Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Qahirə Universitetində Azərbaycan ədəbiyyatı tədqiq olunacaq

    Qahirə Universitetinin Ədəbiyyat fakültəsinin Şərq dilləri kafedrasında Azərbaycan dili üzrə mütəxəssis yetişdirilir.

    Universitetin Elmi Şurasının aldığı qərara əsasən, magistratura mərhələsində təhsilini davam etdirən tələbə Zeynəb Əlinin elmi işi görkəmli Azərbaycan yazıçısı İsmayıl Şıxlının “Ayrılan yollar” romanı olacaq.

    Qahirə Universitetinin professoru, “Vətənpərvər” Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov AZƏRTAC-ın müxbirinə bildirib ki, fakültədə 2017–ci ildən bəri Azərbaycan dili tədris edilir. Bu müddət ərzində 500-dən çox tələbəyə Azərbaycan dili ilə yanaşı, ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti və həqiqətləri ilə bağlı geniş məlumatlar verilib.

    S.Nəsirov qeyd edib ki, onun tələbələri arasında ilk dəfə ərəb dilində “Azərbaycan dilinin qrammatikası” kitabını yazan da vardır. “Misirlilərin dilimizə marağı gündən–günə artır. Hədəfimiz onların arasında Azərbaycan dilini bilənlərin sayını çoxaltmaq və ölkəmizə yeni dostlar qazandırmaqdır”, - deyə o vurğulayıb. Əlavə edib ki, Şərq dilləri kafedrasının qərarına əsasən, dosent Samiya Cəlal və Seymur Nəsirov tədqiqatçının elmi rəhbəri təyin olunublar. Diaspor sədri bu önəmli qərara görə kafedranın türk dili şöbəsinin müəllimlərinə və rəhbəri professor Cəlal əl-Hifnəviyə öz dərin minnətdarlığını bildirib.

    Qeyd edək ki, Qahirə Universitetində Azərbaycan dilini öyrənən tələbələrdən bir qrupu hazırda diaspor mərkəzində təhsilini davam etdirir. Artıq həmin tələbələr arasında Azərbaycan dilindən ərəb dilinə məqalələr tərcümə etmək səviyyəsində olanlar da var. Bundan başqa, hazırda Azərbaycanın Qahirədəki diaspor mərkəzində azərbaycanlılarla yanaşı, dünyanın 27 ölkəsindən 300-dən çox tələbə müxtəlif ixtisaslar üzrə onlayn şəkildə ödənişsiz təhsil alır.

  • Qısa Filmlər Festivalına filmlərin qəbulu başlayıb

    Noyabrın 13-dən 17-dək Bakıda keçiriləcək XI Bakı Beynəlxalq Qısa Filmlər Festivalına (BBQFF) filmlərin qəbulu başlayıb.

    “CINEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festivala Mədəniyyət, Gənclər və İdman nazirlikləri dəstək verir.

    Festivalın dəstəkçiləri sırasında Prodüserlər Gildiyası, Nizami Kino Mərkəzi, “02 MEDİA”, ÖZ FİLM şirkəti də yer alır.

    Festival bu il də “35 yaş, 35 dəqiqə” prinsipinə sadiq qalır. Yaşı 35-ə qədər olan rejissorlar 35 dəqiqədən çox olmayan qısa filmlərini festivala sentyabrın 1-dək təqdim edə bilərlər.

    Festivalda beynəlxalq, yerli, “CİNEMOBİL” müsabiqə bölmələri mövcuddur.

    Beynəlxalq müsabiqəyə əcnəbi və yerli rejissorlar bədii, sənədli, animasiya filmləri ilə qatıla bilərlər.

    Festivalın yerli rejissorlara ünvanlanmış proqramları zənginliyi ilə seçilir. Yerli müsabiqədə bədii, sənədli, animasiya ilə yanaşı sosial çarxlar da mübarizəyə qoşulur.

    Mobil telefonla çəkilmiş filmlərin yarışdığı “CİNEMOBİL” müsabiqəsi də yerli müəlliflər üçün nəzərdə tutulub. Ötən illərdən fərqli olaraq bu il iştirakçılar maksimum 5 dəqiqəlik ekran əsərlərini müsabiqəyə təqdim edə bilərlər.

    Hər bir müəllif öz filmini festivalın saytı (www.filmfestival.az) və www.filmfreeway.com platforması üzərindən göndərə bilər.

    Filmlər Seçim Komissiyası tərəfindən baxılaraq, müsabiqə proqramına daxil edilir.

