ABŞ-ın Konqres Kitabxanası Milli Film Reyestrini genişləndirərək siyahısına 25 ekran əsəri daxil edib.
TASS agentliyinə istinadla xəbər verir ki, bazar ertəsi yenilənən kitabxananın veb-saytındakı siyahısında, xüsusilə “Saat mexanizmli portağal” (A Clockwork Orange, 1971), “Shrek” (Shrek, 2001), “Qara cəngavər” (The Dark Knight, 2008) filmləri yer alıb.
Konqres Kitabxanasının direktoru Karla Hayden “Variety” jurnalına verdiyi müsahibəsində bildirib ki, reyestr Amerika cəmiyyətini əks etdirmək və 1890-cı ildə yaranan Amerika kinematoqrafiyasının qobelenini təmsil etmək məqsədi daşıyır. Reyestrə həmçinin mədəni, tarixi və estetik əhəmiyyətə malik olan filmlərin, eyni zamanda 10 il bundan əvvəl çəkilən lentlərin də daxil edilməsi gözlənilir.
Qeyd olunub ki, bu il siyahıya doqquz qadın və yeddi qaradərili rejissorlar tərəfindən çəkilən ekran əsərləri əlavə edilib.
Reyestrə ümumilikdə 1913-2010-cu illər ərzində müxtəlif janrlarda çəkilmiş 25 film daxil edilib. Onlar arasında “Piy” (Grease, 1978), “Bluz qardaşları” (The Blues Brothers, 1980), “Buena vista klubu” (Buena Vista Social Club, 1998) və “Qasırğa hökmdarı” (The Hurt Locker, 2008) lentləri də vardır.
Tanımış jurnalist, yazıçı-publisist, tərcüməçi Mahir Qabiloğlunun “İtbaşı” romanının 3-cü hissəsi işıq üzü görüb.
Kitab “Adiloğlu” nəşriyyatında çapdan çıxıb. Kitabın redaktoru Eldəniz Elgün, bədii dizayneri Zaur Qafarzadə, korrektoru Mahmud Qəzənfəroğludur.
Romanın 3-cü cildində Xalq şairi Qabilin poeziyasından nümunələr verilib.
“İtbaşı” romanı əslində acı reallığı olduğu kimi oxucuya çatdıran bir konsepsiyadır. Bu konsepsiyada dünyanmı idarə olunması, dövlətlərin formalaşması, xalqla hakimiyyətlərin münasibətləri öz əksini tapıb. Əsərdə həmçinin insan psixologiyasının bütün qatları, kompleksləri açılır. Mahir Qabiloğlu əsərdə açıq şəkildə iddia edir ki, bu günün özündə belə böyük güclər xırda dövlətləri təsir altında saxlamaq üçünü yad ideologiyaları, vərdişləri zorən cəmiyyətlərə qəbul etdirir, qeyri-ənənəvi baxışları az qala ilahi baxışlar kimi təqdim edirlər.
İnanırıq ki, romanın 3-cü cildi də oxucular tərəfindən maraqla qarşılanacaq.
Bu gün ölməz korifeyimiz Rəşid Behbudovun doğum günüdür
“Alagöz”, “Gecələr”, “Lalələr”, “Sənə də qalmaz”, “Küçələrə su səpmişəm”, “Evləri var” və s. ifa etdiyi mahnılar... Bu şəffaf, bulaq suyu kimi axıcı səsi unutmaq mümkün deyil. Bu səs sehri, cazibəsi ilə təkcə sahibinə deyil, həm də onun mənsub olduğu millətə, xalqa, məmləkətə daim şöhrət gətirərək tükənməz məhəbbət qazandırıb.
Bu gün SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, görkəmli müğənni Rəşid Behbudovun anadan olmasının 105-ci ildönümü tamam olur.
Səsi, sənəti, fitri istedadı ilə əbədiyaşarlıq qazanan Rəşid Behbudov 1915-ci ildə Tbilisidə xanəndə Məcid Behbudovun ailəsində dünyaya göz açıb. Atası məşhur xanəndə, Azərbaycan muğamatlarının parlaq ifaçısı olub. O, Azərbaycanın xalq musiqi incəsənətinin beşiyi olan Şuşadandır. Anası Firuzə Abbasqulu qızı Vəkilova əslən qazaxlıdır. Ömrünün sonlarına kimi Tbilisidə Azərbaycan məktəblərində dərs deyib.
Uşaq yaşlarından məktəb xorunda oxuyan R.Behbudov 1933-cü ildə Dəmir Yolu Texnikumuna daxil olub. Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışıb. Hərbi xidməti zamanı ordu ansamblının solisti olan R.Behbudov əsgərlik illərindən sonra Tbilisi estrada qruplarından birinin solisti olub.
