İyulun 28-nə (saat 11:00) olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 44 mindən artıq uşaq üçün elektron sistem (www.mektebeqebul.edu.az ) vasitəsilə müraciət edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib ki, ümumi təhsil müəssisələrinin tədrisi digər dildə aparılan bölmələri üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibədə uğur qazanmış uşaqların I sinfə qəbulu üçün məktəb seçimi davam edir.
Valideyn (qanuni nümayəndə) şəxsi kabinetə daxil olaraq qeydiyyatda olduğu ünvana uyğun təhsil müəssisəsinə sorğu yerləşdirə bilər. Müsahibənin nəticəsi məqbul hesab edilməyən uşaqların valideynləri isə Azərbaycan bölməsi üzrə müraciət edə bilərlər.
Ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzlərinin iş prinsipi tibbi-profilaktik vəziyyət nəzərə alınaraq dəyişdirilib. Özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərin (qanuni nümayəndələrin) Alternativ qeydiyyat mərkəzlərinə gəlməsinə ehtiyac yoxdur.
Belə ki, elektron qeydiyyatdan keçə bilməyən valideynlər “WhatsApp” nömrələr (+994 55 892-27-51, +994 55 892-95-89, +994 55 892-63-90) vasitəsilə müvafiq məlumatları iş günləri ərzində saat 10:00-dan 16:00-dək işçi qrupa təqdim edə bilərlər. İşçi qrup tərəfindən müvafiq məlumatlar əsasında özü elektron qeydiyyatdan keçə bilməyən valideynlərə zəruri köməklik göstəriləcək. Valideynlər digər bütün hallarla bağlı mektebeqebul.edu.az elektron portalında şəxsi kabinetlərindəki “Əks əlaqə” bölməsi vasitəsilə müraciət ünvanlaya bilərlər.
Valideynlər onları maraqlandıran suallarla bağlı iş günləri ərzində Təhsil Nazirliyinin Telefon məlumat mərkəzinə (nömrə 146) və BŞTİ-nin Məlumat sorğu mərkəzinə (012 599-12-22) zəng etməklə cavab ala bilərlər. Bu yenilik valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması, növbəliliyin aradan qaldırılması və mövcud vəziyyətlə əlaqədar tibbi-gigiyenik normaların qorunması məqsədlərinə xidmət edir.
Qeyd edək ki, birinci sinfə elektron qeydiyyat sisteminin (https://mektebeqebul.edu.az) tətbiqi “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək üçün təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin rahatlığının təmin olunması və ümumilikdə uşaqların məktəbə qeydiyyatı prosesinin sadələşdirilməsinə xidmət edir.
AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsi tərəfindən AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinə aid elmi müəssisələrin beynəlxalq əlaqələr üzrə məsul şəxsləri ilə növbəti onlayn görüş keçirilib.
Akademiyadan bildirilib ki, görüş zamanı bölmələrin elmi müəssisələri tərəfindən son aylar ərzində beynəlxalq əməkdaşlıq sahəsində əldə edilmiş nəticələr müzakirə edilib.
Tədbirdə, həmçinin Azərbaycanın zəngin ədəbi və mədəni irsinin, tarixi həqiqətlər üzrə elmi nailiyyətlərin beynəlxalq ictimaiyyətə təqdim edilməsi məqsədilə AMEA alimləri tərəfindən müxtəlif dillərdə müvafiq elm sahələri üzrə dərc edilmiş nəşrlər ətrafında fikir mübadiləsi aparılıb.
Elmi müəssisələrin mütəxəssisləri bu istiqamətdə əsaslı və əhəmiyyətli təkliflər irəli sürüb, o cümlədən gələcək fəaliyyət planlarını müzakirə ediblər.
