Respublika Gənclər Kitabxanasının “Sevilənlər, sevənlər” rubrikası altında evdən təşkil etdiyi növbəti görüşün qonağı yazıçı-publisist Şərif Ağayar olub.
Kitabxanadan bildirilib ki, “Sevilənlər sevənlər” rubrikasının bu canlı yayımına 1700-dən çox istifadəçi qatılıb. Müsahibə xarakteri daşıyan canlı yayımda qonaq istifadəçiləri maraqlandıran sualları cavablandırıb, ədəbiyyat, jurnalistika, mütaliə və s. mövzular ətrafında maraqlı fikirlər söyləyib.
Canlı yayımın ilk dəqiqələrində Şərif müəllim, birinci növbədə, uşaqlıq illərində kitabxana ilə tanışlığından, mütaliəyə hədsiz bağlılığından söhbət açıb, kitab və kitabxana ilə bağlı yaşadığı maraqlı hadisələri dilə gətirib. Sonradan müsahib mütaliə, kitab təbliğatı mövzusunda dəyərli fikirlər söyləyib. Qonaq şəxsi təcrübəsindən çıxış edərək, iştirakçısı olduğu Tehran, İstanbul kitab sərgi və yarmarkalarından, orada olan kitaba münasibətdən söhbət açıb. Müsahib yaradıcılığının ilk dövrlərindən, mətbuat orqanlarında baş redaktor vəzifəsində çalışmasından, jurnalistikanın həmişə paralel olaraq yaradıcılığı ilə birgə addımlamasını qeyd edib. Yazıçı Nəsibə Zeynalova, Siyavuş Aslan, Yaşar Nuri kimi korifeylərimizlə bağlı xatirələri də bölüşüb. Müsahib izləyicilərin ona ünvanladığı sualları da cavablandırıb.
İstifadəçilər yazıçı Şərif Ağayarla canlı yayıma https://www.instagram.com/p/CDMeb0YhFwB/ linkı vasitəsilə baxa bilərlər.
Əldə edilmiş razılığa əsasən, Dövlət İmtahan Mərkəzinə (DİM) 2020-ci ilin avqust ayından etibarən dünyanın bir çox ölkələrində tanınan ACCA (The Association of Chartered Certified Accountants – İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası) beynəlxalq imtahanlarının keçirilməsi üçün lisenziya verilib.
DİM-dən bildirilib ki, assosiasiyada 179 ölkədən 544 min tələbə və 227 min üzv qeydiyyatdadır.
ACCA imtahanları beynəlxalq standartlara uyğun olaraq müvafiq sahələrdə kadrların formalaşdırılması, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və yerli mütəxəssislərə mühasibatlıq üzrə sertifikatların verilməsi məqsədilə təşkil edilir. Assosiasiya həm özəl, həm də dövlət sektorlarını dəstəkləyir.
Xatırladaq ki, ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasiblərinin peşəkar mühasiblər olması tələbi “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində öz əksini tapıb.
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun vəzifələr üzrə avqustun 3-də keçiriləcək test imtahanına qeydiyyat davam edir.
DİM-dən bildirilib ki, bu imtahanda 15 mart 2020-ci il tarixində keçirilməsi nəzərdə tutulan, lakin pandemiyaya görə təxirə salınan test imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər də iştirak edəcəklər. İmtahanda iştirak etmək istəyən digər namizədlər üçün qeydiyyat avqustun 1-i saat 18:00-dək aparılacaq. Bu günə olan məlumata görə, 101 (AA-5, AB-23, AC-73) namizəd qeydiyyatdan keçib.
İmtahan kompüter vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək.
Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə Bakı Nəqliyyat Agentliyinin “Sürücü Təlim Mərkəzi” arasında qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Agentlikdən bildirilib ki, memorandumun əsas məqsədi tərəflərin təlim və istehsalat bazasından və mövcud təcrübəli kadr potensialından bəhrələnərək əmək bazarının tələblərinə cavab verən ixtisaslı mütəxəssislərin hazırlığının təmin edilməsidir.
Görüş zamanı, tərəfləri maraqlandıran perspektivlər də müzakirə olunub.
Bakı Ali Neft Məktəbi (BANM) bu il “Məzun günü” tədbirini virtual formatda keçirib.
