Fevralın 2-də Binəqədi Rayon İcra Hakimiyyətinin (RİH) dəstəyi ilə Binəqədi Gənclər Evi tərəfindən 200-dən çox gəncin iştirakı ilə “GəncLİK üçün Danış!” Gənclər Forumu keçirilib.
Qeyd edək ki, Binəqədi RİH-də keçirilən Formda Binəqədi Gənclər Evinin direktoru Ələkbər Mustafayev açılış nitqi edib.
O, Azərbaycan gənclər siyasətindən, gənclər üçün yaradılan imkanlardan və Binəqədi Gənclər Evinin də bu imkanlar çərçivəsində gənclər üçün həyata keçirilən layihələrindən danışıb, 2019-cı ilin əsas nəticələrindən və 2020-ci ilin planları ilə bağlı məlumatlar verib.
Daha sonra Binəqədi RİH başçısının müavini Aygün Əliyeva Binəqədi rayon çərçivəsində gənclərlə olan fəaliyyətlərin vacibliyini vurğulayıb.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Rəvanə Həşimova isə çıxışı zamanı karyera istiqamətində bir çox layihələrin regionlarda da keçirilməsinin vacibliyini qeyd edib.
Binəqədi YAP rayon təşkilatının gənclər birliyinin sədri Anar Əliyev çıxışı zamanı gənclərin ölkə inkişafındakı rolunu vurğulayıb.
UNICEF-in Azərbaycan nümayəndəliyi, Gənclər və Yeniyetmələrin İnkişafı proqramının əməkdaşı Natiq Umarov UNICEF çərçivəsində Azərbaycanda keçirilən layihələrdən, bu layihələrin gənclər evindəki faəliyyət istiqamətindən danışıb.
Forumun ikinci hissəsində 3 istiqamət üzrə spiker çıxışlarına yer verilib.
Forumun üçüncü hissəsində Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan etməsi ilə əlaqədar olaraq, Binəqədi Gənclər Evinin strateji fəaliyyələri ilə bağlı məlumatlar verilib, gənclərlə fikir mübadiləsi aparılıb.
Daha sonra 3 ay (28.10.2019 - 28.01.2020) davam edən “Könüllülük Akademiyası 2” (Gənc LiderlərimİZ) layihəsininin bağlanış mərasimi keçirilib.
Gənclər üçün hazırlanan video-çarx izlənildikdən sonra fərqlənən 40 aktiv könüllü rəsmi qonaqlar tərəfindən təltif olunublar.
Forum çərçivəsində Binəqədi Gənclər Evinin 2020-ci il fəaliyyəti ilə bağlı gənclərin fikirləri, təklifləri, ideyaları alınıb, müzakirə olunub və bununla bağlı #BYF2020 müddətində xüsusi “Idea Box” istifadə olunub.
Sonda aktiv gənclər və könüllülər ötən ilki fəaliyyətləri üzrə Binəqədi Gənclər Evi və Binəqədi RİH tərəfindən mükafatlandırılıblar.
Fevralın 4-də M.F.Axundzadə adına Milli Kitabxanada Xalq artisti, bəstəkar, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun anadan olmasının 75 illiyi münasibətilə tədbir keçirilib.
Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq Polad Bülbüloğlunun Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərindən söhbət açıb. Bildirib ki, Prezident İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə Polad Bülbüloğluna ən ali mükafat “Heydər Əliyev” ordenini təqdim edib.
Qeyd edib ki, Polad Bülbüloğlu zəngin yaradıcılığa malik istedadlı bəstəkardır. Onun musiqi mədəniyyətimizə bəxş etdiyi “Gəl ey səhər”, “Zəng et”, “Ay Dilbər”, “Dolalay”, o cümlədən kinofilmlərə yazdığı digər mahnıları, simfonik orkestr əsərləri, “Məhəbbət və ölüm” baleti bu gün də dünyanın ən sevilən musiqiləri sırasındadır. Milli Kitabxana tərəfindən bəstəkarın 20-dən artıq musiqisi Petruççi Kitabxanasının saytında yerləşdirilib.
