sədri Ceyran Səttarova, “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin sədri Aygün Zamanlı və başqaları öz çıxışlarında Qarabağ müharibəsi zamanı qalib ordumuzun uğurlu döyüş əməliyyatları, əsgər və zabitlərimizin göstərdikləri misilsiz qəhrəmanlıq nümunələri barədə danışaraq bu yolda şəhid olan qəhrəmanlarımızın xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacağını diqqətə çatdırıblar.
Tədbirdə “Oxu tar” və “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin üzvləri bədii kompozisiya ilə çıxış ediblər.
Azərbaycan musiqisinə şöhrət gətirən məşhur sənət korifeyləri sırasında böyük bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin xüsusi yeri var. Onun əbədiyaşar musiqisi neçə-neçə illərdir ki, dünyanın nəhəng konsert salonlarında səslənir. Hər bir əsərinin premyerası musiqi həyatımızın xüsusi hadisəsinə, bayramına çevrilib, mədəni həyatımızda bir dönüş yaradıb.
Bu gün adını mədəniyyət tariximizə böyük hərflərlə yazdırmış bu böyük sənətkarın anadan olmasından 103 il ötür.
Qara Qarayev 1918-ci il fevralın 5-də Bakı şəhərində məşhur həkim-pediatr Əbülfəs Qarayevin və Sona xanım İsgəndər qızının ailəsində anadan olub. O, nəsildə özünü musiqi sənətinə həsr etmiş ilk adamdır. Ata tərəfi Abşeronun Fatmayı kəndindən, ana babası İsgəndər bəy Axundov isə Şamaxının məşhur nəsillərindən olub.
Dünya şöhrətli bəstəkar Qara Qarayevin əsərləri SSRİ-nin əksər şəhərlərində, Los-Anceles, Polşa, Misir, İspaniya, İtaliya, Paris, Yaponiya və Almaniyada keçirilən möhtəşəm musiqi tədbirlərində müvəffəqiyyətlə oynanılıb.
Onun Nizaminin “Yeddi gözəl” poemasından bəhrələnərək yazdığı “Yeddi gözəl” və Cənubi Afrika yazıçısı Piter Abrahamsının romanı əsasında yazdığı “İldırımlı yollarla” baletləri dünyanın bir sıra ölkələrində uğurla göstərilib. Bəstəkarın Birinci Simfoniyası Azərbaycanın ilk simfoniyaları arasında görkəmli yer tutur. “Don Kixot” simfonik qravüraları, “Leyli və Məcnun” (Nizaminin poeması əsasında), “Vyetnam süitası” əsərləri Qara Qarayev yaradıcılığının dəyərli səhifələridir. O, çoxsaylı filmlərə, o cümlədən “Dənizi fəth edənlər”, “Qızıl eşelon”, “Xəzər neftçiləri haqqında povest”, “Uzaq sahillərdə” və digər filmlərə musiqi bəstələyib.
Qara Qarayev opera janrında da özünü sınayıb. O, “Vətən” operasının (C.Hacıyev ilə birlikdə) və fransız yazıçısı Anri Barbüsün əsəri əsasında “Zəriflik” monooperasının müəllifidir. Bəstəkar, həmçinin Azərbaycan musiqisi üçün yeni olan müzikl janrına müraciət edərək fransız dramaturqu E.Rostanın “Sirano de Brejerak” komediyası əsasında “Çılğın qaskoniyalı” müziklini yaradıb.
Qara Qarayev kamera instrumental janrları ilə də maraqlanıb. 24 prelüd silsiləsi, skripka və fortepiano üçün sonata, simli kvartetlər bəstəkarın yaradıcılıq üslubunun təzahürü kimi qiymətləndirilir. Q.Qarayev A.Puşkinin şeirləri əsasında yaratdığı “Mən sizi sevirdim” və “Gürcüstan təpələrində” romansları, “Könül mahnısı”, “Səadət mahnısı” kantataları Azərbaycan musiqisinin gözəl nümunələridir.