BANM-dən bildirilib ki, ali məktəbin sosial şəbəkələrdəki (“Facebook”, “YouTube” və “Instagram”) səhifələrində yayımlanan tədbir məşhur teleaparıcı Leyla Quliyevanın aparıcılığı ilə reallaşıb.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, BANM-in akademik tərəfdaşı olan Böyük Britaniyanın Heriot-Vatt Universitetinin rektoru Riçard Uiliyam məzunları təbrik ediblər. Rektor Elmar Qasımov müraciətində 2020-ci il “Məzun günü”nün çox çətin dövrə təsadüf etdiyini, hazırda qəhrəman Azərbaycan əsgərlərinin Vətənimizin ərazi bütövlüyü uğrunda mübarizə apardığını, eləcə də bütün dünyada qlobal COVID-19 pandemiyasının qarşısının alınması üçün ciddi karantin tətbiq olunduğunu qeyd edib.
Rektor bildirib ki, təhsil tarixində ilk dəfə olaraq dünya universitetlərində, o cümlədən Azərbaycanın ali təhsil müəssisələrində ənənəvi “Məzun günü” tədbiri keçirilmir: “Elə bu səbəbdən də Bakı Ali Neft Məktəbi olaraq məzunlarımızı virtual təbrik etmək qərarına gəldik. Ötən 5 il ərzində müəllimlərimiz üzərlərinə düşən müqəddəs vəzifəni – öyrətmək işini ləyaqətlə yerinə yetirib, valideynlər övladları ilə birgə imtahan həyəcanı yaşayıb, onların uğurlarına sevinib, həmçinin uğursuzluqlarına kədərləniblər. Mən məzunlarımızın valideynlərinə belə gözəl - bilikli, bacarıqlı, əxlaqlı, vətənpərvər övladlar yetişdirdikləri üçün təşəkkür edirəm”.
E.Qasımov Vətən qarşısında borclarını yerinə yetirmək üçün Azərbaycan Ordusuna xidmətə yollanan, xarici ölkə universitetlərində təhsillərinə davam edəcək, eləcə də yerli və transmilli şirkətlərdə işə başlayan məzunlara uğurlar arzulayıb.
“BANM-in məzunları Prezident İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” - çağırışının bariz yetirmələridir. Əminəm ki, onlar Azərbaycanın, ailələrinin, ali məktəbimizin şərəfli adını həmişə uca tutacaqlar”, - deyə rektor vurğulayıb.
Valideynlər adından çıxış edən, ali məktəbdə “İlin tələbəsi” seçilən Cavid Məmmədlinin anası Gülər Məmmədova tələbələrin peşəkar ixtisaslı kadr kimi yetişməsində zəhmət çəkən pedaqoji heyətə təşəkkür edib. “Bu illər ərzində başda rektor Elmar Qasımov olmaqla BANM-in professor-müəllim heyəti övladlarımızın mükəmməl təhsil alması, problemlərinin həll edilməsi, hətta şəxsi çətinliklərinin də çözülməsi üçün heç bir imkanını əsirgəməyib. Onların cəfakeş fəaliyyəti nəticəsində BANM tələbələr üçün doğma bir ailəyə çevrilib. Arzu edirəm ki, ixtisaslı kadr olaraq gələcək fəaliyyətiniz Azərbaycanımızın daha qüdrətli olması üçün öz töhfələrini versin”, – deyə G.Məmmədova bildirib.
Tədbirdə BANM-in ötənilki məzunlarının dünyanın müxtəlif universitetlərindən və transmilli şirkətlərdən builki məzunlara göndərdiyi təbrik videosu nümayiş olunub. ABŞ, Türkiyə, Yaponiya, Norveç, Almaniya, İtaliya, Macarıstan, Səudiyyə Ərəbistanı və Anqola kimi ölkələrdə təhsillərini davam etdirən və işləyən BANM məzunları xələflərinə təbrik ünvanlayıblar. Daha sonra bu il bakalavr səviyyəsi üzrə “İlin tələbəsi” seçilən Cavid Məmmədli, magistratura səviyyəsi üzrə “İlin tələbəsi” Ramil Şükürov, Prezident təqaüdçüsü, neft-qaz mühəndisliyi ixtisasının birincisi Nihad Abbasov, proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının birincisi İsmət Ağayev, yatağın qiymətləndirilməsi və idarəolunması ixtisasının birincisi Niyaz Əhmədzadə, neft-qaz texnologiyası ixtisasının birincisi Nizam Zahidli, biznesin idarəolunması ixtisasının birincisi Güldənə Hidayətli təhsil aldıqları müddətdə əldə etdikləri uğurlar, yiyələndikləri akademik və sosial bacarıqlar barədə təəssüratlarını və xatirələrini bölüşüblər.
