Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Mədəniyyət naziri Adil Kərimli Naxçıvanda vətəndaşları qəbul edəcək

    Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli dekabrın 8-də saat 10:00-da Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində (Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 1) Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul edəcək.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, vətəndaşlar dekabrın 5-dək Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin office@nculture.gov.az elektron poçt ünvanı, (036) 545 02 52, (036) 545 72 11 telefon nömrəsi vasitəsi qəbula yazıla bilərlər.

  • Mədəniyyət sahəsində innovasiyalar: qabaqcıl texnologiyalar, süni zəka, oyun texnologiyaları

    Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Mədəniyyət və Yaradıcı Sənayelər Forumu çərçivəsində “Mədəniyyət sahəsində innovasiyalar: qabaqcıl texnologiyalar, süni zəka, oyun texnologiyaları” adlı panel sessiya təşkil edilib.

    AZƏRTAC xəbər verir ki, panelin moderatoru İtaliyanın "CultTech akselerator" layihəsinin nümayəndəsi Marino Pasquale olub.

    Paneldə çıxış edən Almaniyanın "3dots" təşkilatının təsisçisi Çağıl Özdəmir bildirib ki, “Culttech” startapları texnologiyanın, mədəniyyətin və cəmiyyətin xeyrinə olan tətbiqdir. Qeyd edib ki, startaplar sayəsində yaradıcılar və istehlakçılar potensial olaraq güclənərək mədəniyyətə kütləvi giriş təmin edə, yeni iqtisadi modelləri inkişaf etdirə bilərlər. Çünki iş dünyasının harada inkişaf etdiyini anlamaq, insanların gözləntilərini qarşılamaq və yeniliklərə hər zaman açıq olmaq vacib məsələdir.

    İtaliyanın “Mae" təşkilatının həmtəsisçi və baş marketinq direktoru Egle Trovato diqqətə çatdırıb ki, “Culttech” startapları adi startaplardan fərqlidir: “Biz mühit yaradırıq ki, insanlar bir yerə toplaşsın, fikirlərini və ideyalarını bölüşsünlər. Məqsəd sadəcə biznes olmamalıdır, vacib məqamlardan biri olsa belə. İlk əvvəl insanlar təşkil etmək istədikləri yeniliklər barədə fikir mübadiləsi aparmalı, yaradıcı təkliflər irəli sürməli və daha sonra addım atılmalıdır. Biz birlikdə çağırışlara doğru getməliyik”.

    İtaliyanın “Proofcheck” startapının həmtəsisçisi Tara Veckovska Merrigan yaradıcı sənayenin geniş imkanlarından danışıb: “Hazırda aktual mövzu olaraq süni intellekt var, hansı ki bir çox layihələrdə bizə kömək edir. Lakin mən çalışıram ki, daha çox insanlarla ünsiyyətdə olum. Çünki biz, insanlar və süni intellekt arasında bir tarazlıq yaratmalıyıq, insanlara qiymət verməyi unutmamalıyıq. Hazırda olduğumuz vəziyyətdən daha qabağa getmək, biliklərimizi artırmaq, insan və texnologiyanın gücü ilə yeniliklərə doğru addım atmaq mümkündür. Bəzi yerlər var ki, süni intellekt nəticəsində insanların həyatı asanlaşır, amma digər yerlərdə hələ ki, bu texnologiya üçün addım atılmayıb. Biz həyatımızı asanlaşdırmaq, həmçinin daha yaxşı şəraitdə yaşamaq üçün texnologiyanın imkanlarını öyrənməli, tətbiq etməliyik”.

    “Luxout" şirkətinin təsisçisi Səbinə Atayeva bildirib ki, bir neçə il əvvəl yerli model brendlərindən danışarkən əhali onları almağa çəkinirdi: “Bu günlər artıq geridə qaldı. Hazırda müşahidə edirik ki, yerli brendlər əhali arasında çox populyardır. Bu çox qürurverici haldır”.

    Sonda panel sessiyası müzakirələrlə davam edib.

  • Şuşa Teatrının dekabr repertuarı açıqlanıb

    Şuşa Dövlət Musiqili Dram Teatrı soyuq dekabr günlərində maraqlı səhnə əsərləri ilə çıxış edəcək.

