Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Londonun dəstələri” serialının növbəti mövsüm çəkilişləri davam edir

    Dedektiv janrında ekranlaşdırılan “Londonun dəstələri” adlı serialın üçüncü mövsümünün çəkilişləri davam edir.

    AZƏRTAC xəbər verir ki, ekran əsərinin premyerasının 2024-cü ilin sonunda keçirilməsi planlaşdırılıb.

    Serialda britaniyalı aktyor Endryu Koji sirli və adı açıqlanmayan sui-qəsdçi obrazına həyat verir.

    Ekran əsəri keçmiş məxfi polis dəstəsinə çevrilmiş Elliotun yüksək səviyyəli cinayətkar kimi fəaliyyət göstərməsi və nəticədə yüzlərlə insanın faciəvi şəkildə həlak olmasından bəhs edir.

  • Musiqi Sənayesi Platforması: Rəqəmsal dövrdə musiqi sənaye ekosisteminin formalaşdırılması

    Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Mədəniyyət və Yaradıcı Sənayelər Forumunda “Musiqi Sənayesi Platforması: Rəqəmsal dövrdə musiqi sənaye ekosisteminin formalaşdırılması” mövzusu müzakirə edilib.

    AZƏRTAC xəbər verir ki, tədbirdə ölkənin musiqi sənayesinə töhfə verən və tanınan şəxslər, o cümlədən prodüserlər və musiqiçilər iştirak ediblər.

    Tədbirdə çıxış edən bəstəkar İsa Məlikov bildirib ki, “Musiqi Sənayesi Platforması”nın təşkil edilməsində əsas məqsəd son illərdə bu sənayedə mövcud olan trendləri, hadisələri müzakirə etmək, musiqi sənayesinin inkişafı üçün potensial addımları müəyyən etmək, həmçinin bu istiqamətdə beynəlxalq təcrübəni araşdıraraq Azərbaycan musiqi sənayesinə tətbiq etməyin yollarını öyrənməkdir.

    Tədbirdə reperlər Pərviz İsaqov və Elşad Xose, müğənni Sevda Ələkbərzadə, pianoçu Etibar Əsədli, DJ Orxan Ağayev çıxış ediblər.

    Panel sessiyalarda ölkəmizdə musiqi sənayesinin inkişafı və Azərbaycan musiqisinin təbliği mövzularında fikir mübadiləsi aparılıb.

  • Bakıda “Türk Animasiya Şəbəkəsi”nin yaradılması müzakirə olunub

    Mədəniyyət və Yaradıcı Sənayelər Forumu çərçivəsində Heydər Əliyev Mərkəzində Azərbaycan Animasiya Assosiasiyasının dəstəyi ilə “Türk dünyası animasiya şəbəkəsinin qurulması” mövzusunda dəyirmi masa keçirilib.

    AZƏRTAC xəbər verir ki, moderator olan Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev dəyirmi masanın məqsədi haqqında məlumat verib.

    Sonra mədəniyyət nazirinin müavini Səadət Yusifova, TÜRKSOY-un baş katibinin müşaviri Kayrat Mukanov, Mədəniyyət Nazirliyinin müşaviri Orxan Fikrətoğlu, nazirliyin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov, animasiya mütəxəssisi Oqtay Yusibov, animasiya rejissoru, Əməkdar mədəniyyət işçisi Elçin Hami Axundov və digər qonaqlar çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.

    Tədbirdə “Türk Animasiya Şəbəkəsi"nin yaradılması və bu sahədə birgə əməkdaşlıq məsələləri müzakirə olunub.

  • “Qara telefon 2” filminin yayım tarixi açıqlanıb

    “Universal Pictures” kinostudiyası ABŞ əsilli rejissor, ssenarist Skott Derrikksonun “Qara telefon” filminin ikinci hissəsinin yayım tarixini açıqlayıb.

    AZƏRTAC xəbər verir ki, qorxu janrında çəkilən ekran əsərinin nümayişinin 2025-ci ildə keçirilməsi planlaşdırılır.

    Filmdə Maks rolunu Ceyms Ransone, Buzz rolunu Spenser Fitscerald, Metti rolunu Cordan İsaiah Uayt, Brüs rolunu Tristan Pravonq canlandırırlar.

    “Qara telefon” dəhşətli uşaq qatili tərəfindən qaçırılan və səs keçirməyən zirzəmidə saxlanılan 13 yaşlı Finni Şounun hekayəsindən bəhs edir. Zahirən çarəsiz görünən əsas obraz Finni, qatilin əvvəlki qurbanlarından telefon vasitəsilə zənglər almağa başlayır və gözlənilməz sonluqla davam edir.

  • Opera və Balet Teatrı dekabr repertuarını təqdim edib

    Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı dekabrda maraqlı səhnə əsərləri ilə çıxış edəcək.