Tədbirin bədii hissəsində musiqi nömrələri, rəqslər, təqdimatlar, əvvəlki illərin “Məzun günü”ndən maraqlı fraqmentlər nümayiş olunub.
Sonda Cavid Məmmədli adını simvolik kötüyə həkk edib. Virtual tədbir ənənəvi papaqatma mərasimi ilə yekunlaşıb.
Qeyd edək ki, bu il Bakı Ali Neft Məktəbinin neft-qaz mühəndisliyi (49 nəfər), kimya mühəndisliyi (46 nəfər) və proseslərin avtomatlaşdırılması mühəndisliyi (14 nəfər) ixtisasları üzrə ümumilikdə 109 bakalavr məzun olur. Həmçinin BANM ikinci magistr buraxılışını həyata keçirir. Biznesin idarəolunması ixtisası da daxil olmaqla, bu il magistratura səviyyəsi üzrə 40 nəfər məzun olur. 2019/2020-ci tədris ilində ali məktəbi ümumilikdə 14 tələbə fərqlənmə diplomu ilə bitirib.
Xatırladaq ki, Bakı Ali Neft Məktəbi Prezident İlham Əliyevin 2011-ci il 29 noyabr tarixli Fərmanı ilə dövlət ali təhsil müəssisəsi statusunda SOCAR-ın strukturunda yaradılıb. BANM-də neft-qaz mühəndisliyi, kimya mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi və informasiya təhlükəsizliyi ixtisasları üzrə bakalavr, neft-qaz mühəndisliyi, kimya mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi və biznesin idarəolunması (MBA) ixtisasları üzrə magistr pilləsinə qəbul həyata keçirilir. Bu il BANM-də IV məzun buraxılışıdır. 2017-ci ildən etibarən BANM-in məzunlarının hamısı işlə təmin olunub və hazırda SOCAR, Azneft İB, SOCAR Türkiyənin Petkim Petrokimya Holdinqi və Star Neft Emalı Zavodu, “Azərikimya”, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu, SOCAR Polymer, BP, Schlumberger, Halliburton, Maire Tecnimont, TechnipFMC və digər transmilli şirkətlərdə çalışırlar. Məzunların bir qismi Azərbaycanın, habelə dünyanın öndə gedən universitetlərində magistratura və doktorantura pilləsində təhsillərini davam etdirirlər.
İyulun 27-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) “Su təhlükəsizliyinin İslam dünyasında sülh və inkişafın təmin edilməsində rolu” mövzusunda virtual forum keçirib.
Bu tədbirin keçirilməsi gələn il Seneqalda təşkil ediləcək Dünya Su Forumuna hazırlıq məqsədi daşıyıb. ICESCO-nun Baş direktoru Salim Əl-Malik çıxışında qeyd edib ki, iqlim dəyişmələri və quraqlığın artdığı bir dövrdə su ehtiyatlarından səmərəli istifadə, kanalizasiya sistemləri və gigiyena xidmətlərinin düzgün idarə edilməsi mühüm vəzifə kimi qarşıya çıxıb. O əlavə edib ki, su təhlükəsizliyi bəşəriyyətin gələcəyi, habelə sosial-iqtisadi inkişaf, enerji və qida təminatı baxımından həyati əhəmiyyətə malikdir.
Foruma sədrlik edən Qvineyanın sabiq Baş Naziri Kabine Komara, Dünya Su Şurasının prezidenti Loik Foçon, Seneqalın Su və Sanitariya naziri Serigne Ziyam, ekspertlər və beynəlxalq təşkilatların nümayəndələri qeyd ediblər ki, hər il dünyada 300 mindən çox beş yaşına qədər uşaq içməli su çatışmazlığı və gigiyena şəraitinin olmaması səbəbindən həyatını itirir. Bundan başqa, insanların 2 milyarda yaxını içməli su çatışmazlığı, 4 milyarddan çoxu isə kanalizasiya sisteminin bərbad olması problemləri ilə üz-üzədirlər. Zəruri sanitar-epidemioloji şəraitin olmaması səbəbindən 44 milyon hamilə qadın infeksion xəstəliklərə yoluxub.