Rəşid Behbudov 1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəylinin eyniadlı operettasının motivləri əsasında çəkilən “Arşın mal alan” filmində baş rola dəvət alıb. 1945-ci ildə efirə çıxan film çox tez bir zamanda nəinki Azərbaycanda, bütün SSRİ məkanında böyük populyarlıq qazanıb. 1946-cı ildə bu filmdəki Əsgər roluna görə Rəşid Behbudov “Stalin” mükafatına layiq görülüb. Əsgər obrazını yaradan müğənninin şirin və könül oxşayan səsi hər bir dinləyicini valeh edib. Bundan sonra sevimli müğənninin səsini eşitmək arzusunda olanların sayı gündən-günə artıb. Azərbaycan kinosunun qızıl fonduna daxil olan həmin film 60 ildən çoxdur ki, müvəffəqiyyətlə nümayiş etdirilir.
Filmin ssenari müəllifi Sabit Rəhman “Azərbaycan kinematoqrafiyasının təntənəsi” məqaləsində aktyorun oyununu belə qiymətləndirib: “Əsgər rolu Rəşid Behbudovun ilk roludur. Rəşid öz gözəl, lirik səsi ilə estrada səhnəsində SSRİ-nin bir çox şəhərlərində sevilmiş, alqışlanmışdı. Əsgər onun ilk rolu olmağına baxmayaraq, Behbudovun bir kino aktyoru kimi böyük ümidlər verdiyini göstərir...”
R.Behbudov söhbətlərinin birində deyib: “Dünyanın hər hansı bir ölkəsində konsert proqramı ilə çıxış edəndə tamaşaçılar məni hər şeydən əvvəl “Arşın mal alan” filminin qəhrəmanı tacir Əsgər kimi alqışlayırdılar. “Arşın mal alan” Azərbaycan kinosunun bütün dünyada bayrağına çevrildi. Bizim “Arşın mal alan” dünya ölkələrinin ekranlarını gəzdi. Çox vaxt öz konsertlərimlə filmin arxasınca getməli olurdum və Əsgər mənim ən gözəl “vizit vərəqəm” idi”.
Yüksək peşə mədəniyyətinə, böyük vokal və musiqi-səhnə ustalığına malik olan R.Behbudov Azərbaycanda opera sənətinin inkişafına da sanballı töhfələr verib. Premyerası 25 dekabr 1953-cü ildə olmuş “Sevil” operasında əsas qəhrəman — Balaş rolu Behbudova tapşırılır. F.Əmirovun bu məşhur operasında yaratdığı Balaş rolu dərin dramatizmlə aşılanmış bu obraz sanballı opera-səhnə uğurlarından biri kimi geniş miqyasda təqdir olunub, respublika ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib. O, öz sənəti ilə işıqlı bir ümid doğurur, dünyanın sənət fəlsəfəsini açır, insanları daha xoşbəxt çağların gələcəyinə inanmağa çağırırdı. Səsindəki həzin lirizm insan ürəyinin qüdrətini və genişliyini vəsf edirdi.
1946-56-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-60-cı illərdə fasilələrlə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olmuş R.Behbudov 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomima kimi müxtəlif janrlarını özündə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil edib və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olub. Bu, SSRİ-də ilk belə teatr idi. Hazırda bu teatr dahi sənətkarın adını daşıyır. R.Behbudov Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında böyük rol oynayıb. Ansambl bəzi ölkələrdə bir neçə dəfə, təkcə Hindistanda 6 dəfə qastrol səfərində olub. O, xarici ölkələrdə verdiyi konsertlərdə yerli xalqların dilində oxuyur, heyrət nidaları və alqışlarla qarşılanırdı. R.Behbudovun özünün çəkdiyi və filmə daxil edilmiş kinoxronikadan aydın olur ki, İran səfəri zamanı verdiyi konsertlərdən yığılan vəsaiti Tehranda Gənclər Evinin konsert salonunun tikintisinə hədiyyə edir. İran Gənclər naziri çıxışında bildirir ki, Tehranda dəbdəbəli konsert kompleksi vaxtilə onun şərəfinə “Rəşidiyyə” adlandırılıb.
O, bir çox böyük ümumdünya incəsənət məclislərində, beynəlxalq gənclər festivalında, xalqlar dostluğu konsertlərində, Bolqarıstan, Macarıstan, Polşa, Finlandiya, İngiltərə, Şotlandiya, Hollandiya, İtaliya, Fransa, Avstriya, Portuqaliya, Əfqanıstan, Türkiyə, İran, İraq, Suriya, Liviya, Hindistan, Misir, Efiopiya, Sudan, Ekvador, Peru, Argentina, Boliviya və s. ölkələrdə olub. Bir çox görkəmli bəstəkarların mahnıları R.Behbudovun ifasında dünya xalqlarının 50-dən çox dilində səslənib. R.Behbudov dünyanın məşhur ölkəsinə səfəri haqqında “Uzaq Hindistanda” kitabını yazır.
