“YARAT” Müasir İncəsənət Mərkəzinin “Artım” layihə məkanında “Xrizalis: transformasiya anı” adlı buraxılış̧ sərgisi davam edir.
Sərgidə rəssamlar Günel Axundlu, Ağababa Bağırov, Rəna Bəşirova, Əhməd Nəbiyev və Murad Əkbərlinin əsərləri nümayiş̧ olunur.
Gələn il yanvarın 31-dək açıq olacaq sərgi çərşənbə axşamı və cümə günü saat 12:00-dan – 18:00-dək hər kəs üçün açıqdır. Giriş sərbəstdir.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı Vətən müharibəsində şəhid olan əsgərlərimizə həsr olunmuş videoçarx hazırlayıb.
İdarədən bildirilib ki, videoçarx kitabxananın “Facebook”, “Instagram” və “Twitter” səhifəsində oxuculara təqdim olunub.
Videoçarxda qeyd edilir ki, şəhidlik Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir.
Şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürurumuz, vüqarımız, fəxrimiz, ölməzliyimiz, örnəyimizdir. Şəhidi olmayan xalqın mənliyi, kimliyi bilinməz, azadlığı qanı, canı ilə qazanmayan xalq kölə kimi həyəcan içində yaşayar.
Vətən məhəbbəti, Vətəni sevmək ən ülvi hissdir. Vətəni sevmək Tomris mərdliyini, Cavanşir yenilməzliyini, Dədə Qorqud hikmətini, Nizami poeziyasını, Tusi elmini, Füzuli kədərini, Koroğlu cəngisini, Xətai qılıncını, qələmini, Babək cəsarətini, Nəsimi qətiyyətini, Üzeyir musiqisini, Səməd Vurğun şeiriyyətini sevmək deməkdir.
Vətən bizim varlığımızdır, fəxrimizdir, qürurumuzdur. Neçə-neçə qəhrəmanımız torpaqlarımız uğrunda canlarından keçib. Vətən uğrunda, onun azadlıq və istiqlaliyyəti yolunda canını qurban verən qəhrəmanlar heç vaxt unudulmur, ölümsüzlüyə qovuşurlar. Torpaq-uğrunda ölən varsa, Vətəndir!
Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik! Vətənpərvər olan şəxs Vətənini sevən, ona sadiq, torpağına, millətinə bağlı olan, bütün mənəvi sərvətlərə malik hərtərəfli şəxsdir.
Bu gün Respublika Gənclər Kitabxanasının qarşısında da gənclərimizin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi yönümündə, onlarda Vətənə, xalqa, milli –mənəvi dəyərlərimizə olan sevgi və bağlılıq hisslərini inkişaf etdirmək kimi ali bir vəzifə durur. Son iki ayda ölkəmizdə baş verən hadisələr - Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyevin müdrik siyasəti, xalqımızın nümayiş etdirdiyi birlik və ordumuzun şücaəti sayəsində əldə etdiyimiz şanlı qələbə gənclərimizdə hərbi vətənpərvərlik hissinin təbliği yönümündə çalışan Gənclər Kitabxanasını da yeni bir layihəyə start verməyə sövq edib.
Kitabxanadan bildirilib ki, bu, “Haradan başlanır Vətən?” layihəsidir. Sözügedən layihə gənclərimizdə Vətənə sevgi, torpağa bağlılıq aşılamaq, onları Azərbaycanımızın qədim tarixi, füsunkar təbiəti, şanlı qələbə yolu haqda məlumatlandırmağa yönəlib. Layihə çərçivəsində kitabxananın əməkdaşları Cəbrayıl, Fizuli, Laçın, Şuşa, Ağdam, Kəlbəcər və s. rayonlarımız haqqında videoçarxlar hazırlayıblar. Videoçarxlarda rayonlar, bütövlükdə Azərbaycanın Qarabağ ərazisi haqqında geniş, əhatəli və faydalı məlumatlarla zəngin materiallar təqdim olunub.
Hazırda layihə uğurla davam etdirilir və “Bəyənmə” saylarına görə yerləşdirilən materiallar ön sıralardadırlar.
