Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Azərbaycan Respublikası Kino Agentliyinin elan etdiyi film layihələri müsabiqəsinə yekun vurulub

    Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) tərəfindən elan olunmuş film layihələri müsabiqəsinin nəticələri məlum olub.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqənin məqsədi ölkədə kino sahəsinin inkişafının dövlət tərəfindən dəstəklənməsi, kinematoqrafiya fəaliyyətinin təşviq edilməsi və yerli kinematoqrafçıların təcrübəsinin artırılması, milli-mənəvi və ümumbəşəri dəyərləri təbliğ edən filmlərin istehsalına nail olunması, eləcə də bu sahədə özəl sektorun dəstəklənməsidir.

    Kinematoqrafiya sahəsində fəaliyyət göstərən müstəqil prodüser mərkəzləri və digər hüquqi şəxslər tərəfindən dövlət sifarişi, kommersiya, müəllif (sənət), debüt və tələbə filmləri kateqoriyaları üzrə layihələrin təqdim edildiyi müsabiqənin Seçim komissiyasının qiymətləndirməsinə əsasən, dövlət sifarişi, kommersiya, sənət və debüt istiqamətində 30, tələbə alt istiqaməti üzrə isə 16 layihə məqbul hesab edilərək pitçinq mərhələsinə buraxılıb.

    Müsabiqənin müstəqil mütəxəssislərdən ibarət Seçim komissiyası və Mədəniyyət Nazirliyi tərəfindən yaradılmış kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert şurasının iştirakı ilə noyabrın 23-24-də Azərbaycan Dövlət Film Fondunda təşkil olunan pitçinqdən öncə Ekspert şurası Seçim komissiyasının təqdim etdiyi layihələrin ssenariləri və digər zəruri sənədləri ilə yaxından tanış olub. Pitçinqdə müəlliflər layihələrini açıq şəkildə müdafiə ediblər.

    Noyabrın 28-də Azərbaycan Milli İncəsənət Muzeyində film layihələri müsabiqəsilə bağlı Seçim komissiyası və Ekspert şurasının yekun iclası keçirilib.

    İclasda pitçinqin nəticələrinə əsasən, istehsalına dəstək göstərilməsi təklif olunan dövlət sifarişi, kommersiya, sənət filmi istiqamətində ümumilikdə 11 layihə və 16 tələbə filmi layihəsi, eləcə də Ekspert şurasının mövzu və ideyasını nəzərə alaraq təklif etdiyi “Arılar və qəbirlər” (“SFN Production” MMC) və “Borc” (“Bakı Media Mərkəzi” MMC) tammetrajlı bədii film layihələri müzakirəyə çıxarılıb. “Qorqud və Zəhra” (“OksiMedia” MMC) və “Sözün varsa, de!” (“Mozg Media Group” MMC) tammetrajlı bədii film layihələri istisna olmaqla “Xəzinə” (“Ultra Production” MMC), “Günəşdə də ləkələr olur” (“AzərNyuMedia” MMC), “Borc” (“Bakı Media Mərkəzi” MMC), “Arılar və qəbirlər” (“SFN Production” MMC) tammetrajlı bədii, “Nargin” (“Karvan Production” MMC), “Ölüm axtaran qadın” (“Bakı Media Mərkəzi” MMC), “Kür – çaylar anası” (“OD-MEDİA Production” MMC) tammetrajlı sənədli, “Daş” (“ART Baku Production” MMC), “Erkən hisslər” (“Rental Azərbaycan” MMC) qısametrajlı bədii, “Kapitan və Xəzər dənizi” (“Rental Azərbaycan” MMC) qısametrajlı sənədli, “Narqız” (“Peri Film” MMC) qısametrajlı animasiya film layihələrinin və 16 qısametrajlı bədii və sənədli tələbə film layihəsinin istehsalına dəstək göstərilməsi Mədəniyyət Nazirliyi və ARKA-nın hər hansı müdaxiləsi olmadan Seçim komissiyası və Ekspert şurası tərəfindən açıq səsvermə yolu ilə təsdiq edilib.