    AZƏRTAC sənət ocağının dekabr ayı üçün repertuarını təqdim edir:

    1 dekabr - “Solğun çiçəklər”

    2 dekabr - “Dovşanın ad günü”, “Anamın kitabı”

    3 dekabr - “Tənbəl dovşan”

    9 dekabr - “Göyçək Fatma”, “Boy çiçəyi”

    10 dekabr - “Danışan gəlincik”

    12 dekabr - “Böyük ömrün dastanı”

    16 dekabr - “Müsyo Jordan və dərviş Məstəli şah”

    17 dekabr - “Qırmızı papaq”

    23 dekabr - “Yeni il” şənliyi

    24 dekabr - “Yeni il” şənliyi

    30 dekabr - “Yeni il” şənliyi

  • Azərbaycanlı rejissorun “Hədis” animasiya filmi Almaniyanın nüfuzlu festivalının qalibi olub

    “Hədis” qısametrajlı animasiya filmi Almaniyanın 24-cü “Up-and-coming International Film Festival Hannover” festivalının mükafatını qazanıb. “Up-and-coming International Film Award” adlı mükafata festivalın beynəlxalq müsabiqəsinin üç filmi layiq görülüb.

    Azərbaycan Animasiya Assosiasiyasından AZƏRTAC-a bildiriblər ki, filmin premyerası dünyanın ən böyük animasiya festivalı olan Annecy Beynəlxalq Animasiya Filmləri Festivalında olub. “Hədis” 30-dan çox beynəlxalq festivala qəbul olunub ki, bu festivallardan dördü – Annecy, Busan, Animest və İzmir “Oscar” kvalifikasiyalı festivallardır.

    “Hədis” qısametrajlı animasiya filmi 2022-ci ilin sentyabrın 21-ində İranda etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilmiş 22 yaşlı Azərbaycan türkü Hədis Nəcəfiyə həsr olunub, İranda gender, etnik və mədəni ayrı-seçkiliklə mübarizə aparanlara ithaf olunub.

    Filmin rejissoru Nəzrin Ağamalıyeva, prodüseri Rəşid Ağamalıyev, ssenari müəllifləri İsmayıl İman və Nəzrin Ağamalıyeva, məsləhətçisi Məsud Pənahidir. Filmin partiturasında Azərbaycanın məşhur musiqiçisi Sevda Ələkbərzadənin musiqisi səslənir.

    “ANİMAFİLM Studio” studiyasının istehsal etdiyi “Hədis” filmi “Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Mərkəzi”nin maliyyə və ideya dəstəyilə çəkilib. Azərbaycan Animasiya Assosiasiyası, “Əkinçi” platforması və “Skwigly” onlayn animasiya jurnalı filmə media dəstəyi verib.

  • Bu gün Xalq rəssamı Tahir Salahovun anadan olmasından 95 il ötür

    Tahir Salahovun tabloları təkcə Azərbaycan incəsənətinin deyil, həm də dünya təsviri sənətinin inciləri sırasındadır. Çoxşaxəli yaradıcılığa malik rəssamın əsərləri heyrətamiz xüsusiyyətlərə malikdir. Onun hər bir portreti, mənzərəsi, peyzajı önündə xeyli düşünməli olursan. Tahir Salahov mahir rəssam olmaqla yanaşı, həm də görkəmli ictimai xadimdir.

    AZƏRTAC xəbər verir ki, bu gün yaradıcılığı və ictimai fəaliyyəti ilə xalqına, incəsənətimizə dəyərli töhfələr verən böyük sənətkar, Azərbaycan və Rusiyanın Xalq rəssamı, Avropa Elm və İncəsənət Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı Tahir Salahovun anadan olmasından 95 il ötür.

    Bir əsrə yaxın yaradıcılıq yolu keçmiş böyük sənətkar Tahir Salahov 1928-ci il noyabrın 29-da Bakı şəhərində dünyaya göz açıb. Atası 1937-ci il repressiyasının qurbanlarından olduğundan rəssamın uşaqlıq illəri çətin keçib. Bəlkə də uşaqlıqda çəkdiyi çətinlik və iztirablar onun həm istedadlı rəssam, həm də əsl insan kimi formalaşmasında birbaşa rol oynayıb.

    T.Salahov 1951-ci ildə Bakıda Ə.Əzimzadə adına Rəssamlıq məktəbini, 1957-ci ildə isə Surikov adına Rəssamlıq İnstitutunu bitirib. Rəssamın əsərləri dünya təsviri incəsənətinin humanist inkişafına böyük təsir göstərib. Çoxlu sayda portretlərin, peyzaj və natürmortların, böyük fiqurlu əsərlərin müəllifi olan bu dahi sənətkarın yaratdığı əsərlərə xətlərin və koloritin lakonik, eyni zamanda, dərin ifadə üslubu xasdır. Bu əsərlər müasir rəssamlığın klassikasına çevrilərək yüksək mənəvi, bədii və ictimai əhəmiyyət daşıyır.

    T.Salahov dünya miqyasında aparıcı portret ustasıdır. Onun yaradıcılığında insanı bəşəriyyətin ən ali varlığı kimi əsas planda görürük. Rəssam ailəsini və dostlarını böyük məhəbbətlə təsvir edir. “Aydan”, “Alagöz şərq nağılı”, anası Sona xanımın və həyat yoldaşı Varvara Aleksandrovnanın silsilə portretləri, “Danın portreti”, “Rəşid Behbudovun portreti” - sadalanan bu əsərlər mehribanlığı və isti münasibəti təcəssüm etdirir.