    AZƏRTAC sənət ocağının dekabr ayı üçün repertuarını təqdim edir:

    2 dekabr - “Sülh Messası” oratoriyası

    6 dekabr - “Leyli və Məcnun” operası

    10 dekabr - “Toska” operası

    13 dekabr - “Şelkunçik” baleti

    16 dekabr - “Traviata” operası

    22 dekabr - “Viva-Puççini” konserti

    28 dekabr - “Məhəbbət əfsanəsi” baleti

    30 dekabr - “Zoluşka” operası

  • Azərbaycan filmi “Moskva premyerası”nda mükafat alıb

    Noyabrın 24-29-da Rusiya paytaxtında postsovet ölkələrinin iştirakı ilə V Beynəlxalq “Moskva premyerası” kinofestivalı keçirilib.

    AZƏRTAC xəbər verir ki, festivalın proqramına azərbaycanlı rejissorlar Asif Rüstəmovun “Mərmər soyuğu” filmi də daxil edilib.

    Film “Ən yaxşı kişi rolu”na görə və Qran-Pri mükafatlarına layiq görülüb. Ekran əsəri, eyni zamanda, “Qızıl kirpi” - kino tənqidçilərinin baş mükafatını qazanıb.

    “Mərmər soyuğu” filmi “Azərbaycanfilm” kinostudiyası, İctimai Televiziya (İTV), Bakı Media Mərkəzi və Fransanın “Arizona Films” şirkətinin birgə layihəsidir.

    Filmin baş prodüseri Arzu Əliyeva, ssenari müəllifləri Asif Rüstəmov və Rulof Jan Minnebo (Hollandiya), quruluşçu rəssamları Oqtay Namazov və Adil Abbasov, quruluşçu rəssamı Rafiq Nəsirov, prodüseri Fariz Əhmədov, Orman Əliyev və Guillaume de Seil, kreativ prodüseri İradə Bağırzadədir.

  • “Sən hələ uşaqsan” bədii filminin təqdimatı olub

    Əsl sevgi nədir? Əsl sevgi bəzən başqasına görə özünü unutmaqdır... Sevginin isə yaşı yoxdur...

    AZƏRTAC xəbər verir ki, noyabrın 29-da premyerası keçirilən “Sən hələ uşaqsan” yeni qısametrajlı bədii filmi əsl sevginin bütün zamanlar üçün dəyişməzliyini, gücünü və hər şeydən üstün olduğunu bir daha tamaşaçıya çatdırıb.

    Ekran əsəri “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin xüsusi layihələr studiyasında hazırlanıb.

    Filmin quruluşçu rejissoru Zaur Zeynal, ssenari müəllifi Leyla Qədirzadə, quruluşçu operatoru Aqşin Rzayev, operatoru Əli İsayev, prodüseri Azər Həsənovdur.

    Ekran əsərində əsas rolları - Azər və Nərgizi Raqif Məmmədov və Fəridə Şahbazova canlandırıblar.

    Ssenari müəllifi Leyla Qədirzadə təqdimatdan əvvəl AZƏRTAC-a bildirib ki, filmin əsas mövzusu əsl sevgi, yeniyetmənin özündən 10 yaş böyük qadına olan sevgisi üzərində qurulub. Onun sözlərinə görə, filmdəki hadisələr bədii təxəyyülün məhsuludur.

    “Bu film vasitəsilə həm də cəmiyyətə bir mesaj ötürürük. Belə ki, burada bəşəriyyəti narahat edən onkoloji xəstəliklərə də toxunmuşuq. Biz insanlara demək istəyirik ki, xərçəng xəstəliyi hökm deyil, diaqnozdur. Çəkiliş zamanı Milli Onkologiya Mərkəzində gördük ki, xəstəlik həqiqətən vaxtında aşkar olunaraq müalicə edilirsə, insanlar tam sağala bilir. Ekran əsərində baş qəhrəmanımız da onkoloji xəstədir...”, - deyə o qeyd edib.

    L.Qədirzadə vurğulayıb ki, bu filmlə tamaşaçıya həm də əsl kişi, əsl vətəndaş olmağın məsuliyyəti aşılanır. “Əsl kişi mərdliyi ilə hər zaman bir nümunədir. O, Vətən üçün özünü hər zaman fəda etməyə, qurban verməyə hazırdır”, - deyə ssenari müəllifi bildirib.

    Quruluşçu rejissor Zaur Zeynal isə deyib ki, 57 dəqiqəlik tammetrajlı bədii filmin çəkilişləri qısa vaxtda yekunlaşsa da, montaj prosesi bir qədər vaxt alıb.

    Onun sözlərinə görə, çəkilişlər Bakı şəhərində aparılıb.