Qara Qarayev xalq musiqisinə, torpağına, doğma Abşerona iliyinə qədər bağlı bəstəkar idi. Tələbələrinə də böyük sevgi və həssaslıqla yanaşardı. Onları "açıq kitab" kimi oxuyar, yaradıcı potensialını duyar, fərdi üslublarını qoruyar, öz dəst-xətlərini müəyyənləşdirməyə yönəldərdi. Bəlkə də atasının arzusunu yerinə yetirmişdi o... Bir təbib kimi, sağlam cəmiyyətin böyüməsində onların getdiyi yola "işıq" salıb, onlara bu yolla getmələrini, ən əsası xalq musiqisi intonasiyalarına olduqca ehtiyatla yanaşmanı tövsiyə edərdi. “...Biz soyuqqanlılıqla musiqi xəzinəmizin üst qatlarından asan mənimsənilərək istifadə etmirikmi? Xalq musiqisi doğrudan da tükənməzdir, amma onun zənginliyi tək bu qatlarda deyil, bizim düşündüyümüzdən daha dərindədir, neft yataqları kimi və lazımi "texniki yazılara" yiyələnib, o dərinliyə getmənin vaxtı çatmışdır". Bu da Üzeyir bəyin getdiyi yolun davamı idi... Bu yolun davamçıları onun tələbələri idi... B.Yermolayev, H.Xanməmmədov, R.Hacıyev, A.Məlikov, X.Mirzəzadə, T.Bakıxanov, V.Adıgözəlov, O.Zülfüqarov, M.Mirzəyev, V.Şainski, L.Vanşteyn, M.Quliyev, N.Şəfiyeva, S.İbrahimova, F.Qarayev, F.Əlizadə, İ.Hacıbəyov, R.Həsənova, A.Cəfərova, R.Şəfəq, E.İbrahimova, E.Dadaşova, A.Dadaşov, A.Əzimov, C.Abbasov.... Bu siyahını onun tələbələri davam etdirərək növbəti nəsillərə aparır... Bir ağacın kökündən qidalanaraq böyüyən, budaqlara şaxələnərək ucalan qollar kimi...
"Şagirdlər bizim ən ciddi hakimlərmizdir. Əgər müəllim dərsdə bir fikir söyləyib, həyatda isə başqa cür hərəkət edərsə, bu, müəllimin mənəvi məğlubiyyətidir". Tələbələrinin xatirələrində Qara Qarayev təkcə bəstəkar deyil, geniş erudisiyaya malik ziyalı, alim, filosof, yetirmələrinin şəxsiyyətini "yonan" heykəltəraş, şair təbiətli əbədi romantik, bəzən Don Kixot, bəzən də Sirano kimi yaşayır... Amma hər zaman sözün əsl mənasında sənət fədaisi, Vətən, torpaq eşqi ilə yaşayan bir Məcnun idi o...
Planlaşdırdığı layihələri çox idi. "Hamlet", "Leyli və Məcnun", "Don Juan" baletləri, "Gözəl Yusif" operası, "Oxuyan daşlar" simfonik süitası, simfocaz üçün konsert, "Uşaqsız şəhər" oratoriyası... "Qərblə Şərq lap əvvəldən içimdədir"- deyərdi. Arzular tükənməz olur.
Otuz doqquz il bundan əvvəl, 1982-ci il mayın 13-də 64 yaşında Moskvada gözlərini əbədi yuman sənətkar doğma Vətənində torpağa tapşırıldı...
Ölümündən əvvəl dediyi sözlər ən həzin və kədərli nəğmə kimi bu gün də eşidilməkdədir: “Keçdiyim yola nəzər salmayaraq dünyanı tərk etməyə hazırlaşıram, gözlərim yaşla doludur... Həyatımın ən gözəl çağında malik ola bilmədiyimi itirdim. Günəş mənimçün işıq saçmır, külək mənimçün əsmir, dəniz mənimlə danışmırdı. Arxaya baxmadan gedirəm, çünki geriyə dönmək ürəkağrısı qədər ağırdır. Ölüm - yeni həyatın dünyaya gəlməsidir”.
Sevdiyi dəniz kənarı, Bakı küləyi, Fatmayı bağı və əbədi yaşayan musiqisi... “Doğum günü keçirməyi sevməzdi. Öz ailəmiz olardı. Anam, bacım Züleyxa və mən... Onun xatirəsini yaşadan ən gözəl hədiyyə isə - onun hər zaman səslənən musiqisidir", - deyir oğlu Fərəc Qarayev.
Ruhun şad olsun, Maestro!
Fevralın 7-də saat 12.00-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının “YouTube” kanalından rus xalq nağılı əsasında hazırlanan “Turp” tamaşası nümayiş ediləcək.
Səhnələşdirəni və quruluşçu rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Vüqar Camalzadə olan bu birhissəli uşaq tamaşasında fərqli kukla texnikaları tətbiq olunub.
Qoca kəndlinin bağçasında xüsusi qulluqla yetişdirdiyi turp ilə macəraları illərdir ki, uşaqdan böyüyə hər kəsin maraqla oxuyub-izlədiyi nağıllardandır.
Uşaqları zəhmətsevərlik, güc birliyi və bütün bunların fonunda möcüzələrə təbəssümlə inanmağa səsləyən sevimli və yekə “Turp”un Kukla Teatrındakı səhnə həlli də maraqlı və baxımlıdır. Təbii ki, bunun da əsas səbəbi qısa nağıla tam yeni səhnələşdirmədə usta rejissor yozumudur.
