Son günlər Yaponiyada koronavirusa yoluxma təhlükəsinin artması ölkə iqtisadiyyatının tənzimlənməsi planlarına ciddi maneə yaradır.
Tokionun paytaxt hökuməti iyulun 16-da maksimum yoluxma barədə məlumat yayıb. Ötən gün bu rəqəm 286 nəfər təşkil edib. Bu, son bir həftə ərzində davam edən qismən aşağı göstəricilərin kəskin artması deməkdir.
Bildirilir ki, bu göstərici Tokionun turizm şirkətlərinin təqdim etdiyi istiqamətlərdən çıxarılması barədə qərarın qəbuluna səbəb olub. Yerli hakimiyyət orqanları və müxalifətdə olan deputatların ifadə etdiyi narahatlıqdan sonra Yaponiyada koronavirusa qarşı mübarizəyə cavabdeh olan qurumlar mütəxəssislərlə məsləhətləşərək bu addımı atıblar.
Yaponiyanın İqtisadiyyatın Bərpası naziri Nişimura Yasutoşi bəyan edib ki, mütəxəssislər Tokioya səfərlərdən “Go To” şirkətinin çıxarılması planını bəyəniblər. Bununla da həm paytaxta, həm də Tokiodan sakinlərin turist səfərləri dayandırılıb.
Bununla yanaşı, ölkənin digər ərazilərində olan sakinlərin daxili turizmin inkişafı üçün ayrılan subsidiyaları almaq və səyahət etmək hüquqları saxlanacaq.
Əlavə olaraq qeyd edək ki, iyulun 16-da Yaponiyada 600-dən çox koronavirusa yoluxma halı qeydə alınıb. Bu, son üç ay ərzində ən yüksək göstərici hesab olunur. Bununla da Yaponiya üzrə koronavirusa yoluxanların ümumi sayının 23 mini ötdüyü, təqribən 1000 nəfərin həyatını itirdiyi bildirilir.
Bu gün saat 21:00-da “YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə “Virtual ARTIM” layihə məkanında “Anlamaq mümkün deyil, mən sonsuzluğa, yoxsa göz qapaqlarımın tərs üzünə baxıram” adlı qrup sərgisi çərçivəsində “Rəqəmsal yuxular” mövzusunda rəssamlar Ağababa Bağırov və Coşua Dayson ilə ikinci anonim virtual müzakirə olacaq.
“YARAT”dan bildirilib ki, müzakirələr zamanı “qeyri-adi vaxtlarda hansı yuxular insanları narahat edir”, qapalı vəziyyətdə şüuraltınızda nə baş verir”, fobiyalar, qarabasmalar və klaustrofobik ssenarilərlə bağlı mövzular müzakirə ediləcək.
Virtual məkan yeni ifadə formalarını təqdim etməklə, eyni zamanda, kabuslar, qaranlıq gələcək ssenariləri və fantaziyalar üçün yeni təsəvvürlər təqdim edəcək.
Bu gün Əməkdar elm xadimi, professor, nizamişünas alim Xəlil Yusiflinin 85 illik yubileyidir. Bu münasibətlə Milli Kitabxananın əməkdaşları tərəfindən alimin həyat və fəaliyyətinə dair hazırlanan “Əməkdar elm xadimi, professor Xəlil Yusifli” adlı sərgi virtual rejimdə təqdim olunub.
Kitabxanadan bildirilib ki, virtual sərgidə alimin fəaliyyəti ilə bağlı rəsmi sənədlər, fotolar, elmi məqalələri, monoqrafiya, dərslik, tərtib, tərcümə və redaktoru olduğu kitablar təqdim olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Xelil_Yusifli/index.html linkindən istifadə edə bilərlər.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında balet truppasının quruluşçu baletmeysteri, Əməkdar artist Emin Əliyevin rəhbərliyi ilə onlayn rəqs kursları davam edir.
