İyulun 30-da Zaqatala rayon Mərkəzi kitabxanası filial kitabxanaları ilə birlikdə 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü ilə əlaqədar videokonfrans təşkil edib.
Videokonfransı giriş sözü ilə Zaqatala rayon MKS-nin direktoru Gülniyar Məmmədova açaraq Azərbaycan dili və Azərbaycan əlifbasının dünya dilləri arasındakı rolundan danışıb.
Bildirib ki, hər il 1 avqust ölkəmizdə ən əziz günlərdən biri kimi qeyd olunur: “Milli varlığımızın əsas atributlarından biri ana dilimizdir. Dil millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir. Bu gün Azərbaycan dilinin dövlət statuslu dillər arasında olmasına görə bu dilin mənəvi dirilik atributuna çevrilməsi yolunda böyük fədakarlıqlar göstərmiş ümummilli lider Heydər Əliyevə minnətdar olmalıyıq. Ulu Öndər milli-mənəvi dəyərlərimizin ən qiymətlisi və bir millət kimi milli varlığımızın rəmzi olan Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində çox mühüm addımlar atıb. Ölkəmizdə Azərbaycan dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması ana dilimizin gözəl bilicisi, mahir natiq ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Bu ənənələri ölkə Prezidenti İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlət başçısının müxtəlif vaxtlarda imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və “Azərbaycan Milli ensiklopediyasının hazırlanması haqqında” sərəncamları və bu istiqamətdə görülən işlər də dilimizin inkişafına böyük qayğının təzahürüdür”.
Konfransda “1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili günüdür” adlı məruzə ilə MKS-nin baş biblioqrafı Yasəmən Məmmədova, “Dünya yaşıdı ana dilimizi qoruyaq” adlı məruzə ilə metodika və biblioqrafiya şöbəsinin müdiri Gülnar Abdullayeva, “Dil xalqın milli varlığını müəyyən edən sərvətdir” adlı məruzə ilə informasiya resurs şöbəsinin müdiri Almaz Qaracayeva çıxış ediblər.
Vİdeokonfransda iştirak edən kitabxanaçılar oxucuların Azərbaycan dilində latın qrafikasında olan nəşrlərə olan marağın artmasından danışıblar.
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun alimlərinin məruzələri beynəlxalq topluda dərc edilib.
Bu barədə institutdan bildirilib. Topluda Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə, institutun elmi katibi, fəlsəfə üzrə fəlsəfə doktoru Sevinc Həsənova və Beynəlxalq əlaqələr şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Zöhrə Əliyevanın məqalələri yer alıb.
Xatırladaq ki, 2019-cu ildə Bolqarıstanın Varna şəhərində səkkiz ölkənin iştirakı ilə Bolqarıstan Elmlər Akademiyasının 150 illiyinə həsr olunmuş “Müasir fəlsəfə: Avropa və Qara dəniz ölkələrində mədəni, təhsil və elmi siyasət” mövzusunda II beynəlxalq elmi konfrans keçirilib. Konfransda Azərbaycan alimləri məruzə ilə çıxış ediblər.
“Azərbaycan astronomiya” jurnalının son illərdəki buraxılışlarının elektron nüsxələri SAO/NASA Astrofizika Məlumat Sisteminə (ADS) yerləşdirilib.
Bu barədə AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, ŞAR alimlərinin elmi məqalələri hər il dövri olaraq “Azərbaycan astronomiya” jurnalında dərc edilir. Jurnaldakı məqalələrin elektron nüsxələri 2013-cü ildən etibarən ADS-yə yüklənərək arxivləşdirilir.
Qeyd edək ki, ADS astronomiya, astrofizika və fizika arxiv elektron nəşrlərini əhatə edən 13 milyondan çox qeydlərdən ibarət üç biblioqrafik məlumat bazasına malikdir.
AMEA-nın Folklor İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Səfa Qarayevin “Azərbaycan folklorunda gülüşün psixologiyası, performansı və sosial konteksti” sərlövhəli məqaləsi “Web of Science” bazasına daxil olan “History Culture and Art Research” jurnalında dərc edilib.
Bu barədə AMEA-dan məlumat verilib. Bildirilib ki, məqalənin əsas tədqiqat predmetini Azərbaycan folklorunda gülüşün psixologiyası, performansı və funksiyalarının sosial stereotiplər kontekstində öyrənilməsi və sosiomədəni semantikasının müəyyənləşdirilməsi təşkil edir. Məqalə folklorun tədqiqi baxımından prioritet nəzəri-metodoloji yanaşma üsulları hesab olunan psixoanalitik, semiotik metodların, həmçinin performans nəzəriyyəsinin müvafiq yanaşmalarının tətbiqi əsasında hazırlanıb.