    Həmçinin istehsalına dəstək göstərilməsi məqsədəuyğun sayılmayan bir sıra layihələrin ssenarilərinin inkişaf etdirilməsi məqsədilə ARKA tərəfindən yaradılmış Film laboratoriyasına təqdim olunması təklif edilib.

    Müsabiqəyə təqdim olunmuş və seçilməmiş istənilən layihə ilə bağlı Mədəniyyət Nazirliyi tərəfindən yaradılmış Apellyasiya komissiyasına müraciət edilə bilər.

  • Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub

    Qazaxıstanın Astana şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu Zirvə toplantısında Türk ölkələrinin Dövlət Başçıları tərəfindən Aktotı Raimkulova Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti təyin olunub.

    AZƏRTAC xəbər verir ki, Fondun prezidenti Aktotı Raimkulova Türk dünyasının mədəniyyətinin və irsinin inkişafına verdiyi töhfələrə görə Günay Əfəndiyevaya minnətdarlığını bildirib.

    Günay Əfəndiyeva Aktotı Raimkulovaya təşkilatın fəaliyyətlərinin davam etdirilməsində uğurlar arzulayaraq, vəzifə müddətində böyük sevgi və həvəslə görülən ortaq çalışmalar üçün əməkdaşlara təşəkkür edib.

    Fondun prezidenti Aktotı Raimkulova təşkilatın Türk dünyasında ortaq etnik, mədəniyyət və tarixə əsaslanan əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində bundan sonra da layihə və fəaliyyətlərini aktiv şəkildə davam etdirəcəyini bildirib.

  • Bakıda “Azerbaijan Fashion Week - 2023” moda həftəsi keçiriləcək

    Noyabrın 29-dan dekabrın 3-dək Bakıda “Azerbaijan Fashion Week - 2023” moda həftəsi keçiriləcək. Builki tədbir Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Yaradıcı Həftə" çərçivəsində təşkil olunub. Tədbir xarici həmkarların milli və regional brendlərin, mal və xidmətlərin populyarlaşdırılması üçün birgə əməkdaşlığa cəlb edilməsinə imkan yaradacaq.

    AZƏRTAC xəbər verir ki, layihə milli brendlərin yerləşdirilməsi və təşviq edilməsi məsələlərinə yönəldilib. Bu tədbir moda dizaynerləri, bayerlər, yerli və xarici media nümayəndələri və moda sənayesinə yaxın olan digər mütəxəssislərin əməkdaşlığını birləşdirən platformadır. Bundan əlavə, o, moda sektorunun inkişafına təkan verəcək və bütövlükdə moda, dizayn və mədəniyyət sahəsində mövcud problemlərin həlli vasitələrinin təkmilləşdirilməsinə kömək edəcək.

    Moda dünyasındakı sürətli dəyişiklikləri nəzərə alaraq, “Azərbaycan Moda Həftəsi” çərçivəsində “Azerbaijan Fashion Forward” müsabiqəsinin təqdimatı keçiriləcək. Həmçinin tanınmış modelyer Orxan Sultanın gənc modelyerlər üçün master-klassı təşkil olunacaq. Tədbir dekabrın 2-si saat 12:00-da "Creative hub" Təhsil-İnkubasiya Mərkəzində keçiriləcək.

    “Azərbaycan Moda Həftəsi” dekabrın 3-ü saat 19:00-da “The Ritz-Carlton” otelində keçiriləcək 15-ci Yubiley moda nümayişi ilə başa çatacaq. Podiumdakı kolleksiyaları yalnız Azərbaycandan deyil, həm də yaxın xaricdəki Rusiya, Gürcüstan, Özbəkistan, Türkmənistan, Qazaxıstan və Qırğızıstan kimi dost ölkələrdən olan dizaynerlər təqdim edəcəklər.