    “Növbədən qayıdanlar” və ya rəssama şöhrət gətirən tablo

    Rəssamın yaradıcılığında görkəmli yeri həm də Azərbaycan neftçilərinə həsr etdiyi təsvirlər tutur. T.Salahov öz xatirələrində qeyd edir ki, “Mən bir neçə ay Neft Daşlarında neftçilərlə eyni yataqxanada qalmışam. Məhz əməksevən obrazlarımı da elə orada tapmışam”. T.Salahovun neftçilərə həsr etdiyi ən möhtəşəm əsərlərindən biri diplom işi olan “Növbədən qayıdanlar” tablosudur. Sənətkarın bu tablosu təsviri sənətdə “Sərt üslub” deyilən yeni istiqamətin ilk nümunələrindən biridir. Həmin əsərin yaranma tarixi çox maraqlıdır.

    T.Salahov Surikov adına Rəssamlıq İnstitutunda oxuyarkən Moskvada hind filmlərinə maraq artmışdı. Bəlkə də Hindistana qarşı yaranan ümumi maraq diplom praktikası üçün institut tələbələrinin bu ecazkar ölkəyə ezam edilməsinə səbəb olmuşdur. T.Salahov da digər tələbə yoldaşları kimi Hindistana getməli idi. Lakin ən son anda atasının “xalq düşməni” olması onun səfərinə mane olur. Bu zaman T.Salahov diplom işinin mövzusu üçün doğma Bakıya, Neft Daşlarına gəlir. Beləliklə, rəssam iki ay müddətində Neft Daşlarında neftçilərlə birgə yaşayır. Onlarla birgə yeyib-içir, Abşeronun rəngsiz boz torpağında gəzir, narahat Xəzərə tamaşa edir və artıq təsvir edəcəyi tablonu gözü önündə canlandırır. Rəssam gördüklərini – Xəzərin duzlu, köpüklü ləpələrini, üzərində uçan ağ qağayıları, ləpələri coşduran güclü küləyini və ən əsası enerjili cavan insan təəssüratını öz tablosunda əks etdirməyə can atır. İki aydan sonra əsərini yaratmaq üçün Moskvaya qayıdır. Lakin diplom işini çəkmək üçün institutda boş emalatxana olmadığından tələbələr özlərinə ayrı məkan tapırdılar. Salahov da belə məktəblərdən birində emalatxana tapır. Lakin məktəbdə yaradıcılıq üçün şərait yox dərəcəsində idi. Müdafiəyə bir ay qalmış institutda emalatxanalardan biri boşalır. T.Salahov həmin emalatxanaya köçür və burada diplom müdafiəsinə bir həftə qalmış tablosunu yaratmağa başlayır. Bu zamana qədər isə Salahovun kətanı boş idi. İmtahan komissiyası onun işinə baxanda tablonu boş görür və onun işindən narazı qalır. Lakin 2-ci dəfə komissiya üzvləri emalatxanaya gələndə gözlərinə inana bilmirlər. Onların qarşısında möhtəşəm tablo canlanırdı.

    Salahovun diplom işi gözləniləndən daha çox uğur qazanır və keçmiş sosialist ölkələrində keçirilən sərgilərdə ən göz önündə olan əsərə çevrilir.

    Ötən əsrin 50–60-cı illərində rəssamlıqda yeni incəsənət uğrunda gərgin mübarizə başlanmışdı. Tənqidçilər gənc rəssamları sxematiklikdə, əsərlərin həddən artıq qrafik olmasında ittiham edirdilər. Hansı ki, bu tendensiya akademik ənənələrə zidd idi. Salahovdan da həmin ittihamlar yan keçmədi. Rəssamın “Rezervuar parkı” və “Neftçi” əsərləri Moskvadakı bəzi partiya üzvlərinin xoşuna gəlməmişdi. Onlar hesab edirdilər ki, əsərlər həddən artıq pessimist ruhlu, qaranlıq və qarışıqdır. O zaman Salahovu yalnız SSRİ Rəssamlar İttifaqının sədri Sergey Gerasimov müdafiə edir. “Sizi nə üçün tənqid edirlər? Mən burada tənqidə layiq heç nə görmürəm”. Bu sözlər gənc rəssam üçün böyük dəstək idi.

    T.Salahovun əsərləri dünyanın bir çox muzey və qalereyalarının salonlarını bəzəməkdədir. Xüsusən də Tretyakov qalereyasında rəssamın bir çox əsərləri nümayiş olunur. Onlardan “Vyana stulu ilə natürmort”, “Nar gülləri ilə natürmort”, “Aydan”, “Bəstəkar D.Şostakoviçin portreti” və s. adları çəkmək olar.

