Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ş.Ələkbərova adına 20 nömrəli onbirillik musiqi məktəbinin müəllimləri və şagirdləri “Mədəniyyət” kanalı və Mədəniyyət Nazirliyinin “Bizi birləşdirən mədəniyyət” adlı birgə layihəsinə qoşulub.
İdarədən bildirilib ki, musiqi məktəbinin müəllimləri və şagirdləri layihə çərçivəsində “Sərhədsiz musiqi” həftəsində iştirak ediblər.
Müəllimlərdən Nərgiz Əliyeva və İlhamə Axundova Massnenin “Meditation”, Günay Süleymanova A.Məlikovun 3-cü Prelüdündan I hissəni, Aysel Məlikova və Samirə Muxubaliyeva P.İ.Çaykovskinin “Yatmış gözəl” baletindən “Vals”, Nərgiz Əliyeva və Aysel Məlikova Qlükun “Orfey və Evredika” operasından “Melodiya”, Səlim Nəsirli və şagirdi Nurəddin Musazadə Ə.Məmmədovun “Söylə” mahnısını, şagirdlərdən isə Fatimə Kəlbəliyeva Q.Qarayevin “Yürüş” əsərini, Nəzrin Əzizova E.Nəzirovanın “Pyes“ və J.Rüeffin “Caz” əsərlərini səsləndiriblər. Nəzəriyyə şöbəsinin müəllimi Vüsalə Məmmədova F.Şopenin həyat və yaradıcılığı haqqında məruzə edib.
Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası koronavirusa qarşı “Evdə qal və sağlam ol” çağırışına dəstək olaraq izləyicilər üçün növbəti videoçarx hazırlayıb.
Kitabxanadan bildirilib ki, “Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində hazırlanmış növbəti tur Şəmkir rayonunadır.
İzləyicilərə təqdim olunan videoçarxda Şəmkir rayonunun bir şəhər, yeddi qəsəbə, əlli səkkiz kənddən ibarət olduğu qeyd edilib və digər ümumi məlumatlar toplanıb. Xüsusi başlıqlarda bölgənin təbiəti rəngarəng fotolarla əks edilib.
Videoçarxda əsrarəngiz, gözəl təbiətə malik olan Şəmkirin bitki örtüyü ilə zəngin olan Dəryaçay, Suludərə, Sumaxlı, Yastı, Heydərqaçan, Şam meşələri, ucqar quruluşa malik Yasamal və Gəlavan dağları, XIX əsrə aid Alman və 1890-cu ilə aid Seyfəli kəhrizləri, bununla yanaşı Dəryaçay, Tatarlıçay, Zəyəm, Şəmkir, Cəhir və s. çayların, təbii surətdə yer səthindən çıxan şəffaf Qafqaz və Əsgər bulaqlarının fotoları verilib.
Münbit torpağında kök salmış palıd, cökə, vələs, çinar, qovaq, ardıc, şam, iydə, dağdağan kimi bir çox ağaclar, solmaz, lilpar, çobanyastığı, nərgiz, bənövşə, süsən, zanbaq kimi göz oxşayan güllər və yamyaşıl, şəfalı otların siyahısı ilə fotoları videoçarxda izləyicilərə təqdim olunub.
Videoçarxda bir çox heyvanların fotoları toplanıb, quşlar sırasında kəklik, qartal, qarğa, bülbül, ördək, ağacdələn, turac, şanapipik və b. siyahısı da qeyd edilib.
Milli sərvətimiz olan tarixi abidələrdən – qalalar, qədim yaşayış yerləri, qalaçalar, qədim tarixlə bağlılığı olan qəbiristanlıqlar, 1998-ci ildə inşa edilmiş Şəmkir, Əliyaqublu və Düyərli məscidləri, 2006-cı ilə aid Paşa məscidi ilə yanaşı digər məscidlər, həmçinin muzeylər, ziyarətgahlar da videoçarxda öz yerini tapıb.
Şəmkir torpağı Zaur Sarıyev, İsgəndər Aznaurov kimi Azərbaycan Milli Qəhrəmanlarının, Molla Vəli Vidadi, Əhməd Cavad, Taleh Həmid, Məzahir Hüseynzadə kimi şairlərin, Xalq artisti Leyla Bədirbəylinin, aşıq sənətinin ustalarının və digər sahələr üzrə şöhrət qazanmış görkəmli şəxsiyyətlərin məkanı olmuş, həmin şəxsiyyətlərin siyahısı da izləyicilərə təqdim edilib.
Videoçarxda, həmçinin Şəmkirin tarixən inkişaf etmiş sənətkarlıq sahələri – xalçaçılıq, ipəkçilik, üzümçülük, dülgərlik, dəmirçilik də qeyd edilib, mətbəxinə aid müxtəlif növ yeməklərin fotoları da verilib.
Müasir binalar və parkların, zavodlardan – Maşınqayırma zavodu, Daş karxanası, Çörək zavodu, Şərab zavodu, Quşçuluq fabrikinin fotoları ilə videoçarx yekunlaşıb.