    Festivalın rəsmi proqramı oktyabrın 20-də açıqlanacaq.

    Festivalın əsas mükafatı olan “Qızıl Nar” uğrunda yarışacaq filmləri yerli və xarici mütəxəssislərdən ibarət münsiflər heyəti qiymətləndirəcək.

    Yerli rejissorlara hər zaman dəstək olmağa çalışan kinoforumda bu il bir ilk yaşanacaq. BBQFF Yerli müsabiqənin “Ən yaxşı qısa bədii film”, “Ən yaxşı qısa sənədli film” nominasiyalarının qaliblərinə növbəti layihəsi üçün texniki və post-prodakşn dəstəyini öz üzərinə götürür. “Ən yaxşı qısa animasiya filmi”nin mükafatçısının yeni filminin yalnız post-prodakşn işlərini festival həyata keçirəcək.

    2004-cü ildə təsis edilən Kann, Venesiya, Berlin film festivallarında, “Oskar”da mükafat və uğur qazanmış filmləri ölkəmizə gətirən Bakı Beynəlxalq Qısa Filmlər Festivalı hazırda Azərbaycanın uzunömürlü və ən böyük kino festivalıdır.

    Hər il dünyanın müxtəlif ölkələrindən göndərilən 1500-dən çox film arasından ən maraqlıları seçilərək festivalın proqramına daxil edilir.

    Bundan başqa, fərqli yanaşma tərzi, hadisələri maraqlı üslublarda göstərməyə çalışan yerli rejissorların yeni filmlərini də tamaşaçılar beş gün ərzində məhz bu festivalda izləmə şansına malikdirlər.

    Bakı BQFF ölkəmizdə kinematoqrafın təməllərindən hesab olunan qısa filmlərə marağın artırılmasını, gənc kinematoqrafçıların həvəsləndirilməsi və onlara dəstəyi özündə əks etdirir.

     
  • Turizm ixtisasları üzrə pilot peşə təhsili proqramlarına qəbul aparılır

    Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin pilot peşə təhsil proqramlarına 2020-2021-ci tədris ili üzrə tələbə qəbulu davam edir.

    Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, aşpaz və mehmanxana inzibatçısı ixtisasları üzrə təhsil almaq istəyən şəxslər link vasitəsilə (https://bit.ly/2O03Ngo) iyulun 31-dək elektron qeydiyyatdan keçməlidirlər.

    Müsabiqə elektron ərizələrin qiymətləndirilməsi və müsahibə mərhələlərindən ibarətdir.

    Qeydiyyatdan keçmiş namizədlərin elektron ərizələrindəki məlumatların uyğunluğu yoxlanıldıqdan sonra müvafiq tələblərə (tam orta təhsil və ixtisas fənlər üzrə yüksək qiyməti olan namizədlər) cavab verən şəxslər növbəti mərhələyə dəvət ediləcəklər. İkinci mərhələdə iştirak edən namizədlərə seçdikləri ixtisaslar üzrə sual və tapşırıqlar təqdim olunacaq.

    Xatırladaq ki, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin pilot proqramları çərçivəsində tam orta təhsil bazasından aşpaz və mehmanxana inzibatçısı ixtisasları üzrə müraciət edərək, 1 illik texniki peşə təhsili pilləsinə yiyələnmək mümkündür.

  • Klaus Şvabın “Dördüncü sənaye inqilabı” kitabının elektron variantı oxuculara təqdim olunub

    Dünya İqtisadi Forumunun Davosda keçirilən sonuncu Zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyev ilə Forumun prezidenti Borge Brende arasında dördüncü sənaye inqilabı üzrə Bakıda regional mərkəzin yaradılması haqqında niyyət protokolu imzalanıb.

    Dünya İqtisadi Forumunun qurucusu və icraçı sədri professor Klaus Şvabın “Dördüncü sənaye inqilabı” adlı məşhur əsəri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) alimləri tərəfindən Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilib.

    UNEC-dən bildirilib ki, kitabın elektron variantı oxuculara təqdim olunub.

