İyunun 15-də saat 12.00-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının “YouTube” kanalında “O olmasın, bu olsun” tamaşası nümayiş ediləcək.
Tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadə, quruluşçu rəssamı Lətifə Quluzadə, kukla ustası Tatyana Melnikovadır.
Qeyd edək ki, Məşədi İbad rolunu unudulmaz sənətkarımız, Xalq artisti Yaşar Nuri canlandırıb.
Macarıstanın nüfuzlu “Narkut Kiado” nəşriyyatı tanınmış Azərbaycan yazıçısı Afaq Məsudun macar dilinə çevrilmiş “Azadlıq” (“Szabadulás”) romanını nəşr edib.
Əsəri türk dilindən (“Azatlık”, “Zengin yayıncılık” nəşriyyatı – 2018) macar dilinə tanınmış macar tərcüməçisi Laura Pal çevirib.
2003-cü ildən paytaxt Budapeştdə fəaliyyət göstərən “Narkut Kiado” müasir və klassik macar ədəbiyyatı ilə yanaşı, dünya ədəbiyyatı nümunələrinin nəşrinə də geniş yer ayıran aparıcı nəşriyyatlardan biri kimi tanınır.
Kitab “Narkut Kiado” nəşriyyatının təşəbbüsü və maddi dəstəyi ilə nəşr edilib.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 5 nömrəli filialı “Şəhidlər unudulmur” adlı virtual sərgi hazırlayıb.
İdarədən bildirilib ki, sərgi Qarabağ müharibəsi iştirakçısı, şəhid Cəbrayılov Dərdayıl Süleyman oğluna həsr olunub.
Xatırladaq ki, Cəbrayılov Dərdayıl 1960-cı il iyunun 27-də Bakı şəhəri, Türkan qəsəbəsində fəhlə ailəsində anadan olub. O, 1967-ci ildə 119 nömrəli tam orta məktəbin I sinfinə gedib. Dərdayıl məktəbi 1977-ci ildə bitirdikdən sonra hərbi xidməti vətəndən uzaqlarda, Almaniyada keçib. Əsgəri xidməti başa vurduqdan sonra əmək fəaliyyətinə əvvəl “Kommunist”, sonra da “Qızıl Şərq” mətbəəsində davam etdirib. Qarabağda baş verən döyüşlərlə əlaqədar könüllü olaraq cəbhəyə gedib və Ağdərə Polis İdarəsində polis starşinası kimi işə başlayıb.
D.Cəbrayılov 1992-ci il dekabrın 5-də Koçaqot yüksəkliyi uğrunda gedən döyüşlərdə ağır yaralanaraq dekabrın 15-də dünyasını dəyişib. Döyüşlərdə göstərdiyi igidlik və şücaətə görə ölümündən sonra Türkan qəsəbəsində yerləşən 119 nömrəli tam orta məktəbə qəhrəmanın adı verilib.
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində virtual turlar təşkil edir. Layihədə Xızı, Ucar, Göyçay, Ağcabədi, Qax rayon və Şəki şəhər Mərkəzi kitabxanaları da fəal iştirak edirlər.
Kitabxanadan bildirilib ki, silsilə formasında davam edən növbəti virtual səyahət səfalı yerləri turizm üçün yeraltı və yerüstü sərvətləri ilə zəngin olan və respublikamızın gözəl guşələrindən biri Goranboy rayonunadır.
Videoçarxda rayonun müxtəlif əraziləri fotolar və videolar şəklində çəkilərək təqdim edilib. İlk olaraq, videoçarxda 1930-cu ildə yaradılmış rayonun sahəsi, əhalisi, telefon kodu, poçt indeksi verilib, rayonun Yevlax, Tərtər, Göygöl, Kəlbəcər, Samux rayonları ilə həmsərhəd olması məlumatı da əks olunub. İki şəhər, altı qəsəbə, yetmiş doqquz kənddən ibarət olan rayon ərazisində yerləşən Heydər Əliyev Mərkəzi, otuz üç mədəniyyət evi, qırx üç kitabxana filialı və bunun kimi digər müəssisələrin sayı, onlar haqqında məlumat da qeyd edilib.
