Mayın 18-22-də Rotterdam şəhərində keçiriləcək “Eurovision - 2021” mahnı müsabiqəsinin yarımfinallarında iştirak edəcək ölkələrin siyahısı və ardıcıllığı bəlli olub.
Müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, ölkəmizin təmsilçisi Samirə Əfəndi (Efendi) mayın 18-də keçiriləcək birinci yarımfinalda 14-cü nömrə ilə çıxış edəcək. İfaçı “Mata Hari” mahnısı ilə Rotterdamda səhnəyə çıxacaq.
Qeyd edək ki, müsabiqənin yarımfinalları mayın 18-də və 20-də, final mərhələsi isə 22-də keçiriləcək.
Xatırladaq ki, ötən il Rotterdam şəhərində 65-ci dəfə keçirilməsi nəzərdə tutulmuş “Eurovision - 2021” mahnı müsabiqəsi koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər üzündən təxirə salınmışdı.
Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsi və Gəncə Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının oxu zalının əməkdaşı Tərifə Abbasovanın təşkilatçılığı ilə Zoom proqramı vasitəsilə “Daim yaşar ədəbiyyat” adlı görüş keçirilib.
AYB-dən bildirilib ki, görüşdə Xalq yazıçısı Çingiz Abdullayev çıxış edərək Azərbaycanda PEN klubun yaranmasından danışıb.
Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin sədri, şair-dramaturq Xəzangül Hüseynova çıxışında bildirib ki, bu bayram 1921-ci ildən PEN klub tərəfindən qeyd olunmağa başlayıb.
PEN klubun ilk beynəlxalq konqresi isə 1923-cü ildə Londonda keçirilib. 1986-cı il yanvarın 12-dən 18-dək PEN klubun sayca 48-ci beynəlxalq konqresi baş tutub. Məhz həmin tədbirin iştirakçıları martın 3-nü “Yazıçının Ümumdünya Sülh Günü” elan edilməsi barədə qərar qəbul ediblər. Həmin vaxtadək artıq dünyanın yüzdən çox ölkəsində PEN mərkəzləri fəaliyyət göstərirdi.
Tədbirdə çıxış edənlər Gəncə ədəbi mühitinin inkişaf mərhələləri və formalaşması istiqamətində uğurlardan, eləcə də yaradıcılıq uğurlarından söhbət açıb, şairlər şeirlər söyləyiblər.
Görüşün məqsədi yazarları bir araya toplamaqla ədəbiyyatımızda yeni janr ənənələri və oxucu münasibəti, eləcə də kitabxanalara onlayn marağın artırılması, həmçinin yazarlar gününün qeyd edilməsidir.
Moskva vilayəti Dövlət “Russkiy balet” Teatrı Nizami Gəncəvinin 880 illiyi münasibətilə Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baletini təqdim edib.
Tamaşa Moskva Quberniya Teatrının səhnəsində nümayiş olunub.
Balet Qara Qarayevin anadan olmasının 103-cü ildönümü və Nizami Gəncəvinin 880 illiyi münasibətilə tamaşaçılara yeni quruluşda təqdim edilib. Məşhur baletmeysterlər, Azərbaycanın Xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədovun ssenarisi əsasında tərtib edilən tamaşanın yeni quruluşu Azərbaycanın və Rusiyanın Əməkdar artisti, “Russkiy balet” Teatrının baletmeysteri Vitali Axundova aiddir.
Qeyd edək ki, bu ilin əvvəlində teatr “Yeddi gözəl” baletini görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 103-cü ildönümü münasibətilə yeni quruluşda təqdim etmişdi.
Rusiya tamaşaçıları beynəlxalq müsabiqələr laureatları Dmitri Kotermin, Yulia Zvyagina, Mstislav Arefiyev, Vladimir Mineyev və Valeria Vasilyevanın ifa etdikləri səhnə əsərini hər zaman böyük heyranlıqla izləyirlər.
Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında törədilən soyqırımı aktları olub. Bakı şəhərində başlanılan kütləvi qırğınlar Azərbaycanın bütün ərazisinə yayılıb. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilib.