    İki böyük uçuşun simvolu

    Rəssamın növbəti yaradıcılıq uğuru ümumbəşəri mahiyyət kəsb edən “Sənə, Bəşəriyyət” əsəri ilə bağlıdır. 1961-ci ildə sənətsevərlərin ixtiyarına verdiyi bu monumental əsərə görə Salahov ilk fəxri ada - Əməkdar incəsənət xadimi adına layiq görülür.

    Əsərin mövzusu insanın kosmosa ilk uçuşu ilə eyni məzmun kəsb edərək rəssamın uzaqgörənliyindən xəbər verir. Həmin əsər böyük uçuşun simvoluna çevrilir. T.Salahov əsəri dünya tarixində insanın kosmosa uçuşundan bir neçə ay əvvəl artıq tamamlamışdı. Hansı ki, bu hadisənin olacağından xəbəri yox idi. Maraqlı təsadüfdür ki, əsər 1961-ci il aprelin 12-də ilk dəfə ictimaiyyətə nümayiş etdirilib. Bu əsər rəssamın qəlbindəki optimist düşüncələri əks etdirir. O vaxtın bir çox tənqidçiləri əsərin birinci uçuşla bağlı olaraq sifarişlə çəkildiyini, müəllifin isə bu hadisədən əvvəlcədən xəbərdar olduğunu düşünürdülər.

    Valentina Tereşkovanın kosmosa uçuşundan sonra bu fikirlər daha da gücləndi. Çünki əsərdəki ikinci obraz qadın idi və sanki Tereşkovanın kosmosa uçuşunu simvolizə edirdi. Beləliklə, rəssamın dahiyanə uzaqgörənliyi nəticəsində “Sənə, Bəşəriyyət” əsəri iki böyük uçuşun simvoluna çevrilib.

    Rəssama medal qazandıran portret

    Ötən əsrin 50–60-cı illəri sənətkarın yaradıcılığı üçün çox məhsuldar və uğurlu mərhələ olur. “Sənə, Bəşəriyyət” tablosundan sonra da rəssamın uğurlarının ardı-arası kəsilmir. O, 1962-ci ildə hazırda Tretyakov qalereyasında saxlanılan “Bəstəkar Q.Qarayevin portreti”nə görə gümüş medal mükafatına layiq görülür. T.Salahov dahilər silsiləsindən olan bu yaradıcılıq işinə ciddi və uzunmüddətli hazırlıq prosesi keçmişdir. Rəssam həmin məqamı belə xatırlayır: 

    “Dahiyanə əsərlər yaratmış bu bəstəkarı yaradıcılıq prosesində təsvir etmək istəyirdim. Eyni zamanda, yaxşı anlayırdım ki, bəstəkarı sadə halda təsvirə gətirmək olmaz. Xeyli müşahidələr apardıqdan sonra bir gün ondan soruşdum ki, “Uzunboğaz köynəyiniz varmı?”. Özüm üçün yəqin etmişdim ki, onu məhz bu geyimdə istədiyim kimi canlı göstərə bilərəm. Onun uzunboğaz köynəyinin ağ rəngdə olması mənim obrazım üçün münasib idi. Bir sözlə, gələcək portretimin rəng çalarlarını tapmışdım”. Sonralar bu əsərə baxanlar həqiqətən də sənətkarın geyiminin nə qədər uğurlu seçilməsini və rəssamın estetik zövqünün göz oxşamasını xüsusilə vurğulayırdılar.

    Əmək mövzusundan daha üstün bir mövzu tanımayan sənətkar

    Rəssam yaradıcılığında tez-tez sadə insanlara müraciət edir. O, müsahibələrinin birində deyib: “Mənim üçün əmək mövzusundan daha üstün bir mövzu yoxdur və öz yaradıcılığımda insanı əmək fəaliyyəti prosesində təsvir etməyə can atıram. Əsərlərimdə insan obrazını vurğulamaq üçün onun xarakterini, əməksevərliyini kətan üzərində həkk etməyə çalışıram. Bir insan üçün yaradıcılıq prosesində ən əsas vəzifə bu detalları vurğulamaq və artıq detallardan qaçmaqdır. Xəzər neftçilərinə həsr olunmuş əsərlər üzərində işləyərkən bu zəhmətkeş insanların evlərində onların həyat tərzi ilə tanış oldum”. Həqiqətən də Salahovun neft mövzusuna həsr etdiyi insan portretləri öz daxili zənginliyi və xarakteri ilə seçilir. Həmin tablolarda neftçilərin daxili aləmi, yorğunluqları, keçirdikləri narahatçılıq hissləri öz əksini tapır. Sadalanan xüsusiyyətləri “Təmirçilər”, “Neftçinin portreti”, “Neftçi fəhlə”, “Neftçi” kimi əsərlərində görmək olar. Neft mövzusuna Salahov bu gün də müraciət etməkdədir. Onun 2007-ci ildə tamamladığı monumental “Odlar yurdu” triptixi xüsusilə diqqətəlayiqdir. Mərkəzi hissəsi “Xəzər bu gün”, sol hissəsi “Atəşpərəstlərin məbədi”, sağ hissəsi isə “Qız qalası” adlanan bu əsərdə müəllif öz Vətəninin keçmişini və bu gününü, zəhmətkeş insanın mənəvi yüksəlişini, nəsillərin talelərini təcəssüm etdirib.