Alternativ mənbələrdən, o cümlədən qrunt, təmizlənmiş tullantı, kollektor-drenaj sularından, balıqçılıq təsərrüfatlarında istifadə olunan sulardan və Xəzər dənizinin suyundan istifadə ilə bağlı təkliflər Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim ediləcək.
Bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nda əksini tapıb.
İş 2020-ci ilin avqust–oktyabr aylarında Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “Azmelsutəsərrüfat” ASC, “Azərsu” ASC və yerli icra hakimiyyəti orqanları tərəfindən icra olunacaq.
Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində xüsusi karantin rejimi və məcburi sosial təcrid tədbirləri səbəbindən dünyanın əksər ölkələrində olduğu kimi, ölkəmizdə də təhsilin davamlılığında bir sıra çətinliklər yarandı. Azərbaycanda təhsilin davamlılığına dövlət səviyyəsində bütün şərait yaradıldı. Prezident İlham Əliyev “Microsoft” şirkətinin rəhbəri ilə onlayn görüşdə də distant təhsil sisteminin vacibliyini xüsusi qeyd etdi.
Ölkəmizdə ali təhsilin flaqmanı olan Bakı Dövlət Universiteti (BDU) mövcud vəziyyətə uyğun məqsədyönlü addımlar ataraq məsafədən təhsilin təşkili işində uğurlu fəaliyyət göstərdi. Pandemiya şəraitində təhsilin fasiləsizliyini təmin etmək ilk baxışda nə qədər çətin görünsə də BDU ailəsi bu çətinlikdən üzüağ çıxdı.
Universitetdən bildirilib ki, aparılan sistemli təşkilatçılıq sayəsində ilk olaraq “YouTube” kanalı vasitəsilə videodərslərin yayımı, daha sonra “Zoom” platforması üzərindən onlayn dərslərin təşkilinə dair tapşırıqlar verildi və Təhsil Nazirliyinin tövsiyəsi ilə “Microsoft Teams” proqramı üzərindən dərslərin və imtahanların təşkili müvəffəqiyyətlə baş tutdu. Universitetin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi aparılan işlər, görülən tədbirlər, keçirilən dərslər və imtahanların təşkili haqqında tələbələrin təəssüratlarını dinləyib. BDU-nun bütün fakültələrində təhsil alan aktiv tələbələrlə söhbət zamanı onlar onlayn təhsil almaq üçün yaradılan şəraitə görə universitet kollektivinə təşəkkür ediblər. Vurğulanıb ki, hazırda dünyada və ölkəmizdə məsafədən təhsil sürətlə inkişaf etməkdədir.
Məsafədən təhsilin üstünlüyünü qeyd edən tələbələr mövcud şəraitdə dərslərə və imtahanlara rahatlıqla hazırlaşdıqlarını dilə gətiriblər. Onların fikrincə, onlayn təhsil böyük imkan və rahatlıq deməkdir. Eyni zamanda: “Uzaqdan təhsil proqramı yaxşı fürsət olsa da, tezliklə doğma universitetimizin auditoriyalarında dərslərə davam etmək həvəsindəyik”.
Hüquq fakültəsinin III kurs tələbəsi Mədinə Bağırova imtahanlara hazırlıq prosesinin yazılı imtahan sessiyasına hazırlıqdan ciddi fərqlənmədiyini, ilk dəfə üçün mükəmməl təcrübə olduğunu deyib. Bildirib ki, ənənəvi imtahandan fərqli olaraq müəllimlə üz-üzə şifahi imtahan zamanı müəllimin səndən hansı cavabı istədiyini daha konkret təyin edə bildik. Azərbaycanda onlayn imtahanların ilk dəfə keçirilməsinə baxmayaraq Bakı Dövlət Universiteti bu işin öhdəsindən uğurla gəldi. BDU Elmi Şurasının tələbələr üçün böyük güzəştlər nəzərdə tutan qərarlar qəbul etməsi isə sevindirici haldır.
Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin III kurs tələbəsi İbrahim Seyfullayevin sözlərinə görə, sessiyanın uğurla yekunlaşması, imtahanların yüksək təşkili BDU rəhbərliyi və kollektivinin birgə əməyinin sayəsində həyata keçdi. Onlayn təhsil sisteminə adaptasiya dönəmində həm müəllimlərin, həm də universitetdə fəaliyyət göstərən Psixoloji Yardım Sektorunun fəaliyyətinə toxunan İ.Seyfullayev Bakı Dövlət Universitetinin kollektivinə səmərəli fəaliyyətinə görə təşəkkür edib.
Fizika fakültəsinin I kurs tələbəsi Nəzrin Musayeva pandemiyanın gətirdiyi narahatlığın təhsilalanlardan da yan keçmədiyini bildirib. O, universitet tərəfindən qəbul edilən qərarların, problemə verilən cəld reaksiyaların tələbələrin narahatlığını aradan qaldırdığını deyib. İmtahanların şəffaf keçirildiyini vurğulayan tələbə qiymətləndirmədə obyektivliyin maksimum qorunduğuna, bütün qərarların ədalətli və tələbəyönümlü olduğuna diqqət çəkib. İmtahan sessiyası boyunca başda rektor olmaqla bütün professor-müəllim heyətinin tələbələrin təhsilinin doğru istiqamətdə inkişafına göstərdikləri səylərdən danışıb. Rektor Elçin Babayevin “Əziz tələbələr, biz daim sizin yanınızdayıq” ifadəsinin tələbələrdə ruh yüksəkliyi yaratdığını xüsusi vurğulayıb.
Şərqşünaslıq fakültəsinin IV kurs tələbəsi Nigar Vəliyeva ilk dəfə şifahi və onlayn keçirilən sessiyanın fəaliyyətini yüksək qiymətləndirib. İmtahan sessiyasında bütün fənlərdən 100 (A) alaraq bu semestri də “əlaçı” olaraq başa vurduğunu deyən N.Vəliyeva, onlayn imtahanların onun üçün maraqlı təcrübə olduğunu bildirib. Müəllimlərinin imtahanda tələbələrini dəstəklədiyini, əsl motivasiya mənbəyi olduqlarını dilə gətirərək onların hər birinə təşəkkür edib.
Jurnalistika fakültəsinin I kurs tələbəsi Əsgər İsmayılov tələbələrin universitetdən kənarda olmalarına baxmayaraq, müəllimlərin nəzarətini, xüsusi qayğısını hiss etdiklərini deyib. Bildirib ki, jurnalistin işi həm də texnologiya ilə bağlı olduğu üçün onlayn imtahanlar Jurnalistika fakültəsinin tələbələri üçün bir növ yaxşı fürsət və təcrübə oldu. Tələbələr dərslərə məsuliyyətlə yanaşdıqlarına görə imtahan sessiyasını uğurla başa vurdular. Qiymətləndirmə hər bir tələbəni qane etdi, tələbələrin əksəriyyəti imtahanlardan yüksək nəticələr əldə etdilər.
Tarix fakültəsinin III kurs tələbəsi Günel Əbdürrəhmənova bu semestrin hər bir tələbə üçün yeni təcrübə olduğunu deyib. Universitet rəhbərliyinin, fakültə dekanının, müavinlərinin imtahanlara qoşulduqların müəllim-tələbə həmrəyliyi kimi qiymətləndirib.
Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin IV kurs tələbəsi Mirməhəmməd Hüseynov bildirib ki, imtahanlara hazırlaşarkən, müəllimləri müəyyən dərslərdən əlavə seminarlar təşkil edərək, imtahan sualları üzərində və çətinlik yaranan bölmələr üzrə əlavə mühazirələr, məsləhət saatları təşkil ediblər. Universitet rəhbərliyi, dekanlığın nümayəndələri və Tələbə Nəzarət Qrupunun üzvləri imtahana qoşularaq tələbələrlə maraqlanıb. Pandemiya dövründə universitet rəhbərliyinin qəbul etdiyi qərarlar tələbələrin yaxşı nəticələr əldə etməyinə stimul verib, BDU isə onlayn təhsil sisteminə hazırdır.