Azərbaycan təsviri sənətində və xüsusilə rəssamların yaradıcılığında xalqımıza qarşı törədilən faciələr tarixin bütün mərhələlərində yer alıb.
Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən hazırlanan videoçarxda rəssam Nazim Məmmədovun 1918-ci il mart soyqırımına həsr etdiyi silsilə qrafika və rəngkarlıq əsərləri yer alıb.
Vidoçarx Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi “Facebook” və “İnstagram” sosial şəbəkələrdəki səhifələri vasitəsilə yayımlanıb.
Tanınmış kinoşünas, Əməkdar İncəsənət xadimi Aydın Kazımzadənin yeni kitabı işıq üzü görüb. “Azərbaycan kino salnaməsi” kitabının elmi redaktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyevdir.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı mətbuat xidmətindən bildirilib ki, “Azərbaycan kino salnaməsi” ikicildliyi 1898–2018–ci illərdə ölkəmizdə, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında və digər studiyalarda, kino şirkətlərində, televiziya kanallarında istehsal olunmuş bütün növlərdən olan filmlərin filmoqrafiyasını əhatə edir.
Mövcud “Azərbaycan kino salnaməsi”nin 1–ci cildinə 1898-2018–ci illərdə yaradılmış tammetrajlı və qısametrajlı bədii, televiziya bədii, animasiya filmləri və “Mozalan” satirik kinojurnalının bədii süjetləri daxil edilib. Nəşrdə, eyni zamanda “Bədii və animasiya filmlərinin əlifba göstəricisi” və “Kinorejissorların adlar göstəricisi” də verilib.
Kinosalnamə kino mütəxəssislərinin mədəniyyət, incəsənət, televiziya və dövri mətbuat işçilərinin, kino həvəskarlarının, eləcə də geniş oxucu kütləsinin istifadəsi üçün nəzərdə tutulub. Kinosalnamədə müəllifin və müxtəlif illərdə kino sahəsində çalışan insanların şəxsi arxivlərində qorunan, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının fotosexində, həmçinin Azərbaycan Dövlət Film Fondunun arxivində saxlanılan fotoşəkillərdən istifadə olunub.
Martın 30-da Moskva Quberniya Teatrının səhnəsində dünya şöhrətli Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baleti nümayiş olunacaq. SSRİ Xalq artisti Vyaçeslav Qordeyevin rəhbərlik etdiyi “Rus baleti” teatrı tərəfindən 2015-ci ildə səhnələşdirilən tamaşanın hər nümayişi böyük maraqla qarşılanır.
Mədəniyyət Nazirliyindən bildirilib ki, baletin eyni səhnədə budəfəki təqdimatı isə dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunub.
Tamaşanın quruluşçu baletmeysterləri Azərbaycanın Xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədovdur. “Rus baleti” teatrının baletmeysteri, Azərbaycanın Əməkdar artisti Vitali Axundov tamaşanın yeni redaksiyasını hazırlayıb. Qeyd edək ki, Vitali Axundov vaxtilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Yeddi gözəl” baletində Bəhram şah rolunun ifaçısı olub.
“Yeddi gözəl” baletinin süjetinin əsasını dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin eyniadlı poeması təşkil edir. Sevgi, dostluq, xəyanət, hökmranlıq, sədaqət və ədalətdən bəhs edən poemanın motivləri əsasında görkəmli bəstəkar Qara Qarayevin yazdığı (libretto müəllifləri İsmayıl Hidayətzadə, Yuri Slonimski, Sabit Rəhman) baletin premyerası 1952-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçirilib.
Müxtəlif illərdə “Yeddi gözəl” baleti Rusiya (Moskva, Sankt-Peterburq, Ufa, Saransk, Sıktıvkar, Perm), Belarus, Ukrayna, Türkiyə, ABŞ, Belçika teatrlarında səhnəyə qoyulub.
Xatırladaq ki, “Yeddi gözəl” bu il fevralın 9-da Qara Qarayevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Rus baleti”nin təqdimatında Moskva Quberniya Teatrında nümayiş olunmuşdu.