    Filmin təqdimatından əvvəl yaradıcı heyət səhnəyə dəvət olunub.

    Ekran əsəri iştirakçılar tərəfindən maraqla qarşılanıb.

  • “İpək incəsənəti” layihəsinin təqdimatı olub

    İçərişəhərdə yerləşən Müasir İncəsənət Mərkəzində BUTALI brendinin “İpək incəsənəti” layihəsinin təqdimatı və eyniadlı sərginin açılışı olub. Layihə çərçivəsində müasir Azərbaycan rəssamlarının təsviri sənət əsərləri ipək yaylıqlara – kəlağayıya köçürülüb.  

    AZƏRTAC xəbər verir ki, tanınmış Azərbaycan rəssamları, yaylıqlar üzərinə köçürülən rəsmlərin müəllifləri təqdimat mərasimində iştirak ediblər. Tədbirin qonaqları arasında isə şəhərin yaradıcı ziyalıları, mədəniyyət və incəsənət xadimləri, sənətsevərlər və mətbuat nümayəndələri olublar. 

    Jurnalist Tatyana İvanayevanın kurator qismində çıxış etdiyi “İpək incəsənəti” layihəsi XXI əsr Azərbaycan rəssamlarına həsr olunub. Onun əsasında bu gün əsərləri ilə Azərbaycanın mədəni irsinin unikallığını ortaya çıxaran və inkişaf etdirməyə davam edən müasir rəssamların təsviri sənət yaradıcılığının təbliği məqsədi dayanır.

    Layihə səkkiz rəssamı birləşdirib. Onların arasında Azərbaycanın Əməkdar rəssamı, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü İrina Eldarova, Əməkdar rəssam Vüqar Əli, Azərbaycan Rəssamlar İttifaqının üzvü, UNESCO-nun İxtisaslaşdırılmış müəssisəsinin üzvü Milena Nəbiyeva, Rəssamlar İttifaqının üzvləri Cəmilə Həşimova, İntiqam Ağayev (Asiman), Emin Qəhrəmanov, Yusif Mirzə və Rəssamlar İttifaqının gənclər bölməsinin üzvü Səyalı Məmmədova-Qarayeva var.

    Layihənin kuratoru Tatyana İvanayeva AZƏRTAC -a bu ideyanın necə yaranması və hansı işlərin görüldüyü barədə məlumat verib.

    “İdeya uzun müddətdir ki, havada qalmışdı. Bu, yeni deyil - qlobal brendlərin belə layihələri var. Biz düşündük ki, bu qədər istedadlı, parlaq, qeyri-adi, bənzərsiz sənətkarlarımızın olduğunu nəzərə alaraq, niyə bunu ölkəmizdə həyata keçirməyək? Hər şeydən əvvəl biz özlüyündə bir sənət əsəri olan ipəyə keçən Azərbaycan mədəniyyətini göstərmək istədik”, - deyə T.İvanayeva əlavə edib.

    Layihəyə ümumilikdə qırx üç rəsm cəlb olunub. Üslub və icra tərzinə, rəng palitrasına və mövzusuna görə çoxşaxəli olan bu tablolar Azərbaycan təsviri sənətinin rəngarəngliyini, onun çoxçalarlılığını və Azərbaycan təbiətinin füsunkarlıqla dolu qeyri-adi mənzərəsini nümayiş etdirir. Ölçüləri 120-nin 120 santimetrə nisbəti olan, kənarları əl ilə işlənmiş kəlağayılar Braziliya ipəkqurdularının baramalarından hazırlanır və onların hamarlığı insana zövq verir.

    “BUTALI brendi artıq bu təcrübəyə malik idi, onlar ipək yaylıqlarda təsviri sənətin təcəssümünə müraciət etdilər. Onların silsilə istehsalından biri Azərbaycan rəssamı Səttar Bəhlulzadənin əsərlərinə həsr olunub və 2022-ci ilin dekabrında bu nadir rəssamın doğum günündə işıq üzü görüb”, - deyə layihənin kuratoru qeyd edib.

    BUTALI 2016-cı ildə əsası qoyulmuş, bu gün Azərbaycan zərgərlik sənətinin ən yaxşı ənənələrinin dirçəldilməsi və qorunub saxlanılmasının gözəl nümunəsinə çevrilmiş, elitar mədəniyyətin bir çox biliciləri arasında populyarlıq qazanmış, eksklüziv məhsullar yaratmış milli Azərbaycan brendidir. Onun fəaliyyəti zərgərlik və aksesuarlarla ayrılmaz şəkildə bağlıdır.