İstifadəçilər kitabxana əməkdaşları tərəfindən hazırlanan videomateriallara kitabxananın “Instagram” səhifəsindən baxa bilərlər.
“Facebook”un kulinariya qruplarının birində növbəti müsabiqə təşkil olunub. “Dünyanın dadı” adlanan müsabiqə çərçivəsində iştirakçılar virtual olaraq ölkələri gəzib həmin ölkələrin mətbəxlərinə aid yeməklər hazırlayırlar. Həftənin sonunda isə peşəkar aşpaz Mehman Hüseynov bütün iştirakçıların işlərini qiymətləndirib, qalibləri seçir.
Artıq bir həftəyə yaxındır “Азербайджанская Кухня и не только” adlı “facebook” qrupunda “Dünyanın dadı” adlı müsabiqəyə start verilib. Layihə çərçivəsində qrup iştirakçılarının virtual olaraq 12 ölkəyə səyahət edəcəkləri planlaşdırılıb. Müsabiqənin birinci həftəsində ilk səyahət qardaş ölkə Türkiyəyədir. Qrup üzvləri türk mətbəxinin bir-birindən ləzzətli reseptlərini hazırlayıb paylaşırlar.
Müsabiqənin gedişatını böyük həyəcan və fəxrlə izləyən qrupun admini və müsabiqənin müəllifi Kübra Kərimlinin sözlərinə görə, bu layihənin təşkil olunmasında məqsəd karantin rejimində evdə qalanlara mənəvi dəstək olmaq, yemək bişirməyi sevən insanları az da olsa gündəlik problemlərdən uzaqlaşdırmaq, ən əsası isə dünya mətbəxini qrup iştirakçıları arasında tanıtmaq və daha əlçatan etməkdir.
“Xatırlayırsınızsa, bir neçə ay bundan öncə qrup iştirakçıları arasında çox sevilən “Ulduzu təkrarla” müsabiqəsini təşkil etmişdim. Qrup üzvləri Azərbaycanın məşhur insanlarının hazırladıqları yeməkləri təkrarlayıb birincilik uğrunda mübarizə aparırdılar. Bu dəfə müsabiqənin formatı tam fərqlidir. Müsabiqə tədqiqat və paylaşma xarakteri daşıyır. Qrupda dünyanın hər yerindən üzv var. İstəyirəm ki, dünya bizim necə bacarıqlı və yeniliklərə açıq olan millət kimi tanımağa davam etsin. Hesab edirəm ki, bizim xalqımız hər bir sahədə necə qabiliyyətli olduğunu nümayiş etdirməli və dünyaya göstərməlidir,” - deyə Kübra Kərimli vurğulayıb.
Xatırladaq ki, növbəti həftələrdə qrup üzvlərinin İtaliya, Hindistan, Yaponiya, Pakistan, Meksika və digər ölkələrə virtual səyahətlər edəcəklər.
Müsabiqəyə qoşulmaq üçün “facebook”dakı “Азербайджанская Кухня и не только” qrupuna (https://www.facebook.com/groups/158809490864818/) üzv olmaq lazımdır.
Müsabiqənin şərtləri haqqında ətraflı məlumat qrupda paylaşılıb.
Xatırladaq ki, “Азербайджанская Кухня и не только” qrupu 2011-ci ildən fəaliyyət göstərir və qrupun 20 minə yaxın üzvü var.
UNESCO-nun Almatı bürosunun təşəbbüsü ilə “ResiliArt” layihəsi çərçivəsində “Pandemiya dövründə muzeylər: Yeni normalara uyğunlaşma” mövzusunda onlayn konfrans keçirilib. Konfransa Azərbaycan Milli Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova da qatılıb.