İfaçılıqda xalq yaradıcılığını, vokal sənətini, estrada janrını sintez edən Rəşid Behbudov təkraredilməz məlahətli səsi, xarici görünüşü və aktyorluq istedadı ilə dinləyicinin və tamaşaçının qəlbini ovsunlayan ifaçılardan idi.
Milli musiqi xəzinəmizin, eləcə də Azərbaycan bəstəkarlarının əsərlərinin ölkə hüdudlarından kənarda populyarlıq qazanması məhz Rəşid Behbudovun bənzərsiz ifası, möcüzəli səs çalarları ilə mümkün olub. Tofiq Quliyev, Fikrət Əmirov, Səid Rüstəmov, Vasif Adıgözəlov, Qara Qarayev, Arif Məlikov və digər dünya şöhrətli bəstəkarlarımızın yaradıcılığını onsuz təsəvvür etmək mümkün deyildir.
Yaradıcılığı sərhəd tanımayan Rəşid Behbudovun ifa etdiyi hər mahnı, yaratdığı hər obraz sənət hadisəsinə çevrilib, sənətkar dəfələrlə dövrünün ən yüksək mükafatlarına layiq görülüb.
Rəşid Behbudovun sənəti Azərbaycan musiqi tarixinə ən şərəfli səhifələrdən biri kimi həkk olunub. SSRİ məkanında, eləcə də dünyanın ayrı-ayrı qitələrində milyonlarla dinləyici qəlbini fəth edən sənətkar getdiyi hər yerdə Azərbaycan musiqisinin, onun zəngin mədəniyyətinin yorulmaz təmsilçisi və təbliğatçısı idi.
1989-cu il iyunun 9-da Moskvada vəfat etmiş dahi sənətkar Bakıda Fəxri xiyabanda dəfn edilib.
Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə bu gün saat 19:00-da “İRS. Respublikanın sərvəti. Ölkəmizin tarix səhifələri rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərlərində” adlı virtual sərgi açılacaq.
Dövlət Rəsm Qalereyasından bildirilib ki, sərgi milli incəsənətimizə nadir incilərin geniş tamaşaçı auditoriyasına təqdim etmək, Azərbaycan təsviri sənətinin rəngkarlıq, qrafika və heykəltəraşlıq nümunələrinə yenidən diqqəti artırmaq məqsədilə təşkil olunacaq.
Sərginin ekspozisiyasında Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda yer alan Böyükağa Mirzəzadənin “Karqanov küçəsində gecə”, Tahir Salahovun “Küləkli Nardaran”, Nadir Əbdürrəhmanovun “Xalça toxuyan”, Rasim Babayevin “Ailə”, Toğrul Nərimanbəyovun “Görüş”, Maral Rəhmanzadənin “Gözəl kəndimiz”, Altay Hacıyevin “Qədim qab-qacaq seriyası. Səhənglər”, Xanlar Əhmədovun “Yaralı əsgər”, Həyat Abdullayevanın “Vəcihə Səmədovanın portreti”, Ömər Eldarovun “Neftçilər” və s. adlı qiymətli əsərləri yer alacaq.
Sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkündür.
Qarabağın azad olması, qələbə münasibətilə ilk növbədə Azərbaycan xalqına təbrik edirəm. Belə bir vaxtda Üzeyir Hacıbəylinin kitabının Fransada işıq üzü görməsi azad Şuşada onun azad dolaşan ruhuna böyük hədiyyədir. Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının tərcüməsindən ibarət olan kitab Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə reallaşıb.
Bu fikirləri Ceyhun Hacıbəylinin gəlini Paskal Hacıbəyli-Buşe dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası və mahnılarının tərcüməsindən ibarət kitabın işıq üzü görməsindən danışarkən deyib.
Bildirib ki, Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasını fransız dilində təqdim etməkdən çox şaddır. Kitab bəstəkarın qardaşı Ceyhun Hacıbəyli tərəfindən tərcümə olunub. O, qardaşının əsərinin Fransada tanınması üçün bu operettanı fransız dilinə tərcümə edib. Bu ölkədə yaşayan müsəlmanlara təqdim etmək niyyətində olub.
