Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yeni tədris ilində dərslərin distant formada təşkili nəzərdə tutulur.
Distant dərslərin təşkili ilə bağlı UNEC Ekstern Mərkəzinin texniki imkanları hesabına müəllimlər üçün sertifikat proqramlar hazırlanacaq. Distant dərslərin tədrisinə xaricdə yaşayan professor və müəllimlər cəlb ediləcək.
Çingiz Aytmatov yaradıcılığının tədqiqatçısı, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənlinin “Çingiz Aytmatov fenomeni və Azərbaycan” monoqrafiyası “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.
Kitab Elmi şuranın qərarı ilə “Sənətkarın elmi pasportu” seriyasından işıq üzü görüb. Monoqrafiya AMEA-nın birinci vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin elmi redaktorluğu və “Əbədi mogikan” başlıqlı “Ön söz”ü ilə nəşr olunub.
Monoqrafiyada dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun həyatı, bədii yaradıcılığı (hekayələri, povestləri, romanları, dramaturgiyası və poeziyası) tam şəkildə araşdırmaya cəlb edilib. Tədqiqat işində, eyni zamanda, Çingiz Aytmatovun yaradıcılığı kontekstində repressiya, dünya müharibəsi kimi mövzuların Azərbaycan-qırğız nəsrində inikası, yazıçının Azərbaycanla ədəbi-mədəni əlaqələri, əsərlərinin ölkəmizdə öyrənilməsi, tərcüməsi və nəşri məsələləri araşdırılıb. 406 səhifədən ibarət kitabın sonunda tədqiqat haqqında xülasə, ədəbiyyat siyahısı və fotosalnamə oxuculara təqdim edilib.
Kitabın rəyçiləri Qırğızıstan Elmlər Akademiyasının Çingiz Aytmatov adına Dil və Ədəbiyyat İnstitutunun direktoru, tanınmış aytmatovşünas alim, akademik Abdıldajan Akmataliyev və institutun Türk xalqları ədəbiyyatı şöbəsinin müdiri, professor Məmməd Əliyevdir. Məsul redaktorlar türk xalqları ədəbiyyatının tədqiqatçıları, filologiya üzrə fəlsəfə doktoru Töhfə Talıbova və Maya Həsənlidir.
Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzinin (TİPİM) təşəbbüsü ilə “Məktəb psixoloqu” layihəsi çərçivəsində vebinar keçirilib.
Emosional intellekt mövzusunda təşkil olunan vebinarda ümumtəhsil müəssisələrində psixoloq vəzifəsində çalışanlar iştirak ediblər.
Onlayn seminarda hisslər, onların idarə edilməsi üsulları və şagirdlərdə emosional zəkanı inkişafetdirmə texnikalarından bəhs olunub. İştirakçılar mövzu haqqında təəssüratlarını həmkarları ilə bölüşüblər.
AMEA Dendrologiya İnstitutunun Ağac-kolların introduksiyası və iqlimləşdirilməsi laboratoriyasında Arbutus unedo L. növünün və bir çox yeni növ ekzotik bitkilərin introduksiyası, bioloji xüsusiyyətlərinin öyrənilməsi, xarici mühit amillərinə uyğunlaşdırılması və landşaft arxitekturası əsasında tətbiqi üzrə geniş tədqiqatlar aparılır.
Arbutus unedo L. növü 2017-ci ildən Dendrologiya İnstitutunun bitki kolleksiyaları içərisində yer alır və müəssisənin təcrübə sahəsində tədqiqatı aparılır. Tədqiqat üçün qələmələr Arbutus unedo L. növünün yaşlı nüsxəsindən əldə edilib. Toxumlar isə ABŞ və Portuqaliyanın botanika bağlarından alınıb.
Abşeron şəraitində çiçəkləmə oktyabr-noyabr aylarından başlayaraq dekabr-yanvar aylarına qədər davam etdiyi üçün bitkinin budaqları üzərində həm çiçəklər, həm də meyvələr müşahidə olunur. Vətənində isə çiçəkləmə dekabr ayından başlayaraq fevrala qədər davam edir. Çiçəkləmənin vaxtı və davametmə müddəti iqlim şəraitindən asılıdır. Meyvələr yaşıl-sarı, getdikcə narıncı, tam yetişdikdə isə tünd qırmızı rəngdə olur, meyvələr uzun müddət bitkinin üzərində qalır. Bitkinin introduksiya olunma dərəcəsini müəyyənləşdirərkən çiçək, meyvə, toxum əmələgətirmə qabiliyyəti və məhsuldarlığı nəzərə alınır. Aparılmış tədqiqatlar nəticəsində Dendrologiya İnstitutunda ilk dəfə 2019-cu ildə Arbutus unedo L. növünün meyvə məhsuldarlığı da öyrənilib. Bu bitkinin meyvəsi ürək və damar xəstəlikləri olan insanlar üçün faydalıdır, immuniteti yüksəldir, görmə qabiliyyətini artırır.
