Amerikanın “The Walt Disney Company” şirkəti Ukraynada baş verən hadisələr fonunda Rusiyadakı bütün fəaliyyətini, o cümlədən kontentin istehsalı və lisenziyalaşdırılması prosesini dayandıracaq.
AZƏRTAC xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Eyni zamanda qeyd edilib ki, şirkət bəzi fəaliyyətini dərhal dayandıra bilməz. Belə ki, bəzi məzmun və məhsulların lisenziyalaşdırılması müqavilələrin mürəkkəbliyinə görə vaxt aparacaq.
Qeyd edək ki, “The Walt Disney Company” şirkəti martın 1-də Rusiya kinoteatrlarında filmlərinin, o cümlədən qarşıdan gələn bir sıra premyeraların dayandırıldığını elan edib.
Azərbaycan Rəngkarlıq Muzeyində rəssamlığa həvəsi olan 16 yaşdan yuxarı gənclər üçün nəzərdə tutulmuş “Özünü kəşf et” adlı ustad dərsləri davam edir.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində bu ayın növbəti ustad dərsi martın 16-17-də İnna Kostinanın iştirakı ilə "Batika" mövzusuna həsr ediləcək.
Ayın son dərsi isə martın 30-da İnna Kostinanın iştirakı ilə "Portret" mövzusuna həsr olunacaq.
Qeyd edək ki, təcrübəsindən asılı olmayaraq hər kəs dərslərdə iştirak edə bilər. Bütün ləvazimatlar muzey tərəfindən qarşılanır.
Yerlər məhdud olduğundan qeydiyyatdan keçmək zəruridir. Qeydiyyat çərşənbə axşamı – bazar günü saat 12:00-dan 20:00-dək aparılır.
Ustad dərsləri ödənişsizdir.
Milli kino və teatrımızın səhnəsində yaratdığı obrazlar, elə bil onun “əyninə biçilmişdi”, onun üçün yazılmışdı. Başqa biri heç vaxt onun kimi bu obrazları yarada bilməzdi və ya yaratsaydı belə bu qədər böyük tamaşaçı alqışı qazanmazdı. O, təkcə rollarına görə deyil, həm də xarici görünüşü, mimikası, özünü tamaşaçıya təqdimetmə bacarığı ilə də daim seçilib-fərqlənib. İllər, qərinələr ötsə də Azərbaycan sənət tarixinə adı böyük hərflərlə yazılan, cəmi 44 il ömür yaşamış Bəşir Səfəroğlu hər zaman hörmət və rəğbətlə yad ediləcək.
AZƏRTAC xəbər verir ki, bu gün sevimli sənətkarımızın anadan olmasının 97-ci ildönümü tamam olur.
Azərbaycan Dövlət Musiqili Teatrında ciddi yumorun sənət keşikçilərindən olan, həm yumorlu, həm satirik elementli personajların məharətli ifaçısı, xarakterik satira obrazlarına psixologizm aşılamaqda səriştəli hesab edilən Bəşir Səfəroğlu Üzeyir Hacıbəylinin və Zülfüqar Hacıbəyovun klassik operettalarında, əsasən isə çağdaş dramaturq və bəstəkarların musiqili komediyalarında müxtəlif xarakterli, satirik, yumoristik, məzhəkəli rollarda çıxış edib. Aktyorun yaradıcılığında xüsusi yer tutan Möhsün (“Beş manatlıq gəlin”, Məmməd Səid Ordubadi və Səid Rüstəmov), Qaradavoy və Çiko (“Keto və Kote”, Vladimir Dolidze), Qoçu Əsgər və Məşədi İbad (“Məşədi İbad”, Üzeyir Hacıbəyli), Uzun və Nəcəf (“Durna”, Süleyman Rüstəm və Səid Rüstəmov), Qədir və Gülümsərov (“Ulduz”, Sabit Rəhman və Süleyman Ələsgərov), Salyanski və Qəhrəman (“Gözün aydın”, Məhərrəm Əlizadə və Fikrət Əmirov) və başqa obrazlar tamaşaçı qəlbinə yol tapıb.
Bəşir Səfəroğlu 1925-ci il martın 11-də Bakıda dünyaya göz açıb. Yeddiillik təhsilini Bakıda aldıqdan sonra ailə vəziyyətinin ağırlığı ilə əlaqədar məktəbdən uzaqlaşıb.