Xalça Muzeyindən bildirilib ki, Şirin Məlikova COVID-19 pandemiyası dövründə muzeyin onlayn fəaliyyəti barədə çıxış edib. O, rəhbərlik etdiyi muzeyin çox qısa zamanda öz işini karantin dövrünün tələblərinə uyğunlaşdırdığını bildirib: “Koronavirusla əlaqədar muzeylərdə bütün kütləvi tədbirlər dayandırılanda biz “Zənginləşən xəzinəmiz” adlı sərginin açılışını ölkəmizdə ilk dəfə onlayn şəkildə keçirdik. Sərgini dünyanın müxtəlif ölkələrindən 5 min nəfərdən artıq şəxs muzeyin “facebook” səhifəsindən izlədi. Pandemiya dövründə sosial şəbəkələrdəki rəsmi səhifələrdə muzeyin nəşrlərini, eksponatlar haqqında maraqlı elmi məlumatları özündə əks etdirən məqalələr, kiçik mətnlər və ya videoçarxlar yerləşdirdik”.
O, “Sənətə həsr olunmuş ömür” rubrikası çərçivəsində həyatını xalçaçılıq sənətinə həsr etmiş mütəxəssislər, xalçaçı-rəssamlar, toxucular və onların muzeyimizdə qorunan xalçaları haqqında izləyicilərin məlumatlandırıldığını, həmçinin onlayn mühazirələrin keçirildiyini bildirib. Natiq bu müddət ərzində muzeyin zənginləşməsində rolu olan xarici xalça mütəxəssisləri, kolleksiyaçılar və onlar vasitəsilə əldə edilən eksponatların izləyiclərə təqdim olunduğunu, muzeyimizlə əməkdaşlıq edən, yeni eksponatların əldə edilməsində rolu olan xarici ekspert və kolleksiyaçılardan bəhs edildiyini və onlarla onlayn görüşlər keçirildiyini söyləyib.
Ş.Məlikova bu dövr ərzində muzeyin reallaşdırdığı “Tanınmış şəxslərlə virtual tur”, “Xalça hekayələri”, “Qarabağın xalça xəritəsi” kimi maraqlı layihələr barədə də danışıb. Muzeyin uşaqları da diqqətdən kənarda qoymadığını, onlar üçün onlayn ustad dərsləri, nağıl saatı, tamaşalar, kölgə teatrı kimi maraqlı rubrikaların təqdim olunduğunu deyib.
Direktor Vətən müharibəsi dövründə muzeyin paylaşımlarının əsasən Qarabağın təbiəti, tarixi, etnoqrafiyası, milli-mədəni irsi olan xalçaçılıq və digər sənət sahələri, bu torpağın yetişdirdiyi məşhur şəxsiyyətlər barədə olduğunu diqqətə çatdırıb. Eyni zamanda, Azərbaycan Milli Xalça Muzeyinin və ICOM Azərbaycan Milli Komitəsinin Qarabağ həqiqətlərini dünyaya çatdırmaq istiqamətində gördüyü işlər barədə ətraflı məlumat verib. O, Milli Komitənin təhlillərinə əsasən COVID -19 pandemiyasının ölkəmizdə fəaliyyət göstərən muzeylərə təsirindən də danışıb.
Konfransda, həmçinin A.Kasteyev adına Qazaxıstan Dövlət İncəsənət Muzeyinin, Polşanın Asiya və Sakit Okean Muzeyinin, Rerixovlar Muzeyinin (Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyinin filialı), Qırğız Milli İncəsənət Muzeyinin nümayəndələri mövzu ətrafında çıxış ediblər.
“YARAT” Müasir İncəsənət Mərkəzində təşkil edilən “Öz adanı kəşf et” adlı sərgi davam edir.
“YARAT”dan bildirilib ki, XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində həm şəxsi, həm də ictimai kolleksiyalardan təşkil olunmuş bu sərgi, keçən əsrin 80-ci illərin sonları, 90-cı illərin birinci yarısında müxtəlif nəsillərin nümayəndələri olan 21 Azərbaycan rəssamı tərəfindən yaradılmış əsərlərdən ibarətdir. Əsərlərin bir çoxu geniş ictimaiyyətə ilk dəfə olaraq təqdim olunur.