Tələbələr pandemiya dövründə imtahanların yüksək səviyyədə təşkil olunması və imtahanlarla bağlı edilən müvafiq güzəştlərə görə BDU rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Suraxanı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası “Şuşam mənim” adlı videoçarx hazırlayıb.
İdarədən bildirilib ki, videoçarx kitabxananın “Facebook” və “Instagram” sosial şəbəkələrində oxuculara təqdim edilib.
Şuşa milli memarlıq üslubu ilə seçilən mədəniyyət mərkəzi, ədəbiyyatımıza, incəsənətimizə tarixi şəxsiyyətlər bəxş edib, muğamımızın beşiyidir. Buradan Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Əhməd bəy Ağaoğlu, Üzeyir bəy Hacıbəyli, Cabbar Qaryağdıoğlu, Bülbül, Seyid Şuşinski, Rəşid Behbudov, Fikrət Əmirov, Niyazi və digər görkəmli şəxsiyyətlər çıxıb.
“Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyinin “YouTube” və “Facebook” sosial şəbəkəsindəki səhifələri vasitəsilə XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri Narınc Xatunun 90 illiyinə həsr olunmuş “Ustadlarım gəlib gedər, sazım, sözüm əbədidir” mövzusunda birinci onlayn yubiley konserti təşkil edilib.
Tədbiri “Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyinin sədri Pərvanə Zəngəzurlu və bədii rəhbəri Güllü Eldar Tomarlı aparıblar.
Konsertdə tanınmış şeir, söz-saz ustaları Cəvahir Qaraqızı, Aişə Səyyadqızı, Aidə Gülzar, İnci Şirvanlı, Nazənin Lerikli, Səbinə Gədəbəyli, Kəmalə Musazadə, Pərvanə Zəngəzurlu və Güllü Eldar Tomarlının ifasında milli ruhu yüksəldən şeirlər deyilib, mahnılar oxunub və musiqilər səsləndirlib.
Üç saata yaxın davam edən konserti sosial şəbəkələr üzərindən minlərlə tamaşaçı izləyib.
Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Vətən sevgisi, vətəndaşlıq yanğısı” adlı virtual görüş keçirib.
Kkitabxananın virtual şəkildə təşkil etdiyi vətənpərvərlik mövzulu tədbirin qonağı uşaq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Sevinc Nuruqızı olub.
Görüşdə S.Nuruqızı Vətən uğrunda canlarından keçən şəhidlərimiz haqqında söhbət açaraq uşaqlar üçün yazdığı vətənpərvərlik mövzusunda şeirləri izləyicilərə səsləndirib.
Virtual görüş izləyicilər tərəfindən maraqla qarşılanıb.
Milli Kitabxana Mədəniyyət Nazirliyi ilə birgə 2019-cu ildən həyata keçirməyə başladığı “Milli Musiqi xəzinəmizdən (Azərbaycan Milli Kitabxanasının fondundan)” adlı layihə çərçivəsində nəşr etdiyi Azərbaycan bəstəkarlarının not məcmuələrini onlayn “Musiqi kitabxanası” olaraq oxuculara təqdim edib.
Kitabxana görkəmli Azərbaycan bəstəkarlarının ötən əsrin 50-80-ci illərində çap olunan və hazırda Azərbaycan Milli Kitabxanasının Arxiv Fondunda mühafizə edilən nadir not məcmuələrini yenidən nəşr edərək mütəxəssislərin, musiqi və incəsənət məktəblərinin müəllimlərinin və şagirdlərinin istifadəsinə təqdim edir.