Görkəmli aktyorun yumoru sərtdir, çevikdir, bitkindir. Komik ampluanın bu qolu yalnız Bəşir Səfəroğlu yaradıcılığı üçün xasdır. Sənətkar heç bir xüsusi peşə təhsili almayıb. Heç teatr təhsili də olmayıb. İlk dəfə səhnəyə 14 yaşında çıxıb və “Sevil” tamaşasında Gündüzü oynayıb. Bir il sonra Azərbaycan Dövlət Musiqili Teatrına gələrək tamaşalarda sözsüz rollarda çıxış edib. 1941-ci ilin noyabrında yaşı çatmasa da könüllü cəbhəyə gedib. 1942-ci ildə kontuziya alaraq eşitmə və danışma qabiliyyətini itirib. Bir müddət fəhlə, yük maşınının sürücüsü işləyib. Rejissor Niyaz Şərifovun məsləhəti ilə müntəzəm olaraq teatrın tamaşalarına baxmağa başlayıb. Bir müddət sonra isə onu truppaya aktyor qəbul ediblər.
Yaradıcılıq ehtirası ilə çırpınan Bəşir Səfəroğlu həyəcanlanır, daxili iztirablar keçirirdi. Ömrünün bu gərgin çağlarında o, yuxuda bərk həyəcanlanır və bununla da dili açılır. Həmin vaxtdan Bəşir Səfəroğlunun zəngin aktyorluq tarixçəsi başlayıb.
Bəşir Səfəroğlu cəmi 7 filmə çəkilib. “Aygün”, (Əmirxanın dostu), “Qəribə əhvalat” (Cəmil), “Əhməd haradadır?” (Sərxoş), “Ulduz” (Gülümsərov), “Xoca Nəsrəddinin 12 qəbri” (Nəsrəddin), “Yun şal” (Kişi) və “Yaşamaq gözəldir, qardaşım” (Səfər) bu yeddiliyi təşkil edir.
Altmışıncı illərin ortalarında Azərbaycan Dövlət Filarmoniyasında təşkil olunan “Gəlməli, görməli, gülməli” miniatür teatrında Bəşir Səfəroğlu onlarla satirik obraz yaradıb.
Rejissor Rauf Kazımovski görkəmli gülüş ustası Bəşir Səfəroğlu haqqında eyniadlı bədii-sənədli televiziya filmi çəkib.
Bəşir Səfəroğlunun rolun səhnə həllinə, qəhrəmanların sözlərinə münasibətdə fərqli mövqeyi vardı. Məsələn, o hər kəlməni müxtəlif intonasiyalarla mənadəyişiminə məruz qoyurdu. Bəşir Səfəroğlu qəhrəmanın vəziyyətinə psixoloji zəmindən yanaşırdı və oyununda gözgörəsi ifşa - özünü ifşa yox idi. O, sadəcə qəhrəmanın xarakterini və vəziyyətinin komikliyini açırdı. Onun öz obrazlarına münasibəti ciddi və bütöv idi. Nadan professora da, bürokrat Murtuzova da, səfeh polis rəisinə də ciddi məntiqlə yanaşırdı.
Bəşir Səfəroğlunun sənəti daim yüksək qiymətləndirilib və o, 1964-cü ildə Əməkdar artist , 1968-ci ildə isə Xalq artisti fəxri adına layiq görülüb. Tanınmış sənətkar Bəşir Səfəroğlu 1969-cu il martın 23-də vəfat edib və Fəxri xiyabanda dəfn olunub.
Bəşir Səfəroğlu dünən olduğu kimi, bu gün də, sabah da bənzərsiz obrazları ilə qəlblərdə yaşayacaq.
Onun ölməz sənət yolunu bu gün qızı, Azərbaycanın Xalq artisti Afaq Bəşirqızı uğurla davam etdirir. Atasından qalan sevinci insanlarla bölüşmək, onun arzularını həyata keçirmək, ən əsası isə Bəşir Səfəroğlunun yarımçıq qalmış obrazlarını, rollarını tamamlamaq üçün.
Azərbaycanın İordaniyadakı səfiri Eldar Səlimovun bu ölkənin mədəniyyət naziri xanım Hayfa Əl-Nəccar ilə keçirdiyi görüşündə iki dost ölkə arasında mədəni əlaqələrin perspektivləri müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, iordaniyalı nazir iki ölkənin xalqları arasında ortaq tarixi və mədəni əlaqələrin mövcud olduğunu qeyd edib və mədəniyyət sahəsində əməkdaşlığın yüksək səviyyəsindən məmnunluğunu bildirib. O əlavə edib ki, hər iki ölkənin uyğun hökumət strukturları mədəniyyət sahəsində kreativ yanaşmanın dəstəklənməsi, həmçinin innovasiyaların tətbiqi üzrə daha sıx əməkdaşlıq edə bilərlər.