Hazırlanmış videoçarx söz və musiqisi Maestro Ceyhuna aid olan Adil Karacanın ifa etdiyi “Şəmkirim mənim” mahnısı ilə müşayiət olunur.
“Vətənimizə virtual səyahət” adlı layihəyə daxil olan videoçarxlar “Facebook”da “Kitabsevər uşaqlar” səhifəsində və “YouTube” kanalında yerləşdirilib.
Silsilə şəklində hazırlanan videoçarxlar davam edir.
Dövlət başçısının sərəncamı ili 2015-ci ildə xüsusi icazələrin, yəni lisenziyaların ləğv edilməsi həmin dövr üçün olduqca vacib bir qərar olub.
Çünki turizm sənayenin formalaşmasına, yeni şirkətlərin yaradılmasına çox ciddi ehtiyac duyulurdu. Bu qərarın verilməsi özünü doğrultdu. Son 5 il ərzində Azərbaycanda kifayət qədər turizm şirkəti formalaşdı. Bu gün artıq onların sayı 4 mini ötüb.
Bu fikirləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Rüfət Hacıyev söyləyib.
Bildirib ki, kəmiyyət artımı ilə yanaşı, keyfiyyət artımına da şəraitin yaradılması vacib amildir. Təəssüflə qeyd etməliyik ki, bu gün heç də bütün turizm şirkətləri tələb olunan keyfiyyət standartlarına cavab vermir. Bu da turizm sənayesi üçün çox ciddi problemlərə yol açır. “Son dövrlərdə assosiasiyaya turizm şirkətlərinin fəaliyyəti ilə bağlı kifayət qədər şikayətlər daxil olurdu. Vətəndaşlar, turizm şirkətlərinin üzərinə götürdükləri öhdəliklər və xidmətləri yerinə yetirə bilmədikləri üçün narazılıqlar edirdilər. Bunun nəticəsində də ölkədə yalnız həmin turizm şirkətləri ilə bağlı deyil, digər aparıcı turizm şirkətlərinin nüfuzu da ciddi zərbə görürdü və turizm şirkətlərinə qarşı böyük inamsızlıq yaranırdı.
Assosiasiya olaraq hesab edirik ki artıq turizm şirkətləri yenidən lisenziyalaşma prosesinə keçid etməlidir ki, bu proseslər müəyyən mənada tənzimlənsin. Qurumun əldə etdiyi məlumata görə, turizm haqqında qanunda da bununla bağlı müddəalar öz əksini tapıb. Düşünürük ki, yaxın zamanlarda yenidən lisenziyalaşma prosesinə başlamağa ehtiyac var. Müəyyən keyfiyyət standartlarının tətbiqinə ehtiyac var. Hesab edirik ki, əgər ölkədə turizm agentliklərinin fəaliyyətində xidmət keyfiyyətlərini artırsaq, bu sahədə proseslər müəyyən qədər tənzimlənəcək”, - deyə R.Hacıyev bildirib.
Türkiyənin Edirnə şəhərində hər biri 500 illik tarixə sahib iki ədəd "İncil" kitabı tapılıb.
Əl yazısı ilə yazılan bu dini kitablar şəhərin Uzunkörpü rayonuna bağlı Malkoç kəndində aşkarlanıb.
Faktla bağlı üç nəfər saxlanılıb.
1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 95 nömrəli tam orta məktəbin şagirdləri və Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova arasında ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci il dönümünə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı distant görüş keçirilib.
Görüş zamanı ümummilli lider Heydər Əliyevin həyat yolunu özündə əks etdirən videoçarx nümayiş olunub. Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Nitq mədəniyyəti” dərnəyinin üzvləri və məktəbin şagirdləri Ulu Öndərə həsr edilmiş şeir kompozisiyası və musiqi nömrəsi ilə çıxış ediblər.
Onlayn görüşün əsas məqsədi müasir Azərbaycan dövlətinin qurucusu, memarı olan Ulu Öndərin şərəfli həyat yoluna nəzər salmaq və onun fəaliyyəti haqqında gənclərə məlumat verməkdən ibarətdir.
Görüş zamanı çıxış edən qonaqlar, ümummilli lider Heydər Əliyevin irsi haqqında ətraflı danışıb, dahi şəxsiyyətin xatirəsini böyük ehtiramla yad ediblər.
Sonra Ş.Qəmbərova ümummilli liderin həyatı və fəaliyyəti haqqında söhbət açıb. O deyib: “Azərbaycan xalqının Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi bir lideri var. Bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcək”.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanası #evdəqalvətənpərvərliyini duyur layihəsini həyata keçirir.
İdarədən bildirilib ki, kitabxananın fəal oxucusu Sevindik Nəsiboğlunun başlatdığı layihəyə müxtəlif təhsil ocaqlarında təhsil alan məktəblilər çox fəal şəkildə qatılaraq dəstək olublar. Hazırda layihə uğurla davam edir.
