Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Virtual məktəb”ə çıxışın təmin edilməsi məqsədilə yeni layihənin icrasına başlanılıb

    Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Pandemiya dövründə təhsil təşəbbüslərinə dəstək - “Virtual məktəb” layihəsinə çıxışın təmin edilməsi məqsədilə aztəminatlı ailələrin məktəbyaşlı övladlarının texniki resurslarla təmin edilməsi” layihəsinin icrasına başlayıb.

    Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətindən bildirilib ki, layihənin məqsədi koronavirus pandemiyası səbəbindən Təhsil Nazirliyi tərəfindən təqdim edilən “Virtual məktəb” layihəsi çərçivəsində məsafədən təhsilin əlçatanlığını aztəminatlı ailələrdən olan şagirdlər üçün təmin etməkdən ibarətdir. Bu məqsədlə iki rayonda bu kateqoriyadan olan ailələrdə məktəbyaşlı uşaqların planşetlərlə təmin olunması nəzərdə tutulur. Layihə 20 ailəni əhatə edəcək və onlara texniki avadanlıqlarla yanaşı, bu avadanlıqlardan istifadə ilə bağlı təlimatlar veriləcək.

     
  • “Sarayevonun ürəyi” kinofestivalında ölkəmizin də iştirakı gözlənilir

    26-cı “Sarayevonun ürəyi” kinofestivalında 49 film yüksək mükafat uğrunda yarışacaq. Dörd nominasiya üzrə bədii, sənədli, tələbə və qısametrajlı filmlər mübarizə aparacaq.

    Festivalda iştirak edən ölkələr arasında Azərbaycanla yanaşı, Albaniya, Avstriya, Bosniya və Herseqovina, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Malta və Türkiyə istehsalı olan filmlər də var.

    Seçim mərhələsində təqdim olunan 750 filmdən yalnız 49-u finala vəsiqə qazanacaq. Seçiləcək ekran əsərlərindən səkkizi dünya premyerasında göstərilməyə vəsiqə qazanacaq.

     
  • Dilçilik İnstitutunun 75 illiyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

    AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun yaradılmasının 75 illiyinə həsr olunan “Dilçiliyin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

    İnstitutdan bildirilib ki, noyabrda keçiriləcək konfransa Azərbaycan dilçiliyinin aktual problemləri, ədəbi dil və dil normaları qloballaşma şəraitində, ümumi və nəzəri dilçilik məsələləri, türkoloji tədqiqatların müasir aspektləri, terminologiya və onomastika məsələləri, linqvistik mətnşünaslıq və dil tarixi bölmələri üzrə məruzələr qəbul olunur.

    Məruzələr А4 formatda, “Timеs New Roman” şriftində 12 ölçüdə, 1,5 interval olmaqla təqdim edilməlidir. Mətnin əvvəlində böyük şriftlə məruzənin adı, müəllifin adı, soyadı, atasının adı, elmi dərəcəsi (varsa), iş yeri, elektron ünvanı qeyd edilir. Məruzənin mətni ingilis dilində xülasə ilə birlikdə 6 səhifə olmalıdır.

    Təşkilat komitəsi məruzələrin seçilməsi, düzəlişlərin edilməsi (ümumi məzmununu dəyişmədən), geri qaytarılması hüququna malikdir. Məruzələr sentyabrın 30-dək qəbul olunur.

     
  • Nəriman Nərimanovun anadan olmasının 150 illiyinə həsr edilən konfrans keçiriləcək

    Sentyabrın 29-da AMEA-nın Elm Tarixi İnstitutunun təşkilatçılığı ilə “Nəriman Nərimanovun irsi və onun Azərbaycan ictimai-siyasi fikrində yeri” mövzusunda elmi konfrans keçiriləcək. Tədbir Azərbaycanın görkəmli yazıçısı, ictimai-siyasi xadim Nəriman Nərimanovun anadan olmasının 150 illiyinə həsr ediləcək.

    İnstitutdan bildirilib ki, konfransda elmi məruzə ilə iştirak etmək istəyən tədqiqatçılar sentyabrın 1-dək məruzələrinin tam mətnlərini elmtarixi@gmail.com elektron ünvanına göndərə bilərlər.

    Konfransa təqdim olunan tezis 1-2, məqalə 8-10 səhifə olmalıdır. Tezis və məqalələrdə müəllifin soyadı, adı, atasının adı qalın şriftlə, tezis və məqalənin adı böyük hərflərlə və qalın şriftlə, təmsil etdiyi müəssisənin adı, vəzifəsi, elmi dərəcəsi göstərilməlidir.