Tədqiqat işində müəllif qeyd edib ki, mədəniyyətdə gülüşün yaradılması texnologiyaları, aktuallaşma situasiyaları, metaforaları və kollektiv sosial davranış aktı kimi funksional keyfiyyətlərinin folklorşünaslıq aspektindən düzgün elmi analizi onun ənənəvi araşdırmalardan fərqli olaraq, yeni parametrlərdə dəyərləndirilməsini tələb edir.
Məqalə folklor faktlarının metaforik oxunuşu vasitəsilə milli psixologiya və mentalitetin, stereotiplərin öyrənilməsi və konkret sosial situasiyalar üçün davranış modellərinin müəyyənləşdirilməsi, proqnozlaşdırılması, hətta ssenariləşdirilməsi baxımından ciddi sosial tətbiq imkanlarına malikdir.
Sentyabrın 29-da AMEA-nın Elm Tarixi İnstitutunun təşkilatçılığı ilə “Nəriman Nərimanovun irsi və onun Azərbaycan ictimai-siyasi fikrində yeri” mövzusunda elmi konfrans keçiriləcək. Tədbir Azərbaycanın görkəmli yazıçısı, ictimai-siyasi xadim Nəriman Nərimanovun anadan olmasının 150 illiyinə həsr ediləcək.
İnstitutdan bildirilib ki, konfransda elmi məruzə ilə iştirak etmək istəyən tədqiqatçılar sentyabrın 1-dək məruzələrinin tam mətnlərini elmtarixi@gmail.com elektron ünvanına göndərə bilərlər.
Konfransa təqdim olunan tezis 1-2, məqalə 8-10 səhifə olmalıdır. Tezis və məqalələrdə müəllifin soyadı, adı, atasının adı qalın şriftlə, tezis və məqalənin adı böyük hərflərlə və qalın şriftlə, təmsil etdiyi müəssisənin adı, vəzifəsi, elmi dərəcəsi göstərilməlidir.
Milli Kitabxana ümumbəşəri problem olan insan alverinə qarşı mübarizədə maarifləndirmə məqsədilə “İnsan alverinə qarşı mübarizə” adlı elektron məlumat bazasını virtual rejimdə təqdim edib.
Kitabxanadan bildirilib ki, elektron məlumat bazasında təqdim olunan resurslar tam mətnləri ilə verilib. “İnsan alverinə qarşı mübarizə” adlı elektron məlumat bazası ilə http://anl.az/el/emb/Insan_alveri/index.htm linki vasitəsilə tanış olmaq olar.
“YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə hər həftənin şənbə və bazar günləri uşaqlar üçün “Virtual Artım” sərgisi həyata keçirəcək.
Layihə çərçivəsində uşaqlara yeni sərgi ilə tanış olmaq, öz robot- avatarlarını yaratmaq, habelə əsərlərini hazırlayıb, izləyicilərlə bölüşmək şansı veriləcək.
Qeydiyyat və virtual məkanın tətbiqindən istifadə barəsində məlumat üçün 0502469292 nömrəsinə bazar ertəsindən cümə gününə kimi saat 10:00-18:30-dək müraciət etmək olar.
Layihənin moderatoru Mina Abbasovadır.
Azərbaycan Dövlət Rəsm Qalereyasının “+5C” adlı yeni virtual layihəsi davam edir.
Qalereyadan bildirilib ki, layihənin növbəti proqramı bu gün saat 20:30-da təqdim ediləcək. Sənətsevərlər xüsusi karantin rejimi və sosial izolyasiya şəraitində ilk dəfə Azərbaycan incəsənətini əhatə edən onlayn bilik yarışmasında iştirak etməklə yanaşı, həm də 5 suala cavab verib, hədiyyə də qazana biləcəklər.
Virtual layihəyə Azərbaycan Dövlət Rəsm Qalereyasının ınstagram (@azgallery.az) sosial media hesabı vasitəsilə qoşulub, iştirak etmək mümkündür.
Yarışda iştirak etmək istəyən şəxslər qeydiyyat üçün 077-717-33-37 “whatsapp” nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Qaradağ rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 5 nömrəli filialı #azerbaycanherseydaxil çağırışı çərçivəsində şeir-sənət ocağı Şamaxı şəhərinə üz tutub.
İdarədən bildirilib ki, videoçarxda Şamaxı şəhərinin yetirmələri olan tanınmış simaların şəkilləri və onlar haqqında məlumatlar öz əksini tapıb.
Videomaterialda Mirzə Ələkbər Sabir, İmadəddin Nəsimi, Alim Qasımov və digər Şamaxının tanınmış simaları ilə tanış olmaq mümkündür.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialı görkəmli bəstəkar, pedaqoq Vasif Adıgözəlovun doğum günü münasibətilə videoçarxlar hazırlayıb.
İdarədən bildirilib ki, bəstəkarın zəngin yaradıcılığını əks etdirən virtual sərgi və onun kinofilmlərimizə bəstələdiyi çoxsaylı filmlər sırasında xüsusi yeri olan “Şərikli çörək” filmi haqqında videoçarx sosial media hesabları vasitəsilə izləyicilərə təqdim edilib.