    Azərbaycanda moda həftələrinin keçirilməsinə start verən “Azerbaijan Fashion Week” layihəsinin ilk mövsümü 2015-ci ilin may ayında keçirilib.

  • Bakıda “İrlandsayağı vidalaşma” filmi nümayiş olunacaq

    Dekabrın 1-də Böyük Britaniyanın Bakıdakı səfirliyinin və “British Council”un təşkilatçılığı ilə “Landmark” biznes mərkəzinin kinoteatrında "İrlandsayağı vidalaşma" qısametrajlı filmi nümayiş olunacaq. Filmin nümayişi Beynəlxalq Əlillər Gününə həsr olunub.

    AZƏRTAC xəbər verir ki, tədbirdə əlillik məsələləri üzrə ekspert, "Müstəqil həyat" İnkişaf və Dəstək Mərkəzi İctimai Birliyinin rəhbəri Aydın Xəlilov iştirak edəcək və nümayişdən sonra tamaşaçılarla sual-cavab sessiyası keçirəcək.

    “İrlandsayağı vidalaşma” filmi “BAFTA 2023” və “Oscar 2023” mükafatlarının laureatıdır. Filmdəki hadisələr Şimali İrlandiyadakı kənd fermasında cərəyan edir. İrlandiyanı gənc yaşında tərk edən Tyorlou Makkeffri anasının vəfatı ilə əlaqədar doğma yurduna qayıdır. O, artıq Daun sindromu olan kiçik qardaşı Lorkanın qayğısına qalmalıdır. Lorkan ailə fermasında qalmaq və işləmək arzusunda olsa da, Tyorlou onu İrlandiyanın uzaq əyalətində yaşayan xalasının yanına göndərmək istədiyini deyir. Yerli keşiş Oşi qardaşlara mərhum analarının arzularının yazıldığı siyahını açıqlayır. Lorkan, yalnız analarının yarımçıq qalan arzularının əks olunduğu siyahını Tyorlou ilə birgə tamamladıqdan sonra fermadan çıxıb getməyə razılıq verir...

  • “Aquaman və itirilmiş krallıq” filminin nümayiş tarixi açıqlanıb

    Fantastik janrda ekranlaşdırılan “Aquaman və itirilmiş krallıq” filminin dekabrda yayımlanacağı təsdiqlənib.

    AZƏRTAC xəbər verir ki, rejissor Ceyms Van tərəfindən çəkilən filmin gəlirlərinin 32 milyon dollardan çox olacağı gözlənilir.

    Filmin aktyor heyətində Ceyson Momoa, Pilou Asbaek, Indya Mur, Vinsent Reqan yer alır.

  • “Qırmızı papaq” yenidən Şuşa Teatrının səhnəsində

    Dekabrın 2-də Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsində balacalar üçün “Qırmızı papaq” tamaşası nümayiş olunacaq.

    Bu barədə AZƏRTAC-a Şuşa Dövlət Musiqili Dram Teatrından məlumat verilib.

    Bildirilib ki, uşaqlara maraqlı anlar bəxş edəcək səhnə əsəri balacaların bədii-estetik zövqünün formalaşması, eyni zamanda, onlarda kiçik yaşlarından yaradıcı sənətə məhəbbət və maraq aşılamaq məqsədilə hazırlanıb.

    Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

  • Bakıda mədəniyyət və yaradıcı sənayelər sərgisi açılıb

    Bakıda “Mədəniyyət və Yaradıcı Sənayelər Forumu” çərçivəsində “Mədəniyyət və Yaradıcı Sənayelər Sərgisi” (MY EXPO 2023) açılıb.

    "Report" xəbər verir ki, forum müddətində nümayiş olunacaq sərgi Heydər Əliyev Mərkəzində kreativ məhsulların və yaradıcı sənaye nümayəndələrinin fəaliyyətinin tanıdılması məqsədilə təşkil olunub.