Tədbirdə İslam ölkələrində su təhlükəsizliyi ilə əlaqədar vəziyyət müzakirə olunub, su ehtiyatları, onlardan səmərəli istifadə və bu sahədə əməkdaşlığa dair hesabatlar təqdim edilib.
Forum çərçivəsində ICESCO və Dakar Dünya Su Forumunun baş katibliyi arasında əməkdaşlığa dair sənəd də imzalanıb.
Son zamanlar dünyanın bir çox ölkəsində Azərbaycan diaspora hərəkatının canlanmasına şahidlik edirik. Müxtəlif ölkələrdə yaşayan həmyerlilərimiz ölkəmizin təbliğində fəal mövqe nümayiş etdirməkdədirlər. Sözsüz ki, bu müstəvidə fərqli istiqamətlər üzrə pedaqoji fəaliyyətlə məşğul olan həmyerlilərimizin rolu xüsusi çəkiyə malikdir. Xarici ölkələrdə pedaqoji fəaliyyətə cəlb olunan azərbaycanlılar arasında bədii təhsillə məşğul olan mütəxəssislər ayrıca olaraq qeyd olunmalıdır.
Bu məqsədlə Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi “Bədii təhsildə kadr miqrasiyası: mülahizələr və perspektivlər” adlı beynəlxalq vebinar təşkil edib. Vebinarda dünyanın 10 ölkəsindən olan və bədii təhsilə cəlb olunmuş azərbaycanlı mütəxəssislər bir araya gələrək peşəkar fikir mübadiləsi aparıblar.
Dünyada cərəyan edən qlobal çağırışlar şəraitində hər bir ölkə davamlı inkişafın təmin edilməsi üçün müvafiq siyasət göstərir. İslahatların uğurlu nəticələnməsi bilavasitə idarəetmə sahəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasından və kadr potensialının təkmilləşdirilməsindən asılıdır. Bu mənada konkret sahələr üzrə peşəkarların yetişdirilməsi məsələsi müstəsna əhəmiyyətə malikdir.
Üzeyir Hacıybəyliyə həsr olunmuş videoçarxın nümayişi ilə başlanmış vebinarda müxtəlif ölkələrdə peşəkar musiqi və pedaqoji fəaliyyətlə məşğul olan azərbaycanlıların fəal iştirakı ilə ölkəmizdə uşaq musiqi məktəblərinin inkişafına xidmət edə biləcək perspektiv layihələrdən söhbət açılıb.
Fikir mübadiləsində iştirak edən pianoçu, bəstəkar, vokalist Elcan Rzayev, vokalist, bəstəkar, estrada ifaçısı Firəngiz Bağırova (Niderland), kamança və skripka ifaçısı Rasim Fərziyev, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, pianoçu Səadət Fərziyeva, tarzən Rafiq Rüstəmov (Böyük Britaniya), skripka ifaçısı Oqtay Zeynalov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Almaniya Detmold Konservatoriyasının dosenti, bəstəkar, musiqişünas, pianoçu Xədicə Zeynalova (Almaniya), dirijor, pianoçu, bəstəkar Turan Manafzadə (Türkiyə), vokalist Yusif Savalan (Kanada), skripka ifaçısı Elvina Qurbanova (ABŞ), pianoçu, bəstəkar, dirijor Abuzər Manafzadə (Avstriya), pianoçu Sandi Alem Anvar (Misir), sənətşünaslıq üzrə fəlsəfə doktoru, pianoçu Vüsalə Yusif (Oman), bəstəkar İsmayıl Hacıyev (Kanada) və bəstəkar, pianoçu, prezident təqaüdçüsü Pikə Axundova (Azərbaycan) qaldırılmış mövzu ilə əlaqədar öz maraqlı mülahizə və təkliflərini səsləndiriblər.
Tədbirin moderatoru Mərkəzin sektor müdiri Nadir Məmmədov, eyni zamanda, Bakı şəhər Uşaq Musiqi və İncəsənət məktəblərinin rəhbərlərini tədbir iştirakçılarına təqdim edərək, aparılan müzakirələr çərçivəsində onların da fikirlərini öyrənib. Çıxış edənlər həm Azərbaycanda fəaliyyət göstərən bədii təhsil məktəblərində təlim-tədris prosesinin üstünlükləri və çatışmazlıqlarının, həmçinin digər dövlətlərdəki musiqi təhsilinin hansı səviyyədə olmağının və Azərbaycanda bədii təhsil məktəblərində tətbiq edilən yeniliklərin bu sahədə olan mövcud inkişafa müsbət təsir edəcəyindən bəhs etdilər.