    Klaus Şvabın bu əsəri süni intellekt, robotlar, əşyaların interneti, avtonom maşınlar, üçölçülü printerlər, nanotexnologiya, biotexnologiya, kvant hesablamaları kimi yeni texnoloji sıçrayışlara əsaslanan dördüncü sənaye inqilabının nə olduğu, hansı yenilikləri gətirəcəyi, necə təsir göstərəcəyi və onu ümumi faydalara çevirmək üçün nələr edilə biləcəyi haqqındadır. Müəllif əsərini gələcəyə maraq göstərənlər, dünyanı daha yaxşı bir vəziyyətə gətirmək naminə özlərini bu inqilabi dəyişikliyin yaratdığı fürsətlərdən istifadəyə həsr etmiş insanlar üçün yazdığını qeyd edir. Bu baxımdan, əsərdə yeni texnoloji inqilabın əsas xüsusiyyətləri təsvir edilir, yaratdığı imkanlar və dilemmalar vurğulanır və ən əhəmiyyətlisi, dördüncü sənaye inqilabının insanlığın nəzarətində baş verməsinin yolları araşdırılır.

    Maraqlananlar kitabın elektron variantı ilə IV Sənaye İnqilabı linkində tanış ola bilərlər.

     
  • Kataliz və Qeyri-üzvi Kimya İnstitutu əməkdaşının məqaləsi beynəlxalq elmi bazada indeksləşən jurnalda dərc olunub

    AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı, kimya üzrə fəlsəfə doktoru, dosent Faiq Məmmədovun həmmüəllifi olduğu “MnGaInSе4 monokristalının dəyişən sahədə elektrik keçiriciliyi” adlı məqalə “Web of Science” elmi bazasında indeksləşən, İsveçrədə “Springer Nature Switzerland” nəşriyyatının “Technical Physics Letters” jurnalında dərc olunub.

    İnstitutdan bildirilib ki, məqalədə müasir elektrotexnika üçün perspektivli maqnit materialı hesab olunan MnGaInSе4 monokristalının fiziki xassələrinin, o cümlədən elektrik keçiriciliyinin temperatur və tezlikdən asılılığı tədqiq olunub. Tədqiqat işi aktivləşmə enerjisinin təyinini əhatə etməklə materialşünaslığın müasir problemlərinə həsr olunub.

     
  • Bu həftə 27 mindən çox şagird imtahan verəcək

    Dövlət İmtahan Mərkəzinin iyulun 29-30-da keçirəcəyi növbəti buraxılış (qəbul) imtahanları respublikanın 20 şəhər və rayonunda təşkil olunacaq.

    Mərkəzdən bildirilib ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 135 imtahan binası, 2131 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 135 ümumi imtahan rəhbəri, 362 imtahan rəhbəri, 2826 nəzarətçi–müəllim, 270 buraxılışı təşkil edən əməkdaş, 135 bina nümayəndəsi cəlb edilib.

    İyulun 29-da keçiriləcək imtahanlarda 13809, iyulun 30-da keçiriləcək imtahanlarda isə 14115 nəfər olmaqla, ümumilikdə 27924 şagirdin (abituriyentin) imtahanlarda iştirakı nəzərdə tutulur.

    Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.

     
  • Elm və incəsənət sahəsində Vulf Mükafatı elan edilib

    2021-ci il üçün tibb, fizika, kimya, eləcə də musiqi sahəsində Vulf Mükafatı (Wolf Prize) elan edilib. Bu mükafat 1978-ci ildən milliyyətindən, irqindən, dinindən, siyasi durumundan, cinsindən asılı olmayaraq bəşəriyyətə və xalqlar arasındakı dostluq münasibətlərinə faydalı töhfələr vermiş tanınmış incəsənət və elm adamlarına verilir.

    Bu barədə AMEA məlumat yayıb. Bildirilir ki, hər bir sahə üzrə mükafat diplom və 100.000 ABŞ dolları məbləğində müəyyən edilib. Mükafata qrup halında layiq görüldükdə o, qaliblər arasında bölünür.

    Mükafat müəssisəyə deyil, şəxslərə verilir. İddiaçı özünü təqdim edə bilməz. Namizədlərin sənədləri sentyabrın 10-dək qəbul olunur.

    Qeyd edək ki, Vulf Mükafatı Yerusəlim şəhərində İsrailin Prezidenti tərəfindən sahiblərinə təqdim olunacaq.

     
  • Botanika İnstitutunun ərzaq təhlükəsizliyinə yönəldilmiş fəaliyyəti

    Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektoru Azərbaycanın sosial-iqtisadi həyatında xüsusi əhəmiyyət kəsb etdiyindən ötən dövr ərzində iqtisadiyyatın əsas sahələrindən biri kimi müəyyənləşdirilib və onun inkişafı üçün əlverişli şərait yaradılıb. Bu istiqamətdə aparılan məqsədyönlü siyasət ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün əsasən mövcud potensialdan və torpaq ehtiyatlarından istifadənin səmərəsini yüksəltməklə istehsalın artırılmasına və məhsul bolluğunun yaradılmasına yönəldilib.

