Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Heydər Əliyev Fondu Azərbaycana həsr olunan yeni nəşrlər hazırlayır

    Heydər Əliyev Fondu tərəfindən Azərbaycana həsr olunan iki yeni nəşr hazırlanır. Hazırda bu kitablarda yer alacaq mövzular üzrə fotoçəkilişlərə başlanılıb.

    Fondun Azərbaycana həsr olunan nəşrində xalqımızın qədim tarixini, ənənələrini, mədəniyyətini, ölkənin müasir simasını, flora və faunasını təcəssüm etdirən fotoşəkillər və müvafiq məlumatlar əksini tapacaq. Layihə "Regional İnkişaf" İctimai Birliyi, "Azercell" şirkəti və "GoSport" idman malları mağazasının dəstəyi ilə həyata keçirilir.

    Heydər Əliyev Fondunun hazırladığı digər nəşrdə isə Azərbaycan barədə müxtəlif sahələr üzrə məlumatlar toplanacaq. Nəşrdə ölkənin iqtisadiyyat, ekologiya, mədəniyyət, idman və s. sahələri, multikulturalizm ənənələri, turizm imkanları və digər istiqamətlər əhatə olunacaq, müvafiq fotoşəkillər yer alacaq.

    Layihə üzrə çəkilişlər ilin dörd fəslini əhatə edərək Bakıda və respublikanın müxtəlif bölgələrində aparılacaq.

    Oxucular bu nəşrlərlə Azərbaycan barədə müfəssəl məlumat əldə etməklə yanaşı, ölkə ilə yaxından tanış olacaq, fotoşəkillər vasitəsilə Azərbaycana virtual səyahət edə biləcəklər.

    Xatırladaq ki, "Azərbaycan" nəşri Heydər Əliyev Fondu tərəfindən ilk dəfə 2010-cu ildə çap olunub. 1000-dən çox fotoşəklin toplandığı kitab Azərbaycan, rus, ingilis, fransız, alman, italyan dillərində nəşr edilib. Ötən müddətdə bu nəşr Fondun müxtəlif ölkələrdə təşkil etdiyi tədbirlərdə qonaqlara təqdim olunub və oxucularda Azərbaycan barədə dolğun təəssüratlar yaradıb.

     
  • Mədəniyyət sahəsində çalışan könüllülər Sabirabadda bir araya gəlib

    Sabirabad Regional Mədəniyyət İdarəsi tərəfindən rayon Mədəniyyət Mərkəzində Gənclər Günü münasibətilə gənc mədəniyyət könüllülərinin regional konfransı keçirilib.

    Əvvəlcə könüllülər ulu öndər Heydər Əliyevin Sabirabad rayonunda ucaldılmış abidəsini ziyarət ediblər.

    Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Əhməd Ramazanov “Könüllülər ili” ilə əlaqədar həyata keçiriləcək tədbirlər və layihələr barədə tədbir iştirakçılarına məlumat verib, mədəni kütləvi tədbirlərin keçirilməsi istiqamətində görüləcək işlərdən danışıb.

    Sabirabad rayon Mədəniyyət Mərkəzinin A. İsgəndərov adına xalq teatrının rejissoru Seyidməmməd Əliyev könüllülərin istedadlarının üzə çıxarılması və onların mədəniyyət sahəsinə olan maraqlarını daha da artırılması məqsədilə, habelə onlara gələcək fəaliyyətlərində faydalı olması üçün səhnə danışığı ilə bağlı öz tövsiyələrini verib.

    Tədbir konsert proqramı ilə davam edib.

    Əliabbas Paşayevin rəhbərliyi ilə Sabirabad şəhər Üzeyir Hacıbəyli adına Uşaq Musiqi Məktəbinin “Ana-Kür” instrumental ansamblının, Əhmədabad kənd Folklor evinin “Axısxa-Halay Türk” folklor rəqs kollektivinin, Aşıq Əziz Habiloğlunun, V Televiziya Muğam müsabiqəsinin laureatı Səməd Səmədovun və digərlərinin ifasında bir-birindən rəngarəng musiqi nömrələri təqdim edilib.

     
  • “YARAT” böyükləri yenidən dəvət edir

    Fevralın 5-də “YARAT” Müasir İncəsənət Mərkəzində böyüklər üçün “Özünü kəşf et” adlı ustad dərsləri keçiriləcək.

    “YARAT”dan bildirilib ki, “Özünü kəşf et”– yaradıcılıq ab-havası ilə dolu, yeni rəngarəng layihədir. Ustad dərsləri zamanı iştirakçılar özlərini tamamilə yaradıcılığa həsr edə biləcək. Budəfəki dərslərdə iştirakçılar “rənglər vasitəsi ilə özünü necə ifadə etmək olar?” sualına cavab tapmağa çalışacaqlar.

    Bütün ləvazimatlar XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı muzeyi tərəfindən qarşılanacaq.

    Qeyd edək ki, dost və ailə mühitində yaradıcılıq vasitəsi ilə hisslərini bölüşmək istəyənlər üçün ideal bir fürsət olan ustad dərsləri hər çərşənbə, 19:00-21:00 saatlarında keçirilir.