    T.Salahov dünya ölkələrini səyahət edərkən öz təəssüratlarını monumental tablolarda əks etdirirdi. Sənətkarın fırçasında ABŞ, İtaliya, Yaponiya, Meksika, Fransa, İspaniya və başqa ölkələrin mədəniyyəti sanki yeni həyat qazanıb. Gənc rəssam banal mövzuya çevrilən gözəl xanımları və ya varlı qocanı təsvir etməyə can atmırdı. O, vağzallara, Praqa tunellərinə, qaranlıq, gözdən uzaq qalmış küçə döngələrinə gedir və Bakıdakı üslubuna sadiq qalaraq bu gözoxşamayan, cansıxıcı məkanların gözəlliyini kəşf edərək təsvir edir. İtaliyaya səfərində Salahov bu ecazkar ölkə ilə bağlı çoxlu sayda yağlı boya, stank akvarel əsərləri yaradır. Onun Roma ilə bağlı ilk akvareli “Romada küçə” adlanır. 1962-ci ildə Parisdə keçirilən Gənc Rəssamların Yaz Biennalesində iştirak edən rəssam bu şəhərin bəzəyi olan və sevgi rəmzinə çevrilən Eyfel qülləsini dəfələrlə təsvir edir.

    Portretlərinin hamısı onun üçün əzizdir

    Böyük sənətkarın yaradıcılığında portret ən çox müraciət etdiyi janrdır. “Portretlərimin hamısı mənim üçün əzizdir. Çünki onlar mənim doğmalarımın, sevdiyim insanların, əsl sənətkarların portretləridir. Mən o əsərləri sahiblərinə görə çox sevirəm, zəhmətimə görə yox”, – deyə etirafı ilə ürəklərə yol tapan T.Salahovun portretləri çox maraqlıdır. Fikrət Əmirov, Mirzə Ələkbər Sabir və Rəsul Rzanın rəssam tərəfindən çəkilmiş portretləri də çox baxımlıdır. Rəssam “F.Əmirovun portreti” əsərində musiqiçi tamaşaçıya üz tutmuş, öz aləminə qapılmış vəziyyətdə canlandırılıb. “Şair Sabirin portreti”ndə insan şəxsiyyəti daha aydın görünür, “Rəsul Rzanın portreti”ndə isə daxili gərginlik vurğulanır.

    Çoxşaxəli yaradıcılıq yoluna malik T.Salahovun teatr fəaliyyəti onun sənətini sevənlərə yaxşı məlumdur. Şekspirin “Antoni və Kleopatra”, “Hamlet”, C.Cabbarlının “Aydın” dramına, A.Əlizadənin “Babək” baletinə, C.Əlibəyovun “Gülüstanda ölüm”, Ü.Hacıbəylinin “Koroğlu”, F.Əmirovun “Min bir gecə” baletinin səhnə tərtibatının dekorasiyalarının müəllifi məhz T.Salahovdur.

    O, təkcə yaradıcılığı ilə deyil, həm də ictimai fəaliyyəti ilə xalqına, mədəniyyətinə xidmət etməkdədir. Onun ictimai fəaliyyəti nəticəsində incəsənət xadimləri və incəsənətə maraq göstərən sadə insanlar müasir dünya rəngkarlığı ilə yaxından tanış olublar. 1980-ci illərin sonlarında Moskva və Sankt-Peterburqda məşhur dünya rəssamları meksikalı Tamayo, italyan Morandi, alman Günter Yukker, ingilis Frensiz Bekon, isveçli Tenqli və amerikalı R.Rauşenberqin sərgilərinin təşkil olunmasında yaxından iştirak edib.