SSRİ Xalq artisti, professor Vyaçeslav Qordeyevin rəhbərliyi ilə fəaliyyət göstərən “Rus baleti” Moskva Vilayət Dövlət Akademik Teatrı əksəriyyəti “Qu gölü”, “Yatmış gözəl”, “Şelkunçik”, “Jizel”, “Zoluşka”, “Don Kixot”, “Şəhrizad” kimi klassik nümunələrdən ibarət olan geniş repertuara malikdir. Bu teatra klassik xoreoqrafiyanın məşhur nümunələri və onların virtuoz ifası ilə yanaşı, həm də bədii rəhbərin müəllif quruluşları da şöhrət qazandırıb. Hazırda teatrın truppasında 70-dən çox rəqqas, balet müsabiqələrinin laureatları fəaliyyət göstərir. Hər il gənc ifaçıların qoşulduğu truppada ABŞ, İtaliya və Yaponiyadan olan balet artistləri də çalışır.
Özbəkistanın "Mədəniyyət və mərifət" televiziya kanalında Azərbaycan-Özbəkistan dostluğuna dair “Qızıl körpü” adlı sənədli filmi nümayiş etdirilib.
Sənədli film Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü, Özbəkistan Dövlət Film Fondunun dəstəyi ilə paytaxtdakı “First Art Media” şirkəti tərəfindən lentə alınıb.
Ekran əsərində iki qardaş ölkə arasındakı tarixi əlaqələr, dostluq münasibətləri, eyni mədəniyyət, adət və ənənələrə malik olan xalqlarımız arasında mədəni-ədəbi əməkdaşlıq və bu istiqamətdə həyata keçirilən layihələr barədə məlumat verilir.
Filmdə Mədəniyyət Mərkəzinin ötən illərdə reallaşdırdığı layihələr, keçirdiyi çoxsaylı tədbirlər və iki ölkə arasında humanitar sahədə əməkdaşlığın inkişafına verdiyi töhfələr geniş işıqlandırılıb.
Sənədli filmdə AMM-in direktoru Samir Abbasov, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov, Əlişir Nəvai adına Daşkənd Dövlət Dil və Ədəbiyyat Universitetinin rektoru, professor Şuxrat Siracəddinov, Özbəkistan Dövlət xalq çalğı alətləri ansamblının bədii rəhbəri, professor Firuzə Abduraximova Azərbaycan-Özbəkistan mədəni əlaqələri, qardaş ölkədə Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə müxtəlif mədəniyyət və təhsil mərkəzlərində Azərbaycan ocaqlarının açılması, Azərbaycan mədəniyyət və ədəbiyyatı günlərinin keçirilməsi, ölkəmizə dair özbək dilində çoxsaylı nəşrlərin Daşkənddə işıq üzü görməsi, dostluq konsertləri, konfranslar, seminarlar, təqdimat layihələri, yubileylər, özbək jurnalistlərin Azərbaycana mediaturlarının təşkili haqqında söhbət açıblar.
Filmdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Özbəkistanla münasibətlərə xüsusi önəm verdiyi bildirilir, onun sovet dövründə Özbəkistan SSR rəhbəri Şərəf Rəşidovla, müstəqillikdən sonra isə Özbəkistanın birinci prezidenti İslam Kərimovla dostluq münasibətləri haqqında söhbət açılır.
Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov mərkəzin Özbəkistanda yaşayan soydaşlarımız, yerli azərbaycanlılar üçün müqəddəs bir ocaq olduğunu qeyd edib.
S.Abbasov 2010-cu ildə mərkəzin binasının açılışında çıxış edən Prezident İlham Əliyevdən sitat gətirib: “Bu mərkəz, əslində, Azərbaycan-Özbəkistan dostluğunun təcəssümüdür. Mərkəzdə, eyni zamanda, Azərbaycan-Özbəkistan dostluq muzeyi də fəaliyyət göstərir. Azərbaycan Mədəniyyət Mərkəzi ulu öndər Heydər Əliyevin adını daşıyır. Bu da çox əlamətdar haldır. Çünki ulu öndər Heydər Əliyev bütün dövrlərdə Azərbaycan ilə Özbəkistan arasındakı əlaqələrin inkişafı üçün böyük səylər göstərmişdir”.