Vebinarın sonunda mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev mövcud formatdakı tədbirin ilk dəfə təşkil olduğunu bildirərək, dünyanın 10 ölkəsindən olan azərbaycanlıların bir araya toplanması faktını əlamətdar hal kimi qiymətləndirib. Prezidentin təşəbbüsü ilə başlanmış islahatların qarşısında duran strateji hədəflərdən biri məhz Azərbaycanda müxtəlif sahələr üzrə peşəkar və rəqabətə davamlı kadrların yetişdirməsindən ibarət olduğunu söyləyən A.Usubəliyev, musiqi və bədii təhsil kimi sahələrin sözügedən kontekstdə özəl çəkiyə malik olduğunu vurğulayıb.
Ölkəmizin bədii təhsil sisteminin ilk pilləsini təşkil edən uşaq musiqi və incəsənət məktəblərinin uzun illər ərzində qazanılmış uğurlu ənənələrin qorunması ilə yanaşı, tədrisin təşkili və məktəblərin idarə olunması kimi proseslərin təkmilləşdirilməsinə ehtiyac olduğunu qeyd edən mərkəzin direktoru, sözügedən istiqamətdə, habelə Azərbaycan musiqisinin sistemli təbliği işlərində mövcud potensialların səfərbər olunmasına ehtiyac olduğunu bildirib.
Daha sonra fikir mübadiləsi formatında davam edən görüş çərçivəsində iştirakçılar tərəfindən mövcud istiqamətdə fəaliyyətin koordinasiyasına ehtiyac olduğu və xaricdə yaşayan həmyerlilərimiz tərəfindən əldə ediləcək uğurların respublikanın beynəlxalq aləmdə nüfuzunun artmasına xidmət edəcəyini bildiriblər.
Müasir Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli simalarından danışarkən bu məktəbin layiqli nümayəndəsi Vasif Adıgözəlovun yaradıcılığını xüsusilə qeyd etmək lazımdır. Musiqi mədəniyyətimizə möhtəşəm töhfələr verən Vasif Adıgözəlov bu gün də incəsənət xadimləri, musiqiçilər tərəfindən böyük minnətdarlıqla xatırlanır, əsərləri repertuarlardan düşmür. Vasif Adıgözəlov Azərbaycan musiqi tarixində öz yeri, öz dəst-xətti olan bəstəkarlardandır. Yaratdığı ölməz sənət inciləri ilə mənsub olduğu xalqın mədəniyyət tarixinə bənzərsiz töhfələr verən sənətkarın sənət dünyası əbədiyaşardır, bənzərsizdir...
Bu gün Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri, Xalq artisti, professor, Dövlət mükafatı laureatı, "Şöhrət" və "İstiqlal" ordenli, unudulmaz bəstəkar Vasif Adıgözəlovun anadan olmasının 85-ci ildönümü tamam olur.
Vasif Adıgözəlov 1935-ci il iyul ayının 28-də Bakıda məşhur muğam ustası Zülfü Adıgözəlovun ailəsində dünyaya göz açıb. İlk musiqi təhsilini konservatoriyanın nəzdindəki 10 illik musiqi məktəbində pianoçu kimi alıb. 1953-cü ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. Bəstəkarlıq üzrə Qara Qarayevin , fortepiano üzrə Simuzər Quliyevanın sinfində təhsilini davam etdirib. 1959-cu ildə həmin təhsil ocağını iki ixtisas üzrə bitirib. 1958-ci ildən əmək fəaliyyətinə başlayan sənətkar müxtəlif mədəniyyət ocaqlarında məsul vəzifələrdə çalışıb. Bəstəkarın əməyi hər zaman yüksək qiymətləndirilərək ən yüksək fəxri adlara, orden və medallara layiq görülüb.
Görkəmli bəstəkar 2006-cı il sentyabrın 16-da dünyasını dəyişib və Fəxri xiyabanda dəfn olunub.