    Sərgi kino, animasiya, musiqi, cultech (mədəniyyət sahəsində startaplar), gametech (oyun texnologiyaları), dəb, dizayn kimi yaradıcı klasterləri, eləcə də yaradıcı məkan və regionları bir araya gətirib.

  • Nazir: "Dövlətin mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi yanaşması mövcuddur"

    "Mədəniyyət və yaradıcı sənayelər anlayışının mahiyyətini cəmiyyətimizdə çox adam başa düşmür. Dövlətimizin bu sahədə xüsusi yanaşması mövcuddur".

    "Report" xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli "Mədəniyyət və Yaradıcı Sənayelər Forumu”nda çıxışı zamanı deyib.

    Nazir bildirib ki, dövlət mədəni və yaradıcı sahələrə önəm verir: "Ona görə dövlət startegiyasına uyğun mövcud ekosistemlərin fəaliyyətini araşdırmaq, bu sahəni inkişaf etdirmək əsas məqsədimizdir. Düşünürəm ki, forumda ortaq problemlər səslənəcək və onların həlli istiqamətində işlər görüləcək".

  • Bakıda Mədəniyyət və Yaradıcı Sənayelər Forumu işə başlayıb

    Noyabrın 28-də Bakıda, Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı Həftə” çərçivəsində keçirilən Mədəniyyət və Yaradıcı Sənayelər Forumunun açılış mərasimi olub.

    AZƏRTAC xəbər verir ki, əvvəlcə iştirakçılar kreativ məhsulların və yaradıcı sənaye nümayəndələrinin fəaliyyətinin tanıdılması məqsədilə təşkil edilmiş Mədəniyyət və Yaradıcı Sənayelər Sərgisi (MY EXPO 2023) ilə tanış olublar. Sərgi kino, animasiya, musiqi, cultech (mədəniyyət sahəsində startaplar), gametech (oyun texnologiyaları), dəb, dizayn kimi yaradıcı klasterləri, eləcə də yaradıcı məkan və regionları bir araya gətirib.

    Açılış mərasimində çıxış edən mədəniyyət naziri Adil Kərimli forumdan gözləntilərin böyük olduğunu bildirib: “Dövlətimiz mədəni və yaradıcı sahələrə önəm verir. Ona görə dövlət strategiyasına uyğun mövcud ekosistemlərin fəaliyyətini araşdırmaq, bu sahəni inkişaf etdirmək əsas məqsədimizdir. Düşünürəm ki, forumda ortaq problemlər səslənəcək və onların həlli istiqamətində işlər görüləcək".

    Sonra çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev keçirilən forumun ölkə iqtisadiyyatına müsbət töhfə verəcəyini diqqətə çatdırıb. Bildirib ki, İqtisadiyyat Nazirliyi tərəfindən “İnnovasiya fəaliyyəti haqqında” yeni qanun layihəsi hazırlanır və sözügedən layihə dövlət orqanlarında razılaşdırma mərhələsindədir.

    Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa forumun yaradıcı və istedadlı şəxslərə imkanlar yaradacağını vurğulayıb. Qeyd edilib ki, bu cür forumlar ölkənin potensialını üzə çıxarmağa imkan yaradır.

    Üç gün davam edəcək forumda, həmçinin müvafiq dövlət qurumlarının rəhbərlərinin və yaradıcı sektorun təmsilçilərinin iştirakı ilə ayrı-ayrı sahələr üzrə yaradıcı sənayelərə dair panel sessiyalar və dəyirmi masalar keçiriləcək.

    Noyabrın 29-30-da Heydər Əliyev Mərkəzində forum çərçivəsində “Türk dünyası animasiya şəbəkəsinin qurulması”, “Türk dünyasının yumor sahəsi üzrə əməkdaşlıq perspektivləri” və digər mövzularda dəyirmi masalar da təşkil olunacaq.