  • Bakıda Prezidentin iştirakı ilə konfrans keçirilir

    Fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirilir.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edir.

    Dövlət başçısı konfransda giriş nitqi söyləyib.

  • “999-cu gecə” tamaşası növbəti dəfə səhnədə

    Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanan “999-cu gecə” tamaşası növbəti dəfə maraqla qarşılanıb.

    Teatrdan bildirilib ki, tamaşanın quruluşçu-rejissoru İradə Gözəlova, quruluşçu-dirijoru Fəxrəddin Atayev, quruluşçu-rəssamı Nabat Səmədova, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu-baletmeysterləri Yelena və Zakir Ağayevlər, konsertmeysteri Fidan Babayeva, rejissor assistentləri Sevinc Məmmədova və Sara Kərimlidir. Tamaşada əsas rolları Əməkdar artist Novruz Qartal, aktyorlar Məhərrəm Qurbanov, Səmədzadə Xasıyev, Gültac və Hüseyn Əlililər, Gülnarə Abdullayeva, Ruslan Mürsəlov, Mehriban Zalıyeva, Nicat Əli, Əliməmməd Novruzov, Elçin İmanov, Fərid Rzayev və Elməddin Dadaşov ifa edib.

    Gözlənilməz situasiyalarla zəngin olan səhnə əsərində maraqlı dekorasiyadan istifadə olunub. Xeyirlə şərin əbədi qarşıdurması fonunda böyük bir eşq uğrunda mübarizənin təqdim olunduğu tamaşanın musiqi tərtibatında dahi bəstəkar, SSRİ Xalq artisti Fikrət Əmirovun dünyaca məşhur “Min bir gecə” baletinin musiqilərindən və ölməz, məşhur mahnılarından istifadə olunub.

    Aktyorların məharətli çıxışı səhnə əsərini daha baxımlı dib, tamaşa maraqla qarşılanıb.

     
  • Respublika Gənclər Kitabxanasında növbəti tədbir Gənclər Gününə həsr olunub

    Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən Gənclər Günü münasibətilə “Gənclər gələcəyimizin qurucularıdır” adlı musiqili ədəbi-bədii gecə keçirilib.

    Mədəniyyət Nazirliyindən bildirilib ki, İbrahim Əbilov adına Mədəniyyət Mərkəzi ilə birlikdə reallaşan tədbir vətən torpaqlarının toxunulmazlığı uğrunda şəhid olan gənclərin əbədi xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra başlayıb.

    Kitabxananın direktoru Oruc Quliyev əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsi kimi ölkəmizdə bugünkü idarəetmə bacarığı ilə seçilən intellektual, geniş dünyagörüşlü yeni nəslin uğurlarından danışıb.

    Aktyor-parodiyaçı İlham Əziz Məhəmməd Füzuli, Cabir Novruzun əsərlərindən parçalar söyləyib, müasir gəncləri Mübariz İbrahimovdan nümunə götürməyə səsləyib.

    İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin üzvləri Elşən Osmanov, Telli Əbilova, Röyal Yaşar “Bilmirəm”, “Olmaz”, “Çıx yaşıl düzə”, “Bakılı balasıyam”, “Qadan mən alım”, “Neyləyim” mahnılarını ifa ediblər. Ansamblın iki üzvü “Nazeləmə” rəqsi ilə çıxış edib.

    Tədbir kitabxanada “Vətənin gələcəyi gənclər” adlı kitab sərgisinə baxışla sona çatıb.

  • Musiqi məktəbində dünya bəstəkarlarının əsərləri səsləndirilib

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səid Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbində 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş konsert keçirilib.

    İdarədən bildirilib ki, tədbirdə orkestr şöbəsi şagirdlərinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib. Konsert məktəbin müəllim və şagird kollektivi tərəfindən maraqla qarşılanıb.

    Sonda məktəbin direktoru müəllim və şagirdləri Gəncləri Günü münasıbətilə təbrik edərək bu günün əhəmiyyətindən danışıb.

     
  • AzMİU-da tədrisdə PBL metodu tətbiq olunacaq

    Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) strateji inkişaf üzrə prorektoru Ülkər Səttarova universitetdə ingilis dilində dərs deyən müəllimlər üçün “Problem-based learning” (“PBL”) metoduna həsr olunmuş seminar keçirib.

    AzMİU-da bildirilib ki, seminarda müxtəlif kafedralardan 25-ə yaxın müəllim iştirak edib. Seminarın əsas məqsədi müəllimlərin bu metodu yaxşı öyrənərək, bir semestr ərzində öz fənlərini həmin metodla tədris etmələrinə nail olmaqdır. Seminarda müəllimlərə “PBL” metodunun əyani tətbiqini əks etdirən video da nümayiş olunub. Ümumi təqdimatdan sonra yeni metodla bağlı suallar verilib, fikir mübadiləsi aparılıb.

    “PBL” metodunu ən yaxşı tətbiq edən iki müəllim xaricə ezam olunacaq.