Sərgidə Azərbaycanın tanınmış rəssamları Şamo Abasov, Məlik Ağamalov, Çingiz, Elnur Babayev, Heybət Babayev, Rasim Babayev, Müslim Eldarov, İrina Eldarova, Kamal Əhməd, Eliyar Əlimirzəyev, Müseyib Əmirov, Hüseyn Haqverdiyev, Ucal Haqverdiyev, Rəşid İsmayılov, İnna Kostina, Eldar Qurban, Sənan Qurbanov, Nazim Rəhmanov, Sabina Şıxlinskaya, Teymur Daimi və Mir Nadir Zeynalovun əsərləri nümayiş olunur.
"Öz adanı kəşf et" poemasından götürülmüş misralar və sərgidə təqdim olunan əsərlər bir-birini tamamlayır və həm obraz, həm də daxili mesajın intensivliyində əks olunur. Bu vəhdət, sərginin həsr olunduğu dövrün reprezentasiyası üçün çox səciyyəvi və rəmzi məna kəsb edir. Sərginin konsepsiyası ümid və məyusluq, müharibə və sevgi, ölüm və dirçəliş kimi əbədi ekzistensial mövzulara müraciət üzərində qurulub. Belə ki, tarixi nöqteyi-nəzərdən, bu layihə Sovet İttifaqının süqutu dövründə incəsənətə həsr olunub. Azərbaycanda SSRİ-nin dağılmasından sonrakı illər, Dağlıq Qarabağın və ətraf yeddi rayonlarının işğalına səbəb olan müharibə ilə bağlı idi və ölkə tarixində ən faciəli səhifələrdən birinə çevrildi. Bu baxımdan, sözügedən sərgi, əsas etibarilə yaddaş, tarixi irs və milli özünüdərk prosesi haqqındadır.
SSRİ-nin süqutundan sonra incəsənət öz keçmiş soyuqluğunu və şərtiliyini itirərək, həyatın nisbətən daha fəal hissəsinə çevrildi. Azərbaycanda baş verənlər müəyyən mənada zaman ölçüsündə "sınma" kimi sayıla bilər. Zaman nə irəli gedir, nə də geri çəkilirdi: insanlara elə gəlirdi ki, sanki zaman dayanıb. Bunun səbəbi isə, təkcə müharibə və onun acı nəticələri deyildi. Bu həm də qaçqınlar, iqtisadi tənəzzül və siyasi anarxiya, həmçinin, yenidənqurma illərində yaranmış "yeni" həyat ilə bağlı müəyyən ümidlərin iflasa uğraması ilə bağlı idi. Məhz bu "zamansızlıq" dövründə, rəssamlar, musiqiçilər və şairlər hər cür konyunkturadan azad olan, son dərəcə güclü mənəvi intensivliyə malik əsərləri dəqiqliklə yaradıblar. Maraqlısı budur ki, o dövrün bir çox əsərlərini rəssamlar öz emalatxanalarında saxlayırdılar; çünki, incəsənət bazarı bu cür faciənin impulsundan qaynaqlanan incəsənətlə yox, əzəmət və gözəllik mövzusu ilə maraqlanırdı...
Sərgi 1988-ci ildən 1996-cı ilədək olan dövrün tarixi hadisələrini məcazi şəkildə əks etdirən üç hissədən ibarətdir: "Dəyişiklik üçün ümidlər və qaçılmaz fəlakətin gözləntisi" dövrü, "Faciənin baş verməsi: müharibə və onun nəticələri" dövrü və "Həyatın canlanması və tunelin sonunda işıq" dövrü.
Sərginin bədii əsərləri, həmin dövr cəmiyyətinin vəziyyətini və əhval-ruhiyyəsini yenidən qurmaqla və vizuallaşdırmaqla, həmin illərin sənədli fotoşəkilləri və xronikalardan olan videomateriallarla birgə təqdim olunur.
Sərgiyə Müasir İncəsənət Muzeyi (Bakı), Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Fotoqraflar Birliyinin fondlarında saxlanılan əsərlər daxil olub.
Kuratoru Sabina Şıxlinskaya olan sərgi gələn il mayın 30-dək ziyarətçilər üçün açıqdır.