    Prezident İlham Əliyev kənd təsərrüfatının inkişafı haqqında çıxışlarında da bildirib ki, müvafiq sahədə görülən tədbirlər öz bəhrəsini verir. Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və məşğulluğun təmin edilməsi üçün əsas sahələrdən biridir. Çünki əhalimizin təxminən yarısı bölgələrdə, yəni kənd yerlərində yaşayır.

    Sözsüz ki, son illərdə kənd təsərrüfatına dövlət qayğısının artması ölkəmizdə məhsul istehsalına güclü təkan verib. Bu məqsədlə AMEA Botanika İnstitutu da kənd təsərrüfatının inkişafı üçün müəyyən işlər həyata keçirir. Qeyd etmək lazımdır ki, ənənəvi kənd təsərrüfatı sektorunda bitkilərin sağlamlığı, məhsuldarlıq və keyfiyyət göstəriciləri ilə bağlı innovativ aqronomik strategiyaların hazırlanması üçün seçilmiş yabanı və mədəni yem bitkiləri arasında qarşılıqlı əlaqə haqqında elmi məlumatlar məhduddur. Son illər Orta Kür-Araz ovalığının gilli və şorlaşmış torpaqlarında iqlim dəyişkənliyi şəraitində bir sıra yem bitkilərinin adaptasiya potensialının müəyyənləşdirilməsi üzrə AMEA Botanika İnstitutunun Kürdəmir rayonunda yerləşən Kərrar Təcrübə Məntəqəsinin (KDM) ərazisində aparılan tədqiqatlar məhz bu məqsədə xidmət edir. Belə ki, təcrübələr zamanı sorqo, qarğıdalı, amarant, darı, raps, yonca, şəkər çuğunduru və Şoran Torpaqlarda Əkinçiliyin İnkişafı üzrə Beynəlxalq Mərkəz (ICBA) tərəfindən tövsiyə edilən kinoya kimi bir sıra əhəmiyyətli yerli və xarici yem bitkilərindən istifadə edilib. Digər yem bitkiləri ilə yanaşı, Botanika İnstitutu tərəfindən ölkəmizdə ilk dəfə öyrənilən kinoya bitkisinin inkişafı və məhsuldarlığına abiotik amillərin təsirləri araşdırılıb, allometrik əlaqələr və abiotik stresə davamlılıq dərəcələri təyin edilib.

    Bu fikirlər Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadənin “Botanika İnstitutunun ərzaq təhlükəsizliyinə yönəldilmiş fəaliyyəti” mövzusunda məqaləsində yer alıb. Məqalədə bildirilib ki, Orta Kür-Araz hövzəsi ərazisində quraq və yarımquraq iqlimin hökm sürməsi, aşağı keyfiyyətli müxtəlif səviyyəli şorlaşmış və şorakət torpaqların, həmçinin şirin su qıtlığının mövcudluğu, müasir əkinçilik sisteminin və suya qənaət edən müasir texnologiyanın yoxluğu davamlı qida istehsalını çətinləşdirir. Bu baxımdan azməhsuldar kənd təsərrüfatı ekosisteminin qiymətləndirilməsi, məhsuldar yem bitkiləri istehsalının elmi əsaslarının hazırlanması, şorlaşmış torpaqların keyfiyyətinin yaxşılaşdırılması tədbirlərinin həyata keçirilməsi məqsədəuyğundur. Botanika İnstitutunun əməkdaşları tərəfindən aparılan tədqiqatlara əsasən bitkilərin morfoloji və fizioloji parametrləri, allometrik əlaqələri və davamlılıq mexanizmlərinin öyrənilməsi nəticəsində kinoya bitkisinin duz və quraqlıq stresinə qarşı digər yem bitkilərindən daha dözümlü olduğu müəyyənləşdirilib.

    Marginal mühitdə gələcək ərzaq və qida təhlükəsizliyi üçün olduqca vacib olan kinoyanın bir neçə sortlarının istifadəsi baxımından Kür-Araz ovalığında şoran torpaqların fitobərpası, kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində aparılan işlərin genişləndirilməsi perspektivləri ön plana keçir. Bizim son məqsədimiz innovasiya və texnologiya transferi üçün dövlət və özəl sektorlarda çalışan elm adamlarını bir araya gətirmək, bu sektorlar arasında əməkdaşlıq imkanlarını araşdırmaq, tədqiqat, istehsal, mübadilə və bazar imkanlarını seçmək, təcrübəli və gənc mütəxəssisləri birlikdə bu tədqiqatlara qoşmaqdan ibarətdir.