Bu günədək həmin seriyadan görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Əfrasiyab Bədəlbəyli, Azər Rzayev, Elmira Nəzirova və başqalarının fortepiano üçün not əsərləri ayrı-ayrı məcmuələr şəklində nəşr olunaraq musiqi ictimaiyyətinə təqdim olunub. Hazırda təqdim olunan məcmuələr pandemiya dövründə Milli Kitabxananın onlayn formada fəaliyyət göstərdiyi çətin şəraitdə hazırlanaraq çap olunub. Burada Əfrasiyab Bədəlbəyli, Aqşin Əlizadə, Azər Rzayev, Süleyman Ələsgərov, Əşrəf Abbasov, Zakir Bağırov, Asya Sultanova və başqa bəstəkarlarımızın fortepiano üçün əsərlərindən ibarət 11 not məcmuəsi yer alıb. 300 nüsxə tirajla çap olunan bu məcmuələrin Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinə və respublikamızın musiqi profilli digər tədris müəssisələrinə, habelə rayon, şəhər mərkəzi kitabxanalarına göndərilməsi təmin olunub, onların tam elektron mətnləri Milli Kitabxananın saytında (anl.az) “Kitabxanamızın nəşrləri” bölməsində və respublikanın musiqi və incəsənət məktəblərinin vahid internet portalında yerləşdirilib.
Milli Kitabxananın respublikamızda və dünyada yaranmış ağır pandemiya şəraitində onlayn xidmətlər platformasında həyata keçirdiyi digər layihələrlə yanaşı, hazırda bu layihə üzrə də işlər davam edir.
“Milli Musiqi xəzinəmizdən (Azərbaycan Milli Kitabxanasının fondundan)” layihəsi üzrə pandemiya dövründə nəşr olunan Azərbaycan bəstəkarlarının not məcmuələri ilə http://anl.az/el/vsb/Milli_Musiqi_Xezinemizden/index.htm linkindən tanış olmaq olar.
Azərbaycan yazıçısı Kamran Nəzirli London Ədəbi Mükafatı nominantı olaraq 2015-2019-cu illərin “Ən yaxşı yazıçısı” adına layiq görülüb.
Döş nişanı ilə birlikdə sertifikatı və vəsiqəni, habelə nominant diplomunu Moskva şəhərində yerləşən Beynəlxalq Yazıçılar İttifaqının sədri Aleksandr Qriçenko və Elmi-Fantastik Ədəbiyyat və Kino xadimləri ittifaqının sədri, tərcüməçi Oleq Kolesnikov imzalayıblar. Qəbul olunmuş standartlara görə bu mükafat üzrə nominantların hamısı “İlin ən yaxşı yazıçısı” titulunu da qazanırlar. Bundan başqa, Azərbaycan yazıçısı Beynəlxalq Yazıçılar Təşkilatına həqiqi üzv kimi qəbul olunub.
Qeyd edək ki, təşkilatın müxtəlif ölkələrin yazıçılarından ibarət 293 həqiqi üzvü var.
1954-cü ildə yaradılan yazıçı, şair, dramaturq və jurnalistlərin Beynəlxalq Yazıçılar İttifaqı dünyanın peşəkar yazarlarının ən iri təşkilatlarından biridir. 2010-cu ilə qədər təşkilatın baş qərargahı Parisdə, hazırda isə əsas bölməsi Moskva şəhərində fəaliyyət göstərir. Təşkilat dünyanın 40 ölkəsindən olan yazıçı ittifaqlarını özündə birləşdirir, yazıçı və jurnalistlərin sosial və peşə hüquqlarını müdafiə edir. Bu beynəlxalq təşkilatın prezidenti ABŞ yazıçısı Maykl Svanvikdir (Michael Swanwick).