Musiqi həlli, rəssam işi baxımından da uğurlu kollektiv əməyin bəhrəsi olan “Turp” hər iki bölmədə uşaqların sevərək izlədiyi, maraqla yolunu gizlədikləri tamaşalardandır.
F.Köçərli adına Respublika Uşaq Kitabxanası bu il yubileyi qeyd edilən xarici yazarların oxuculara tanıdılması məqsədilə metodik vəsait hazırlayıb.
Göstəricilər mərkəzi kitabxanaların uşaq şöbələri, Mərkəzləşdirilimiş Kitabxana Sistemlərinin şəhər, qəsəbə, kənd kitabxana filialları, məktəblər üçün nəzərdə tutulub.
Vəsaitin birinci hissəsi yazıçıların həyat və yaradıcılığından bəhs edir. II hissədə isə xarici yazarları oxuculara tanıtmaq məqsədilə uşaq kitabxanalarında nəzərdə tutulan tədbirlərin ssenarisi verilib. Vəsaitdə uşaqlar üçün nağıllar yazan amerikalı Frenk Baumun anadan olmasının 165 illiyi, Amerika yazıçısı H.Biçer Stounun anadan olmasının 210 illiyi, ingilis uşaq yazıçısı Maykl Bondun anadan olmasının 95 illiyi, alman filoloqu, folklorçu, nağılçı Vilhelm Qrimin 235 illiyi, ingilis uşaq yazıçısı, Andersen mükafatı laureatı Eleanor Farconun anadan olmasının 140 illiyi, rus uşaq şairi A.L.Bartonun 120 illiyi münasibətilə təşkil edilən kitab sərgilərindən, biblioqrafik icmallardan, konfranslardan, ədəbi bədii gecələrdən söhbət açılır.
Vəsaitdə Frenk Baumun ən məhşur “Zümrüd şəhərinin sehirbazı” kitabının təhlili, bu əsərin ssenarisi əsasında çəkilmiş cizgi filmi haqqında ətraflı məlumat verilib.
Vəsaitin üçüncü hissəsində isə Maykl Bondun ən məhşur “Paddinqton ayı balası” kitabının təhlili oxuculara çatdırılıb, həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib. Andersen mükafatı laureatı Eleanor Farconun 140 illiyi münasibətilə qələmə alınmış vəsaitdə yazıçının şeir, hekayə və povestləri, uşaqlar üçün opera tamaşalarında istifadə edilən şeir mətnləri haqqında ətraflı məlumat verilib.
Oxucular vəsaitdən http://clb.az/elmi-metodika_k74.html linkindən istifadə etməklə yararlana bilərlər.
F.Köçərli adına Respublika Uşaq Kitabxanası mərkəzi kitabxanaların uşaq şöbələri, Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin şəhər, qəsəbə, kənd kitabxana filiallarının və metodistlərin istifadəsi üçün nəzərdə tutulan növbəti metodik vəsaiti oxucuların ixtiyarına verib.
Elmi-metodika şöbəsinin hazırladığı vəsait nasir, tərcüməçi, publisist, Əməkdar mədəniyyət işçisi Ələviyyə Babayevanın 100 illik yubileyi münasibətilə hazırlanıb.
Vəsait iki hissədən ibarətdir. “Zərif duyğular tərənnümçüsü” adlanan birinci hissə yazıçının həyat və yaradıcılığından bəhs edir. İkinci hissə isə “Yüksək vüsətli romanlar müəllifi” adlanır.
İstifadəçilər vəsaitin ikinci hissəsində yubiley münasibətilə təşkil olunacaq kitab sərgisi, oxucu konfransı, şeir və rəsm müsabiqəsi, kitab müzakirəsi, bədii qiraət, ədəbi-bədii gecə və digər tədbirlər haqqında da məlumat əldə edə bilərlər.
Vəsaitdə “Mənim müəllimim”, “Hekayələr”, “Tək ağac”, “Kənd yolları”, “Payızda”, “Yenə bahardı”, “Tut ağacı”, “Süsən sünbül”, “Hörüklər”, “Adamlar və talelər”, “Hardasan, dost, harda”, “Əlvida”, “Dəli Sona”, “Son döngə”, “Səni axtarıram” kitablarının müzakirəsi oxuculara çatdırılıb.
Qeyd edək ki, göstəricidə görkəmli şəxsiyyətlərin Ələviyyə xanım haqqında söylədiyi fikirlər də yer alıb.
Oxucular vəsaitdən http://clb.az/elmi-metodika_k74.html linkindən istifadə etməklə yararlana bilərlər.