    Şöhrəti dünyanı dolaşan görkəmli rəssam harada yaşamasından, çalışmasından asılı olmayaraq, Vətəninə çox bağlıdır. “Xəzər, onun mavi gözəlliyi həmişə mənimlədir”, - söyləyən Tahir Salahov doğma Vətəninin təbiətinə vurğundur və hər fürsətdə yurdunun gözoxşayan guşələrini tablolarında canlandırır. Rəssam xüsusilə boya-başa çatdığı doğma Abşeronunu böyük məhəbbətlə təsvir edir. O, əsl bakılı kimi Abşeron mənzərəsinə böyük dəyər verir. Təsvir etdiyi Abşeron mənzərələrinin həzin və mülayim dalğınlığında rəssamın doğma yerlərlə bağlı xatirələri, uşaqlıqdan alışdığı aləm öz əksini tapır. Neft hopmuş torpaq, mavi səma fonunda fırlanan əlvan yel dəyirmanları, köhnə tikililər, tərk edilmiş bağ evləri rəssamın fırçasında yeni həyat qazanır. Bakı kəndlərini, xüsusilə Xəzərin sahilində yerləşən qəsəbələri böyük məhəbbətlə təsvir edən rəssam, hətta dinin qadağa qoyduğu illərdə belə bu kəndlərdə yerləşən məscid və məbədləri sevərək kətan üzərinə köçürüb.

    Çox məhsuldar yaradıcılıq yolu keçən sənətkarın son illərə aid əsərlərindən danışarkən Azərbaycan incəsənətinin şedevrləri sayıla bilən ulu öndər “Heydər Əliyevin portreti”ni, “Mstislav Rostropoviçin portreti”ni, “Odlar yurdu” triptixini, “Yazıçı Anarın portreti”ni və daha neçə-neçə peyzaj və natürmortlarını qeyd etmək lazımdır. Dünya miqyasında aparıcı portret ustası olan T.Salahov əsərlərində insanı bəşəriyyətin ən ali varlığı kimi canlandırır. Bu xüsusiyyətlər yuxarıda qeyd edilən portretlərə də xasdır.

    Həyatı doğma Azərbaycana təmənnasız xidmətdə keçən bənzərsiz fırça ustası

    Sənətinə dövlət qayğısı göstərilən böyük sənətkar saysız-hesabsız mükafatlara sahibdir. Fırça ustası keçmiş Sovet İttifaqının ən yüksək təltifləri və ordenlərinə layiq görülüb, Sosialist Əməyi Qəhrəmanı adını alıb. Rusiyanın “Vətən qarşısında xidmətlərinə görə” ikinci və üçüncü dərəcəli ordenlərinə, müstəqil Azərbaycanın ali mükafatı olan “İstiqlal” və “Heydər Əliyev” ordenlərinə, Bolqarıstan, Polşa, Monqolustan və başqa ölkələrin ordenlərinə, müxtəlif medallarına və mükafatlarına layiq görülüb.

    Sevindiricidir ki, 2018-ci il 90 illik yubileyi ərəfəsində Prezident İlham Əliyev Azərbaycan təsviri sənətinin inkişafında xüsusi xidmətlərinə görə Tahir Salahovu 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edib. Eyni zamanda, sənətkarın 90 illiyi münasibətilə silsilə sərgilər açılıb.

    Rəssamın əl işləri hazırda yalnız ölkəmizdə deyil, onun hüdudlarından kənarda da dünya muzeyləri və qalereyalarında nümayiş etdirilir. Bu da sözsüz ki, hər bir azərbaycanlı üçün qürurvericidir.

    Xalq rəssamı 2021-ci ilin mayın 21-də vəfat edib.

    T.Salahovun həyat və yaradıcılığı doğma Azərbaycana və mədəniyyətinə təmənnasız xidmətindən ibarət olub. O, böyük istedadı ilə Azərbaycan xalqının milli adət-ənənələrinin inkişafına xidmət etməklə yanaşı, dünya rəssamlıq prosesinə də müsbət təsir göstərib. Onunla hər bir azərbaycanlı fəxr edir. Öz dəst-xəti ilə seçilən rəssamın xatirəsi daim xalqımızın qəlbində yaşayacaq.

  • Gənclər Kitabxanasında Xalq rəssamı Tahir Salahovun 95 illiyi ilə əlaqədar virtual sərgi hazırlanıb

    Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, Dövlət mükafatları laureatı Tahir Salahovun anadan olmasının 95 illiyi münasibətilə virtual kitab sərgisi hazırlanıb.

    AZƏRTAC xəbər verir ki, virtual sərgidə Azərbaycanda özünəməxsus milli rəngkarlıq məktəbinin formalaşmasında müstəsna xidmətləri olan rəssamın həyat və yaradıcılığı, yaratdığı bənzərsiz əsərləri haqqında məlumat verilir, müəllifi olduğu tablolar sərgilənir.

    Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda Tahir Salahovun ölkəmizdə və beynəlxalq aləmdə layiq görüldüyü mükafatlardan, haqqında qələmə alınan kitablardan bəhs edilib. Virtual kitab sərgisində “Tahir Salahov. Həyat və yaradıcılığı”, “Təsviri incəsənətin ifadə vasitələri”, “Böyük yaşantının naxışları” kimi kitabların biblioqrafik təsviri, “Rənglər dünyasının hökmdarı: Tahir Salahov”, “Görkəmli rəssam Tahir Salahovla “Dialoq” - Yeni kitab”, “Zenitdəki istedad Tahir Salahov” kimi dövrü mətbuat məqalələrinin nümunələri təqdim edilib.

  • Bakıdakı Rus evində Fərəc Qarayevin yaradıcılıq axşamı keçirilib

    Bakıdakı Rus evində tanınmış Azərbaycan bəstəkarı Fərəc Qarayevin 80 illik yubileyinə həs olunmuş yaradıcılıq axşamı keçirilib. Tədbirin təşkilatçıları qismində Azərbaycanın Bəstəkarlar İttifaqı və Jurnalistlər İttifaqı, həmçinin sənətşünas, Bülbül adına musiqi məktəbinin müəllimi Raya Abbasova çıxış ediblər.

    Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə müəllifin əsərlərindən musiqi nömrələri səsləndirilib. Musiqi kompozisiyalarını Milli Konservatoriyanın incəsənət gimnaziyasının yetirmələri Cəmilə İsmayılova və Fəridə Zeynalova, həmçinin Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi Zümrüd Əlizadə ifa ediblər.

    Fərəc Qarayev Azərbaycan və Rusiya bəstəkarı, Azərbaycanın Əməkdar incəsənət xadimi, Xalq artisti, görkəmli bəstəkar Qara Qarayevin oğludur. O, özünün novatorluq fəaliyyəti ilə musiqi mədəniyyətinin inkişafına böyük töhfələr verib. Fərəc Qarayev geniş musiqi ictimaiyyətinə məlum olan “Qobustan kölgələri” baleti və dünyanın bir çox ölkələrində yaxşı tanınan başqa musiqi əsərlərinin müəllifidir. Bəstəkar, həmçinin bir çox beynəlxalq musiqi müsabiqələrinin təşkilatçısıdır.

  • Sidneydə “Ramzes və fironların qızılı” adlı nadir sərgi açılıb

    Bu ay qədim Misirin nadir “parçası” Sidneydəki Avstraliya muzeyınə gətirilib. “Ramzes və fironların qızılı” adlı blokbaster-sərgi isə özünün beynəlxalq turunda dördüncü dayanacaq olub. 2021-ci ildə premyerası Hyustonda keçirilən maraqlı şou Misirin qüdrətli fironlarından biri olan II Ramzesin hakimiyyəti dövrünə ətraflı nəzər salmağa dəvət edir.

    AZƏRTAC xəbər verir ki, Avstraliya muzeyinin baş direktoru Kim Makkeyin sözlərinə görə, Böyük Ramzes fenomen - sevimli ata, müqayisəedilməz döyüşçü və məhsuldar qurucu olub. Onun irsi həm siyasi, həm də mədənidir. Saysız-hesabsız məbədlərə, ehram və heykəllərə, tarixdə ilk sülh sazişi və böyük nüfuzlu ailəyə cavabdeh olan Ramzesin əhvalatları nəsillərdən-nəsillərə danışılıb.

    Sərgiyə daxil olan 181 obyektdən ən məşhuru Ramzesin sarkofaqıdır. “The Guardian” yazır ki, 1881-ci ildə aşkarlanan bu eksponat indiyədək Misirin hüdudlarından kənarda camaat qarşısında heç vaxt sərgilənməyib. Fironun hakimiyyətinin bədii novatorluğunu əks etdirən digər artefaktlara qızıl maskalar, oyma sarkofaqlar, bəzək əşyaları və hətta mumiyalanmış şir balası aiddir.

    2024-cü il mayın 19-dək davam edəcək sərgidə multimedia və immersiv elementlər də nümayiş etdirilir. Bu cür texnoloji xüsusiyyətlərdən biri Ramzesin ən böyük hərbi nailiyyəti olan, eramızdan əvvəl 1275-ci ildə baş vermiş Kadeş döyüşünün canlandırılmasıdır. Burada çoxsəviyyəli təsvirdən və kompüter qrafikindən istifadə olunub.

    Sərgi çərçivəsində ziyarətçilərə fironun birinci həyat yoldaşı, çariça Nefertarinin rəhbərliyi altında Əbu-Simbel tarixi məbədinə virtual ekskursiya təklif edilir.

    “Ramzes və fironların qızılı” sərgisi Misirə həsr edilmiş və Avstraliyaya göndərilən bir neçə şoudan sonuncusudur. Gələn ay Avstraliya Milli Muzeyinin açacağı “Qədim Misirin kəşfi” adlı sərgiyə Niderland Əntiq Əşyalar Milli Muzeyinin kolleksiyasından 220-dən çox eksponat cəlb olunacaq. 2024-cü ildə Viktoriya Milli Qalereyasında (NGV) Britaniya muzeyinin təqdim etdiyi ən iri beynəlxalq sərginin - “Firon”un debütü olacaq.