Teatrın mətbuat xidmətindən bildirilib ki, Emin Əliyevin şəxsi təşəbbüsü və rəhbərliyi ilə yaradılan bu virtual rəqs qruplarında milli və dünya xalqlarının rəqsləri öyrənilir. Fərdi və qrup şəklində, əyani və distant formada təklif olunan onlayn kurslara qəbul davam edir.
Qeyd edək ki, Emin Əliyev Bakı Xoreoqrafiya Akademiyasının məzunudur. 1996-cı ildən 2015-ci ilə qədər Azərbaycan Dövlət Rəqs Ansamblının solisti olub. 2004-cü ildə Xalq artisti Polad Bülbüloğlunun “Eşq və ölüm” baletində Nuri obrazı ilə daha çox tanınıb. O, bu obrazla Azərbaycanın müxtəlif mədəniyyət ocaqlarında və Rusiyanın Böyük Teatrında, Sankt- Peterburqun Marinski Teatrında çıxış edib. 2004-2006-cı illərdə Türkiyənin “Anadolu Atəşi” və 2017-ci ildə “Royal” rəqs ansambllarına dəvət alıb, bir müddət orada fəaliyyət göstərib, müxtəlif rəqs və balet tamaşalarına quruluş verib. Dünyanın 50-dən çox ölkəsində keçirilən beynəlxalq tədbirlərdə iştirak edib. Həmçinin o, maestro Niyazinin “Rast” simfonik muğamı və “Kitabi- Dədə Qorqud” dastanının motivləri əsasında “Dəryadan damla” balet-tamaşasına quruluş verib.
Emin Əliyev Azərbaycan Dövlət Akademik Musiqili Teatrında balet truppasının quruluşçu baletmeysteri kimi bir çox uğurlu layihələrdə iştirak edib, yeni hazırlanan tamaşalardakı balet kompozisiyalarına quruluş verib.
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən “Şəhidlər ölməz, Vətən bölünməz” layihəsinə qoşulan şairə Gülarə Munis vətənpərvərlik mövzusunda yazdığı qəzəlləri kitabxanaya təqdim edib.
Kitabxanadan bildirilib ki, qəzəllərdə şair Vətən uğrunda canından keçən oğullarımızın şücaətini, yüksək keyfiyyətlərini tərənnüm edir.
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda görkəmli pedaqoq, publisist Qafur Rəşad Mirzəzadənin (1884-1943) fotoşəkilləri saxlanılır.
Bu barədə Muzeydən məlumat verilib. Bildirilib ki, Qafur Rəşad Mirzəzadə XX əsrin əvvəllərində Azərbaycanın ictimai və mədəni həyatında fəal iştirak edib, dövri mətbuatda müxtəlif sosial problemlərə dair publisist məqalələrlə çıxış edib. 1908-ci ildə “Ayineyi-millət” (“Oyanınız, qardaşlar”) kitabını nəşr etdirib. Əsərdə maarifçilik əsarətdən qurtuluş vasitəsi hesab olunur. Milli məktəblərin dərsliklərlə təmin olunması sahəsində onun xidmətləri böyükdür. İlk coğrafiya dərsliklərinin yaradıcısı olan Qafur Rəşad “Qafur coğrafiyası”, “Ümumi coğrafiya”, “İbtidai coğrafiya”, “Coğrafiya terminləri lüğəti”, “SSRİ-nin iqtisadi coğrafiyası”, “Xəritə üzərində əməli iş” və sair dərsliklər, vəsaitlər nəşr etdirib. “Rəhbəri-sərf” (Məmmədsadıq Axundov ilə birgə), “Rəhbəri-hesab” (Əbdürrəhman Tofiq Əfəndizadə ilə birlikdə) dərslikləri uzun illər məktəblərdə tədris edilib.
Milli uşaq ədəbiyyatının inkişafında Qafur Rəşadın böyük xidmətləri olub. O, Azərbaycanda “Məktəb” adlı ikinci uşaq jurnalının (1911-1920) və uşaqlara məxsus ədəbiyyat nəşr edən eyniadlı ilk mətbəənin təsisçisidir (Əbdürrəhman Tofiq Əfəndizadə ilə birgə).