  • “İşsizin dostu” proqramının icrası bu il də davam etdirilir

    Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “İşsizin dostu” proqramı çərçivəsində 2019-ci il ərzində 40 minə yaxın ödənişli iş yeri yaradılıb və 47 mindən çox vətəndaş iş yerlərində haqqı ödənilən ictimai işlərə cəlb edilib.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı məlumat verib.

    Onun dediyinə görə, işsiz və işaxtaran şəxslər bu proqram çərçivəsində ödənişli ictimai işlərə (sosial xidmətlərin göstərilməsi, təmir, abadlaşdırma, ərazilərin ekoloji sağlamlaşdırılması, yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq, o cümlədən sosial xidmətlərin göstərilməsi və s.) nazirliyin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) “DOST İş Mərkəzi” tərəfindən cəlb edilirlər. İşə qəbul edilənlərin hər biri ilə əmək müqaviləsi bağlanılması onların sosial sığorta sisteminin iştirakçısına çevrilməsinə, gələcək pensiya təminatları üçün fərdi hesablarında pensiya kapitalı formalaşdırmalarına imkan verir.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu sahədə də ictimai açıqlığın təmin edilməsi üçün “İşsizin dostu” proqramı çərçivəsində işlə təmin olunan vətəndaşların siyahısını öz rəsmi saytında təqdim edir. Nazirliyin saytına daxil olan hər kəs proqram iştirakçılarının siyahısı ilə tanış ola bilər.

    Qeyd edək ki, “İşsizin dostu” proqramının icrası 2020-ci ildə də davam etdirilir.

  • “Son yüzilliyin türkçü ideoloqu Muhsin Kadıoğlu” monoqrafiyası nəşr olunub

    AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin əməkdaşı, dosent Bəsirə Əzizəlinin “Son yüzilliyin türkçü ideoloqu Muhsin Kadıoğlu” monoqrafiyası nəşr olunub.

    İnstitutdan bildirilib ki, professor Bədirxan Əhmədlinin elmi redaktorluğu ilə işıq üzü görən monoqrafiyada Türkiyə və dünyada türkçülüyün müxtəlif məsələlərini ardıcıl şəkildə öyrənən və müzakirəyə gətirən Muhsin Kadıoğlunun əsərləri araşdırılıb.

    Müəllif qeyd edir ki, M.Kadıoğlu gənc yaşlarından türkçülük ideologiyasını mənimsəyib, dərindən öyrənib və bu sahəyə “Ağıla əsaslanan türkçülük” konsepsiyasını da əlavə edib. İnternetdə türkçülük, bioloji müxtəliflik və türkçülük, gələcəyin türkçülüyü kimi mövzuları da M.Kadıoğlu Türkiyədə ilk dəfə olaraq qələmə alıb. Eyni zamanda, “texno-milliyyətçilik” anlayışını ilk dəfə təqdim edib. O, Türkiyədə və bütün türk aləmində ilk araşdırma olan “Anlayaraq çox sürətli oxumaq metodları” kitabını 1990-cı ildə yazaraq bu sahənin öncülü olub, türk dilinin özəlliklərinə uyğun anlayaraq çox sürətli oxumaq istiqamətində hazırladığı ilk kompüter proqramı ilə mühüm bir işə imza atıb. Uzun müddət Türkiyə mətbuatında müzakirə edilən və yüksək dəyərləndirilən bu yenilik sözügedən sahədə növbəti araşdırmalara yol açıb.

    Müəllifə görə, mifologiyadan, xalq ədəbiyyatı nümunələrindən, yazılı ədəbiyyatımızın ilkin qaynaqlarından, islam mədəniyyəti abidələrindən, bəşər tarixinin inkişaf mərhələlərindən, müasir dünyanın çoxspektrli meyillərindən qaynaqlanan, onları müzakirə obyektinə çevirən, müqayisələr aparan, şərh edən və dəyərləndirən M.Kadıoğlunun geniş məlumat dairəsi, analitik təfəkkürü təəccüb doğurmaya bilmir.

    Azərbaycanla bağlı məsələlər də M.Kadıoğlunun yaradıcılığının ilkin mərhələlərində önəmli yer tutur. Monoqrafiyanın “Muhsin Kadıoğlu və Azərbaycan” bölümündə yazarın ölkəmizlə bağlı müxtəlif əsərləri, Azərbaycanda yayımlanan məqalələri şərh edilib. M.Kadıoğlunun B.Əzizəli ilə birlikdə yazdığı, Bakı haqqında ilk genişhəcmli tur bələdçisi kitabı olan, türk və ingilis dillərində “Google Play Books” üzərindən yayımlanan “Bakı Gezi Rehberi” kitabı da monoqrafiyada təhlil edilib.

    “Türk tarixi insanlığa sivilizasiya dərsi verə biləcək saysız nümunələrlə doludur”, - deyən M.Kadıoğlunun türkçülük görüşlərindəki konseptual yanaşma, ardıcıl, sistematik fəaliyyət B.Əzizəli tərəfindən ətraflı şəkildə elmi ictimaiyyət və oxuculara təqdim olunub.