Arbutus unedo L. dekorativ bitki olmaqla yanaşı, deqradasiyaya uğramış ekosistemləri bərpa etmək və səhralaşmanın qarşısını almaq üçün istifadə oluna bilər. Bu bitki Abşeron şəraitində normal meyvə verir, küləkli və rütubətli havaya davam gətirir. Bitkidə Abşeron şəraitində xəstəliktörədici və ziyanvericilər müşahidə edilməyib.
Yaxın zamanlarda Azərbaycan Texniki Universitetinin tədris korpuslarından birində texnopark fəaliyyətə başlayacaq.
Ali təhsil müəssisəsinin əsas hədəfləri əmək bazarı üçün yüksəkixtisaslı kadr, xidmətlər bazarı üçün əhəmiyyətli tədqiqat və işləmələr təqdim etməkdir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 8 ümumi təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır. Həmçinin ehtiyac olan ərazilərdə 6 yeni məktəb inşa olunur. Onlardan 3-nün tikinti işləri artıq yekunlaşmaq üzrədir.
Hazırda 205 və 154 nömrəli tam orta məktəblərin bütövlükdə sökülərək yenidən tikintisi, 90, 97 nömrəli tam orta məktəblərin əsas korpuslarının əsaslı təmiri, köhnə korpuslarının sökülərək yenidən tikintisi, 122 nömrəli tam orta məktəbin əsaslı təmiri, idman zalı, kitabxana və əlavə sinif otaqlarının tikintisi, 155 nömrəli tam orta məktəbin köhnə korpusunun sökülərək yenidən tikintisi davam edir.
Həmçinin 251 nömrəli tam orta məktəb üçün əlavə korpusun tikintisi, 216 nömrəli tam orta məktəb üçün digər ərazidə yeni binanın tikintisi aparılır.
Eləcə də ehtiyac olan bütün təhsil müəssisələrində cari təmir və mühəndis-kommunikasiya işləri həyata keçirilir.
Paytaxt məktəblərində aparılan bütün tikinti və təmir işlərinin tezliklə yekunlaşdırılması nəzərdə tutulur.
Azərbaycan İlahiyyat İnstitutu noyabrın 26-da “Akademik Vasim Məmmədəliyevin ilahiyyat və şərqşünaslıq elmlərinə verdiyi töhfələr” mövzusunda elmi konfrans təşkil edəcək.
Əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyevin xatirəsinə həsr olunan konfransda alimin həyatı və elmi-pedaqoji, elmi-dini, dini-maarifçilik, tərcüməçilik fəaliyyətinə, onun ilahiyyatçı kadrların yetişməsində, Azərbaycanda dinşünaslıq və islamşünaslığın inkişafında roluna həsr olunan məruzələr dinləniləcək.
Konfransda iştirak etmək istəyənlər məqalələrini sentyabrın 29-dək ilahiyyatkonfrans@ait.edu.az elektron ünvanına göndərməlidir.
Məqalələr heç bir yerə təqdim edilməmiş, 6-15 səhifədən ibarət yeni tədqiqatlar olmalıdır.
Dünyanın koronavirusla mübarizə apardığı bir vaxtda xəstəliyin xüsusiyyətləri və ona qarşı tətbiq edilən mübarizə metodlarının elmi cəhətdən araşdırılması, eyni zamanda, genetik xüsusiyyətləri nəzərə almaqla yeni həll yollarının təklif edilməsi vacib məsələlərdəndir.
Bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müşaviri Elxan Mikayılov “Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” mövzusunda keçirilən beynəlxalq onlayn konfransda söyləyib. Koronavirus infeksiyasının yayılma spektri və xüsusiyyətlərinin regionlar üzrə fərqli olduğunu söyləyən müşavir bu baxımdan tədbirin elmi əhəmiyyətə malik olduğunu vurğulayıb. Qeyd edib ki, konfrans koronavirusla mübarizə tədbirlərinə qoşulmuş dövlət orqanlarının işinə də töhfə verəcək.