     
  • “Kino sənətində silinməz izlər” sənədli filminin premyerası olacaq

    İyulun 25-i saat 21:00-da “Mədəniyyət” kanalında fotoqraf-rəssam Pərviz Quliyevin həyat və yaradıcılığına həsr olunmuş “Kino sənətində silinməz izlər” sənədli filminin premyerası olacaq.

    Ekran əsəri Azərbaycan kinosunun fədakar veteranı, Əməkdar mədəniyyət işçisi, fotoqraf-rəssam Pərviz Quliyevin keçdiyi mənalı həyat və zəngin yaradıcılıq yolundan bəhs edir.

    Filmdə görkəmli rejissorlar, Xalq artistləri Oqtay Mirqasımov və Ramiz Həsənoğlu, kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə sənətkar haqqında ürək sözlərini dilə gətirir. Ekran əsərində veteran kino xadimlərinin xatirələri də yer alıb. Filmin müəllifi Əməkdar jurnalist Salar Aslanov, rejissoru Sənan Sultanovdur.

    Qeyd edək ki, fotoqraf-rəssam Pərviz Quliyev 1942-ci il yanvarın 19-da Bakıda anadan olub. 1961-ci ildən etibarən “Azərbaycanfilm” Kinostudiyasında laborant, daha sonra fotorəssam, usta-fotoqraf kimi çalışıb. 1967-ci ildən isə foto sexinə rəhbərlik edib. Dəfələrlə keçmiş SSRİ məkanında keçirilən Azərbaycan mədəniyyəti günlərində ölkəmizi tərənnüm edən fotostendlərin tərtibatçısı olub. Ölkəmizin korifey kinorejissorlarının quruluş verdiyi 50-dən artıq bədii, sənədli, elmi-kütləvi filmlərə fotoqraf-rəssam kimi tərtibat verib.

     
  • Polkovnik-leytenant Rəşad Atakişiyevin anım gününə həsr olunmuş videoçarx

    Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının fəxri oxucusu, şairə, yazıçı-publisist Sevinc Ağa Xəlilqızı Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Hərbi Hava Qüvvələrinin zabiti Rəşad Atakişiyevin anım gününə həsr etdiyi videoçarxı kitabxanaya təqdim edib.

    Bu barədə Yasamal rayon MKS-dən məlumat verilib. Qeyd olunub ki, 2019-cu il iyul ayının 24-də təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi ilə rabitə əlaqəsi kəsilib və qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev həlak olub.

    Videoçarxda Sevinc Ağa Xəlilqızının Rəşad Atakişiyevə həsr etdiyi şeir və polkovnik-leytenantın fotoları təqdim olunur. Videoçarx Murat Başaranın ifa etdiyi “Gülümse Anne” türküsü ilə müşayiət edilir.

     
  • “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsi davam etdirilir

    Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsini uğurla davam etdirir.

    Yasamal rayon MKS-dən bildirilib ki, “Şəhid balam” adlı videoçarx kitabxanaya təqdim olunub.

    Videoçarxda yer alan “Şəhid balam” şeirinin müəllifi Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, şairə-publisist, “Vedibasar” qəzetinin redaktoru Nəsibə İsrafilqızıdır. Şeiri Pərvin Ərzənalı səsləndirib.

     
  • “Kitabxanaçı tövsiyə edir” layihəsində “Dəli Kür” romanı təhlil edilib

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Kitabxanaçı tövsiyə edir” layihəsi çərçivəsində görkəmli ədiblərimizin yaradıcılığına müraciət edir.

    İdarədən bildirilib ki, kitabxana bu dəfə İsmayıl Şıxlının “Dəli Kür” romanı haqqında videoçarx hazırlayıb.

    Görkəmli yazıçı İsmayıl Şıxlının oxucular arasında geniş şöhrət qazanmış "Dəli Kür" romanı XIX əsrdə tarixi qanunauyğunluqların Azərbaycan xalqının həyatına necə daxil olmasını, adamların yaşayışında, mənəviyyatında əmələ gətirdiyi köklü dəyişiklikləri realistcəsinə göstərən əsərdir.

    Xalqımızın milli oyanış dövrü Göytəpə kəndində baş verən mürəkkəb və ziddiyyətli hadisələr fonunda qələmə alınıb, əsər haqlı olaraq milli tarixi roman janrının kamil nümunələrindən sayılır. Sovet dövrü Azərbaycan ədəbiyyatında həqiqi milli xarakterin, realist zadəgan-kübar (mülkədar) obrazının ilk dolğun, tutumlu örnəyi məhz "Dəli Kür" romanının qəhrəmanı Cahandar ağadır.