Səfir E.Səlimov Azərbaycanın incəsənət ustaları və kollektivlərinin İordaniyada keçirilən bir sıra festivallarda fəal iştirak etdiklərini diqqətə çatdırıb, birgə mədəniyyət həftələrinin təşkili ənənəsinin davam edəcəyini qeyd edib.
İordaniyalı nazir Azərbaycanın səfirini qədim İrbid şəhərinin 2022-ci ildə “Ərəb Mədəniyyət Paytaxtı” elan olunması çərçivəsində keçiriləcək tədbirlərdə iştiraka dəvət edib.
Martın 9-da mədəniyyət naziri Anar Kərimov rəssamlıq sənətinə böyük töhfə vermiş Azərbaycan Rəssamlar İttifaqının nümayəndələri ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə nazir 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 30 ilə yaxın işğal altında olan ərazilərimizi azad etdiyini və ərazi bütövlüyümüzün bərpasından ötən müddətdə Azərbaycanın mədəniyyət və incəsənət beşiyi sayılan Qarabağa mədəniyyətin qaytarılması istiqamətində mühüm işlər görüldüyünü vurğulayıb.
Anar Kərimov “Şuşa İli” ilə əlaqədar Nazirlər Kabinetinin təsdiqlədiyi tədbirlər planından və Mədəniyyət Nazirliyi tərəfindən bir sıra tədbirlərin hazırlanmasından danışıb. Qeyd etdi ki, Mədəniyyət Nazirliyi tərəfindən keçirilməsi nəzərdə tutulan tədbirlər sırasında təsviri sənət sahəsində bir sıra layihələr yer alıb. Belə ki, layihələr çərçivəsində azərbaycanlı rəssamların Şuşaya səfərinin təşkili və onların yaratdıqları əsərlərin Şuşa və Bakı şəhərlərində təqdimat mərasimlərinin keçiriləcəyini və ən yaxşı əsərlərin müəlliflərinin mükafatlandırılacağını bildirib. O, “Şuşa İli” ilə bağlı, həmçinin bir çox beynəlxalq layihələrin də həyata keçiriləcəyini qeyd edib.
Eyni zamanda, o, cari ildə nazirlik tərəfindən “Şuşa İli”nə həsr olunmuş Şuşa şəhərinin qədim tarixi, mədəniyyəti və dahi şəxsiyyətlərinə aid heykəltaraşlıq müsabiqəsinin təşkil ediləcəyi barədə məlumat verib. Anar Kərimov gələcəkdə də Mədəniyyət Nazirliyi tərəfindən rəssamların işlərinin alınması, respublika daxilində və xaricdə rəssamların fərdi sərgilərinin təşkil edilməsinə dəstək göstəriləcəyini bildirib.
Daha sonra Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov çıxış edərək görüşün rəssamların fəaliyyətini çətinləşdirən amillərin həlli üçün imkan yaradacağını və faydalı olacağını, həmçinin rəssamların fəaliyyətinin daha da yaxşılaşdırılması üçün böyük töhfə verəcəyini söyləyib. Rəssamlar İttifaqının üzvləri- Xalq rəssamları Arif Hüseynov, Aydın Rəcəbov, Xanlar Əhmədov, sənətşünas Ziyadxan Əliyev çıxış edərək rəssamların yaradıcılıq fəaliyyətinin daha da yaxşılaşdırılması üçün təkliflərini səsləndiriblər.
Sonda Mədəniyyət naziri Anar Kərimov “Nizami Gəncəvinin 880 illiyi (1141-2021)” xatirə nişanını Xalq rəssamı Fərhad Xəlilova təqdim etdi.
Rusiya martın 9-dan Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və İrana uçuşlar üçün koronavirusla (COVİD-19) bağlı məhdudiyyətləri aradan qaldırıb.
Report Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə qonşu ölkənin Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) məlumat yayıb.
Məlumata görə, adı çəkilən ölkələr üzrə aviareyslər “Hava daşımalarına dair hökumətlərarası saziş"lər çərçivəsində həyata keçiriləcək.