    Qeyd etmək lazımdır ki, Cənubi Amerika əhalisinin əsas qida mənbələrindən olan kinoya bu günə qədər 100-dən çox ölkənin kənd təsərrüfatına - ərzaq istehsalına daxil olub və nəticədə BMT tərəfindən 2013-cü il Beynəlxalq Kinoya ili adlandırılıb. Kinoya bitkisi digər dənli bitkilərlə müqayisədə zülal, habelə bir sıra minerallar, nişasta, lipidlər, aminturşuları, tiamin, fol turşusu və vitaminlərlə zəngin olduğundan ondan müxtəlif aqrar-sənaye istiqamətlərində istifadə edilir. Bu bitki geniş çərçivədə abiotik stresə (isti, soyuq, yuxarı dərəcədə şorlaşma, duzlu sularla suvarma, su qıtlığı, quraqlıq, qida elementlərinin azlığı və s.) davamlı olmaqla “super bitki” və “gələcəyin qidası” adlarını qazanıb və həmçinin şorlaşmış torpaqların biobərpasında və meliorasiyasında müvəffəqiyyətlə tətbiq edilir. Kinoyanın gövdə və yarpaqları isə heyvandarlıq və quşçuluqda yem kimi geniş istifadə edilir. 2014-cü ildən respublikamızda ilk dəfə olaraq Botanika İnstitutunun Kürdəmir bazasında ICBA ilə birlikdə həyata keçirilən “Aral və Xəzər dənizi hövzələrinin azməhsuldar torpaqlarında ərzaq təhlükəsizliyinin yüksəldilməsi” mövzusunda müştərək layihə üzrə kinoya və bir sıra qida və yem əhəmiyyətli bitkilərlə təcrübələr aparılır və perspektivli nəticələr əldə edilib. Təcrübələr davam etdirilir. Bu bitkinin kənd təsərrüfatına daxil edilməsi Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyi, kənd təsərrüfatının inkişafı, torpaq, su və bitki ehtiyatlarının və biomüxtəlifliyin mühafizəsi, eləcə də marginal və şorlaşmış ərazilərin yaxşılaşdırılması üzrə dövlət proqramlarının yerinə yetirlməsinə töhfə verə bilər.

    “AMEA Botanika İnstitutunun direktoru akademik Validə Əlizadənin rəhbərliyi ilə həyata keçirilən bu iş proqramı çərçivəsində doktorant Xatirə Qasımova və magistr Emin Hüsüyev Ankara Universitetində elmi ezamiyyətdə olublar. Gənc mütəxəssislər Kürdəmir rayonunda yerləşən Kərrar Dayaq Məntəqəsində yem bitkilərinin inkişafına abiotik stresin təsiri üzrə həyata keçirilən elmi tədqiqatlar zamanı götürülmüş bitki və torpaq nümunələri üzərində analizlər aparıblar. Cari ildə təcrübələrdə yerli və ICBA tərəfindən tövsiyə edilən kinoya, sorqo, qarğıdalı, amarant, darı, yonca kimi 8 bitkidən istifadə edilib. Həmçinin Rusiya Elmlər Akademiyasının L.Komarov adına Botanika İnstitutunun Anatomiya və morfologiya laboratoriyasının müdiri, professor O.Yakovleva və professor T.Kravtsova ilə birlikdə gənc alimlərlərimiz tərəfindən skanedici elektron mikroskopu vasitəsilə müxtəlif növ quinoa (kinoya) bitkilərinin toxum və tozcuqlarının anatomik xüsusiyyətlərinin müqayisəli təhlilinin aparılması nəticəsində bu bitkinin abiotik stresə (duz və quraqlıq) digər yem bitkilərindən daha dözümlü olduğu müəyyənləşdirilib. Qeyd edilməlidir ki, Kürdəmirdə təqdim olunan bütün “quinoa” nümunələri ontogenezin bütün inkişaf mərhələlərini keçərək, canlı toxum əmələ gətirmə mərhələsinə qədər çatıb. Bu da yeni yem bitkiləri sortlarının seçilməsi, əkinçiliyə daxil edilməsi və şorlaşmış ərazilərin münbitliyinin fitobərpa edilməsinə imkan verəcək. Beləliklə, həyata keçirilmiş müvafiq elmi yanaşmalar və tədbirlər nəticəsində kinoya, amarant, sorqo, darı bitkiləri çox yüksək duzluluqda inkişaf edib, zəif, orta və yüksək şorlaşmış torpaqlarda isə bitkilərin böyüməsi arasındakı fərqlər əhəmiyyətli dərəcədə azalıb.