Natiq Polad Bülbüloğlunun ictimai xadim kimi fəaliyyəti haqqında danışaraq bildirib ki, o, həm mədəniyyət naziri kimi, həm də səfir kimi Azərbaycanın mədəniyyətinin, diplomatiyasının, ölkələrarası münasibətlərin inkişafında, iki ölkənin mədəniyyətinin inteqrasiyasında çox böyük xidmətlər göstərib.
Daha sonra tədbir iştirakçıları görkəmli bəstəkarın əsərlərindən, haqqında yazılmış kitablardan ibarət “Polad Bülbüloğlu – 75” adlı geniş kitab sərgisi ilə tanış olublar.
Azərbaycanın zəngin irsi, özünəməxsus adət-ənənələri bu mədəni potensialın beynəlxalq səviyyədə təbliği və ölkəyə gələn qonaqlara yüksək səviyyədə təqdim olunması üçün geniş imkanlar yaradır. Ölkəmiz 2011-ci ildən Avropa Şurasının mədəni marşrutlar proqramına qoşulub və hazırda beş layihədə təmsil olunur.
Mədəniyyət Nazirliyindən bildirilib ki, respublikamıza gələn əcnəbi vətəndaşlara, gəzməli-görməli yerlərimizi bir daha kəşf etmək istəyən yerli sakinlərə bələdçilik edən “Baku Guide” kataloqu yeni nömrəsində ölkəmizin mədəni turizm zənginliyindən də söz açır.
İngilis və rus dillərində hazırlanan bələdçi kataloqu “Baku Guide” MMC tərəfindən nəşr olunur. Kataloqun fevral buraxılışı müxtəlif tematik bölmələr üzrə maraqlı yazılar, fotolar, faydalı informasiyalarla zəngindir.
Nəşr ilk olaraq oxuculara ölkəmizin keçmişi və bu günü, mədəniyyətimizin tarixi mənzərəsi ilə bağlı bələdçilik edir. Müsəlman Şərqində ilk peşəkar teatrın, kinematoqrafın, operanın Azərbaycanda yarandığı diqqətə çatdırılır, ölkəmizin son illər mədəniyyətlərarası dialoqa töhfələrindən, mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsindən bəhs olunur.
Nəşr şəhərdə fəaliyyət göstərən muzeylərə də bələdçilik edir, Mili İncəsənət, Mili Xalça, Musiqi Mədəniyyəti, Dövlət Teatr və digər iri muzeylərlə bərabər, görkəmli şəxsiyyətlərin ev-muzeylərinin ekspozisiyasından da söz açılır.
Azərbaycanın mədəniyyəti ilə bərabər təbiəti də rəngarəngdir. İqlim müxtəlifliyi ilin bütün fəsillərində turizm üçün imkanlar deməkdir. Qış mövsümündə Azərbaycanda istirahət üçün ən populyar məkanlar ölkənin şimal və şimal-qərb regionları sayılır. Bu bölgələrdə müasir infrastruktur, hotellər inşa olunub. Qusar rayonu ərazisindəki “Şahdağ” kompleksi, Qəbələ rayonundakı “Tufandağ” kompleksi dağ-xizək həvəskarlarının sevimli məkanlarıdır. Şamaxı, Quba, İsmayıllı, Qax, Balakən, Zaqatala və digər rayonlarda da mövsümi istirahəti maraqlı və yaddaqalan etmək olar. “Odlar yurdunda qış istirahəti” sərlövhəli yazıda bu barədə ətraflı məlumat verilir.
“Görməli yerlər və tarixi abidələr” bölməsi oxucuları minilliklərin daş yaddaşı olan Qobustan qoruğuna, Atəşgah məbədinə, Yanardağa səyahətə, Bakının memarlıq inciləri ilə tanışlığa, İçərişəhərin tarixi məkanlarını gəzməyə, şəhərin ultramüasir tikililərini, yeni simvollarını seyr etməyə dəvət edir. “Neft Bakısının Ağ şəhəri” yazısı isə şəhərin tarixinə, müxtəlif dövrlərin izi qalan şəhərsalma mədəniyyətinə ekskursiya etməklə bərabər, bu gün dünyanın ən gözəgəlimli şəhər dizaynı layihələrindən olan “Bakı – Ağ şəhər”i diqqətə çatdırır.