Bioloji blankların zərərsizləşdirilməsi məsələsindən danışan müşavir Qida Təhlükəsizliyi Agentliyinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi və TƏBİB-lə birgə resursları səfərbər etdiyini, regionlarda olan laboratoriyalarda bioloji tullantıların zərərsizləşdirilməsi prosesində geniş istifadə olunan stasionar və modul tipli zibilyandırıcıların (inseneratorlar) fəaliyyət göstərdiyini diqqətə çatdırıb. O, qeyd olunan istiqamətlər üzrə elmi araşdırmaların aparılmasının vacibliyini vurğulayıb, koronavirusun genetik kodunun oxunması ilə bağlı AMEA və Səhiyyə Nazirliyi ilə birgə İşçi qrupunun formalaşdırıldığını və layihə konsepsiyasının hazırlandığını söyləyib: “Bu konsepsiyaya əsasən, Azərbaycanda yayılan koronavirus infeksiyasının genetik kodunun oxunması istiqamətində birgə əməkdaşlıq nəzərdə tutulur”.
Bildirilib ki, Azərbaycanda yayılan bu virusun ilkin mənşəyinin müəyyən edilməsi, onun mutasiyaya uğrayıb-uğramadığının aydınlaşdırılması vacib məsələlərdəndir: “Bu, həmçinin müalicə metodlarının düzgün seçilməsinə, yoluxma səviyyəsinin müəyyənləşdirilməsinə böyük təsir edir. Əvvəllər daha çox yaşlı nəslin nümayəndələri bu virusdan vəfat edirdisə, artıq gənc nəslin nümayəndələrində də bu hallar müşahidə olunur. Ona görə də virusa yoluxan insanların genetik kodunun oxunması, buna uyğun müalicə protokollarının təyin edilməsi baxımından belə bir layihənin həyata keçirilməsi planlaşdırılır”.
E.Mikayılov vurğulayıb ki, qida məhsullarından insanlara, eləcə də heyvanlardan insanlara və ya əksinə virusun keçib-keçməməsi ilə bağlı əlavə elmi tədqiqatlar aparılmalıdır. Qida Təhlükəsizliyi Agentliyi qeyd olunan istiqamətlərdə həm AMEA, həm də digər dövlət qurumları ilə yaxından əməkdaşlıq etməkdə maraqlıdır.
Almaniyanın federal hakimiyyət orqanları ölkə sakinlərinin Türkiyədə populyar turizm istiqamətlərinə səfərləri barədə məhdudiyyətləri ləğv edib.
Bundan əvvəl Türkiyənin Antalya, Muqla, İzmir və Aydın bölgələrinə səfərlər qadağan edilmişdi. İndi isə, Almaniya hökuməti həmin rayonları səyahətlər və istirahət üçün nisbətən təhlükəsiz hesab edir. Bununla belə, turistlər Aİ-yə, öz vətənlərinə qayıdandan sonra koronovirus testlərinin nəticələrini təqdim etməli olacaqlar. Testləri Türkiyə otellərində cəmi 25 dollara vermək olar və onun nəticələri 48 saat müddətində etibarlıdır.
Bu qərar Türkiyə və AFR hökumətləri arasında müvafiq danışıqlardan sonra qəbul edilib.
Mədəniyyət Nazirliyi ictimaiyyətə müraciət edib.
Müraciətdə ölkəmizdə, bütün sahələrdə olduğu kimi, dövlət rəhbərliyinin yüksək diqqət və qayğı göstərdiyi mədəniyyət sahəsində də kompleks və sistemli islahatların həyata keçirilməsi günün tələbi olduğu qeyd edilir.
Bildirilir ki, Azərbaycan xalqının zəngin mədəni və mənəvi irsinin qorunması, təbliği, ölkəmizdə mədəniyyət sahəsinin bütün istiqamətlərinin inkişaf etdirilməsi Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqətindədir.
İslahatların və görüləcək işlərin daha keyfiyyətli və səmərəli olmasını təmin etmək üçün mədəniyyətin müxtəlif sahələrində fəaliyyət göstərən təşkilatlar və fərdlərin iştirakı ilə məsləhətləşmələrin aparılması və sahəvi inkişaf proseslərində onların rəy və təkliflərinin nəzərə alınması planlaşdırılır.
Bu məqsədlə aşağıdakı suallar ətrafında rəy və təklifləri info@creative.az e-mail ünvanına göndərmək nazirlik tərəfindən xahiş olunur.
1. Mədəniyyət sahəsində siyasət və idarəetmədə gözləntiləriniz nədir?
2. Mədəni irsin mühafizəsi və inkişafı ilə bağlı hansı təklifləriniz vardır?
3. Mədəniyyət sahəsində yerli və beynəlxalq təbliğatın gücləndirilməsi üçün nə kimi yenilikləri təklif edərdiniz?
Mədəniyyət Nazirliyi rəy və təkliflərin mədəniyyət sahəsində gələcək uğurlarımız üçün əhəmiyyətli olduğunu düşünür.