    Həmçinin AMEA Mərkəzi Nəbatat Bağının əməkdaşlarının iştirakı ilə ərazidə su və külək eroziyasının qarşısının alınması məqsədilə fitomeliorativ tədbirlər görülüb, ekoloji baxımdan davamlı və region üçün iqtisadi əhəmiyyətli olan 5000-dən çox ağac bitkiləri əkilib. Qeyd etmək lazımdır ki, Kürdəmir dayaq məntəqəsinin rəisi Nəriman Orucovun rəhbərliyi altında tarlada Botanika İnstitutunun alimləri ilə birlikdə bir çox kənd sakinləri – aqrotexniklər də çalışır və bu da görülən çöl işlərin müvəffəqiyyətini təmin edir. Beləliklə, Botanika İnstitutu tərəfindən müşahidələr və tədqiqatlar Kür-Araz ovalığının azməhsuldar şoranlaşmış torpaqlarında ərzaq təminatının yüksəldilməsi üçün yeni sortların seçilməsi, əkinçiliyə daxil edilməsi və şoranlaşmış ərazilərin münbitliyinin fitobərpa edilməsinə imkan verir”, - deyə məqalədə qeyd edilib.

     
  • Xətai Kitabxanasında növbəti virtual tədbir vətənpərvərlik mövzusuna həsr olunub

    Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin virtual şəkildə təşkil etdiyi “Vətən sizə oğul dedi” vətənpərvərlik mövzulu tədbirinin qonağı şair-publisist, türkoloq, Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı olub.

    Kitabxanadan bildirilib ki, yazar son günlər Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində cəbhə xəttində baş verən erməni təxribatı və qüdrətli Azərbaycan Ordusu tərəfindən bu təxribatın qarşısının alınmasından danışaraq, müdafiənin ön xəttində ordumuzun general-mayoru Polad Həşimovun və digər hərbçilərin düşmənlə üz-üzə şiddətli döyüşlərdə şəhid olmasını hüzn və kədərlə qarşıladığını bildirib. Eyni zamanda, işğalçı dövlətin tarixən Azərbaycan torpaqlarında illər öncə necə məskunlaşmasından və onların xalqımıza qarşı daim məkrli xain mövqedə olduqlarını bir daha diqqətə çatdırıb.

    Sonda yazar müəllifi olduğu vətənpərvərlik ruhlu şeirləri səsləndirib. Xalqımızın və ordumuzun, dövlətimizin arxasında necə sıx birləşdiyini, səfərbər olunduğunu və həmrəyliyini iftixarla qeyd edib.

     
  • #virtualkitabsərgisi layihəsi uğurla davam edir

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qaradağ rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi #virtualkitabsərgisi layihəsinin növbəti buraxılışında oxuculara Xalq yazıçısı İsmayıl Şıxlının kitablarından ibarət videoçarx təqdim edilib.

    İdarədən bildirilib ki, videoçarxda, həmçinin görkəmli ədibin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib.

    Ədəbiyyata gəlişindən söhbət açılarkən İsmayıl Şıxlının ilk mətbu əsəri – “Quşlar” şeirinin 1938-ci ildə “Ədəbiyyat” qəzetində dərc olunduğu qeyd edilib.

    Yazıçının “Yetər Aslanova”, “Kerç sularında”, “Dağlar səslənir”, “Daşkəsən”, “Ayrılan yollar”, “Dəli Kür”, “Məni itirməyin”, “Cəbhə yolları”, “Seçilmiş əsərləri”, “Daim axtarışda”, “Namərd gülləsi”, “Ölüləri qəbiristanda basdırın”, “Ölən dünyam” əsərləri də oxucuların diqqətinə çatdırılıb.

    Eyni zamanda, yazıçının ssenarisi əsasında çəkilən filmlərdən - “Dəli Kür”, “Xalq şairi Səməd Vurğun”, “Nə yaxşı ki, dünyada Səməd Vurğun var”, “İşarəni dənizdən gözləyin”, “Ayrılan yollar”, “Əzizə Cəfərzadə”, “Kürə qovuşan ömür”, “Bizim qəribə taleyimiz” və s. örnəklər gətirilib.