Videoçarxın davamında orta əsrlərdə Goranboy rayonunun ərazisindən ticarət və karvan yolu olan İpək Yolunun keçdiyi qeyd olunur.
Goranboy rayonu qəhrəmanların diyarı kimi də tanınır. Videoçarxda döyüşdə öz şücaətini göstərən, Vətən uğrunda həlak olan vətənpərvər oğullar haqqında səsli formada məlumat izləyicilərə çatdırılıb.
Rayonun iqtisadiyyatı gündən-günə inkişaf etməkdədir. Hazırlanmış videoçarxda əhalinin əsas məşğuliyyətlərinin adları, taxıl və pambıq istehsalı ilə bağlı informasiya da təqdim olunub.
Goranboy rayonunda 1961-ci ildə nadir heyvanları və quşları qorumaq məqsədilə yaradılmış dövlət qoruğu haqqında məlumatlar da öz əksini tapıb.
Videoçarxda Kür çayı hövzəsinə aid Kürəkçay, Gorançay, İncəçay, Buzluqçay və bunun kimi digər çayların da rayon ərazisindən axdığı qeyd olunur. Qaraçuxur və Buzlaqçay ətrafı meşə örtüyü ilə zəngin olan rayonda bitən bitkilərin adları və bitdiyi zonalar, həmçinin heyvanlar aləmi də sadalanır.
Videonun sonunda Goranboy sakini rayon ərazisindəki Ballı şəlaləni ziyarət edərək şəlalə haqqında məlumat da çatdırıb.
Layihə əsasında hazırlanmış videoçarxları “Facebook”da “Kitabsevər uşaqlar” səhifəsində də izləmək mümkündür.
“Vətənimizə virtual səyahət” adlı layihə əsasında silsilə videoçarxlar davam edir.
Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılması məqsədilə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstək çağırışına Azərbaycan Milli Konservatoriyasının professor-müəllim heyəti də qoşulub.
Bu məqsədlə iyunun 11-da Milli Konservatoriyanın təşkilatçılığı ilə B.Ə.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankında qanvermə aksiyası təşkil olunub. Aksiya bir neçə saat davam edib. Mərkəzi Qan Bankının həkim-hematoloqları tərəfindən hər bir donor tibbi müayinədən keçdikdən sonra onlardan qan analizi götürülüb və aksiyaya qoşulması ilə bağlı rəy verilib. Bundan sonra xüsusi karantin rejiminin tələblərinə və sosial məsuliyyət qaydalarına əməl edilməklə Milli Konservatoriyanın 40-a yaxın əməkdaşı qan verib.
Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaqdır.
Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən 2005-ci ildə “Hemofiliya və talassemiyalı irsi qan xəstəliyinə düçar olmuş şəxslərə dövlət qayğısı” haqqında Fərman imzalanıb. Bununla yanaşı, ölkəmizdə uğurla həyata keçirilən “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı” irsi qan xəstəliyindən əziyyət çəkənlərin həyat tərzinin yaxşılaşdırılmasına və ömürlərinin uzadılmasına xidmət edir. Proqram çərçivəsində xəstələr dərman preparatları ilə pulsuz təmin olunurlar.
Dövlət Turizm Agentliyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının təşkilatçılığı ilə “Qlobal səyahətçilərin gözündən Azərbaycanın aqroturizm və ekoturizm potensialı” mövzusunda vebinar keçirilib.
Vebinarda çıxış edən USAID-in Azərbaycan üzrə missiyasının direktoru Caydev Sinqx ölkəmizin geniş turizm potensialına malik olduğunu, eləcə də kənd təsərrüfatı ölkəsi kimi burada aqroturizmin inkişafı üçün çoxşaxəli imkanların mövcudluğunu, bu sahədə Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu ilə USAID-in əməkdaşlıq etdiyini, “Aqroturizm üzrə bələdçi kitabı”nın bu əməkdaşlıq çərçivəsində hazırlandığını qeyd edib.
Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid vebinarda çıxış edərək son illərdə qlobal turizmdə aqroturizm və ekoturizmin əhəmiyyətinin artmasını, eləcə də post-pandemiya dövründə aqroturizm kimi yeni turizm növlərinə daha çox ehtiyac yaranacağını, regionlarda aqroturizmin inkişafı istiqamətində müəyyən addımlar atıldığını, bu sahənin inkişafı üçün ölkəmizin potensialının unikal və geniş olduğunu bildirib.
O, Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsinin kənd turizminin inkişafının prioritetlərdən biri olduğunu vurğulayıb. Florian Zenqstşmid əlavə edib ki, Azərbaycanda turizmin müxtəlif növlərini, o cümlədən regional turizmi inkişaf etdirməklə dayanıqlı turizmə nail olmaq qarşıda duran əsas məqsəddir.
F. Zenqstşmid Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən regionların turizm potensialının daha effektiv istifadəsi üçün artıq 4 Destinasiya Menecmenti Təşkilatının fəaliyyət göstərdiyini deyib. O qeyd edib ki, yeni idarəetmə modeli olaraq DMT-lər yerli səviyyədə dövlət-özəl sektor tərəfdaşlığında mühüm rol oynayırlar.
Eyni zamanda, kiçik və orta sahibkarlığa dəstək verilməsi, müvafiq təlimlərin keçirilməsi, yerləşmə yerlərinin standartlara uyğunlaşdırılması, iş yerlərinin yaradılması, qadınların, az təminatlı şəxslərin kənd turizmində rolunun artırılması kimi məqamların əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC-nin Layihələrin idarəolunması şöbəsinin müdiri Zaur Bayramov “Şəhərdən kəndə” layihəsi haqqında məlumat verərək bildirib ki, layihə yerli və xarici turistləri kənd yerlərinə cəlb etməklə fermerlər və aqro-sahibkarlar üçün alternativ satış kanalı və gəlir mənbəyi əldə etmək, məhsullarını birbaşa təklif etmək imkanı tanıyır.
Amerikalı turistlərin Azərbaycan kəndlərinə qastronomiya turlarının təşkilatçılığı ilə məşğul olan Fəridə Buyuran Xınalıq, Kiş, Nic və bu kimi özünəməxsus kəndlərə böyük maraq göstərildiyini, məhz etnik müxtəlifliyin, adət-ənənələrin fərqliliyinin, müasir təsirlərdən uzaq qalan kəndlərin unikallığının Azərbaycanda kənd turizminin inkişafı üçün əsas amillərdən biri olduğunu vurğulayıb.
USAID-in Azərbaycanda özəl sektora dəstək üzrə yeni "Private Sector Activity" (PSA) layihəsinin əməkdaşları Elşən Baloğlanov və Fuad Ağayev USAID-in Azərbaycanda aqroturizmin inkişafına verə biləcəyi mümkün dəstək mexanizmləri, mövcud risklər və onların aradan qaldırılması üçün standartlaşmanın vacibliyi kimi mövzular barəsində məlumat veriblər.
Sonda vebinar iştirakçılarının sualları cavablandırılıb.
İyunun 9-da Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Kitabxana-informasiya fəaliyyətində innovasiyalar və yeni əsrin çağırışları” mövzusunda respublika virtual elmi konfransı keçirilib.
Virtual elmi konfransı giriş sözü ilə BDU-nun rektoru Elçin Babayev açıb və çıxışında xalqımızın ümummilli lideri Heydər Əliyevin kitabxana quruculuğu sahəsində fəaliyyətindən, kitabxanalar üçün taleyüklü məsələlərin həllində əhəmiyyətli rol oynayan tarixi addımların atılmasından və bu gün kitabxana işinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edib.
Sonra virtual elmi konfransında M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirovun, Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı, dosent Azad Qurbanovun, professor Şahlar Əsgərovun, AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, professor Əlizadə Əsgərlinin, BDU-nun “Nəşriyyat işi və Redaktə” kafedrasının müdiri, dosent Knyaz Aslanın, BDU-nun “Biblioqrafiyaşünaslıq” kafedrasının müdiri, dosent Nadir İsmayılovun, BDU-nun “Kitabxanaşünaslıq” kafedrasının müdiri, dosent Elçin Əhmədovun və digərlərinin mövzu üzrə məruzələri dinlənilib.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Şifahi ənənəli Azərbaycan musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanalogiya və Akustika” elmi tədqiqat laboratoriyasında onlayn seminar keçirilib.