Vasif Adıgözəlovun yaradıcılığı milli musiqi mədəniyyətimizdə xüsusi rola və əhəmiyyətə malikdir. Onun əsərləri nəinki ölkəmizin, dünyanın bir çox yerlərində, o cümlədən, Almaniya, Bolqarıstan, Çexiya, Meksika, Kosta-Riko, Venesuela, Kuba, Türkiyə, İran və keçmiş SSRİ respublikalarının musiqi ictimaiyyətinə yaxşı tanışdır.
V.Adıgözəlovun yaradıcılığı çox geniş və rəngarəngdir. Onun müxtəlif musiqi janrlarında yazdığı yüksək səviyyəli sənət əsərləri geniş dinləyici kütləsinin rəğbətini qazanıb. Bəstəkar 2 operanın - "Ölülər" və "Natəvan", 6 musiqili komediyanın - o cümlədən, "Nənəmin şahlıq quşu", bəstəkar Ramiz Mustafayevlə birgə yazdığı "Hacı Qara", "Boşanaq - evlənərik", "Aldın payını, çağır dayını", həmçinin, "Odlar yurdu", "Qarabağ şikəstəsi", "Çanaqqala-1915", "Qəm karvanı" oratoriyalarının, 3 simfoniyanın, "Segah" muğam-simfoniyasının, "Mərhələlər", "Afrika mübarizə edir" simfonik poemalarının, 5 instrumental konsertin, çoxlu sayda kamera-instrumental əsərlərin, 100-ə qədər mahnı və romansın, dram tamaşalarına və kinofilmlərə yazılmış musiqinin müəllifidir.
Bəstəkarın müxtəlif janrları əhatə edən yaradıcılığının çox hissəsini fortepiano üçün musiqi təşkil edir. Bu da təsadüfi deyil. Onun bir pianoçu kimi istedadı musiqi ictimaiyyəti tərəfindən həmişə yüksək qiymətləndirilib. Bəstəkar hələ tələbəlik illərindən başlayaraq, fortepiano üçün prelüdlərdən tutmuş ən iri həcmli instrumental əsər - piano və orkestr üçün 3 "Konsert"in, skripka və orkestr üçün, violonçel və orkestr üçün konsertin müəllifidir.
Bəstəkarın yaradıcılığında monumental vokal-simfonik əsərlər də üstünlük təşkil edir. Onun müxtəlif illərdə bəstələdiyi "Odlar yurdu", "Qarabağ şikəstəsi", "Çanaqqala-1915" oratoriyaları xalqın tarixini, onun azadlıq və müstəqillik uğrunda mübarizəsini və qələbəsini tərənnüm edən yüksək vətənpərvərlik ruhunda yazılmış sənət əsərləridir. Xüsusilə, "Çanaqqala-1915" qəhrəmanlıq epopeyasına ilk dəfə Azərbaycan bəstəkarı Vasif Adıgözəlov müraciət etmiş və bu monumental əsər Türkiyə xalqının həyatında əlamətdar bir hadisə kimi yüksək qiymətləndirilib.
İri monumental əsərlərlə yanaşı, bəstəkarın mahnıları da öz səmimi, ecazkar melodiyası ilə xalqımızın ürəyinə yol tapıb. Onun dillər əzbəri olan "Qərənfil", "Bakı", "Xoşum gəlir", "Naz-naz", "Şuşa laylası", "Ana" kimi mahnıları insanın ülvi hisslərinin yüksək bədii təzahürüdür.
Azərbaycan musiqi ictimaiyyəti V.Adıgözəlovu həm də fəal ictimai xadim kimi sevmiş və tanımışdır. O, müxtəlif illərdə Bakı Musiqi Texnikumunda direktor, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında, Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbər, Bakı Musiqi Akademiyasında kafedra müdiri və Azərbaycan Bəstəkarlar İttifaqında birinci katib kimi çalışaraq böyük təşkilatçılıq qabiliyyəti göstərməklə yanaşı, öz səmimi və mehriban xasiyyəti ilə ictimaiyyətin dərin rəğbətini qazanıb.
Azərbaycan muğamlarının mahir bilicisi, görkəmli xanəndə Zülfü Adıgözəlovun ailəsində doğulub boya-başa çatmış Vasif Adıgözəlovun xalq musiqisi mühitində tərbiyə olunması onun yaradıcılığının milli zəmində formalaşmasına bilavasitə təsir göstərib. Müasir bəstəkarlıq texnikasının incəliklərini mənimsəməklə pianoçuluq məharətinə yiyələnməklə yanaşı, V.Adıgözəlov xalq musiqi qaynaqlarından bəhrələnərək, öz zəngin təxəyyülünün məhsulu olan orijinal əsərlər yaradıb.