Tarixi yaddaşımız da bələdçi kataloqunun daimi mövzularındandır. “Qarabağ – Azərbaycanın mədəniyyət beşiyi” başlıqlı yazıda əzəli yurd yerimizin mədəni irsi, işğal altındakı torpaqlarımızda mədəni sərvətlərin dağıdılıb-talan edilməsi barədə ingilis və rusdilli oxuculara məlumat verilir. Daha bir yazıda 28 il əvvəl – 1992-ci ilin fevralın 26-da Xocalı şəhərində erməni qəsbkarlarının azərbaycanlı əhaliyə qarşı törətdiyi dəhşətli qırğın haqqında bəhs olunur, Xocalı soyqırımının bəşəriyyətin vicdanında qara ləkə olduğu vurğulanır.
Nəşrdə ənənəvi olaraq tanınmış rəssamlarımızın əsərlərinin reproduksiyasına yer verilir. Bu dəfə “Baku Guide”ın 1-ci səhifəsində Xalq rəssamı Kamil Xanlarovun “Ordubadda qış” əsəri əks olunub.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Gənclər Günü münasibətilə Hacıağa Abbasov adına Mədəniyyət Mərkəzində konsert keçirilib.
İdarədən bildirilib ki, konsertin aparıcısı Humay Muxtarova çıxış edərək bu əlamətdar gün barədə məlumat verib. Diqqətə çatdırıb ki, ulu öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb.
Sonra tədbir konsert proqramı ilə davam edib. Konsertdə sevilən müğənnilərin ifası qonaqlara xoş əhval-ruhiyyə bəxş edib.
Tokionun mərkəzində yerləşən Mequro şəhərinin Beynəlxalq Əməkdaşlıq Assosiasiyasının (MIFA) bu şəhər ərazisində yaşayan müxtəlif xalqların nümayəndələrinin iştirakı ilə təşkil etdiyi festivalda Azərbaycan yüksək səviyyədə təmsil olunub.
Mequro şəhərinin “Persimon Hall” mərkəzində təşkil edilən festivalda əvvəlcə MIFA-nın fəaliyyəti barədə slaydlar nümayiş olunub.
Sonra təşkilatın baş direktoru Tadaşi Kuriyama və Mequro şəhərinin meri Eici Aoki çıxış edərək tədbirin əhəmiyyətindən söz açıblar. Bildiriblər ki, MIFA bu şəhər ərazisində yaşayan müxtəlif xalqların nümayəndələri arasında mehriban əməkdaşlıq, səmimi qonşuluq münasibətlərinin formalaşmasında, onların yapon mədəniyyətini, adət-ənənələrini, dilini öyrənməsində mühüm rol oynayır. Qeyd edilib ki, bu gün təşkil edilən 15-ci festival həm də müxtəlif xalqların adət-ənənələri, mədəniyyəti ilə yaxından tanış olmaq üçün əlverişli şərait yaradır.
Mequro şəhərində yerləşən Azərbaycan, Toqo, Keniya, Sudan, Mavritaniya, Misir, Polşa, Latviya, Özbəkistan, Qırğızıstan və Nepal səfirlikləri tərəfindən təşkil edilən stendlər ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.
Azərbaycan səfirliyinin hazırladığı stenddə milli adət-ənənələrimizi əks etdirən eksponatlar, ölkəmiz haqqında yapon dilində müxtəlif nəşrlər, “İRS-İsan” jurnalının nömrələri, Bakı mənzərələrinin əks olunduğu fotolar, paxlavalar tədbir iştirakçılarına təqdim edilib.