Filmin sonunda Özbəkistanın tanınmış şairi Arif Toxtaşın “Bir ailə fərzəndidir” şeri səsləndirilib.
Baş ofisi Almaniyanın paytaxtı Berlində yerləşən Yaradıcılar Sülh Uğrunda Federasiyası (APF) və Beynəlxalq Yazıçılar Gildiyası (IGW) yazıçı Varis Yolçiyevi Sülh səfiri titulu ilə mükafatlandırıb, bu münasibətlə onu müvafiq Sertifikatla təltif edib. Varis Sülh səfiri statusuna 2021-ci ilin mart ayından keçib.
Yazıçımız bu şərəfə Avropada dərc edilən “Metamorfoz” romanında, “Babam, zalımlar və əncir ağacı”, “Sonuncu mogikan” kimi hekayələrində, o cümlədən Almaniyada dərc olunmuş “Payız natürmortu” kimi esselər toplusunda Xeyirin Şər üzərindəki qələbəsini tərənnüm etdiyinə, insan mənəviyyatının zənginliklərini üzə çıxardığına, eləcə də son illərdə dünya miqyasında böyük ədəbiyyat və incəsənət festivalları və müsabiqələrindəki münsif fəaliyyətinə görə layiq görülüb.
Qeyd edək ki, “Payız natürmortu” əsərində yazıçımızın dünya ictimaiyyətinə Azərbaycan barədə həqiqətləri çatdırmaq missiyasının nümunələrinə, o cümlədən Qarabağ həqiqətlərinə də rast gəlinir: “Təbiətin özünəməxsus şəkildə işğalçı müharibələrə etiraz etmək xüsusiyyəti var. “Xarı bülbül” adlı floranın unikal nümunəsi sayılan, xarici görünüşcə bülbülü xatırladan möcüzəli çiçək mövcuddur, o yalnız Dağlıq Qarabağın ürəyi sayılan Şuşa şəhərinin ətrafında bitir. 1992-ci ildə ermənilər tərəfindən işğal ediləndə Şuşa şəhəri tamamilə dağıdılmışdı, yerlə-yeksan olunmuşdu. Şahidlərin söylədiyinə görə, bu işğaldan sonra çiçək daha açmırdı”.
Bu gün İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (ICESCO) İcraiyyə Komitəsinin 41-si sessiyası öz işinə başlayıb.
Təşkilatın mənzil-qərargahından bildiriblər ki, videokonfrans formatında keçirilən tədbirdə ICESCO-nun 2019-2020-ci illərdə fəaliyyətinin yekunları, yaxın illərdə həyata keçiriləcək layihələr, Nizamnaməyə dəyişikliklər, Gənc Peşəkarlar Proqramının layihəsi və maliyyə vəziyyəti müzakirə olunur.
Sessiyanın açılışında ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl Malik, İcraiyyə Komitəsinin sədri, İordaniyanın təhsil, ali təhsil və elmi tədqiqatlar naziri Məhəmməd Xair Əbo Qudeys və təşkilatın 13-cü Baş Konfransının prezidenti, Fələstinin Təhsil və Elm Milli Komissiyasının sədri Əli Zidan Əbu Zuhri çıxış ediblər.
İki gün davam edəcək sessiyada ICESCO-ya üzv ölkələrin milli komitələrinin iştirakı ilə təşkilatın Baş Direktorluğunun hazırladığı bir neçə inzibati və hüquqi sənəd müzakirə ediləcək. Onların arasında Milli Komitələrin Nizamnaməsinin layihəsi, ötən ilin yanvarında Əbu-Dabidə keçirilmiş 40-cı iclasda təsdiq olunmuş təşkilatın yeni strukturu var. Sessiyanın gündəliyinə həmçinin ICESCO-nun rəqəmsal əsasda fəaliyyətinə dair təkliflər, regional ofislərin işinin səmərəliliyinin artırılması da daxildir.
Sessiyanın yekununda üzv ölkələrin nümayəndələri İcraiyyə Komitəsinin Bürosuna seçkilərin qaydalarını müzakirə edəcəklər.