    “Sydney Morning Herald” qeyd edir ki, ard-arda keçirilən Misir sərgiləri bir çox halda pandemiya səbəbindən muzeylərin qrafikinin pozulması və iki il müddətinə onların fəaliyyətinin dayandırılması ilə bağlıdır. Lakin bu cür dolğunluq problem deyil. Ramzesin sərgisinin açılışından bir gün əvvəl Avstraliya muzeyi 100 mindən çox biletin qabaqcadan satıldığını elan edib. Həqiqətən də Viktoriya Milli Qalereyası ümidvardır ki, onun sərgisi qalereyaya yeni ziyarətçilərin cəlb edilməsində kömək edəcək.

    “Ziyarətçilər “Ramzes və fironların qızılı” kimi sərgilərə gəlməkdə davam edirlər. Çünki bu sərgilər qədim cəmiyyətdə həyat tərzinin necə olduğunu görməyə şərait yaradır. İnsanların bu marağı, onların keçmişə qayıtmaq istəyidir. Bu, macəra axtaran, yeni okean, yeni sahil, yeni ölkəni tədqiq edənlərdə yaranan eyni maraq səviyyəsidir”, - deyə Kim Makkey “Sydney Morning Herald” qəzetinə müsahibəsində bildirib.

  • Azərbaycanın ilk süni intellekt sənətçisi – “Şuşa xanım”

    Otuz illik həsrətdən sonra biz Azərbaycan mədəniyyətinin tanıdılması üçün ilk süni intellekt sənətçisini yaratdıq və adını “Şuşa xanım” qoyduq. Hazırda süni intellekt dünyada aktual məsələ olmaqla yanaşı, həmçinin böyük maraq dairəsinə malikdir. Məqsədimiz bu vasitə ilə Qarabağ mədəniyyətini dünyaya tanıtmaqdır.

    Bu sözləri AZƏRTAC-a müsahibəsində “Mezo” Rəqəmsal İncəsənət Qrupunun İdarə Heyətinin sədri Nabat Qaraxanova deyib.

    O bildirib ki, “Şuşa xanım” xalça və kəlağayılar hazırlayır, onlar haqqında məlumat verir, şeirlər yazır, rəsmlər çəkir. Həmçinin onun Milana və Qətərə səfərləri olacaq, yaratdığı əsərlər nümayiş etdiriləcək.

    N.Qaraxanova “Şuşa xanımı”ın yaradıldığı zaman süni intellektin bu qədər inkişaf etmədiyini qeyd edərək deyib: “Biz xüsusi proqram vasitəsilə, müxtəlif kodlarla onu inkişaf etdiririk. “Şuşa xanım”ın özünü inkişaf etdirdiyi tərəf sırf Azərbaycanla bağlıdır. Biz ona informasiyaları yükləyirik. Özü geyimlərlə bağlı öz seçimlərini edir. Onunla həm yazılı, həm də səsli əlaqə qurmaq olur. Bir müddət sonra artıq görüntülü şəkildə də “Şuşa xanım”la əlaqə saxlamaq mümkün olacaq”.

  • “Tale şairi: Məmməd İsmayıl” xatirə-romanının təqdimatı keçiriləcək

    Bu günlərdə yazıçı-şair, ssenarist Turan Uğurun “Tale şairi: Məmməd İsmayıl” xatirə-romanı çap olunub.

    AZƏRTAC xəbər verir ki, Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun təşəbbüsü ilə nəşr olunan kitabın tezliklə təqdimatının keçirilməsi nəzərdə tutulur.

    Kitab Turan Uğurun sevimli şairimiz Məmməd İsmayılla 2 il 3 aylıq müddət ərzində apardığı söhbəti əsasında hazırlanıb.

    Bu söhbətlərdə zaman-zaman müxtəlif xatirələrin qanadında 30-40 il əvvələ səyahət edilir. Eyni zamanda, müəllif xatirə-romanda Məmməd İsmayılla bağlı müxtəlif insanların xatirələrini yazmaqla yanaşı, həm də məqam düşdükcə öz təəssüratlarını, linqvistik təhlillərini, ədəbi qənaətlərini də əks etdirir. Əsərin xatirə-roman janrında yazılması həm bioqrafik ehtivaya, həm də fikrin bədii formada təcəssümünə şərait yaradır.

    Qeyd edək ki, “Tale şairi: Məmməd İsmayıl” xatirə-romanı Turan Uğurun sayca ikinci kitabıdır. Bundan əvvəl müəllif 2021-ci ildə "Sətirlər" kitabını oxuculara təqdim edib.