Azərbaycan milli mətbəxinin ləziz nümunələri, şəkərbura və paxlava tədbirdə iştirak edən yaponlar, eləcə də digər xalqların nümayəndələri tərəfindən böyük maraqla qarşılanıb.
Azərbaycan stendi ilə tanış olan Mequro şəhərinin meri Eici Aokiyə ölkəmizin Yaponiyadakı müvəqqəti işlər vəkili Fərid Talıbov ətraflı məlumat verib. Bildirib ki, stenddə ölkəmizin qədim və zəngin mədəniyyəti barədə eksponatlar toplanıb. UNESKO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil edilmiş muğam sənəti, baharın gəlişini bildirən Novruz bayramı, ölkəmizin turizm imkanları barədə məlumatlar burada öz əksini tapıb.
Azərbaycanın həm tarixi, həm də müasirliyi özündə əks etdirən bir məkan olduğunu qeyd edən diplomatımız qədim İpək Yolunun tərkib hissələri olan Azərbaycan ilə Yaponiyanı dərin tarixi köklərin birləşdirdiyini vurğulayıb. Azərbaycan ilə Yaponiya arasında bu gün də ümumi, qarşılıqlı maraqlara və hörmətə əsaslanan dostluq münasibətlərinin qürur doğurduğunu qeyd edib.
Azərbaycan stendinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayan mer E.Aoki paxlavanın çox dadlı olduğunu xüsusi qeyd edib. Bildirib ki, Azərbaycan səfirliyi şəhər ərazisində yerləşən ən fəal diplomatik nümayəndəliklərdən biridir və Azərbaycan icmasının üzvləri Mequro şəhərinin ictimai-siyasi və mədəni həyatında yaxından iştirak edirlər. Qarşıdan “Tokio 2020” Yay Olimpiya və Paralimpiya Oyunlarının gəldiyini xatırladan mer əmin olduğunu bildirib ki, azərbaycanlı idmançılarla yanaşı, ölkəmizdən gələcək çoxsaylı turistlər iki qədim xalq arasında dostluq münasibətlərinin inkişafına mühüm töhfələr verəcəklər.
Azərbaycan paxlavasını və nar şirələrini dadan festival iştirakçıları onların çox tamlı olduğunu vurğulayıblar.
Tədbir müxtəlif xalqların nümayəndələri tərəfindən hazırlanmış konsert proqramı ilə başa çatıb.
Avstriyada yaşayan gənc bəstəkar Aria Torkanbourinin tar və orkestr üçün bəstələdiyi “Qərarsız pıçıltılar” əsəri Qrats şəhərində ifa olunub. Bu əsər solo tar və orkestr üçün bəstələnmiş ilk eksperimental musiqi əsəri hesab oluna bilər.
AZƏRTAC xəbər verir ki, Qrats Musiqi və İfaçılıq Sənətləri Universitetinin “MUMUTH” zalında bu ali məktəbdə təhsil alan bəstəkarların əsərlərindən ibarət konsert təşkil olunub. Azərbaycanlı bəstəkarın yeni bəstələdiyi bu əsər ilk dəfə ictimaiyyətə təqdim olunub və konsertdə tar partiyasını bəstəkarın özü ifa edib.
Əsərlə bağlı fikirlərini bölüşən A.Torkanbouri bildirib ki, bu əsəri dahi bəstəkar Üzeyir Hacıbəylinin xatirəsinə ithaf edib. Qeyd edilib ki, bu əsərdə müasir üslub musiqiyə xas olan və indiyədək tətbiq edilməmiş texnikalara də yer verilib. Eyni zamanda bir müddət əvvəl İranda baş vermiş təyyarə qəzasında çoxlu sayda insanın həlak olmasından kədərlənən bəstəkar bu əsərində həmin kədəri ifadə etməyə çalışıb.