Qeyd edək ki, görkəmli bəstəkarın 80 illik yubileyi ölkəmizdə dövlət səviyyəsində qeyd olunub. Bu məqsədlə Azərbaycan Prezidenti İlham Əliyev "Vasif Adıgözəlovun 80 illik yubileyinin keçirilməsi haqqında" 2015-ci il 11 fevral tarixli Sərəncam imzalayıb. Sərəncama uyğun olaraq ölkəmizin hər yerində silsilə tədbirlər keçirilib.
Vasif Adıgözəlovun yaratdığı ölməz sənət inciləri Azərbaycan musiqisinin ən dəyərli nümunələrindən biri kimi əsrlərboyu yaşayacaq, öz müəllifini heç zaman unudulmağa qoymayacaq. Bax, əsl sənətkarın da gücü və istedadı ondadır ki, onun yaratdıqları hər zaman əbədiyaşar olaraq qalır.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası gənc yazar, kitabxananın əməkdaşı Pərvanə Bayramqızı ilə virtual görüş keçirib.
Kitabxananın “Instagram” səhifəsi üzərindən aparılan canlı yayımda vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb.
Görüşdə P.Bayramqızı qələmə aldığı hekayələr, məqalələr haqqında məlumat verib, ədəbi dərgilərə oxucu marağından danışaraq, karantin müddətində mütaliənin insanların həyatında daha mühüm yer tutduğunu vurğulayıb. Pərvanə Bayramqızı mətbuat səhifələrində ilk dəfə 2003-cü ildə “Mən də övladıyam Azərbaycanın” şeiri ilə tanınıb. “Qəlbimin istəkləri” adlı birinci kitabı 2008-ci ildə ADMİU-nun “Qarabağ” mətbəəsində çap olunub. Müxtəlif illərdə “Savalan”, “Rəy” (Gəncə), “Bütöv Azərbaycan”, “Ədalət” qəzetlərində, “Günəş”, “Yazı”, “Xəzan”, “Ustad”, “Azərbaycan” və “Ulduz” jurnallarında Pərvanə Bayramqızı imzasıyla şeir, hekayə və köşə yazıları dərc edilib. “Yaza bilməyən yazıçı” adlı ikinci kitabı Pərvanə Bayramqızının son iki il ərzində mətbuatda və saytlarda dərc edilmiş ictimai-sosial həyatın problemlərindən bəhs edən yazılarının məcmusudur. Uşaqlarda erkən yaşlardan kitaba maraq aşılamaq məqsədinə xidmət edən köşə yazıları və hekayələrində ədəbiyyatın, mütaliənin təbliğinə yönləndirdiyi fəaliyyəti uğurludur. İstər müharibə, istərsə də digər mövzularda yazdığı hekayələrində mənəvi keyfiyyətlərə, qadın-kişi, övlad-valideyn münasibətlərinə üstünlük verir.
P.Bayramqızı, eyni zamanda, yazılarında təhsillə, ana dili ilə bağlı problemlərə də toxunur. Ana dili mövzusunda yazılarına görə Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi tərəfindən təşəkkürnamə ilə təltif edilib.
İyulun 28-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan Prezidentinin 2020-ci il 27 iyul tarixli Sərəncamı ilə Təhsil naziri vəzifəsinə təyin olunmuş Emin Əmrullayevi nazirliyin kollektivinə təqdim edib.
Təhsil Nazirliyindən bildirilib ki, Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva son illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda bütün sahələrdə nailiyyətlər əldə olunduğunu, xüsusilə təhsil sahəsində həyata keçirilən islahatları diqqətə çatdırıb.
Emin Əmrullayev dövlət başçısı tərəfindən ona göstərilən yüksək etimada görə təşəkkürünü bildirib. Nazir ölkə Prezidentinin təhsil sahəsində qarşıya qoyduğu hədəflərin layiqincə yerinə yetirilməsi, təhsildə islahatların daha da dərinləşdirilməsi və hər bir Azərbaycan vətəndaşının keyfiyyətli təhsillə əhatə olunması üçün əlindən gələni edəcəyini bildirib.