Beynəlxalq Muğam Mərkəzi (BMM) Xalq artisti, Dövlət mükafatı laureatı, dirijor, tanınmış pedaqoq, ictimai xadim, professor Süleyman Ələsgərova həsr olunmuş videoçarxı təqdim edib.
Bəstəkarın Şuşadakı evinin videogörüntüləri, həyat və yaradıcılığını əks etdirən fotolardan ibarət videoçarxda sənətkar ömür yoluna nəzər salınıb.
Süleyman Ələsgərov musiqimizdə özünəməxsus fəxri yer tutan bəstəkarlardan biridir. Onun yaradıcılığı Azərbaycan professional musiqi tarixinin parlaq bir səhifəsidir. Bəstəkarın zəngin musiqi irsi Azərbaycan professional musiqisinin bir çox janrlarını əhatə edir. Bəstəkar 2 operanın (“Bahadur və Sona” və “Solğun çiçəklər”), 12 musiqili komediyanın, 2 simfoniyanın (“Gənclik” və “Vətən”), “Bayatı-Şiraz” simfonik muğamının, violonçel, fortepiano və simfonik orkestr üçün “İkili konsert”in, simfonik orkestr üçün “Uvertüralar”ın, 2 simfonik poemanın, 6 kantatanın, bir sıra kamera-instrumental əsərlərin, tar ilə Azərbaycan xalq çalğı alətləri orkestri üçün 3 konsertin, xor üçün xalq çalğı alətləri orkestri üçün bəstələnmiş rəngarəng janrlı əsərlərin, 200-ə qədər mahnı və romansların müəllifidir. O, daima çalışmışdır ki, qədim və zəngin bir tarixə malik olan xalq musiqimizin ən gözəl ənənələrini öz yaradıcılığında əks etdirsin. Bəstəkarın xatirəsi musiqisevərlərin qəlbində əbədi yaşayır.
Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır.
Xalqımızın ümummilli liderinin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri dünya azərbaycanlılarının şüarı olmaqla, soydaşlarımızın həmrəyliyinin təməl daşına çevrilib. Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi illər ərzində Heydər Əliyev tərəfindən aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan diasporu təşkilatlanmış, inkişaf etmiş və öz tarixi vətəni ilə sıx bağlılığını nümayiş etdirmişdir.
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası Ulu Öndərin həyat yolunu özündə əks etdirən “12 dekabr ümummilli lider Heydər Əliyevin anım günüdür” adlı virtual sərgi hazırlayıb.
Kitabxanadan bildirilib ki, virtual sərgidə Ulu Öndər haqqında Azərbaycanın görkəmli şəxsiyyətlərinin fikirləri, Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən kitablar, məqalələr, fotolar nümayiş olunur. Virtual sərgidə təqdim olunan materiallar tammətnləri ilə verilib.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Umummilli_lider_Heyder_Eliyev/index.htm linkindən istifadə edə bilərlər.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi və Azərbaycan Respublikasının İspaniyadakı səfirliyinin yaxından iştirakı ilə türk dünyasının iki tanınmış siması - Qazaxıstanın böyük şairi, yazıçısı, bəstəkarı, ictimai xadimi, müasir qazax yazılı ədəbiyyatının banisi Abay Kunanbayevin 175 illik və Azərbaycanın görkəmli bəstəkarı, musiqişünas-alimi, publisisti, dramaturqu, pedaqoqu, Şərqdə ilk opera və operettanın müəllifi, Azərbaycan milli musiqi məktəbinin banisi Üzeyir Hacıbəylinin 135 illik yubileyi münasibətilə İspaniyada poçt markaları çap olunub.
Fonddan bildirilib ki, Abay Kunanbayev və Üzeyir Hacıbəylinin təsvirlərini, qələm nümunələrini, eləcə də türk dünyasının mədəni dəyərlərini, milli musiqi alətlərini özündə əks etdirən poçt markaları bütün İspaniya ərazisində dövriyyəyə buraxılıb. Markaların çapı türk dünyasının dahi sənətkarlarını daha geniş beynəlxalq auditoriyalarla tanış etmək məqsədi daşıyır.