Beynəlxalq Yazıçılar təşkilatının Prezident Şurasının üzvləri arasında Böyük Britaniya, ABŞ, Rusiya, Polşa, Makedoniya, İsrail, Fransa və s. ölkələrdən olan Tibor Fişer (Tibor Fischer), Sergey Lukyanenko, Andrey Şerbak-Jukov, Konstantin Kedrov, David Kudıkov, Bранkо Çvetkovski, Aleksandr Navroçki, Lev Lapkin, German Naumov, Lidiya Rıbakova, Yevgeni Polyakov və Olqa Natsarenus kimi tanınmış yazıçı, şair və tənqidçilər də var.
Qeyd edək ki, yazıçı, tərcüməçi Kamran Nəzirli Azərbaycan və Belarus Yazıçılar İttifaqının üzvüdür. “Komada olan adam”, “Şeytan işığı”, “Dördüncü Möhür”, “Doğmalar arasında”, “Ağ ev”, “Babalar nağıl danışmırlar”, “Cəmiyyət siyasətin güzgüsüdür” və s. povest, roman, hekayə və publisistik kitablarının müəllifidir. Herman Melvilin “Mobi Dik” romanının Azərbaycan dilinə tərcüməsinə görə o, ABŞ səfirliyinin xüsusi mükafatına da layiq görülüb. Yazıçının Qarabağ mövzusuna dair “Qoca Uşaq” hekayəsi, “Ölməyə icazə verin”, “İkinci nəfəs”, “Qaranlıq oğruları”, “Müharibə”, “Ağ kölgə”, “Ölən uşağın xatirələri” və “Lidiya İvanovnanın qəyyumları” adlı əsərləri gələn il Moskvada rus, ingilis və fransız dillərində nəşr olunacaq Antologiyaya daxil edilib.
Respublika Gənclər Kitabxanası Antarktida haqqında biblioqrafik icmal hazırlayaraq, geniş istifadəçi auditoriyasına təqdim edib.
Kitabxanadan bildirilib ki, biblioqrafik icmalda istifadəçilərə Antarktida haqqında geniş, dolğun informasiya verə biləcək bütün mənbələrə müraciət edilib və bu mənbələr icmalda öz əksini tapıb. Bunlara ensiklopediyalar, dərsliklər, bədii ədəbiyyat və s. aiddir. İcmalda təqdim olunan ədəbiyyat Azərbaycan və rus dillərində verilib. Ədəbiyyatın annotasiyasında kitabın məzmunu ilə yanaşı, onun əsas məziyyətləri, ünvanlandığı oxucu auditoriyası və s. göstərilir. Oxuculara, həmçinin sözügedən mövzunu əks etdirən elektron resurslar haqqında da məlumat verilir.
Qeyd edilir ki, 200 il bundan qabaq 1819-cu ildə altıncı materik-Antarktidanın mövcudluğunu təsdiq etmək üçün ekspedisiya təşkil olunub. Ekspedisiya 751 gün olmaqla, 92 min kilometrdən çox məsafəni qət edib.1820-ci ildə eyni vaxtda 3 ölkə ekspedisiyası ayrı-ayrılıqda Antarktidanı kəşf edib. Nəhayət 1959-cu il dekabrın 1-də Antarktida haqqında konvensiya imzalanıb. 23 iyun 1961-ci ildə ilk 12 dövlətin ratifikasiyasından sonra bu konvensiya qüvvəyə minib. Bu müqavilənin məqsədi Antarktidadan bütün bəşəriyyətin istifadəsi üçün imkan yaratmaqdan və həmçinin də elmi tədqiqatlar və beynəlxalq əməkdaşlıq üçün azad mühit təşkil etməkdən ibarət idi. Hazırda müqaviləni imzalayan dövlətlərin sayı 50-dir. Bu möcüzəli Antarktida həm qitə, həm materikdir və bütün bəşəriyyətin maraqlarına xidmət edir.
İstifadəçilər biblioqrafik icmalla https://ryl.az/sened/antarktida.pdf linkı vasitəsilə tanış ola bilərlər.