BMA-dan bildirilib ki, akademiyanın elmi işçisi Fidan Nəsirova seminarın əsas mövzusuna keçməzdən əvvəl, postsovet dövründə Azərbaycanda caz janrının yaranmasına, inkişafına ekspromt edərək, 1939-cu ildə görkəmli bəstəkarlarımız T.Quliyev və Niyazinin əməyi nəticəsində təşkil edilən caz orkestrinin, Rauf Hacıyevin 1957-ci ildə yaratdığı estrada orkestrinin yaranması ilə bağlı məlumat verib.
Bildirilib ki, Azərbaycanın musiqi tarixində ötən əsrin 60-cı illərində caz özünün uğurlu etapına daxil olduğu bir dövrdə, Bakıda bir neçə gənc istedadlı ifaçı bəstəkarların – V.Mustafazadə, R.Babayevin caz musiqisi sahəsindəki fəaliyyətləri təqdir edilərək, onlar tərəfindən yaradılan “Leyli”, “Sevil”, “Cəngi” estrada ansambllarının adları çəkilib. XX əsrin görkəmli bəstəkarı Qara Qarayevin çoxşaxəli yaradıcılığına müraciət olunaraq əsasən də səs (bas) və orkestr üçün yazdığı 3 Noktyürn (L.Xyuzun sözlərinə) işıqlandırılıb. Bəstəkar bu janra özünəməxsus şəkildə müraciət edərək, janrın emosional gücünü, lirik, dramatik, irqi ayrıseçkilik, qəhrəmanın acı taleyini qabarıq şəkildə musiqinin dili ilə açır.
Seminarda BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, professor Gülnaz Abdullazadə və laboratoriyanın əməkdaşları iştirak ediblər. Seminarın sonunda iştirakçıların sualları məruzəçi tərəfindən cavablandırılıb.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının oxucusu, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü Gülzar İbrahimova tez-tez kitabxananın qonağı olur.
İdarədən bildirilib ki, tanınmış uşaq yazarı sevimli oxucuları ilə görüşməyi sevir. Kiçikyaşlı oxuculara “1001 nağıl” kitabı tanışdır. Həmin kitabdan 19 nağıl-hekayə elektron formada kiçikyaşlı oxuculara təqdim olunub.
Xatırladırıq ki, Gülzar xanım bu günə qədər 62 ənənəvi və 47 elektron kitab yazıb. “Dünyanın ən güclüsü”, “Tənbəlin nağılı”, “Tülkü balası”, “Su pərisi”, “Od xəzinəsi”, “Göy qurşağı qardaşlarının yeddi nağılı”, “Sehirli nağıllar”, “Dəniz balası”, “Dəşhətli nağıl”, “Göydə neçə ulduz var” və b. kitablarında müxtəlif mövzulu nağıllar və şeirlər toplanıb.
Akademik, xalq və caz musiqisi ifaçılarının videoyazılar əsasında birinci beynəlxalq müsabiqəsi keçiriləcək. Beynəlxalq müsabiqə Ü.Hacıbəyli Bakı Musiqi Akademiyasının (BMA) məktəb-studiyasının 40 illiyinə həsr olunur.
BMA-dan bildirilib ki, müsabiqənin təşkilatçısı, Təşkilat Komitəsinin və Münsiflər Heyətinin sədri, akademiyanın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli, müsabiqə layihəsinin müəllifi isə BMA-nın məktəb-studiyasının direktoru, Əməkdar İncəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Tərlan Seyidovdur.
Qeyd edək ki, akademik, xalq və caz musiqisi ifaçılarının birinci beynəlxalq müsabiqəsi haqqında ətraflı məlumat BMA-nın saytında (www.musicacademy.edu.az) yerləşdirilib.