     
  • Şəhid general-mayor Polad Həşimovun xatirəsinə həsr olunmuş film çəkiləcək

    Şəhid general-mayor Polad Həşimovun əziz xatirəsinə Qarabağ həqiqətlərindən bəhs edən bədii film çəkiləcək. “Komandir” adlı filmin ssenarisi artıq hazırdır.

    Bu barədə filmin ssenari müəllifi, rejissor Cəlaləddin Qasımov məlumat verib.

    Onun sözlərinə görə, Qarabağ müharibəsinə həsr olunan, eləcə də bu müharibədən əvvəl də ermənilərin Azərbaycana qarşı qara əməllərindən danışan ”Komandir" adlı filmin redaktoru Əməkdar incəsənət xadimi, tanınmış kinoşünas Aydın Kazımzadədir.

    Cəlaləddin Qasımov qeyd edib ki, filmin ssenarisi real hadisələrə əsaslanıb. Ssenaridəki hadisələrin bir hissəsi vaxtilə Tovuz rayonunda tibb bacısı işləmiş erməni qadın Tamara Adamyanın törətdiyi cinayətlərlə bağlıdır.

    O deyib ki, saat yarımlıq film hazır olduqdan sonra beynəlxalq film festivallarında nümayiş etdiriləcək: “Azərbaycan xalqının qəhrəman oğlu, general-mayor, Qarabağ müharibəsində şəhid olmuş Polad Həşimovun əziz xatirəsinə həsr edilən “Komandir” bədii filmi ermənilərin tarixboyu azərbaycanlılara qarşı törətdikləri soyqırımları, vəhşilikləri ekrana çıxarmaqla bunu bir daha dünya tamaşaçılarının mühakiməsinə verəcək”.

    Qeyd edək ki, Cəlaləddin Qasımov son illərdə ”Şollerin arxivi" adlı bədii və bir neçə sənədli, o cümlədən “100 il şərəfli ömür”, “Nobel qardaşları” və sairə filmləri ilə tanınır. Onun “Şollerin arxivi" filmi onlarla beynəlxalq festivalda medal qazanıb. İnanırıq ki, “Komandir” filmi də müəllifə uğur gətirəcək.

     
  • Azərbaycan istehsalı olan film Avropanın ən önəmli festivalının əsas müsabiqəsinə seçilib

    Azərbaycan istehsalı olan film 100 mindən çox auditoriyaya malik və Avropanın ən önəmli festivallarından biri sayılan “Sarajevo Film Festival”ının əsas müsabiqə proqramına seçilib.

    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilən “Daxildəki ada” tammetrajlı bədii filmin müəllifi və rejissoru Rüfət Həsənovdur.

    Ekran işi “Sarajevo Film Festival”ının əsas müsabiqə proqramına seçilən ilk tammetrajlı bədii Azərbaycan filmidir.

    Avqustun 14-21-də keçiriləcək 26-cı “Sarajevo Film Festival”ının jüri prezidenti “Oskar” mükafatlı “Artist” filminin rejissoru Mişel Hazanaviçiusdur.

    Festivalın əsas proqramının jüri heyətinə, həmçinin Berlin Film Festivalının bədii rəhbəri Karlo Şatrian, aktrisa Yadranka Dokiç, rejissor Srdan Qoluboviç və Morelia Film Festivalının layihə rəhbəri Andrea Stavenhagen daxildirlər.

    “Daxildəki ada” tammetrajlı bədii filmi “Azərbaycanfilm”, “Debüt” film studiyası, “Arizona Productions”, “Coyote Cinema” və “Mandarin Agency”-nin birgə istehsalıdır. Filmin post-prodakşn dəstəyi CNC - Fransa Dövlət Kino və Animasiya Mərkəzi və Baku Media Mərkəzinə, media dəstəyi isə İctimai Televiziyaya aiddir. Baş qəhrəman Seymur Tahirbəyov dünyanın qabaqcıl şahmat qrossmeysterlərindən biridir. Karyerasının ən önəmli oyunundan bir neçə həftə öncə özünü kəşf etmək məqsədilə yalnız bir nəfər sakini olan adaya gizlincə yola düşür.

    Filmin ssenari müəllifi və rejissoru Rüfət Həsənov, quruluşcu operatoru Orxan Abbasov, quruluşcu rəssamı Elturan Məmmədov, bəstəkarları Katya Yonder və Fərhad Fərzəli, səs rejissoru Teymur Kərimov, ikinci rejissoru Kamran Ağabalayev, icraçı prodüseri Nadir Əliyevdir.

    Baş rolları Orxan Ata, Vidadi Həsənov, Qurban İsmayılov, Rafiq Əzimov və Elvin Adıgözəl ifa edirlər.