“Bu operettanı fransız dilinə tərcümə etmək çox çətindir. Bu ədəbi tərcümə deyil, adaptasiya edilmiş versiyadır. Operettanı təqdim etmək niyyətində olduğuna görə onu adaptasiya edərək tərcüməsini yazıb. Operettanın xronologiyası tam şəkildə tərcümə edilməyib. Ancaq operettanın əsas hissəsi tərcümə edilib. Həmçinin, bəzi mahnıların sözləri fransız dilinə tərcümə edilib və kitaba daxil olunub.
Operettanın çap maşınında yazılmış tərcüməsi var idi. Bir gün Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayevlə söhbətimiz zamanı ona bu tərcümə haqqında danışdım. Həmin tərcüməni səfirliyə və ya Üzeyir Hacıbəylinin muzeyinə vermək istədiyimi bildirdim. Söhbət zamanı bu tərcümənin kitab şəklində dərc edilməsi fikri yarandı və onu fransız nəşriyyatı tərəfindən çap etdirilməsi qərarına gəldik”,-deyə P. Hacıbəyli-Buşe diqqətə çatdırıb
Qeyd edib ki, Azərbaycan səfirliyinin dəstəyi ilə kitab Şuşanın azad edildiyi gün nəşriyyata təqdim edilib.
Paskal Hacıbəyli-Buşe deyib ki, bu kitab Azərbaycan musiqisinin fransızlara tanıdılmasında böyük rol oynayacaq.
Qeyd edək ki, Üzeyir Hacıbəylinin qardaşı Ceyhun Hacıbəyli tərəfindən tərcümə və adaptasiya edilmiş “Arşın mal alan” kitabı 1876-cı ildən fəaliyyət göstərən “Hermann” nəşriyyatı tərəfindən çap edilib. Səfir Rəhman Mustafayev və Paskal Hacıbəyli-Buşe kitaba “Ön söz” yazıblar. Müqəddimədə Üzeyir Hacıbəyli və “Arşın mal alan” operettası haqqında ətraflı məlumat verilib.
Dekabrın 18-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı tanınmış uşaq yazıçısı, dramaturq və tərcüməçi Samuil Marşakın “Pişiyin evi” nağılı əsasında hazırladığı eyniadlı tamaşanı saat 12:00-da onlayn nümayiş etdirəcək.
Kuklaçı rejissor Anar Məmmədovun fərqli üslubda hazırladığı bu tamaşa daim balacaların tələb etdiyi səhnə işlərindəndir. Tamaşa Əməkdar artist, usta kuklaçı Rəhman Rəhmanovun 60 illik yubileyi münasibətilə səhnələşdirilib. Birhissəli uşaq tamaşasında kuklalarla yanaşı, canlı planda aktyor oyunu da qurulub.
Rəngarəng səhnə tərtibatı və müxtəlif konstruksiyalardan kuklalarla hazırlanan tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar incəsənət xadimi Cahangir Zülfüqarovdur.
İdeyası yalançı dostluğa ikrah, dürüst münasibətə çağırış olan tamaşada uşaqlara lovğalıq, yalançılıq və xudpəsəndlik kimi mənfi keyfiyyətlərdən qaçmaq aşılanır.
Qeyd edək ki, tamaşa teatrın “YouTube” kanalında saat 12-də yayımlanacaq.
Türkiyənin “Bengü Türk” televiziya kanalında yayımlanan “Azərbaycan rüzgarı” proqramının növbəti buraxılışı Vətən müharibəsinə həsr olunub.
Bu barədə açıqlama verən proqramın müəllifi və aparıcısı, həmyerlimiz jurnalist Səidə Ömər hər həftə Azərbaycan həqiqətləri ilə yayımlanan proqramın bu buraxılışının onun üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.
O deyib: “Hər həftə Vətənimi Türkiyə vətəndaşları ilə yanaşı qardaş ölkəni ziyarətə gələn turistlərə də tanıtmaq imkanı əldə edirəm. Lakin, bu həftəki proqram mənim üçün xüsusi əhəmiyyət kəsb edir. Qəhrəman Azərbaycan xalqının Vətən müharibəsində əldə etdiyi qələbə haqqında danışmaq çox qürurverici bir hissdir. Budəfəki proqramımız Azərbaycan Prezidenti İlham Əliyev, şanlı Azərbaycan Ordusu və Azərbaycan xalqının düşmənə qarşı yumruq kimi birləşməsindən, bu birliyin nəticəsi olan möhtəşəm zəfərimizdən danışdıq. Bu böyük qələbənin əldə olunmasında qardaş Türkiyənin dəstəyini xüsusi vurğuladıq. Bu 44 günlük müharibədə hər kəs öz silahı ilə döyüşdü. Mənim də silahım bu proqramdır. Gücüm yetdiyi qədər səsimizi media vasitəsilə dünyaya çatdırmağa çalışdım”.