Xatırladaq ki, Rusiya pandemiyaya görə 2020-ci ilin mart ayından bir sıra ölkələrə uçuşları məhdudlaşdırıb.
“Kapital Bank” ASC hər zaman müştərilərin pula olan tələbatlarını qarşılamaq üçün endirimli və güzəştli şərtlərlə müxtəlif kredit aksiyaları keçirir, həmçinin məhsulların şərtlərini sadələşdirir. Bu dəfə mənzilini, həyət evini, bağını, qeyri-yaşayış sahəsini və ya obyektini təmir etmək istəyənlər və digər məqsədlər üçün əmlaklarını girov qoymaqla “Kapital Bank”dan 100 000 manatadək kredit ala bilərlər.
Şərtlərə görə, qeyd olunan təminat predmetləri Bakı, Abşeron və ya Sumqayıt ərazisində olmalıdır. Maksimum 7 il müddətinə verilən kreditin illik faiz dərəcəsi minimum 15% təşkil edir.
Kredit verildikdə təminat qismində olan mənzillərə sığorta tələb edilmir. Yalnız fərdi tikili və ya qeyri-yaşayış sahələri sığortalanmalıdır. Müştərilər kredit üzrə müraciətlərini (050) 999 81 96 “WhatsApp” nömrəsinə ünvanlaya bilərlər.
Ölkənin I bankı olan “Kapital Bank” “PAŞA Holdinq” MMC-yə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 104 filialı və 23 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Mədəniyyət naziri Anar Kərimov martın 10-da Lənkəran şəhərinə səfər edib.
Bu barədə Report-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazir Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun müşayiəti ilə Lənkəran şəhər Heydər Əliyev Mərkəzinə baş çəkib, müəssisənin fəaliyyəti ilə tanış olub. Foyedə açılan “Mərhəmət dünyanı xilas edəcək” adlı sərgi ilə tanışlıq zamanı məlumat verilib ki, təqdim olunan əsərlər mərkəzin rəsm studiyasının üzvləri tərəfindən hazırlanıb.
Anar Kərimov və Taleh Qaraşov vaxtilə Lənkəran Dövlət Rəsm Qalereyasının fəaliyyət göstərdiyi yerli əhəmiyyətli tarixi abidə – Dairəvi qalanı ziyarət ediblər. Bildirilib ki, Dairəvi qala restavrasiya olunsa da, 2015-ci ilin fevral ayında güclü qar yağması nəticəsində qalanın dam örtüyünün müəyyən hissəsi dağılıb. Tikili uzun illər təmir olunmadığından yağıntılar binanın içərisinə daxil olmaqla daxili konstruksiyaya öz mənfi təsirini göstərib. Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən Dairəvi qalanın əsaslı təmiri ilə bağlı Nazirlər Kabinetinə və əlaqədar qurumlara müraciət edildikdən sonra tarixi abidənin bərpası Mədəniyyət Nazirliyində 2020–2023-cü illərdə dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu hesabına icrası nəzərdə tutulan layihələrin siyahısına daxil edilib. Hazırda abidənin əsaslı təmiri ilə bağlı layihə-smeta sənədləri hazırlanır. Dövlət büdcəsindən vəsait ayrılandan sonra burada təmir-bərpa işlərinə başlanılacaq.
Qeyd edək ki, Lənkərаn Dövlət Rəsm Qаlеrеyаsı hazırda fəaliyyətini müvəqqəti olaraq şəhər Mədəniyyət Mərkəzində davam etdirir.
Sonra Anar Kərimov Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinə baxış keçirib. Nazir 1924-cü ildən fəaliyyət göstərən muzeyin ekspozisiyasının müasir tələblərə uyğun yenidən qurulmasının vacibliyini bildirib, bununla bağlı müvafiq tapşırıqlar verib. Bildirək ki, muzey 1991-ci ildə Lənkəranın ilk çoxmərtəbəli binası olan Mir Əhməd xanın sarayına köçürülüb. Nazirə məlumat verilib ki, hazırda muzeydə 6678 eksponat mühafizə olunur. Muzeydəki eksponatlar Lənkəranın zəngin tarixini, mədəniyyətini, adət-ənənələrini əks etdirir.
Daha sonra mədəniyyət naziri tank qoşunları generalı, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun Lənkəran şəhərindəki ev-muzeyində olub. Bildirilib ki, muzey 1969-cu ildə açılıb və beş ekspozisiya zalından ibarətdir. 125 kvadratmetr sahəsi olan muzeydə 2373 eksponat mövcuddur.