Qafur Rəşad Mirzəzadənin muzeydə qorunan fotoşəkilləri milli mətbuat və pedaqogika tariximizin tədqiqi və təbliği baxımından əhəmiyyətlidir.
AMEA Zoologiya İnstitutunun Zooloji Muzeyinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Səbinə Bünyatova herpetofaunanın tədqiqi məqsədilə respublikanın Astara və Yardımlı rayonlarının müxtəlif landşaftlarında ekspedisiyada olub.
İnstitutdan bildirilib ki, gənc alim herpetoloji tədqiqatlar zamanı qeyd olunan ərazilərdə Azərbaycan Respublikasının “Qırmızı kitabı”na daxil edilən amfibi və sürünən növlərinin yeni yayılma nöqtələrini qeydə alıb. Tədqiqatçı tərəfindən, həmçinin nadir növlərin fəsli və gündəlik fəallığı tədqiq olunub, yayıldıqları ərazilərin mikrorelyefi təsvir edilib.
Tədqiqat ərazilərində Talış quru qurbağası, Aralıq dənizi tısbağası, Xarabalıq kələzi, İran təlxəsi, Adi qonur ilan kimi nadir və bir sıra adi növlər qeydə alınıb.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzi və SUP.VC şirkətinin birgə təşkilatçılığı ilə keçiriləcək “EduHack” hakatonuna qeydiyyat davam edir.
UNEC–dən bildirilib ki, budəfəki hədəf universitet tələbələri, məzunlar, eləcə də təhsil sahəsində çalışanlardır. Yarışmada innovativ düşüncəli, təşəbbüskar, komanda ilə işləməyi bacaran, inkişafa meyilli gənclər iştirak edə bilərlər.
Hakatonda innovativ yollardan istifadə edərək distant təhsildəki çatışmazlıqların aradan qaldırılması üçün iştirakçılar 3 gün ərzində (iyulun 31-dən avqustun 2-dək) öz təşəbbüsləri üzərində işləyəcəklər. Onlar bu müddət ərzində təhsil və innovasiya sektorundan olan mentorların dəstəyi ilə ideyalarını layihə şəklinə gətirəcəklər.
Mükafat fondu 6000 manatdır. Birinci yerə 3000, ikinci yerə 2000, üçüncü yerə 1000 manat veriləcək.
Distant təhsildə yaranan problemlərin aradan qaldırılması məqsədilə hər bir gənc öz ideyalarını reallaşdıra bilər.
Qeydiyyat üçün https://www.facebook.com/events/1139001009789487/ linkindən istifadə etmək mümkündür.
AMEA Mərkəzi Nəbatat Bağının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Tubuxanım Qasımzadənin “Şirvanın səhra bitkiliyi (Azərbaycan)” məqaləsi “Bulletin of Science and Practice” jurnalında dərc olunub.
Nəbatat Bağından bildirilib ki, məqalədə Azərbaycanın Şirvan zonasının Aran hissəsinin səhra bitkiliyi təhlil edilib. Tədqiqatlar nəticəsində Şirvan zonasında səhra bitkiliyinin zonal xarakterli olduğu və 2 formasiya sinfi, 6 formasiya və 19 assosiasiyadan ibarət olduğu müəyyən edilib.
Qeyd edək ki, “Bulletin of Science and Practice” jurnalı “RSCI” (Rusiya Elmi İstinad İndeksi) və “Agrees” bazalarına daxildir.
Avqust ayında dörd gün ərzində qəbul imtahanlarının keçirilməsi planlaşdırılır.
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə iyulun 17-də keçirdiyi onlayn mətbuat konfransında deyib.
O bildirib ki, təxminən avqustun 13-14-də qəbul imtahanları başlaya bilər. Bu tarix də hələ ki dəqiq deyil. Çünki buraxılış imtahanlarının hamısının nəticələri elan olunmalıdır.