  • Mədəniyyət və yaradıcı sənayelər ekosisteminin inkişafına həsr olunan panel sessiya keçirilib

    Noyabrın 28-də Bakıda, Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Mədəniyyət və Yaradıcı Sənayelər Forumunda “Mədəniyyət və yaradıcı sənayelər ekosisteminin inkişafı: beynəlxalq perspektiv” adlı panel sessiya təşkil olunub.

    AZƏRTAC xəbər verir ki, mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanovun moderatorluğu ilə keçirilən tədbirdə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Fondun fəaliyyəti barədə danışıb, Türk dünyasının maddi-mənəvi irsinin və tarixinin qorunması istiqamətində mühüm işlərin görüldüyünü bildirib. Fondun prezidenti Mədəniyyət və Yaradıcı Sənayelər Forumunun fikir və ideya mübadiləsi aparılmasında, həmçinin gənc istedadların üzə çıxmasında önəmli rol oynadığını diqqətə çatdırıb.

    “British Council” təşkilatının yerli ofisinin direktoru Nərgiz Hacıyeva təşkilatın fəaliyyəti barədə məlumat verib. O, “Creative Spark: Ali Təhsil Müəssisəsi Proqramı” adlı layihənin uğurla həyata keçirildiyini vurğulayıb. Bildirib ki, “Creative Spark” Birləşmiş Krallığın dəstəyi ilə ümumilikdə yeddi ölkədə biznes bacarıqlarını və yaradıcı iqtisadiyyatı inkişaf etdirmək məqsədilə universitetlərarası və institusional əməkdaşlığı beynəlxalq səviyyədə dəstəkləmək üçün nəzərdə tutulan beşillik təşəbbüsdür.

    Art market üzrə litvalı mütəxəssis, “artXchange Global”ın icraçı direktoru Ornela Ramasauskaite yaradıcı və mədəni sənayenin yalnız gözəllik deyil, həmçinin iqtisadiyyat olduğunu deyib. O, insanların düşüncə tərzini dəyişərək, bu sahənin gəlir mənbəyinə çevirməyin vacib olduğunu söyləyib. “Azərbaycanda məhz bu ekosistem yaradılmalıdır. Eyni zamanda, bu sahənin inkişafına böyük töhfə verə biləcək bir sıra tədbirlər keçirməlidir. Mədəniyyətə yanaşma dəyişməlidir. Əlbəttə ki, biz mədəni irsimizi qorumalıyıq, eyni zamanda, yaradıcılıq sənayesini bir biznesə çevirməliyik”, - deyə o diqqətə çatdırıb.

    Qırğızıstanda Yaradıcı Sənayelər Assosiasiyasının sədri Daniar Amanaliyev, ölkəsində fəaliyyət göstərən Yaradıcı sənaye parkı haqqında danışıb. Bildirib ki, kreativ iqtisadiyyat son illərdə dünya iqtisadiyyatının ən dinamik inkişaf edən sektorlarından biridir. O, əlavə edib ki, sahibkarlar Yaradıcı Sənaye Parkında öz sahələrini inkişaf etdirə və genişləndirə bilirlər, bundan əlavə, onlar üçün dünya bazarına çıxış imkanı var. D.Amanaliyevin sözlərinə görə, bütün bunlar yaradıcı iqtisadiyyat sahəsində sahibkarlığın inkişafına töhfə verir.

    Tədbirdə digər çıxış edənlər - Beynəlxalq Biznes və Texnologiyalar İnnovasiyaları üzrə israilli ekspert Tal Catran və Marketinq və Rəqəmsal transformasiya üzrə ekspert Fəxri Eminov kreativ sənayenin inkişafının iqtisadiyyata töhfəsi barədə danışıblar.

    Eyni zamanda, sənayenin inkişaf etdirilməsi, bu sahədə biznesin dəstəklənməsi, yaradıcı şəxslərin və biznes subyektlərinin təşkilatlanması barədə fikir mübadiləsi aparılıb.