Qeyd edək ki, 1989-cu ildə Təbrizdə doğulan Aria Torkanbourinin uşaqlıqdan musiqiyə böyük həvəsi olub. Musiqiyə olan bu sevgi onu Təbriz Universitetinin mühəndislik təhsilini yarımçıq saxlayaraq Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına qəbul olmasına gətirib çıxarıb. Professor Arif Məlikov və Ceyhun Allahverdiyevin siniflərində təhsil alan gənc bəstəkar sonra təhsilini Berlin, İstanbul və Qratsda davam etdirib. 2016-cı ildə Qrats İncəsənət Universitetinə bəstəkarlıq üzrə qəbul olan A.Torkanbouri hazırda müasir musiqi üzrə tanınmış simalardan olan professor Beat Furrerin sinfində təhsil alır.
Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsində uşaqlar üçün “Əlibaba və qırx quldur” tamaşası nümayiş olunub.
Ərəb nağılının motivləri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, rejissoru Lalə Şirinovadır.
Səhnə əsərinin quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı isə Ağasəlim Feyzullayevdir.
Tamaşada rolları Emin Sevdimalıyev, Türkay Cəfərli, Gündüz Qasımov, Nihad Heybətov, Zəhra Salayeva, Günel İmanova, Mobil Qurbanov və başqaları oynayıblar.
İsrailin Təl-Əviv şəhərində yerləşən Rusiya Mədəniyyət Mərkəzində “Qürbətdən vətən sədaları: İsrail-Azərbaycan” layihəsi çərçivəsində tədbir keçirilib.
Azərbaycanın Milli Qəhrəmanı A. Aqarunovun xatirəsinə həsr olunmuş tədbir “AZİZ” Beynəlxalq İsrail-Azərbaycan Assosiasiyası təşkilatçılığı ilə reallaşıb.
Layihə İsraildə yaşayan azərbaycanlı gənclərdə vətənpərvərlik hissinin yüksəldilməsi, həmçinin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə təşkil olunub.
Təbirin rəsmi hissəsində “AZİZ” Assosiasiyasının nümayiəndəsi Yana Salman, AGF gənclərlə iş şöbəsinin müdiri Orxan Ərəbov, layihə rəhbəri İlahə İsrafilova, rejissor Səadət Şükürova tədbirin əhəmiyyəti haqqında çıxış ediblər.
Tədbirin bədii hissəsi Xalq artisti Zümrüd Məmmədova, beynəlxalq müsabiqələr laureatları Fəqan Həsənli (piano), Neymət Mürsəlov (tar), İlahə İsrafilova (bəstəkar) və İsraildə təhsil alan azərbaycanlı peşəkar skripkaçılar Zərifə Alxazova və Qəmər Kərimlinin iştirakı ilə davam edib.
Konsertdə Ü. Hacıbəyli, V. Adıgözəlov, Q. Qarayev, F. Əlizadə, İ.İsrafilova, K. Əkbərov, A. Əzizova əsərləri ilə yanaşı, xarici klassik bəstəkarların yaradıcılığına da müraciət olunub. Konsert proqramı maraqla qarşılanıb.
Qeyd edək ki, sözügedən layihənin rəhbəri gənc bəstəkar İlahə İsrafilovadır.
Jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar qəbul imtahanını verdikdən sonra Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən elan edilən müddətdə qabiliyyət imtahanı verməlidirlər.
DİM-dən bildirilib ki, qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar bu imtahana buraxılacaqlar.
Magistraturaya qəbul olmaq üçün proqram və ixtisaslaşma seçimi qəbul və qabiliyyət imtahanlarının nəticələri elan olunduqdan sonra - iyunun 8-dən 18-dək aparılır.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq və İnsan Haqları İnstitutunda Hüquqşünaslıq və insan haqları üzrə elmi şuranın ilk iclası keçirilib. İnstitutdan bildirilib ki, iclasda dissertanturaya qəbul olunan disertantların mövzuları təsdiq edilib.
Xatırladaq ki, Hüquqşünaslıq və insan haqları üzrə elmi şura AMEA-nın Rəyasət Heyətinin “Elmi istiqamətlər üzrə elmi şuralar haqqında” 2019-cu il 25 sentyabr tarixli 13/4 nömrəli qərarı ilə təsdiqlənib.