Lənkəran şəhərinin mərkəz hissəsində yerləşən və XIX əsrdə inşa olunan tarixi-memarlıq abidəsi – Böyük bazar məscidinə baxış keçirən mədəniyyət naziri məscidin yaxınlığındakı yerli əhəmiyyətli tarix-memarlıq abidəsi Hacı Qurban hamamının (XIX əsr) da vəziyyəti ilə tanış olub.
Lənkəran mayakı ilə tanışlıq zamanı Anar Kərimova məlumat verilib ki, mayakdan onunla eyni vaxtda inşa edilən Dairəvi qalaya vaxtilə yeraltı yol var imiş. 1747–1786-cı illərdə tikildiyi ehtimal edilən mayak Lənkəran qalasının dayaq məntəqələrindən biri olub.
Nazir Lənkəran şəhər Uşaq rəssamlıq məktəbində olub. Diqqətə çatdırılıb ki, təhsil ocağının yerləşdiyi bina tarixi əhəmiyyəti nəzərə alınaraq yeni aşkar olunmuş abidələrin siyahısına daxil edilib. Anar Kərimov tikilinin qorunması və bərpası, habelə binanın Mədəniyyət Nazirliyinin balansına keçirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.
Qeyd edək ki, binanın qəzalı vəziyyətdə olması səbəbindən Uşaq rəssamlıq məktəbi müvəqqəti olaraq Lənkəran şəhər Mədəniyyət Mərkəzində fəaliyyətini davam etdirir.
Yazıçı Kamil Əfsəroğlunun “İttiham” kitabı çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, kitaba müəllifin üç romanı daxildir. Romanlar fərqli mövzulara toxunsa da, “İttiham” adı sanki hər üç əsər üçün xarakterikdir. Romanlarda ötən əsrin 50-60-cı illərinin yazılmayan, bədii ədəbiyyatın diqqətindən kənarda qalan hadisələr qələmə alınıb. Stalin despotizminin xofu onun ölümündən sonra bir müddət çəkilməsə də, insanlar ümidlərini itirmir, sabaha inamla baxırlar.
“Artım” layihə məkanında gənc rəssamlar Nərgiz Abdullayeva, Ağababa Bağırov, Leyli Əhmədova, Əli Yusibov, Müşfiq Heydərov, Novruz Məmmədov və Sabit Zamanovun əsərlərindən ibarət "Postponed" ("Təxirə salınıb") qrup sərgisi davam edir.
AZƏRTAC xəbər verir ki, sərgi ertələmə və gecikmənin təməl anlayışlarını öz "xam" formasında təqdim edir və bu ideyanın daha metafizik dərinliyinə qərq etməyə çağırır. Düşünməyə təşviq edən "Postponed" sərgisi, rəssamların müxtəlif prizmasından şərh olunur və təxirə salınmış arzu və istəklərin, niyyət və məqsədlərin mahiyyətini araşdırır. Sürətli yaşamaq tərzinə vərdiş etdiyimiz reallıqda nəyisə təxirə salınmasının hətta düşüncəsi belə bizə dəhşətli gələ bilər. Müasir insanın gündəlik həyatı vaxt ilə çərçivələnmiş hadisələr, dedlaynlar, nəzarəti və proqnozlaşdırılmağı tələb edən vəziyyətlərlə doludur. Lakin həyatın dəyişkən olduğunu nəzərə alsaq, bəzən işləri kontrol etmək alınmır, niyyətlər puça çıxır və gözləntilər əvvəlcə nəzərdə tutulduğu kimi özünü doğrultmayır. Xaos nəzəriyyəsindəki "kəpənək effekti" kimi, ertələmə də hadisələrin gedişatını dəyişə, habelə ilkin vəziyyətin metamorfozuna səbəb olmaqla, nəticədə böyük fərqlərə gətirib çıxarda bilər.
Sərgi "möhlət" kontekstini yeniləyərək, həyatda, istər şəxsi, istərsə də ictimai gecikmələrin nəticələrini yenidən nəzərdən keçirməyi təklif edir. Ekspozisiya, rəssamların bir çox mümkün hekayələr üçün başlanğıc nöqtəsi kimi təklif etmək istədiyi "ertələnmiş fəaliyyət" kontekstində şəxsi yetkinlik və yanaşmaları ilə səsləşir.
Sərgi aprelin 10-dək ziyarətçilər üçün açıq qalacaq.