    T.İvanayeva əlavə edib: “Layihə üzərində iş çox intensiv idi. İlk növbədə, çap olunacaq rəsmləri seçmək, sonra bu əsərlərin düzgün şəkildə fotoşəklini çəkmək lazım idi. Bu yay baş tutan fotosessiyalar zamanı düzgün bucaq müəyyən etmək və işığı tutmaq çox vacib idi. Bütün çəkilişlər şəhər küçələrində, damlarda, həyətlərdə aparılıb. Biz, sözün əsl mənasında, rəsmlərlə günəşin ardınca qaçdıq!”

    Hər rəsmdən cəmi iyirmi afişa hazırlanıb. Onlar bir daha təkrarlanmayacaq. Amma bu silsilənin davamı digər rəssamlarla və başqa əsərlərlə planlaşdırılır. Bundan əlavə, layihə müəlliflərinin rəsmləri təkcə yaylıqlarda deyil, həm də müxtəlif səthlərdə çap etmək ideyası var.

  • Milli Kitabxanada “Şərq qadını jurnalı – 100” adlı sərgi açılıb

    Azərbaycanda ilk qadın jurnalı olan “Şərq qadını” (hazırkı adı “Azərbaycan qadını”) jurnalının işıq üzü görməsinin 100 ili tamam olur. Bu münasibətlə

    Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Şərq qadını jurnalı -100” adlı virtual və eyniadlı ənənəvi sərgi hazırlanıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə fotolar, mövzu ilə əlaqədar dövri mətbuat səhifələrində dərc olunan məqalələr, Azərbaycanın mətbuat tarixi ilə bağlı kitablar, ənənəvi sərgidə “Şərq qadını” jurnalının ilk nömrəsi ilə yanaşı, müxtəlif illərdə nəşr olunan nömrələri, bir əsirlik tarixi, Azərbaycan qadınlarının ictimai fəaliyyətindən bəhs edən ədəbiyyat nümunələri nümayış olunur.

    Virtual sərgi ilə tanış olmaq istəyənlər linkdən istifadə edə bilər.

    Ənənəvi sərgi 1 həftə davam edəcək.

    Qeyd edək ki, 1923–cü ilin noyabr ayında nəşrə başlayan, ayda bir dəfə işıq üzü görən “Şərq qadını” jurnalı qadınların hüquqları uğrunda mübarizənin, qadın klublarının, təhsil proqramlarının və məktəblərin təşkili, ana və körpənin qorunması, uşaq bağçalarının yaradılması, qadın məsləhətxanaları, sənətkarlıq kooperativlərinin aktual mövzularını sistemli şəkildə işıqlandırıb.

    Jurnalın ilk adı “Şərq qadını” olub. Odur ki, 1938-ci ilin fevralından etibarən jurnalın adı dəyişdirilərək “Azərbaycan qadını” adlandırılıb.

  • “A-hub Akselerasiya Proqramı”nın milli final mərhələsi keçirilib

    “A-hub Akselerasiya Proqramı”nın milli final mərhələsi keçirilib. Proqram Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ICESCO-nun dəstəyi, “New Space Innovation” MMC-nin təşkilatçılığı, “Kapital Bank” və Bakı Dövlət Universitetinin tərəfdaşlığı ilə icra olunub.

    Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “Yaradıcı həftə” çərçivəsində Heydər Əliyev Mərkəzində proqramın milli final mərhələsi keçirilib.

    Mədəniyyət Nazirliyi Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov, ICESCO sədrinin elm və texnologiya üzrə müşaviri Məhəmməd Şərif, "New Space Innovation” MMC-nin təsisçisi Leyla Tağıza və digərləri çıxış edərək layihə haqqında öz fikirlərini bölüşüblər.

    Qeyd olunub ki, layihə ICESCO-ya üzv ölkələrdə 2021-ci ildən etibarən innovativ inkişaf sahəsində təşəbbüslərin dəstəklənməsi, biznes subyektlərinin və gənclərin bu sahəyə marağının artırılması, mədəniyyət sahəsi ilə özəl yaradıcı sahibkarlıq subyektlərinin əlaqələndirilməsi məqsədilə həyata keçirilib. 6 həftə davam edən “A-hub Akselerasiya Proqramı" çərçivəsində Bakı, Sumqayıt və Gəncədən startap ideyaları olan 90-dan çox gənc müraciət edib və ilkin mərhələdə seçilən 12 komandaya 8 müxtəlif modulladan ibarət təlim keçirilib. Komandalar təlimlərdən əldə etdikləri biliklər sayəsində startap ideyaları üzrə prototipləri hazırlayıblar.

    Çıxışlardan sonra startap komandaları ideyalarını təqdim ediblər. Jürilərin səsverməsindən sonra qaliblərin adları bəlli olub. "Documood" komandası I, "Snackpack" komandası II, "Agroficient" komandası isə III yerə layiq görülüb.

    Milli finalda qalib gələn komandalar böyük finalda iştirak etmək imkanı qazanıblar.