Şagirdlər həştəq vasitəsilə bütün məktəbli dostlarına səslənib və vətənpərvərliyini duyur deyiblər.
Qeyd edək ki, keçirilən layihəyə Azərbaycanın dilbər guşələrindən olan Ağdam və Şuşa rayonlarının məktəbliləri də qoşulub.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin M.Ə.Sabir adına kütləvi kitabxanası #menimsevimliyazarim layihəsi çərçivəsində Bakı Atatürk Mərkəzinin şöbə müdiri, şair-publisist Əkbər Qoşalı ilə onlayn görüş keçirib.
Kitabxanadan bildirilib ki, görüşdə şair yaradıcılıq fəaliyyətindən, görəcəyi işlərdən, çapa hazırlanan kitabından danışıb, şeirlərini səsləndirib.
İzləyicilərin suallarına aydınlıq gətirən şair doğulub böyüdüyü Tovuz mahalının yaradıcı insanları, türkçülük ənənələrini necə qoruyub saxlamaları haqqında danışıb.
Yaradıcılığında sərbəst vəznə üstünlük verməsində elə qədim türk yaradıcılığından faydalandığını vurğulayıb.
Mayın 16-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün sosial şəbəkəsindən məşhur Fransa yazıçısı Ş.Perronun nağılının motivləri əsasında hazırlanan "Sehrbaz qadın" tamaşasını nümayiş etdirəcək.
Tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Cahangir Zülfüqarovdur.
Təkəbbürlü dul bir qadın iki qızından birini meşəyə su dalınca göndərir. Meşədə bir sehrbaz qarı qıza yaxınlaşıb ondan su istəyir. Mehriban qız ona su verdikdən sonra qarı qızın bu xeyirxah əməlinin əvəzinə ona sehrinin gücü ilə yaxşılıq edir. Bundan sonra qız hər dəfə danışanda ağzından gül və bahalı daş-qaşlar tökülməyə başlayır. Anası bunu görüb, dərhal o biri qızını da meşəyə göndərir. Bu dəfə meşədə həmin sehrbaz qızın qarşısına şahzadə qiyafəsində çıxır və yaxınlaşıb ondan su istəyir. Təkəbbürlü xarakterilə anasına oxşayan bu qız şahzadəyə su vermir. Şahzadə isə onu pis əməlinə görə sehrləyir. Bundan sonra qız hər dəfə danışanda ağzından ilan və qurbağalar tökülür. Bunu görən ana kiçik qızını evdən qovur. Qız meşəyə gəlir və bir ağacın altında oturub ağlamağa başlayır. Bu zaman zadəgan ailəsindən olan bir cavan oğlan qızı görür və bir könüldən min könülə ona vurulur. Qızı götürüb özüylə saraya gətirir və ona evlənmək təklif edir…
Qeyd edək ki, tamaşa teatrın “YouTube” kanalından saat 12-də yayımlanacaq.
F.Köçərli adına Respublika Uşaq Kitabxanası ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ili münasibətilə məktəblilər arasında keçirtdiyi “Sən elə bir zirvəsən ki...” adlı esse müsabiqəsinin nəticələrini elan edib.
Onlayn müsabiqədə Bakı şəhəri üzrə 21 məktəbli iştirak edib. Təqdim olunan esselər kitabxananın “facebook” səhifəsində paylaşılıb.
Səs çoxluğu əsasında 722 səs toplayan (ən çox bəyənilmiş esse) 192 saylı məktəbin 4-cü sinif şagirdi Selcan Alagözova qalib seçilib.
Yazılan esselərdə məktəblilər Ulu Öndərə olan hədsiz məhəbbətlərini səmimi sözlərlə ifadə ediblər.
Qeyd edək ki, esse müsabiqəsinin keçirilməsində əsas məqsəd Ulu Öndərin bənzərsiz həyat yolunun böyüməkdə olan gənc nəslə təbliğ edilməsi, məktəblilərin vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır.
Kaliforniya Elmlər Akademiyasının “BigPicture” təşkilatı gənc fotoqraflara təbiətin qorunması, elm və davamlılığın inkişafı mövzularında fotoşəkillər çəkmək üçün qrant elan edib.
Gənc fotoqraflar üçün qrant müraciətləri mayın 31-dək qəbul edilir və hər bir müraciətə portfolio və qısa layihə təsvirinin də daxil edilməsi tələb olunur.
İyulda 2500 ABŞ dolları məbləğində iki qrant təltif ediləcək. Qrantların köməyi ilə hazırlanan əsərlər Kaliforniya Elmlər Akademiyasında təşkil ediləcək “BigPicture 2021” sərgisində nümayiş olunacaq.
Müsabiqəyə dünyanın istənilən yerindən 18-25 yaş arasında olan bütün fotoqraflar müraciət edə bilər.
Ətraflı məlumatı bigpicturecompetition.org ünvanından əldə etmək olar.